Məhkəmə qərarları › İş №2-1(105)-303/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-303/2021

23.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-303/2021 23.06.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Sədrlik edən və məruzəçi-hakim Babayeva Hökümə Çingiz qızı, Məmmədov Zaur İkram oğlu və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, Hüseynli Aydın Hüseyn oğlunun katibliyi, İddiaçının nümayəndəsi X4 iştirakı ilə İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “mənzilin dövlət qeydiyyatına alınması və mülkiyyət hüququnu təsdiq edən çıxarışın verilməsi” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-160/2021 nömrəli 09 fevral 2021-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı(bundan sonra iddiaçı) Cavabdehnə (bundan sonra cavabdeh) müraciət edərək, Abşeron rayonu, Mehdiabad qəsəbəsi, 20 Yanvar küçəsi 8 saylı evin 2 saylı mənzili üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmişdir. Cavabdeh 27 fevral 2020-ci il tarixli, **********69 saylı bildirişlə iddiaçıya imtina cavabı verərək bildirmişdir ki, aparılan araşdırma zamanı, qanunvericiliklə müəyyən edilmiş qaydada mənzil sahəsinə dair hüquqmüəyyənedici sənədlərin Azərbaycan Respublikası Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, orderi və ya mənzil kirayə müqaviləsinin ərizəyə əlavə edilmədiyi müəyyən edilmişdir. Bu səbəbdən ərizəsinin icrası mümkün olmamışdır. İmtina ilə razılaşmayan iddiaçı Sumqayıt İnzibati Məhkəməsində iddia qaldıraraq, yaşadığı və qeydiyyatda olduğu evin üzərində hüquqların dövlət qeydiyyatına alınması vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Daha sonra iddiaçı tələbini dəqiqləşdirərək, Abşeron rayon Mehdiabad qəsəbəsi 20 Yanvar küçəsi 8 saylı evin 2 saylı mənzilin dövlət qeydiyyatına alınması və mülkiyyət hüququnu təsdiq edən çıxarışın verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, yaşadığı və qeydiyyatda olduğu Abşeron rayon Mehdiabad qəsəbəsi 20 Yanvar küçəsi 8 saylı evin 2 saylı mənzili mərhum atası X3 1966-cı ildə Üzümçülük zavodunda işləyən zaman işlədiyi müəssisə tərəfindən təmannasız verilmişdir. Atası 05.03.2008-ci ildə ölmüşdür. Abşeron Rayon İcra Hakimiyyəti Başçısının 11.07.2012-ci il tarixli sərəncamı ilə mənzilin şəxsi hesabı iddiaçının adına dəyişdirilmişdir. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün cavabdehə müraciət etmiş, lakin imtina cavabı almışdır. Buna görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdehin etirazları: İddiaçı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada mənzil sahəsinə dair hüquqmüəyyənedici sənədlər- müvafiq icra hakimiyyəti orqanının sərəncamı, orderi və ya mənzil kirayə müqaviləsi təqdim edilmədiyindən ərizəsinin icrası mümkün olmamışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.11-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar, 8.0.11-ci maddəsinə əsasən Azərbaycan Respublikası Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayə müqaviləsi daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Eləcə də, Mənzil Məcəlləsinin 146.1-ci maddəsinə əsasən, bu Məcəllə qanuni qüvvəyə minən günədək “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının 26 yanvar 1993-cü il tarixli Qanununa əsasən dövlət mənzil fondunun mənzillərini özəlləşdirmək hüququ olan şəxslər öz hüquqlarını saxlayır. Azərbaycan Respublikası Prezidentinin 13.01.2015-ci il tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nda mənzilin şəxsi hesab vərəqəsi və ya şəxsi hesab vərəqələrinin dəyişdirilməsi barədə sərəncamlar nəzərdə tutulmamışdır. Sumqayıt İnzibati Məhkəməsinin 09 fevral 2021-ci il tarixli 2-1(118)-160/2021 saylı qərarı ilə iddia təmin edilməmişdir.(hakim C.Məmmədov) Qərardan narazı qalan iddiaçı iddia ərizəsi ilə eyni məzmunda apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatları Apelyasiya baxışı zamanı məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi apelyasiya şikayətini müdafiə edib, onun məzmununa uyğun izahat verərək təmin edilməsini xahiş etdi. Apelyasiya baxışı zamanı məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti 1-ci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası 1-ci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası tərəflərin dinlənilmə hüququnu təmin edib, iş materiallarını nəzərdən keçirib və apelyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti təmin edilməməli, Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-160/2021 nömrəli iş üzrə 09.02.2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən işin müəyyən edilən hallarından görünür ki, iddiaçının atası X5 05 mart 2008-ci ildə vəfat etmiş, Abşeron Rayon İcra Hakimiyyəti Başçısının 1102 saylı, 11.07.2012-ci il tarixli sərəncamına əsasən, Mehdiabad qəsəbəsi, 20 Yanvar küçəsi, 8 saylı evin 30,0 kv.metrlik 2 (iki) otaqlı 2 saylı mənzilinin şəxsi hesabı mərhum X1 adından qızı İddiaçı 3 (üç) nəfər ailə tərkibi ilə (özü, qardaşı və qızı) adına dəyişdirilmişdir. Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialının iddiaçıya ünvanladığı 48 saylı, 23 yanvar 2020-ci il tarixli məktubdan görünür ki, keçmiş Abşeron rayon ZDS İK-nin arxiv fondu üzrə 1966-cı ilə dair sənəd materialları Dövlət Arxivinin Bakı filialında mövcuddur. Lakin həmin sənədlərdə X5 barədə heç bir məlumat yoxdur. Abşeron rayon Dövlət Arxivi tərəfindən verilmiş 04 may 2021-ci il tarixli, F-540 saylı arayışdan görünür ki, Mehdiabad qəsəbə XDS İcraiyyə Komitəsinin 1967-1969-cu illərin sənədləri saxlanılması üçün Abşeron rayon Dövlət Arxivinə təhvil verilməmişdir. Odur ki, vətəndaş X2 adına ev və ya order verilməsi ilə bağlı heç bir məlumat verilməsi mümkün deyildir. Eləcə də Abşeron rayon İcra Hakimiyyəti Başçısının Mehdiabad qəsəbə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin 20 aprel 2021-ci il tarixli, 35 saylı məktubundan görünür ki, ünvan 2 ünvanında yaşamış mərhum X1 adına Mehdiabad qəsəbə XDS İcraiyyə Komitəsi tərəfindən ev orderinin verilməsi barədə onlarda heç bir məlumat yoxdur. 1967, 1968, 1969-cu illərdə qəsəbədəki bütün evlər, mənzillər sabiq Abşeron üzümçülük sovxozuna məxsus olmuşdur. İşçilərinə verilən mənzillərə köçmək üçün sənədlər sovxoz rəhbərliyi və ya sovxozun evlər idarəsi tərəfindən təmin edilirdi. Mehdiabad qəsəbə XDS İcraiyyə Komitəsi dekabr 1980-ci ildə təsis edilmişdir. “Daşınmaz əmlakın dövlət reyesteri haqqında” Azərbaycan Respublikası Qanunun: - 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. - 8.0.11-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar, Azərbaycan Respublikası Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayə müqaviləsi daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.11-ci maddəsinə əsasən Azərbaycan Respublikası Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmin Qanunun 10.2 və 10.2.1-ci maddələrinə müvafiq olaraq qeydiyyat orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri əlavə olunur. Göründüyü kimi, qanunverici daşınmaz əmlakın dövlət reyestrində daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin əsası kimi, Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamını, orderi və ya mənzil kirayəsi müqaviləsini göstərmişdir. Hazırkı işdə isə iddiaçı sadalanan sənədlərin heç birini təqdim edə bilməmiş, mənzilin şəxsi hesabının iddiaçının adına dəyişdirilməsi barədə sərəncam isə mənzil üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün əsas kimi müəyyən edilməmişdir. Bundan əlavə, 01 oktyabr 2009-cu il tarixdən qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 146.1-ci maddəsi ilə müəyyən edilmişdir ki, bu Məcəllə qanuni qüvvəyə minən günədək “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının 26 yanvar 1993-cü il tarixli Qanununa əsasən dövlət mənzil fondunun mənzillərini özəlləşdirmək hüququ olan şəxslər öz hüquqlarını saxlayır. İddiaçı apelyasiya şikayətində və iddia ərizəsində mübahisəli mənzinin atasına işlədiyi Üzümçülük Zavodu tərəfindən verildiyini bildirsə də, bu barədə hər hansı sübut təqdim edə bilməmiş, arxiv idarələrinə edilmiş sorğular isə nəticəsiz qalmışdır. işin qeyd edilən xüsusatlarını nəzərə alaraq kollegiya hesab edir ki, cavabdeh inzibati orqanın iddiaçının mənzil üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatının aparması üçün hüquqi əsası olmamışdır. “Daşınmaz Əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Həmin Qanunun 15-ci maddəsinə əsasən dövlət qeydiyyatı barədə müraciət olunan hüquq, bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatından imtina edilir. Cavabdeh inzibati orqan da əsaslı olaraq, iddiaçının mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasından imtina etmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən hazırkı işə baxılarkən iş üzrə müəyyən edilmiş hallara maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuş, qərarın ləğvi üçün əsas olan qanun pozuntularına yol verilməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Sadalanan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti rədd edilməli, birinci instansiya məhkəməsinin qərarı qüvvədə saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apelyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-160/2021 nömrəli iş üzrə 09 fevral 2021ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apelyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Səməd Vurğun küçəsi, 120) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar