Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-300/2022 19.04.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Abşeron-Xızı regional filialına qarşı iş üzrə QƏRARİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər Babayeva Hökümə Çingiz qızı və Məmmədov Zahid Tahir oğlundan ibarət tərkibdə, Qasımova Vüsalə Yadigar qızının katibliyi, X3 və cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Abşeron-Xızı regional filialının nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Abşeron-Xızı regional filialına qarşı cavabdehin hərəkətlərinin qanunsuz hesab etməklə 2001-ci ildən 2007-ci ilədək olan dövr üçün 2-ci qrup əlil kimi ona ödənilməli olan pensiyanın hesablanaraq ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin 24 dekabr 2021-ci il tarixli, 2-1(118)-118/2021 nömrəli qərarından idddiaçının hüquqi varisi X6 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sumqayıt şəhər şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 2001-ci ildən 2007-ci ilədək olan dövr üçün 2-ci qrup əlil kimi ona ödənilməli olan pensiyanın hesablanaraq ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.
2. Daha sonra, cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sumqayıt şəhər şöbəsi prosessual hüquq varisi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin 1 saylı regional ərazi filialı ilə əvəz edilmişdir.
3. İddiaçı məxsus AZE 0******* seriyalı şəxsiyyət vəsiqəsindən görünür ki, o, xx.xx.1957-ci il təvəllüdlüdür.
4. “Çernobl əlilləri İttifaqı” ictimai birliyinin 25.09.2019-cu il tarixli 97 saylı arayışından görünür ki, İddiaçı “Çernobl əlilləri İttifaqı” ictimai birliyinin üzvüdür.
5. Azərbaycan Respiblikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 6 saylı zona 26.05.1998-ci il tarixdə 1 il müddətinə, yəni 26.05.1999-cu il tarixədək və 25.05.2000-ci il tarixdən 25.05.2001-ci il tarixədək ll dərəcəli əlillik təyin edilmişdir.
6. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin məhkumun şəxsiyyətini təsdiq edən 5204 nömrəli sənəddən görünür ki, İddiaçı 01.12.2000-ci ildən 01.12.2015-ci il tarixədək azadlıqdan məhrumetmə növündə cəza çəkmişdir.
7. Dövlət Sosial Müdafiə Fondunun Sumqayıt şəhər şöbəsi tərəfindən verilmiş 109 saylı 20.02.2020-ci il tarixli arayışdan görünür ki, İddiaçı 17.06.2008-ci ildən ömürlük ikinci dərəcəli əlillik təyin edilmişdir.
8. İddiaçı şəxsi işində onun 25.05.2000-ci ildən 25.05.2001-ci il tarixədək əlilliyinin müəyyən edilməsi barədə sənəd əlavə edilmişdir.
9. Cavabdeh tərəfindən verilmiş imtina cavabından məlum olur ki, iddiaçı 01.01.2001ci il tarixdən 05.06.2007-ci il tarixədək olan dövrə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti müəyinədən keçməsi barədə müayinə aktından çıxarışı şöbəyə təqdim etmədiyi üçün ona həmin dövrə pensiya ödənişi aparılmamışdır.
Birinci instansiya məhkəməsində icraat
10. İddia tələbi onunla əsaslandırmışdır ki, iddiaçı 26.01.1957-ci ildə Bakı şəhərində anadan olmuş və 1988-ci ildə Çernobıl AES-də baş vermiş qəzanın aradan qaldırılmasında iştirak etmiş, şüalanmaya məruz qaldığı və xəstəliyə tutulduğu üçün əmək qabiliyyətini itirməklə ona DSMF-nin Sumqayıt şəhər şöbəsindən 2-ci qrup əlil kimi pensiya almışdır. O, Azərbaycan Respublikası Ağır Cinayətlər Məhkəməsinin 22.06.2000-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 70, 94-cü maddələri ilə təqsirli bilinərək 15 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, lakin həbsdə olduğu dövrdə 2001-2007-ci illər üçün ona əlilliyi ilə bağlı pensiya ödənilməmişdir. 2008-ci ildə cəzaçəkmə müəssisində müayinə edilmiş, yenidən 2-ci dərəcəli əlillik təyin edilmiş və müavinətin ödənilməsi davam etmişdir. Dəfələrlə DSMF-nin Sumqayıt şəhər şöbəsinə etdiyi müraciətlərə baxmayaraq ona həmin dövrün müavinəti hesablanaraq ödənilməmişdir. Əmək qabiliyyətsizdir, səhhəti ilə bağlı heç yerdə işləmir, ağır şəraitdə yaşayır. 2001-ci ildən 2007-ci ilədək ödənilməyən müavinətin hesablanaraq ödənilməsi barədə cavabdeh təşkilata dəfələrlə müraciət etmiş, lakin 05.02.2020-ci il tarixli məktubla müraciətini cavablandırmaqdan imtina etmiş və qeyd edilən vəsait ona ödənilməmişdir. Cavabdehin bu hərəkətləri qanunsuz hesab edilməli və 10.10.2019-cu ildən əvvəlki son 3 ilin də müavinətinin hesablanaraq ona ödənilməsi cavabdehin üzərinə vəzifə kimi qoyulmalıdır.
11. Cavabdehin nümayəndəsi iddia tələbinə etiraz edərək bildirmişdir ki, İddiaçı müraciəti araşdırılarkən müəyyən edilmişdir ki, onun 2001-2007-ci illərdə əlil olmasını təsdiq edən hər hansı sənəd yoxdur. İddiaçı təkrarən əlillik Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən 17.06.2008-ci il tarixli rəyi əsasında verilmiş və bundan sonra ona əlilliyə görə əmək pensiyası təyin edilmişdir. İddiaçı əlilliyi əvvəlki tarixlərdə təsdiq edilmədiyinə görə ona bu müddət üçün pensiya təyin edilməmişdir.
12. Sumqayıt İnzibati Məhkəməsinin 24 dekabr 2021-ci il tarixli, 2-1(118)-118/2021 saylı qərarı ilə iddia təmin edilməmişdir. (hakim Vəfa Əzizova)
13. Məhkəmənin sorğusuna əsasən Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Agentliyi tərəfindən verilmiş 01.11.2021-ci il tarixli **********4 saylı cavab məktubundan görünür ki, xx.xx.1957-ci il təvəllüdlü İddiaçı əlillik vəziyyəti barədə Nazirliyin Mərkəzləşdirilmiş elektron İnformasiya sisteminin “əlillik” altsistemində heç bir məlumat aşkarlanmamışdır.
14. Məhkəmənin sorğusuna əsasən 6 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsi tərəfindən verilmiş 14.12.2021-ci il tarixli 963 saylı cavab məktubundan görünür ki, İddiaçı 08.10.2014-cü il tarixdən 01.12.2015-ci il tarixədək 6 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsində cəza çəkmiş və 01.12.2015-ci il tarixdə cəzasının sonu ilə azad olunaraq müəssisənin qeydiyyatından çıxarılmışdır.
15. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının iddia etdiyi 2001- 2007-ci illərdə onun əlil olmasını təsdiq edən sübut mövcud deyildir. İddiaçı özü də iddia ərizəsində və izahatında 2000-ci ildən sonra müayinədən keçmədiyini və cəzaçəkmə müəssisəsində yalnız 2008-ci ildə müayinə edildiyini bildirmişdir.
16. Həmin qərardan iddiaçının hüquqi varisi X6 apellyasiya şikayəti verərək qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.
Apellyasiya şikayətinin dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
17. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, atası İddiaçı 26.01.1957-ci ildə Bakı şəhərində anadan olmuş və 1988-ci ildə Çernobıl AES-də baş vermiş qəzanın aradan qaldırılmasında iştirak etmiş, şüalanmaya məruz qaldığı və xəstəliyə tutulduğu üçün əmək qabiliyyətini itirməklə ona Sumqayıt Dövlət Sosial Müdafiə Fondu tərəfindən 2ci qrup əlil kimi pensiya almışdır. O, Azərbaycan Respublikası Ağır Cinayətlər Məhkəməsinin 22.06.2000-ci il tarixli hökmü ilə 15 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, lakin həbsdə olduğu dövrdə 2001-2007-ci illər üçün ona əlilliyi ilə bağlı pensiya ödənilməmişdir. Yalnız 2008-ci ildən ona pensiya hesablanmış, dəfələrlə Dövlət Sosial Müdafiə Fondunun Sumqayıt şəhər şöbəsinə etdiyi müraciətlərinə baxmayaraq ona həmin dövrün pensiyası hesablanaraq ödənilməmişdir. Mərhum atası 2001-ci ildən 2007-ci ilədək ödənilməyən pensiyanın hesablanaraq ona ödənilməsi barədə cavabdeh təşkilata dəfələrlə müraciət etmiş, lakin 05.02.2020-ci il tarixli məktubla onun müraciətini cavablandırmaqdan imtina etmiş və qeyd edilən vəsait ödənilməmişdir.
b) Məhkəmə icraatı iştirakçılarının izahatları
18. Məhkəmə kollegiyasının iclasında iştirak edən X6 apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin təmin edilməsini xahiş etdi.
19. Cavabdehin nümayəndəsi X2 apellyasiya şikayətinin təmin edilmədən birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
Tətbiq edilən hüquq
20. “Əlillərin sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 3cü maddəsinə əsasən, şəxs həkim-əmək ekspert komissiyası tərəfindən ekspert müayinəsindən keçirildikdən sonra müvafiq rəy çıxarılması yolu ilə əlil sayılır. Həkim-əmək ekspert komissiyasının rəyi əlillik qrupunu və səbəbini, habelə fərdi bərpa proqramını təsdiq edən rəsmi sənəddir.
21. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi” Qaydalarının 1.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbisosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin tibbi-sosial ekspert komissiyaları tərəfindən həyata keçirilir.
22. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli 36 nömrəli qərarı ilə təsdiq edilmiş “Tibbi-sosial ekspert komissiyaları haqqında” Əsasnamənin 1.1-ci bəndində qeyd edilir ki, Azərbaycan Respublikasında əhaliyə göstərilən tibbi-sosial ekspertiza xidməti tibbi-sosial ekspert komissiyaları tərəfindən həyata keçirilir.
23. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə əsasən, sosial müavinətlərin bir növü də əlilliyə görə müavinətdir. Həmin Qanunun 7.0.3-cü maddəsində qeyd edilir ki, əlilliyə görə müavinət-əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda təyin edilir.
24. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
25. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 15.03.2022-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətinin mümkünlüyü əsasları yoxlanılarkən müəyyən olunmuşdur ki, İddiaçı 19 dekabr 2021-ci il tarixdə ölmüşdür. İddiaçının ölümündən sonra vərəsəlik işi açılmış, onun vərəsələri arvadı – X5 və oğlu X6 mirası qəbul etməyi barədə ərizə ilə Sumqayıt regional “Asan xidmət” mərkəzində notariaf ofisinə müraciət etmişdirlər.
26. Məhkəmə kollegiyası hesab etmişdir ki, pensiya miras əmlaka daxil olduğundan və iddiaçının vərərəsi kimi X3 həmin miras əmlakı əldə etmək hüququ olduğundan birinci instansiya məhkəməsinin qərarından apellyasiya şikayəti vermək hüququ vardır.
27. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
28. Məhkəmə kollegiyası sədrlik edən hakimin məruzəsini dinləyib, iş materiallarını nəzərdən keçirib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməlidir.
29. İşin apellyasiya instansiya məhkəməsi tərəfindən araşdırılan hallarından müəyyən olunur ki, iddiaçı 26.01.1957-ci ildə Bakı şəhərində doğulmuş, ona 17.06.2008-ci ildən ömürlük ikinci dərəcəli əlillik təyin edilmiş və əlilliyə görə əmək pensiyası təyin edilmişdir.
30. İddiaçı 2001-ci il tarixdən 2007-ci il tarixədək olan dövr üçün ikinci qrup əlil kimi ona ödənilməli olan müavinətin ödənilməsi ilə bağlı cavabdehə müraciət etmiş, cavabdeh imtina məktubu ilə bildirmişdir ki, həmin dövrə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti müəyinədən keçməsi barədə müayinə aktından çıxarışı şöbəyə təqdim etmədiyi üçün iddiaçıya həmin dövrə pensiya ödənişi aparılmamışdır.
31. Yuxarıda sadalanan maddi hüquq normalarının tələblərindən göründüyü kimi, əlilliyin qiymətləndirilməsi üzrə səlahiyyətli orqan tibbi-sosial ekspert komissiyalarıdır.
32. Apellyasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, daha öncə iddiaçıya əlillik təyin edilsə də, əlillik 01.06.1999-cu ilədək müəyyən edilmişdir və növbəti müayinənin tarixi 26.05.1999-cu ilə təyin edilmişdir. 25.05.2000-ci ildə iddiaçı yenidən müayinədən keçmiş və növbəti müayinənin tarixi 25.05.2001-ci il tarixə təyin edilmişdir, lakin növbəti müayinə və əlilliyin təyin edilməsi ilə bağlı sənəd təqdim edilməmişdir. İddiaçıya növbəti dəfə 2008-ci ildən müddətsiz əlillik təyin edilmişdir.
33. Göründüyü kimi, 25.05.2001-ci il tarixdən 2008-ci il tarixədək mübahisələndirilən dövr üçün iddiaçının əlilliyinin müəyyən edilməsinə dair sənəd mövcud deyil.
34. Qeyd edilənərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddia tələbinin təmin edilməməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsaslıdır. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin iş üzrə qərarı dəyişdirilmədən saxlanılmalıdır.
35. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qərara aldı:
Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 24 dekabr 2021-ci il tarixli, 2-1(118)-118/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.