Məhkəmə qərarları › İş №2-1(105)-297/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-297/2021

15.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-297/2021 15.12.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Sədrlik edən və məruzəçi-hakim Babayeva Hökümə Çingiz qızı, hakimlər Ağayev Rəşadət Əhməd oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Hüseynli Aydın Hüseyn oğlunun katibliyi, İddiaçının nümayəndəsi X8, Cavabdehin nümayəndəsi X9 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 2 saylı regional ərazi filialına qarşı 2015-ci ildən təyin edilmiş pensiyanın 2017-ci ilin iyun ayından dayandırılmasının qanunsuz hesab edilməsi və dayandırılmış pensiyanın bərpa edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi tələbinə dair iddia ərizəsi ilə bağlı Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-378/2021 nömrəli iş üzrə 03.02.2021-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ: İddiaçı (bundan sonra iddiaçı) Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun qusar rayon Şöbəsinə (bundan sonra cavabdeh) qarşı məhkəmədə iddia qaldıraraq, cavabdehin imtinasının qanunsuz sayılması, Qusar rayon məhkəməsinin 05 iyun 2015-ci il tarixli qətnaməsinə əsasən 5 il 5 ay 08 gün dövrünün, əmək kitabçası üzrə 6 il 8 ay 06 gün dövrünün və 04 oktyabr 2013-cü il tarixli 19 saylı arayışa əsasən 2 il 03 gün dövrünün, cəmi 14 il 01 ay 17 gün iş dövrünün sosial sığorta stajına daxil edilməsi və 2015-ci ildən yaşa görə əmək pensiyasının yenidən hesablanması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbinin əsaslandırılması: İddiaçı 26 fevral 2015-ci il tarixdə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün DSMF-nin Qusar rayon şöbəsinə müvafiq sənədləri təqdim etmiş və ona pensiya təyin olunmuşdur. Cavabdeh 09 iyun 2017-ci il tarixdə 37/314 saylı məktubla ona bildirilmişdir ki, yaşa görə əmək pensiyası təyin edilməsi zamanı nəzərə alınmış iş stajı öz təsdiqini tapmadığı üçün əmək pensiyanın ödənişi dayandırılmış və əmək ( sığorta ) stajları qanunvericiliklə nəzərdə tutulmuş qaydada təsdiq olunduqdan sonra pensiya hüququna yenidən baxılacaqdır. Bildirir ki, 2015-ci ildə Qusar rayon məhkəməsinə ərizə ilə müraciət edərək 11 iyul 1967-ci il tarixdən 25 aprel 1971-ci il tarixədək Qusar rayon kinoteatr və kinoqurğular birliyində kinomexanik, 07 iyul 1987-ci il tarixdən 09 noyabr 1988-ci il tarixədək sabiq “ Revolyusiya” sovxozunda, 1994-cü ilin yanvar-aprel aylarında və 1995-ci ilin iyul-avqust aylarında “Telman ” sovxozunda işlədiyi dövrün sosial sığorta stajına daxil edilməsini xahiş etmiş, Qusar rayon Məhkəməsi 05 iyun 2015-ci il tarixli qətnaməsi ilə ərizəsini təmin etmiş, yuxanda göstərilən əmək fəaliyyətini sosial sığorta stajına hesablamışdır. Kinobirliyindən işdən azad olunduqdan sonra yəni 26 may 1971-ci il tarixdən ( əmr № 23) 29 may 1973-cü il tarixədək ( əmr № 52 ) Bakı Dövlət sirkində sürücü vəzifəsində işləmiş, bu xüsusat 04 oktyabr 2013-cü il tarixli 19 saylı arayışla təsdiq olunur. 06 iyun 1984-cü il tarixli 93 saylı əmrə əsasən, CMY-ll-ə suvağçı işinə qəbul olunmuş, həmin təşkilatda 18 iyun 1984-cü il tarixdə əmək kitabçası tərtib edilmiş, suvağçı işindən 03 oktyabr 1987-ci il tarixdə azad olunmuşdur. 06 iyul 1987-ci il tarixdən - 09 noyabr 1988-ci il tarixədək sovxozda və 26 noyabr 1988-ci il tarixdən - 09 may 1992-ci il tarixədək əmək fəaliyyəti əmək kitabçasında əks olunmuşdur. İş stajı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə əsasən, 5 il 5 ay 08 gün, əmək kitabçasına əsasən, 6 il 8 ay 06 gün və 04 oktyabr 2013-cü il tarixli 19 saylı arayışa əsasən, 2 il 03 gün cəmi 14 il 01 ay 17 gün hesablanmalıdır. DSMF Qusar rayon şöbəsinin 09 iyun 2017-ci il tarixli 37/314 saylı imtinasını qanunsuz və əsassız sayır. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-293/2020 saylı, 20.05.2020-ci il tarixli qərarı ilə iddia qismən təmin edilərək, İddiaçı Məlik oğlunun əmək kitabçasından çıxarışda, Bakı Dövlət Sirki tərəfindən verilmiş arayışda, Qusar rayon Məhkəməsinin 2(029)- 532/2015 saylı, 05.06.2015-ci il tarixli qətnaməsi ilə təsdiq edilmiş işlədiyi dövrləri və İİ qrup sağlamlıq imkanları məhdud övladı Aynisə Məmmədovaya qulluq etdiyi müddət sosial sığorta stajına daxil edilərək 02.10.2016-cı ildən ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması qərara alınmışdır. Həmin qərardan apellyasiya şikayəti verilmiş və Sumqayıt Apellyasiya Məhkəməsinin 2-1(105)-373/2020 saylı, 24 avqust 2020-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti qismən təmin edilərək, Sumqayıt İnzibati Məhkəməsinin yuxarıda adı qeyd edilən qərarının ləğv olunması və işin baxılması üçün Sumqayıt İnzibati Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsində işə yenidən baxılarkən iddiaçıya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə uyğun olaraq hüquqi yardım edilmiş və iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, 2015-ci ildən təyin edilmiş pensiyanın 2017-ci ilin iyun ayından dayandırılmasının qanunsuz hesab edilməsi və dayandırılmış pensiyanın bərpa edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh iddiaya qarşı etirazı Qusar rayon şöbəsi tərəfindən iddiaçıya verilən imtina məktubunda qeyd olunmuşdur ki, onun işlədiyi müvafiq illər (11 iyul 1967-ci ildən 25 aprel 1971 -ci ilə kimi Qusar rayon “Kinoteatr və Kinoqurğular Birliyində” kinomexanik, 07.07.1987-ci ildən 09.11.1988-ci ilə kimi “Revalyusiya” sovxozunda, 1994-cü ilin yanvar, aprel, 1995-ci ilin iyul, avqust aylarında “Telman” sovxozunda işlədiyi illər) əmək kitabçasında qeyd edilmədiyi üçün həmin dövrlərin iş stajına daxil edilməsi mümkün olmamışdır. Daha sonra İddiaçı iddia ərizəsi ilə Qusar Rayon Məhkəməsinə müraciət edərək, 11 iyul 1967-ci ildən 25 aprel 1971-ci ilə kimi Qusar rayon “Kinoteatr və Kinoqurğular Birliyində” kinomexanik, 07.07.1987-ci ildən 09.11.1988-ci ilə kimi “Revalyusiya” sovxozunda, 1994-cü ilin yanvar, aprel, 1995-ci ilin iyul, avqust aylarında “Telman” sovxozunda işləməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qusar Rayon Məhkəməsinin 05.06.2015-ci il tarixli qətnaməsi ilə ərizəçinin iddia tələbi təmin edilmişdir. İddiaçının işlədiyi illər hüquqi fakt kimi Qusar Rayon Məhkəməsinin qətnaməsi ilə təsdiq edildikdən sonra yenidən DSMF Qusar rayon şöbəsinə müraciət etmişdir. Vətəndaşın müraciətinə baxılaraq müvafiq şöbə tərəfindən yaşa görə əmək pensiyası təyin edilmişdir. Sonradan şöbə tərəfindən daxili audit yoxlamaları həyata keçirilmiş və iddiaçının övladına qulluq etdiyini təsdiq edən sənədlərdə uyğunsuzluq aşkar edilmişdir. Qeyd olunan səbəbdən vətəndaşa təyin edilmiş əmək pensiyası dayandırılmışdır. İddiaçının əmək kitabçasında 1984-1992-ci illər ərzində müxtəlif müəssisələrdə və vəzifələrdə işlədiyi qeyd olunsa da, əmək kitabçasında müəssisələrdən yalnız birinin möhürü mövcuddur. Digər bir məsələ isə vətəndaşın məhkəməyə təqdim etdiyi əmək kitabçasından çıxarışın oxunaqlı vəziyyətdə olmamasıdır. Belə ki, məhkəməyə təqdim olunan çıxarışda vətəndaşın hansı müəssisələrdə və hansı vəzifələrdə işləməsi faktı aydın şəkildə öz əksini tapmamışdır. Həmçinin iddiaçı sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa qulluq edilməsi müddətinin də sosial sığorta stajına daxil edilməsini mübahisələndirmişdir. Belə ki, iddiaçı Məmmədova Aynisəyə hazırkı dövrə qədər qulluq etdiyini iddia edir. Lakin Əmək və Əhalinin Dövlət Sosial Müdafiə Nazirliyi yanında Tibbi Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin 22 saylı Tibbi Sosial Ekspert Komissiyası (TSEK) tərəfindən 18 yaşınadək uşağın tibbi sosial ekspert komissiyasında müayinə aktından çıxarışda valideyn (qəyyum) qismində X12 adı qeyd olunmuşdur. Bu səbəbdən 20.04.2004-20.04.2006-cı il, 01.099.2014-cü ildən 18 yaşı tamam olanadək TSEK arayışlarının qəbul edilərək sosial sığorta stajına daxil edilməsi mümkün deyildir. Qusar Rayon Məhkəməsinin 2(029)-272/2007 nömrəli qətnaməsi ilə İddiaçı X10 boşanmışdır. Qusar Rayon Məhkəməsinin 26.08.2011-ci il tarixli əmrinə əsasən, X10 26.08.2011-ci il tarixindən qazancının yarısı qədər hər ay aliment tutularaq İddiaçı ödənilmiş və qızı Məmmədova Aynisə 18 yaşına çatanadək saxlanılması üçün atasına verilmişdir. İddiaçı tərəfindən məhkəmə iclası zamanı Məmmədova Aynisəyə qulluq etdiyi dövrlə bağlı tərtib edilmiş 07.10.2020-ci il tarixli akt təqdim edilmişdir. Həmin akta əsasən Məmmədova Aynisə 2007-ci il tarixdən hazırki dövrə kimi atasının himayəsində yaşayır, lakin iş materiallarında olan 2015-ci il tarixli qulluq aktında qeyd olunmuşdur ki, Məmmədova Aynisəyə 27.07.2010-cu ildən 26.02.2015-ci illərdə atası tərəfindən qulluq edilmişdir. Yuxarıda qeyd olunanlardan göründüyü kimi, İddiaçı tərəfindən qızına qulluq etdiyi dövrləri təsdiq edən qulluq aktları və məhkəmə əmri arasında ziddiyyət vardır. Həmçinin onu da nəzərə almaq lazımdır ki, vətəndaş 2015-ci ildə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün şöbəyə müraciət etmişdir. Vətəndaşın 2015-ci ildə hüququ yarandığı üçün qızına qulluq etdiyi dövr üzrə Qusar Rayon Məhkəməsinin 26.08.2011-ci il tarixli əmri ilə yalnız 2011-2015-ci illər nəzərə alına bilər. İddiaçının müvafiq illərə dair işlədiyini təsdiq edən sənəd qismində arxiv arayışları sosial sığorta stajını təsdiq edən sənəd kimi nəzərə alınmır. Lakin həmin dövr üzrə arxiv arayışlarında qeyd olunan əmək stajı sosial sığorta stajı kimi nəzərə alınsa da qeyd olunan dövr üzrə 5 il 5 av 16 gün və sağlamlıq imkanlarının məhdudluğu müəyyən edilmiş övladına qulluq dövrü 26.08.2011-ci ildən 2015-ci ilədək olan 4 il nəzərə alınsa ümumilikdə stajı 9 il 5 ay 16 gün təşkil edir. Göründüyü kimi qanunvericiliklə tələb olunan sosial sığorta stajı 12 il olduğu halda, iddiaçının 9 il 5 ay 16 gün sosial sığorta stajı mövcuddur. Birinci instansiya məhkəməsindəki icraat Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-378/2021 nömrəli iş üzrə 03.02.2021-ci il tarixli qərarı ilə iddia təmin edilmişdir. (hakim İ.Quliyev) Qərardan narazı qalan cavabdeh ondan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh apellyasiya şikayətini iddia ərizəsinə etirazla eyni məzmunda əsaslandırmış və əlavə olaraq bildirmişdir ki, iddiaçı tərəfindən məhkəmə iclası zamanı Məmmədova Aynisəyə qulluq etdiyi dövrlə bağlı tərtib edilmiş 07.10.2020-ci il tarixli akt təqdim edilmişdir. Həmin akta əsasən Məmmədova Aynisə 2007-ci il tarixdən hazırkı dövrə kimi atasının himayəsində yaşayır. Lakin iş materiallarında olan 2015-ci il tarixli qulluq aktında qeyd olunmuşdur ki, Məmmədova Aynisəyə 27.07.2010-cu ildən 26.02.2015-ci ilə kimi atası tərəfindən qulluq edilmişdir. Sumqayıt İnzibati Məhkəməsi tərəfindən müvafiq araşdırma aparılmadan ziddiyyət təşkil edən 07.10.2020-ci il tarixli qulluq aktı əsas götürülmüş, X5 qulluq etdiyi dövr kimi 2007-ci il tarixdən 30.06.2017-ci il tarixədək olan dövrlər sosial sığorta stajı kimi nəzərə alınmışdır. Həmçinin onu da qeyd etmişdir ki, vətəndaş 26.02.2015-ci ildə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün şöbəyə müraciət etmişdir. 10.12.2020-ci il tarixli məhkəmə iclasında iddiaçı tərəfindən iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə verilmişdir. Həmin ərizəyə əsasən iddiaçı 2015-ci ildən təyin olunmuş pensiyanın 2017-ci il iyul ayından dayandırılmasının qanunsuz hesab edilməsi və dayandırılmış pensiyanın bərpa edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsini xahiş etmişdir. Göründüyü kimi vətəndaşın hüququ 26.02.2015-ci ildə yarandığı üçün və iddia tələbi “dayandırılmış pensiyanın bərpa edilməsi” olduğu üçün qızına qulluq etdiyi dövr üzrə Qusar Rayon Məhkəməsinin 26.08.2011-ci il tarixli əmri ilə yalnız 26.08.2011-ci il tarixdən 26.02.2015-ci il tarixədək nəzərə alına bilər. Qusar Rayon Məhkəməsinin 05 iyun 2015-ci il tarixli qətnaməsinə əsasən 5 il 5 ay 08 gün və sağlamlıq imkanlarının məhdudluğu müəyyən edilmiş övladına qulluq dövrü 26.08.2011-ci ildən 26.02.2015-ci ilədək olan 3 il 6 ay nəzərə alsaq ümumilikdə 8 il 11 ay 08 gün sosial sığorta stajı təşkil edir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən (1 iyul 2017-ci il tarixində edilmiş dəyişikliyə qədər) 62 yaşına çatmış kişilərin və 57 yaşına çatmış qadınların azı 12 il sığorta stajı olduqda yaşa görə əmək pensiyası hüququ vardır. Göründüyü kimi qanunvericiliyin tələbi ilə 12 il sosial sığorta stajına qarşılıq olaraq 8 il 11 ay 08 gün sosial sığorta stajı vardır. TƏRƏFLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi apelyasiya şikayətinə etiraz edərək, iddia ərizəsi ilə eyni məzmunda izahat verdi və əlavə olaraq izahatında bildirdi ki, iddiaçı onun atasıdır. 2007-ci ildə valideynləri boşanıqdan sonra o və digər vacı və qardaşları atalarının himayəsində qalmışlar. Hazırkı vaxtadək analar ilə heç bir əlaqələri yoxdur. Həmçinin iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, 01.09.2007-ci ildən 01.03.2014-cü il tarixədək iddiaçının sağlamlıq imkanları məhdud olan Aynisə Məmmədovaya qulluq etdiyi illər sığorta stajına daxil edilməklə iddiaçıya təyin edilmiş yaşa görə əmək pensiyası ödənişinin 2017-ci ilin iyun ayından bərpa olunması öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏ Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyərək, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, iddianın dəyişdirilməsi barədə ərizə məhkəmənin icraatına qəbul edilməklə birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməlidir. İlk növbədə məhkəmə kollegiyası iddianın dəyişdirilməsi barədə ərizənin icraata qəbulu ilə əlaqədar qeyd edir ki, AR İPM-in 13-cü maddəsinə əsasən, məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. “Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 sentyabr 2014-cü il tarixli qərarına əsasən, Konstitusiya Məhkəməsinin Plenumu inzibati icraatın spesifik xüsusiyyətlərinə əsaslanaraq, İPM-in 13-cü maddəsində nəzərdə tutulan məhkəmənin qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılması, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsi, natamam faktiki məlumatların tamamlanması, işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunması ilə bağlı proses iştirakçılarına yardım etməsini müəyyən edən müddəaların inzibati apellyasiya icraatında tətbiqini istisna etmir. Lakin həmin maddənin “yanlış iddia növlərinin münasibləri ilə əvəz olunması” müddəasının inzibati apellyasiya icraatında tətbiq edilməsi isə yol verilməzdir. Məhkəmə kollegiyası ərizədə edilən dəyişikliyin iddianın növünə təsir etmədiyini nəzərə alaraq, ərizənin məhkəmənin icraatına qəbul edilməsini məqsədəuyğun hesab etmişdir. Yaranmış mübahisə ilə bağlı kollegiya aşağıdakıları qeyd edir: 01.07.2017-ci il tarixədək qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası qanunun: - 3.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər; - 4.1-ci maddəsinə əsasən, “Əmək pensiyaları haqqında” Qanuna uyğun olaraq əmək pensiyasının yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası və ailə başçısını itirməyə görə əmək pensiyası növləri müəyyən edilir. -7-ci maddəsinə əsasən, 62 yaşına çatmış kişilərin və 57 yaşına çatmış qadınların azı 12 il sığorta stajı olduqda (bu Qanunun qüvvəyə mindiyi günədək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2010-cu il yanvarın 1-dən başlayaraq 2012-ci ilin yanvarın 1-dək, qadınların yaş həddi 2010-cu ilin yanvarın 1-dən başlayaraq 2016-cı ilin yanvarın 1-dək hər il altı ay artırılır. Zamana görə qüvvədə olan pensiya qanunvericiliyinə əsasən, yaşa görə pensiyanın yaranması üçün iki şərt tələb olunur: - şəxsin qanunla müəyyən edilmiş pensiya yaşına çatması; - azı 12 il sığorta stajı toplaması. Hazırkı işin hallarından görünür ki, Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Qusar rayon Şöbəsinin 31 iyul 2015-ci il tarixli, 72 saylı qərarı ilə iddiaçıya yaşa görə əmək pensiyası təyin edilmişdir. Əmək pensiyası təyin edilərkən Qusar rayon Məhkəməsinin 2(029)-532/2015 saylı 05 iyun 2015-ci il tarixli qətnaməsi ilə hüquqi fakt olaraq iddiaçının işlədiyinin müəyyən edildiyi 5 il 5 ay 08 gün müddət və sağlamlıq imkanları məhdud övladı X5 qulluq etdiyi sosial sığorta stajı nəzərə alınmışdır. 2017-ci ilin iyun ayından cavabdeh tərəfindən iddiaçıya təyin edilmiş pensiyanın ödənişi dayandırılmışdır. Pensiya ödənişinin dayandırılması barədə iddiaçıya ünvanlanmış 09 iyul 2017-ci il tarixli məktubda buna əsas kimi yaşa görə əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınmış iş stajının öz təsdiqini tapmadığı göstərilmiş və əmək stajı qanunvericiliklə nəzərdə tutulmuş qaydada təsdiq olunduqdan sonra pensiya hüququna baxılacağı bildirilmişdir. İddiaçının növbəti müraciətlərinə cavab olaraq cavabdehin 02 oktyabr 2019-cu il tarixli məktubu ilə bildirilmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 22 saylı tibbi sosial ekspert komissiyasının 16 yaşadək uşağın tibbi sosial ekspert komissiyasında çıxarışda valideynin (qəyyumun) soyadı Məmmədova, adı Şölə, ata adı Novruz olduğu üçün, 22 saylı TSEK-də 20 aprel 2004-cü il tarixli müayinə tarixindən 20 aprel 2006-cı il növbəti müayinə tarixinədək və 01.09.2014-cü ildən 18 yaşı tamam olana kimi TSEK arayışında yenə də anası Məmmədova Şölənin adı qeyd edildiyi üçün həmin dövrün iş stajına daxil edilməsi qeyri-mümkün hesab edilmiş və tələb edilən 10 il sığorta stajı olmadığı üçün pensiya ödənişi dayandırılmışdır. Məhkəmə kollegiyasının sorğusuna cavab olaraq cavabdeh tərəfindən verilmiş 03.12.2021-ci il tarixli **********5 saylı məktubdan da görünür ki, pensiyanın dayandırılma səbəbi kimi qeyd olunmuş təsdiqini tapmayan stajı İddiaçı X13 ilə nikahının pozulduğu 30.08.2007-ci ildən 25.04.2008-ci ilədək və 10.06.2008-ci ildən 10.06.2010-cu ilədək illəri əhatə edir. 2 il 7 ay 25 gün; səbəb olaraq sağlamlıq imkanları məhdud övladı X1 həmin illərə aid TSEK-da müayinə aktından çıxarışda qəyyum kimi X2 adının qeyd edilməsi olmuşdur. Məktubda həmçinin qeyd edilmişdir ki, iddiaçıya yaşa görə əmək pensiyasının ödənişi dayandırılan vaxtı DSMF-nin Qusar rayon Şöbəsi tərəfindən qərar qəbul edilməmişdir. Qeyd edilən məktuba əlavə edilmiş yoxlama aktının “NÖQSANLİ İŞLƏR” başlıqlı çıxarışından görünür ki, iddiaçıya aid sığorta stajı(2007-2010-cu illər) təsdiq edildikdən sonra pensiya hüququna və məbləğinə yenidən baxılmasına dair qeydiyyat aparılmışdır. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, pensiyanın dayandırlmasına səbəb olan mübahisələndirilən dövr iddiaçının 2007-2010-cu illərdə sağlamlıq imkanları məhdud X5 qulluq etdiyi müddətdir. Cavabdeh həmin illərdə RSEKnın müayinə aktında uşağın valideyni qrafasında iddiaçının (atasının) deyil, anasının adının yazılması səbəbindən həmin illəri staja daxil etməmiş və iddiaçıya pensiya ödənişi dayandırılmışdır. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin bu əsasla iddiaçıya təyin edilmiş pensiyanı dayandırması qanunsuz və əsassız olmuşdur. Belə ki, iş materiallarından görünür ki, iddiaçı X16 ilə X18 arasında bağlanmış nikah 30 avqust 2007-ci ildə ləğv edilmişdir (AZ-1 062967 saylı Nikahın pozulması haqqında şəhadətnamə). Həmçinin, Qusar rayon Məhkəməsinin 2(029)-657/2011 saylı, 26 avqust 2011-ci il tarixli əmri ilə Qusar rayonunun Yasab kəndində yaşayan X6 hər ay qazancının (başqa gəlirlərinin) yarısının 26 avqust 2011-ci il tarixdən başlayaraq tututulub 10 aprel 1995-ci ildə anadan olmuş X3, 06 iyul 1998-ci ildə anadan olmuş X8 və 09 iyul 2000-ci ildə anadan olmuş X1 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Qusar rayonunun Yasab kəndində yaşayan İddiaçı verilməsi qət edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 22 saylıTibi sosial ekspert komissiyası tərəfindən verilmiş 16 yaşınadək uşağın müayinə aktından çıxarışdan görünür ki, iddiaçının qızı-09.06.2000-ci il təvəllüdlü X14 20 aprel 2004-cü il tarixdə ilkin tibbi müayinədən keçmiş, onda müəyyən edilmiş xəstəliyin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 27.04.1994-cü il tarixdə təsdiq edilmiş “16 yaşa qədər uşaqlara sosial pensiya almaq hüququ” verən göstərişlərin əsas meyarlarının 2.1.1 bəndinin 2.1.1 yarımbəndinə uyğun gəlir. Növbəti müayinənin tarixi 20 aprel 2006-cı il müəyyən edilmişdir. İşdə olan müayinə aktlarından görünür ki, X14 18 yaşadək sağlamlıq imkanları məhdud olub, 18 yaşına çatdıqdan sonra, yəni 08.08.2018-ci il tarixdə ona ümumi xəstəlikdən ikinci dərəcəli əlillik verilmişdir. Pensiya işinə əlavə edilmiş DSMF-nin Qusar rayon Şöbəsinin baş məsləhətçisi, Qusar RİHB-nin Yasab kənd İƏD-si nümayəndəsinin və kənd sakinlərinin iştirakı ilə tərtib edilmiş aktdan görünür ki, həqiqətən də, Yasab kənd sakini X15 xəstədir, kənar qulluğa ehtiyacı vardır. Ona doğma atası qulluq göstərir. Həmin aktda sağlamlıq imkanları məhdud uşağa qulluq edilməsi müddəti olaraq 27.07.2010-26.02.2015-ci illər qeyd edilmişdir. Qusar rayonu Yasab kənd sakinləri İddiaçı, X11, X7, X26, X4 iştirakları ilə tərtib olunmuş və Qusar RİHB-nin Yasab kənd İƏD-si üzrə nümayəndəsinin imzası və möhürü ilə təsdiq edilmiş 07.10.2020-ci il tarixli aktında isə X1 2007-ci il tarixdən hal-hazıra kimi atası İddiaçı himayəsində yaşadığı qeyd edilmişdir. Cavabdeh, TSEK-in müayinə aktından çıxarışlarda valideyn(qəyyum) qrafasında X1 anasının adının qeyd edildiyini əsas götürərək 2007-2010-cu illərdə uşağa qulluq dövrünü iddiaçının sosial sığorta stajı kimi qəbul etməkdən imtina edir. Halbuki, yuxarıda adı qeyd olunan sənədlərlə boşanmadan sonra uşaqların hamısının iddiaçının himayəsində qaldığı, hətta bu səbəbdən Ş.Məmmədovadan 2011-ci ildə məhkəmə qaydasında aliment tutulduğu, o cümlədən sağlamlıq imkanları məhdud Aynisə Məmmədovanın da 2007-ci ildən hazırkı vaxtadək atası İddiaçı himayəsində olduğu müəyyən olunur. Hətta məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının oğlu (nümayəndəsi) da izahatında atası ilə anası ayrıldıqdan sonra onun, digər bacı və qardaşları ilə birgə daim atasının himayəsində qaldıqlarını, anası ilə ümumiyyətlə heç bir əlaqələrinin olmadığını bildirmişdir. Həmçinin, kollegiya qeyd edir ki, müayinə aktında valideyn kimi ana adının yazılması sağlamlıq imkanları məhdud uşağa müayinə aktında qeyd edilən valideynin qulluq etməsi anlamına gəlmir. Bundan əlavə kollegiya qeyd edir ki, inzibati orqan qeyd edilən xüsusatı əsas götürərək iddiaçıya təyin edilmiş pensiyanı dayandırmadan öncə işin halların tam və hərtərəfli araşdırılmalı olduğu halda, heç bir araşdırma aparmadan, müayinə aktındakı məlumat əsas götürülərək, iddiaçıya pensiya ödənişini dayandırmışdır. Halbuki qanunvericiliyin tələbinə uyğun olaraq belə hallar olduğu təqdirdə inzibati orqan tərəfindən ərizəçinin ziyanına qərar qəbul edilməli deyil, onun xeyrinə olan halların araşdırılması istiqamətində araşdırma aparılmalı idi. Bu inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edən “İnzibati icraat haqqında” Qanunun tələblərindən irəli gəlir Belə ki, qeyd edilən qanunun: 13.1-ci maddəsinə əsasən, iİnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.3-cü maddəsinə əsasən, müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 14.1-14.3-cü maddələrinə əsasən inzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. Diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. 21.1-21.2-ci maddəsinə əsasən, qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. 24.1-24.2-ci maddələrinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 25.1-ci maddəsinə əsasən, qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, maraqlı şəxslər həm icraat zamanı, həm də icraatdan sonra inzibati icraat materialları ilə tanış olmaq və ya icraatla bağlı məlumat almaq hüququna malikdirlər. Məhkəmə kollegiyasında işin halları araşdırılarkən müəyyən edildi ki, pensiyanın dayandırılmasından öncə, cavabdeh tərəfindən inzibati icraatın başlanması (iddiaçıya təyin edilmiş pensiyanın qanuniliyinin araşdırılması) barədə qərar qəbul edilməmiş, inzibati icraat aparılmamış, inzibati icraat barədə iddiaçı məlumatlandırılmamış, inzibati icraatda iddiaçının iştirakı təmin edilməmiş, cavabdehin istinad etdiyi hallar obyektiv araşdırılmamış, iddiaçının cavabdeh inzibati orqana etimad hüququ gözlənilməmiş, başqa sözlə, aparılan icraat “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğun olmamış, həmçinin, aparılan inzibati icraatın nəticəsində inzibati akt- konkret olaraq pensiyanın dayandırılması barədə qərar qəbul edilməmişdir. Kollegiya həmçinin qeyd edir ki, pensiya təyin edilməsinə dair əvvəlki inzibati akt qüvvədə olduğu halda, dayandırma barədə inzibati akt olmadan ödənişin dayandırılması “İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsində təsbit edilmiş normanın pozuntusunu yaratmaqla, qüvvədə olan inzibati aktın hüquqi qüvvəsini şübhə altına almış olur. Kollegiya həmçinin qeyd edir ki, məhkəmə kollegiyasının sorğusuna əsasən təqdim edilmiş sənədlərdən görünür ki, iddiaçı 26.02.1973-cü ildən 29 may 1973-cü ilədək 02 ay 02 gün Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Bakı Dövlət Sirkində işləmişdir. Zamana görə qüvvədə olan SSRİ Nazirlər Sovetinin 04 avqust 1956-cı il tarixli, 1044 saylı qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və ödənilməsi Qaydaları”nın 117 “b” və “q” bəndlərinə görə iş yerindən verilmiş və arxiv idarələrinin arayışları iş stajını təsdiq edən sübut kimi qəbul edilə bilər. Göründüyü kimi iddiaçının işlədiyi dövrdə qüvvədə olan qanunvericiliyin normalarına görə iş yerindən arayış işçinin iş stajını təsdiq edən sübut kimi qəbul edilmişdir. Yuxarıda sadalanan sübutlarla iddiaçının tələb olunan 12 ildən artıq sığorta stajına malik olduğunu təsdiq edilir. Belə ki, Qusar rayon məhkəməsinin 05 iyun 2015-ci il tarixli qətnaməsinə əsasən 5 il 5 ay 08 gün, 01.09.2007-ci ildən 01.03.2014-cü il tarixədək iddiaçının sağlamlıq imkanları məhdud olan Aynisə Məmmədovaya qulluq etdiyi dövr 6 il 06 ay və Dövlət Sirkində işlədiyi 02 ay 02 gün nəzərə alındıqda iddiaçı 12 il 01 ay 10 gün sığorta stajına malik olmuş olur. Beləliklə, məhkəmə kollegiyası işin yuxarıda sadalanan xüsusatlarını nəzərə alaraq hesab edir ki, hazırki işdə iddiaçı 2015-ci ildən ona yaşa görə əmək pensiyasının bərpası üçün zəruri olan yaş həddi ilə yanaşı, tələb olunan 12 ildən artıq sığorta stajına malik olduğundan iddiaçıya yaşa görə əmək pensiyasının ödənilməsini qanunsuz olaraq dayandırmışdır. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, Sumqayıt İnzibati Məhkəməsinin 2- 1(118)-378/2021 nömrəli iş üzrə 03.02.2021-ci il tarixli qərarı dəyişdirilməklə, 01.09.2007-ci ildən 01.03.2014-cü il tarixədək iddiaçının sağlamlıq imkanları məhdud qızı Aynisə Məmmədovaya qulluq etdiyi illər sığorta stajına daxil edilməklə, 2017-ci ilin iyun ayından dayandırılmış pensiya ödənişinin bərpa olunması öhdəliyi cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-378/2021 nömrəli iş üzrə 03.02.2021-ci il tarixli dəyişdirilsin. İddia təmin edilsin. İddiaçı 01.09.2007-ci ildən 01.03.2014-cü il tarixədək sağlamlıq imkanları məhdud qızı Aynisə Məmmədovaya qulluq etdiyi illər sığorta stajına daxil edilməklə, 2017-ci ilin iyun ayından dayandırılmış pensiya ödənişinin bərpa edilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 2 saylı regional ərazi filialının üzərinə vəzifə olaraq qoyulsun. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apelyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Səməd Vurğun küçəsi 120) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar