Məhkəmə qərarları › İş №2-1(105)-30/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-30/2023

02.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-30/2023 02.06.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Cavabdeh1nə qarşı iş üzrə QƏRARİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Zahid Tahir oğlu, hakimlər Qafari Səyyad Ağaəli oğlu və Rzayev Məhəmmədəli Əsəd oğlundan ibarət tərkibdə, X8 qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X2, üçüncü şəxs Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin nümayəndəsi X1, üçüncü şəxs Qobustan Bələdiyyəsinin sədri X3 iştirakı ilə, İddiaçı Cavabdeh1nə qarşı 18 iyun 2019-cu il tarixli 047/1 saylı sərəncamının ləğv olunması tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 27 may 2022-ci il tarixli, 2-1(118)-1888/2022 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları:

1. Qobustan Bələdiyyəsinin 15 may 2006-cı il tarixli, 05 nömrəli qərarına əsasən Qobustan Bələdiyyəsinin alğı-satqı predmeti olan 120 m2 torpaq sahəsinin İddiaçı sahibkarlıq məqsədilə satılması ilə bağlı müsabiqənin keçirilməsi üçün torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınma proseduruna başlanılması qərara alınmışdır.

2. Cavabdeh1 27 oktyabr 2015-ci il tarixli 099 nömrəli Sərəncamı ilə İddiaçı məxsus Qobustan şəhərində yerləşən 192 kv.m ölçüdə Memarlıq və tikinti şöbəsinin təsdiq etdiyi layihə əsasında müasir üslubda sahibkarlıq obyekti tikilməsinə icazə verilmişdir.

3. Cavabdeh1 18 iyun 2019-cu il tarixli, 047/1 saylı Sərəncamı ilə Qobustan rayonu İcra Hakimiyyəti başçısının 27 oktyabr 2015-ci il tarixli 099 nömrəli tikintiyə icazə verən sərəncamının ləğv edilməsi, Qobustan şəhərinin baş planında avtovağzal tikintisi üçün nəzərdə tutulmuş ərazinin boşaldılması məqsədilə həmin ərazidə X5 tərəfindən inşa edilmiş yarımçıq tikilinin sökülüb götürülməsi üçün qanuna müvafiq tədbirlərin görülməsi Cavabdeh1 başçısının Memarlıq və Tikinti Şöbəsinin müdiri - baş memar Məzahir Əliyevə tapşırılmışdır.

Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdehə qarşı iddia qaldıraraq, “cavabdehin 18 iyun 2019-cu il tarixli 047/1 saylı sərəncamının ləğv olunması”nı xahiş etmişdir.

5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1 başçısı 18 iyun 2019-cu iltarixli 047/1 saylı sərəncamı ilə Cavabdeh1 başçısının iddiaçıya müasir üslübda sahibkarlıq obyekti tikilməsinə icazə verilməsi haqqında 27 oktyabr 2015-ci il tarixli 099 saylı sərəncamını ləğv etmiş, 047/1 saylı sərəncamında Qobustan şəhərinin baş planında avtovağzal tikintisi üçün nəzərdə tutulmuş ərazinin boşaldılması məqsədilə həmin ərazidə iddiaçı tərəfindən inşa edilmiş yarımçıq tikilinin sökülüb götürülməsi üçün qanunamüvafıq tədbirlərin görülməsi Cavabdeh1 başçısının memarlıq və tikinti şöbəsinin müdiri baş memar Məzahir Əliyevə tapşırılmış, rayonda tikinti işlərinin aparılması zamanı baş planın tələblərinin pozulması ilə əlaqədar memarlıq və tikinti şöbəsinin müdiri baş memar Məzahir Əliyevə xəbərdarlıq edilmiş, sərəncamın icrasına nəzarət Məzahir Əliyevə tapşırılmışdır. 047/1 saylı sərəncam 18 iyun 2019-cu il tarixdə verilmiş olsa da, iddiaçı həmin sərəncamdan Qobustan rayon İH-nin ona qarşı Qobustan rayon məhkəməsində qanunsuz tikilinin öz hesabına sökülməsi tələbinə dair mülki işə baxılarkən xəbər tutmuş və həmin sərəncamın surətini məhkəmə qətnaməsi çıxarıldıqdan sonra 2019-cu ilin noyabr ayının 11 və ya 12- də İHB-nın aparatının ümumi şöbəsindən ala bilmişdir. İddiaçı bildirmişdir ki, baş memarın məlumatının surətinin ona verilməsindən imtina olunmuşdur. Cavabdeh1 başçısı 18 iyun 2019-cu iltarixli 047/1 saylı sərəncamı Qobustan rayon məhkəməsində iddiaçının zərərinə olan 2(026)-157/2019-saylı qanunsuz, əsassız və ədalətsiz qətnamənin çıxarılmasına əsas olduğu, onun Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsində nəzərdə tutulan hüquqlarımı pozduğu üçün, 047/1 saylı sərəncam tamamilə qanunsuz, əsassız olduğundan iddiaçı məhkəmə qaydasında həmin sərəncamın ləğv olunmasını, pozulmuş hüquqlarının bərpa olunmasından ötrü məhkəməyə müraciət etmək məcburiyyətində olmuşdur. Sərəncamda göstərilir ki, iddiaçı tərəfindən aparılan tikintinin yerləşdiyi torpaq sahəsi Qobustan şəhərinin baş planında avtovağzal tikintisi üçün nəzərdə tutulmuşdur və yarımçıq tikilinin sökülüb götürülməsi üçün qanunamüvafıq tədbirlərin görülməsi rayonun baş memarı Məzahir Əliyevə tapşırılsın. Məhz bu sərəncamdan sonra rayon İH iddiaçıya qarşı rayon məhkəməsində iddia qaldırmışdır. Qobustan rayon İHB-nın 047/1 saylı sərəncamı əsassızdır, ona görə ki, yarımçıq tikilinin sökülməsi tələb olunan torpaq sahəsi Qobustan rayon bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 05 saylı qərarı ilə iddiaçıya ayrılmışdır və rayon İHB xx.xx.2015-ci il tarixli 099 saylı sərəncamı ilə həmin ərazidə İH Başçısı aparatının Memarlıq və tikinti şöbəsinin təsdiq etdiyi lahiyə əsasında müasir üslübda sahibkarlıq obyekti tikilməsinə icazə verilmiş və iddiaçı da baş memarın razılaşdığı lahiyə əsasında tikinti aparmağa başlamışdır. Hər hansı bir şəhərin baş planı bir neçə il üçün yox, uzun müddət üçün şəhərdə aparılacaq tikinti işlərini (onların yerləşdiyi ərazi göstərilməklə) tərtib və təsdiq olunur. Əgər mübahisələndirilən torpaq sahəsi Qobustan şəhərinin baş planında avtovağzal tikintisi üçün nəzərdə tululmuşdursa, Qobustan bələdiyyəsi nə üçün həmin ərazini iddiaçı üçün ayırırdı və Qobustan rayon İHB 099 saylı xx.xx.2015-ci il tarixli sərəncamla o ərazidə ona tikinti aparılmasına icazə verirdi? Qobustan şəhərinin baş planında sonradan dəyişiklik edilərək əvvəlcədən iddiaçıya verilmiş torpaq sahəsində avtovağzal tikilməsi nəzərdə tutulubsa da belə, bu əsasla həmin torpaq sahəsi iddiaçıdan alına bilməz. Çünki Azərbaycan Respublikası MM-nin 246-cı maddəsi,“Dövlət ehtiyacları üçün torpaq sahəsinin alınması haqqında” Qanunun 3.1-ci maddəsində torpağın alına biləcəyi dövlət ehtiyaclarının konkret siyahısı göstərilib və avtovağzal tikintisi həmin siyahıya aid deyildir. Həmin Qanunun 3.2-ci maddəsində göstərilir ki torpaqlar dövlət ehtiyacları üçün yalnız bu Qanununda nəzərdə tutulmuş hallarda alına bilər. Qobustan rayonu 29 ildir ki yaradılmışdır. Avtovağzal tikintisi şəhərin baş planında nəzərdə tululmuş olsaydı, belə mühüm obyekt bu uzun müddət ərzində niyə tikilməmişdir? Qobustan şəhərinin baş planında mübahisələndirilən torpaq sahəsi sərəncamda göstərildiyi kimi avtovağzal üçün nəzərdə tulumuşdusa, Baş plan rayon məhkəməsinə təqdim olunmalı idi. Lakin məhkəməyə nəinki baş plan, avtovağzal tikintisi nəzərdə tutulan heç bir sənəd təqdim olunmamışdır. İddiaçının atasının vəfat etdiyi 10 noyabr 2018-ci ilin səhəri günü İH başçısı iddiaçını çağırmış və tikilini müavini Təranə adlı xanımla şərikli davam etdirib şərikli işlətməyi təklif və tələb etmişdir. İddiaçı gələcək təzyiqləri nəzərə alıb razılıq vermişdir. Təranənin əri ilə tikiliyə baxmağa getmiş, iddiaçı tikiliyə çəkilən xərcin məbləğini yarısını ondan istəmişdir. Həmin adam axşam zəng edəcəyini demişdir. Zəng etməmiş və bundan sonra başçı və baş memar tikilinin çəkilən Bakı-Şamaxı avtomobil yolunun mühafizə zolağına düşüb-düşməməsi aydınlaşana kimi tikintini davam etdirməyə iddiaçıya imkan verməmişdirlər. Atasının ölümündən sonra tikinti apardığı ərazinin gah meşə fonduna aid olduğu, gah Bakı-Şamaxı avtomobil yolunun mühafizə zolağına düşdüyü bəhanəsi ilə iddiaçıya tikinti davam etdirməyə imkan verməmişdirlər, həm də başçının tikintini müavini ilə şərikli tikib işlətməyi təklifindən sonra iddiaçı başa düşmüşdür ki, avtovağzal bəhanədir, torpağı özləri üçün əlindən almaq istəyirlər və bu reyde basqınına “qanuni” don geyindirmək üçün 047/1 saylı sərəncam və Qobustan rayon məhkəməsində çıxartdıqları 2(026)-157/2019 saylı qətnamə ortaya çıxmışdır. Qobustan rayon İH Başçısının 047/1 saylı sərəncamı qanunsuzdur, ona görə ki, 1.Sərəncamda Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 77.1 və 95.1.1-ci maddələrinə istinad olunmuşdur. Həmin Məcəllənin 77.1-ci maddəsində nəzərdə tutulur ki, icazənin verildiyi vaxtdan 3 il ərzində tikintiyə başlanılmadığı və ya tikinti 3 il ərzində dayandırıldığı hallarda, tikintiyə icazə qüvvəsini itirir. 2015-ci ildə tikintinin başlanmasına icazə aldıqdan sonra ona verilmiş torpaq sahəsi 4 metr dərinliydə çuxur olduğundan həmin əraziyə təxminən 300 ağır yüklü avtomaşın torpaq tökdürmüşdür, tökmə torpağın mexaniki vasitələrdən başqa təbii yolla da bərkiməsini gözləmişdir. Adi tikintidən fərqli olaraq binanın bünövrəsini daha çox karkaz və beton işlədilmişdir və ən əsası isə iddiaçının tikintinin davam etdirməsinə rayon rəhbərliyi mane olmuşdur. Həmçinin, iddiaçıya Cavabdeh1 müvafiq sərəncamına əsasən maddi ziyan dəymiş və onun hüquqları kobud şəkildə pozulmuşdur.

Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri

6. Cavabdeh inzibati orqan iddia tələbinə etiraz edərək bildirmişdir ki, Qobustan şəhər sakini İddiaçı Ayət oğlu tərəfindən Bakı-Şamaxı avtomobil yolunun sağ tərəfində Qobustan şəhəri ərazisində tikinti aparıldığı aşkarlanmışdır. Həmin əraziyə baxış keçirilərkən vətəndaş tərəfindən qanunsuz olaraq Qobustan şəhərinin Baş planında avtovağzal tikintisi üçün nəzərdə tutulmuş torpaq sahəsində tikinti apardığı müəyyən edilmişdir. Vətəndaşdan tikinti aparmaq üçün lazımı sənədlər təqdim etməsi tələb olunmuşdur. Lakin, vətəndaş tikinti aparılan torpaq sahəsinə aid olmayan başqa əraziyə aid olan sənədlər təqdim etmişdir. Vətəndaşın təqdim etdiyi sənədlər tikinti apardığı ərazidən 70 metr cənubda yerləşən torpaq sahəsinə aid olduğu müəyyən edilmişdir. Vətəndaşa onun tərəfindən tikinti aparılan torpaq sahəsinin Qobustan şəhərinin Baş planında avtovağzal tikintisi üçün nəzərdə tutulmuş torpaq sahəsi olduğu bildirilmişdir. Vətəndaşa dərhal tikintinin saxlanması üçün məlumat verilmişdir. Vətəndaşdan ərazini əvvəlki vəziyyətə gətirilməsi tövsiyyə olunmuş və akt tərtib edilmişdir. Tərəflərindən dəfələrlə adı qeyd olunan vətəndaşa zəbt olunmuş torpaq sahəsini boşaldaraq ərazini əvvəlki vəziyyətə gətirməsi bildirilsə də, vətəndaş bu bildirişlərə məhəl qoymamışdır. Həmin tikilinin qanunsuz olaraq (zəbt olunmuş) tutulmuş torpaq sahəsi üzərində tikildiyi, bununla Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 48, 49, 55, 60, 64, 67-ci maddələrinin tələblərinin pozulduğu, həmin Məcəllənin 73-cü maddəsinin birinci bəndinin 1, 4, 6, 7 və 9-cu abzaslarının tələblərinə uyğun olaraq torpaqdan düzgün istifadə olunmamasını nəzərə alaraq, qanunsuz zəbt olunan torpaq sahəsi boşaldılması və həmin torpaq sahəsi üzərində tikilmiş qanunsuz tikilinin sökülməsinin təmin olunması məqsədi ilə Qobustan Rayon Məhkəməsinə müraciət olunmuşdur. Qobustan Rayon Məhkəməsi onların haqlı olduğunu və İddiaçı verilmiş 27 oktyabr 2015-ci il tarixli Sərəncam təyinatı üzrə aparılmadığı üçün 18 iyun 2019-ci il tarixli 047/1 nömrəli sərəncamla ləğv edilməsini nəzərə alaraq İddiaçı tərəfindən aparılmış tikintinin sökülməsi ilə bağlı 2(026)-157/2019 saylı qətnamə çıxarmışdır.

İş üzrə qəbul edilmiş məhkəmə aktları:

7. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, Cavabdeh1 18 iyun 2018-cu il tarixli, 047/1 saylı Sərəncamı ləğv edilmişdir.

8. Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli qərardadı ilə cavabdehin apelyasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ləğv edilmiş, iş yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilmişdir.

9. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadı qüvvədə saxlanılmışdır.

10. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadı ilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır.

11. Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli qərardadı ilə iddiaçının apelyasiya şikayəti təmin edilərək Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ləğv edilmiş, iş mahiyyəti üzrə baxılması üçün həmin məhkəməyə göndərilmişdir.

12. Sumqayıt İnzibati Məhkəməsinin 27 may 2022-ci il tarixli, 2-1(118)-1888/2022 nömrəli qərarı ilə iddia təmin edilməmişdir.

13. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Cavabdeh1 başçısının 18 iyun 2019-cu il tarixli 047/1 saylı sərəncamı qəbul edərkən inzibati icraat haqqında hüquq normalarının tələbləri pozulmamışdır.

14. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti vermərək qərarın ləğv olunması və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinin dəlilləri:

15. Apellyasiya şikayətində göstərilir ki, tikilinin sökülməsi tələb olunan torpaq sahəsi Qobustan rayon bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 05 saylı qərarı ilə ona ayrılmışdır və rayon İHB xx.xx.2015-ci il tarixli 099 saylı sərəncamı ilə həmin ərazidə İH Başçısı aparatının Memarlıq və tikinti şöbəsinin təsdiq etdiyi layihə əsasında müasir üslubda sahibkarlıq obyekti tikilməsinə icazə verilmiş və o, da baş memarın razılaşdığı layihə əsasında tikinti aparmağa başlamışdır. Hər hansı bir şəhərin baş planı bir neçə il üçün yox, uzun müddət üçün şəhərdə aparılacaq tikinti işlərini (onların yerləşdiyi ərazi göstərilməklə) tərtib və təsdiq olunur. əgər mübahisələndirilən torpaq sahəsi Qobustan şəhərinin baş planında avtovağzal tikintisi üçün nəzərdə tutulmuşdursa, Qobustan bələdiyyəsi nə üçün həmin ərazini boş ərazi kimi ona ayırırdı və Qobustan rayon İHB 099 saylı xx.xx.2015-ci il tarixli sərəncamla o ərazidə tikinti aparılmasına icazə verirdi? Qobustan şəhərinin baş planında sonradan dəyişiklik edilərək əvvəlcədən ona verilmiş torpaq sahəsində avtovağzal tikilməsi nəzərdə tutulubsa da belə, bu əsasla həmin torpaq sahəsi ondan alına bilməz. Çünki Azərbaycan Respublikası MM-nin 246-cı maddəsi, “Dövlət ehtiyacları üçün torpaq sahəsinin alınması haqqında” Qanunun 3.1-ci maddəsində torpağın alına biləcəyi dövlət ehtiyaclarının konkret siyahısı göstərilib və avtovağzal tikintisi həmin siyahıya aid deyildir. Həmin Qanunun 3.2-ci maddəsində göstərilir ki torpaqlar dövlət ehtiyacları üçün yalnız bu Qanununda nəzərdə tutulmuş hallarda alına bilər. Qobustan rayonu 29 ildir ki, yaradılmışdır. Avtovağzal tikintisi şəhərin baş planında nəzərdə tutulmuş olsaydı, belə mühüm obyekt bu uzun müddət ərzində niyə tikilməmişdir? Qobustan şəhərinin baş planında mübahisələndirilən torpaq sahəsi sərəncamda göstərildiyi kimi avtovağzal üçün nəzərdə tutulmuşdusa, Baş plan rayon məhkəməsinə təqdim olunmalı idi. Lakin məhkəməyə nəinki baş plan, avtovağzal tikintisi nəzərdə tutulan heç bir sənəd təqdim olunmamışdır. Qobustan şəhərində, Şamaxı-Bakı yolunun sağ hissəsində ona ayrılmış 192 kv.m torpaq sahəsində tikinti işinin aparılmasına əsas Cavabdeh1 Başçısının 27 oktyabr 2015-ci il tarixli 099 saylı sərəncamı olmuşdur. Müvafiq razılaşmalar alındıqdan sonra eskiz layihəsi əsasında həmin ayrılan sahədə tərəfindən tikinti işi aparılmış, qeyd edilən ərazi tikinti üçün nahamar olduğundan 300 yük maşını ilə həmin sahəyə torpaq tökülmüş və yararlı bir vəziyyətə gətirilmişdir. Tikilinin özülü dəmir karkaslarla atılmış, 30 kub-a yaxın beton tökülmüş və 5 lay qoşa mişar daşından hörgü işləri aparılmışdır. Lakin həmin ərazidə qanuni əsaslarla tikinti işi aparmağına və bunun üçün böyük məbləğdə vəsait sərf etməyinə baxmayaraq buna rəsmi qaydada icazəsi alınmış Cavabdeh1 tikintinin dayandırılmasına göstəriş vermiş və bu əsassız tələbini bir neçə bəhanələr gətirməklə izah etməyə çalışmışdır. Ona ünvanladıqları cavabları da birbirindən fərqli olmuşdur. Belə ki, birinci cavablarında həmin ərazinin guya meşə fonduna düşdüyü, digər cavabda isə bu sahənin Bakı-Qazax yolunun mühafizə zolağına düşdüyü bildirilir. Lakin bir neçə müddətdən sonra isə verdikləri cavablarından isə belə aydın olur ki, guya 90-cı illərdə Qobustan rayonu ayrıca inzibati rayon statusu aldığı vaxt tərtib edilmiş plana əsasən həmin ərazi Avtovağzal kompleksi üçün nəzərdə tutulubmuş. Lakin faktiki olaraq bütün bunlar bir bəhanə olmuş, burada şəxsi maraqlar əsas götürülmüşdür. Məhz bu maraqlar baxımından çıxış edən Cavabdeh1 onun xəbəri olmadan 18 iyun 2018-ci ildə 047/1 saylı sərəncam verməklə əvvəlki-ona tikintiyə icazənin verilməsini nəzərdə tutan 27 oktyabr 2015-ci il tarixli 099 saylı sərəncamı ləğv etmiş və bunu AR Şəhərsalma və Tikinti Məcəlləsinin 77.1 və 95.1.1-ci maddələri ilə əsaslandırmışdır. Həmin normaya görə guya o, qeyd edilən ərazidə vaxtında tikinti işi aparmamışdır. Halbuki bu ərazidə magistral yol çəkilişi 2016-cı ildən 2018-ci ilədək aparılmış və bu səbəbdən də ona tikinti aparmağa icazə verilməmişdir. Bildirilmişdir ki, həmin yol tikintisi başa çatdıqdan sonra o tikintini apara bilər. Bundan başqa həmin ərazidə tikinti işlərinə 2018-ci ildə yolun salınması başa çatdıqdan sonra başlamış və təxminən 8 ay həmin ərazidə işlər getmişdir. Qeyd edilən ərazi cavabdeh təşkilatın və bələdiyyə nümayəndələrinin gündəlik işə gediş-gəliş yolları olduğu halda bu 8 ay ərzində bir dəfə də olsun ona onlar tərəfdən xəbərdarlıq edilməmiş, əksinə tikinti başlayan vaxt şəxsən icra başçısı Adil Məmmədov gələrək ona xeyir-dua vermişdir. Lakin icra hakimiyyətinin vermiş olduğu öz sərəncamını 3 ildən sonra birtərəfli olaraq ləğv etməsi qanuna zidd olmuş, digər tərəfdən bu tikinti işlərinin bir qədər ləngiməsi üzürlü səbəblərlə bağlı idi. Bu hallar da məhkəmə araşdırması zamanı öz təsdiqini tapmışdır. Əgər qarşı tərəf tikinti işlərinin ona ayrılan sahədə deyil, bir qədər başqa sahədə aparıldığını bildirirsə, əvvəla bunu sübut etməlidir, digər tərəfdən bu məsələyə də artıq baxılmış və aydınlıq gətirilmişdir, belə ki, AR DƏDRX-nin 2 saylı Ərazi İdarəsinin nümayəndələri həmin əraziyə dəvət edilmiş və JPS qurğusu vasitəsilə əraziyə baxış keçirilmiş və müəyyən olunmuşdur ki, Qobustan rayon Bələdiyyəsinin qərarına əsasən ona tikinti üçün ayrılan torpaq sahəsi ilə faktiki tikinti gedən sahə üst-üstə düşür, yəni burada zəbt olmadan söhbət gedə bilməz və bu barədə məhkəməyə rəsmi arayış da təqdim olunmuşdur. Bundan başqa “Avtomobil Yolları” Dövlət Agentliyi də iş üzrə üçüncü şəxs qismində cəlb edilmiş və bu təşkilat da həmin obyektin mühafizə zolağına düşmədiyini bildirmişdir. Şikayətdə daha sonra birinci instansiya məhkəməsinin qərarının əsaslandırılma hissəsinə istinad edilərək göstərilir ki, məhkəmənin mübahisəyə bu qaydada yanaşması onun birtərəfli mövqe tutmasına dəlalət edir, sərəncam verilərkən iddiaçı torpaq sahəsinin ona ayrılması ilə bağlı bütün sənədləri cavabdehə təqdim etmiş, həmin yerə baxış keçirilmiş və tikiləcək qeyri-yaşayış sahələrinin eskiz layihələri tərtib olunmuşdur. İddiaçı apellyasiya şikayətində daha sonra göstərir: “...hətta deyək ki, inzibati orqan sərəncamı düzgün verməmişdir, bunun üçün mənmi əziyyət çəkməliyəm, mənim həmin əraziyə çəkdiyim xərclər, vəsaitlər necə olmalıdır, məhkəmə bu halları, qarşı tərəfin dövlət orqanı olması və səlahiyyətindən sui-istifadə etməklə sərəncam verilərkən təqdim etdiyim sənədləri məhkəməyə təqdim etməməsi, gizlətməsi bu gün mənim bu cür ağır itkilərə və maddi problemlərlə üzləşməyimə səbəb olmuşdur. 2015-ci ildə sərəncam verərək mənim mənə ayrılan torpaq sahəsində tikinti işləri aparmağıma razılıq verən də cavabdehdir və həmin sərəncamı ləğv edən, mənə nəticədə külli miqdarda ziyan vuran da. Belə olan təqdirdə bu ziyan mənə kim tərəfindən qaytarılmalıdır?”

Məhkəmə icraatı iştirakçılarının izahatları

16. İddiaçı apellyasiya şikayətini müdafiə edib onun təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi.

17. Cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edib təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

18. Üçüncü şəxs Qobustan Bələdiyyəsinin sədri apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

19. Üçüncü şəxs Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin nümayəndəsi apellyasiya şikayətinin təmin olunub-olunmamasının məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir.

Tətbiq edilən hüquq

20. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsi: Maddə 75. Tikintiyə icazə verilməsinin ümumi qaydaları (iddiaçıya müvafiq tikintinin aparılmasına icazə verildiyi xx.xx.2015-ci il tarixdə qüvvədə olan, 05 mart 2019cu il tarixli Qanunla edilmiş dəyişkliyə qədər olan redaksiyada): 75.1. Barəsində icazə tələb olunan tikinti şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə zidd olmadığı təqdirdə, müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum (reklam qurğularının tikintisinə istisna olmaqla) tərəfindən tikintiyə icazə verilməlidir. Reklam qurğularının tikintisinə icazənin verilməsi qaydası bu Məcəllənin 81-ci maddəsi ilə müəyyən edilir. Tikintiyə icazə müvafiq tikinti ərazisi üçün qüvvədə olan müfəssəl plan əsasında verilir. Belə plan olmadıqda və ya onun müddəti bitdikdə, tikintiyə icazə verilməsinin mümkünlüyü bu Məcəllənin 11-ci maddəsinə, o cümlədən ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl qaydalara və yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtlərinə əsasən yoxlanılır. 75.1-1. Sifarişçi tikintiyə icazə üçün müraciət etməzdən əvvəl tikinti aparmaq istədiyi ərazidə aparılacaq tikintinin icazə verilən parametrlərini (ərazinin tikinti əmsalı, ərazinin tikinti sıxlığı əmsalı, tikinti obyektlərinin hündürlüyü və s.) öyrənmək məqsədi ilə obyektin təyinatını göstərməklə sorğu ilə müvafiq icra hakimiyyəti orqanına və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma müraciət edə bilər. Həmin müraciətə 10 gün müddətində əsaslandırılmış cavab verilməlidir. 75.2. Sifarişçi tikintiyə icazə almaq üçün müvafiq icra hakimiyyəti orqanına və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma ərizə ilə müraciət edir. Ərizəyə aşağıdakı sənədlər əlavə olunur: 75.2.1. torpaq sahəsi üzərində tikinti aparılmasına səlahiyyət verən mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənədin surəti; 75.2.2. tikinti layihəsi; 75.2.3. sifarişçi hüquqi şəxs olduqda, hüquqi şəxslərin dövlət reyestrindən çıxarışın surəti fiziki şəxs olduqda, şəxsiyyətini təsdiq edən sənədin surəti. 75.3. Müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum tikintiyə dair ərizənin və tikinti layihəsinin təqdim edildiyi vaxtdan 3 iş günü, ekspertizadan keçirilməsi tələb olunmayan tikinti layihələrinə münasibətdə isə 2 iş günü ərzində bu Məcəllənin 75.2-ci maddəsində nəzərdə tutulmuş sənədlərin tamlığını yoxlayır. Sənədlər tam təqdim olunmadıqda, müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum onların tamamlanması üçün zəruri hərəkətlər barədə ərizəçiyə dərhal məlumat verir və bu məqsədlə 10 gün müddət təyin edir. Sənədlərin tamlığının təmin edilməməsinin hüquqi nəticələri ərizəçiyə izah olunur. 75.4. Tikintiyə dair sənədlərin tamlığı təmin edildikdən sonra, müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum tikintiyə icazə ilə fəaliyyət sferasına (maraqlarına) toxunulan və müvafiq icra hakimiyyəti orqanı tərəfindən tikintinin təyinatına uyğun olaraq müəyyən edilən aidiyyəti qurumlara rəy bildirilməsi üçün sorğu göndərir. Həmin sorğuya layihəsi ekspertizadan keçirilməsi tələb olunan obyektlərə münasibətdə 15 gün, layihəsi ekspertizadan keçirilməsi tələb olunmayan obyektlərə münasibətdə 5 gün müddətində rəy bildirilməlidir. Bu müddət ərzində aidiyyəti qurumlar tərəfindən rəy bildirilmədikdə, müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum iradların olmaması prezumpsiyasından çıxış edir. 75.4-1. Müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum layihəsi ekspertizadan keçirilməsi tələb olunmayan tikintiyə dair ərizəyə aidiyyəti qurumlardan daxil olmuş rəyləri nəzərə almaqla 15 iş günü müddətində baxır və tikintiyə icazə verilməsi və ya icazə verilməsindən imtina edilməsi barədə qərar qəbul edir. 75.5. Sənədlərin tamlığı təmin edildikdən sonra müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum layihəsi ekspertizadan keçirilməsi tələb olunan tikintiyə icazə icraatı çərçivəsində tikinti layihələrini ekspertizadan keçirilməsi üçün ekspertiza müəssisəsinə göndərir. 75.6. Müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum layihəsi ekspertizadan keçirilməsi tələb olunan tikintiyə dair ərizəyə aidiyyəti qurumlardan daxil olmuş rəyləri nəzərə almaqla 1 ay (bu Məcəllənin 90.2-ci maddəsində ekspertiza müddətinin uzadılması üçün nəzərdə tutulan hallar istisna olmaqla) müddətində baxır və tikintiyə icazə verilməsi və ya icazə verilməsindən imtina edilməsi barədə qərar qəbul edir. Şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə əməl olunmasını təmin etmək məqsədi ilə tikintiyə icazədə siyahısı və tətbiqi halları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən əlavə şərtlər də nəzərdə tutulur. 75.7. Tikintiyə icazə verildiyi halda tikintiyə icazənin surəti, habelə tikinti layihəsinin bir nüsxəsi ərizəçiyə təqdim edilir və belə icazə tikinti işlərinə başlanması üçün əsas hesab olunur. Tikintiyə icazədə tikintiyə başlanılması üçün siyahısı və tətbiqi halları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunan əlavə şərtlər nəzərdə tutulduğu hallarda həmin əlavə şərtlərin yerinə yetirilməsindən sonra ərizəçiyə xüsusi nişan təqdim edilir və bu halda tikinti işlərinin başlanmasına əsas xüsusi nişan hesab edilir. Tikintiyə icazənin, xüsusi nişanın forma və məzmunu müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Tikinti işlərinin başlanması üçün əlavə şərtlər olduqda, tikintiyə icazədə mütləq göstərilməlidir. Bu Məcəllənin 75.3-cü maddəsinə uyğun olaraq sənədlərin tamamlanması üçün zəruri hərəkətlər barədə ərizəçiyə məlumat verildiyi gündən sənədlərin tamlığı təmin edildiyi günədək olan müddət tikintiyə icazə icraatı üçün nəzərdə tutulmuş müddətə daxil edilmir. 75.8. Tikintiyə icazədən irəli gələn hüquq və vəzifələr sifarişçinin hüquqi varislərinə də şamil olunur. 75.9. Tikintiyə icazə barədə qərarın əsli və tikinti layihəsinin bir nüsxəsi müvafiq icra hakimiyyəti orqanında və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumda saxlanılır. Bu qayda barəsində məlumatlandırma icraatının aparıldığı obyektlərin tikinti layihəsinə də şamil edilir. 75.10. Tikintiyə icazə verən müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum icazədə nəzərdə tutulmuş məlumatları 3 iş günü müddətində vahid informasiya təminatı sisteminin tərkib hissəsi olan Tikintilərin Dövlət reyestrinə təqdim edir. Həmin məlumatlar 3 iş günü ərzində Tikintilərin Dövlət reyestrinin internet səhifəsində yerləşdirilir. 75.11. Tikintiyə və tikinti obyektinin istismarına icazələrin verilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilir.

21. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə. 2.0.2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; Maddə. 2.0.10. əlverişli inzibati akt - maraqlı şəxsə hüquq verən və ya onun hüququnu təsdiq edən, yaxud onun üzərinə qoyulmuş vəzifəni (vəzifələri) götürən akt; Maddə 67. Qanunsuz inzibati aktın ləğv olunması 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. 67.4. Qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. 67.5. Maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. 67.6. Maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. 67.7. Bu Qanunun 67.6-cı maddəsində göstərilən hallarda qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Bu zaman maraqlı şəxs xərclənmiş pul vəsaitlərinin və ya istifadə olunmuş əşyanın əvəzini ödəməyə borcludur. Ödəmənin həcmi Azərbaycan Respublikası Mülki Məcəlləsinin əsassız varlanma ilə bağlı müddəalarına uyğun olaraq müəyyən edilir. 67.8. Başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vuran qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırmır. 67.9. Maraqlı şəxsin etimadı qanunla qorunduğu hallarda, bu Qanunun 67.8-ci maddəsinə əsasən ləğv olunmuş inzibati aktın məzmununa etimad göstərməsi səbəbindən həmin şəxsə vurulmuş maddi ziyana görə ona kompensasiya ödənilməlidir. Kompensasiya maraqlı şəxsin müraciətinə əsasən ödənilir. 67.10. Maraqlı şəxsə ödəniləcək kompensasiyanın həcmi qanunsuz inzibati aktı ləğv etmiş orqan tərəfindən müəyyən olunur və həmin şəxsə vurulmuş real ziyanın həcminə mütənasib olmalıdır. 67.11. Maraqlı şəxs 1 il ərzində kompensasiyanın ödənilməsini tələb edə bilər. Müddətin axımı qanunsuz inzibati aktın ləğv olunması haqqında maraqlı şəxsə bu Qanunla müəyyən olunmuş qaydada məlumat verildiyi gündən başlayır. 67.12. Qanunsuz inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Həmin qayda bu Qanunun 67.6.1-ci maddəsində nəzərdə tutulmuş hallara şamil olunmur. 67.13. Qanunsuz inzibati aktın ləğv edilməsi haqqında maraqlı şəxsə bu Qanunun 62-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir.

22. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 69.4. Məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Cavabdehin iddianı qəbul etdiyi hallarda, qərarın əsaslandırma hissəsində yalnız iddianın cavabdeh tərəfindən qəbul edildiyi onun məhkəmə tərəfindən təsdiq olunduğu göstərilə bilər. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 32. Mübahisələndirmə haqqında iddia 32.1. Mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Maddə 70. Mübahisələndirmə haqqında iddiaya dair məhkəmə qərarı 70.1. İnzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

23. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apelyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi

24. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

25. Hazırkı mübahisənin predmeti Cavabdeh1 başçısının 18 iyun 2019-cu il tarixli 047/1 saylı sərəncamının ləğv olunması barədədir. Mübahisələndirilən həmin inzibati aktla inzibati orqan Cavabdeh1 özünün iddiaçı üçün əlverişli inzibati akt olan xx.xx.2015-ci il tarixli 099 nömrəli sərəncamını ləğv etmişdir.

26. İddiaçının iddiasını təmin etməyən birinci instansiya məhkəməsi qərarını onunla əsaslandırmışdır ki, Cavabdeh1 099 nömrəli xx.xx.2015-ci il tarixli Sərəncamında mübahisə predmeti olan torpaq sahəsinin İddiaçı məxsus olmasının göstərilməsinə baxmayaraq həmin torpaq sahəsinin İddiaçıla bağlı heç bir bağlılığı yoxdur. Azərbaycan Respublikasının “Şəhərsalma və Tikinti Məcəlləsi”nin 75.3.1-ci maddəsinə əsasən tikintiyə icazə almaq üçün müvafiq icra hakimiyyəti orqanına (quruma) ərizə ilə müraciət edilərkən ərizəyə torpaq sahəsi üzərində tikinti aparılmasına səlahiyyət verən mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənədin surəti və tikinti layihəsi təqdim edilməlidir. Lakin Qobustan rayon Dövlət Arxivinin məhkəməyə təqdim etdiyi 18 yanvar 2022-ci il tarixli 001 saylı məktubundan məlum olmuşdur ki, Cavabdeh1 099 nömrəli xx.xx.2015-ci il tarixli Sərəncamının verilməsi əsas olmuş sənədlər arxivdə mövcud deyil. Tələb olunan sənədlərin müvafiq sərəncamın verilməsi zamanı təqdim edilməməsi həmçinin işin araşdırılan hallarından məlum olmuşdur. Göründüyü kimi Cavabdeh1 099 nömrəli xx.xx.2015-ci il tarixli Sərəncamı özü özlüyündə qanunsuz inzibati aktdır.

27. Birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşan məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, Şəhərsalma və Tikinti Məcəlləsinin istər istinad edilən 75.3.1-ci maddəsi, istərsə də iddiaçıya müvafiq tikintinin aparılmasına icazə verildiyi xx.xx.2015-ci il tarixdə qüvvədə olan 75.2.1-ci maddəsinin tələbinə görə tikintiyə icazə almaq üçün sifarişçi tikintinin həyata keçiriləcəyi torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənədi təqdim etməlidir. Lakin iş materiallarında belə bir sənəd mövcud deyildir, eyni zamanda iddiaçı da inşasına başladığı tikiliyə dair mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən hər hansı sənədi məhkəmə araşdırması zamanı təqdim etməmişdir. İddiaçının istinad etdiyi Qobustan Bələdiyyəsinin 15 may 2006-cı il tarixli, 05 nömrəli qərarı yalnız Qobustan Bələdiyyəsinin alğı-satqı predmeti olan 120 m2 torpaq sahəsinin İddiaçı sahibkarlıq məqsədilə satılması ilə bağlı müsabiqənin keçirilməsi üçün torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınma proseduruna başlanılması barədədir və hazırkı prosesə üçüncü şəxs qismində cəlb edilmiş Qobustan Bələdiyyəsinin səlahiyyətli nümayəndəsinin izahatlarından müəyyən olunur ki, həmin torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınması baş tutmadığından torpaq sahəsinin iddiaçıya satılması da mümkün olmamış, sonradan iddiaçının müraciəti əsasında ona digər ərazidən 0.12 ha torpaq sahəsi icarəyə verilmişdir ki, iddiaçının tikinti apardığı torpaq sahəsi də icarəyə verilmiş torpaq sahəsində yerləşmir.

28. “İnzibati İcraat Haqqında” qanunun yuxarıda istinad edilən 67-ci maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır.

29. Beləliklə, Cavabdeh1 099 nömrəli xx.xx.2015-ci il tarixli Sərəncamı qəbul eilən zaman inşası nəzərdə tutulan qeyri-yaşayış obyektinin yerləşdiyi torpaq sahəsinə dair iddiaçının mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən hər hansı sənəd mövcud olmadığından maddi hüquq normasının, yəni Şəhərsalma və Tikinti Məcəlləsinin həmin zaman qüvvədə olan 75.2.1-ci maddəsinin tələbləri pozulmuşdur ki, bu da həmin qanunsuz inzibati aktın onu qəbul etmiş inzibati orqan - Cavabdeh1 tərəfindən ləğv edilməsi üçün hüquqi əsas qismində çıxış edir. Kollegiya eyni zamanda “İnzibati İcraat Haqqında” qanunun yuxarıda istinad edilən 67.5 və 67.6.2-ci maddələrinin məzmunu baxımından hesab edir ki, iddiaçı ona tikintiyə icazə verilməsinə dair səhv məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduğundan ona münasibətdə qanunsuz əlverişli inzibati akt olan Cavabdeh1 099 nömrəli xx.xx.2015-ci il tarixli Sərəncama münasibətdə etimadın qorunması hüququna istinad edə bilməz.

30. Qeyd olunanlara əsasən kollegiya bu nəticəyə gəlir ki, Cavabdeh1 başçısının 18 iyun 2019-cu il tarixli 047/1 saylı sərəncamının qanuna zidd olması müəyyən edilmədiyindən həmin inzibati aktın məhkəmə qaydasında ləğv edilməsi barədə qərar qəbul edilməsinə də əsaslar mövcud deyildir. Eyni zamanda qeyd olunmalıdır ki, həmin inzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulması halları da müəyyən edilməmişdir.

31. İddiaçının iddia ərizəsinin və apellyasiya şikayətinin digər - tikintinin başlanmasına icazə aldıqdan sonra əraziyə təxminən 300 maşın torpaq tökməsi, beton və digər tikinti materialları sərf etməsi nəticəsində ona maddi ziyanın dəyməsi ilə bağlı dəlillərinə münasibətdə kollegiya qeyd edir ki, iş materiallarından göründüyü kimi cavabdeh apellyasiya baxışı zamanı mütəmadi olaraq mübahisənin məhkəmədənkənar həlli ilə bağlı iddiaçıya digər ərazidə sahibkarlıq obyektinin tikintisi üçün torpaq sahəsinin ayrılması və tikintiyə icazənin verilməsi ilə bağlı üçüncü şəxs Qobustan Bələdiyyəsi ilə birlikdə təkliflər irəli sürmüş, bununla əlaqədar məhkəmə iclasları tərəflərin müraciətləri əsasında dəfələrlə təxirə salınmış, lakin torpaq sahəsinin ayrılması və tikintiyə icazənin razılaşdırılması ilə bağlı prosedur uzun çəkdiyindən məhkəmə icraatı dövründə iddiaçını da qane edən həmin razılaşma baş tutmamışdır. Bununla belə qeyd edilən təkliflə bağlı cavabdeh inzibati orqanın mövqeyi mövcuddur və məhkəmə icraatından kənar qaydada da tərəflərin razılşamaq imkanları qalmaqdadır. Eyni zamanda kollegiya qeyd edir ki, əgər iddiaçı cavabdeh inzibati orqanın qanunsuz inzibati aktları və ya hərəkətləri nəticəsində ona ziyan vurulduğu qənaətindədirsə, bu halda İPM-nin 2.2.7-ci maddəsində nəzərdə tutulan vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddia ilə məhkəməyə müraciət etmək imkanına malikdir.

32. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən hazırkı işə baxılarkən iş üzrə müəyyən edilmiş hallara maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuş, qərarın ləğvi üçün əsas olan qanun pozuntularına yol verilməmişdir.

33. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Apelyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 27 may 2022-ci il tarixli, 2-1(118)-1888/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar