Məhkəmə qərarları › İş №2-1(105)-303/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-303/2022

01.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-303/2022 01.06.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Babayeva Hökümə Çingiz qızı, hakimlər Məmmədov Zahid Tahir oğlu və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, Hüseynli Aydın Hüseyn oğlunun katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “ödənilməli olan müavinət və təqaüdün təyin olunması və birdəfəlik ödənilməsi” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 07 dekabr 2021-ci il tarixli 2-1(118)-1136/2021 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ: a) birinci instansiya məhkəməsindəki icraat İddiaçı cavabdeh DSMF-nin 1 saylı regional ərazi filialına qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, ödənilməli olan 2014-cü il üçün aylıq 35 manat olaraq illik 420 manat, 2015-ci il üçün aylıq 35 manat olaraq illik 660 manat, 2016-cı il üçün aylıq 55 manat olaraq illik 660 manat, 2017-ci il üçün aylıq 55 manat illik 660 manat, 2018-ci il üçün aylıq 55 manat olaraq illik 660 manat, 2019-cu il üçün aylıq 80 manat olaraq illik 960 manat, 2020-ci il üçün aylıq 80 manat olaraq, illik 960 manat olmaqla, 2021-ci il üçün yanvar ayı üçün 80 manat, cəmi 5060 manat məbləğində müavinət və təqaüdün təyin olunması və birdəfəlik ödənilməsi vəzifəsinin DSMF-nin 1 saylı regional ərazi filialının üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 8 iyul 1993-cü ildən 15 fevral 1996-cı il tarixədək Gədəbəy rayonunun Şınıx bölgəsində və Kəlbəcər rayonunda erməni işğalçılarına qarşı döyüşlərdə iştirak etmişdir. Müharibə iştirakçısı olduğuna görə də qanunvericiliklə müəyyən olunmuş hüquq yə imtiyazlardan istifadə hüququna malik olmuşdur. Belə ki, ona AR Müdafiə Nazirliyi tərəfindən 22 may 2001-ci il tarixdə 061444 nömrəli mühəribə veteranı vəsiqəsi verilmişdir. Həmin tarixdən DSMF-nin Sumqayıt şəhər şöbəsinə müraciət edərək müharibə veteranları üçün müəyyən olunmuş (müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş bəzi kateqoriya şəxslərə müavinət) müavinəti almaq üçün müraciət etmişdir. Müvafiq olaraq DSMF-nin Sumqayıt şəhər şöbəsi tərəfindən ona müavinət təyin olunmuş və 01 yanvar 2014-cü il tarixinədək mütəmadi olaraq ödənilmişdir. 01 yanvar 2014-cü il tarixdə ona ödənilən müavinət müharibə veteranı hüququnun ləğv olunması ilə əlaqədar DSMF (keçmiş Əhalinin Sosial Müdafiəsi Mərkəzi) tərəfindən dayandırılmışdır. Bununla əlaqədar olaraq Müdafiə Nazirliyinə dəfələrlə müraciət etsə də heç bir qaneedici cavab almamışdır. Bu növ müavinətin pensiya yaşına qədər verildiyini və onun da pensiya yaşına az qaldığını düşünərək artıq veteran hüququnun bərpasından imtina etmişdir. 2019-cu il 25 fevral tarixində Azərbaycan Respublikasınının Prezidentinin 992 nömrəli sərəncamı ilə müharibə veteranlarına təyin olunan müavinətin əvəzinə Prezident təqaüdünün təsis olunması ona müharibə veteranı hüququnu bərpa etmək üçün təkan vermiş, həmin sərəncamdan sonra o, AR Müdafiə Nazirliyinə növbəti dəfə müraciət etmiş, bundan sonra ona 22 yanvar 2021-ci il tarixdə Müdafiə Nazirliyi tərəfindən M/V seriyalı 088545 nömrəli müharibə veteranı vəsiqəsi verilmişdir. Beləliklə, Müdafiə Nazirliyi onun müharibə veteranı olması faktını təkrarən təsdiqləmişdir. xx.xx.2014-cü ildən almadığı müavinəti və müharibə veteranlarına təsis olunmuş Prezident təqaüdünü almaq üçün ƏƏSMN yanında DSMF publik hüquqi şəxsin 1 saylı regional ərazi filalına müraciət etmişdir. Lakin, cavabdeh tərəfindən onun xx.xx.2021ci il tarixindən təqaüd hüququna malik olduğunu bildirərək xx.xx.2014-cü il tarixdən xx.xx.2019-cu il tarixədək müavinətin, xx.xx.2019-cu il tarixdən xx.xx.2021-ci il tarixinədək isə təqaüdün verilməsindən imtina edilmişdir. Cavabdeh iddia ərizəsinə etiraz edərək bildirmişdir ki, İddiaçı Fondun müvafiq struktur qurumuna müraciət edərək, ona müharibə veteranı adı verildiyi tarixədək dövrə görə sosial müavinətin və təqaüdün hesablanmasını və ödənilməsini tələb etmişdir. İddiaçı 2021-ci ilin 22 yanvar tarixində 088545 nömrəli veteran vəsiqəsini almış və həmin tarixdən ona prezident təqaüdü təyin edilmişdir. Veteran statusunun qüvvədə olmadığı müddətdə veteranlar üçün nəzərdə tutulmuş güzəşt və imtiyazlardan istifadə olunması mümkün deyildir. Şəxsin şöbəyə müraciət etdiyi tarixdə “Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin Təqaüdü"nün təsis edilməsi haqqında 15 aprel 2019-cu il tarixli AR Prezidentinin fərmanı qüvvədə olduğu üçün ona müavinət deyil, 80 manat məbləğində prezident təqaüdü təyin edilmişdir. Şəxs iddia etdiyi 3 illik müddətin ödənilməsini tələb etmək üçün “Sosial müavinətlər haqqında" Qanunun 9.1-ci maddəsinə istinad etmişdir. "Sosial müavinətlər haqqında" Qanunun 4-cü maddəsində müavinətin növləri sadalanmışdır. Sadalanan növlər arasında prezident təqaüdü qeyd edilməmişdir. Təqaüd sosial müavinətin növü olmadığı üçün müraciət edildiyi vaxtdan əvvəlki dövr üçün ödənilmə təqaüdə şamil edilmir. Digər tərəfdən də, “Sosial müavinətlər” haqqında Qanunun 9.1-ci maddəsinə əsasən “Ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməklə, aylıq müavinətlər müraciət edilmə vaxtından asılı olmayaraq bu Qanunun qüvvəyə mindiyi gündən sonra onu almaq hüququ yaranan gündən təyin edilir." Qanunun bu müddəasından göründüyü kimi sosial müavinətin “müraciətdən əvvəlki 3 il üçün ödənilməsi” sosial müavinət almaq üçün müraciət edən şəxslərə şamil edilir. Hazırkı iş üzrə isə vətəndaşın şöbəyə müraciət etdiyi tarixdə (xx.xx.2019) prezidentin yuxarıda sözügedən fərmanı qüvvədə olduğu üçün iddiaçının ona sosial müavinət yox, təqaüd təyin edilməsi üçün müraciət etmək hüquqi imkanı olmuşdur və o bu imkandan yararlanmışdır. Beləliklə, şəxsin istinad etdiyi müraciət etməzdən əvvəlki 3 il üçün sosial müavinətin ödənilməsi hüququ yaranmamışdır. “Sosial müavinətlər haqqında" Azərbaycan Respublikasının Qanunun 9.1-ci maddəsinə görə ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməklə, aylıq müavinətlər müraciət edilmə vaxtından asılı olmayaraq bu Qanunun qüvvəyə mindiyi gündən sonra onu almaq hüququ yaranan gündən təyin edilir. Bu müddəadan da göründüyü kimi qanunverici sosial müavinətin onun təyin olunması üçün müraciət edildiyi vaxtdan əvvəlki 3 il üçün ödənilməsini iki halla şərtləndirmişdir: 1) iddia olunan 3 ilin başlandığı anda sosial müavinətə hüququn yaranmış olması; 2) iddia olunan 3 ilin başlandığı anda bu Qanunun qüvvədə olması. 28 iyun 1994-cü il tarixli “Veteranlar haqqında" Azərbaycan Respublikası Qanunun 7-ci maddəsində və Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli 216 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 4-cü bəndində təsbit olunmuşdur ki, veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. Bu onu göstərir ki, şəxsin istər təqaüd, istərsə də sosial müavinət almağa hüququ veteran vəsiqəsini aldığı tarixdən yaranır. Belə ki, vətəndaşın veteran vəsiqəsi olmadığı dövrdə, yəni 2019-cu il may ayından əvvəlki dövrdə sözügedən sosial müavinətə hüququ yaranmamışdır. Bu fakt öz təsdiqini müharibə veteranı vəsiqəsində yazılan “vəsiqənin sahibi müharibə veteranları üçün Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş güzəşt və imtiyazlardan istifadə etmək hüququna malikdir" müddəasında da tapır. Yəni, güzəşt və imtiyazlardan istifadə hüququnun yaranması vəsiqənin sahibi olmaq anıyla şərtləndirilmişdir. Şəxsin müharibə veteranı statusunu almaq üçün döyüşlərdə iştirak etməsi mübahisə predmeti deyildir, lakin şəxsin “Veteranlar haqqında" Qanunun 3-cü maddəsində göstərilən fəaliyyəti həyata keçirmiş olması (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş olması) onun bəhs edilən sosial müavinəti alması üçün deyil, ona veteran vəsiqəsinin verilməsi üçün hüquqi əsasdır. Sosial müavinətin təyin olunması üçün hüquqi əsas isə Veteranlar haqqında” Qanunun 7-ci maddəsində tələb olunduğu kimi veteran vəsiqəsinin təqdim olunmasıdır. Sumqayıt İnzibati Məhkəməsinin 07 dekabr 2021-ci il tarixli 2-1(118)-1136/2021 nömrəli qərarı ilə iddia qismən təmin edilərək, iddiaçıya xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixədək sosial müavinətin ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuş, iddia qalan hissədə təmin edilməmişdir (hakim: L.Mirzəyeva) Cavabdeh birinci instansiya məhkəməsinin qərarından apelyasiya şikayəti verərək, qərarın ləğv edilməsi, iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətini iddia ərizəsinə etirazla eyni məzmunda əsaslandırmış və əlavə hallar qeyd etməmişdir. b) apellyasiya şikayətinə etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı iddia ərizəsi ilə eyni məzmunda izahat verərək, şikayətin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia ərizəsinə etiraz və apellyasiya şikayəti ilə eyni məzmunda izahat verərək, şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş etdi. TƏTBİQ EDİLƏN HÜQUQ “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1.0.1 sosial müavinətlər (bundan sonra-müavinətlər) - bu Qanunla müəyyən edilmiş qaydada ayrı-ayrı kateqoriya şəxslərə sosial yardım göstərilməsi məqsədilə aylıq və ya birdəfəlik ödənilən pul vəsaitidir. Maddə 3.1. Azərbaycan Respublikasının vətəndaşları bu qanunla müəyyən edilmiş şərtlərlə və qaydada aylıq və birdəfəlik müavinət almaq hüququna malikdirlər. Maddə 9.1. Ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməklə, aylıq müavinətlər (vəfat etmiş Azərbaycan Respublikasının keçmiş Prezidentinin arvadına (ərinə) və ya öhdəsində olan uşağına ödənilən müavinət istisna olmaqla), müraciət edilmə vaxtından asılı olmayaraq bu Qanunun qüvvəyə mindiyi gündən sonra onu almaq hüququ yaranan gündən təyin edilir. “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2. Veteranları haqqında Azərbaycan Respublikasının qanunvericiliyi bu Qanundan və Azərbaycan Respublikasının sosial-məişət, nəqliyyat xidmətləri, tibbi yardım göstərilməsində və başqa sahələrdə veteranların hüquqlarını və güzəştlərini müəyyənləşdirən digər qanunvericilik aktlarından ibarətdir. Maddə 3, 1-ci hissə, 2-ci bənd. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğurunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Maddə 7. Müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Veteranların hər bir kateqoriyası üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən vahid nümunədə vəsiqə təsdiq edilir. Veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. “Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 aprel tarixli, 641 nömrəli Fərmanı. “Sosial müavinətlərin məbləğinin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 29 avqust tarixli, 973 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 aprel tarixli, 640 nömrəli Fərmanı: “Sosial müavinətlərin məbləğinin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 29 avqust tarixli, 973 nömrəli Fərmanının, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı adı almış şəxslərə 55 manat məbləğində sosial müavinət verilməsini nəzərdə tutan 1.7. 1.1.7-ci yarımbənd ləğv edilsin; Bu Fərman 2019-cu il aprelin 1-dən tətbiq edilir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 34. Öhdəliyin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Maddə 81. Apellyasiya şikayəti vermək hüququ Maddə 81.1. İnzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və ya qərardadlardan, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, şikayət verilə bilər. Şikayətə apellyasiya qaydasında apellyasiya instansiyası inzibati kollegiyaları (bundan sonra - apellyasiya instansiyası məhkəmələri) tərəfindən baxılır. Maddə 82. Mübahisə ilə bağlı işə şikayət üzrə yenidən baxılmasının hədləri Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 85. Şikayətin verilməsinə dair tələblər Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ Apellyasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir. Hazırda apellyasiya baxışının hədlərini qərarın qismən təmin edilən hissəsinin qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Belə ki, hazırki iş üzrə iddia qismən təmin olunsa da, iddiaçı qərardan apellyasiya şikayəti verməmiş, iddianın təmin edilməyən hissələrini mübahisələndirməmişdir. Qərardan yalnız cavabdeh apellyasiya şikayəti verdiyi üçün məhkəmə kollegiyası qərarın əsaslılığını onun barəsində mübahisə edilən hissələri üzrə yoxlamışdır. APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, prosessual hüquq normalarının tələblərinə riayət edilmişdir. Birinci instansiya məhkəməsi iddianı qismən edərək qərarını belə əsaslandırmışdır ki, iddiaçıya xx.xx.2014-cü il tarixinədək sosial müavinət ödənilmiş, sonradan həmin müavinətin ödənilməsi dayandırılmışdır. xx.xx.2021-ci il tarixdə iddiaçıya yenidən müharibə veteranı statusu verilmiş və həmin tarixdən ona Azərbaycan Respublikası Prezidentinin təqaüdü təyin edilmişdir. Beləliklə, iddiaçıya sosial müavinətin ödənilməsi xx.xx.2014-cü il tarixdən cavabdeh tərəfindən dayandırılmış, bununla bağlı iddiaçının təqsiri olmamışdır. Belə olan halda iddiaçıya ödənilməyən dövrə görə müavinətin ödənilməməsi onun konsitusion hüququ olan sosial müavinət hüququnun pozulması ilə nəticələnə bilər. Məhkəmə qeyd edir ki, iddiaçıya cavabdeh inzibati orqana müraciət etdiyi tarixdən əvvəlki üç ilin sosial müavinəti Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli, 640 nömrəli Fərmanının qəbul edilməsindən əvvəlki dövrə görə, yəni iddiaçı xx.xx.2021-ci ildə müraciət etdiyindən ona xx.xx.2018-ci il tarixdən xx.xx.2019cu il tarixədək sosial müavinət ödənilməlidir. Məhkəmə bu hissədə iddianı qismən təmin etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianın qismən təmin edilməsinə dair hissədə gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir: İş materiallarından görünür ki, iddiaçıya ilk dəfə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsi tərəfindən xx.xx.2001-ci il tarixli, M/V 061444 nömrəli müharibə veteranı vəsiqəsi verilmişdir. Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Sumqayıt şəhər şöbəsinin pensiya və pensiyalara əlavə olunan müavinət təyin edən komissiyasının xx.xx.2005-ci il tarixli qərarı ilə İddiaçı Qarabağ veteranı kimi xx.xx.2005-ci il tarixindən ömürlük müavinət ayrılmışdır. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Sumqayıt şəhər Hərbi Komissarlığının xx.xx.1998-ci il tarixli, 4/261 nömrəli, xx.xx.2005-ci il tarixli, 4/1493 nömrəli, xx.xx.2008-ci il tarixli, 4/905 nömrəli arayışlarından görünür ki, İddiaçı Azərbaycan Respublikasının bütövlüyü uğrunda gedən döyüşlərin iştirakçısı olmuş və “Veteranlar haqqında” AR qanunvericiliyində nəzərdə tutulan imtiyazlardan istifadə etmək hüququna malik olmuşdur. Birinci instansiya məhkəməsində icraat zamanı məhkəmə təqdim edilən Sumqayıt şəhər ƏSMM-nın sərəncamlarından görünür ki, müxtəlif vaxtlarda İddiaçı 2007-ci il tarixdən, xx.xx.2008-ci il tarixdən, xx.xx.2011-ci il tarixdən xx.xx.2030-cu il tarixədək, xx.xx.2013-cü il tarixdən xx.xx.2030-cu il tarixədək, xx.xx.2014-cü il tarixdən xx.xx.2030-cu tarixədək müavinət ödənilməsi qərara alınmışdır. İddiaçı iddia ərizəsi və məhkəmə iclasında izahatında ona 01 yanvar 2014-cü il tarixədək müavinət ödənildiyini, həmin tarixdən müavinətin dayandırıldığını bildirmişdir. İşin hallarından görünür ki, iddiaçı 2014-cü il tarixədək müharibə veretanları üçün nəzərdə tutulmuş müavinəti almış, həmin tarixdə müavinətin ödənilməsi dayandırılmış və bundan sonra iddiaçıya təkrarən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsi tərəfindən xx.xx.2021-ci il tarixli M/V 088545 nömrəli müharibə veteranı vəsiqəsi verilmişdir. Cavabdeh inzibati orqanın “Sosial müavinət, təqaüd və kompensasiyanın təyinatı üzrə” xx.xx.2021-ci il tarixli, 849 saylı qərarından görünür ki, iddiaçıya xx.xx.2021-ci il tarixdən ömürlük müharibə veteranı kimi 80 manat prezident təqaüdü təyin edilmişdir. İddiaçı ona xx.xx.2014-cü il tarixdən xx.xx.2021-ci il tarixədək ala bilmədiyi müavinət məbləğlərinin alınması ilə bağlı DSMF-nin 1 saylı regional ərazi filialına müraciət etmiş, müraciətə baxılmış və cavabdeh 13 aprel 2021-ci il tarixli, **********2 nömrəli məktubu ilə iddiaçının müraciətinin təmin olunmasından imtina etmişdir. Birinci instansiya məhkəməsi sorğu ilə Azərbaycan Respublikası Müdafiə Nazirliyinə müraciət edərək iddiaçıya verilmiş müharibə veteranı statusunun xx.xx.2014-cü il tarixdən dayandırılıb-dayandırılmaması barədə, dayandırılmışdırsa bunun səbəbi barədə məhkəməyə məlumat verilməsini xahiş etmiş, AR Müdafiə Nazirliyi sorğuya cavab olaraq İddiaçı xx.xx.2021-ci il tarixdən əvvəl verilmiş “müharibə veteranı” vəsiqəsi barədə Müdafiə Nazirliyinin aparatı nəzdində fəlaiyyət göstərən “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya” da məlumat olmadığını bildirmişdir. Bundan sonra birinci instansiya məhkəməsi eyni məzmunlu sorğu ilə Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət etmiş, Xidmətin Sumqayıt Şəhər Baş İdarəsi tərəfindən sorğuya cavab olaraq bildirilmişdir ki, “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə AR Nazirlər Kabinetinin xx.xx.2006-cı il tarixli, 174 nömrəli qərarına əsasən, müharibə veteranı adı və vəsiqəsi almış şəxslərin sənədlərinin yenidən baxılması və hər bir şəxsin hərbi xidmətdən ehtiyata buraxılması, yaxud tərxis olması Müdafiə Nazirliyinin Mərkəzi Arxivi tərəfindən verilmiş arayışlarda göstərilmədiyi halda həmin şəxslərə verilmiş vəsiqələrin geri alınması təşkil edilmişdir. Bu səbəbdən, İddiaçı xidmətini araşdırmaq məqsədi ilə MN-in Mərkəzi Arxiv İdarəsinə sorğu edilmiş, arxiv idarəsindən daxil olmuş məktublarda İddiaçı 1996-cı il fevral ayı tarixindən N nömrəli hərbi hissədən tərxis olması barədə heç bir məlumatın olmadığı göstərildiyi üçün ona güzəştli arayışın verilməsi dayandırılmışdır. Beləliklə işin araşdırılan hallarından görünür ki, iddiaçı xx.xx.2001-ci il tarixli, M/V 061444 nömrəli müharibə veteranı vəsiqəsinə əsasən, müharibə veteranı statusu qazanmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən iddiaçıya verilmiş “müharibə veteranı” vəsiqəsinin geri alınması və ona güzəştli arayışın verilməsinin dayandırılması “müharibə veteranı” statusunun ləğv edilməsi demək deyildir. Bununla bağlı inzibati orqan tərəfindən hər hansı qərar qəbul olunmamışdır. Belə olan təqdirdə iddiaçının müharibə veteranı olaraq müavinət hüququ olmuş və qanuni əsas olmadan ödənilməsi dayandırılmışdır. “Veteranlar haqqında" Qanununun 3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.1–ci maddəsinə əsasən sosial müavinətlər (bundan sonra-müavinətlər) - bu Qanunla müəyyən edilmiş qaydada ayrı-ayrı kateqoriya şəxslərə sosial yardım göstərilməsi məqsədilə aylıq və ya birdəfəlik ödənilən pul vəsaitidir. Həmin Qanunun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu qanunla müəyyən edilmiş şərtlərlə və qaydada aylıq və birdəfəlik müavinət almaq hüququna malikdirlər. Həmin Qanunun 9.1-ci maddəsinə əsasən ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməklə, aylıq müavinətlər (vəfat etmiş Azərbaycan Respublikasının keçmiş Prezidentinin arvadına (ərinə) və ya öhdəsində olan uşağına ödənilən müavinət istisna olmaqla), müraciət edilmə vaxtından asılı olmayaraq bu Qanunun qüvvəyə mindiyi gündən sonra onu almaq hüququ yaranan gündən təyin edilir. Normada nəzərdə tutulmuş “ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməklə” müddəasına görə, şəxs üç il əvvəl üçün yalnız o halda sosial müavinət ala bilər ki, onun hüququ azı üç il əvvəl yaranmış olsun. İddiaçının sosial müavinət almaq hüququ onun cavabdehə müraciət etdiyi 06 aprel 2021-ci il tarixdən azı üç il əvvəl yaranmışdır. Bununla yanaşı, 2019-cu il 1 aprel tarixdən qüvvəyə minmiş yeni hüquqi tənzimləmələrə görə, qeyd olunan tarixdən sonra müharibə veteranı adı və vəsiqəsi almış şəxslərə ünvanlı ödəniş kimi müavinət yox, Azərbaycan Respublikası Prezidentinin təqaüdü verilməyə başlanılmışdır. Odur ki, müharibə veteranlarına aylıq verilməsi nəzərdə tutulmuş bu vəsait artıq sosial müavinət statuslu ödəniş deyildir və müvafiq olaraq həmin ödənişə münasibətdə “Sosial müavinətlər haqqında” Qanunun müddəaları tətbiq olunmaqla əvvəlki üç il üçün ödəmələrin aparılması istisna edilir. Belə ki, qanunvericilikdə baş vermiş dəyişikliklərdən sonra 2019-cu il 1 aprel tarixdən əvvəl və sonra müharibə veteranı vəsiqəsi almış şəxslərə münasibətdə fərqli hüquqi vəziyyət yaranmış, müharibə veteranlarına ödəniləcək vəsaitin statusu, eləcə də həmin vəsaitlərin əvvəlki dövrlər üzrə ödənilməsinin mümkünlüyü ilə bağlı normayaradıcı tərəfindən yeni hüquq qaydası müəyyən edilmişdir Odur ki, məhkəmə kollegiyası hesab edir ki, iddiaçıya xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixədək sosial müavinətin ödənilməsi ilə bağlı birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmiş, bu hissədə iddianı təmin edərkən haqlı olmuşdur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 07 dekabr 2021-ci il tarixli 2-1(118)-1136/2021 nömrəli qərarı mübahisələndirilən hissədə dəyişdirilmədən qüvvədə saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Səməd Vurğun küçəsi 120) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar