Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-3/2021 03.02.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Sədrlik edən və məruzəçi-hakim Babayeva Hökümə Çingiz qızı, X5 və X2 ibarət tərkibdə, Hüseynli Aydın Hüseyn oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı X3rşı torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmakın dövlət reyestrində qeydə alınması və reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(085)-60/2019 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı X3rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron rayonu Masazır kəndində yerləşən 0.06 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx xxxxxx 2007-ci il tarixdə Abşeron rayonu Masazır bələdiyyəsinin 28 saylı qərarı ilə İddiaçı satılmış 0.06 ha torpaq sahəsinə 3.300 manat pul ödənilmişdir. Ödənişi təsdiq edən qəbzlər mövcuddur. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon şöbəsinin aktı alınmışdır. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon şöbəsinin xx xxxx 2007-ci il tarixli 685 saylı rəyi müsbət olmuşdur. Rəydə torpaq sahəsinin üzərində hüququn qeydə alınmasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti vasitəsilə təmin edilməsinin fiziki şəxsə tapşırılması nəzərdə tutulmuşdur. İddiaçı cavabdehə müraciət edərək, ona torpaq sahəsinə mülkiyyət hüququna dair müvafiq hüquqi sənədin hazırlanıb verilməsi barədə göstəriş verilməsini xahiş etmiş, lakin cavabdeh tərəfindən xx.xx.2017-ci il tarixli **********729 saylı daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə bildirişlə iddiaçının müraciətinin təmin olunmasından imtina edilmişdir. Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı X7 xx xxxxx 2018-ci il tarixində iddia ərizəsinə etirazla məhkəməyə müraciət edərək bildirmişdir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərdə göstərilənlər araşdırılmış və Abşeron rayonu, Masazır kəndi ərazisində yerləşən torpaq sahəsinə dair təqdim edilmiş sənədlərin qanunvericiliyin tələblərinə uyğun olmadığı müəyyən edilmişdir. Belə ki, İddiaçı 0.06 ha torpaq sahəsinin Masazır bələdiyyəsi tərəfindən xx xxxxxx 2007-ci il tarixli 28 nömrəli qərarı əsasında ayrılmasına baxmayaraq, Abşeron RİH Memarlıq və Tikinti şöbəsinin rəyi təqdim edilməmiş, ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin alqı-satqı aktı isə xx xxxxxxx 2017-ci il tarixdə tərtib edilmişdir. Azərbaycan Respublikasının 2002-ci il 15 mart tarixli 274 nömrəli Qanunu ilə təsdiq edilmiş “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin və Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli 534 saylı Fərmanı ilə təsdiq edilmiş “Torpaqların alqı-satqı Qaydaları”nın müddəalarına zidd olaraq, torpaq sahəsi ayrılarkən keçmiş Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon şöbəsi tərəfindən torpaq sahəsinin yeri, habelə torpaq sahəsinin yerləşdiyi zona (torpaq sahəsinin normativ qiymətini müəyyən etmək üçün) dəqiqləşdirilməmiş, yerquruluşu işləri (planalma) aparılmamış, yerin planı və ölçüsü hazırlanmamış, torpaq sahəsinin təsdiq edilmiş planı və ölçüsü, rayon icra hakimiyyəti orqanının memarlıq xidmətinin və torpaq şöbəsinin rəyi, torpaq sahəsinin normativ qiyməti barədə sənəd verilməmişdir. Torpaq sahəsinin satışı qanunla müəyyən edilmiş qaydada həyata keçirilməmişdir. Bundan başqa, o zaman Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli 534 saylı Fərmanı ilə təsdiq edilmiş “Torpaqların alqı-satqı Qaydaları”na Əlavədə torpaqların alqısatqısına dair aktın forması və məzmununa əsasən bələdiyyə orqanının nümayəndəsinin, torpaq alanın və rayon, şəhər torpaq şöbəsi müdirinin iştirakı ilə akt tərtib olunur və həmin akt rayon, şəhər torpaq şöbəsində qeydiyyata alınır. Lakin “Aqrar islahatların həyata keçirilməsini təmin edən bəzi normativ-hüquqi aktların təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli 534 saylı Fərmanında dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin xx xxxx 2014-cü il tarixli 215 nömrəli Fərmanı ilə “Torpaqların alqı-satqı Qaydaları”na Əlavədən–“Torpaqların alqısatqısına dair Akt” çıxarılmışdır. “Bələdiyyələrə dair Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə” xx xxxxxxx 2007-ci il tarixli 466-İİİQD saylı Azərbaycan Respublikası Qanununa əsasən “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.6-cı maddəsi yeni redaksiyada verilərək bələdiyyə torpaqlarının özgəninkiləşdirilməsi, istifadəyə və icarəyə verilməsi müvafiq müqavilə ilə rəsmiləşdirilir sözü ilə əvəz olunmuşdur. Deməli, alqı-satqı aktının 2017-ci ildə təsdiq edilməsi qanunla yolverilməzdir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2014- cü il tarixli 215 nömrəli Fərmanı ilə alqı-satqı aktı “Torpaqların alqı-satqı Qaydaları”na əlavədən çıxarılmışdır. Eyni zamanda 4 saylı X4 mütəxəssisləri tərəfindən daşınmaz əmlakın natura quruluşu və ölçülərinin sənədlərə uyğun olubolmamasını müəyyənləşdirmək üçün torpaq sahəsinə müayinə baxışı keçirilərkən, torpaq sahəsinin kəndin perspektiv inkişafı üçün nəzərdə tutulmuş ərazidən kənarda, yaşayış məntəqələrinin torpaqları üçün nəzərdə tutulmamış, təyinatına və hüquqi rejiminə görə kənd təsərrüfatı təyinatlı aid edildiyi aşkar edilmişdir. Sonda cavabdeh iddianın təmin olunmamasını məhkəmədən xahiş etmişdir. Sumqayıt İnzibati–İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(085)- 60/2019 saylı qərarı ilə iddia təmin edilməmişdir. (hakim Z.Pirverdiyev) Həmin qərardan narazi qalan iddiaçı iddia ərizəsi ilə eyni məzmunda apellyasiya şikayəti verərək Sumqayıt İnzibati–İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2- 1(085)-60/2019 saylı qərarının ləğv edilməsini və iş üzrə iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. TƏRƏFLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, birinci instansiyanın qərarının ləğv edilməsini, iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə məlumat verilsə də, heç bir üzrlü səbəb göstərmədən, eləcə də gəlməməyinin səbəblərini bildirmədən nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRMA HİSSƏ Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası iddiaçının nümayəndəsinin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Hazırki işin hallarından görünür ki, Abşeron rayonu Masazır bələdiyyəsinin xx xxxxxx 2007-ci il tarixli 28 nömrəli qərarı ilə İddiaçı bələdiyyənin perspektiv inkişaf fondunun alqısatqı predmeti olan torpaq sahəsindən fərdi ev tikmək məqsədilə 0.06 ha torpaq sahəsi satılmışdır. Cavabdehin apellyasiya şikayətindən və imtina məktubundan görünür ki, imtinanın əsaslarından biri idarənin mütəxəssisləri tərəfindən daşınmaz əmlakın natura quruluşu və ölçülərinin sənədlərə uyğun olub-olmamasını müəyyənləşdirmək üçün torpaq sahəsinə müayinə baxışı keçirilərkən torpaq sahəsinin kəndin perspektiv inkişafı üçün nəzərdə tutulmuş ərazidən kənarda, yaşayış məntəqələrinin torpaqları üçün nəzərdə tutulmamış təyinatına və hüquqi rejiminə görə kənd təsərrüfatı təyinatlı torpaqlara(Dinç) aid edildiyinin aşkar edilməsi olmuşdur. Birinci instansiya məhkəməsi, qeyd edilən əsasla, yəni mübahisəsi gedən torpaq sahəsinin kateqoriyasına görə torpağın kənd təsərrüfatı təyinatlı olduğunu nəzərə alaraq iddia tələbini təmin etməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşsa da, hazırkı işdə iddia olunan torpaq sahəsinin kateqoriyasının dövlət torpaq kadastrı məlumatlarına əsasən, dövlət yerquruluşu xidməti tərəfindən müəyyən edildiyinə dair məlumat olmamışdır. Məhkəmənin istinad etdiyi “xxxx” MMC tərəfindən verilmiş mütəxəssis rəyi isə dövlət yerquruluşu xidməti tərəfindən müəyyən edilən nəticəni əvəz edə bilməz. Odur ki, məhkəmə kollegiyası torpağın kateqoriyası ilə bağlı məsələyə aydınlıq gətirilməsi məqsədilə xx xxxxxxxx 2019-cu il tarixli qərardadı ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastr və Ünvan Reyestr Xidmətindən mütəxəssislər cəlb edilməklə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2020-ci il tarixli, 10/3136 saylı ekspert rəyi ilə Daşınmaz Əmlakın Kadastr və Ünvan Reyestr Xidmətinin Bakı LTİ-nin mütəxəssis rəyinə istinadən müəyyən edilmişdir ki: - Abşeron rayonu Masazır Bələdiyyəsinin xx xxxxxx 2007-ci il tarixli, 28 saylı qərarı ilə fərdi mənzil tikintisi məqsədilə daşınmaz əmlaka dair hüquqmüəyyənedici (dövlət aktı, şəhadətnamə, çıxarış) və texniki kadastr sənədləri (texniki pasport, torpaq sahəsinin planı və ölçüsü və s.) təqdim olunmamış, lakin İddiaçı faktiki istifadəsində olan daş hasara alınmış torpaq sahəsinin ölçüsü 0,0607 ha təşkil edir. -Elektron kadastr məlumat bazasında İddiaçı faktiki istifadəsində olan daş hasara alınmış 0.0607 ha torpaq sahəsi başqa fiziki şəxslərin adına hüquqi qeydiyyata alınmamışdır. -İddiaçı faktiki istifadəsində olan daş hasara alınmış 0.0607 ha torpaq sahəsi kənd təsərrüfatı təyinatı (dinc uqodiyalı) torpaqlara aiddir. -İddiaçı faktiki istifadəsində olan daş hasara alınmış 0.0607 ha torpaq sahəsi hüquqi statusuna görə bələdiyyə mülkiyyətinə aiddir. Torpaq Məcəlləsinin 9.3-cü maddəsinə əsasən torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi müəyyən edilmiş qaydada Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən həyata keçirilir. Həmin Məcəllənin 10-cu maddəsinin 1, 4 və 5-ci bəndlərinə əsasən, torpaqların məqsədli təyinatı - torpağın kateqoriyasına uyğun olaraq, onun konkret məqsədlər üçün istifadəsinin bu Məcəllədə və digər normativ-hüquqi aktlarda müəyyən edilmiş qaydaları, şərtləri və həddidir. Torpaq kateqoriyalarının məqsədli təyinatı və hüquqi rejimi qanunvericiliklə müəyyən edilir, şəhərsalma və yerquruluşu sənədlərində əks etdirilir. Kateqoriyalar daxilində torpaqlardan istifadə qaydaları onların təbii-təsərrüfat rayonlaşdırılması, zonalaşdırılması, istifadəsinin ərazi planlaşdırılması və yerquruluşu sənədlərinə uyğun olaraq mülkiyyətçilər, istifadəçilər və icarəçilər tərəfindən müəyyən edilir. Torpağın kateqoriyaları torpağın verilməsi barədə müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarında, dövlət torpaq kadastrı sənədlərində, torpaq qeydiyyatı kitablarında və bu Məcəllədə göstərilən digər sənədlərdə əks olunur. Məcəllənin 13-cü maddəsinin 1 və 2-ci bəndlərinə əsasən kənd təsərrüfatı təyinatlı torpaqlar kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, habelə kənd təsərrüfatı sahəsində elmi-tədqiqat, tədris, tədris-təcrübə və sınaq məqsədləri üçün istifadə edilir; kənd təsərrüfatı torpaqlarında kənd təsərrüfatının səmərəli təşkil edilməsi üçün vacib olan müvafiq ekoloji və texniki tələblərə uyğun kommunikasiyalar, müvəqqəti tikililər və qurğular quraşdırmaq olar. Məcəllənin 13-cü maddəsinin 3-cü bəndinə görə, kənd təsərrüfatı təyinatlı torpaqlardan başqa məqsədlər üçün istifadə edilməsi onların müvafiq icra hakimiyyəti orqanının (“Azərbaycan Respublikasının 1999-cu il 25 iyun tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin x xxxxxx 1999-cu il tarixli 176 saylı Fərmanının 2-ci bəndinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur) qərarı ilə Məcəllənin 9-cu maddəsinin 3-cü bəndində nəzərdə tutulmuş qaydada bir kateqoriyadan digər kateqoriyaya keçirildikdən sonra mümkündür. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, torpaq sahəsinin kateqoriyası dəyişdirilmədən fərdi yaşayış evi tikintisi üçün satılması qərara alınmışdır. Halbuki, bələdiyyənin kənd təsərrüfatı təyinatlı (dinc uqodiyalı) torpaqları yalnız məqsədli təyinatı üzrə icarəyə verilə bilərdi. Belə ki, Torpaq Məcəlləsinin 86-cı maddəsinə əsasən, bu Məcəllədə nəzərdə tutulmuş dövlət torpaqları, ümumi istifadədə olan, habelə hüquqi və fiziki şəxslərin istifadəsində və icarəsində olan bələdiyyələrin kənd təsərrüfatına yararlı torpaqları alqısatqı obyekti ola bilməz. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanun (2007-ci ildə qüvvədə olmuş redaksiyada): 6.3. Bələdiyyələrin ehtiyat fondunun kənd təsərrüfatı təyinatlı torpaqları yalnız məqsədli təyinatı üzrə qanunvericilikdə nəzərdə tutulmuş qaydalara əməl edilməklə istifadəyə və icarəyə verilir. 7.1. Azərbaycan Respublikasının qanunvericiliyi ilə bələdiyyələrin ehtiyat fondunun aşağıdakı torpaqları xüsusi mülkiyyətə verilə bilər: 7.1.1. yaşayış məntəqələrinin perspektiv inkişafı üçün cəlb olunan torpaqlar; 7.1.2. kənd təsərrüfatına az yararlı və yararsız torpaqlar; 7.1.3. hüquqi və fiziki şəxslərin istifadəsinə və icarəsinə verilmiş kənd təsərrüfatına az yararlı və yararsız torpaqların öz vəsaiti hesabına yararlı hala salınmış kənd təsərrüfatı təyinatlı torpaqlar; 7.1.4. qeyri-kənd təsərrüfatı məqsədləri üçün istifadəyə və icarəyə verilmiş torpaqlar. Beləliklə də müəyyən olunur ki, iddiaçıya fərdi yaşayış evi tikintisi üçün satılmış torpaq sahəsi yaşayış məntəqələri torpaqlarına deyil, kənd təsərrüfatı təyinatlı torpaqlara aiddir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2017-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki: “1. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİ hissəsi baxımından “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsində nəzərdə tutulan hüquqların dövlət qeydiyyatına alınmasından imtina hallarının bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunan hüquqi mövqeyə uyğun təkmilləşdirilməsi Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə edilsin.
2. Məsələ qanunvericilik qaydasında həll edilənədək torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün təqdim edilən sənədlərdə torpağın kateqoriyası (məqsədli təyinatı) müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş kateqoriyaya uyğun gəlmədikdə, həmin torpaq üzərində hüquqların dövlət qeydiyyatından imtina edilə bilər.” Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən məhkəmə kollegiyası qeyd edir ki, hazırki halda iddiaçıya torpaq sahəsinin satılması qərara alınmış sənədlərdə torpağın kateqoriyası (məqsədli təyinatı) müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş kateqoriyaya uyğun gəlmir. Belə olan halda bu hal həmin torpaq üzərində hüquqların dövlət qeydiyyatından imtina üçün əsas ola bilər və bu səbəbdən cavabdeh, iddiaçıya imtina cavabı verməkdə haqlı olmuşdur. Beləliklə də müəyyən olunur ki, kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin fərdi yaşayış evi tikintisi üçün bələdiyyənin qərarına əsasən satılması, qanunvericiliyə uyğun aparılmamışdır. Əvvəla, torpaq sahəsi kənd təsərrüfatı təyinatlı sahə olduğu üçün o satıla yox, icarəyə verilə bilərdi. İddiaçı da həmin torpaq sahəsindən fərdi yaşayış evi tikmək üçün deyil, kənd təsərrüfatı məqsədləri üçün istifadə edə bilərdi. Bundan əlavə, torpaq sahəsinin özünün ayrılması da qanunla müəyyən edilmiş tələblərə uyğun aparılmamışdır. Belə ki, Torpaq sahəsi ayrılan zaman qüvvədə olan “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” AR Qanunun 9.6-cı maddəsinə əsasən, bələdiyyə tərəfindən bilavasitə satılmış torpaq sahələri və onlar üzərində istifadə və icarə hüquqlarına dair alqı-satqı aktı tərtib edilir. Hazırki işin hallarından isə görünür ki, torpağın 2007-ci ildə iddiaçıya satılmasına baxmayaraq həmin vaxt tərəflər arasında alqı-satqı aktı bağlanmamışdır. Beləliklə qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, bu cür iddialara baxılarkən nəzərə alınmalıdır ki, məhkəmələr cavabdehin imtinasında istinad edilən halların əsaslarına formal yanaşaraq inzibati orqanın üzərinə qanunsuz öhdəlik qoymalı deyillər. Nəzərə alınmalıdır ki, məcburetmə və ya öhdəliyin icrası haqqında iddialar üzrə mübahisələr həll olunarkən məhkəmə cavabdeh inzibati orqanın imtinasının qanuni və ya əsaslı olub-olmadığının müəyyən edilməsindən daha çox, iddiaçının mövcud hüquqi vəziyyətin dəyişdirilməsinə (arzuladığı inzibati aktın qəbul edilməsinə və ya öhdəliyin icrasına) nə dərəcədə haqqı çatdığını müəyyən etməlidir. Hazırkı işdə də ilk növbədə iddiaçı özünün belə bir tələb hüququna malik olduğunu, cavabdehin isə məhz tələb olunan məzmunda iddiaçı qarşısında öhdəlik daşıdığını əsaslandırmalıdır. Başqa sözlə, bələdiyyə torpağını əldə etmiş şəxs həmin sahə üzərində mülkiyyət hüququnun tanınmasını tələb edərkən sözügedən sahəni qanunvericiliyin bununla bağlı tələblərinə əməl etməklə əldə etdiyini sübut etməlidir. Həmin halları təsdiq edən müvafıq sübutları təqdim etmək vəzifəsi iddiaçının üzərinə düşür. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı hazırki tələbində haqlı olmamış, buna görə də hazırki mübahisə üzrə cavabdehin imtinası qanuna zidd deyil və iddiaçının hüquqlarını pozmamışdır, imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur («İnzibati icraat haqqında» AR Qanununun 13.2 və 17-ci maddələri). Qeyd olunanlara əsasən məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən hazırkı işə baxılarkən iş üzrə müəyyən edilmiş hallara maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuş, qərarın ləğvi üçün əsas olan qanun pozuntularına yol verilməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Sadalanan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, iddiaçının apellyasiya şikayəti rədd edilməli, birinci instansiya məhkəməsinin qərarı qüvvədə saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(085)- 60/2019 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apelyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Səməd Vurğun küçəsi 120) vasitəsilə kassasiya şikayəti verilə bilər.