Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-300/2025 21.04.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Hacıyev Vahid Məcid oğlu, hakimlər Babayeva Hökümə Çingiz qızı və Axundov Toğrul Bəhruz oğlundan ibarət tərkibdə, Səfərli Fidan Nuru qızının katibliyi, İddiaçı nümayəndəsi (oğlu) Gasilov Shakhinin, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinin nümayəndəsi X3 iştirakı ilə, Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(118)-1074/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq, Müəyyən etdi: Sumqayıt İnzibati Məhkəməsinin (hakim Leyla Mirzəyeva) xx.xx.2024-cü il tarixli 2-1(118)- 1074/2024 nömrəli qərarı ilə iddia təmin edilmiş, daşınmaz əmlakın dövlət reyestrində **********15 saylı reyestr nömrəsi ilə dövlət qeydiyyatına alınmış ünvan 2i ərazisində yerləşən 2,0416 ha torpaq sahəsinin “Torpaq sahəsinin planı və ölçüsü” sənədində cari dəyişikliyin edilməsi, döngə nöqtələrinin naturada tanıdılması və həmin torpaq sahəsinin planı və ölçüsünün tərtib edilərək İddiaçı təqdim edilməsi öhdəliyi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinin üzərinə vəzifə olaraq qoyulmuşdur. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. İşin halları İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən **********15 saylı çıxarışa əsasən Siyəzən rayonu Eynibulaq Bələdiyyəsi ərazisində yerləşən 2,0416 ha torpaq sahəsinin, hüquqlarına toxunulan torpaq mülkiyyətçilərinin iştirakı ilə, ödənişsiz, mərzçəkmə işlərinin aparılması, döngə nöqtələrinin naturada tanıdılması və bu barədə müvafiq aktın və torpaq sahəsinin planı və ölçüsünün tərtib edilərək iddiaçıya təqdim edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(118)-1074/2024 nömrəli qərardadı ilə X12, X5, X15 və X13 inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişlər. Daha sonra İddiaçı iddia tələbinin dəqiqləşməsi barədə ərizə təqdim edərək, daşınmaz əmlakın dövlət reyestrində **********15 saylı reyestr nömrəsi ilə dövlət qeydiyyatına alınmış Siyəzən rayonu Eynibulaq bələdiyyəsi ərazisində yerləşən 2,0416 ha torpaq sahəsinin “Torpaq sahəsinin planı və ölçüsü” sənədində cari dəyişikliyin edilməsi, döngə nöqtələrinin naturada tanıdılması və həmin torpaq sahəsinin planı və ölçüsünün tərtib edilərək ona təqdim edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı oğlu - X9 2019-cu ildə alqı-satqı müqaviləsi əsasında Siyəzən rayonu Eynibulaq Bələdiyyəsi ərazisində kənd təsərrüfatı təyinatlı (əkinçilik) 2,0416 ha (2 hektar 4 sot) torpaq sahəsi (əvvəlki Dövlət Aktı № JN-0032 üzrə) əldə etmişdir. Bu hüquqların dövlət qeydiyyatı üçün müraciət edib, torpaq sahəsinin naturada tanıdılması, mərzçəkmə və texniki sənədlərin hazırlanması üçün xidmət haqqı və qeydiyyatın aparılması üçün dövlət rüsumu ödəmişdir. Lakin DƏDRX-nin 2 saylı Sumqayıt Ərazi İdarəsinin Siyəzən şöbəsinin əməkdaşları rəsmiləşdirmə zamanı bu torpaq sahəsi ilə bağlı heç bir problemin olmadığını, “respublikada torpaq sahələri üzrə dəqiqləşdirmə işlərinin getdiyini və hazırlanacaq yeni xəritə təsdiqləndikdən sonra həmin xidmətin ödənişsiz göstəriləcəyini” əsas gətirərək əraziyə getmədən texniki pasport tərtib edib və əmlakın dövlət qeydiyyatını aparıblar. Belə olduqda, Satıcı torpaq sahəsinin sağ (əvvəlki Dövlət Aktı JN -0031) və sol (əvvəlki Dövlət Aktı JN - 0033 üzrə) qonşu torpaq sahələrinin mülkiyyətçilərinin iştirakı ilə satdığı torpaq sahəsini yerində, naturada hələ qüvvədə olan xəritə və texniki sənədlər, plan-ölçüləri əsasında iddiaçının oğluna təhvil vermişlər. Həmin ildə əldə etdiyi torpaq sahəsi şumlanıb, əkilmişdir. Lakin, bir müddət keçdikdən sonra aldığı torpaq sahəsi ilə qonşu olmayan - əvvəlki JN-0034 №-li Dövlət Aktı üzrə torpaq sahəsinin sahibi X16 şumladıqları torpaq sahəsinin yeni xəritədə onun olduğunu bildirərək oranı növbəli mövsümdən istifadə etməməyini tələb etmişdir. Mübahisənin konfliktə çevrilməməsi üçün iddiaçı qərara gəlmişdir ki, yeni xəritə təsdiqləndikdən, sonra yeni koordinatların tanıdılması üçün mütəxəssis dəvət olunsun. O vaxta qədər isə iddiaçı məcbur olub Dövlət Aktı № JN-0031 və Dövlət Aktı № JN-0034 üzrə torpaq sahələri arasında qalan torpaq sahəsini Dövlət Aktı № JN-0033 üzrə mülkiyyətçi Həsənov Məmmədəli və Vüqar Gülağa oğlu qardaşları ilə bölüşməli olmuş, yəni bir il iddiaçı, növbəti il isə onlar istifadə etmişdir. 2022-ci ilin aprel ayında iddiaçının oğlu adında olan torpaq sahələrini iddiaçının mülkiyyətinə vermişdir və hüquqi varislik davam edir. Bu dəfə də rəsmiləşdirmə zamanı 2 saylı Sumqayıt Ərazi İdarəsinin Siyəzən şöbəsinin əməkdaşları rüsum və xidmət haqqı tələb etmiş, lakin eyni səbəb göstərərək faktiki xidmət göstərməmişlər - torpaq sahəsinin koordinatlarını, hüdudlarını naturada tanıtmadan, mərzçəkmə işləri aparmadan yeni sənədləri hazırlamışlar. Bununla, qeyd olunan torpaq sahəsinə dair hüquqları növbəti dəfə tanınaraq dövlət qeydiyyatına alınmış, dövriyyədə olan xəritə əsasında planı və ölçüsü tərtib edilmiş və bu barədə iddiaçıya xx.xx.2023-cü il tarixli **********15 saylı Çıxarış və xx.xx.2023-cü il tarixli A№742939 saylı Plan-ölçü təqdim edilmişdir (əlavə № 4-5). Bu müddətdən başlayaraq Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestr Xidmətinə, ƏMDK, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinə, DƏDRX, 2 saylı Sumqayıt Əİ, Siyəzən RİN, Siyəzən rayonu Eynibulaq Bələdiyyəsinə, Siyəzən rayonu Polis Şöbəsinə müraciətlər ünvanlaysalar da, pozitiv nəticə almamışlar, cavablar isə belə olub: ‘‘səlahiyyətimizdə deyil, “məhkəməyə müraciət edin” və “....yerquruluşu ilə bağlı aparılan işlər başa çatdırıldıqdan sonra müraciətinizdə qeyd edilən döngə nöqtələrinin naturada tanıdılması ilə bağlı məsələyə qanunamüvafiq qaydada baxılacaqdır”(əlavələr № 8-13 ). Son dəfə, torpaqların faktiki istifadə vəziyyəti ilə hüquqları təsdiq edən sənədlərdə olan uyğunsuzluqların aradan qaldırlmasına nail olmaq, torpaqlardan daha səmərəli istifadəni təmin etmək məqsədilə “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında'' Azərbaycan Respublikası Prezidentinin xx.xx.2016-cı il tarixli 818 saylı Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması Qaydalarına uyğun olaraq yerquruluşu ilə bağlı işlərin başa çatdırıldığını və rəqəmsal xəritənin təsdiq edilərək müvafiq dövlət orqanlarına və bələdiyyələrə verildiyi barədə məlumat aldıqda yenidən cavabdehə müraciət etmiş və mülkiyyətində olan Siyəzən rayonu Eynibulaq bələdiyyəsi ərazisində yerləşən Reyestr nömrəsi **********15 olan torpaq sahəsinin döngə nöqtələrinin naturada tanıdılması və rəqəmsal xəritəyə uyğun olaraq torpaq sahəsinin planı və ölçüsünün tərtib edilərək verilməsini xahiş etmişdir. Bu dəfə isə əsassız olaraq cavabdeh tərəfindən imtina verilmişdir. Cavabdehin iddiaya qarşı yazılı etirazında qeyd edilmişdir ki, iddiaçı ünvan 2i ərazisində yerləşən 2.0416 ha torpaq sahəsinə dair tərtib edilmiş “Torpaq sahəsinin planı və ölçüsü” sənədində cari dəyişiklik edilməsi ilə əlaqədar xx.xx.2023-cü il tarixli ərizə ilə “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə müraciət etmiş və onun müraciəti ********** nömrəsi ilə qeydiyyata alınmışdır. Bununla əlaqədar olaraq iddiaçıya bildirilmişdir ki, təqdim olunan ilkin hüquqmüəyyənedici sənədlər əsasında torpaq sahəsi üzərində mülkiyyət hüququ qeydiyyata alınaraq, dövlət reyestrindən çıxarış və torpaq sahəsinin planı və ölçüsü sənədi verilmişdir. Həmçinin qeyd edirlər ki, göstərilən faktiki torpaq sahəsinə idarənin mütəxəssisi tərəfindən baxış keçirilən zaman həmin torpaq sahəsinin qonşu torpaqlar ilə üst-üstə düşdüyü və buna görə də, mübahisəli halın olduğu aşkar olunmuşdur. Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması; bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi; hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatın dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlərin yazılması və dövlət reyestrinə müvafiq məlumatın daxil edilməsi ilə həyata keçirilir. Bildiririk ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə əsasən, hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud İnzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Yuxarıda qeyd edilənlərə əsasən iddianın mümkün sayılmamasını xahiş edirlər. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, təqdim olunan ilkin hüquqmüəyyənedici sənədlər əsasında torpaq sahəsi üzərində mülkiyyət hüququ qeydiyyata alınaraq, dövlət reyestrindən çıxarış və plan ölçü verilmişdir. “Respublika ərazisində torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 7 mart 2016-cı il tarixli 818 nömrəli Fərmanı əsasında Azərbaycan Respublikası ərazisində torpaqların elektron kadastr uçotu informasiya sistemi yaradılmış və tərtib olunmuş rəqəmsal kadastr xəritələri əsasında vətəndaşlara yeni çıxarış və texniki pasportların verilməsi nəzərdə tutulsa da, İddiaçı mülkiyyətində olan ünvan 2ində yerləşən 2.0416 ha torpaq sahəsinin yerləşdiyi ərazidə ona bitişik qonşu torpaq sahələrinin sahiblərinin bölgü ilə razılaşmadıqları və aralarında mübahisə olduğundan yeni uçot xəritəsinə uğun sənədləşmənin aparılması mümkün olmamışdır. Belə ki, iddiaçı tərəfindən göstərilən faktiki torpaq sahəsinə idarənin mütəxəssisi tərəfindən müayinə baxışı keçirilən zaman həmin torpaq sahəsinin qonşu torpaqlar ilə üstüstə düşdüyü və buna gorə də, mübahisəli halın olduğu müəyyən olunmuşdur. Odur ki, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X7 apellyasiya şikayətini müdafiə etdi, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etdi. Əlavə olaraq qeyd etdi ki, qonşulardan JN 0034 nömrəli dövlət aktı olan torpaq sahəsinin sahibinin narazılığı olduğuna və həmin yerin ona məxsus olduğunu iddia etdiyinə görə mübahisənin məhkəmədən kənar həlli mümkün olmamışdır. Bu hal apellyasiya şikayətində də qeyd edilmişdir. Qonşulardan birinin müraciəti əsasında ona JN 0033 nömrəli dövlət aktına əsasən yeni uçot xətirəsi ilə plan-ölçü sənədi verilmişdir. İdarə tərəfindən özbaşına konfiqurasiya dəyişikliyi edilməmişdir. Prezidentin müvafiq fərmanı ilə yeni xəritə tərtib olunmuş, İdarəyə təqdim edilmiş ona uyğun dəyişiklik aparılmışdır. Hazırda həmin ərazidə yerləşən torpaq sahələrindən əvvəlki vəziyyətdə istifadə edən vətəndaşlar var. Rəngli ortofotodan göründüyü kimi, iddiaçının qonşu torpaq sahəsinə JN 0033 nömrəli dövlət aktı üzrə yeni plan və ölçü sənədi verilib. TEKUİS məlumatlarına əsasən iddiaçıya da JN 0032 nömrəli dövlət aktı üzrə yeni plan ölçü sənədinin verilməsi mümkündür. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi (oğlu) Gasilov Shakhin məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinə etiraz edərək, iddia tələbinin dəqiqləşdirilməsi barədə xx.xx.2025-ci il tarixli ərizə təqdim edərək, daşınmaz əmlakın dövlət reyestrində **********15 saylı reyestr nömrəsi ilə dövlət qeydiyyatına alınmış Siyəzən rayonu Eynibulaq Bələdiyyəsi ərazisində yerləşən 2,0416 ha torpaq sahəsinin, “Torpaq sahəsinin planı və ölçüsü” sənədində yeni elektron uçot xəritəsi əsasında cari dəyişikliyin edilməsi və həmin torpaq sahəsinin planı və ölçüsünün tərtib edilərək İddiaçı təqdim edilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Sumqayıt Apellyasiya Məhkəməsi İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli 2-1(105)- 300/2025 nömrəli qərardadı ilə iş üzrə X2 (xx.xx.2025-ci ildə ölüb) üçüncü şəxs qismində inzibati məhkəmə icraatında iştirakına xitam verilmişdir. Üçüncü şəxs qismində cəlb edilmiş X12, X15 və X10 məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişi göndərilmişdir. Lakin onlar məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-in 62.3-cü maddəsinə əsasən üçüncü şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Hüquqi məsələlər: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsi İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyərək, iddiaçının iddia tələbinin dəqiqləşdirilməsi barədə xx.xx.2025-ci il tarixli ərizəsini, iş materiallarında olan sənədləri araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verdiyinə görə, birinci instansiya məhkəməsinin iddia tələbinin təmin edilməsinə dair qərarı dəyişdirilməli, dəqiqləşdirilmiş iddia tələbi təmin edilməli, cavabdehin apellyasiya şikayəti rədd edilməlidir. Belə ki, iş materialları ilə müəyyən edilir ki, ********** qeydiyyat nömrəli, xx.xx.2019-cu il qeydiyyat tarixli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən” çıxarışa əsasən ünvan 2i ünvanda yerləşən 2.0416 ha torpaq sahəsi mülkiyyət hüququ əsasında X4 adına dövlət qeydiyyatına alınmışdır. X1 məxsus torpaq sahəsinə dair xx.xx.2019-cu il tarixdə A seriyalı 349341 nömrəli torpaq sahəsinin planı və ölçüsü tərtib edilmişdir (rəqəmli elektron kadastr xəritəsindən çıxarış edilməklə torpaq sahəsinin qonşu sərhədləri ilə koordinatları qeyd edilmişdir). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.4-cü maddəsinə əsasən sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Siyəzən rayon dövlət notariat ofisində X9 və İddiaçı arasında bağlanmış xx.xx.2022-ci il tarixli 4Ə-102 reyestr nömrəli daşınmaz əmlakın bağışlanması barədə müqaviləyə əsasən X9 mülkiyyətində olan ünvan 2i ünvanda yerləşən 2.0416 ha torpaq sahəsini anası İddiaçı bağışlamışdır. ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il qeydiyyat tarixli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən” çıxarışa əsasən ünvan 2i ünvanda yerləşən 2.0416 ha torpaq sahəsi mülkiyyət hüququ əsasında İddiaçı adına dövlət qeydiyyatına alınmışdır. Həmçinin İddiaçı məxsus torpaq sahəsinə dair A№ 742939 saylı, xx.xx.2022-ci il tarixli “Torpaq sahəsinin planı və ölçüsü” sənədi tərtib edilmişdir (rəqəmli elektron kadastr xəritəsindən çıxarış edilməklə torpaq sahəsinin qonşu sərhədləri ilə koordinatları qeyd edilmişdir). Cavabdehin təqdim etdiyi rəngli ortofotodan göründüyü kimi, iddiaçının qonşu torpaq sahəsinə JN 0033 nömrəli dövlət aktı üzrə yeni plan və ölçü sənədi verilib. Google.com/maps-dan əldə edilmiş Siyəzən rayonu Eynibulaq Bələdiyyəsi üzrə 1999-cu il xəritəsi ilə verilmiş torpaq sahələrinin 2019-2020-ci illərə aid peyk çəkiliş görütüsündən müəyyən edilir ki, iddiaçıya məxsus olan JN 0032 nömrəli torpaq sahəsi, onunla qonşu olan JN 0031 və JN 0033 nömrəli torpaq sahələrinin arasında yerləşir və qonşu torpaq sahələri ilə üst-üstə düşmür. Birinci instansiya məhkəməsi tərəfindən torpaq sahəsinin koordinatlarının müəyyən edilməsi üçün cavabdeh orqana sorğu ünvanlamış, məhkəmə sorğusuna cavab olaraq təqdim edilmiş mütəxəssis rəyində aşağıdakılar qeyd edilmişdir: xx.xx.2023-cü il tarixli **********15 reyestr nömrəli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən” çıxarışla İddiaçı mülkiyyətində olan ünvan 2ində yerləşən 2.0416 ha torpaq sahəsinin yerləşdiyi ərazidə “Respublika ərazisində torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 7 mart 2016-cı il tarixli 818 nömrəli Fərmanı əsasında Azərbaycan Respublikası ərazisində torpaqların elektron kadastr uçotu informasiya sistemi yaradılmış və tərtib olunmuş rəqəmsal kadastr xəritələri əsasında vətəndaş X8 **********14 reyestr nömrəli yeni çıxarış və texniki pasport tərtib edilmişdir. Yeni çıxarışların tərtib edilməsi 7 mart 2016-cı il tarixli 818 nömrəli fərmana əsasən hazırlanmış kadastr uçotu informasiya sisteminə və təsdiq olunmuş rəqəmsal kadastr xəritəsinə əsasən ayrı-ayrılıqda naturada müəyyən edilərək icra olunur və mübahisəli hal olduqda “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 2.3 və 2.4-cü maddələrinə əsasən daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər və hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Ərazidə yeni müraciətlər “Respublika ərazisində torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 7 mart 2016-cı il tarixli 818 nömrəli Fərmanı əsasında Azərbaycan Respublikası ərazisində torpaqların elektron kadastr uçotu informasiya sistemi yaradılmış və tərtib olunmuş rəqəmsal kadastr xəritələri əsasında verilir. Mübahisəli torpaq sahəsinin yerləşdiyi ərazidə torpaq sahələrinə dair yeni xəritələr əsasında tərtib edilmiş çıxarışların və onların verilməsinə əsas olmuş sənədlərin surətləri qoşma faylda sizə göndərilir. Göründüyü kimi, məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, cavabdeh orqan tərəfindən tərtib edilmiş mütəxəssis rəyində qeyd edilib ki, mübahisəli torpaq sahəsinin ətrafında yerləşən torpaq sahələrinə dair vətəndaş X8 yeni kadastr uçotu informasiya sisteminə və təsdiq olunmuş rəqəmsal kadastr xəritəsinə əsasən yeni çıxarış və texniki pasport; X11 isə “Torpaq sahəsinin planı və ölçüsü” sənədi verilmişdir. İddiaçı mülkiyyətində olan torpaq sahəsinin faktiki koordinatlarına dair qonşu torpaq sahələri ilə mübahisə yarandığı üçün iddiaçı “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin dəyişikliklər nəzərə alınaraq yenidən tərtib edilməsi məqsədilə cavabdeh orqana müraciət etmiş, cavabdeh orqan tərəfindən 25 iyun 2023-cü il tarixli məktub ilə iddiaçının müraciətinin təmin edilməsindən əsassız olaraq imtina edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka hüquqlar dövlət qeydiyyatına alınmalıdırlar. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Mülki Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66-cı maddəsinin 2-ci bəndinə əsasən torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Torpaq Məcəlləsinin 67-ci maddəsinin 1-ci bəndinə əsasən torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Torpaq Məcəlləsinin 67.3-cü maddəsinin tələbinə görə dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. Torpaq Məcəlləsinin 84-cü maddəsinin 1-ci bəndinə görə torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarilxi qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 noyabr 2021-ci il tarixli Qərarında göstərilmişdir ki, ““Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 6.5-ci maddəsinin 2008-ci il 12 dekabr tarixinədək, yəni mübahisəli münasibətlər yarandığı zaman qüvvədə olan redaksiyasına əsasən, torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. Bələdiyyələr ərazinin planlaşdırılması və tikintisi layihələrini müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırırlar. Müvafiq icra hakimiyyəti orqanı memarlıq-planlaşdırma baxımından obyektlərin yerləşdirilməsinə təklif verə bilər. Torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir (Əsasnamənin 7-ci bəndi). Beləliklə, torpaq sahəsinin xüsusiyyətinə və ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyinin alınması bələdiyyə tərəfindən torpaq sahəsinin ayrılması ilə bağlı aparılan inzibati icraatın tərkib hissəsi olmaqla, ictimai maraqlara xələl gətirməyən, qanunauyğun inzibati aktın qəbul edilməsinə xidmət edir. Lakin belə rəylər və razılaşdırmalar maraqlı şəxslər üçün bilavasitə hüquqi nəticələr yaratmadığından inzibati akt xüsusiyyətlərinə malik deyil. Belə sənədlər inzibati icraatda iştirak xarakteri daşımaqla, yekun inzibati aktın qəbul edilməsinə yardım edir. İnzibati icraat zamanı inzibati orqan tərəfindən belə razılaşdırmaların aparılmaması və rəylərin alınmaması yekun inzibati aktın hüquqi qüvvəsinə təsir etmir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 65-ci maddəsi ilə inzibati aktın yararsız (əhəmiyyətsiz) hesab edilməsini şərtləndirən hallar dəqiq müəyyən edilmişdir. Bu halların sırasında isə yekun inzibati akt qəbul edilərkən müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması nəzərdə tutulmamışdır. Odur ki, müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması və ya alqı-satqı aktınını sonradan bağlanması kimi prosessual pozuntularla müşayiət edilən icraat nəticəsində qəbul edilmiş yekun qərar qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır (“İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsi)”. Həmin Qərarda həmçinin qeyd edilmişdir ki, ”Torpağın ayrılmasına dair inzibati akt qüvvədə olduğu halda, hüquqların qeydə alınmasından imtina edən inzibati orqan bunu işin hallarına istinadən əsaslandırmalı və bu halın “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsində, habelə Konstitusiya Məhkəməsi Plenumunun “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair 2017-ci il 28 mart tarixli Qərarı ilə nəzərdə tutulmuş hansı əsasla daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı aparmağa maneə törətdiyini göstərməlidir.” Birinci instansiya məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, torpaq sahəsinin iddiaçıya bağışlanması və iddiaçının mülkiyyəti kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması iş materiallarında olan rəsmi sənədlərlə təsdiq edilir və işin mübahisəsiz hallarıdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Həmin Qanunun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh inzibati orqanın iddiaçının mülkiyyətində olan Siyəzən rayonu Eynibulaq Bələdiyyəsi ərazisində yerləşən 2,0416 ha torpaq sahəsinin “Torpaq sahəsinin planı və ölçüsü” sənədində yeni elektron uçot xəritəsi əsasında cari dəyişikliyin edilməsi və həmin torpaq sahəsinin planı və ölçüsünün tərtib etməkdən imtina barədə hərəkətləri qanunsuz və əsassız olmuşdur. Odur ki, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassızdır. Həmin dəlillər birinci instansiya məhkəməsinin qərarının ləğvi üçün qanuni əsas ola bilməz. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilməli, İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə xx.xx.2025-ci il tarixli ərizəsi təmin edilməli, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2022-ci il tarixdə ********** qeydiyyat nömrəsi, **********15 reyestr nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində 70 nömrəli reyestr kitabının 84 nömrəli vərəqində İddiaçı adına xüsusi mülkiyyət kimi qeydiyyatına alınmış Siyəzən rayonu Eynibulaq Bələdiyyəsi ərazisində yerləşən 2,0416 ha torpaq sahəsinin xx.xx.2022-ci il tarixli A 742939 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində yeni elektron uçot xəritəsi əsasında cari dəyişikliyin edilməsi və həmin torpaq sahəsinin planı və ölçüsünün tərtib edilərək İddiaçı təqdim edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinin üzərinə vəzifə olaraq qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Hər hansı bir məhkəmə aktının qanuni və əsaslı hesab edilməsi üçün əsas şərtlərdən biri onun ədalətli olmasıdır. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (“Delkart Belçikaya qarşı” iş üzrə xx.xx.1970-ci il tarixli qərarı, “Piersack Belçikaya qarşı” iş üzrə xx.xx.1982ci il tarixli qərarı) bunu belə ifadə etmişdir: “Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir.” Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdehin apellyasiya şikayəti rədd edilsin. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(118)-1074/2024 nömrəli qərarı dəyişdirilsin. İddia təmin edilsin. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2022-ci il tarixdə ********** qeydiyyat nömrəsi, **********15 reyestr nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində 70 nömrəli reyestr kitabının 84 nömrəli vərəqində İddiaçı adına xüsusi mülkiyyət kimi qeydiyyatına alınmış Siyəzən rayonu Eynibulaq Bələdiyyəsi ərazisində yerləşən 2,0416 ha torpaq sahəsinin xx.xx.2022-ci il tarixli A 742939 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində yeni elektron uçot xəritəsi əsasında cari dəyişikliyin edilməsi və həmin torpaq sahəsinin planı və ölçüsünün tərtib edilərək İddiaçı təqdim edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinin üzərinə vəzifə olaraq qoyulsun. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(105)-300/2025
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-300/2025
21.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver