Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-298/2023 28.04.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayeva Hökümə Çingiz qızı (sədrlik edən və məruzəçi), Məmmədov Zahid Tahir oğlu və X1 ibarət tərkibdə, Hüseynli Aydın Hüseyn oğlunun katibliyi, İddiaçı, İddiaçının vəkili Vəkil, Cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın və texniki pasportun verilməsi” tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin 22 dekabr 2022-ci il tarixli, 2- 1(118)-715/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ: Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışa əsasən, Abşeron rayonu, Məmmədli kəndində yerləşən 0,08 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Abşeron rayon İcra Hakimiyyəti Başçısı tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2015ci il tarixli, 360-T saylı məktuba əsasən iddiaçının mülkiyyətində olan 0,08 ha torpaq sahəsində inşası nəzərdə tutulmuş anbar binasının (800 m2) tikinti layihəsinin memarlıqplanlaşdırma bölməsi və ərazinin baş plan bölməsi tərəfindən aşağıdakı şərtlər daxilində razılaşdırılmışdır: - tikinti işləri qüvvədə olan tikinti norma və qaydalarına uyğun şəkildə razılaşdırılmış layihə əsasında aparılsın; - tikinti aparılan ərazidə sanitar, yanğın təhlükəsizliyi normalarına və yanaşı yaşama prinsiplərinə riayət olunsun; - tikinti müddətində razılaşdırılmış layihədən kənarlaşma halları nəzərdə tutularsa, əvvəlcədən müvafiq dəyişikliklər barədə RİH Başçısı aparatının memarlıq və tikinti şöbəsinə məlumat verilsin. Qeyri-yaşayış obyektinin eskiz layihəsi "xxxx" MMC tərəfindən tərtib edilmiş, tikinti layihəsi Abşeron rayon İcra Hakimiyyəti Memarlıq və Tikinti şöbəsi ilə razılaşdırılaraq qeyri-yaşayış sahəsinin Memarlıq və Planlaşdırma bölməsi tərtib edilmişdir. Abşeron Rayon İcra Hakimiyyəti tərəfindən verilmiş 10 oktyabr 2018-ci il tarixli, 145 saylı “Tikinti obyektinin istismarına icazə” sənədinə əsasən Abşeron rayonu, Məmmədli kəndi ərazisində iddiaçıya məxsus anbar binasının keyfiyyət zəmanət müddəti 2 il müəyyən edilmiş, tikintisi başa çatmış obyektin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə və tikinti layihəsinə uyğun inşa edildiyi və ondan təyinatı üzrə istifadənin mümkünlüyü nəzərə alaraq 10 oktyabr 2018-ci il tarixdən obyektin istismarına icazə verilmişdir. İddiaçı 11 noyabr 2021-ci il tarixli ərizə ilə cavabdeh DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsinə müraciət edərək Abşeron rayonu, Məmmədli kəndində yerləşən qeyriyaşayış sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmişdir. Cavabdeh xx.xx.2021-ci il tarixli **********10 nömrəli məktubu ilə iddiaçının müraciətinin icrasından imtina etmişdir. İmtina onunla əsaslandırılmışdır ki, aparılan araşdırma zamanı Abşeron rayonu, Məmmədli kəndində yerləşən qeyri-yaşayış binasının tikintiyə icazə verilməsi barədə sənədlərinin ərizəyə əlavə edilmədiyi, həmçinin istismarına icazə sənədinin mövcud qanunvericiliyin tələblərinə uyğun tərtib edilmədiyi aşkar edilmişdir. Belə ki, sözügedən sənəddə X5nın verilmə tarixi və qeydiyyat nömrəsi, tikintilərin dövlət reyestri tərəfindən tikinti obyektinə verilmiş kod qeyd edilməmişdir. Verilən imtina cavabı ilə razılaşmayan iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müaciət edərək Abşeron rayonunun Məmmədli kəndində yerləşən və xüsusi mülkiyyətində olan 0.08 ha torpaq sahəsində inşa edilmiş qeyri-yaşayış sahəsi olan anbar binasının üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və ona həmin qeyri-yaşayış sahəsinə dair çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı tələbini dəqiqləşdirərək Abşeron rayonu Məmmədli kəndində yerləşən, iddiaçının xüsusi mülkiyyətində olan 0.08 ha torpaq sahəsində inşa edilmiş qeyri-yaşayış sahəsi (anbar binasının) üzərində iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq mülkiyət hüququna dair çıxarışın və texniki pasportun hazırlanıb verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ: a) Birinci instansiya məhkəməsindəki icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, hesab edir ki, cavabdehin imtinası əsassızdır. Belə ki, əvvəla, Abşeron Rayon İH tərəfindən imzalanmış 360-T saylı, 18 mart 2015-ci il tarixli icazə məktubuna əsasən qeyri-yaşayış binasının tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi və ərazinin baş plan bölməsi razılaşdırılmışdır, yəni qeyriyaşayış binasının inşasına icazə verilmişdir. İkincisi, qeyri-yaşayış sahəsi layihə əsasında inşa edilərək başa çatdırıldıqdan sonra Abşeron Rayon İH tərəfindən 10 oktyabr 2018-ci il tarixdə Tikinti obyektinin istismarına 145 nömrəli icazə verilmişdir. Həmin tikinti obyektinin istismarına icazə isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 11 sentyabr tarixli 302 nömrəli qərarı ilə təsdiq edilmiş formaya uyğun tərtib edilmişdir. Cavabdeh iddia ərizəsinə yazılı etiraz edərək etirazı imtina məktubu ilə eyni məzmunda əsaslandırmışdır. Sumqayıt İnzibati Məhkəməsinin 25 aprel 2022-ci il tarixli, 2-1(118)-715/2022 nömrəli qərardadı ilə Abşeron Rayon İcra Hakimiyyəti adi cəlbetmə qaydasında üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 22 dekabr 2022-ci il tarixli, 2-1(118)-715/2022 nömrəli qərarı ilə iddia tələbi təmin edilmiş, Abşeron rayonu Məmmədli kəndində yerləşən, iddiaçının xüsusi mülkiyyətində olan 0.08 ha torpaq sahəsində inşa edilmiş qeyri-yaşayış sahəsi (anbar binasının) üzərində iddiaçının mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq mülkiyət hüququna dair çıxarışın və texniki pasportun hazırlanıb verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur (hakim C.Məmmədov). Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri Abşeron rayonu Məmmədli kəndində yerləşən qeyri-yaşayış binası üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qevdiyyata alınması ilə bağlı iddiaçının 4 savlı Abşeron Ərazi İdarəsinə 11 noyabr 2021-ci il tarixli, ********** qeydiyyat nömrəli müraciəti olmuşdur. Aparılan araşdırma zamanı Abşeron rayonu, Məmmədli kəndində yerləşən qeyri-yaşayış binasının tikintiyə icazə verilməsi barədə sənədlərinin ərizəyə əlavə edilmədiyi, həmçinin, istismarına icazə sənədinin mövcud qanunvericiliyin tələblərinə uyğun tərtib edilmədiyi: X5nın verilmə tarixi və qeydiyyat nömrəsi, tikintilərin dövlət reyestri tərəfindən tikinti obyektinə verilmiş kodun qeyd edilmədiyi aşkar edilmişdir. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək, iddia ərizəsi ilə eyni məzmunda izahat verərək izahatında əlavə olaraq bildirdi ki, Abşeron Rayon İcra Hakimiyyəti tərəfindən onun təkrar müraciətinə xx.xx.2022-ci il tarixli cavab məktubu verildikdən sonra rayon icra hakimiyyətinə yenidən müraciət edərək qeyri-yaşayış binasının eskiz layihəsi və diskini təqdim etmiş, lakin Abşeron Rayon İH tərəfindən tikinti obyektinə kod verilməsi üçün müvafiq quruma müraciət edilməmişdir. İddiaçı birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etdi. Üçüncü şəxs məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmasına baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş, gəlməməyin səbəbləri haqqında məlumat verməmişdir. İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən məhkəmə kollegiyası üçüncü şəxsin iştirakı olmadan işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün saymışdır. TƏTBİQ EDİLƏN HÜQUQ “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 81. Apellyasiya şikayəti vermək hüququ 81.1. İnzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və ya qərardadlardan, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, şikayət verilə bilər. Şikayətə apellyasiya qaydasında apellyasiya instansiyası inzibati kollegiyaları (bundan sonra - apellyasiya instansiyası məhkəmələri) tərəfindən baxılır. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyərək, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, birinci instansiyası məhkəməsi tərəfindən işə baxılan mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, prosessual hüquq normalarının tələblərinə riayət edilmişdir. Yaranmış mübahisə ilə bağlı kollegiya aşağıdakıları qeyd edir: Hazırkı mübahisənin predmetini cavabdehin Abşeron rayonu Məmmədli kəndində yerləşən, iddiaçının xüsusi mülkiyyətində olan 0.08 ha torpaq sahəsində inşa edilmiş qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınmasından imtinası təşkil edir. İddiaçının hüquqi marağı qeyriyaşayış sahəsi üzərində mülkiyyət hüququnun dövlət tərəfindən tanınmasına nail olmaqdan ibarətdir. Birinci instansiya məhkəməsi iddianı təmin etmiş və qərarını onunla əsaslandırmışdır ki, cavabdeh iddiaçının müraciətinə imtina cavabı verdikdən sonra iddiaçı tərəfindən qeyd olunan sənədlər iddia ərizəsi ilə birlikdə məhkəməyə təqdim edilmiş, eləcə də məhkəmə araşdırması zamanı iş materiallarına əlavə edilmişdir. Sənədlərin surəti cavabdehə təqdim edilməsinə baxmayaraq cavabdeh mübahisə predmeti olan əmlakla bağlı sənədlərin ona təqdim edilməməsinə istinad edir. Məhkəmə hesab edir ki, tikinti obyektinin istismarına icazə sənədində tikinti obyektinə verilmiş kodun göstərilməməsi tikilmiş yaşayış sahəsinin istismarına qadağa hesab edilə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. Azərbaycan Respublikasının Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka hüquqlar dövlət qeydiyyatına alınmalıdırlar. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Daşınmaz əmlaka mülkiyyət hüququ və digər əşya hüquqlarının, bu hüquqların əmələ gəlməsi, məhdudlaşdırılması (yüklənməsi) və başqasına keçməsinin, onlara xitam verilməsinin dövlət qeydiyyatı, habelə, Azərbaycan Respublikası ərazisi üzrə vahid olan daşınmaz əmlakın dövlət reyestrinin aparılması qaydaları “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilir. Həmin Qanunun 8.0.10-cu və 8.0.10.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair- tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə həmin tikililər üzərində hüquqların qeydə alınması üçün əsas hesab edilir. İstinad edilən normanı hazırki mübahisəyə tətbiq etdikdə, mübahisələndirilən qeyriyaşayış sahəsi üzərində iddiaçının müllkiyyət hüquqlarının dövlət qeydiyyatı üçün aşağıdakı hüquqmüəyyənedici sənədlər mövcud olmalıdır: -torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, -müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, -müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, -istismara qəbul aktı. İşin yuxarıda sadalanan sübutların tədqiqi nəticəsində müəyyən olunmuşdur ki, RX seriyalı ******* nömrəli çıxarışa əsasən, Abşeron rayonu, Məmmədli kəndində yerləşən 0,08 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə iddiaçının adına qeydə alınmışdır. Obyektin layihəsi Abşeron rayon İcra Hakimiyyəti Memarlıq və Tikinti şöbəsi ilə razılaşdırılaraq qeyri-yaşayış sahəsinin Memarlıq və Planlaşdırma bölməsi tərtib edilmişdir. Abşeron rayon İcra Hakimiyyəti tərəfindən xx.xx.2015-ci il tarixli, 360-T saylı məktubla sözügedən ünvanda yerləşən anbar binasının (800 m2) tikintisinə icazə verilmişdir. Tikiləcək qeyri-yaşayış obyekti ilə bağlı Fövqəladə Hallar Nazirliyi Tikintidə Təlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Baş Dövlət Tikinti Müfəttişliyinin, sifarşinin, lahiyəçinin və podratçının nümayəndələrinin imzaları ilə təsdiq edilmiş 08 dekabr 2022-ci il tarixli, Ö seriyalı 005919 nömrəli X5 verilmişdir. Obyektin inşası başa çatdırıldıqdan sonra Abşeron rayon İcra Hakimiyyətinin 10 oktyabr 2018-ci il tarixli, 145 saylı icazəsinə əsasən 810,50 m2 tikinti sahəsi, 762,59 m2 ümumi sahəsi olan anbar binasının istismarına icazə verilmişdir. Beləliklə, iş materiallarında iddiaçının mülkiyyət hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və istismara qəbul aktı müəyyən edilmişdir. Cavabdeh iki əsasla iddiaçının müraciətinə imtina cavabı vermiş və hazırda da apelyasiya şikayətində həmin dəlillərə istinad etmişdir: 1) Qeyri-yaşayış binasının tikintisinə icazə verilməsi barədə sənədlər ərizəyə əlavə edilməmişdir; 2) İstismara icazə sənədi mövcud qanunvericiliyin tələblərinə uyğun tərtib edilməmiş, sözügedən sənəddə X5nın verilmə tarixi və qeydiyyat nömrəsi, tikintilərin dövlət reyestri tərəfindən tikinti obyektinə verilmiş kod qeyd edilməmişdir. Məhkəmə kollegiyası cavabdehin 1-ci dəlilini əsassız hesab edərək aşağıdakıları qeyd edir: İşin yuxarıda qeyd edilən xüsusatlarından göründüyü kimi Abşeron rayon İcra Hakimiyyəti tərəfindən xx.xx.2015-ci il tarixli, 360-T saylı məktubla mübahisələndirilən anbar binasının (800 m2) tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi və ərazinin baş plan bölməsi müvafiq şərtlər daxilində razılaşdırılmış, daha sonra qeyri-yaşayış binası inşa edilmiş, nəhayət tikintisi başa çatmış obyekt şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə və tikinti layihəsinə uyğun inşa edildiyindən və ondan təyinatı üzrə istifadə mümkün olduğundan Abşeron Rayon İcra Hakimiyyəti tərəfindən 10 oktyabr 2018ci il tarixdən obyektin istismarına icazə verilmişdir. Göründüyü kimi qeyri-yaşayış binası müvafiq normativ tələblərə və tikinti layihəsinə uyğun inşa edilmiş və ondan təyinatı üzrə istifadənin mümkünlüyünü təsdiq edilərək istismarına icazə verilmişdir. Kollegiya Abşeron Rayon İcra Hakimiyyəti tərəfindən sözügedən obyektin tikintisinə verilmiş icazə məktubunu inzibati akt kimi qiymətləndirir. Bu, aşağıdakı səbəblərdən irəli gəlir: Birincisi, mövcud qanunverciliyin təhlili onu deməyə əsas verir ki, inzibati hüquqi akt inzibati münasibətləri tənzimləyən və ya konkret inzibati məsələni (mübahisəni) həll edən, hüquq subyektlərinin yeni hüquqi statusunu müəyyənləşdirən, səlahiyyətli orqan və ya vəzifəli şəxslər tərəfindən inzibati qaydada qəbul edilən (idarəetmə prosesi çərçivələrində), idarəçilik funksiyalarının həyata keçirilməsi və onun məqsədlərinə nail olmaq üçün qəbul edilən aktdır. İnzibati hüquqi akt bir tərəfdən qeyri-müəyyən hüquq münasibətlərini tənzimləyir, yəni fiziki və hüquqi şəxslərin qeyri-məhdud dairəsi üçün məcburi davranış qaydalarını müəyyən edir, digər tərəfdən isə fərdi hüquqi tənzimləməni həyata keçirir, yəni publik hüquq müstəvisində yaranan konkret məsələləri və mübahisələri həll edir. İnzibati aktın yaratdığı idarəetmə hüquq münasibətlərinin tərkibi iki əsas elementdən ibarətdir. Hüquq münasibətinin subyekti kimi aktı qəbul edən orqan, obyekti kimi isə barəsində akt qəbul edilən şəxs çıxış edir. Beləliklə, inzibati akt səlahiyyətli inzibati orqan tərəfindən birtərəfli qaydada qəbul edilən, ümumi (publik) hüquq sahəsində ictimai maraqlara xidmət edən və icrası vacib olan iradə ifadəsidir. Məhkəmə kollegiyasının hüquqi mövqeyi ondan ibarətdir ki, Abşeron Rayon İcra Hakimiyyəti tərəfindən sözügedən obyektin tikintisinə verilmiş icazə məktubu forma baxımından inzibati akt hesab edilməsə də, məzmun (mahiyyət) etibari ilə inzibati aktdır. İkincisi, Abşeron Rayon İcra Hakimiyyəti tərəfindən sözügedən obyektin tikintisinə verilmiş icazə məktubu ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salır. Digər tərəfdən, qeyd olunmalıdır ki, oxşar mövqe Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2013-cü tarixli qərarında da öz əksini tapmışdır. Həmin qərarda X7 üzrə Dövlət Komitəsinin “Yehovanın şahidləri” dini icmasına dini nəşrin idxalının sayına və istifadəsinə məhdudiyyət qoyulması ilə bağlı ünvanladığı məktublar inzibati akt hesab edilmişdir və belə nəticəyə gəlinmişdir ki, hər hansı bir sənəd inzibati akt kimi qiymətləndirilərkən onun forması ilə yanaşı inzibati aktın məzmunu da nəzərə alınmalıdır. Yəni həmin qərarda “məktublar” forma baxımından inzibati akta xarakterik olmasa da, məzmun etibarı ilə inzibati akt hesab edilmişdir. Bundan başqa, məhkəmə tərkibi hesab edir ki, inzibati aktın qəbul edilməsi zamanı formal (prosessual) pozuntulara yol verilməsi hallarında məsələ inzibati icraatın qanunçuluq və etimadın qorunması prinsipləri baxımından qiymətləndirilməlidir. Başqa sözlə, prosessual pozuntularla müşayiət edilən icraat nəticəsində qəbul edilmiş yekun qərar qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır (“İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsi). Qanunvericinin belə yanaşmasının əsasını inzibati hüququn təməl prinsiplərindən olan etimadın qorunması prinsipi təşkil edir. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. Kollegiya cavabdehin 2-ci dəlilinin istismara icazə sənədinin qanunvericiliyin tələblərinə uyğun tərtib edilməməsi, həmin sənəddə X5nın verilmə tarixi və qeydiyyat nömrəsinin qeyd edilməməsi hissəsinə münasibətdə aşağıdakıları qeyd edir: Abşeron Rayon İcra Hakimiyyəti tərəfindən verilmiş 10 oktyabr 2018-ci il tarixli, 145 saylı “Tikinti obyektinin istismarına icazə” sənədində X5nın verilmə tarixi və qeydiyyat nömrəsi göstərilməsə də, işdən görünür ki, sonradan Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X2 Agentliyi Baş Dövlət Tikinti Müfəttişliyi tərəfindən Abşeron rayonu, Məmmədli kəndində inşa edilən qeyri-yaşayış obyektina dair 08 dekabr 2022-ci il tarixli, Ö seriyalı 005919 nömrəli X5 tərtib edilmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun 15.2 və 15.3-cü maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. İnzibati orqanlar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunmuş sənədlərdə yazı və hesab zamanı yol verilmiş aşkar və düzəldilməsi mümkün olan səhvlərə görə həmin sənədləri qəbul etməkdən imtina edə bilməz. Kollegiya hesab edir ki, istismara icazə sənədində formal xəta olan “hazırlıq aktının tarixi və qeydiyyatının göstərilməməsi” tikilmiş qeyri-yaşayış sahəsinin istismarına qadağa hesab edilə bilməz. Cavabdehin istismara icazə sənədində tikinti obyektinə verilmiş kodun qeyd edilməməsi dəlili ilə bağlı kollegiya qeyd edir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanununun 8.0.10-cu və 8.0.10.1-ci maddəsində AR Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililər üzərində hüquqların qeydə alınması üçün əsas hesab edilən sənədlərin konkret dairəsi təsbit edilmişdir. Hansı ki tikintilərin dövlət reyestri tərəfindən tikinti obyektinə verilmiş kod həmin sənədlərin sırasında qeyd edilməmişdir. Bundan əlavə, birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, Nazirlər Kabinetinin 21 noyabr 2018-ci il 495 nömrəli qərarı ilə qanunvericiliyə edilmiş dəyişiklikdən sonra tikintiyə icazə sənədində tikinti obyektinə verilmiş kodun nömrəsinin göstərilməsinin məcburiliyi tikintinin başa çatdığı 10 oktyabr 2018-ci ildə qüvvədə olmamışdır. Belə ki, “Tikinti obyektinin istismarına icazənin vahid forması” nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 sentyabr 2014-cü il tarixli, 302 nömrəli Qərarında dəyişikliklər edilməsi barədə NK-nın 21 noyabr 2018-ci il tarixli, 495 nömrəli qərarı ilə 302 nömrəli Qərara 1 nömrəli əlavə ilə “Tikinti obyektinin istismarına icazə” nin forması təsdiq edilmişdir. Həmin dəyişiklik xx.xx.2018-ci il tarixdə qüvvəyə minmişdir. “Tikinti obyektinin istismarına icazə” nin formasından görünür ki, həmin sənəddə................................,tikintilərin dövlət reyestri tərəfindən tikinti obyektinə verilmiş kodun nömrəsi, ......................... göstərilir. Göründüyü kimi rekvizitlərində tikinti obyektinə verilmiş kodun nömrəsi qeyd edilən tikinti obyektinin istismarına icazə sənədinin forması qeyri-yaşayış obyektinin tikintisinin başa çatdığı 10 oktyabr 2018-ci il tarixdə qanunvericiliyə əlavə edilməmişdi. Belə olan halda, kollegiya hesab edir ki, cavabdehin həmin dəlilli əsassızdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının 9 fevral 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 04 oktyabr 2016-cı il tarixli qərarında göstərilmişdir ki, “hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün müəyyən edilmiş hallar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsində sadalanmışdır və həmin hallar aşağıdakılardan ibarətdir: 15.1.1-dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2-hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3-hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6-bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Göründüyü kimi, qanunvericilikdə hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsasları dəqiq göstərilmiş, lakin cavabdeh orqan tərəfindən iş üzrə araşdırmaların aparılması zamanı həmin halların heç biri müəyyən edilməmişdir.” Məhkəmə kollegiyası qeyd olunanları, o cümlədən hazırkı mübahisə üzrə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsi ilə müəyyən edilmiş daşınmaz əmlaka dair hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsaslarının mövcud olmamasını nəzərə alaraq, hesab edir ki, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuş, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməklə iş üzrə düzgün nəticəyə gəlmişdir. Bu baxımdan, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 22 dekabr 2022-ci il tarixli, 2-1(118)-715/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apelyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(105)-298/2023
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-298/2023
28.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver