Məhkəmə qərarları › İş №2-1(105)-301/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-301/2022

16.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-301/2022 16.12.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər Babayeva Hökümə Çingiz qızı və Məmmədov Zahid Tahir oğlundan ibarət tərkibdə, Oruclu Nurlan Zöhrab oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin 24 dekabr 2021-ci il tarixli, 2-1(118)-1749/2021 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları İddiaçı Sumqayıt şəhəri, 11-ci mikrorayon, 1A saylı evdə yerləşən 19 saylı mənzil üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və həmin mənzilə dair daşınmaz əmlakın dövlət reyestrindən mülkiyyət hüququ barədə çıxarışın verilməsi üçün cavab orqana müraciət etmiş, cavabdehin 10 avqust 2021-ci il tarixli **********754 saylı məktubu ilə iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. Birinci instansiya məhkəməsində icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhəri, 11-ci mikrorayon, 1A saylı binada yerləşən 19 saylı mənzil işlədiyi müəssisənin müdiriyyətinin və həmkarlar təşkilatının birgə qərarlarına əsasən iddiaçıya ayrılmış və dövlət tərəfindən mənzil ayrılması səbəbindən mənzil növbəsindən çıxarılmışdır. Həmin mənzilə dair Sumqayıt Şəhər İcra Hakimiyyəti tərəfindən iddiaçıya order verilmişdir. Lakin mənzildə məcburi köçkün ailəsi məskunlaşdığına görə həmin mənzilə qeydiyyata düşməmiş və mənzilə köçə bilməmişdir. Qanunvericiliklə tələb olunan sənədləri toplayaraq ona ayrılmış mənzil üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatının aparılması və mülkiyyət hüququna dair reyestrdən çıxarışın verilməsi ilə əlaqədar cavabdeh Daşımnaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə ərizə ilə müraciət etmişdir. Cavabdeh müraciətə cavab olaraq verdiyi daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə bildirişlə mənzil üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtina etmişdir. Cavabdeh imtinasını onunla əsaslandırmışdır ki, qeydiyyata alınması nəzərdə tutulan mənzilə yaşayış qeydiyyatı yoxdur. Cavabdehin müraciətinə imtinası qanunsuz və əsassızdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka hüquqlar dövlət qeydiyyatına alınmalıdırlar. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə əsasən dövlət mülkiyyətində, habelə ictimai mülkiyyətdə olan mənzil fonduna məxsus yaşayış evlərindəki mənzillərin (evlərin) özəlləşdirilməsi, vətəndaşların müraciətləri əsasında bu Qanunun 9-cu maddəsində göstərilən qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Beləliklə, sadalanan qanun normalarından aydın olur ki, iddiaçıya ayrılmış yaşayış sahəsi (mənzil) üzərində dövlət qeydiyyatına alınması üçün müraciət etdiyi hüquq mövcud qanunvericiliyə görə dövlət qeydiyyatına alınmalı hüquqdur və cavabdehin müraciətinə imtina verməsi tamamilə qanunsuz olmuşdur. Belə ki, “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunlarında yaşayış sahəsinə dair hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün nəzərdə tutulan şərtlərin içərisində yaşayış sahəsinə qeydiyyatın olması nəzərdə tutulmamışdır. İddia tələbinin əsasını təşkil edən işin faktiki hallarının maddi hüquqi əsaslandırılması ilə yanaşı hesab edir ki, iddia prosessual normalara da uyğundur. İddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslıdır. Bu səbəbdən də iddia təmin edilməlidir. Belə ki, baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-nin 1.1, 2.1 və 2.2.2-ci maddələri) aid olan məcburetmə haqqında iddia mümkündür. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İş materiallarında olan cavab məktubundan görünür ki, sözügedən mənzilə mülkiyyət hüququna dair çıxarışın verilməsi ilə bağlı əvvəlcədən cavabdeh inzibati orqana müraciət etmiş, cavabdeh bundan imtina etdiyindən hazırki mübahisə yaranmışdır. Hesab edir ki, iddia həmçinin əsaslıdır. Belə ki, yuxarıda qeyd olunanlara əsasən müəyyən edilir ki, o mübahisə predmeti olan mənzilə çıxarışın verilməsini tələb etməkdə haqlıdır. Bu baxımdan, cavabdehin üzərinə iddia tələbi üzrə öhdəlik qoyulmalıdır. Belə ki, inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Beləliklə, yuxarıda göstərilənlərə əsasən müəyyən olunur ki, cavabdehin iddiaçının müraciətinə verdiyi imtina tamamilə əsassız və qeyri-qanunidir və buna görə hesab edir ki, cavabdehin imtinası qanunsuz hesab edilməli və pozulmuş hüquqları bərpa edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən, məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh inzibati orqan iddia tələbinə etiraz edərək bildirmişdir ki, İddiaçı ünvan 1 ünvanda yerləşən 19 nömrəli mənzil üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə 16 iyun 2021-ci il tarixli ərizə ilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə müraciət etmişdir və onun müraciəti ********** nömrəsi ilə qeydiyyata alınmışdır. Müraciəti ilə əlaqədar olaraq İddiaçı bildirilmişdir ki, müraciətin araşdırılması zamanı qeydiyyata alınması nəzərdə tutulan mənzilə onun yaşayış yeri üzrə qeydiyyatının olmadığı müəyyən edilmişdir. Bildirilmişdir ki, “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə əsasən mənzillər (evlər) özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə onlardan birinin mülkiyyətinə və ya bir neçəsinin və yaxud bütün ailə üzvlərinin ümumi (paylı, birgə) mülkiyyətinə verilə bilər. Həmçinin yaşayış sahəsində inventarlaşma işlərinin aparılması üçün idarənin mütəxəssisinə şərait yaradılmamışdır. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 7.1-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün zəruri olan mərzçəkmə və inventarlaşdırma işlərinin aparılması, habelə müvafiq texniki sənədlərin tərtibi qaydası qanunvericiliklə müəyyən edilir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən ünvan 1 ünvanda yerləşən 19 nömrəli mənzil üzərində İddiaçı hüquqlarının qeydiyyata alınmasından imtina edilmiş və bu barədə ona 10 avqust **********54 qeydiyyat nömrəli bildiriş göndərilmişdir. Göründüyü kimi, hazırki iş üzrə idarənin hərəkəti və ya hərəkətsizliyi nəticəsində iddiaçının hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğu əsaslandırılmamışdır. Bu səbəbdən də, iddiaçının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı iddiası mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması haqqında məhkəmə qərardad qəbul edir. Qeyd edilənlərə əsasən iddianın mümkün sayılmamasını məhkəmədən xahiş etmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 24 dekabr 2021-ci il tarixli, 2-1(118)-1749/2021 nömrəli qərarı ilə (hakim İsmayıl Quliyev) iddia təmin edilərək, Sumqayıt şəhəri, 11-ci mikrorayon, 1A saylı evdə yerləşən 19 saylı mənzil üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və həmin mənzilə dair daşınmaz əmlakın dövlət reyestrindən mülkiyyət hüququ barədə çıxarışın verilməsi öhdəliyinin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin üzərinə qoyulması qərara alınmışdır. Qərardan cavabdeg apellyasiya şikayəti verərək qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 31 may 2022-ci il tarixli qərardadı ilə Sumqayıt Şəhər İcra Hakimiyyəti adi cəlbetmə qaydasında üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti iddia ərizəsinə etiraz ilə eyni məzmuna əsaslandırılmışdır. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabehin nümayəndəsi X1 apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş İddiaçı apellyasiya şikayətinin təmin olunmamasını, iş üzrə birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Üçüncü şəxs Sumqayıt Şəhər İcra Hakimiyyətinə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada məlumat verilsə də, onun nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Üçüncü şəxs Sumqayıt Şəhər İcra Hakimiyyəti məhkəməyə təqdim etdiyi rəydə iddia tələbinə baxılmasını məhkəmənin mülahizəsinə verdiyini göstərmişdir. Məhkəmə İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 139. Daşınar və daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 1. Dövlət və ya ictimai mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi bağlamış Azərbaycan Respublikasının vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin yaşadıqları mənzilləri (evləri) bu Qanunla müəyyən edilmiş şərtlərlə və qaydada əvəzsiz olaraq şəxsi mülkiyyətinə keçirmək hüququ vardır. Maddə 8. Mənzili (evi) özəlləşdirmək istəyən vətəndaşa müraciəti əsasında mənzilistismar təşkilatı beş gündən gec olmayaraq həmin mənzilə (evə) hüququ olan şəxslər və mənzilin kommunal-məişət vəziyyəti barədə arayış (2 №-li forma) verir. Mənzil sahəsinin orderi itdikdə və ya istifadəyə yararsız hala düşdükdə vətəndaşa müraciəti əsasında on gündən gec olmayaraq müvafiq dövlət orqanı tərəfindən arxiv arayışı verilir. Vətəndaş yaşadığı mənzili (evi) özəlləşdirmək barədə müvafiq icra hakimiyyəti orqanına verdiyi ərizəyə aşağıdakı sənədləri əlavə etməlidir: mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam “olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin ərizəsi; mənzilə (evə) hüququ olan şəxslər. və mənzilin (evin) kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı (2 №-li forma); mənzil sahəsinin orderi və ya mənzil kirayə müqaviləsi, yaxud onun verilməsinə dair sərəncam. Mənzili özəlləşdirmək üçün müraciət etmiş vətəndaşdan göstərilən sənədlərdən əlavə sənədlər tələb edilə bilməz. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün), başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün, qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar əsas hesab olunur. 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi (...) Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi (qüvvədən düşmüş) Maddə 48. Yaşayış sahəsi orderi Dövlət və ya ictimai mənzil fondu evində yaşayış sahəsi verilməsi haqqında qərar əsasında rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd X3nin icraiyyə komitəsi vətəndaşa order verir və bu order yaşayış sahəsinə köçmək üçün yeganə əsasdır. Order yalnız boş olan ayrıca yaşayış sahəsinə verilə bilər. (...) “Azərbaycan SSR ərazisində mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşları uçota götürməyin və yaşayış sahələrini bölüşdürməyin Nümunəvi qaydalarının təsdiq edilməsi haqqında” Azərbaycan SSR Nazirlər Sovetinin 418 №-li 14 oktyabr 1983-cü il tarixli Qərarı İV. Order verilməsi qaydası

38. Dövlət və ya ictimai mənzil fondu evində yaşayış sahəsi verilməsi haqqında qərara əsasən rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd X3nin icraiyyə komitəsi vətəndaşa yaşayış sahəsinə köçmək üçün yeganə əsas olan order verir (4 nömrəli əlavə). Order yalnız boş olan ayrıca yaşayış sahəsi üçün verilə bilər. Order blankları ciddi hesabat sənədləri kimi saxlanır. Həmin Qərara edilmiş 4 nömrəli əlavəyə əsasən orderdə onun verilməsi üçün əsas olan X3 İcraiyyə Komitəsinin qərarı göstərilməlidir.

Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi:

Maddə 58. Sübutların araşdırılması qaydası (...) 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68. Məhkəmə qərarının əsası (...) 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

Maddə 82. Mübahisə ilə bağlı işə şikayət üzrə yenidən baxılmasının hədləri

82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır.

Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat (...) 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 24 fevral 2022-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

Məhkəmə kollegiyası sədrlik edən hakimin məruzəsini dinləyib, iş materiallarını nəzərdən keçirib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli və iddia təmin edilməməlidir. Hazırkı mübahisənin predmetini cavabdehin iddiaçının Sumqayıt şəhəri, 11-ci mikrorayon, 1A nömrəli evdə yerləşən 19 nömrəli mənzil üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və həmin mənzilə dair çıxarışın verilməsindən imtinası təşkil edir. İddiaçı tələbinin əsası kimi Azərbaycan Respublikası Sumqayıt şəhər X3 İcraiyyə komitəsi mənzillərin qeydiyyatı və bölüşdürülməsi şöbəsi tərəfindən verilmiş 230 nömrəli, 06 avqust 1996-cı il tarixli orderə istinad etmişdir. Həmin orderdən görünür ki, Sumqayıt şəhəri, 11-ci mikrorayon, 1A nömrəli evdə yerləşən 19 nömrəli mənzil “Azərkimya Təmir Tikinti Tresti”nin 12 dekabr 1994-cü il tarixli, 2 nömrəli protokoluna əsasən iddiaçıya verilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, daşınmaz əmlak üzərində hüquq həmin daşınmaz əmlakın ayrılması barədə hüquqmüəyyənedici sənəd əsasında yaranır. Hüquqmüəyyənedici sənəd qanunla müəyyən olunmuş qaydada ləğv edilənə, geri çağırılana, dəyişdirilənə və ya etibarsız sayılana qədər qüvvədə sayılır və etibarlı hesab olunur. Bu mənada hüquqmüəyyənedici sənədlərin qüvvədə olduğu müddətdə, qeyd edilən sənədlərin aid olduğu konkret şəxsin həmin sənədə əsaslanan hüququ şəxsin müraciəti əsasında qeydiyyata alınmalıdır. İş materiallarında olan Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının aparatının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Ərazi İdarəsinə ünvanladığı 879 nömrəli, xx.xx.2018-ci il tarixli məktubunda qeyd olunmuşdur ki, Sumqayıt şəhəri, 11-ci mikrorayon ərazisində yerləşən 1A saylı yaşayış binasının tikintisi başa çatdırılmadığından şəhər icra hakimiyyətinin balansına qəbul edilməmişdir, lakin bir qism vətəndaş tərəfindən həmin bina üzrə yaşayış sahələrinə dair orderlər əldə olunmuşdur. Mövcud orderlərin hüquqi əsası olmadığından həmin yaşayış sahələrinin özəlləşdirilməsinin qarşısının alınması xahiş olunur. Azərbaycan Respublikası Dövlət Arxivinin Sumqayıt filialının 110 nömrəli, xx.xx.2022ci il tarixli məktubunda qeyd olunmuşdur ki, Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1996-cı il tarixindən xx.xx.1996-cı il tarixinədək sərəncamlarına baxılmış, vətəndaş İddiaçı mənzil verilməsi barədə məlumat aşkar olmamışdır. “Azərkimya Təmir Tikinti Tresti”nin şəxsi heyətinə dair və həmin idarənin Həmkarlar Təşkilatının arxiv sənədləri Azərbaycan Respublikası Dövlət Arxivinin Sumqayıt filialına dövlət mühafizəsinə təhvil verilməmişdir. Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının aparatının 578 nömrəli, xx.xx.2022-ci il tarixli məktubunda göstərilmişdir ki, Sumqayıt şəhəri, 11-ci mikrorayon, 1A saylı yaşayış binası Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin balansında olmaqla istismara qəbul edilməmişdir. Araşdırma zamanı şöbənin arxivində Sumqayıt şəhəri, 11-ci mikrorayon, ev 1 A, mənzil 19-un İddiaçı verilməsinə dair yalnız “Azərkimyatəmir" Trestinin MMK-nın, müdiriyyətinin və HİK-nin birgə iclasının xx.xx.1994cü iİ tarixli 02 saylı protokolunun mövcud olduğu aşkar edildi. ünvan 1, mənzil 19-a dair iddiaçının adına orderin verilməsi ilə bağlı məlumat aşkar edilmədi. Məhkəmə kollegiyası Sumqayıt Şəhər İcra Hakimiyyətinə sorğu ilə müraciət edərək, yuxarıda qeyd olunan Sumqayıt Şəhər İcra Hakimiyyətinin xx.xx.2018-ci il tarixli 879 saylı məktubu və məhkəməyə ünvanlanmış rəylərində göstərilən mövqe arasındakı uyğunsuzluqla əlaqədar ətraflı məlumatın verilməsi, habelə iddiaçının adına Azərbaycan Respublikası Sumqayıt şəhər X3 İcraiyyə komitəsi mənzillərin qeydiyyatı və bölüşdürülməsi şöbəsi tərəfindən verilmiş 230 nömrəli, 06 avqust 1996-cı il tarixli order verilən zaman qüvvədə olan qanunvericiliyin tələblərinə uyğunluğu barədə Sumqayıt Şəhər İcra Hakimiyyətinin rəsmi mövqeyinin bildirilməsi xahiş olunmuşdur. Sumqayıt Şəhər İcra Hakimiyyətinin 1344 nömrəli, xx.xx.2022-ci il tarixli məktubunda qeyd olunmuşdur ki, Şəhər İcra Hakimiyyəti başçısının müavini, mərhum Sahib Quliyevin imzası ilə bir qism vətəndaşlar tərəfindən orderlərin əldə edilməsi barədə qeyd edilən məktubla bağlı konkret məlumat mövcud olmadığından əlavə məlumat təqdim edilməsi mümkün olmamışdır. Şöbənin arxivində mübahisə predmeti olan, yaşayış sahəsi 48,74 kv.m olan 3 otaqlı Sumqayıt şəhəri, 11-ci mikrorayon, ev 1 A, mənzil 19-un İddiaçı verilməsi barədə “Azərkimyatəmirtikinti” trestinin 12 dekabr 1994-cü il tarixli 02 saylı protokolu mövcuddur. Bu baxımdan, yəni “Azərkimyatəmirtikinti” trestinin 12 dekabr 1994cü il tarixli 02 saylı protokolu əsasında mübahisəli mənzil İddiaçı aid olduğundan (qeyri-bir şəxsə verilməsi mümkün olmadığından) işə baxılması məhkəmə mülahizəsinə təqdim olunmuşdur. Mövcud iddia ərizəsindən görünür ki, mənzildə məcburi köçkün ailəsi məskunlaşdığına görə iddiaçı həmin mənzilə qeydiyyata düşməmiş və mənzilə köçə bilməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı ona mənzilin verilməsi barədə Sumqayıt şəhər X3 İcraiyyə komitəsi mənzillərin qeydiyyatı və bölüşdürülməsi şöbəsi tərəfindən verilmiş 230 nömrəli, 06 avqust 1996-cı il tarixli orderə istinad etmiş, həmin orderdə isə orderin “Azərkimya Təmir Tikinti Tresti”nin 12 dekabr 1994-cü il tarixli, 2 nömrəli protokoluna əsasən verildiyi göstərilmişdir. Məhkəmə kollegiyası tərəfindən verilmiş sorğular əsasında Sumqayıt Şəhər İcra Hakimiyyəti tərəfindən ünvan 1, mənzil 19-a dair iddiaçının adına order verilməsi barədə qərar (sərəncam) aşkar edilməmişdir. Sadalananlara əsasən məhkəmə kollegiyası hesab edir ki, mənzilə çıxarışın verilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçı tərəfin, bunu istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür. Mənzilin ayrılması barədə sənədlərə dair arxiv məlumatları olmadığından mövcud iddia tələbi əsaslı hesab edilə bilməz. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, bu cür iddialara baxılarkən nəzərə alınmalıdır ki, məhkəmələr cavabdehin imtinasında istinad edilən halların əsaslarına formal yanaşaraq inzibati orqanın üzərinə qanunsuz öhdəlik qoymalı deyillər. Nəzərə alınmalıdır ki, məcburetmə və ya öhdəliyin icrası haqqında iddialar üzrə mübahisələr həll olunarkən məhkəmə cavabdeh inzibati orqanın imtinasının qanuni və ya əsaslı olubolmadığının müəyyən edilməsindən daha çox, iddiaçının mövcud hüquqi vəziyyətin dəyişdirilməsinə (arzuladığı inzibati aktın qəbul edilməsinə və ya öhdəliyin icrasına) nə dərəcədə haqqı çatdığını müəyyən etməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qərara aldı:

Apellyasiya şikayəti təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 24 dekabr 2021-ci il tarixli, 2-1(118)-1749/2021 nömrəli qərarı ləğv edilsin və iş üzrə yeni qərar qəbul edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı Sumqayıt şəhəri, 11-ci mikrorayon, 1A nömrəli evdə yerləşən 19 nömrəli mənzil üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və həmin mənzilə dair çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası təmin edilməsin. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar