Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-302/2022 28.04.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Zahid Tahir oğlu, hakimlər Babayeva Hökümə Çingiz qızı və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, X10 qızının katibliyi, İddiaçının vəkili və nümayəndəsi Vəkil, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı (bundan sonra iddiaçı) Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə (bundan sonra cavabdeh) qarşı Sumqayıt şəhəri, 22-ci məhəllə, Natəvan küçəsi, yataqxana 20, ev 8a-da yerləşən 52 saylı bir otaqlı yaşayış sahəsinin iddiaçının adına özəlləşdirilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin 10 dekabr 2021-ci il tarixli, 2-1(118)-1962/2021 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında, açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. İddiaçı xx.xx.1966-cı ildə anadan olmuşdur və ünvan 1 ünvanında qeydiyyatdadır.
2. “Sintezkauçuk” X1 İttifaqı Komitəsinin mənzil-məişət məsələləri üzrə komissiyasının müdriyyəti ilə birgə 14.06.1993-cü il tarixli müşavirəsinin 107 nömrəli protokolundan çıxarışa əsasən iddiaçının 20 nömrəli yataqxanada 52-ci otağa köçürülməsi qərara alınmışdır.
3. Sumqayıt “Sintezkauçuk” zavodu tərəfindən verilmiş 28.12.1993-cü il tarixli 2255 nömrəli orderə əsasən mübahisəli yaşayış sahəsi iddiaçıya ayrılmışdır. Həmin orderdə iddiaçının özü ilə yanaşı onun qızı X5 da adı qeyd olunmuşdur.
4. Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının 16.09.2010-cu il tarixli 153 saylı sərəncamı ilə “Azərkimya” İstehalat Birliyinin zavodlarının balansında olan bina və tikililər Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil Təsərrüfatı və X3 balansına qəbul edilmişdir.
5. Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil Təsərrüfatı və X3 21.09.2010-cu il tarixli 12 saylı əmri ilə 22-ci məhəllə, Natəvan küçəsi, yataqxana №20-yə xidmət işi 1 saylı Mənzil İstismar sahəsinə həvalə edilmişdir.
6. Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının aparatının 14.074.2021-ci il tarixli 1181 nömrəli məktubuna əsasən ünvan 1 dövlət mənzil fonduna aiddir.
7. Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 1 saylı Mənzil-Kommunal sahəsinin 11.06.2021-ci il tarixli, 2514 saylı 2№li forma arayışı və 05.11.2021-ci il tarixli, 4176 saylı arayışa əsasən iddiaçı ünvan 2 ünvanda yerləşən 52 nömrəli otaqda qeydiyyatdadır və orada yaşayır.
8. Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının aparatının 21.09.2021-ci il tarixli məktubunda göstərilir ki, ünvan 2, mənzil 52-yə dair Sumqayıt “Sintezkauçuk” zavodu Mənzil Kommunal İdarəsi tərəfindən 2255 nömrəli, 28.12.1993-cü il tarixli order verilmişdir. Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının 16.09.2010-cu il tarixli 153 saylı sərəncamı ilə X4 zavodlarının balansında olan bina və tikililərin Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil Təsərrüfatı və X3 balansına qəbul edilmişdir.
9. İddiaçı 11 iyun 2021-ci il tarixli ərizə ilə Cavabdehnə müraciət edərək Sumqayıt şəhəri, Natəvan küçəsi, Yat-20, ev 8a ünvanında yerləşən 52 nömrəli mənzil üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasını xahiş etmişdir.
10. Cavabdeh orqanın 26.08.2021-ci il tarixli **********85 nömrəli imtinasından görünür ki, iddiaçının ərizəsinin icrasından imtina edilmişdir. İmtina onunla əsaslandırılmışdır ki, ərizəyə əlavə olunmuş Sumqayıt “Sintezkauçuk” zavodu mənzil kommunal kontoru tərəfindən verilmiş 2255 nömrəli, 28.12.1993-cü il tarixli order mənzil üzərində hüququn qeydiyyatı üçün əsas deyil. Birinci instansiya məhkəməsində icraat
11. İddiaçı Sumqayıt İnzibati Məhkəməsində iddia qaldıraraq, Sumqayıt şəhəri, 22-ci məhəllə, Natəvan küçəsi, yataqxana 20, ev 8a-da yerləşən 52 saylı 1 otaqlının onun adına özəlləşdirilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
12. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, “Sintezkauçuk” istehsalat birliyində işləyən vaxt mənzil növbəsinə götürülmüş və ona zavod Həmkarlar İttifaqı Komitəsinin Mənzil Məişət Məsələləri üzrə Komissiyasının 14.06.1993-cü il tarixli 107 saylı Protokolu əsasında Sumqayıt şəhəri, 22-ci məhəllə, Natəvan küçəsi, yataqxana 20, ev 8a-da yerləşən 52 saylı 1 otaqlı yaşayış sahəsi ayrılmışdır. Həmin protokol əsasında iddiaçının adına order verilmiş və orderdə ailə üzvləri kimi qızı X6 adı daxil edilmişdir. İddiaçı həmin order əsasında 1993-cü ildən bu mənzildə yaşayır, mənzil kirayə və kommunal xidmət haqlarını ödəyir və özü də həmin ünvan üzrə pasport qeydiyyatındadır. İddiaçı qanuni əsaslarla ayrılmış bu otağı adına özəlləşdirməklə bağlı cavabdeh təşkilata müraciət etmiş, lakin cavabdeh əsassız səbəb gətirməklə 26.08.2021-ci il tarixli bildirişlə ona imtina vermişdir. Həmin imtinada əsas səbəb kimi göstərmişdir ki, guya iddiaçıya verilmiş orderin hüquqi əsası yoxdur və özəlləşmənin aparılması üçün icra hakimiyyətinin sərəncamı olmalıdır. Bu imtina əsassızdır, belə ki, iddiaçıya qeyd edilən otaq ayrılan vaxt həmin otaq Sumqayıt şəhər “Sintezkauçuk” istehsalat birliyinin balansında olmuş və bu yaşayış sahəsinin icra hakimiyyətinə heç bir aidiyyəti olmamışdır. Digər tərəfdən order ləğv olunmamış və hazırda da qüvvədədir və bu orderi hazırda binanın balansına verilmiş Sumqayıt şəhər icra hakimiyyəti də tanıyır. Bundan başqa iddiaçı həmin mənzilin əsas kirayəçisidir və mənzilin orderində adı olan 18 yaşdan yuxarı ailə üzvü-qızı da mənzilin iddiaçının adına özəlləşdirilməsinə razılıq ərizəsi vermişdir. Bundan başqa bu binada iddiaçıdan başqa da bir çox sakinlər eyni orderlər əsasında otaqları öz adlarına özəlləşdirməklə çıxarış almışlar. Hesab olunur ki, mənzili özəlləşdirməklə bağlı verilmiş imtinanın heç bir hüquqi əsası yoxdur. Bu imtina “Mənzil Fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə ziddir və ona görə də həmin imtina əsassız hesab edilməli və mənzilin iddiaçının adına özəlləşdirilməsi ilə bağlı müraciətinin təmin edilməsi cavabdehin üzərinə vəzifə kimi qoyulmalıdır
Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri
13. Cavabdeh etirazında göstərmişdir ki, iddiaçının etibarnamə üzrə nümayəndəsi ünvan 2 ünvanda yerləşən 52 nömrəli mənzil üzərində İddiaçı mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması barədə ərizə ilə müraciət etmiş, müraciəti ilə əlaqədar olaraq onun nümayəndəsinə bildirilmişdir ki, ərizəyə əlavə olunmuş, Sumqayıt “Sintezkauçuq” zavodunun mənzil kommunal kontoru tərəfindən verilmiş 28.12.1993-cü il tarixli 2255 nömrəli order mənzil üzərində hüququn qeydiyyatı üçün əsas deyil. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.11-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi dövlət və ya ictimai mənzil fonduna aid mənzillər üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslardır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 10 avqust 2004-cü il tarixli, 113 nömrəli Fərmanının 4.2.8-ci bəndinə əsasən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.11-ci maddəsində “müvafiq icra hakimiyyəti orqanı” dedikdə yerli icra hakimiyyəti orqanları nəzərdə tutulur. Qeyd edilənlər nəzərə alınaraq, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən İddiaçı ünvan 2 ünvanda yerləşən 52 nömrəli mənzil üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasından imtina edilmiş və bu barədə onun nümayəndəsinə bildiriş göndərilmişdir. Etirazda göstərilir ki, hazırki iş üzrə idarənin hərəkəti və ya hərəkətsizliyi nəticəsində iddiaçının hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğu əsaslandırılmamışdır və İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə istinad edilməklə iddianın mümkün sayılmaması haqqında qərardad qəbul edilməsi xahiş olunmuşdur.
Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
14. Sumqayıt İnzibati Məhkəməsinin 02.11.2021-ci il tarixli 2-1(118)-1962/2021 saylı qərardadı ilə Sumqayıt şəhər İcra Hakimiyyəti məhkəmə prosesinə üçüncü şəxs qismində cəlb edilmiş, 10 dekabr 2021-ci il tarixli, 2-1(118)-1962/2021 nömrəli qərarı ilə iddia təmin edilərək İddiaçı cavabdehin hərəkətlərini qanunsuz hesab etməklə Sumqayıt şəhəri, 22-ci məhəllə, Natəvan küçəsi, yataqxana 20, ev 8a-da yerləşən 52 saylı bir otaqlı yaşayış sahəsinin iddiaçının adına özəlləşdirilməsi vəzifəsi Cavabdeh üzərinə qoyulması qərara alınmışdır.
15. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, aidiyyəti dövlət orqanı tərəfindən mənzil ayrılarkən iddiaçının hüquqi gözləntisi mübahisəli mənzili xüsusi mülkiyyətinə keçirmək olmuşdur. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanunun 1-ci maddəsinə əsasən dövlət və ya ictimai mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi bağlamış Azərbaycan Respublikasının vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin yaşadıqları mənzilləri (evləri) bu Qanunla müəyyən edilmiş şərtlərlə və qaydada əvəzsiz olaraq şəxsi mülkiyyətinə keçirmək hüququ vardır. Bu baxımdan məhkəmə hesab etmişdir ki, hazırkı iş üzrə iddiaçı 01 oktyabr 2009-cu il tarixdən qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəllənin 146.1-ci maddəsinin tələblərinə əsasən dövlət mənzil fondunun mənzilini özəlləşdirmək hüququ olan və öz hüquqlarını saxlayan şəxsdir, belə olan halda cavabdeh orqanın imtinası əsassız olmuşdur.
16. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti vermişdir.
Apellyasiya şikayətinin dəlilləri:
17. Apellyasiya şikayətinin dəlilləri cavabdehin imtinasının və iddia ərizəsinə etirazının dəlilləri ilə eynilik təşkil edir. Cavabdeh apellyasiya şikayətində Sumqayıt İnzibati Məhkəməsinin iş üzrə 10.12.2021-ci il tarixli qərarının ləğv edilməsi və iddianın rədd edilməsi haqqında yeni qərar qəbul edilməsi xahiş edilmişdir.
Məhkəmə icraatı iştirakçılarının izahatları
18. Cavabdehinin nümayəndəsi apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək onun təmin edilməsini xahiş etdi.
19. İddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinə etiraz edərək şikayətin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
20. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq iş üzrə üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
21. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanun: Maddə 1. Dövlət və ya ictimai mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi bağlamış Azərbaycan Respublikasının vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin yaşadıqları mənzilləri (evləri) bu Qanunla müəyyən edilmiş şərtlərlə və qaydada əvəzsiz olaraq şəxsi mülkiyyətinə keçirmək hüququ vardır. Maddə 4. Dövlət mülkiyyətində, habelə ictimai mülkiyyətdə olan mənzil fonduna məxsus yaşayış evlərindəki mənzillərin (evlərin) özəlləşdirilməsi, vətəndaşların müraciətləri əsasında bu Qanunun 9-cu maddəsində göstərilən qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Maddə 5. Mənzillər (evlər), özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə onlardan birinin mülkiyyətinə və ya bir neçəsinin və yaxud bütün ailə üzvlərinin ümumi (paylı, birgə) mülkiyyətinə verilə bilər. Maddə 6. Təhsil müəssisələrinin yataqxanalarında, qəza vəziyyətində olan evlərdə, qapalı hərbi şəhərciklərin evlərində mənzillərin, eləcə də xidməti mənzillərin özəlləşdirilməsinə yol verilmir. Dövlət mülkiyyətində olan yataqxanalar (təhsil müəssisələrinin yataqxanaları istisna olmaqla) müvafiq icra hakimiyyəti orqanının qərarı əsasında müvafiq icra hakimiyyəti orqanlarının balansına verildikdən sonra həmin yataqxanalardakı yaşayış sahələri yalnız orada faktiki yaşayan və mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi olan sakinlər tərəfindən özəlləşdirilə bilər;
22. Mənzil Məcəlləsi: Maddə 146.1. Bu Məcəllə qanuni qüvvəyə minən günədək “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının 26 yanvar 1993-cü il tarixli Qanununa əsasən dövlət mənzil fondunun mənzillərini özəlləşdirmək hüququ olan şəxslər öz hüquqlarını saxlayır. 146.2. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının 26 yanvar 1993-cü il tarixli Qanunu bu Məcəllə qanuni qüvvəyə mindikdən sonra vətəndaşlara bu Məcəllənin İİİ-İV bölmələrinə əsasən verilən sosial və xüsusi təyinatlı dövlət mənzil fondunun yaşayış sahələrinə şamil edilmir. 146.3. Bu Məcəllənin 146.2-ci maddəsində nəzərdə tutulmuş yaşayış sahələrinin özəlləşdirilməsi Azərbaycan Respublikasının qanunlarında nəzərdə tutulduğu hallarda və qaydada həyata keçirilə bilər. 146.4. Dövlət mənzil fondunun bu Məcəllənin 146.1-ci maddəsinə aid edilməyən yaşayış sahələrinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi hallarda özəlləşdirilməsinə yol verilir.
1. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1 Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: ... 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; Maddə 11.1. Hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır.
23. İnzibati Prosessual Məcəllə: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 69.4. Məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
24. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 25.02.2022-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apelyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi
25. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyərək, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia təmin olunmamalıdır.
26. Hazırkı mübahisənin predmetini cavabdehin iddiaçının Sumqayıt şəhəri, 22-ci məhəllə, Natəvan küçəsi, yataqxana 20, ev 8a-da yerləşən 52 saylı bir otaqlı yaşayış sahəsi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtinası təşkil edir.
27. Cavabdeh imtinasında qeyd etmişdir ki, tərəflərindən aparılan araşdırma zamanı qanunvericiliklə müəyyən edilmiş qaydada mənzil sahəsinə dair hüquqmüəyyənedici sənədlərin- Azərbaycan Respublikası Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, orderi və ya mənzil kirayə müqaviləsinin ərizəyə əlavə edilmədiyi müəyyən edilmişdir.
28. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh inzibati orqanın imtinası qanunsuz olmamışdır. Belə ki, işin yuxarıda qeyd edilən hallarından görünür ki, iddiaçının üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını tələb etdiyi Sumqayıt şəhəri, 22-ci məhəllə, Natəvan küçəsi, yataqxana 20, ev 8a-da yerləşən 52 saylı bir otaqlı yaşayış sahəsi dövlət mənzil fonduna aid olmaqla Sumqayıt şəhər İcra Hakimiyyətinin balansındadır.
29. Bu qərarın 21-ci bəndində istinad edilmiş “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanunun 6-cı maddəsində yataqxanaların özəlləşdirilməsinin xüsusi qaydası müəyyən edilmişdir. Belə ki, həmin maddənin ikinci cümləsinə əsasən dövlət mülkiyyətində olan yataqxanalar müvafiq icra hakimiyyəti orqanının qərarı əsasında müvafiq icra hakimiyyəti orqanlarının balansına verildikdən sonra həmin yataqxanalardakı yaşayış sahələri yalnız orada faktiki yaşayan və mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi olan sakinlər tərəfindən özəlləşdirilə bilər. Qeyd edilməlidir ki, həmin qanunun müvafiq maddəsinin 26.12.2006-cı il tarixədək olan redaksiyası ümumiyyətlə yataqxanalarda yaşayış sahələrinin özəlləşdirilməsini qadağan edirdi.
30. Hazırkı halda isə istinad edilən normaya əsasən iddiaçının faktiki yaşadığı və qeydiyyatda olduğu yaşayış sahəsi yalnız onunla Sumqayıt şəhər İcra Hakimiyyəti arasında bağlanmış mənzil kirayə müqaviləsi əsasında özəlləşdirilə bilər. İddiaçının təqdim etdiyi “Sintezkauçuk” zavodu Mənzil Kommunal İdarəsi tərəfindən verilmiş 28.12.1993-cü il tarixli order “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.11-ci maddəsində nəzərdə tutulmuş dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının orderi kimi qəbul edilə bilməz. Çünki, həmin normada nəzərdə tutulan müvafiq icra hakimiyyəti orqanı yerli icra hakimiyyəti orqanlarını nəzərdə tutur.
2. İddiaçı qeyd edilən yaşayış sahəsinə dair mənzil kirayə müqaviləsini nə cavabdeh inzibati orqana, nə də məhkəmə araşdırması zamanı məhkəməyə təqdim etməmiş, belə bir müqavilənin mövcudluğuna istinad etməmişdir. Bununla belə, nəzərə alınmalıdır ki, istinad edilən maddədə qanunverici orderin, kirayə müqaviləsinin və onun verilməsinə dair sərəncamın – hər üç sənədin eyni vaxtda mövcudluğunu şərt kimi müəyyən etmir. Həmin sənədlərdən hər hansı birinin mövcudluğu mənzilə dair hüququn qeyd alınması üçün əsasdır.
31. Bu səbəbdən də iddiaçı üzərində hüquqlarının qeydiyyata alınmasını tələb etdiyi mənzilə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş hüquqların dövlət qeydiyyatı üçün əsaslardan hər hansı birini təqdim etmədiyindən cavabdeh inzibati orqan həmin qanunun 15-ci maddəsinə əsasən iddiaçının tələbinin təmin olunmasından imtina etməkdə haqlı olmuşdur.
32. Göstərilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən hazırkı işə baxılarkən işin halları tam araşdırılmamış, iş üzrə müəyyən edilmiş hallara maddi hüquq normaları düzgün tətbiq olunmamış, qərarın ləğvi üçün əsas olan qanun pozuntularına yol verilmişdir. Bu baxımdan, məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətlərində göstərdiyi dəlilləri qiymətləndirirərək hesab edir ki, bu dəlillər birinci instansiya məhkəməsinin qərarının ləğvi üçün əsasdır.
33. Sadalanan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməli, Sumqayıt İnzibati Məhkəməsinin 10 dekabr 2021-ci il tarixli, 2-1(118)-1962/2021 nömrəli qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilərək iddia təmin olunmamalıdır.
34. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Apellyasiya şikayəti təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 10 dekabr 2021-ci il tarixli, 2-1(118)-1962/2021 saylı qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddia təmin olunmasın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.