Məhkəmə qərarları › İş №2-1(105)-297/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-297/2023

28.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-297/2023 28.04.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayeva Hökümə Çingiz qızı (sədrlik edən və məruzəçi), Məmmədov Zahid Tahir oğlu və X1 ibarət tərkibdə, Hüseynli Aydın Hüseyn oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınaraq, müvafiq çıxarışın verilməsi” tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin 23 dekabr 2022-ci il tarixli, 2-1(118)-3282/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, Abşeron rayonu, Bilgəh qəsəbəsi, Zəfəran sovxozunda yerləşən və Abşeron rayon XDS İcraiyyə Komitəsinin 26 noyabr 1988-ci il tarixli, 204.9 nömrəli qərarı ilə ona ayrılmış torpaq sahəsi və fərdi yaşayış evinə dair mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Daha sonra iddiaçı tələbini dəqiqləşdirərək Abşeron rayonu, Bilgəh qəsəbəsi, Zəfəran sovxozunda yerləşən və Abşeron rayon XDS İcraiyyə Komitəsinin 26 noyabr 1988-ci il tarixli, 204 saylı qərarı ilə ona ayrılmış torpaq sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 23 dekabr 2022-ci il tarixli, 2-1(118)-3282/2022 nömrəli qərarı ilə iddia tələbi təmin edilmiş, Abşeron rayonu, Bilgəh qəsəbəsi, Zəfəran Sovxozunda yerləşən və Abşeron rayon XDS İcraiyyə Komitəsinin 26 noyabr 1988-ci il tarixli, 204 saylı qərarı ilə ona ayrılmış torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. (hakim C.Məmmədov) Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ: a) Birinci instansiya məhkəməsindəki icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçıya 26 noyabr 1988-ci il tarixli, 204.9 nömrəli qərar ilə Abşeron rayonu, Bilgəh qəsəbəsi, Zəfəran sovxozunda torpaq sahəsi ayrılmışdır. Sözügedən torpaq sahəsinə dair mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınaraq müvafiq çıxarışın verilməsi barədə cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdeh onun müraciətini təmin etməkdən imtina etmişdir. Bununla əlaqədar, iddiaçı Sumqayıt İnzibati Məhkəməsinə müraciət etmiş, məhkəmə qərardadı ilə iş aidiyyəti üzrə baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilmişdir. Bakı İnzibati Məhkəməsi tərəfindən verilmiş sorğuya cavab olaraq Daşınmaz Əmlakın Kadastrı və Reyestri pııblik hüquqi şəxs tərəfindən bildirilmişdir ki, ona ayrılmış torpaq sahəsi Abşeron rayonu ərazisindədir. Bu səbəbdən yenidən Sumqayıt İnzibati Məhkəməsinə müraciət etmişdir. Onun torpaq sahəsinə dair hüququmüəyyənedici sənədləri tam qaydasındadır və onlar aidiyyəti orqanlar tərəfindən lazımi qaydada təsdiq olunmuşdur. Hesab edir ki, cavabdehin imtinası qanunsuzdur. Cavabdeh iddia ərizəsinə yazılı etiraz edərək qeyd etmişdir ki, aparılan araşdırma zamanı müəyyən olunmuşdur ki, sözügedən 0.10 ha torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evinə dair arxiv əsaslarında saxlanılan 04 inventar nömrəli texniki pasporta əsasən qeydiyyat vəsiqəsinin əlavə edilmədiyi aşkar edilmiş, 5212 qeydiyyat nömrəli, 04 inventar nömrəli qeydiyyat vəsiqəsi və texniki pasporta əsasən üzərində mülkiyyət hüququ qeydiyyata alınmış fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin Abşeron rayon XDS İKnin 204.9 saylı, xx.xx.1988-ci il tarixli qərarı ilə ayrılmış 0.10 ha torpaq sahəsinə aid olmadığı, təqdim edilmiş qeydiyyat vəsiqəsində 5212 qeydiyyat nömrəli, 04 inventar nömrəli qeydiyyat vəsiqəsinin Abşeron rayon XDS İK-nin 08/08 saylı, xx.xx.1988-ci il tarixli qərarına əsasən, qeydiyyat kitabında isə Abşeron rayon XDS İK-nin 204.9 saylı, xx.xx.1988-ci il tarixli qərarına əsasən verildiyi qeyd edilmişdir. Həmçinin, 5212 qeydiyyat nömrəli, 04 inventar nömrəli qeydiyyat vəsiqəsinin texniki pasportunda torpaq sahəsinin ölçüsünün 0.12 ha olduğu, Abşeron rayon XDS İK-nin 204.9 saylı, xx.xx.1988-ci il tarixli qərarında isə 0.10 ha torpaq sahəsinin ayrıldığı qeyd edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini iddia ərizəsinə etirazla eyni məzmunda əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, məhkəmə tərəfindən maddi və prosessual hüquq normaları əhəmiyyətli dərəcədə pozulmuş və düzgün tətbiq edilməmiş, məhkəmə qərarında göstərilən dəlillər işin hallarına uyğun olmamış, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar araşdırılmamışdır. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi işin ərazi aidiyyəti göndərilməsini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı işin ərazi aidiyyəti üzrə Sumqayıt İnzibati Məhkəməsində baxılmalı olduğunu bildirdi. TƏTBİQ EDİLƏN HÜQUQ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 8. Məhkəmə aidiyyətinin müəyyənləşdirilməsi 8.1. İnzibati mübahisələrin ərazi aidiyyəti müəyyən edilərkən aşağıdakı qaydalar tətbiq olunur: 8.1.1. daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır; (-) 8.2. Predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir. 8.3. Mübahisəyə baxılmasının birdən artıq məhkəmənin səlahiyyətinə aid olduğu hallarda, məhkəmə mübahisə ilə bağlı işi iddiaçı və ya ərizəçi tərəfindən seçilən məhkəməyə göndərir. İddiaçı və ya ərizəçi tərəfindən belə seçim edilmədiyi hallarda, məhkəmə mübahisə ilə bağlı işi aidiyyət qaydalarına uyğun olaraq müvafiq səlahiyyətli məhkəməyə göndərir. 8.4. Tərəflərdən birinin məhkəmə aidiyyətini mübahisələndirdiyi hallarda, mübahisəyə baxılmasının onun səlahiyyətinə aid olması barədə məsələ məhkəmə tərəfindən həll edilir. 8.5. Bu Məcəllənin 8.2-8.4-cü maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə əsaslandırılmış qərardad qəbul edir. Məhkəmənin aidiyyətlə bağlı qərardadından, həmin qərardadın təqdim olunduğu vaxtdan 10 gün müddətində yuxarı məhkəməyə şikayət verilə bilər. 8.6. İnzibati məhkəmənin aidiyyətlə bağlı qərardadı qanuni qüvvəyə mindikdən sonra həmin qərardad apellyasiya instansiyası məhkəmələrinin inzibati kollegiyaları və ya bu Məcəllənin 9.1.3-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, mübahisə ilə bağlı işin göndərildiyi məhkəmə üçün məcburidir. Apellyasiya instansiyası məhkəməsinin inzibati kollegiyasının aidiyyətlə bağlı qərardadı qanuni qüvvəyə mindikdən sonra, mübahisə ilə bağlı işin göndərildiyi məhkəmə üçün məcburidir. Maddə 12. İşin hallarının araşdırılması prinsipi.

1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.

2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

Məhkəmə kollegiyası tərəflərin dinlənilmə hüququnu təmin edib, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli və inzibati iş ərazi aidiyyəti üzrə baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilməlidir. Hazırkı işin hallarından da görünür ki, iddiaçının tələbi Azərbaycan SSR Abşeron rayon XDS İcraiyyə Komitəsinin 26 noyabr 1988-ci il tarixli, 204 nömrəli qərarı ilə fərdi yaşayış evinin tikintisi üçün iddiaçıya ayrılmış Bilgəh qəsəbəsi, Zəfəran sovxozu ərazisində yerləşən 0,10 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınaraq reyestrdən çıxarışın verilməsi ilə bağlıdır. İş materiallarında olan sözügedən torpaq sahəsinin orto-foto xəritəsindən çıxarışdan görünür ki, torpaq sahəsi Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, Zəfəran sovxozu ərazisində yerləşir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi isə Bakı İnzibati Məhkəməsinə ünvanladığı 18 avqust 2022-ci il tarixli məktubu ilə Abşeron rayonu, Bilgəh qəsəbəsi, Zəfəran sovxozu ərazisində yerləşən 0,10 ha torpaq sahəsinin vahid elektron kadastr bazasında Abşeron rayonunun ərazisində yerləşdiyini qeyd etmişdir. Kollegiya hesab edir ki, hazırkı mübahisə daşınmaz əmlakla bağlı hüquq münasibəti ilə əlaqədar yarandığından mübahisəyə münasibətdə İPM-nin 8.1.1-ci maddəsi tətbiq edilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə təcrübəsindən də məlum olduğu kimi Bakı şəhəri ərazisində Abşeron rayonunun idarəçiliyində olan torpaq sahələri yerləşir və həmin ərazilər Abşeron rayonunun inzibati ərazisi sayılmır. Abşeron rayonun idarəçiliyində olan və Bakı şəhərinin rayonlarının inzibati ərazisində yerləşən torpaq sahələri üzərində Abşeron rayon İcra Hakimiyyətinin sərəncam vermək hüququ olsa da, həmin ərazilərdə kommunal xidmətlər, polis nəzarəti və digər dövlət xidmətləri Abşeron rayon İcra Hakimiyyətinə yox, torpaq sahəsinin yerləşdiyi rayonun müvafiq qurumlarına aid edilir. Müvafiq reyestr xidmətləri bəzi hallarda Bakı şəhərinin ərazisində yerləşən torpaq sahələrinin Abşeron rayonunun inzibati ərazisində yerləşməsi ilə bağlı məktublar versə də, məhkəmə təcrübəsindən müəyyən edilmişdir ki, Abşeron rayonu, keçmiş Bilgəh Zəfəran sovxozuna aid torpaq sahələri Abşeron rayon İcra Hakimiyyətinin idarəçiliyində olmaqla, Bakı şəhəri Sabunçu rayonunun inzibati ərazisində yerləşir. Hazırkı işin də müəyyən edilmiş faktiki hallarından torpaq sahəsinin Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, Zəfəran sovxozu ərazisində yerləşdiyi müəyyən edilmişdir. Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının 2019-cu il 14 noyabr tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi və inzibati-iqtisadi məhkəmələrinin ərazi yurisdiksiyasının 15.9-cu bəndinə əsasən Bakı şəhəri Sabunçu rayonu Bakı İnzibati Məhkəməsinin yurisdiksiyasına aid olan ərazi vahididir. Belə olduğu halda kollegiya hesab edir ki, hazırki iddiaya ərazi aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, cavabdehin apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli və inzibati iş ərazi aidiyyəti üzrə baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilməlidir.

NƏTİCƏVİ HİSSƏ:

Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 8.1.1, 8.6 və 12-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 23 dekabr 2022-ci il tarixli, 2-1(118)-3282/2022 saylı qərarı ləğv edilsin. İddiaçı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “torpaq sahəsi və fərdi yaşayış evi üzrə onun adına mülkiyyət hüquqlarının qeydiyyata alınaraq, müvafiq çıxarışın verilməsi” tələbinə dair inzibati mübahisə ərazi aidiyyəti üzrə baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilsin. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar