Məhkəmə qərarları › İş №2-1(105)-302/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-302/2025

05.03.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-302/2025 05.03.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Əzizova Vəfa Ehtiram qızı, hakimlər X2 və Quliyev İsmayıl Rza oğlundan ibarət tərkibdə, Nəsirov Natiq Elçin oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Sumqayıt şəhər İcra Hakimiyyətinə qarşı mənzil kirayə haqqı üçün kompensasiyanın ödənilməsi tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin 29 noyabr 2024-cü il tarixli, 2-1(118)-1497/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi İşin halları İş materiallarına əlavə edilmiş ZE seriyalı, ******* nömrəli “Hərbi bilet”dən görünür ki, İddiaçı Azərbaycan Respublikası Silahlı Qüvvələrində 4 iyul 2007-ci il tarixdən 7 may 2009-cu il tarixədək xidməti olub, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə həqiqi hərbi xidmətə qəbul edilmiş, 26 iyul 2010-cu il tarixdən 7 avqust 2012-ci il tarixədək tağım komandiri vəzifəsində xidmət etmiş və xəstəliyə görə ehtiyata buraxılmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Sumqayıt şəhər İcra Hakimiyyətinin 23 avqust 2019-cu il tarixli, 229 nömrəli sərəncamından görünür ki, ehtiyata buraxılmış baş leytenant və hərbi xidmət dövrü ilə əlaqədar 2-ci dərəcəli əlil İddiaçı yaşayış yeri üzrə yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması qərara alınmışdır. İş materiallarına əlavə edilmiş Sumqayıt bələdiyyəsinin 20 avqust 2020-ci il tarixli, 2424 nömrəli İddiaçı göndərilmiş məktubundan görünür ki, fərdi ev tikintisi üçün torpaq sahəsinin ayrılması barədə müraciətinə cavab olaraq bildirilmişdir ki, hal-hazırda Sumqayıt bələdiyyəsinin yaşayış təyinatlı sərbəst ehtiyat fondu torpaqları mövcud olmadığından müraciətinin müsbət həlli Sumqayıt bələdiyyəsinin imkanı xaricindədir. Gələcəkdə Sumqayıt bələdiyyəsinə fərdi ev tikmək üçün perspektiv inkişaf fonduna torpaq sahəsi ayrıldığı təqdirdə fərdi ev tikintisi üçün torpaq sahəsinin ayrılması məsələsinə baxılması istisna deyildir. İş materiallarına əlavə edilmiş 13 aprel 2023-cü il tarixli “Mənzillərin, evlərin (bağların) müvəqqəti istifadəyə verilməsi müqaviləsi”ndən görünür ki, kirayəyə verən X1 ona məxsus ünvan 1 ünvanda yerləşən mənzili kirayəçi İddiaçı kirayəyə verimişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Sumqayıt Şəhər İcra Hakimiyyəti yanında Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 20 saylı Mənzil-Kommunal Sahəsi tərəfindən təsdiq edilmiş qonşuların tərtib edildiyi 15 iyul 2023-cü il tarixli aktından görünür ki, İddiaçı və onun ailə üzvləri X3, X10 oğlu və Əsədli Bəxtiyar Emin oğlu ünvan 2 ünvanda pasport qeydiyyatda olaraq yaşamırlar, 13 aprel 2023-cü il tarixdən faktiki 42-ci məhəllə, ev 15, mənzil 27 ünvanda kirayə yaşayırılar. İş materiallarına əlavə edilmiş Sumqayıt Şəhər İcra Hakimiyyəti yanında Mənzil- Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 20 saylı Mənzil-Kommunal Sahəsinin 1 sentyabr 2023-cü il tarixli, 1007 nömrəli arayışdan görünür ki, İddiaçı və onun ailə üzvləri X3, X10 oğlu və Əsədli Bəxtiyar Emin oğlu 42-ci məhəllə, ev 15, mənzil 27 ünvanda kirayə müqaviləsinə əsasən yaşayırılar. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Sumqayıt Şəhər İcra Hakimiyyətinin 17 avqust 2023-cü il tarixli, çıx-26 nömrəli İddiaçı göndərilmiş məktubundan görünür ki, 4 nəfər ailə tərkibilə atasına məxsus yaşayış sahəsi 50,22 kv.m ibarət 3 otaqlı ünvan 2-də qeydiyyatda olmaqla 23 avqust 2019-cu il tarixdə xəstəliyə görə ehtiyata buraxılmış hərbi qulluqçu və hərbi xidmət dövrü ilə əlaqədar 2 dərəcəli əlil kimi yaşayış yeri üzrə mənzil uçotuna alınmışdır. Təqdim edilmiş sənədlər, o, cümlədən ünvan 1-ə dair bağladığı kirayə müqaviləsi araşdırılmış və məlum olmuşdur ki, o, 42-ci məhəllə, ev 15, mənzil 27-də yaşamadığı halda həqiqətə uyğun olmayan sənəd təqdim etmişdir. Belə ki, ərazi üzrə 8 saylı Mənzil Kommunal Sahəsinin 827 saylı, 9 avqust 2023-cü il tarixli arayışına əsasən sözügedən ünvanda uzun müddətdir Qubadlı rayonundan məcburi köçkün X5 özü də daxil olmaqla 4 nəfər ailə üzvü ilə birlikdə yaşayır. İddiaçı isə öz ailə üzvlərilə atasına məxsus 48-ci məhəllə, ev 8b, mənzil 25-də yaşayır. Qeyd edilənlərə əsasən mənzil kirayə xərci ödənilməsi barədə xahişi müsbət həlli mümkün olmamışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Sumqayıt Şəhər İcra Hakimiyyəti yanında Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 8 saylı Mənzil Kommunal Sahəsinin 25 sentyabr 2024-cü il tarixli, 474 nömrəli arayışından görünür ki, İddiaçı ünvan 1 ünvanda 2023-cü ilin avqust ayından kirayədə yaşayır. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, Sumqayıt şəhər İcra Hakimiyyətinin Mənzil Təsərrüfatı və Mənzillərin uçotu şöbəsinin 17 avqust 2023-cü il tarixli, 26 nömrəli məktubunda göstərilən hərəkətlərin qanunsuz hesab edilməsi və kirayə pulunun ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, iddiaçıya 2023-cü ilin avqust ayından etibarən kirayə pulunun verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 2007-ci ildən 2012-ci ilə qədər Azərbaycan Respublikasının Silahlı Qüvvələrində baş leytenant rütbəsində zabit qismində həqiqi hərbi xidmətdə olmuşdur. Azərbaycan Respublikası DSX rəisinin 31 iyul 2012-ci il tarixli, 1221 S/h nömrəli əmri ilə “Hərbi vəzifə və hərbi xidmətkeçmə haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.3-cü maddəsinə (xəstəliyə görə) müvafiq olaraq DSX-də həqiqi hərbi xidmətdən Silahlı Qüvvələrin ehtiyatına buraxılmışdır. İddiaçının faktiki yaşayış yerinin olmaması səbəbindən 13 aprel 2023-cü il tarixli kirayə müqaviləsinə əsasən ünvan 5 ünvanında ailəsilə kirayə qalır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 avqust 2012-ci il tarixli, 174 nömrəli Qərarını və “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 12.2-ci maddəsini əsas tutaraq iddiaçıya kirayə pulunun verilməsi üçün cavabdehə 10 may 2023-cü il tarixdə ərizə ilə müraciət etmişdir. 19 iyun 2023-cü il tarixdə Sumqayıt şəhər İcra Hakimiyyətinin Mənzil Təsərrüfatı və Mənzillərin uçotu şöbəsindən iddiaçıya cavab məktubu daxil olmuşdur. Həmin məktubda iki sənədin (S.H.X.C.D.X-dən hərbi xidmətkeçmə haqqında arayış və hərbi hissə komandirinin əmrindən çıxarış) gətirilərək həmin şöbəyə təqdim olunması bildirilmişdir. 23 iyun 2023-cü il tarixdə iddiaçı tələb olunan sənədləri və əlavə olaraq kirayə müqaviləsin və qeydiyyatda olduğu ünvanda yaşamadığı haqqında arayışı Sumayıt şəhər İcra Hakimiyyətinin Mənzil Təsərrüfatı və Mənzillərin uçotu şöbəsinə təqdim etmişdir. Lakin cavabdeh təqdim edilən sənədləri əsassız sənəd hesab edərək, Nazirlər Kabinetinin 6 avqust 2012-ci il tarixli, 174 nömrəli qərarını və “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 12.2-ci maddəsini pozaraq 17 avqust 2023cü il tarixli 26 nömrəli məktubla xahişindən imtina vermişdir. Hesab edir ki, imtina qanunsuzdur. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh iddia tələbinə qarşı etirazında qeyd etmişdir ki, iddiaçı 4 nəfər ailə tərkibi ilə atasına məxsus yaşayış sahəsi 50,22 kv m ibarət 3 otaqlı ünvan 2-də qeydiyyatda olmaqla 23 avqust 2019-cu il tarixdə xəstəliyə görə ehtiyata buraxılmış hərbi qulluqçu və hərbi xidmət dövrü ilə əlaqədar ll dərəcəli əlil kimi yaşayış yeri üzrə mənzil uçotuna alınmışdır. İddiaçı hərbi xidmət əlili kimi bütün ödənişlərlə (sosial müavinat və pensiya) təmin olunur. Eyni zamanda, iddiaçı tərəfindən təqdim edilmiş sənədlər, o cümlədən ünvan 1-ə dair bağladığı kirayə müqaviləsi araşdırılmış və məlum olmuşdur ki, 42-ci məhəllə, ev 15, mənzil 27-də yaşamadığı halda o, həqiqətə uyğun olmayan sənəd təqdim etmişdir. Belə ki, ərazi üzrə 8 saylı Mənzil Kommunal Sahəsinin 827 saylı, 9 avqust 2023-cü il tarixli arayışına əsasən sözügedən ünvanda uzun müddətdir ki, Qubadlı rayonundan məcburi köçkün X5 özü də daxil olmaqla 4 nəfər ailə üzvü ilə birlikdə yaşayır. İddiaçı isə öz ailə üzvləri ilə birlikdə atasına məxsus 48-ci məhəllə, ev 8B, mənzil 25-də yaşayır. Sonradan məhkəmə baxışı yaxınlaşdıqca iddiaçının həmin mənzilə yerləşməsi barədə məlumatın daxil olmasına baxmayaraq, həmin mənzildə ev sahibinin mütəmadi dərs məşğələləri apardığı məlum olmuşdur. Beləliklə, kirayə pulunun ödənilməsini həyata keçirən orqana təqdim edilmiş sənədlərdə həqiqətə uyğun olmayan və kirayə pulu almaq üçün əsas olmuş məlumatlar aşkar edildiyi üçün və eyni zamanda o, hərbi xidmət əlili kimi bütün ödənişlərlə (sosial müavinat və pensiya) təmin olunduğu səbəbdən iddiaçıya mənzil kirayə xərcinin ödənilməsi barədə iddia tələbinə etiraz olunmuşdur. Birinci instansiya məhkəməsində icraat və qəbul edilmiş məhkəmə aktı Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(118)-1497/2024 nömrəli qərarı ilə iddia təmin edilmişdir (hakim Könül Həbibova). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı Sumqayıt şəhər İcra Hakimiyyətinin 23 avqust 2019-cu il tarixli, 229 nömrəli sərəncamı ilə ehtiyata buraxılmış baş leytenant və hərbi xidmət dövrü ilə əlaqədar 2-ci dərəcəli əlil qismində yaşayış yeri üzrə yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmışdır. 13 aprel 2023-cü il tarixdə iddiaçı X1 ilə kirayə müqaviləsini bağlamış, ünvan 1 ünvanda yerləşən mənzili kirayə əsasında istifadə edir. Eyni zamanda, cavabdeh istinad etdiyi 8 saylı Mənzil Kommunal Sahəsinin arayışında qeyd edilmişdir ki, həmin kirayəyə götürülmüş mənzildə iddiaçı ailəsi ilə deyil, digər şəxslər yaşayır. Bu səbəbdən də cavabdeh kirayə müqaviləsini həqiqətə uyğun hesab etmir. Lakin daha sonra həmin 8 saylı Mənzil Kommunal Sahəsi iddiaçıya arayış təqdim edərək, həmin ünvanda yerləşən mənzildə yaşamasını təsdiq etmişdir (§8). Bununla da , məhkəmə cavabdehin etirazınının ilk dəlilini əsassız hesab edir. Cavabdehin ikinci dəlili ilə əlaqədar məhkəmə qeyd etmişdir ki, “Ehtiyata və ya istefaya buraxılmış vətəndaşların bəzi kateqoriyalarına müvəqqəti mənzil kirayəsi xərclərinin məbləğinin və ödənilməsi qaydasının müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 avqust 2012-ci il tarixli, 174 nömrəli Qərarının yuxarıda qeyd edilmiş normalarına əsasən iddiaçının hərbi xidmət əlili kimi bütün ödənişlərlə (sosial müavinat və pensiya) təmin olunduğu ona kirayəsi üçün hər ay kompensasiyanın ödənilməsini istisna etmir. Cavabdeh qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini iddia ərizəsinə etirazla eyni məzmunda əsaslandırmışdır. Apellyasiya şikayətinə qarşı etirazı daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı X9 oğlu apellyasiya şikayətinə etiraz edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq iş üzrə cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 12. Hərbi qulluqçuların mənzillə və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsilə təmin olunmaq hüququ .... Ehtiyata və ya istefaya buraxılmış şəxslərin seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti mənzil kirayəsi xərclərini bu şəxslərin müvəqqəti yaşayış yerindəki yerli icra hakimiyyəti başçıları Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi məbləğdə və qaydada ödəyirlər. (10) Hərbi qulluqçuların, həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya buraxılmış şəxslərin və ailə üzvlərinin bu maddədə nəzərdə tutulan mənzil hüquqları pozulduqda onların hüququ var ki, qanuni hüquqlarının təmin edilməsi və zərərin ödənilməsi barədə müvafiq yerli icra hakimiyyəti başçısına qarşı iddia ilə məhkəməyə, hərbi idarəetmə orqanlarına və ya başqa dövlət orqanına müraciət etsinlər. Azərbaycan Respublikasının 3 oktyabr 1997-ci il tarixli Qanunu ilə təsdiqedilmiş “Hərbi xidmətkeçmə haqqında” Əsasnamə: 147-ci bənd. (-). Yaşına, səhhətinə, ştatların ixtisarına görə ehtiyata, yaxud istefaya buraxılmış şəxslər (əgər Silahlı Qüvvələrin sıralarında 15 təqvim ilindən az olmayaraq və onun beş ildən az olmayan müddətini Azərbaycan Respublikası Silahlı Qüvvələri sıralarında xidmət edibsə) müvafiq icra hakimiyyəti orqanı tərəfindən, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada yaşayış sahələri (yaşayış sahəsi alana kimi isə kirayə haqqı) ilə təmin edilirlər. Yaşa, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış zabitləri, gizirləri və miçmanları, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularını bələdiyyələr fərdi yaşayış evinin tikintisi üçün torpaqla “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 12- ci maddəsində göstərilmiş qaydada təmin edirlər. (-). 156-cı bənd. Hərbi qulluqçular Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılırlar: a) xidmət müddətləri başa çatdıqda (kadr zabitlərindən başqa); b) yaşa görə — həqiqi hərbi xidmətdə olmağın son yaş həddinə çatanlar; v) xəstəliyə görə — hərbi-həkim komissiyaları tərəfindən dinc dövrdə, müharibə dövründə isə 6 aydan, yaxud 12 aydan sonra yenidən müayinədən keçməklə hərbi xidmətə yararsız sayılanlar; q) ştatların ixtisarına görə — ştatların ixtisarı və təşkilati tədbirlər ilə əlaqədar xidmətdə onlardan istifadə etmək mümkün olmadıqda (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa); d) ailə vəziyyətinə görə (qadın hərbi qulluqçuları və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları). e) xidməti uyğunsuzluğa görə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa); ə) hərbi qulluqçunun şərəfini ləkələyən nalayiq hərəkətlər törətdikdə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa); j) öz arzusu ilə — yalnız zabit heyəti vəzifələrində təqvim hesabı ilə azı 10 il xidmət etmiş zabitlər. “Ehtiyata və ya istefaya buraxılmış vətəndaşların bəzi kateqoriyalarına müvəqqəti mənzil kirayəsi xərclərinin məbləğinin və ödənilməsi qaydasının müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 avqust 2012-ci il 174 nömrəli Qərarı ..... Yaşa, xəstəliyə, ailə vəziyyətinə görə, habelə 5 təqvim ili xidmət etmiş və ştatların ixtisarına görə ehtiyata və ya istefaya buraxılmış və yerli icra hakimiyyəti orqanlarında mənzil uçotuna götürülmüş zabitlərə, gizirlərə və miçmanlara, habelə 15 təqvim ili və daha çox xidmət etmiş müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün hər ay aşağıdakı məbləğlərdə yalnız nağdsız qaydada kompensasiya ödənilir: -Bakı şəhərində - 150 manat, -Gəncə, Naxçıvan, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonunda 100 manat, -başqa şəhər və rayon mərkəzlərində 75 manat, -digər yaşayış məntəqələrində 55 manat məbləğində hər ay nağdsız qaydada kompensasiya ödənilməsi nəzərdə tutulmuşdur. Həmçinin, həmin qərarın 1-ci hissəsində göstərilən şəxslərə onlarla birlikdə yaşayan hər bir ailə üzvü üçün yuxarıda göstərilən müvafiq kompensasiya məbləğinin 50 faizi miqdarında əlavə ödənilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 12. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iddiaçının izahatını dinləyərək, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırki işin hallarından görünür ki, tərəflər arasında yaranmış mübahisə ehtiyata buraxılmış hərbi qulluqçuya mənzillə təmin olunanadək mənzil kirayə haqqının ödənilməsi barədədir. Əvvəla, kollegiya qeyd edir ki, yuxarıda qeyd olunmuş normalara əsasən, kirayə haqqının alınması hüququ mənzil və ya torpaq sahəsi almaq hüququna malik şəxsə verilir. Yəni o şəxsə kirayə haqqının ödənilməsi labüd ola bilər ki, həmin şəxsin ilk öncə mənzil və ya torpaq sahəsi almaq hüququ qanunvericiliyə uyğun olaraq tanınsın. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı hərbi qulluqçu olmuş və xəstəliyə görə ehtiyata buraxılmışdır və bu əsasla cavabdeh tərəfindən yaşayış sahəsinə ehtiyacı olan şəxs kimi mənzil növbəsinə götürülmüşdür. Cavabdeh orqan imtinasını və apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddiaçı ll dərəcəli əlil kimi bütün sosial ödənişlərlə təmib olunmuşdur. Bundan başqa iddiaçı müraciətinə əlavə etdiyi kirayə müqaviləsində göstərilən ünvan 1-də yaşamadığı halda həqiqətə uyğun olmayan sənəd təqdim etmişdir. Belə ki, ərazi üzrə 8 saylı Mənzil Kommunal Sahəsinin 827 saylı, 9 avqust 2023-cü il tarixli arayışına əsasən sözügedən ünvanda uzun müddətdir Qubadlı rayonundan məcburi köçkün X5 özü də daxil olmaqla 4 nəfər ailə üzvü ilə birlikdə yaşayır. İddiaçı isə öz ailə üzvlərilə atasına məxsus 48-ci məhəllə, ev 8b, mənzil 25-də yaşayır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi hüquqi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Cavabdehin iddiaçının sosial ödənişlərlə təmin edilməsi ilə bağlı dəlili tamamilə əsassızdır. Belə ki, iddiaçının sosial təminat və mənzillə təmin edilməsi hüquqları bir birini məhdudlaşdırmayan ayrı-ayrı hüquqlardır. Hazırda cavabdehin həmin əsasla iddiaçıya mənzil kirayə haqqı ilə bağlı kompensasiyanın ödənilməsindən imtina etməsi yolverilməzdir. Cavabdehin ikinci dəlilinə gəldikdə məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının təqdim etdiyi mənzil kirayə müqaviləsində faktiki yaşamaması ərazi üzrə MKİS tərəfindən təqdim edilmiş üçüncü arayışka təkzib edilir. Bundan başqa buna yol verilmiş olsa belə, bu hal iddiaçının mənzil şəraitinin qəsdən pisləşdirilməsi kimi qiymətlənidirilə bilməz. Belə ki, “mənzil şəraitinin qəsdən pisləşdirilməsi” ifadəsindən Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 52-ci maddəsindən istifadə edilmişdir. Həmin normanın məzmununa görə yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu əldə etmək niyyəti ilə həmin vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan hesab edilmələri ilə nəticələnə biləcək hərəkətlərə yol vermiş vətəndaşlar göstərilən niyyətli hərəkətlərə yol verdikləri gündən beş ildən tez olmayaraq yaşayış sahəsinə ehtiyacı olan qismində uçota götürülür. Normanın məzmunundan göründüyü kimi bu hal sırf vətəndaşın yaşayış sahəsinə ehtiyacı olan qismində uçota götürülməsi zamanı qiymətləndirilməsi zamanı imtina üçün əsas kimi götürülə bilər. Hazlrki iş ürə iddiaçı isə artıq cavabdehin özü tərəfindən yaşayış sahəsinə ehiyacı olan şəxs kimi mənzil uçotuna götürülmüşdür, hazıradək yaşayış sahəsi və ya mənzillə təmin olunmamışdır, mənzillə təmin olunanadək mənzil kirayə haqqı üçün kompensasiyanın ödənilməsinə dair tələbinin təmin olunmasından imtina üçün hər hansı qanuni əsas mövcud deyildir. Bu baxımından məhkəmə kollegiyası hesab edir ki, hazırki iş ürzə cavabdehin etiraz dəlilləri əsassız olmuşdur. Nəticə etibarı ilə iddiaçı belə bir tələb irəli sürməkdə haqlı olmuşdur. Qeyd edilən hallara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işin hallarına düzgün hüquqi qiymət verilmiş, gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normaları düzgün tətbiq edildiyindən, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar müəyyən olunmadığından və apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(118)-1497/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar