Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-299/2023 20.10.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Zaur İkram oğlu (sədrlik edən və məruzəçi), Babayeva Hökümə Çingiz qızı və X1 ibarət tərkibdə, Əliyeva Aysel Sərvan qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “Abşeron rayonu Masazır Bələdiyyəsinin 15 avqust 2007-ci il tarixli, 29 nömrəli qərarı ilə Masazır kəndi ərazisində iddiaçıya ayrılmış 0,06 ha torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququ qeydiyyata alınmaqla müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin 25 noyabr 2022-ci il tarixli, 2-1(118)-153/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ: Abşeron rayonu Masazır bələdiyyəsinin 15 avqust 2007-ci il tarixli, 29 saylı qərarından görünür ki, bələdiyyənin perpsektiv inkişaf fondunun alqı-satqı predmeti olan 0.06 ha torpaq sahəsi fərdi mənzil tikmək məqsədilə İddiaçı ayrılmışdır. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon şöbəsinin 27 avqust 2007-ci il tarixli rəyindən görünür ki, iddiaçıya Masazır kəndi ərazisində fərdi yaşayış evinin tikintisi üçün 0.06 ha torpaq sahəsinin ayrılmasına etiraz edilməmişdir. Abşeron rayon İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma İdarəsinin 231 saylı, 27 avqust 2007-ci il tarixli rəyindən görünür ki, iddiaçıya Masazır bələdiyyəsinin perpsektiv inkişaf fondundan fərdi yaşayış evi tikintisi məqsədilə 0.06 ha torpaq sahəsi ayrılmasına etiraz edilməmişdir. 45 saylı, 27 iyul 2007-ci il tarixli hesab fakturadan görünür ki, İddiaçı tərəfindən Abşeron rayon Masazır bələdiyyəsinin hesabına 700 manat məbləğində pul vəsaiti köçürülmüşdür. Abşeron rayonu Masazır Bələdiyyəsinin sədri, Abşeron RİH-nin Memarlıq və Tikinti şöbəsinin müdiri, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin müdiri tərəfindən imzalanmış 2007-ci il tarixli aktdan görünür ki, Abşeron rayonu, X7 yaşayış massivi ərazisində fərdi yaşayış evi tikintisi məqsədilə ayrılmış 0.06 ha torpaq sahəsi yerində ölçülərək nişangahlar qoyulduqdan sonra iddiaçıya təhvil verilmişdir. İddiaçı adına tərtib edilmiş Abşeron rayonu Masazır Bələdiyyəsinin yerquruluşu planından çıxarışdan görünür ki, Abşeron rayonu, Masazır kəndində yerləşən 0,06 ha torpaq sahəsinə dair yerquruluşu planından çıxarış tərtib edilmişdir. 23 dekabr 2016-cı il tarixli, 36 saylı Torpaqların alqı-satqısına dair akt”dan görünür ki, Abşeron rayon Masazır bələdiyyəsinin 15 avqust 2007-ci il tarixli 29 saylı qərarı ilə İddiaçı satılmış torpaq sahəsinə görə 700 manat məbləğində haqqın ödənilməsi ilə bağlı tərəflər arasında akt tərtib edilmişdir. Məhkəməyə sorğu əsasında daxil olmuş ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli, xx.xx.2015-ci il tarixli, ********** qeydiyyat nömrəli, xx.xx.2015-ci il tarixli, ********** qeydiyyat nömrəli xx.xx.2011-ci il tarixli, ********** qeydiyyat nömrəli, xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli, xx.xx.2008-ci il tarixli, ********** qeydiyyat nömrəli, xx.xx.2021ci il tarixli, ********** qeydiyyat nömrəli, xx.xx.2021-ci il tarixli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” çıxarışların təsdiq edilmiş surətlərindən görünür ki, iddiaçıya məxsus Abşeron rayonu, Masazır kəndi Yeni yaşayış massivi ərazisində yerləşən torpaq sahəsinin ətrafında yerləşən torpaq sahələrinin kateqoriyası (məqsədli təyinatı) “Yaşayış məntəqələrinin torpaqları” kimi göstərilmişdir. Abşeron rayon Masazır bələdiyyəsi tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsinə ünvanlanmış 664 saylı, xx.xx.2016-cı il tarixli məktubda qeyd edilmişdir ki, iddiaçıya Masazır bələdiyyəsinin perpsektiv inkişaf fondundan fərdi yaşayış evi tikintisi məqsədilə 0.06 ha torpaq sahəsi ayrılmış və onun tərəfindən torpaq sahəsinin dəyəri bələdiyyəyə ödənilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, iddiaçının müraciətinin təmin edilməsindən imtina olunmuşdur. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ: a) Birinci instansiya məhkəməsindəki icraat İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı iddia qaldıraraq “Abşeron rayonu X7 yaşayış massivi ərazisində Masazır Bələdiyyəsinin 15 avqust 2007-ci il tarixli, 29 nömrəli qərarı ilə iddiaçıya 0.06 ha torpaq sahəsinin adına dövlət qeydiyyatına alınması və ona hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi” tələbinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini dəqiqləşdirərək “Abşeron rayonu Masazır Bələdiyyəsinin 15 avqust 2007-ci il tarixli, 29 nömrəli qərarı ilə Masazır kəndi ərazisində iddiaçıya ayrılmış 0,06 ha torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququ qeydiyyata alınmaqla müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İddia tələbi onunla əsaslandırılmışdır ki, Abşeron rayonu X7 yaşayış massivi ərazisində Masazır Bələdiyyəsinin 15 avqust 2007-ci il tarixli, 29 nömrəli qərarı ilə iddiaçıya 0.06 ha torpaq sahəsi ayrılmış, həmin qərarın surətini cavabdeh orqana təqdim etmişdir. Torpağa görə nəzərdə tutulmuş satış qiymətinə uyğun ödəniş edərək, həmin sənədləri Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon Şöbəsinə təqdim etmiş və Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon Şöbəsi tərəfindən 27 avqust 2007-ci il tarixli rəy verilmişdir ki, həmin rəy cavabdehə təqdim edilmişdir. Abşeron rayon İcra Hakimiyətinin Memarlıq və Tikinti Şöbəsi tərəfindən həmin torpaq sahəsi ilə bağlı 27 avqust 2007-ci il tarixli rəy verilmiş, həmin rəy cavabdehə təqdim edilmişdir. Eyni zamanda həmin torpaq sahəsi ona yerində təhvil verilmiş və bu barədə akt tərtib edilmişdir. Cavabdeh orqan iddia ərizəsinə etirazı onunla əsaslandırmışdır ki, Masazır Bələdiyyəsi tərəfindən X2 0.06 ha torpaq sahəsinin 15 avqust 2007-ci il tarixdə, 29 nömrəli qərarla ayrıldığı halda, ləğv edilmiş DT və XK-nın Abşeron rayon şöbəsinin və müvafiq icra hakimiyyəti orqanının memarlıq və tikinti şöbəsinin rəyinin 27 avqust 2007-ci il tarixdə verildiyi, alqı-satqı aktının ərizəyə əlavə edilmədiyi müəyyən edilmişdir. Göstərilən səbəblərdən torpaq sahəsinin satışının qanunamüvafiq qaydada həyata keçirilmədiyi aşkar edilmişdir. Bundan başqa müraciət üzrə əlavə edilmiş Abşeron rayonu Masazır bələdiyyəsinin yerquruluşu planından çıxarışının qanunamüvafiq qaydada (ləğv edilmiş DT və XK-nın Abşeron rayon şöbəsinin və müvafiq icra hakimiyyəti orqanının memarlıq və tikinti şöbəsinin möhürü ilə) təsdiqlənmədiyi və döngə nöqtələrinin koordinatlarının göstərilmədiyi müəyyən edilmişdir. Həmçinin sözügedən torpaq sahəsinin təyinatına və hüquqi rejiminə görə kənd təsərrüfatı təyinatlı (dinc) torpaqlara aid edildiyi aşkar olunmuşdur. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin 25 noyabr 2022-ci il tarixli, 2-1(118)-153/2022 nömrəli qərarı ilə iddia təmin edilmiş, Abşeron rayonu Masazır Bələdiyyəsinin 15 avqust 2007-ci il tarixli, 29 nömrəli qərarı ilə İddiaçı ayrılmış Masazır kəndi ərazisində yerləşən 0.06 ha torpaq sahəsi üzərində üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsinin üzərinə vəzifə olaraq qoyulmuşdur. (hakim L.Mirzəyeva) Məhkəmə qərarını onunla əsaslandırmışdır ki, iddiaçıya torpaq sahəsi ayrılarkən səlahiyyətli orqan kimi rayon torpaq şöbəsi və habelə memarlıq və şəhərsalma idarəsi tərəfindən rəy verilmiş, qeyd olunan müsbət rəylər əsasında bələdiyyə tərəfindən torpaq sahəsinin ayrılması barədə qərar qəbul edilmişdir. Eyni zamanda iddiaçı tərəfindən sözügedən torpaq sahəsinin müqabilində bələdiyyənin hesabına 700 manat məbləğində pul vəsaiti ödənilmişdir. Torpağa dair alqı-satqı aktının sonradan tərtib edilməsi, həmçinin bələdiyyənin yerquruluşu planından çıxarışının qanunamüvafiq qaydada təsdiqlənməməsi və döngə nöqtələrinin koordinatlarının göstərilməsi iddiaçının təqsiri kimi qiymətləndirilib onun gözlənilən mülkiyyət hüququnun pozulmasına və onun məsuliyyətinə səbəb ola bilməz və vətəndaşın əleyhinə şərh edilə bilməz. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti etirazla eyni məzmunda əsaslandırılmışdır. b) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili şikayətin dəlillərini qəbul etməyərək iddia ərizəsi ilə eyni məzmunda izahat verərək apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə məlumat verilsə də, heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. (-). “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu: (bələdiyyə qərarı qəbul edilərkən qüvvədə olan redaksiyası) Maddə 6.1. Bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. Maddə 6.2. Bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. Maddə 6.5. Torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. Torpaqayırma sənədlərinin hazırlanması və razılaşdırılması qaydaları Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edilən əsasnamə ilə tənzimlənir. Azərbaycan Respublikası Prezidentinin “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” xx.xx.2001-ci il tarixli 548 nömrəli Fərmanı:
2. Müəyyən edilsin ki: “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 6.5-ci maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin (əvvəllər Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin yerli qurumları) yerli qurumları (kənd təsərrüfatı və qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair), Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi (tikinti məqsədləri üçün ayrılan torpaq sahələrinə (məlumatlandırma icraatı qaydasında yaşayış evlərinin tikintisi üçün ayrılan torpaq sahələri istisna olmaqla) dair) və rayon, şəhər icra hakimiyyəti orqanlarının memarlıq xidmətləri (qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair) həyata keçirirlər.
Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 4 may tarixli 516 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında” Əsasnamə: 1.1. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti (bundan sonra — Xidmət) daşınmaz əmlakın dövlət reyestrinin (bundan sonra — dövlət reyestri) tərtib edilməsini və aparılmasını təmin edən icra hakimiyyəti orqanıdır. 2.0. Xidmətin fəaliyyət istiqamətləri aşağıdakılardır: 2.0.1. dövlət reyestrində daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatının (bundan sonra — hüquqların dövlət qeydiyyatı) həyata keçirilməsini təmin edir; 2.0.2. daşınmaz əmlakın dövlət reyestrini tərtib edir və aparır; (-).
Azərbaycan Respublikası iqtisadiyyat nazirinin 28 oktyabr 2021-ci il tarixli F- 144 nömrəli əmri ilə təsdiq edilmiş “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin nizamnaməsi” 1.1. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin (bundan sonra Xidmət) tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri (bundan sonra - DƏDKR) daşınmaz əmlakın dövlət reyestrinin (bundan sonra - dövlət reyestri), daşınmaz əmlakın vahid dövlət kadastrının (bundan sonra - dövlət kadastrı), dövlət torpaq kadastrının tərtibi və aparılması, ünvan reyestrinin, yerquruluşu və xüsusi (sahəvi) təyinatlı geodeziya işlərinin aparılması sahəsində (bundan sonra – müvafiq sahə) fəaliyyət göstərən Azərbaycan Respublikası Prezidentinin 26 iyun 2021-ci il tarixli 1382 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin və Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin əsasında Xidmətin tabeliyində yaradılmış publik hüquqi şəxsdir. DƏDKR-in fəaliyyət istiqamətləri 2.0. DƏDKR-in fəaliyyət istiqamətləri aşağıdakılardır: 2.0.1. dövlət reyestrini tərtib etmək və aparmaq, dövlət reyestrində daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatını (bundan sonra - hüquqların dövlət qeydiyyatı) həyata keçirmək; (-).
“İnzibati icraat haqqında” Qanun: Maddə 2.0.8. qarşılıqlı etimad - inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inam; Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Maddə 15.1. Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Maddə 15.2. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Maddə 15.3. İnzibati orqanlar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunmuş sənədlərdə yazı və hesab zamanı yol verilmiş aşkar və düzəldilməsi mümkün olan səhvlərə görə həmin sənədləri qəbul etməkdən imtina edə bilməz. Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 19.1 İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 64.2 İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır.
“Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Qanun. Bu Qanun Azərbaycan Respublikasında bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin həyata keçirilməsinin hüquqi əsaslarını müəyyən edir.
“X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 noyabr 2021-ci il tarixli qərarı.
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 9 fevral 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 04 oktyabr 2016-cı il tarixli qərarı.
Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 12. İşin hallarının araşdırılması prinsipi.
1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.
2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.
APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yaranmış mübahisə ilə bağlı kollegiya aşağıdakıları qeyd edir: Hazırkı mübahisənin predmetini cavabdehin iddiaçının Abşeron rayonu, Masazır kəndi ərazisində yerləşən 0.06 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınmasından imtinası təşkil edir. İddiaçının hüquqi marağı torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət tərəfindən tanınmasına nail olmaqdan ibarətdir. Cavabdeh 3 əsasla iddiaçının müraciətinə imtina cavabı vermiş və hazırda da apelyasiya şikayətində həmin dəlillərə istinad etmişdir: 1) Alqı-satqı aktının ərizəyə əlavə edilməməsi; 2) Abşeron rayonu Masazır bələdiyyəsinin yerquruluşu planından çıxarışının qanunamüvafiq qaydada təsdiqlənməməsi və döngə nöqtələrinin koordinatlarının göstərilməməsi; 3) torpaq sahəsinin təyinatına və hüquqi rejiminə görə kənd təsərrüfatı təyinatlı (dinc) torpaqlara aid olunması Məhkəmə kollegiyası cavabdehin 1-ci dəlilini əsassız hesab edərək aşağıdakıları qeyd edir: “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 6.5-ci maddəsinin mübahisəli münasibətlər yarandığı zaman qüvvədə olan redaksiyasına əsasən, torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. Həmin qanunun 4.0.1-ci maddəsi bələdiyyələrə qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və onlar barədə sərəncam vermək hüququ vermişdir. Azərbaycan Respublikasının 15 mart 2002-ci il tarixli 274-İİQ saylı Qanunu ilə təsdiq edilmiş “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin 5-ci bəndinə əsasən bələdiyyələr öz ərazilərində bələdiyyə torpaqlarından həyətyanı sahə və kənd təsərrüfatı məqsədləri üçün, sənaye, nəqliyyat, rabitə və digər obyektlərin, fərdi yaşayış və bağ evlərinin, fərdi və kooperativ qarajların tikintisi, sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədi ilə zəruri tikililərin inşası, habelə inzibati və çoxmənzilli çoxmərtəbəli binaların tikintisi üçün qanunvericiliyə və bu Əsasnamənin 2-4-cü bəndlərinə uyğun olaraq hüquqi və fiziki şəxslərin icarəsinə və Azərbaycan Respublikasının vətəndaşlarının və hüquqi şəxslərinin mülkiyyətinə, həmçinin bələdiyyələrin öz ehtiyaclarını və fəaliyyətlərini təmin etmək üçün torpaq sahəsi ayırırlar. Həmin Əsasnamənin 6-cı bəndinə əsasən bələdiyyələr bu Əsasnamənin 5-ci bəndində göstərilmiş məqsədlər üçün torpaq sahələrini ərazinin yerquruluşu-təsərrüfat planına, yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olaraq ayırırlar. Həmin Əsasnamənin 7-ci bəndinə əsasən ərazinin planlaşdırılması və tikintisi layihələri olmadıqda, bu Əsasnamənin 5-ci bəndində göstərilmiş obyektlərin yerləşdirilməsi və ya tikintisi üçün, habelə fərdi yaşayış və bağ evlərinin, fərdi və kooperativ qarajların tikintisi zərurəti yarandığı hallarda yeni yaşayış məhəllələrinin salınması üçün bələdiyyələr torpaq sahələrinin seçilməsini və ayrılmasını dəqiqləşdirmək məqsədi ilə ərazinin yerquruluşu-təsərrüfat planı, yaşayış məntəqəsinin baş planı əsasında yaxın dövr üçün şəhərsalma və tikinti normalarına uyğun olaraq ərazinin planlaşdırılması və tikintisi layihələrinin hazırlanmasını və həyata keçirilməsini təşkil edirlər. Bələdiyyələr ərazinin planlaşdırılması və tikintisi layihələrini müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırırlar. Müvafiq icra hakimiyyəti orqanı memarlıq planlaşdırma baxımından obyektlərin yerləşdirilməsinə təklif verə bilər. Torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir. Azərbaycan Respublikasının 15 mart 2002-ci il tarixli 274-İİQ saylı Qanunu ilə təsdiq edilmiş “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin 4-cü bəndinə əsasən müvafiq icra hakimiyyəti orqanı 10 gün müddətində bələdiyyənin iştirakı ilə ayrılması nəzərdə tutulan torpaq sahəsinin yerini, habelə torpaq sahəsinin yerləşdiyi zonanı (torpaq sahəsinin normativ qiymətini müəyyən etmək üçün) dəqiqləşdirir. Ayrılması nəzərdə tutulan torpaq sahəsinin məqsədli təyinatı yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olduğu halda müvafiq icra hakimiyyəti orqanı yerquruluşu işlərini (planalma) aparır və həmin yerin planı və ölçüsünü sahənin ölçüsündən asılı olaraq tələb olunan miqyasda (1:500, 1:2000, 1:5000 və ya 1:10000 miqyasında) hazırlayır. Müvafiq icra hakimiyyəti orqanı ayrılması nəzərdə tutulan torpaq sahəsinin planı və ölçüsünü təsdiq edərək, torpaq sahəsinin normativ qiyməti barədə sənəd ilə birlikdə 10 gün müddətində bələdiyyəyə göndərir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 9.6-ci mübahisəli münasibətlər yarandığı zaman qüvvədə olan redaksiyasına əsasən, bələdiyyə tərəfindən bilavasitə satılmış torpaq sahələri və onlar üzərində istifadə və icarə hüquqlarına dair alqı-satqı aktı tərtib edilir. Hazırki işdə də iddiaçıya torpaq sahəsi ayrılarkən səlahiyyətli orqan kimi rayon torpaq şöbəsi və habelə memarlıq və şəhərsalma idarəsi tərəfindən rəy verilmiş, qeyd olunan müsbət rəylər əsasında bələdiyyə tərəfindən torpaq sahəsinin ayrılması barədə qərar qəbul edilmişdir. Eyni zamanda iddiaçı tərəfindən sözügedən torpaq sahəsinin müqabilində bələdiyyənin hesabına 700 manat məbləğində pul vəsaiti ödənilmişdir. “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 noyabr 2021-ci il tarixli qərarında şərh edilən mövqeyə əsasən, torpaq sahəsinin xüsusiyyətinə və ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyinin alınması bələdiyyə tərəfindən torpaq sahəsinin ayrılması ilə bağlı aparılan inzibati icraatın tərkib hissəsi olmaqla, ictimai maraqlara xələl gətirməyən, qanunauyğun inzibati aktın qəbul edilməsinə xidmət edir. Lakin belə rəylər və razılaşdırmalar maraqlı şəxslər üçün bilavasitə hüquqi nəticələr yaratmadığından inzibati akt xüsusiyyətlərinə malik deyil. Belə sənədlər inzibati icraatda iştirak xarakteri daşımaqla, yekun inzibati aktın qəbul edilməsinə yardım edir. İnzibati icraat zamanı inzibati orqan tərəfindən belə razılaşdırmaların aparılmaması və rəylərin alınmaması yekun inzibati aktın hüquqi qüvvəsinə təsir etmir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 65-ci maddəsi ilə inzibati aktın yararsız (əhəmiyyətsiz) hesab edilməsini şərtləndirən hallar dəqiq müəyyən edilmişdir. Bu halların sırasında isə yekun inzibati akt qəbul edilərkən müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması nəzərdə tutulmamışdır. Odur ki, müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması kimi prosessual pozuntularla müşayiət edilən icraat nəticəsində qəbul edilmiş yekun qərar qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır (“İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsi). Qanunvericinin belə yanaşmasının əsasını inzibati hüququn təməl prinsiplərindən olan etimadın qorunması prinsipi təşkil edir. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur.” Konstitusiya Məhkəməsinin qərarında şərh edilən mövqeyi hazırkı işin hallarına tətbiq edən məhkəmə kollegiyası qeyd edir ki, torpağın ayrılmasına dair qərar (inzibati akt) qüvvədə olduğu halda, torpaq sahəsinin ayrılması ilə bağlı həyata keçirilən inzibati icraatın gedişində alqı-satqı aktının bağlanmaması, müvafiq icra hakimiyyəti orqanının rəyinin alınmaması halının mövcudluğu özü-özlüyündə ayrılmış torpaq sahəsinə hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasında imtinanın müstəqil əsasını təşkil edə bilməz. Bu halda, reyestrdə qeydiyyatı aparmaqdan imtina edən inzibati orqan həmin rəyin torpaq sahəsi ayrılan vaxta alınmamasının torpaq sahəsinin ayrılması ilə bağlı yekun qərarın qəbul edilməsinə hansı qaydada təsir edə biləcəyini və ya etdiyini konkret işin faktiki və hüquqi hallarına istinadla əsaslandırmalı, eləcə də bu halın hansı əsasla daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı aparmağa maneə törətdiyini göstərməlidir. Belə imtinada, həmçinin mütləq “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin və ya bir neçəsinin mövcudluğuna istinad olunmalıdır. Hazırkı iş üzrə isə cavabdeh imtinasında qeyd edilən xüsusatları, ümumiyyətlə, qeyd etməmişdir. Odur ki, kollegiya, bu baxımdan, cavabdehin 1-ci və 2-ci dəlilini əsassız hesab edir. Kollegiya cavabdehin 3-cü, yəni torpaq sahəsinin təyinatına və hüquqi rejiminə görə kənd təsərrüfatı təyinatlı (dinc) torpaqlara aid edilməsinə dair dəlilini də əsassız hesab edərək aşağıdakıları qeyd edir: Mübahisəyə dair işin birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, Abşeron rayonu Masazır bələdiyyəsinin 15 avqust 2007-ci il tarixli, 29 saylı qərarı ilə iddiaçıya Abşeron rayonu, X7 yaşayış massivi ərazisində fərdi yaşayış evi tikintisi məqsədilə 0.06 ha torpaq sahəsinin ayrılması qərara alınmışdır. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon şöbəsinin 27 avqust 2007-ci il tarixli və Abşeron rayon İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma İdarəsinin 231 saylı, 27 avqust 2007-ci il tarixli rəyləri ilə iddiaçıya torpaq sahəsinin ayrılmasına etiraz edilməmişdir. İddiaçı tərəfindən sözügedən torpaq sahəsinin müqabilində Abşeron rayonu Masazır bələdiyyəsinin hesabına 700 (yeddi yüz) manat məbləğində pul vəsaiti ödənilmişdir. Nəzərə almaq lazımdır ki, torpaq sahəsinin iddiaçıya satılması ilə bağlı müvafiq rəy, daha sonra isə iddiaçıya məxsus 0.06 ha torpaq sahəsinə dair tərtib olunmuş plan və ölçü sənədi, bir tərəfdən belə sənədlərin verilməsi səlahiyyətinə malik olan, digər tərəfdən isə torpaqların təyinatına uyğun olaraq ayrılması və istifadəsi üzərində nəzarəti və bu sahədə dövlətin funksiyalarını həyata keçirən müvafiq icra hakimiyyəti orqanı-Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmişdir. Qeyd olunmalıdır ki, həmin sənədlərin qanunauyğunluğunun və mötəbərliyinin təmin olunması onun məsuliyyət sferasına aiddir. Bununla bağlı həm də nəzərə alınmalıdır ki, şəxsin dövlət orqanı tərəfindən verilmiş rəsmi sənədin qanunauyğunluğuna və məzmununa apriori inancı (sənədin qanunsuz olduğunu kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi hallar istisna olmaqla) həmin orqanların publik idarəçilik fəaliyyətinin qanunçuluq prinsipinə tabe olmasına əsaslanır və onun üçün neqativ nəticələrə səbəb ola bilməz. Məhkəmə kollegiyası qeyd edir ki, torpaq sahəsi üzərində hüquq həmin torpaq sahəsinin ayrılması (mülkiyyətə, icarəyə, istifadəyə) barədə hüquqmüəyyənedici sənəd əsasında yaranır. Yuxarıda istinad olunan normalar anlamında torpaq sahəsi üzərində hüququ təsdiq edən hüquqmüəyyənedici sənəd qanunla müəyyən olunmuş qaydada ləğv edilənə, geri çağırılana, dəyişdirilənə və ya etibarsız sayılana qədər qüvvədə sayılır və etibarlı hesab olunur. Bu mənada hüquqmüəyyənedici sənədlərin qüvvədə olduğu müddətdə, qeyd edilən sənədlərin aid olduğu konkret şəxsin həmin sənədə əsaslanan hüququ şəxsin müraciəti əsasında qeydiyyata alınmalıdır. Həmçinin, qeyd olunmalıdır ki, hüquqmüəyyənedici sənəd yalnız onu qəbul edən inzibati orqanın (bələdiyyələr publik idarəçiliyi həyata keçirən inzibati orqanlardır) deyil, həm də suveren hakimiyyət daşıyıcısı olan digər inzibati orqanların, o cümlədən hazırkı iş üzrə cavabdehin də (xüsusilə də onun Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin hüquqi varisi olduğu nəzərə alındıqda) davranışını müəyyən edir. Başqa sözlə, inzibati orqanlar hüquqmüəyyənedici sənədin qüvvədə olduğu müddətdə onun məzmununa bağlıdır və ona uyğun davranmağa borcludurlar. Bu bir tərəfdən, inzibati orqanların səlahiyyət bölgüsündən, digər tərəfdən isə mülki dövriyyənin təhlükəsizliyinin təmin olunması məqsədlərindən irəli gəlir. Hazırkı mübahisəyə münasibətdə iddiaçıya torpaq sahəsinin ayrılması (satılması) barədə Abşeron rayonu Masazır bələdiyyəsinin 15 avqust 2007-ci il tarixli, 29 saylı qərarının hər hansı orqan tərəfindən qanunla müəyyən edilmiş qaydada mübahisələndirilməsi, etibarsız hesab edilməsi, ləğv olunması və ya hər hansı səbəbdən qüvvədən düşməsi iş üzrə materiallarla təsdiq olunmur. Yəni həmin qərar öz hüquqi qüvvəsini saxlayır və etibarlıdır. Nəzərə almaq lazımdır ki, iddiaçının sözügedən torpaq sahəsi üzərində hüququ “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.1ci maddəsində təsbit olunmuş hüquqmüəyyənedici sənədə-Abşeron rayonu Masazır bələdiyyəsinin 15 avqust 2007-ci il tarixli, 29 saylı qərarına əsaslanır. İstinad olunan həmin normada qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas qismində təsbit edilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 10.2.1-ci maddəsinə görə, hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin olması kifayətdir. Bu normanın mahiyyətinə görə, Qanunun 8-ci maddəsində təsbit olunmuş əsaslardan (sənədlərdən) hər hansı birinin təqdim olunması cavabdeh tərəfindən qeydiyyatın aparılması üçün yetərli sayılmalıdır. Bu zaman həm də nəzərə almaq lazımdır ki, hüquqmüəyyənedici sənəd olan Masazır bələdiyyəsinin 15 avqust 2007-ci il tarixli, 29 saylı qərarı iddiaçının həmin torpaq sahəsi üzərində hüququn reyestrdə qeydiyyata alınmasına münasibətdə tələb etmək haqqının, cavabdehin isə iddiaçı qarşısında həmin torpaq sahəsini qeydiyyata almaq öhdəliyinin mövcudluğunu şərtləndirir. Bu mənada məhkəmə kollegiyası xüsusilə vurğulayır ki, etibarlı və hüquqi qüvvəsini saxlayan müvafiq hüquqmüəyyənedici sənədlər əsasında daşınmaz əmlak üzərində hüququn qeydiyyata alınmasından və hüququn qeydiyyata alınması barədə müvafiq çıxarışın verilməsindən davamlı imtina edilməsinin “İnzibati icraat haqqında” Qanunun 13cü maddəsində təsbit edilmiş etimadın qorunması prinsipi baxımından inzibati orqanların fəaliyyətinin, habelə onlar tərəfindən qəbul edilən qərarların qanunauyğunluğuna vətəndaşların inam və etimadına ciddi zərbə vurduğu və bu baxımdan yolverilməz olduğu da nəzərə alınmalıdır. Digər tərəfdən, hazırkı mübahisəyə münasibətdə cavabdeh inzibati orqan tərəfindən bərabərlik (bərabər yanaşma) prinsipi pozulmuşdur. Belə ki, mübahisəyə dair işin birinci instansiya məhkəməsi tərəfindən müəyyən olunmuş hallarından görünür ki, Abşeron rayonu, Masazır bələdiyyəsinin 15 avqust 2007ci il tarixli, 29 saylı qərarına əsasən iddiaçıya ayrılmış torpaq sahəsinin yerləşdiyi Abşeron rayonu, Masazır kəndində yerləşən qonşu torpaq sahələri üzərində vətəndaşların mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində yaşayış məntəqələrinin torpaqları kimi qeydiyyata alınaraq onlara bu barədə müvafiq çıxarışlar, o cümlədən, torpaq sahəsinə dair plan və ölçü sənədləri verilmişdir. Məhkəmə kollegiyası tərəfindən torpaq sahəsinin təyinatı barədə məlumat verilməsi üçün cavabdeh orqana sorğu göndərilmiş, xx.xx.2023-cü il tarixli cavab məktubu ilə müəyyən olunur ki, qeyd edilən ərazi 2006-cı ilə aid bələdiyyə xəritəsindəki məlumatlara əsasən keyfiyyət göstəricisi(bonitet balı) 41 bal olmaqla, İİİ keyfiyyət qrupuna (orta keyfiyyətli) aid kənd təsərrüfatı təyinatlı dincə qoyulmuş torpaqlara aid torpaq sahəsidir. 2017-ci ildə Abşeron rayonu, Masazır bələdiyyəsi ərazisində iri miqyaslı çöl torpaq tədqiqatı işləri aparılan zaman sözügedən ərazi tikinti altında olduğu üçün tədqiqat işi aparılmamış və bu səbəbdən X3 X4(TEKUİS) sözügedən ərazinin torpaq kadastrı məlumatları(bonitet balı, keyfiyyət qrupu) qeyd edilməmişdir. Nəzərə almaq lazımdır ki, həmin ərazidə yerləşən qonşu torpaq sahiblərinin hüquqları qeydə alındığı və onlara bu barədə müvafiq çıxarışın verildiyi halda, onlarla eyni vəziyyətdə olan, tələbi eyni faktiki hallara və hüquqi əsaslara söykənən iddiaçıya münasibətdə hüququn qeydiyyata alınmasından və çıxarışın verilməsindən cavabdeh tərəfindən imtina olunmuşdur. Halbuki, Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin 5-ci hissəsinə əsasən, hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir. “İnzibati icraat haqqında” Qanunun həmin konstitusion normaya əsaslanan və onu daha da konkretləşdirən 12-ci maddəsinə görə, inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə fərqli qərarların qəbul edilməsi qadağandır. Bu tənzimləmə müxtəlif vaxtlarda və müxtəlif şəxslərə münasibətdə analoji xüsusiyyətlərə malik işlər üzrə fərqli qərarların qarşısının alınması məqsədlərinə xidmət edir. Nəzərə alınmalıdır ki, bərabərlik prinsipi diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı xüsusi əhəmiyyət daşıyır. Belə ki, həmin prinsiplə ehtiva olunan bərabər yanaşma tələbi diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsinin ilkin şərti kimi çıxış edir. Belə ki, inzibati orqan diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı vətəndaş qarşısında bərabər yanaşma prinsipini təmin etmək öhdəliyi daşıyır. Bundan başqa, inzibati orqan tərəfindən hazırkı mübahisəyə münasibətdə eyni zamanda istinad olunan Qanunun 13-cü maddəsində təsbit edilmiş etimadın qorunması prinsipi də pozulmuşdur. Nəzərə almaq lazımdır ki, inzibati orqan bir tərəfdən eyni faktiki hallara və hüquqi əsaslara söykənən işlər üzrə qərarların qəbuluna dair özünün formalaşdırdığı inzibati praktikaya, yəni hüququn tətbiqi praktikasına bağlıdır, digər tərəfdən isə, fiziki və ya hüquqi şəxslərin analoji vəziyyətlərdə həmin praktikanın onlara da tətbiq olunacağına dair əsaslı qanuni gözləntilərinə və həmin praktikaya etimadına bağlıdır. Bu zaman həm də nəzərə alınmalıdır ki, şəxsin etimad hüququ yalnız inzibati orqanların davranışının proqnozlaşdırılmasının mümkün olduğu hallarda təmin oluna bilər. Belə proqnozlaşdırma isə inzibati orqanların inzibati, yəni hüquq tətbiqi praktikasına və bu praktikanın davamlılığına bağlıdır. Maraqlı şəxs onun müraciətinin inzibati praktikaya uyğun və artıq həll edilmiş oxşar işlərə analoji qaydada həll olunacağını əvvəlcədən bilmək və proqnozlaşdırmaq imkanına malik olmalıdır. Şəxsə belə imkan məhz bərabər yanaşma və etimadın qorunması prinsipləri vasitəsi ilə yaradılır. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, publik hüquq sahəsində həyata keçirilən idarəçilik fəaliyyəti zamanı inzibati orqanların konstitusion prinsipləri, o cümlədən bərabər yanaşma və hüquqi dövlət prinsipindən irəli gələn etimadın qorunması prinsiplərini birbaşa tətbiq etməyə borclu olduğu da nəzərə alınmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının 9 fevral 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 04 oktyabr 2016-cı il tarixli qərarında göstərilmişdir ki, “hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün müəyyən edilmiş hallar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsində sadalanmışdır və həmin hallar aşağıdakılardan ibarətdir: 15.1.1-dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2-hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3-hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6-bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Göründüyü kimi, qanunvericilikdə hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsasları dəqiq göstərilmiş, lakin birinci və apelyasiya instansiyası məhkəmələri tərəfindən iş üzrə araşdırmaların aparılması zamanı həmin halların heç biri müəyyən edilməmişdir.” Məhkəmə kollegiyası qeyd olunanları, o cümlədən hazırkı mübahisə üzrə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsi ilə müəyyən edilmiş daşınmaz əmlaka dair hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsaslarının mövcud olmamasını nəzərə alaraq, hesab edir ki, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassızdır, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməklə düzgün nəticəyə gəlmişdir, məhkəmə qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilmir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.
NƏTİCƏVİ HİSSƏ:
Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12, 58.7, 87.6, 89-cu və 90.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 25 noyabr 2022-cü il tarixli, 2-1(118)-153/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.