Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-301/2021 03.05.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Zaur İkram oğlu Məmmədov, hakimlər Hökümə Çingiz qızı Babayeva və Fuad Əli oğlu Məmmədovdan ibarət tərkibdə, Gülsaba Xeyrulla qızı Ağayevanın katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 2 saylı regional ərazi filialına qarşı pensiya tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-163/2021 saylı 03 fevral 2021-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdehnə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx xxx 1955-ci ildə Qusar rayonun Kirig kəndində anadan olmuş və hal-hazırda da Qusar rayonun Kirig kəndində yaşayır. İş fəaliyyətinə 03.03.1972-ci ildən başlamışdır. 03.03.1972-ci ildə Qusar rayonunun “Qazıməmməd” adına sovxozuna fəhlə qəbul olunmuş və 30.10.1974-cü ildə Sovet ordu sıralarına getməsi ilə əlaqədar həmin sovxozda fəhləlikdən azad olunmuşdur. 02.11.1974cü ildən 19.11.1976-cı ilə kimi Sovet ordu sıralarında həqiqi hərbi xidmətdə olmuşdur. Hərbi xidmətdən qayıdandan sonra o 30.12.1976-cı il tarixdən sabiq “Qazıməmməd” adına sovxoza traktorçu işinə qəbul olunmuş və həmin yəni, 30.12.1976-cı il tarixdən 01.11.1996-cı il tarixədək sabiq “Qazıməmməd” adına sovxozda və 01.11.1996-cı il tarixdən 17.02.1998-ci il tarixədək isə sabiq “Qazıməmməd” adına sovxozun əvəzində Həzrə və Kirig kənd təsərrüfatı istehsal kooperativlərinin yaradılması ilə əlaqədar Həzrə kənd təsərrüfatı istehsal kooperativində traktorçu işində işləmişdir. Əmək kitabçasında işlədiyi dövrlər qeyd edilərək təsdiq edilmiş və Qusar rayon Dövlət Arxivi tərəfindən verilmiş 76 saylı 02.03.2020- ci il tarixli arayışda da həmin dövrlər öz əksini tapmışdır. O, Cavabdehnə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə əlaqədar müraciət etmiş, lakin ona bildirilmişdir ki, əmək fəaliyyətinə dair əmək kitabçasında qeyd edilməsinə baxmayaraq, onun əmək kitabçasında qeyd edilmiş 03.03.1972-ci ildən 30.10.1974-cü ilə kimi və 30.12.1976-cı il tarixdən 01.11.1996-cı il tarixədək sabiq “Qazıməmməd” adına sovxozunda və 01.11.1996-cı il tarixdən 17.02.1998-ci il tarixədək isə sabiq “Qazıməmməd “ adına sovxozun əvəzində Həzrə və Kirig kənd təsərrüfatı istehsal kooperativlərinin yaradılması ilə əlaqədar Həzrə kənd təsərrüfatı istehsal kooperativində traktorçu işində işlədiyi dövrlərin müəssisə rəhbərinin imzası ilə təsdiq olunmamışdır. Onun həmin dövrlərə aid sığorta stajı məhkəmə qaydasında müəyyən olunmalı və əmək kitabçasında qeyd edilmiş 03.03.1972-ci ildən 30.10.1974-cü ilə kimi və 30.12.1976-cı il tarixdən 01.11.1996cı il tarixədək sabiq “Qazıməmməd” adına sovxozunda və 01.11.1996-cı il tarixdən 17.02.1998-ci il tarixədək isə sabiq “Qazıməmməd“ adına sovxozun əvəzində Həzrə və Kirig kənd təsərrüfatı istehsal kooperativlərinin yaradılması ilə əlaqədar Həzrə kənd təsərrüfatı istehsal kooperativində traktorçu işində işlədiyi dövrlər onun sığorta stajına daxil edilməli və ona yaşa görə əmək pensiyası təyin edilməlidir. Belə ki, onun həmin dövrlərə aid əmək fəaliyyəti əmək kitabçasında və Qusar rayon Dövlət Arxivi tərəfindən verilmiş arayışda da öz təsdiqini tapmışdır. Beləliklə, cavabdeh təşkilat Cavabdeh qanunsuz olaraq ona yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina etmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-163/2021 saylı 03 fevral 2021-ci il tarixli qərarı ilə Qusar rayon Dövlət Arxivinin 06 oktyabr 2020-ci il tarixli, 247 saylı arxiv arayışlarında qeyd olunan dövlərin İddiaçı sosial sığorta stajı kimi nəzərə alınması və ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 2 saylı regional ərazi filialının üzərinə vəzifə olaraq qoyulması qərara alınmışdır (hakim İ.Quliyev). Qərardan narazı qalan cavabdeh tərəfindən apelyasiya şikayəti verilərək, Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-163/2021 saylı 03 fevral 2021-ci il tarixli qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi xahiş edilmişdir. Apelyasiya şikayətinin dəlilləri: Qaydaların 3.2-ci bəndinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası, əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı, mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyən şəxsi işəgötürənin arayışı, hərbi qulluqçuların, xüsusi rütbəli şəxslərin, prokurorluq və ədliyyə orqanları işçilərinin xidmət müddətinə dair məlumat vərəqi, İ dərəcə əlilliyi olan şəxsə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa, habelə ahıl şəxslərə qulluq edilməsi müddətini təsdiq edən akt və sosial sığorta stajına güzəştlə daxil edilən dövrləri təsdiq edən sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. Göründüyü kimi, sosial sığorta stajını təsdiq edən sənədlərə arxiv arayışları aid edilməmişdir. İş materiallarına əlavə edilmiş əmək kitabçasına baxılarkən aşağıda qeyd edilən əsasların olması əmək kitabçasının saxta olmasına dair əsaslı şübhələr yaradır. Belə ki, əmək kitabçasının tərtib edilmə tarixi 01 iyun 1998-ci il tarixi qeyd edilsə də, əmək kitabçasının yuxarı hissəsində SSRİ-yə məxsus dövlət gerbi əks olunub. Azərbaycan Respublikasının müstəqillik dövründə doldurulan əmək kitabçasının SSRİ- yə məxsus olan əmək kitabçası formasında tərtib edilməsi mümkün deyildir, çünki Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli 186 nömrəli qərarı ilə əmək kitabçasının forması təsdiq edilmişdir. 1998-ci ildə tərtib edilən əmək kitabçaları Azərbaycan Respublikasının dövlət gerbi nişanlı əmək kitabçalarında tərtib edilirdi. Bu əsas əmək kitabçasının saxta olmasına dair əsaslı şübhələr yaradır. Həmçinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydalarının təsdiq edilməsi barədə 1996-cı il 26 dekabr tarixli 186 nömrəli qərarının 1.2-ci maddəsində yazılır ki, əmək kitabçası işə götürən tərəfindən 5 gündən artıq işləyən bütün işçilər üçün əsas iş yerində açılır. Lakin sözügedən əmək kitabçasında vətəndaşın işə daxilolma tarixi 03.03.1972-ci il tarixdə qeyd edilməsinə baxmayaraq əmək kitabçası 01.06.1998 -ci il tarixdə tərtib edilmişdir. X1 əmək kitbçasında işə daxil olma əmri olsa da, işdən azadedilmə əmri yoxdur. İşçilərin əmək kitabçasının forması və onun tərtib edilməsi qaydalarının təsdiq edilməsi barədə 26 dekabr 1996-cı il Nazirlər kabinetinin 186 nömrəli qərarının 3.1.-ci maddəsinə əsasən Əmək kitabçasının və ona əlavə edilən içliyin doldurulması işəgötürən və ya qanunvericiliklə müəyyən edilmiş hallarda Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Məşğulluq Xidmətinin yerli orqanları tərəfindən Azərbaycan Respublikasının dövlət dilində (Azərbaycan dili) aparılır. Həmin qərarın 3.2-ci maddəsinə əsasən işəgötürənlər tərəfindən əmək kitabçasında aşağıdakı qeydlər aparılır: İşçinin soyadı, adı, atasının adı (işçinin soyadı, adı və atasının adı ixtisar olunmadan yazılır), doğulduğu gün, ay, il, təhsili (o cümlədən başa çatdırılmamış tam orta, orta ixtisas və ali təhsil), peşəsi, ixtisası təsdiqedici sənədlərə əsasən aparılır. İşçinin işə götürülməsi, bir işdən başqa işə keçirilməsi və işdən azad edilməsi haqqında məlumat tarixi (gün, ay, il) göstərilməklə bu qeydləri aparmağa əsas verən əmək müqaviləsinə, əmrə, sərəncama (tarixi və nömrəsi göstərilməklə, uyğun aparılır. Göründüyü kimi, əmək kitabçasında vətəndaşın isdən azad edilməsi haqqında qeydlərin olması zəruridir. 19.10.2020-ci il tarixli 261 nömrəli arxiv arayışına əsasən əmrlər kitablarında İddiaçı işdən azad edilməsi haqqında əmrin qeydiyyatı aşkar edilməmişdir. Həmçinin arayışda Keçmiş Qazıməmməd adına sovxozun 1974-cü ilin əmrlər kitabında (saxlama vahidi 10) 174 nömrəli əmrdə İddiaçı adının iki dəfə qeyd edilməsi və Xanalı adının üstündən göy rəngli qələmlə xətt çəkilməsi haqqında məlumat vardır. Beləliklə, vətəndaşın işdən çıxma əmrinin olması faktı sənədlərlə öz təsdiqini tapmamışdır. İşçilərin əmək kitabçasının forması və onun tərtib edilməsi qaydalarının təsdiq edilməsi barədə Nazirlər kabinetinin 26 dekabr 1996-cı il tarixli 186 nömrəli qərarının 7.1-ci maddəsinə əsasən, Bu əsasnamənin 3.10 bəndinə əsasən dublikat almaq hüququna malik olan işçi axırıncı iş yeri üzrə işəgötürənə əmək kitabçası və ona əlavə içliyin verilməsi haqqında müraciət etməlidir. İşəgötürən 15 gün ərzində bu müraciətə baxıb onu həll etməlidir. Əmək kitabçası itdikdə və ya yararsız hala düşdükdə işçiyə verilən yeni əmək kitabçasının işçi haqqında məlumat səhifəsinin yuxarı sağ tərəfində iri hərflərlə “Dublikat” sözü yazılır. Əmək kitabçası, yaxud əlavə içliyin dublikatı ümumi qayda üzrə doldurulur. Əmək kitabçasının və onun əlavə içliyinin dublikatı verildiyi zaman həmin vaxta qədər əmək stajına malik olan işçilərin əmək stajı müvafiq əmrə (sərəncama) əsasən müəyyənləşdirilir və dublikatda qeyd olunur. Keçmişdəki iş haqqında əmək kitabçasında yuxarıda göstərilən məlumat tam dərəcədə olmadığı hallarda, əmək kitabçasının dublikatına yalnız sənəddəki məlumat daxil edilir. “İş haqqında məlumat” bölməsinin 3-cü qrafasında başlıq formasında işəgötürənin tam adı yazılır. Bu başlıq altında 1-ci qrafada daxil edilən yazılışın sıra nömrəsi, 2-ci qrafada isə işçinin qəbul edildiyi tarix göstərilir. Qeyd edilən qaydalardan aşkar görülür ki, əmək kitabçası təkrar tərtib edildikdə əmək kitabçasının yuxarı sağ tərəfində dublikat sözü yazılmalıdır və sovxozun direktorunun və ya müəssisə rəhbəri tərəfindən təsdiq edilməlidir. Sözügedən əmək kitabçasının tərtib edilmə qaydalarına riayət edilməmişdir. Ərizəçinin 03.03.1972-ci ildən 01.11.1996-ci il tarixədək işlədiyi dövr, 24 il 5 ay 25 gün edir və bu da tələb edilən 25 illik sosial sığorta stajının olmaması deməkdir. Bu səbəbdən də vətəndaşa pensiya təyinatının aparılması qeyri-mümkündür. Tərflərin izahatları: Apelyasiya baxışı zamanı məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X7 apelyasiya şikayətinin məzmununa uyğun izahat verərək, onun təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Apelyasiya baxışı zamanı məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apelyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanmasını xahiş etdi. ƏSASLANDİRMA HİSSƏ Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirərək, iddiaçını və cavabdehin nümayəndəsini dinləyərək, apelyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, aşağıda göstərilənlərə əsasən cavabdehin apelyasiya şikayəti təmin edilməməli və Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-163/2021 saylı 03 fevral 2021-ci il tarixli qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İş materiallarında olan Qusar rayon Dövlət Arxivinin 06.10.2020-ci il tarixli, 247 saylı arxiv çıxarışında X5 1) Qazıməmməd adına sovxoz üzrə 63 saylı, 08 iyun 1972-ci il tarixli əmrlə 03 mart 1972-ci ildən 2 nömrəli briqadaya fəhlə qəbul edildiyi, həmin sovxoz üzrə 174 saylı, 30 oktyabr 1974-cü il tarixli əmrlə işdən azad edildiyi, 2) Qazıməmməd adına sovxoz üzrə 115 saylı, 29 dekabr 1976-cı il tarixli əmrlə sovxoza traktorçu vəzifəsinə qəbul edildiyi, 01 noyabr 1996-cı il Həzrə kəndi Qazıməmməd adına sovxozun ləğv olunması, Həzrə kənd təsərrüfatı istehsalat kooperativinin yaradılması ilə əlaqədar Həzrə kənd təsərrüfatı istehsalat kooperativinin 3 saylı əmri ilə İddiaçı traktorist olaraq kooperativə qəbul edildiyi, 3) Qusar rayonu keçmiş Həzrə kənd təsərrüfatı istehsalat kooperativinin əmrlər kitabında İsmiyev Xanalinin işdən azad edilməsi haqqında əmrin qeydiyyatının aşkar edilmədiyi qeyd edilmişdir. Həmin arayışda iddiaçının işə qəbul və işdən azad olunması ilə bağlı məlumatlarla yanaşı həmçinin X13 kənd təsərrüfatı istehsalat kooperativinin 1) 25 saylı, 29 dekabr 1996-cı il tarixli əmri ilə 1996-cı ildə fasiləsiz iş stajına görə üstəlik əmək haqqlarının ödənildiyi, 2) 81 saylı 29 iyul 1997-ci il tarixli əmrlə kooperativin hesabına preslənmiş samanın pulsuz verildiyi, 3) 12 saylı, 17 fevral 1998-ci il tarixli sərəncamla üstəlik əmək haqqı ödənildiyi qeyd edilmişdir. Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Qusar rayon İcra Hakimiyyəti Qusar rayon Dövlət Arxivinin 247 saylı, 06 oktyabr 2020-ci il tarixli arxiv arayışında İddiaçı rayon arxivində saxlanılan keçmiş Həzrə kənd təsərrüfatı istehsalat kooperativinin şəxsi hesab kitablarında 1996, 1997 –ci illərin bütün ayları üzə, 1998-ci ilin avqust ayına qədər aldığı əmək haqlarının miqdarı qeyd edilmişdir. Dövlət Arxivinin arayışında qeyd edilən dövrlər həmçinin iddiaçıya məxsus əmək kitabçasında da öz əksini tapmışdır. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, iddiaçı yaşa görə əmək pensiyası təyin olunması ilə bağlı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DSMF-nin Qusar rayon şöbəsinə müraciət etmiş, lakin sonuncu iddiaçının 03.03.1972-ci ildən 30.10.1974-cü ilə kimi və 30.12.1976-cı ildən 01.11.1996-cı ilədək sabiq Qusar rayonu sabiq “Qazıməmməd” adına sovxozda traktorçu və 01.11.1996-cı ildən 30.12.1996-cı ilə kimi Həzrə kənd təsərrüfatı istehsal kooperativində işlədiyi dövrləri sosial sığorta stajı kimi nəzərə almaqdan və ona yaşa görə əmək pensiyası təyin etməkdən imtina etmişdir. İmtinanın əsası kimi onun adına ИТ-İ ******* saylı əmək kitabçasının 01.06.1998-ci il tarixdə tərtib olunduğu və həmin əmək kitabçasında iddiaçının işləməsi barədə qeydlərin sovxoz direktoru və ya müəssisə rəhbəri tərəfindən təsdiq edilmədiyi göstərilmişdir. Qeyd olunan qərar ilə razılaşmayan iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsi iddianı təmin etmiş və iddiaçının işlədiyi dövrlər həm dövlət arxivinin arayışları ilə təsdiq edildiyindən, həm də ona məxsus ИТ-1668461 saylı əmək kitabçasında qeyd edildiyindən həmin dövrlərin ona yaşa görə əmək pensiyasının hesablanması zamanı nəzərə alınmalı olmasına əsaslanmışdır. Məhkəmə kollegiyası hesab edir ki, 1-ci instansiya məhkəməsi iddianın təmin edilməsi barədə düzgün nəticəyə gəlmişdir. Birinci instansiya məhkəməsində icraat zamanı cavabdehin nümayəndəsi tərəfindən də araşdırılma aparılmış və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində DSMF publik hüquqi şəxsinin Qusar rayon Xidmət nümayəndəliyinin böyük mütəxəssisi X6, Qusar rayon Dövlət Arxivinin müdiri X3 iştirakları ilə dövlət arxivinin arayışları tədqiq edilmiş və 04 noyabr 2020-ci il tarixli aktlar tərtib edilmişdir. Həmin aktlarda iddiaçının Qusar rayonu Qazıməmməd adına sovxozda və Həzrə KTİK-də 1972-1998-ci illərdə aldığı əmək haqlarının miqdarı qeyd olunmuşdur. Eyni zamanda həmin aktda qeyd olunmuşdur ki, İddiaçı müəssisədə işlədiyi dövr ərzində almış olduğu əmək haqqından məcburi dövlət sosial sığorta haqları hesablanaraq Dövlət Sosial Müdafiə Fondunun hesabına tam ödənilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərti ilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Əmək Pensiyaları haqqında Qanunun 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” (Nazirlər Kabinetinin 26 sentyabr 2006-cı il tarixli 217 saylı qərarı ilə qüvvədən düşmüşdür) Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək kitabçasını təsdiqedici sənəd kimi arayışlar, əmrlər, çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri...nəzərə alınır. Kollegiya qeyd edir ki, iddiaçı “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinin tələbinə uyğun olaraq azı 25 il sosial sığorta stajına malik olmuşdur. (03.03.1972-30.10.1974-Qazıməmməd adına sovxoz, 02.11.1974-19-11.1976-Sovet Ordu sıralarında xidmət, 30.12.1976-12.10.1996-Qazıməmməd adına sovxoz, 01.11.1996- 17.02.1998 Həzrə kooperativi = 25 il, 9ay, 17 gün) Beləliklə, iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin şərtlərinə uyğundur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İ hissəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Həmin maddənin İİİ hissəsinə əsasən hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Hər bir vətəndaşın sosial təminat konstitusiya hüququ onun qanunla müəyyən edilmiş hallarda və məbləğdə pensiya almaq hüququnu da nəzərdə tutur. Bu mənada, pensiya təminatı sosial təminat hüququnun mühüm tərkib hissəsi kimi çıxış edir və Azərbaycan Respublikasının qoşulduğu bir sıra beynəlxalq-hüquqi aktlarda da öz əksini tapmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin X hissəsinə əsasən dövlət orqanları yalnız bu Konstitusiya əsasında, qanunla müəyyən edilmiş qaydada və hüdudlarda fəaliyyət göstərə bilərlər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Sadalanan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-163/2021 saylı 03 fevral 2021-ci il tarixli qərarı qanuni və əsaslı olduğundan dəyişdirilmədən qüvvədə saxlanılmalı, bununla da cavabdehin apelyasiya şikayəti təmin edilməməlidir. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 2 saylı regional ərazi filialı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-163/2021 saylı 03 fevral 2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apelyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Səməd Vurğun küçəsi 120) vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(105)-301/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-301/2021
03.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver