Məhkəmə qərarları › İş №2-1(105)-3/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-3/2022

04.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-3/2022 04.11.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Babayeva Hökümə Çingiz qızı (sədrlik edən və məruzəçi), Məmmədov Zaur İkram oğlu və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, Hüseynli Aydın Hüseyn oğlunun katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “çıxarışın və torpaq sahəsinin planı və ölçüsünün verilməsi” tələbinə dair Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 05 mart 2019-cu il tarixli 2-1(085)-451/2019 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ: İddiaçının etibarnamə üzrə nümayəndəsi xx.xx.2018-ci il tarixli ərizə ilə DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət edərək Quba rayonu, Amsar kəndi ərazisində yerləşən 0.46 ha torpaq sahəsinə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və torpaq sahəsinin planı və ölçüsünün verilməsini xahiş etmişdir. Cavabdeh xx.xx.2018-ci il tarixli **********75 saylı məktubu ilə müraciətin icrasından imtina etmişdir. İmtina onunla əsaslandırılmışdır ki, sənədlərin ekspertizası və daşınmaz əmlakın müayinəsi zamanı aşkar olunmuşdur ki, mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması ilə əlaqədar təqdim edilmiş xx.xx.2007-ci il tarixli, 4-Ə/214 reyestr nömrəli alqı-satqı müqaviləsinin bağlanması üçün əsas olmuş JN-1000 (KOD ********) saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı cavabdehin məlumat bazasında olan xəritədə öz əksini tapmamış, o cümlədən ləğv edilmiş DTXK-nin Quba rayon şöbəsindən təhvil alınmış arxivdə olan dövlət aktlarının qeydiyyat kitablarında qeydə alınmamışdır. Bundan əlavə müəyyən olunmuşdur ki, “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktında göstərilən torpaq sahəsinin cizgisi İdarənin elektron məlumat bazasında olan xəritəyə əsasən digər şəxsin mülkiyyətində olan torpaq sahəsi ilə kəsişir. Cavabdeh inzibati orqan “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1 və 15-ci maddəsinə əsasən müraciətin icrasından imtina etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ: a) Birinci instansiya məhkəməsindəki icraat Verilən cavab ilə razılaşmayan iddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, Quba rayon Dövlət Notariat Kontorunda 29 iyun 2007-ci il tarixdə 4Ə/214 reyestr nömrəsi ilə qeydə alınmaqla təsdiq edilmiş AN-İ seriyalı ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən DTXKnin Quba rayon şöbəsi tərəfindən xx.xx.1998-ci il tarixdə verilmiş JN-1000 kod 30307018 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı ilə X4 məxsus Quba rayonu Amsar kəndində yerləşən 0,56 ha torpaq sahəsinin 0,46 ha hissəsinə iddiaçının adına hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və torpaq sahəsinin planı və ölçüsünün verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Quba rayon Dövlət Notariat Kontorunda 29 iyun 2007-ci il tarixdə 4Ə/214 reyestr nömrəsi ilə qeydə alınmaqla təsdiq edilmiş AN-İ seriyalı ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən DTXKnin Quba rayon şöbəsi tərəfindən xx.xx.1998-ci il tarixdə verilmiş JN-1000 kod 30307018 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı ilə satıcı X4 məxsus Quba rayonu Amsar kəndində yerləşən 0,56 ha torpaq sahəsinin 0,46 ha hissəsini 20.000 manata almışdır. X9 Quba rayonu Amsar kəndində yerləşən 0,56 ha torpaq sahəsi üzərində mülkiyyət hüququ “Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən” xx.xx.2007-ci il tarixli 2/2114 saylı arayışla rəsmiləşdirilmişdir. Quba rayonu Amsar kəndində yerləşən 0,46 ha torpaq sahəsinə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və torpaq sahəsinin planı və ölçüsünün verilməsi üçün cavabdehə müraciət etmiş, lakin cavabdeh tərəfindən imtina məktubu verilmişdir. Qeyd edir ki, xx.xx.2007-ci il tarixli, 4Ə/214 reyestr nömrəli alqı-satqı müqaviləsinin bağlanması üçün əsas olmuş JN-1000 (KOD ********) saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı cavabdehin məlumat bazasında olan xəritədə öz əksini tapmadığı, o cümlədən ləğv edilmiş DTXK-nin Quba rayon şöbəsindən təhvil alınmış arxivdə olan dövlət aktlarının qeydiyyat kitablarında qeydə alınmadığı, Dövlət Aktında göstərilən torpaq sahəsi cavabdehin elektron məlumat bazasında olan xəritəyə əsasən digər şəxsin mülkiyyətində olan torpaq sahəsi ilə kəsişdiyi halda cavabdeh tərəfindən alqı-satqı predmeti olan 0,56 ha torpaq sahəsinə dair “Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən xx.xx.2007-ci il tarixli 2/2114 saylı Arayış” ın niyə və hansı hüquqi sənədlərə və koordinatlara istinad olunmaqla verilməsi ilə bağlı sual yaranır. Cavabdeh orqan 2007ci ildə verdiyi sənədi 2018-ci ildə təkzib edir və bununla da vətəndaşın mülkiyyət hüquqlarının qeydə alınmasından əsassız olaraq imtina edilir. Hesab edir ki, cavabdehin imtinası qanunsuzdur. Cavabdeh orqan iddia ərizəsinə etiraz edərək etirazı imtina məktubu ilə eyni məzmunda əsaslandırmışdır. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 05 mart 2019-cu il tarixli 2-1(085)-451/2019 nömrəli qərarı ilə iddia tələbi təmin edilmiş, Quba rayon Dövlət Notariat Kontorunda 29 iyun 2007-ci il tarixdə 4Ə/214 reyestr nömrəsi ilə qeydə alınmaqla təsdiq edilmiş AN-İ seriyalı ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən Quba rayonu, Amsar kəndində yerləşən 0,46 ha torpaq sahəsinə dair iddiaçının adına hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və torpaq sahəsinin planı və ölçüsünün verilməsi öhdəliyi DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinin üzərinə qoyulmuşdur. (hakim Z.Pirverdiyev). Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini imtina məktubu və etirazla eyni məzmunda əsaslandırmışdır. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayəti ilə eyni məzmunda izahat verərək izahatında əlavə olaraq bildirdi ki, iddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin koordinatları ilə Dövlət Aktının koordinatları arasında kəskin sürüşmə var. Ümumilikdə, həmin yaşayış massivinə daxil olan torpaq sahələrinin əksəriyyətində sürüşmələr var. İddiaçının sənəd üzrə mülkiyyətində olan torpaq sahəsi digər şəxslərin faktiki istifadəsində olan torpaq sahələri ilə üst-üstə düşür. Cavabdehin nümayəndəsi şikayətin təmin edilməsi və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən iddiaçı iddia ərizəsi ilə eyni məzmunda izahat verdi və əlavə olaraq izahatında bildirdi ki, sürüşmə səbəbindən, onun faktiki istifadə etdiyi torpaq sahəsinin koordinatları Dövlət Aktının koordinatları daxilində deyildir. Faktiki istifadə etdiyi torpaq sahəsi ilə bağlı heç bir mübahisə yoxdur. Apellyasiya şikayətinin təmin olunmamasını xahiş edir. TƏTBİQ EDİLƏN HÜQUQ Azərbaycan Respublikasının “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunu: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Maddə 8 . Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: (-) 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr,............; (-). Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. (-). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 9 fevral 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 04 oktyabr 2016-cı il tarixli qərarı. Azərbaycan Respublikası Prezidentinin xx.xx.1997-ci il tarixli, 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Torpağa mülkiyyət və istifadə hüququna dair sənədlərin hazırlanması, qeydiyyatı və verilməsi haqqında” Əsasnamə. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 139. Daşınar və daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 139-1. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: (-) 139-1.1.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr,.......; (-). “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 07 mart 2016-cı il tarixli Fərmanı. “İnzibati icraat haqqında” Qanun: Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 19.1 İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 81. Apellyasiya şikayəti vermək hüququ 81.1. İnzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və ya qərardadlardan, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, şikayət verilə bilər. Şikayətə apellyasiya qaydasında apellyasiya instansiyası inzibati kollegiyaları (bundan sonra - apellyasiya instansiyası məhkəmələri) tərəfindən baxılır. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir. Birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası tərəflərin dinlənilmə hüququnu təmin edib, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırkı mübahisənin predmetini cavabdehin iddiaçının Quba rayonu, Amsar kəndində yerləşən 0,46 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınmasından imtinası təşkil edir. İddiaçının hüquqi marağı torpaq sahəsi üzərində onun mülkiyyət hüququnun dövlət tərəfindən tanınmasına nail olmaqdan ibarətdir. Birinci instansiya məhkəməsi iddianı təmin etmiş və bunu onunla əsaslandırmışdır ki, daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində öz əksini tapmışdır. Qeyd edilən əsaslardan birini daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilə təşkil edir ki, AN-İ seriyalı ******* saylı alqı-satqı müqaviləsinə əsasən iddiaçının torpaq sahəsi üzərində mülkiyyət hüququ dövlət qeydiyyatına alınmalıdır. Bundan başqa, məhkəmə cavabdehin iddia ərizəsinə etirazında qeyd edilən dəlilləri iş materiallarına əsasən əsassız hesab edir. Belə ki, iş materiallarında olan 06 iyun 2007-ci il tarixli, 2/2114 saylı “Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən” arayışın surətindən göründüyü kimi cavabdeh tərəfindən mübahisəli torpaq sahəsi üzərində X3 mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması barədə adıçəkilən arayış verilmiş və həmin arayış əsasında N.Hüseynov ilə iddiaçı arasında torpaq sahəsinin alqısatqısı baş tutmuşdur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Cavabdeh iki əsasla iddiaçının müraciətinə imtina cavabı vermiş və hazırda da apelyasiya şikayətində həmin dəlillərə istinad etmişdir: 1) JN-1000 KOD 30307018 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktının cavabdehin məlumat bazasında olan xəritədə öz əksini tapmaması, o cümlədən ləğv edilmiş DTXK-nin Quba rayon şöbəsindən təhvil alınmış arxivdə olan dövlət aktlarının qeydiyyat kitablarında qeydə alınmaması; 2) Dövlət Aktında göstərilən torpaq sahəsinin cizgisinin İdarənin elektron məlumat bazasında olan xəritəyə əsasən digər şəxsin mülkiyyətində olan torpaq sahəsi ilə kəsişməsi. Apelyasiya şikayətinin birinci dəlilini aşağıda qeyd edliənlərə əsasən kollegiya əsassız hesab edir. İş materiallarından görünür ki, Quba rayon Aqrar İslahat Komissiyasının 03 may 1997-ci il tarixli 04 nömrəli qərarı ilə kənd təsərrüfatı məhsullarının istehsalı üçün X4 ayrılmış 0,56 ha torpaq sahəsinə dair Quba rayon Torpaq Şöbəsi tərəfindən sonuncunun adına 01 iyul 1998-ci il tarixli, JN-1000, KOD 30307018 qeydiyyat nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı tərtib edilmişdir. Məhkəmə kollegiyasının sorğusuna cavab olaraq X11 filialı tərəfindən təqdim edilmiş sənədlərdən görünür ki, Quba rayon Aqrar İslahat Komissiyasının 03 may 1997-ci il tarixli 04 nömrəli qərarına əsasən, aqrar islahatın keçirilməsi ilə əlaqədar A.Bakıxanov adına sovxozun özəlləşdiriləcək torpaq paylarının müəyyən edilməsi haqqında sovxoz aqrar islahat komissiyasının 22 may 1997-ci il tarixli, 13 saylı qərarının təsdiq olunması qərara alınmışdır; A.Bakıxanov adına sovxoz AİK-nin 22 may 1997-ci il tarixli, 13 saylı iclas qərarından isə görünür ki, iclasda digər məsələlərlə yanaşı sovxozun Amsar kəndində əmlak payçılarından ailə üzvlərinin sayı dörd nəfərədək olan ailələrinin üzvlərinin hər birinə orta torpaq normasına uyğun olaraq bağ sahəsi verilməsi, artıq qalan bağ sahələrindən əmlakın payçı olmayan ailələrin hər birinə orta torpaq normasına uyğun olaraq bir pay bağ sahəsi verilməsi qərara alınmışdır; - Dövlət Notariat Arxivi tərəfindən məhkəməyə təqdim edilmiş notariat işinin surətindən görünür ki, 29 iyun 2007-ci il tarixdə 4Ə/214 reyestr nömrəsi ilə təsdiq edilmiş AN-İ ******* nömrəli “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi” nə əsasən X7 mülkiyyətində olan 0,46 ha torpaq sahəsini iddiaçıya satmışdır. Beləliklə, məhkəmə araşdırması zamanı sübutların tədqiqi nəticəsində müəyyən edilmişdir ki, Quba rayon AİK-nin 03 may 1997-ci il tarixli 04 nömrəli iclas qərarı ilə X4 0,56 ha torpaq sahəsi ayrılmış və ayrılmış torpaq sahəsinə dair adına JN-1000, KOD 30307018 qeydiyyat nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı tərtib edilmişdir. 29 iyun 2007-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən, N.Hüseynov mülkiyyətində olan 0,56 ha torpaq sahəsinin 0,46 ha hissəsini notariat qaydasında təsdiq edilmiş alqı-satqı müqaviləsinə əsasən, iddiaçıya satmışdır. Cavabdeh apelyasiya şikayətində JN-1000, KOD 30307018 qeydiyyat nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı barədə məlumatın bazada olan xəritədə öz əksini tapmadığını, o cümlədən ləğv edilmiş DTXK-nin Quba rayon şöbəsindən təhvil alınmış arxivdə olan dövlət aktlarının qeydiyyat kitablarında qeydə alınmadığını bildirsə də, alqı-satqı müqaviləsinə dair tələb edilmiş notariat işindən görünür ki, həmin işdə cavabdeh DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2007-ci il tarixli, 2/2114 saylı “Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən” arayışda qeyd edilir ki, Quba rayonu Amsar kəndində yerləşən JN-1000, KOD 30307018 qeydiyyat nömrəli Dövlət Aktına əsasən, 0,56 ha torpaq sahəsi barədə məlumat dövlət reyestrinə qəbul edilmiş və onun üzərində N.İ.Hüseynovun mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır. Bundan əlavə kollegiya qeyd edir ki, Torpağa mülkiyyət və istifadə hüququna dair sənədlərin hazırlanması, qeydiyyatı və verilməsi həmin dövrdə qüvvədə olmuş Azərbaycan Respublikası Prezidentinin xx.xx.1997-ci il tarixli, 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Torpağa mülkiyyət və istifadə hüququna dair sənədlərin hazırlanması, qeydiyyatı və verilməsi haqqında” Əsasnamə ilə tənzimlənirdi. Bu Əsasnamənin 4, 10, 11-ci bəndlərinə görə, torpağa mülkiyyət və daimi istifadə hüquqlarına dair dövlət aktları, torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamə 2 nüsxədən ibarət hazırlanır. Dövlət aktlarının və şəhadətnamələrin ilkin torpaqayırma sənədləri Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Yerquruluşu Layihə institutunun arxivində müddətsiz olaraq saxlanılır. Dövlət aktı və şəhadətnamənin verilməsi xüsusi qeydiyyat kitabında əks etdirilir. Qeydiyyat kitabında qeydəalmanı rayon (şəhər) torpaq şöbələri həyata keçirirlər. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 4.3-cü maddəsinə əsasən, 2006-cı il iyulun 6-dək daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatını aparmış müvafiq icra hakimiyyəti orqanları bu qanuna əsasən dövlət reyestrində saxlanılmalı olan məlumatları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi mərhələlər və müddətlər üzrə qeydiyyat orqanına verməlidirlər. Göründüyü kimi, torpaq üzərində hüquqlara dair dövlət aktlarının hazırlanması, verilməsi və qeydiyyatı həmin dövrdə keçmiş DTXK tərəfindən aparılırdı. Hansısa məlumatların, sənədlərin qeydiyyat kitablarında, yaxud elektron baza xəritə (DWJ) məlumatlarında öz əksini tapmaması vətəndaşın deyil, qeydiyyat orqanlarının problemidir. Belə problemlərin yaranması vətəndaşın təqsirinin deyil, aidiyyəti qurumların, vəzifəli şəxslərin öz vəzifələrini layiqincə yerinə yetirməmələrinin, idarəçiliyin, uçot-nəzarət işinin düzgün təşkil edilməməsinin nəticəsidir. Hazırki halda iddiaçı belə hallara görə hər hansı məsuliyyət daşımamalıdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Qeyd edilən qanunun 17-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin qanunun mötəbərlik prezumpsiyasından bəhs edən 19-cu maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Sadalanan maddi hüquq normalarını hazırkı işin hallarına tətbiq edərək məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən təqdim edilmiş Torpağın mülkiyyətə verilməsinə dair JN-1000, KOD 30307018 qeydiyyat nömrəli Dövlət Aktının həqiqətə uyğun olmadığı cavabdeh tərəfindən sübuta yetirilmədiyindən mötəbər sənəd hesab olunur. Beləliklə, tədqiq edilmiş sübutları nəzərə alaraq, məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin 1-ci dəlilini əsassız hesab edir. Dövlət Aktında göstərilən torpaq sahəsinin cizgisinin digər şəxsin mülkiyyətində olan torpaq sahəsi ilə kəsişməsi ilə bağlı cavabdehin ikinci dəlilinə münasibətdə məhkəmə kollegiyası aşağıdakıları qeyd edir: Cavabdeh orqan tərəfindən apellyasiya instansiya məhkəməsinin sorğusuna cavab olaraq təqdim edilən xx.xx.2019-cu il tarixli, **********78 nömrəli məktubdan görünür ki, N.İ.Hüseynovun adına olan JN-1000 KOD 30307018 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair dövlət aktı” Xaçmaz Ərazi İdarəsinin elektron məlumat bazasında olan xəritəyə əsasən X2 14 fevral 2007-ci il tarixli ********* qeydiyyat nömrəli çıxarışla mülkiyyətində olan torpaq sahəsi, X5 02 mart 2007-ci il tarixli ********* qeydiyyat nömrəli çıxarışla mülkiyyətində olan torpaq sahəsi və ləğv edilmiş DTXK tərəfindən X6 adına verilmiş kənd təsərrüfatı təyinatlı JN-566 KOD 30307018 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Dövlət Aktındakı torpaq sahəsi ilə kəsişir. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 11 iyul 2019-cu il tarixli, 2-1(105)-375/2019 nömrəli qərardadı ilə JN-1000, KOD 30307018 saylı “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” ilə X3 mülkiyyətinə verilmiş Quba rayonu Amsar kəndində yerləşən 0,56 hektar torpaq sahəsinin, AN-İ seriyalı ******* saylı Daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında iddiaçıya satılmış 0,46 ha hissəsi ilə iddiaçının faktiki istifadəsində olan torpaq sahəsi ilə eyni olub-olmaması, həmçinin 0,46 ha torpaq sahəsinin başqa şəxslərin mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşübdüşməməsinin müəyyən edilməsi məqsədilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin mütəxəssisləri cəlb edilməklə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir. Məhkəmə qərardadının icrası ilə əlaqədar "xxxx" MMC Xaçmaz Layihə Tədqiqat İdarəsi tərəfindən tərtib edilmiş 21 yanvar 2020-ci il tarixli, C-07 nömrəli mütəxəssis rəyindən görünür ki, tərəflərin və mütəxəssisin iştirakı ilə iddiaçının iddia etdiyi torpaq sahəsinin mövqeyi, ölçüləri və mübahisələndirilən ərazinin koordinatları naturadan plana alınaraq kameral şəraitdə Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin elektron baza və ortofoto materialları üzərində dəqiqləşdirilmiş, JN-1000, KOD 30307018 saylı “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” vahid elektron baza məlumatlarında (DWJ xəritələrində) qeydə alınmadığından, AN-İ seriyalı ******* saylı Daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında satılmış 0,46 ha torpaq sahəsinin harada olması haqqında sxem məlumatları olmadığından məhkəmənin 11 iyul 2019-cu il tarixli, 2-1(105)-375/2019 nömrəli qərardadında qoyulmuş sualların cavablandırılması mümkün olmamışdır. Mütəxəssis rəyinin verilməsi mümkün olmadığından ekspert tərəfindən də qoyulmuş suallar üzrə tədqiqat aparılmamışdır. Məhkəmə kollegiyası tərəfindən yenidən təkrar məhkəmə tikinti-texniki ekspertizası təyin edilsə də, yuxarıda qeyd olunan eyni əsasla mütəxəssis və ekspert rəyinin verilməsi mümkün olmamışdır. Mütəxəssis tərəfindən JN-1000, KOD 30307018 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktında qeyd edilən koordinatlarla bağlı sualların cavablandırılması mümkün olmasa da, həmin rəyə əlavə edilmiş orto-foto xəritədən çıxarışdan görünür ki, iddiaçının faktiki istifadə etdiyi torpaq sahəsi cavabdehin apelyasiya şikayətinin dəlillərində qeyd edildiyi kimi hər hansı fiziki şəxsin mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşmür. Bundan əlavə məhkəmə kollegiyasının iclasında da, iddiaçı izahatında bildirmişdir ki, həmin ərazidə baş verən torpaq sürüşməsi nəticəsində bütün mülkiyyətçilərin istifadəsində olan torpaq sahəsinin koordinatlarında dəyişiklik baş vermişdir. Torpaq sahəsini aldığı vaxtdan istifadə edir və digər mülkiyyətçilərlə heç bir mübahisəsi yoxdur. İşin qeyd edilən halını nəzərə alaraq, məhkəmə kollegiyası iddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin Dövlət Aktında qeyd edilən torpaq sahəsinin hüdudları daxilində yerləşib-yerləşməməsi, həmçinin, faktiki istifadə etdiyi torpaq sahəsinin cavabdehin yuxarıda istinad edilən məktubunda qeyd etdiyi fiziki şəxslərin sənəd üzrə mülkiyyətində olan torpaq sahələri ilə üst-üstə düşüb-düşməməsinin müəyyən edilməsi ilə bağlı mütəxəssis rəyinin verilməsi ilə əlaqədar DƏDKR Publik hüquqi şəxsin tabeliyində olan "xxxx" MMC-yə müraciət etmişdir. "xxxx" MMC tərəfindən tərtib edilmiş mütəxəssis rəyinə əsasən müəyyən edilmişdir ki, 1) iddiaçının faktiki istifadə etdiyi torpaq sahəsi elektron baza məlumatlarında olan yerquruluşu xəritəsində cizgisi mövcud olmayan JN-1000 KOD 30307018 saylı Dövlət Aktında qeyd edilən 0.56 ha torpaq sahəsinin hüdudları daxilində deyildir; 2) iddiaçının faktiki istifadə etdiyi torpaq sahəsi xx.xx.2007-ci il qeydiyyat tarixli MH seriyalı ******* saylı çıxarışla X2 mülkiyyətinə verilmiş Quba rayonu Amsar kəndində yerləşən 0.23001 ha torpaq sahəsi, xx.xx.2007-ci il qeydiyyat tarixli MH seriyalı ******* saylı çıxarışla X5 mülkiyyətinə verilmiş 0.229984 ha torpaq sahəsi, JN-566 saylı, KOD 30307018 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ilə X6 mülkiyyətinə verilmiş 0.23 ha torpaq sahəsi ilə üst-üstə düşmür. Eləcə də, məhkəmə kollegiyasının sorğusuna cavab olaraq cavabdeh orqan tərəfindən verilən xx.xx.2022-ci il tarixli məktubdan və tərtib edilən arayışdan görünür ki, cavabehin mütəxəssisi tərəfindən məktubda göstərilən daşınmaz əmlaka müayinə baxışı keçirilmiş, baxış zamanı məlum olmuşdur ki, Quba rayonu Amsar kəndi ərazisində yerləşən iddiaçının faktiki istifadəsində olan 0,46 ha torpaq sahəsi elektron baza məlumatlarına əsasən başqa fiziki şəxslərin adına hüquqi qeydiyyatdan keçməmişdir. JN- 1000, KOD 30307018 saylı "Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı vahid elektron baza məlumatlarında olmadığından və qeydiyyat kitablarından keçmədiyindən torpaq sahəsinin yüklü olmasını təyin etmək mümkün olmamışdır. JN-1000, KOD 30307018 saylı Dövlət Aktında olan koordinatlarında kəskin sürüşmə var. Lakin, uçot xəritələrində faktiki istifadə etdiyi torpaq sahəsi qeydiyyata alınmışdır. Beləliklə, məhkəmə kollegiyası tərəfindən işin hallarının araşdırması nəticəsində müəyyən edildi ki, mübahisəsi gedən ərazidə koordinat sürüşmələrinin olması səbəbindən, iddiaçının alqı-satqı müqaviləsinə əsasən aldığı 0.46 ha torpaq sahəsinin sənəd üzrə yerləşməsi ilə faktiki istifadə vəziyyəti arasında uyğunsuzluq yaranmış, faktiki istifadə vəziyyətinə görə torpaq sahəsinin döngə nöqtələrinin koordinatları ilkin mülkiyyətçiyə (satıcıya) məxsus JN-1000 KOD 30307018 saylı Dövlət Aktında qeyd edilən 0.56 ha torpaq sahəsinin hüdudları daxilində yerləşməsə də, qeyd edilən torpaq sahəsi başqa şəxslərin mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşmür. Məhkəmə kollegiyası hesab edir ki, torpaq sahəsinin yerləşmə vəziyyətində yaranmış uyğunsuzluq iddiaçının iradəsindən asılı olmayaraq sürüşmə nəticəsində yarandığından və bunun nəticəsində digər şəxslərin hüquqları pozulmadığından bu hal iddiaçının təqsiri kimi qiymətləndirilə bilməz. Belə ki, “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 07 mart 2016cı il tarixli Fərmanının 2.3-cü bəndində göstərilmişdir ki, torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsi zamanı fiziki və hüquqi şəxslərin mülkiyyətindəki və qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqlarda və torpaq islahatı zamanı verilmiş pay torpaqlarında hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqların (sərhəd, yerləşmə və konfiqurasiya fərqlərinin) Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-cü maddəsinə uyğun olaraq yerquruluşu qaydasında aradan qaldırılmasını aşağıdakı tələblərə riayət etməklə həyata keçirsin: ... 2.3.5. ərazi vahidləri üzrə layihələrin, torpaqla bağlı normativ hüquqi aktların tələblərinə zidd olmadığı və digər şəxslərin hüquqlarının pozulmadığı hallarda, torpaqların faktiki istifadə vəziyyəti əsas götürülməklə tərtib edilsin. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin: - 43-cü maddəsinin 1-ci bəndində deyilir ki, yerquruluşu — torpaq münasibətlərinin nizama salınması və torpaqdan səmərəli istifadə olunması məsələlərinin həlli üzrə dövlətin müvafiq hüquqi, iqtisadi və texniki tədbirlər sistemidir. Həmin maddənin 3-cü bəndində qeyd olunub ki, yerquruluşu işləri dedikdə həmçinin torpaqların istifadəsində mövcud uyğunsuzluqların və çatışmazlıqların aradan qaldırılması məqsədilə torpaq sahələrinin dəqiqləşdirilməsi və qaydaya salınması layihələrinin tərtib edilməsi, yerdə (naturada) ayrılması, qanunvericiliklə müəyyən edilmiş formada sənədlərin tərtibi nəzərdə tutulur. 65-ci maddəsinə əsasən, torpaq sahəsinin yerquruluşu planı torpaq sahəsinin müəyyən miqyasda tərtib edilmiş və planaalma aparılan anda özündə ərazinin bütün vəziyyətini (bitki örtüyü, çaylar, yollar və digər obyektlər), şərti işarələr və nişanələr vasitəsilə əks etdirən xəritədir. Torpaq ayrılması üçün sahə seçildikdə həmin sahənin istifadəyə və icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edilənə qədər onun sərhədləri yerdə (naturada) və xəritədə müəyyən edilir. Torpaq sahələrinin sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi yerquruluşu qaydasında aparılır. Qanunvericilikdə başqa hal nəzərdə tutulmamışdırsa, xüsusi mülkiyyətdə olan torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, mərz nişanlarının qoyulması, torpaq əldə edən şəxsin hesabına həyata keçirilir. Torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Torpaq sahəsinin təsdiq edilmiş planı torpaq sahəsinin istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müqavilənin ayrılmaz hissəsidir. Torpaq sahələrinin sərhədləri yerə (naturaya) keçirildikdən sonra onun sahəsi ölçülür və torpaqların istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müqavilə bağlanılır. Torpaq sahəsinin planının əsası kadastr işində saxlanılır, surəti isə torpaq mülkiyyətçisinə, istifadəçisinə və ya icarəçisinə verilir. Torpaq sahəsinin ayrı-ayrı hissələrinin özgəninkiləşdirilməsi zamanı onların sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi də bu maddədə göstərilən qaydada aparılır. Beləliklə, kollegiya hesab edir ki, iddiaçının alqı-satqı müqaviləsinə əsasən əldə etdiyi, JN-1000 KOD 30307018 saylı Dövlət Aktında qeyd edilən 0.46 ha torpaq sahəsinin döngə nöqtələrinin koordinatlarında sürüşmə nəticəsində dəyişiklik olduğundan, lakin torpaq sahəsinin faktiki istifadə vəziyyəti digər şəxslərin mülkiyyətində olan torpaq sahəsinin koordinatları ilə üst-üstə düşmədiyindən, başqa sözlə hər hansı şəxsin hüquqlarını pozmadığından apellyasiya şikayətinin ikinci dəlili iddiaçının alqı-satqı müqaviləsinə əsasən, aldığı torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydə alınmasından imtinaya əsas deyildir. Azərbaycan Respublikası Prezidentinin 07 mart 2016-cı il tarixli Fərmanının 2.3-cü bəndində qeyd edildiyi kimi, yaranmış uyğunsuzluq yerquruluşu qaydasında aradan qaldırılmalıdır. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0 və 8.0.3-cü maddəsinə əsasən daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Analoji qayda Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-1.1 və 139-1.1.3-cü maddəsində də nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının 9 fevral 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 04 oktyabr 2016-cı il tarixli qərarında göstərilmişdir ki, “hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün müəyyən edilmiş hallar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsində sadalanmışdır və həmin hallar aşağıdakılardan ibarətdir: 15.1.1-dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2-hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3-hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6-bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Göründüyü kimi, qanunvericilikdə hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsasları dəqiq göstərilmiş, lakin cavabdeh orqan tərəfindən iş üzrə araşdırmaların aparılması zamanı həmin halların heç biri müəyyən edilməmişdir.” Məhkəmə kollegiyası qeyd olunanları, o cümlədən hazırkı mübahisə üzrə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsi ilə müəyyən edilmiş daşınmaz əmlaka dair hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsaslarının mövcud olmamasını nəzərə alaraq, hesab edir ki, cavabdehin imtinası əsassızdır, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməklə düzgün nəticəyə gəlmişdir, məhkəmə qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Sadalanan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 05 mart 2019-cu il tarixli 2-1(085)-451/2019 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apelyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar