Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-3/2023 10.03.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı torpaq sahəsinə dair çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə açar sözlər: torpaq sahəsinə çıxarışın verilməsi tələbi Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri: Ağayev Rəşadət Əhməd oğlu (sədrlik edən və məruzəçi), Dəmirov İlqar Kamal oğlu və Məmmədov Zahid Tahir oğlundan ibarət tərkibdə, Nəbizadə Rəşad Nəbi oğlunun katibliyi, İddiaçı nümayəndəsi – Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Nümayəndə1, 3-cü şəxs X1 nümayəndəsi – Cəlilabad rayon Vəkil Bürosunun vəkili Nümayəndə2, cavabdeh Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsinə qarşı Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Xaçmaz rayon şöbəsi tərəfindən verilmiş JN-0465 KOD 30222048 olan torpağa mülkiyyət hüququna dair dövlət aktı əsasında mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin 16 mart 2020-ci il tarixli 2-1(118)-640/2020 saylı qərarından cavabdeh İdarə tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında audio-video yazı aparılmaqla açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları
1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək Xaçmaz rayonunun Şollar kəndi ərazisində sahəsi 6.48 hektar olan torpaq sahəsinin onun mülkiyyətinə verilməsi barədə Xaçmaz rayon Şollar bələdiyyəsinin 28 yanvar 2006-ci il tarixli, 14 saylı qərarı və həmin qərar əsasında Azərbaycan Respublikası keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Xaçmaz rayon şöbəsi tərəfindən adına verilmiş JN- 465 kod 30222048 saylı “Torpağın mülkiyyətə verilməsi barədə” şəhadətnamə əsasında mülkiyyətinə verilmiş torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bununla bağlı müvafiq çıxarışin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
İddiaçının əsaslandırması
2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Xaçmaz rayon Şollar bələdiyyəsinin 28 yanvar 2006-ci il tarixli, 14 saylı qərarı ilə Xaçmaz rayonunun Şollar kəndi ərazisində sahəsi 6.48 hektar olan torpaq sahəsi mülkiyyətinə verilmiş və həmin qərar əsasında Azərbaycan Respublikası keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Xaçmaz rayon şöbəsi tərəfindən 2006-cı ildə onun adına JN-465 kod 30222048 saylı “Torpağın mülkiyyətə verilməsi barədə” şəhadətnamə hazırlanaraq təqdim olunmaqla torpaq üzərində onun mülkiyyət hüququnun dövlət torpaq kadastrında dövlət qeydiyyatından keçirilmişdir. Hal-hazırda o, həmin sənədi təqdim edərək qeydiyyat şəhadətnaməsini hazırkı mülkiyyət hüquqlarının reyestirinə uyğun olaraq çıxarışın verilməsi barədə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət etmiş, tərəfindən müvafiq sənədlər təqdim olunmaqla etdiyi müraciətinə cavabdeh tərəfindən 29 dekabr 2019-cu il tarixli, **********054 saylı məktubla cavab verilərək şəhadətnamənin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə təhvil verilmiş Dövlət Aktlarının qeydiyyatı kitabında və torpaq sahəsinə dair Azərbaycan Respublikası keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Xaçmaz rayon şöbəsi tərəfindən 2006-cı ildə onun adına verilmiş JN-465 kod 30222048 saylı “Torpağın mülkiyyətə verilməsi barədə” şəhadətnamənin İdarənin elektron baza məlumatlarında əks olunmadığını bəhanə gətirərək hələ 2006-cı ildə dövlət qeydiyyatı aparılmış hüquqlarına dair çıxarışın verilməsindən imtina etmişdir. Hesab edir ki, cavabdehin imtinası əsassızdır.
Cavabdehin etirazları
3. Cavabdeh məhkəməyə ünvanladığı iddiaya etiraz ərizəsində bildirilmişdir ki, İddiaçı Xaçmaz rayonu, Şollar kəndi ərazisində yerləşən 6.48 ha torpaq sahəsinə JN–465 kod 30222048 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı əsasında dövlət reyestrindən çıxarışın verilməsi ilə bağlı xx.xx.2019-cu il tarixli ərizə ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət etmişdir. Müraciətə xx.xx.2019-cu il tarixli **********04 nömrəli məktubla cavab olaraq bildirilmişdir ki, JN–465 kod 30222048 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı 5 saylı Xaçmaz Ərazi İdarəsinin elektron baza məlumatlarında və ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən 5 saylı Xaçmaz Ərazi İdarəsinə təhvil verilmiş Dövlət aktlarının qeydiyyatı kitablarında öz əksini tapmamışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanıtanməlumata-uyğunluğı yoxlanılmaqla aparılır. Yuxarıda qeyd olunanları nəzərə alaraq müraciətin icrası tərəfimizdən mümkün deyildir. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsi Hüquqların dövlət qeydiyyatının aparılması qaydalarını müəyyən edir. Belə ki, Qanunun 9.1-ci maddəsinə əsasən Hüquqların dövlət qeydiyyatının aşağıdakı qaydada aparılır: 9.1.2 daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması; 9.1.3 bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi.Göründüyü kimi iddia ərizəsində göstərilən daşınmaz əmlak ƏMDK yanında DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinin elektron baza kadastr xəritə materiallarında və arxiv məlumatlarında aşkar edilmədiyindən sözügedən torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatına alınması daşınmaz əmlakın dövlət reyestrində mümkün olmamışdır.Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında Azərbaycan Respublikasının Qanunun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılması (yüklənməsi), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası qanununun 9.1.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi əsasında aparılır. Bildirilir ki, vətəndaş tərəfindən yuxarıda qeyd olunan qanuna müvafiq olaraq sənədlərin və ərizənin təqdim olunmaması səbəbindən sənədlərin ekspertizası və daşınmaz əmlakın müayinəsi keçrilməmiş və ərizəsinə dair texniki hissə ilə heç bir münasibət bildirilməmişdir. Qeyd olunanlara əsasən iddia tələbinin rədd olunmasını məhkəmədən xahiş edilir.
İş üzrə qəbul edilmiş məhkəmə aktları
a) Birinci instansiya məhkəməsindəki icraat
4. Sumqayıt İnzibati Məhkəməsinin 16 mart 2020-ci il tarixli, 2-1(118)-640/2020 saylı qərarı ilə (hakim C.B.Məmmədov) iddia təmin edilərək Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Xaçmaz rayon şöbəsi tərəfindən verilmiş 01 may 2006-cı il tarixli JN–0465 kod 30222048 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən Xaçmaz rayonu Şollar bələdiyyəsi ərazisində yerləşən 6.48 hektar torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və İddiaçı adına dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin üzərinə qoyulması qərara alınmışdır.
5. Qərardan narazı qalan cavabdeh İdarə tərəfindən apellyasiya şikayəti verilərək, Sumqayıt İnzibati Məhkəməsinin 16 mart 2020-ci il tarixli 2-1(118)-640/2020 saylı qərarının ləğv edilməsi xahiş edilmişdir.
b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
6. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-305/2020 saylı xx.xx.2020-ci il tarixli qərarı (sədrlik edən və məruzəçi H.Ç.Babayeva, hakimlər Z.İ.Məmmədov və F.M.Məmmədov) ilə cavabdehin apellyasiya şikayəti təmin edilərək Sumqayıt İnzibati Məhkəməsinin 16 mart 2020-ci il tarixli qərarı ləğv edilərək iş üzrə yeni qərar qəbul edilməklə iddianın təmin olunmaması qərara alınmışdır.
7. Qərardan narazı qalan iddiaçının nümayəndəsi kassasiya şikayəti verərək Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-305/2020 saylı xx.xx.2020-ci il tarixli qərarının ləğv edilməklə iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
c) Kassasiya instansiyası məhkəməsindəki icraat
8. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 288/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı (sədrlik edən və məruzəçi Z.Quliyev, hakimlər R.Nəbizadə və İ.Şəfiyev) ilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2- 1(105)-305/2020 saylı xx.xx.2020-ci il tarixli qərarının ləğv edilməsi, işin təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi, kassasiya şikayətinin qalan hissədə təmin edilməməsi qərara alınmışdır.
d) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
9. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-266/2021 saylı xx.xx.2021-ci il tarixli qərardadı (sədrlik edən və məruzəçi S.İ.Bəktaşi, hakimlər T.O.Quliyev və G.F.Tagızadə) ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir.
10. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestrinin xx.xx.2021-ci il tarixli və arayışından və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsi "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli arayışlarından göründüyü kimi İddiaçı ilə birlikdə mübahisə predmeti olan torpaq sahəsində olunaraq faktiki istifadə olunan torpaq sahəsinin koordinatları natirada alınmış və iş materialında olan JN-465 kod 30222048 olan torpağa mülkiyyətə hüququna dair 6,48 ha torpaq sahəsinin dövlət aktı İqtisadiyyat Nazirliyi yanında ƏMDX elektron baza məlumatlarında öz əksini tapmadığından Sumqayıt Apellyasiya Məhkəməsinin 2-1(105)-266/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadındakı sualların cavablandırılması mümkün olmamışdır.
11. Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli rəyindən görünür ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsin Xaçmaz Layihə- Tədqiqat İdarəsi tərəfindən tərtib edilmiş arayışa əsasən məhkəmənin iş materialına əlavə edilmiş İddiaçı adına verilmiş JN-0465 kod 30222048 olan torpağa mülkiyyətə hüququna dair 6,48 ha torpaq sahəsinin dövlət aktı İqtisadiyyat Nazirliyi yanında ƏMDX elektron baza məlumatlarında öz əksini tapmadığından Sumqayıt Apellyasiya Məhkəməsinin 2- 1(105)-266/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadındakı sualların cavablandırılması mümkün olmamışdır.
12. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-11/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadı (sədrlik edən və məruzəçi R.Ə.Ağayev, hakimlər İ.K.Dəmirov və G.F.Tagızadə) ilə iş üzrə əlavə məhkəmə tikinti-texniki və yerququluşu ekspertizası təyin edilmişdir.
13. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli mütəxəssis rəyindən görünür ki, Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-11/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadında qoyulmuş suallara əsasən müəyyən edilmişdir ki: 1. İddiaçı faktiki istifadəsində olan torpaq sahəsinin ölçüləri 4,61 ha təşkil edir. 2. İddiaçı faktiki istifadəsində olan torpaq sahəsi digər şəxslərin hüquqları ilə yüklü deyildir. 3. İddiaçı faktiki istifadəsində olan torpaq sahəsi bələdiyyə mülkiyyətinə aiddir. 4. 0465 kod 30222048 Dövlət Aktında olan koordinatları ilə qismən uyğunluq təşkil edir(sxem tərtib edilib). 5. İddiaçı faktiki istifadəsində olan torpaq sahəsi yeni uçot məlumat bazasına əsasən kənd təsərrüfatı təyinatlı uqodiyası təmiz örüş kimi qeyd olunmuşdur. 6. İddiaçı faktiki istifadəsində olan torpaq sahəsi kənd təsərrüfatı təyinatlı torpaqlara aiddir, yararlıdır. 7. İddiaçı faktiki istifadəsində olan torpaq sahəsi hal-hazırda yeni uçot məlumat bazasına əsasən yararlıdır.
14. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-3/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı (sədrlik edən və məruzəçi R.Ə.Ağayev, hakimlər İ.K.Dəmirov və Z.T.Məmmədov) ilə hazırkı iş üzrə X3 adi cəlb etmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsi qərara alınmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) apellyasiya şikayətinin dəlilləri
15. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, İddiaçı Xaçmaz rayonu, Şollar kəndi ərazisində yerləşən 6.48 ha torpaq sahəsinə JN–465 kod 30222048 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı əsasında dövlət reyestrindən çıxarışın verilməsi ilə bağlı xx.xx.2019-cu il tarixli ərizə ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət etmiş və müraciətə xx.xx.2019-cu il tarixli **********04 nömrəli məktubla cavab olaraq bildirilmişdir ki, JN–465 kod 30222048 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı 5 saylı Xaçmaz Ərazi İdarəsinin elektron baza məlumatlarında və ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən 5 saylı Xaçmaz Ərazi İdarəsinə təhvil verilmiş Dövlət aktlarının qeydiyyatı kitablarında öz əksini tapmamışdır. Bundan əlavə, Xaçmaz rayonu, Şollar bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 14 saylı qərarı ilə iddiaçıya ayrılmış Xaçmaz rayonu Şollar bələdiyyəsi ərazisində yerləşən 6,48 ha torpaq sahəsi kənd təsərrüfatı təyinatlı torpaq sahəsidir. Qeyd edilən torpaq sahəsi isə alqı-satqı predmeti deyildir.
b) apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
16. Apellyasiya şikayətinə qarşı iddiaçı tərəfindən etiraz təqdim edilməmişdir.
c) məhkəmə icraatı iştirakçılarının izahatları
17. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi iddia ərizəsilə eyni məzmunda izahat verərək izahatında əlavə olaraq bildirdi ki, məhkəmə tərəfindən alınmış mütəxəssis rəyilə razı deyillər ona görə ki, suallar ətraflı cavablandırılmamış, torpaq sahəsinin 16 ildən artıq iddiaçının istifadəsində olması, həmin torpaq sahəsinin tam yararlı vəziyyətə iddiaçı tərəfindən gətirilməsi, bunu bütün qonşuluqda yaşayan sakinlərində təsdiq etməsinə baxmayaraq cavabdeh tərəfin təqdim etdiyi rəydə torpaq sahəsinin kənd təsərüfatı təyinatlı örüş sahəsi kimi göstərilməsi əsassızdır. Bundan əlavə qeyd olunan torpaq sahəsi başqa bir şəxsə satılmış və hazırda alıcının nümayəndəsinin təqdim etdiyi ilkin müqavilədə göstərilən öhdəliyin yerinə yetirilməsi üçün iddia tələblərinin təmin edilməsinə dair birinci instansiya məhkəməsinin qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsinə dair qərar qəbul edilməsini xahiş edirlər.
18. Məhkəmə kollegiyasının iclasında 3-cü şəxsin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək onu da qeyd etdi ki, torpaq sahəsinin kənd təsərrüfatına yararlı torpaq kimi göstərilməsi bu gün mümkündür ona görə ki, həmin sahə uzun illər ərzində iddiaçı tərəfindən böyük həcmdə işlər görülməklə, yəni mindən artıq maşın torpaq tökülməklə yararlı hala gətirilmiş və hazırda çoxsaylı ağaclar əkilmiş vəziyyətdədir. Bundan əlavə torpaq sahəsi təmsil etdiyi şəxsə ilkin alqı-satqı müqaviləsi əsasında satılmış, hansı ki, həmin müqaviləyə əsasən torpağa çıxarış alınmaqla nümayəndəsi olan şəxsin adına rəsmiləşdirilməlidir. Hətta həmin torpaq sahəsinin qonşuluğunda olan demək olar ki, bütün torpaq sahələri təmsil etdiyi şəxs tərəfindən alqı-satqı müqavilələri əsasında alınmaqla mülkiyyətlərindədir. Odur ki, iddiaçının Dövlət Aktı əsasında mülkiyyətində olan torpaq sahəsinə dair çıxarışın verilməsinə dair birinci instansiya məhkəməsinin qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətini əsassız hesab edirlər və şikayətin təmin edilməyərək məhkəmə qərarının qüvvədə saxlanılmasını xahiş edirlər.
19. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia ərizəsinə etiraz edərək apellyasiya şikayətində göstərilənlərlə eyni məzmunda izahat verərək onu da vurğuladı ki, məhkəmə sorğusuna əsasən əldə edilmiş mütəxəssis rəyinə əsasən torpaq sahəsi kənd təsərüfatı təyinatlı uqodiyası təmiz örüş kimi qeyd edilən torpaq sahəsi olduğundan və bunun təyinatı dəyişdirilmədən rəsmiləşdirilməklə mülkiyyətə dair çıxarış verilməsinin mümkün olmaması səbəbindən birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş edirlər.
Tədbiq edilən hüquq
20. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.
21. Həmin Məcəllənin 12.2-ci maddəsinə əsasən məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər.
22. Həmin Məcəllənin 12.3-cü maddəsinə əsasən məhkəmə prosesinin iştirakçıları mübahisə ilə bağlı faktiki halların araşdırılmasında və sübutların toplanılmasında məhkəməyə yardım etməyə borcludurlar.
23. Həmin Məcəllənin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur.
24. Həmin Məcəllənin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir.
25. Həmin Məcəllənin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür.
26. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır.
27. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.
28. Həmin Məcəllənin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır.
29. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
30. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.
31. Həmin Məcəllənin 89-cu maddəsinə əsasən bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır.
32. Həmin Məcəllənin 90.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.
33. Həmin Məcəllənin 90.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsində mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatının iştirakçıları yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər.
34. Həmin Məcəllənin 94.1-ci maddəsinə əsasən kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.
35. Həmin Məcəllənin 94.3-cü maddəsinə əsasən bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş məhkəmə qərarından verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin verildiyi gündən 1 ay ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa Ali Məhkəməyə təqdim edilməlidir.
36. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 139. Daşınar və daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. (-). 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. (-). Maddə 139-1. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; (-). 139-1.1.8. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. (-).
37. Torpaq Məcəlləsi: Maddə 8. Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin səlahiyyətləri Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin öz inzibati əraziləri daxilində səlahiyyətləri aşağıdakılardır: qanunvericiliklə müəyyən olunmuş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və həmin torpaqlar barədə sərəncam verilməsi; qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi; (-); hüquqi və fiziki şəxslərin mülkiyyətinə və icarəsinə verilən (satılan) torpaq sahələrinin minimum həddinin müəyyən edilməsi; (-); öz səlahiyyətləri daxilində bələdiyyə torpaqlarından istifadə olunmasına və onların mühafizəsinə nəzarət edilməsi; (-). Maddə 16. Örüş, otlaq və biçənək üçün torpaq sahələrinin istifadəsinin xüsusiyyətləri
1. Yay və qış otlaqları, örüş və biçənək sahələri mülkiyyətində və istifadəsində malqara olan hüquqi və fiziki şəxslərə verilir. Dövlət mülkiyyətində olan yay və qış otlaqları dövlət qoyunçuluq təsərrüfatlarının ehtiyacları da nəzərə alınmaqla, müvafiq icra hakimiyyəti orqanlarının qərarı ilə inzibati-ərazi vahidlərinin istifadəsinə verilir.
2. Yay və qış otlaqları bələdiyyələrin qərarı əsasında qoyunçuluğun inkişafı üçün bələdiyyə mülkiyyətində olan müəssisələrə istifadəyə, digər hüquqi və fiziki şəxslərə isə yalnız icarəyə verilir.
3. Bələdiyyələrin mülkiyyətində olan torpaqlardan əhalinin mal-qarası üçün örüş sahələri ümumi istifadəyə ayrılır, ehtiyat torpaq fondunda qalan örüş və biçənək sahələri qanunvericiliklə müəyyən edilmiş qaydada isə hüquqi və fiziki şəxslərin icarəsinə verilir.
4. Ümumi istifadədə olan örüş sahələri əhalinin istifadəsinə müddətsiz verilir. Yay və qış otlaqları, habelə bələdiyyə ehtiyat fondunun örüş və biçənək sahələri hüquqi və fiziki şəxslərin icarəsinə, bir qayda olaraq, on ildən on beş ilədək verilə bilər. Örüş, otlaq və biçənək sahələrinin icarə müddəti başa çatdıqda, müqavilə qanunvericiliklə müəyyən edilmiş qaydada keçirilən torpaq hərracı və ya müsabiqəsi nəticəsində uzadıla bilər. Yay və qış otlaqlarının, örüş və biçənək sahələrinin istifadəçilərinin və icarəçilərinin mal-qarasının sayı iki dəfədən çox azaldıqda, yaxud heyvanlar tamamilə ləğv edildikdə və ya onların mülkiyyətçisi dəyişdikdə icarə müqaviləsinə və istifadə haqqında qərara qanunvericiliklə müəyyən olunmuş qaydada yenidən baxılır. (-);
6. Yay və qış otlaqlarının əkilməsinə yol verilmir, istifadə edilən sahənin yalnız 3 faizə qədər hissəsində yaşıl yem üçün xəsil əkilə bilər.
7. Hüquqi və fiziki şəxslər yay və qış otlaqlarından, örüş və biçənək sahələrindən səmərəli istifadə etməli, bitki örtüyünü, su mənbələrini, köç yollarını və mal-qara düşərgələrini qoruyub saxlamalı, baytarlıq-sanitariya qaydalarına və digər tələblərə riayət etməlidirlər. Yay və qış otlaqlarında tələbata uyğun olaraq çoban evləri, yataqlar, digər mədəni-məişət və istehsal təyinatlı tikililər (əsaslı tikintilər istisna olmaqla) inşa edilə bilər.
8. Örüş, otlaq və biçənək sahələrinin istifadəyə və icarəyə verilməsi, habelə istifadə edilməsi qaydaları qanunvericiliyə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
38. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanun: Maddə 4. Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin səlahiyyətləri 4.0. Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin öz inzibati əraziləri daxilində səlahiyyətləri aşağıdakılardır: 4.0.1. qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və onlar barədə sərəncam vermək; 4.0.2. müəyyən edilmiş qaydada bələdiyyə torpaqlarını ümumi istifadəyə, bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə, fiziki və hüquqi şəxslərin icarəsinə və Azərbaycan Respublikasının vətəndaşlarının və hüquqi şəxslərinin mülkiyyətinə vermək; (-); 4.0.7. hüquqi və fiziki şəxslərin mülkiyyətinə və icarəsinə verilən torpaq sahələrinin minimum həddini müəyyən etmək; (-); 4.0.9. bələdiyyə torpaqlarından səmərəli istifadə olunmasına və onların mühafizəsinə nəzarət etmək; (-). Maddə 6. Torpaq sahələrinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsinin ümumi qaydaları 6.1. Bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. 6.2. Bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. 6.3. Bələdiyyələrin ehtiyat fondunun kənd təsərrüfatı təyinatlı torpaqları yalnız məqsədli təyinatı üzrə qanunvericilikdə nəzərdə tutulmuş qaydalara əməl edilməklə icarəyə verilir. (-). 6.5. Torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. Torpaqayırma sənədlərinin hazırlanması və razılaşdırılması qaydaları Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edilən əsasnamə ilə tənzimlənir (12 dekabr 2008-ci ilə qədər qüvvədə olan redaksiya). (-). 7.2. Ümumi istifadədə olan küçələrin, meydanların, bələdiyyə yollarının və təsərrüfatdaxili yolların, parkların, meşə parkların, bulvarların, çimərliklərin, sahillərin, keçidlərin, sututarların, stadionların, idman meydançalarının və qəbiristanlıqların altındakı torpaqlar, tarlaqoruyucu meşə zolaqlarının, yerli əhəmiyyətli su təsərrüfatı obyektlərinin, hidrotexniki qurğuların, ümumi istifadədə olan yerli əhəmiyyətli obyekt və qurğuların yerləşdiyi torpaqlar, əhalinin mal-qarası üçün istifadə olunan örüş sahələrinin torpaqları, habelə hüquqi və fiziki şəxslərin istifadəsində və icarəsində olan bələdiyyələrin kənd təsərrüfatı təyinatlı, eləcə də meşə və su fondu torpaqları xüsusi mülkiyyətə verilə bilməz.
39. Azərbaycan Respublikasının 15 mart 2002-ci il tarixli 274-İİQ saylı Qanunu ilə təsdiq edilmiş “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamə: (-). İİ. Bələdiyyə torpaqlarının ayrılması qaydası
5. Bələdiyyələr öz ərazilərində bələdiyyə torpaqlarından həyətyanı sahə və kənd təsərrüfatı məqsədləri üçün, sənaye, nəqliyyat, rabitə və digər obyektlərin, fərdi yaşayış və bağ evlərinin, fərdi və kooperativ qarajların tikintisi, sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədi ilə zəruri tikililərin inşası, habelə inzibati və çoxmənzilli çoxmərtəbəli binaların tikintisi üçün qanunvericiliyə və bu Əsasnamənin 2-4-cü bəndlərinə uyğun olaraq hüquqi və fiziki şəxslərin icarəsinə və Azərbaycan Respublikasının vətəndaşlarının və hüquqi şəxslərinin mülkiyyətinə, həmçinin bələdiyyələrin öz ehtiyaclarını və fəaliyyətlərini təmin etmək üçün torpaq sahəsi ayırırlar. (-).
6. Bələdiyyələr bu Əsasnamənin 5-ci bəndində göstərilmiş məqsədlər üçün torpaq sahələrini ərazinin yerquruluşu-təsərrüfat planına, yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olaraq ayırırlar.
7. Ərazinin planlaşdırılması və tikintisi layihələri olmadıqda, bu Əsasnamənin 5-ci bəndində göstərilmiş obyektlərin yerləşdirilməsi və ya tikintisi üçün, habelə fərdi yaşayış və bağ evlərinin, fərdi və kooperativ qarajların tikintisi zərurəti yarandığı hallarda yeni yaşayış məhəllələrinin salınması üçün bələdiyyələr torpaq sahələrinin seçilməsini və ayrılmasını dəqiqləşdirmək məqsədi ilə ərazinin yerquruluşu-təsərrüfat planı, yaşayış məntəqəsinin baş planı əsasında yaxın dövr üçün şəhərsalma və tikinti normalarına uyğun olaraq ərazinin planlaşdırılması və tikintisi layihələrinin hazırlanmasını və həyata keçirilməsini təşkil edirlər. Bələdiyyələr ərazinin planlaşdırılması və tikintisi layihələrini müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırırlar. Müvafiq icra hakimiyyəti orqanı memarlıq planlaşdırma baxımından obyektlərin yerləşdirilməsinə təklif verə bilər. Torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir. (-)
40. Azərbaycan Respublikası Prezidentinin “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” xx.xx.2001-ci il tarixli 548 nömrəli Fərmanı: (-).
2. Müəyyən edilsin ki: “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 18.6-cı maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir; həmin Qanunun 5.2-ci maddəsində “müvafiq icra hakimiyyəti orqanları” dedikdə yerli icra hakimiyyəti orqanları nəzərdə tutulur; həmin Qanunun 6.5-ci maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin (əvvəllər Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin yerli qurumları) yerli qurumları (kənd təsərrüfatı və qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair), Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi (tikinti məqsədləri üçün ayrılan torpaq sahələrinə (məlumatlandırma icraatı qaydasında yaşayış evlərinin tikintisi üçün ayrılan torpaq sahələri istisna olmaqla) dair) və rayon, şəhər icra hakimiyyəti orqanlarının memarlıq xidmətləri (qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair) həyata keçirirlər.
41. “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 6 may 2002-ci il tarixli 696 saylı Fərmanı: (-).
2. Müəyyən edilsin ki, “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin 7-ci bəndinin ikinci və üçüncü cümlələrində və 24-cü bəndində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini rayon, şəhər icra hakimiyyəti orqanlarının memarlıq xidmətləri həyata keçirirlər; həmin Əsasnamənin 17-ci, 18-ci, 19-cu, 21-ci, 22-ci bəndlərində və 23-cü maddəsinin birinci cümləsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi (əvvəllər Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin yerli qurumları) həyata keçirir; həmin Əsasnamənin 7-ci bəndinin dördüncü cümləsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi (əvvəllər Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin yerli qurumları) (kənd təsərrüfatı və qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair), Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi (tikinti məqsədləri üçün ayrılan torpaq sahələrinə (məlumatlandırma icraatı qaydasında yaşayış evlərinin tikintisi üçün ayrılan torpaq sahələri istisna olmaqla) dair) və rayon, şəhər icra hakimiyyəti orqanlarının memarlıq xidmətləri (qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair) həyata keçirirlər; (-).
42. Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikasının Qanunu: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. 2.3. Daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. 2.4. Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; (-). Maddə 10. Hüquqların dövlət qeydiyyatı üçün sənədlərin təqdim edilməsi 10.1. Hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Ərizədə hüquq əldə edən fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənəd, hüquqi şəxsin isə tam adı, ünvanı, qeydiyyatı haqqında şəhadətnamə, icra hakimiyyəti orqanının tam adı və ünvanı, xahişin məzmunu və əlavə olunan sənədlər göstərilməlidir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 10.2. Qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; (-); 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; (-).
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
43. Məhkəmə kollegiyası hazırkı qərarın 20-30-cu bəndlərində sadalanan prosessual hüquq normalarına əsaslanaraq tərəflərin izahatını və apellyasiya şikayətinin dəlillərini araşdırıb, Ali Məhkəmənin hazırkı iş üzrə qərarında qeyd edilən hüquqi mövqeyini əsas tutaraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv olunaraq iş üzrə yeni qərar qəbul edilməklə iddia tələbi rədd olunmalıdır.
44. Belə ki, iddiaçının məhkəməyə müraciət etməsinin əsası hazırki qərarın 1-2-ci bəndlərində istinad edilən hallarla bağlı olmuş və birinci instansiya məhkəməsi zamanı işə baxılarkən hazırki qərarın 4-cü bəndində şərh edilən nəticəyə gəlinmişdir.
45. Birinci instansiya məhkəməsi mübahisələndirilən qərarını onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. Azərbaycan Respublikasının Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1 və 139.3-cü maddələrinə, Torpaq Məcəlləsinin 66-cı maddəsinin 2-ci bəndinə, 67-ci maddəsinin 1-ci bəndinə, “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci, 2.2-ci, 4.1-ci və 8.0.5-ci maddələrinə əsaslanaraq, məhkəmə tədqiqatı zamanı müəyyən olunduğu kimi Xaçmaz rayonu Şollar bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 14 saylı qərarı ilə Xaçmaz rayonu Şollar bələdiyyəsi ərazisində yerləşən 6.48 hektar torpaq sahəsinin iddiaçıya ayrılması və həmin torpaq sahəsinin iddiaçının adına qeydə alınaraq JN–0465 kod 30222048 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə verilməklə 6.48 ha torpaq sahəsinə iddiaçının mülkiyyət hüququna dair daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsi barədə cavabdehə müraciət etməsini, lakin cavabdehin 29 dekabr 2019-cu il tarixli, **********04 saylı məktubla iddiaçının müraciətinin təmin edilməsindən imtina etməsinin «Hüquqların dövlət qeydiyyatından imtina»-nın əsaslarını özündə ehtiva edən “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsində öz əksini tapan hallardan heç birinin müəyyən olunmamasını qeyd edərək “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsaslanaraq onu da vurğulamışdır ki, hansısa məlumatların, sənədlərin qeydiyyat kitablarında, yaxud elektron baza xəritə (DwJ) məlumatlarında öz əksini tapmaması vətəndaşın deyil, qeydiyyat orqanlarının səhvi olduğundan torpaq sahəsi üzərində iddiaçının hüquqlarının dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxladığından iddia təmin edilməlidir.
46. İşdə olan sənədlərdən aşağıdakılar müəyyən olunur: - “Torpağa mülkiyyət hüququna dair” JN–0465 kod 30222048 saylı Dövlət Aktının surətindən görünür ki, Xaçmaz rayonu Şollar bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 14 nömrəli qərarı Xaçmaz rayonu Şollar kəndi əarzisindən kənd təsərrüfatı məhsulları istehsalı məqsədilə verilmiş 6.48 hektar torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququ xx.xx.2006-cı ildə DT və XK Xaçmaz rayon şöbəsində 1386 saylı nömrə ilə qeydiyyata alınmışdır. - Xaçmaz rayon İcra Hakimiyyəti Xaçmaz rayon Dövlət Arxivinin xx.xx.2020-ci il tarixli 340 saylı məktubundan görünür ki, Sumqayıt Apellyasiya Məgkəməsinin xx.xx.2020-ci il tarixli sorğusuna cavab olaraq bildirilmişdir ki, Xaçmaz rayon Şollar bələdiyyəsinin heç bir il üçün sənədlərinin rayon arxivinə verilməmişdir. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin xx.xx.2021-ci il tarixli **********65 nömrəli məktubla cavab olaraq bildirilmişdir ki, JN–465 kod 30222048 nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”nın verilməsinə əsas olmuş İddiaçı 6.48 ha torpaq sahəsinin ayrılması barədə Xaçmaz rayon, Şollar bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 14 saylı qərarının və qərarının verilməsinə əsas olmuş sənədlər ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən 5 saylı Xaçmaz Ərazi İdarəsinə təhvil verilməmişdir. - Azərbaycan Respublikası Xaçmaz rayonu Susayqışlaq Bələdiyyəsinin xx.xx.2021-ci il tarixli 064 saylı cavab məktubundan görünür ki, vətəndaş İddiaçı 6.48 ha torpaq sahəsinin ayrılması barədə 2014-cü ildə Susayqışlaq Bələdiyyəsinə birləşmiş Şollar bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 14 saylı islas qərarının verilməsinə əsas olan torpaq ayırma sənədləri bələdiyyədə yoxdur. Belə ki, Şollar bələdiyyəsinin 2010-cu ilə qədər olan bütün sənədləri keçmiş Şollar bələdiyyəsi tərəfindən Susayqışlaq Bələdiyyəsinə təhvil verilməmişdir. - Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin xx.xx.2021-ci il tarixli 09/3-47 saylı cavab məktubundan görünür ki, Xaçmaz rayonu Şollar bələdiyyəsinin (2014-cü ildə Susayqışlaq Bələdiyyəsinə birləşmişdir) xx.xx.2006-cı il tarixli, 14 saylı qərarının və qərarın verilməsinə əsas olmuş sənədlər Susayqışlaq bələdiyyəsində mövcud deyil və Dövlət Arxivinə təhvil verilməmişdir. Məlumat üçün bildirilir ki, 2000-2014cü illərdə Şollar bələdiyyəsinin sədri olmuş X4 19 noyabr 2019-cu il tarixdə vəfat etmişdir.
47. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticələrlə razılaşmır və qeyd edir ki, cavabdeh İdarənin imtinasının “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri baxımından əsassız olmasına dair məhkəmənin arqumenti qəbul edilə bilməz ona görə ki, qeyd edilən Qanunun 15-ci maddəsinin 15.1.1-ci bəndi məhz dövlət qeydiyyatı barədə müraciət olunan hüququn həmin qanuna əsasən dövlət qeydiyyatına alınmalı olmaması onu özündə ehtiva edir ki, qeydiyyat orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün istinad edilən Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, həmçinin qanunla müəyyən edilmiş qaydada bələdiyyə orqanları tərəfindən bələdiyyəyə məxsus olan daşınmaz əmlaka dair qəbul edilmiş aktın əlavə olunması zəruridir ki, iddiaçının təqdim etdiyi sənədlərdən isə müəyyən olunur ki, Xaçmaz rayonu Şollar bələdiyyəsi qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və onlar barədə sərəncam vermək hüququ olduğu halda, bələdiyyə mülkiyyətində olan örüş torpaq sahələri əhalinin mal-qarası üçün ümumi istifadəyə ayrılır, ehtiyat torpaq fondunda qalan örüş və biçənək sahələri qanunvericiliklə müəyyən edilmiş qaydada isə hüquqi və fiziki şəxslərin icarəsinə verildiyi halda, bələdiyyə həmin torpaqlara aid edilən örüş torpaq sahəsinin iddiaçıya satılması barədə qərar qəbul etmiş, həmin qərar əsasında iddiaçının adına dövlət aktı tərtib olunmuş, bununla da bələdiyyə hazırkı qərarın 37-38-ci bəndlərində istinad edilən qanunun tələblərini, eyni zamanda hazırkı qərarın 39-40-cı bəndlərində istinad edilən direktiv sənədlərin tələblərini pozmuşdur.
48. Belə ki, İnzabati icraat haqqında Qanunun 65.1.2-ci maddəsinin tələbləri baxımından Xaçmaz rayon Şollar bələdiyyəsi xx.xx.2006-cı il tarixli qərarı ilə mübahisələndirilən torpaq sahəsini iddiaçıya satarkən səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş akt olduğundan həmin inzibati akt etibarsız sayılır və həmin Qanunun 64.4-cü maddəsinin tələbinə uyğun olaraq da etibarsız inzibati aktın hüquqi qüvvəsi yoxdur.
49. Məhkəmə kollegiyası onu da qeyd edir ki, iddiaçı tələbinin əsaslı olmasını hazırkı qərarın 46-cı bəndinin 1-ci abzasında qeyd edilən - “Torpağa mülkiyyət hüququna dair” JN–0465 kod 30222048 saylı Dövlət Aktına əsaslansa da, hazırkı qərarın 13-cü bəndində öz əksini tapan mütəxəssis rəyilə təsdiq edilir ki, İddiaçı faktiki istifadəsində olan torpaq sahəsi bələdiyyə mülkiyyətinə aiddir və yeni uçot məlumat bazasına əsasən kənd təsərrüfatı təyinatlı uqodiyası təmiz örüş kimi qeyd olunmuş kənd təsərrüfatı təyinatlı yararlı torpaq sahəsidir.
50. Azərbaycan Respublikasında dövlət torpaq kadastrının, yerquruluşu və xüsusi (sahəvi) təyinatlı geodeziya işlərinin aparılmasını təmin edən, dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan bütün kateqoriyalı torpaqların elektron uçotunun aparılması və xəritələşdirilməsi yolu ilə avtomatlaşdırılmış torpaq kadastr informasiya sistemini və məlumat bankını yaradan Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti olmaqla həmin Xidmətin elektron baza məlumatlarında olmasa da, iddiaçıya məxsus olduğu iddia olunan Dövlət Aktındakı torpaq sahəsinin iddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin koordinatları ilə qismən uyğunluq təşkil etməsi, eyni zamanda uqodiyası təmiz örüş kimi qeyd edilən torpaq sahəsinin konkret mövcud olmayan qərarla satılmasına əsaslanaraq mülkiyyətə verilməsi təsdiqini tapmadığından məhkəmə kollegiyası həmin sənədi hüquqi əsas kimi qəbul edilməsini mümkün saymır ona görə ki, Torpaq Məcəlləsinin yuxarıda qeyd edilən normasının tələblərindən də göründüyü kimi, əhalinin mal-qarası üçün istifadə olunan örüş sahələrinin torpaqları bələdiyyə mülkiyyətində olmaqla həmin torpaqlar Torpaq Məcəlləsində və digər normativ-hüquqi aktlarda müəyyən olunmuş qaydada yalnız istifadəyə və icarəyə verilə bilər.
51. Hazırkı iş üzrə kassasiya məhkəməsinin qərarında da qeyd edilmişdir ki, mübahisələndirilən torpaq sahəsinin kənd təsərrüfatı məhsullarının istehsalı üçün iddiaçıya satılmasının avtomatik şəkildə həmin torpağın kənd təsərrüfatı təyinatlı olması anlamına gəlməməsi, bu istiqamətdə müvafiq araşdırma aparılmaması olmuşdur ki, bu halla bağlı məhkəmə kollegiyası tərəfindən aparılmış araşdırma zamanı hazırkı qərarın 13-cü bəndində əksini tapan mütəxəssis rəyində mqübahisələndirilən torpaq sahəsinin bələdiyyə torpaqlarına aid olmaqla kənd təsərüfatı təyinatlı uqodiyası təmiz örüş kimi qeyd edilməsi göstərilmişdir.
52. Məhkəmə kollegiyası onu da vurğulamağı zəruri hesab edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına” dair 19 noyabr 2021-ci il tarixli qərarında qeyd etmişdir ki, bələdiyyə tərəfindən torpaqların mülkiyyətə, istifadəyə və icarəyə verilməsi publik-hüquqi fəaliyyətdir və xüsusi sahəvi normativ hüquqi aktlarla tənzimlənməklə “İnzibati icraat haqqında” Qanun ilə nəzərdə tutulmuş qayda və prinsiplərə uyğun olaraq həyata keçirilir. Həmin Qanunun 11.1-ci maddəsinə müvafiq olaraq, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. İnzibati hüququn əsas prinsiplərindən biri olan qanunçuluq prinsipi hüquqi müəyyənlik və hüquqi təhlükəsizliyin təmin edilməsinə yönələrək, inzibati icraatın qanunvericiliyə uyğun aparılmasını tələb edir ki, son nəticədə yekun inzibati akt müvafiq normativ hüquqi aktlarla uyğunluq təşkil etsin. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 58.1-ci maddəsinə müvafiq olaraq, inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir.
53. Kollegiya onu da qeyd edir ki, “İnzibati icraat haqqında” Qanunun 65-ci maddəsi ilə inzibati aktın yararsız (əhəmiyyətsiz) hesab edilməsini şərtləndirən hallar dəqiq müəyyən edilmişdir. Bu halların sırasında müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın etibarsız olması qeyd edilməklə, etibarsız inzibati aktın isə qəbul edildiyi andan yararsız (əhəmiyyətsiz) sayılaraq heç bir hüquqi nəticə yaratmaması vurğulandığından, Xaçmaz rayon Şollar bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 14 nömrəli qərarı ilə iddiaçıya satılmış torpaq sahəsinə dair qəbul etdiyi inzibati akt etibarsız inzibati akt olmaqla qəbul edildiyi andan yararsız (əhəmiyyətsiz) sayılır.
54. Beləliklə, məhkəmə kollegiyası hazırkı qərarın 36 və 42-cı bəndlərində istinad edilən qanun normalarının tələbləri baxımından cavabdeh İdarə tərəfindən iddiaçının mübahisələndirdiyi torpaq sahəsinə dair təqdim etdiyi sənədlərə əsasən torpaq sahəsinin mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtinası qanuni hesab edilməli, bu səbəbdən də, apellyasiya şikayəti təmin edilməklə birinci instansiya məhkəməsinin qərarı ləğv olunmalı və iddia tələbinin rədd olunması barədə yeni qərar qəbul olunmalıdır.
NƏTİCƏVİ HİSSƏ
55. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ :
Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 16 mart 2020-ci il tarixli, 2-1(118)-640/2020 saylı qərarı ləğv edilsin. Yeni qərar qəbul edilsin. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsinə qarşı Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Xaçmaz rayon şöbəsi tərəfindən verilmiş 01 may 2006-cı il tarixli JN–0465 kod 30222048 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən Xaçmaz rayonu Şollar bələdiyyəsi ərazisində yerləşən 6.48 hektar torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və onun adına dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin üzərinə qoyulması dair iddiası rədd edilsin. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.