Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-303/2024 16.02.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı iş üzrə (Açar sözlər: çoxmənzilli yaşayış binasına dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, çıxarış və texniki sənədinin verilməsi) Sədrlik edən və məruzəçi hakim X2, hakimlər Babayeva Hökümə Çingiz qızı və Məmmədov Zaur İkram oğlundan ibarət tərkibdə, Səfərli Fidan Nuru qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil2, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti 112, 112 A və 112 B ünvanında yerləşən ümumi tikintialtı sahəsi 2489.4 m2 , tikinti sahəsi 24028.4 m2 olan 2 girişili, 1 səviyyəli, 2 zirzəmili, 15 mərtəbəli və 1 girişli, 1 səviyyəli, zirzəmili 16 mərtəbəli cəmi 2 ədəd çoxmənzilli yaşayış binaları, üzərində faktiki vəziyyətə uyğun olaraq İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq müvafiq çıxarış və texniki sənədlərin verilməsi öhdəliyinin cavabdehin üzərinə vəzifə qoyulması barədə qərar qəbul edilməsi” tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023cü il tarixli, 2-1(118)-3472/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinin X5 ünvanladığı xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, aparılan araşdırma zamanı çoxmərtəbəli yaşayış binasının yerləşdiyi torpaq sahəsinin 'Şeron-63” MTKnın nizamnamə pay fonduna verilmədiyi aşkar edilmişdir. Bundan başqa sözügedən çoxmərtəbəli yaşayış binasına dair təqdim edilmiş tikinti obyektinin istismarına icazə sənədi mövcud qanunvericiliyin tələblərinə uyğun tərtib edilmədiyi aşkar edilmişdir. Belə ki, sözügedən sənəddə istismara hazırlıq aktında tikintilərin dövlət reyestri tərəfindən tikinti obyektinə verilmiş kodun nömrəsi qeyd edilməmişdir. Həmçinin torpaq sahəsinin təyinatına və hüququ rejiminə görə ehtiyat fondu torpaqlarına aid edilməklə Dövlət Neft Şirkətinin kontrakt ərazisində yerləşdiyi aşkar edilmişdir. Yuxanda qeyd edilənləri nəzərə alaraq, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən ərizənizin icrasından imtina edilməsi məqsədə müvafiq hesab edilmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək “Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti 112, 112 A və 112 B ünvanında yerləşən ümumi tikintialtı sahəsi 2489.4 m2, tikinti sahəsi 24028.4 m2 olan 2 girişili, 1 səviyyəli, 2 zirzəmili, 15 mərtəbəli və 1 girişli, 1 səviyyəli, zirzəmili 16 mərtəbəli cəmi 2 ədəd çoxmənzilli yaşayış binaları, üzərində faktiki vəziyyətə uyğun olaraq İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq müvafiq çıxarış və texniki sənədlərin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışlar ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən daşınmaz əmlakın dövlət reyestrindən verilmiş **********36 reyestr nömrəli çıxarışa əsasən Abşeron rayonu, Xırdalan şəhəri ərazisində yerləşən 0,40727 ha torpaq sahəsi İddiaçı MTK-nın təsisçilərindən biri olan X3 mülkiyyətindədir. Həmin torpaq sahəsində Abşeron Rayon İcra Hakimiyyətinin xx.xx.2014-cü il tarixli, 122 saylı tikintiyə icazə barədə Sərəncamına və lisenziyası olan memar tərəfindən hazırlanmış və qanunamüvafiq qaydada razılaşdırılmış eskiz lahiyəyə əsasən Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 112, 112 A və 112 B ünvanında yerləşən ümumi tikintialtı sahəsi 2489.4 m2, tikinti sahəsi 24028.4 m2 olan 2 girişik 1 səviyyəli, 2 zirzəmili, 15 mərtəbəli və 1 girişli, 1 səviyyəli, zirzəmi 16 mərtəbəli 2 ədəd çoxmənzilli yaşayış binaları MTK tərəfindən inşa edilərək, istismara verilmişdir. Həmin çoxmənzilli yaşayış binalarına, dair Abşeron Rayon İcra Hakimiyyəti tərəfindən 167 saylı, xx.xx.2018-ci il tarixli tikinti obyektinin istismarına icazə sənədi verilmişdir. Həmin sənəd Ö/0Ö2040 nömrəli İstismara hazırlıq aktına əsasən verilmişdir. Sözügedən çoxmənzilli yaşayış binalarının daşınmaz əmlakın dövlət reyestrində İddiaçı MTKnın adına qeydə alınması və çıxarışın verilməsi üçün xx.xx.2023-cü il tarixdə 4 saylı Abşeron Ərazi İdarəsinə müraciət edilmiş, tikiliyə və torpaq sahasinə aid bütün sənədləri həmin müraciətə əlavə edilmişdir. Cavabdeh tərəfindən ona verilmiş xx.xx.2023-cü il tarixli, 3-21-3- 32/2- 4898/2023 nömrəli bildiriş məktubunda sözügedən çoxmənzilli yaşayış binaları üzərində İddiaçı MTK-nın mülkiyyət hüququnun daşınmaz əmlakın dövlat reyestrində qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsindən imtina edilmişdir. İmtina qanunsuz olduğundan məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Daha sonra iddiaçının nümayəndəsi və vəkili iddia tələbinin dəqiqləşdirməsi barədə ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti 112, 112 A və 112 B ünvanında yerləşən ümumi tikintialtı sahəsi 2489.4 m2 , tikinti sahəsi 24028.4 m2 olan 2 girişili, 1 səviyyəli, 2 zirzəmili, 15 mərtəbəli və 1 girişli, 1 səviyyəli, zirzəmili 16 mərtəbəli cəmi 2 ədəd çoxmənzilli yaşayış binaları üzərində İddiaçı mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq müvafiq çıxarış və texniki sənədlərin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh iddia tələbinə qarşı etirazında qeyd etmişdir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərdə göstərilənlər araşdırılmış və aşağıdakılar müəyyənləşdirilmişdir. Belə ki, sözügedən daşınmaz amlaka dair təqdim edilmiş tikinti obyektinin istismarına icazə sənədinin mövcud qanunvericiliyin tələblərinə uyğun tərtib edilmədiyi, yəni sözügedən sənəddə istismara hazırlıq aktında tikintilərin dövlət reyestri tərəfindən tikinti obyektinə verilmiş kodun nömrəsi qeyd edilməmişdir. Yaşayış binasının yerləşdiyi torpaq sahəsinin İddiaçı MTK-nın nizamnamə pay fonduna verilmədiyi və torpaq sahəsinin təyinatı və hüququ rejiminə görə ehtiyat fondu torpaqlarına aid edilməklə Dövlət Neft Şirkətinin kontrakt ərazisində yerləşməsidir. Bu səbəbdən də iddiaçının müraciətinin müsbət cavablandırılmasından imtina edilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(118)-3472/2023 nömrəli qərarı ilə iddia təmin edilmiş, Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti 112, 112 A və 112 B ünvanında yerləşən ümumi tikintialtı sahəsi 2489.4 m2, tikinti sahəsi 24028.4 m2 olan 2 girişili, 1 səviyyəli, 2 zirzəmili, 15 mərtəbəli və 1 girişli, 1 səviyyəli, zirzəmili 16 mərtəbəli cəmi 2 ədəd çoxmənzilli yaşayış binaları üzərində İddiaçı mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq müvafiq çıxarış və texniki sənədlərin verilməsi öhdəliyinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə həvalə edilməsi qərara alınmışdır (hakim Ceyhun Məmmədov). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdehin iddiaçının tikinti normalarına cavab verdiyi tikilinin qeydiyyatının aparılmasından imtinası yolverilməzdir. Cavabdeh tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 3-21-3-32/2-13233 nömrəli məktubdan görünür ki, çoxbərtəbəli yaşayış binalarının yerləşdiyi torpaq sahəsi **********36 reyestr nömrəli çıxarışa əsasən İddiaçı mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2023-cü il tarixli 3-21-3-32/2- 13233 nömrəli məktubdan görünür ki, idarənin elektron baza məlumatlarında araşdırma zamanı sözügedən torpaq sahəsi Torpaqların elektron kadastrı uçotu informasiya sistemində (TEKUİS) yaşayış məntəqələri təyinatlı torpaqlara aid olduğundan və torpaq sahəsi ƏMDX tərəfindən X3 adına özəlləşdirildiyindən Şeron-63 MTK-nın binaları qeydiyyata alınan zaman torpaq sahəsinin təyinatının yaşayış məntəqələri kimi qeydiyyata alınması texniki cəhətdən mümkün hesab edilir. Qeyd olunan torpaq sahələri üzərində mülkiyyət hüquqları qeydə alınarkən Neft Şirkətinin ərazisində olmaları cavabdeh təşkilat tərəfindən nəzərə alınmadan qeydə alınması cavabdeh təşkilat tərəfindən “İnzibati İcraat” haqqında Qanunda nəzərdə tutulmuş Bərabərlik və Çoxun azı ehtiva etməsi prinsiplərinin pozulmasına dəlalət edir. Cavabdeh təşkilat qeydiyyat orqanı kimi üzərinə düşən əsas vəzifələri yerinə yetirmək əvəzinə əsasız yerə formal tələb irəli sürməklə qanunla ona verilmiş hüququdan sui-istifadə edir. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının 2021-ci il 30 noyabr tarixli 03 nömrəli qərarı ilə təsdiq edilmiş AzDTN 2.7-2 Yaşayış binaları. Layihələndirmə normalarının 1-ci bəndinə əsasən “Yaşayış binaları. Layihələndirmə normaları”nın tələblərinə yeni tikilən, hündürlüyü 75 m-dən çox olmayan çoxmənzilli yaşayış binalarının və mənzil tipli yataqxanaların, çoxfunksiyalı binaların tərkibində yaşayış sahələrinin layihələndirilməsində, həmçinin, onların istismarı, texniki yeniləşdirilməsi, yenidən qurulması və əsaslı təmirində təşkilati-hüquqi və mülkiyyət formasından asılı olmayaraq bütün hüquqi və fiziki şəxslər tərəfindən riayət olunmalıdır. Həmin Normaların 3-cü bəndinə əsasən iki və daha çox mənzildən ibarət, mənzillərinin ümumi istifadə sahələri və mühəndis sistemləri olan yaşayış binası- çoxmənzilli yaşayış binası hesab olunur. “Daşınmaz əmlakın dövlət reyestrinin aparılması Qaydaları”nın 18.5.1-ci maddəsində göstərilmiş bölmələrin arasında azmərtəbəli və ortamərtəbəli yaşayış binaları anlayışı nəzərdə tutulmadığı halda həmin mənzillər çoxmərtəbəli yaşayış binaları bölməsinə daxil edilirlər. Halbuki, “Ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl Qaydalar”da qeyd olunan çoxmərtəbəli yaşayış binalarının fərqi göstərilmişdir. Şeron MTK tərəfindən öz mülkiyyətində olan 0,40727 ha torpaq sahəsi üzərində inşa edilmiş çoxmənzilli yaşayış binalarının daşınmaz əmlakın 05 bölməsində qeyd olunmasında cavabdeh təşkilatın qarşısında hər hansı bir məhdudiyyət mövcud deyil. Qeyd olunan binalarda 237 mənzil və 200-dən çox sakin var və onların hər birinin yaşayıqları mənzilə gözləntili mülkiyyət hüququ var. Lakin qeyd olunan binalar üzərində mülkiyyət hüququ qeydə alınmadığına görə sakinlər öz mənzilləri üzərində mülkiyyət hüququnun rəsmiləşdirməkdən məhrum olunmuşdurlar. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın rədd edilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdehin apellyasiya şikayəti iddia ərizəsinə etiraza uyğun eyni məzmunda əsaslandırılmışdır. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyası iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X4 apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin dəlillərinə uyğun izahatlar verərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə kollegiyası iclasında iştirak etmiş iddiaçının nümayəndəsi Vəkil2 apellyasiya şikayətinə etiraz edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə 25. Hamı qanun və məhkəmə qarşısında bərabərdir. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İV. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 139.3 Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Maddə 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: ..... 139-1.1.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 139-1.1.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə;... Maddə 240.1. Torpaq sahəsinin mülkiyyətçisi şəhərsalma və tikinti normalarını və qaydalarını, habelə torpaq sahəsinin təyinatı ilə bağlı tələbləri gözləmək şərti ilə sahədə binalar və qurğular ucalda bilər, onları yenidən qura və ya uçura bilər, öz sahəsində başqa şəxslərin tikinti aparmasına icazə verə bilər. Maddə 240.2. Torpaq sahəsinin mülkiyyətçisi özünə mənsub sahədə ucaldılmış və ya yaradılmış binaya, qurğuya və digər daşınmaz əmlaka mülkiyyət hüququ əldə edir. Maddə 240.3. Mülkiyyətçinin özünə mənsub torpaq sahəsində özbaşına tikinti aparmasının nəticələri bu Məcəllənin 180-ci maddəsi ilə müəyyənləşdirilir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Maddə 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Maddə 15.1. Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Maddə 15.2. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Maddə 15.3. İnzibati orqanlar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunmuş sənədlərdə yazı və hesab zamanı yol verilmiş aşkar və düzəldilməsi mümkün olan səhvlərə görə həmin sənədləri qəbul etməkdən imtina edə bilməz. Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 16.1. Fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. Maddə 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun Maddə 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: .... 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair:8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə;.... Maddə 10.2 Hüquqların dövlət qeydiyyatı üçün qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın (onların tərkib hissələrinin) texniki pasportu, plan cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. Maddə 11.1 Hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılması (yüklənməsi), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Maddə 12. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Maddə 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırki iş üzrə iddia tələbi müvafiq çoxmənzilli binalara dair mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasından ibarətdir. İşin mübahisəli halı ondan ibarətdir ki, cavabdeh binanın yerləşdiyi torpaq sahəsinin iddiaçının nizamnamə pay fonduna verilməməsi, təyinatına görə ehtiyat fondu torpaqlara aid olması, istismara hazırlıq obyektində tikiti obyektinə verilmiş kodun nömrəsi qeyd edilmədiyindən, tikinti obyektinin istismarına icazə sənədinin qanunvericiliyə uyğun tərtib edilməməsi, yerləşdiyi torpaq sahəsinin təyinatı və hüquqi rejiminə görə ehtiyat fondu torpaqlara aid olmaqla, Dölət Neft Şirkətinin kontrakt ərazisində yerləşməsi halına istinad edərək, həmin əmlaka dair iddiaçının mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasından imtina etmişdir, iddiaçı isə cavabdehin imtinasının qanunsuz olması halına istinad edərək, qeyd edilən iddia tələbini irəli sürmüşdür. Birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi təmin edilmişdir. Məhkəmə kollegiyası hazırki iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İşin mübahisəsiz hallarından görünür ki, hazırki mübahisə predmeti olan çoxmənzilli binaların yerləşdiyi torpaq sahəsinə dair mülkiyyət hüququ ilkin olaraq MTK-nın təsisçilərindən birinin adına dövlət qeydiyyatına alınmış və buna dair çıxarış verilmişdir. Daha sonra qeyd edilən torpaq sahəsinə dair iddiaçı MTK-nın mülkiyyət hüququ qeydiyyata alınmışdır. İndiki halda cavabdehin imtina əsası kimi istinad etdiyi hal (nizamnamə pay fondun verilməməsi halı) aradan qalxmışdır. Məhkəmə kollegiyası cavabdehin istinad etdiyi digər hallarla bağlı qeyd edir ki, indiki halda binaların yerləşdiyi torpaq sahəsi iddiaçıya məxsus olmuşdur. Cavabdeh isə həmin binanın yerləşdiyi torpaq sahəsinin Dövlət Neft Şirkətinin kontrakt ərazisində yerləşməsi halına istinad edərək, tikiliyə dair mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasından imtina etmişdir. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin istinad etdiyi hal torpaq sahəsini xarakterizə edən hal kimi çıxış edə bilər və torpaq sahəsinə dair mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması mərhələsində mübahisələndirilə bilər ki, indiki halda torpaq sahəsinə dair mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır. Bundan əlavə, Azərbyacan Respublikası Mülki Məcəlləsinin 240-cı maddəsinin tələbinə əsasən torpaq sahəsinin mülkiyyətçisi şəhərsalma və tikinti normalarını və qaydalarını, habelə torpaq sahəsinin təyinatı ilə bağlı tələbləri gözləmək şərti ilə sahədə binalar və qurğular ucalda bilər, onları yenidən qura və ya uçura bilər, öz sahəsində başqa şəxslərin tikinti aparmasına icazə verə bilər. Torpaq sahəsinin mülkiyyətçisi özünə mənsub sahədə ucaldılmış və ya yaradılmış binaya, qurğuya və digər daşınmaz əmlaka mülkiyyət hüququ əldə edir. Mülkiyyətçinin özünə mənsub torpaq sahəsində özbaşına tikinti aparmasının nəticələri bu Məcəllənin 180-ci maddəsi ilə müəyyənləşdirilir. Deməli, iddiaçının mülkiyyət hüququ əsasında ona məxsus olan torpaq sahəsində şəhərsalma və tikinti norma və qaydalarına, torpaq sahəsinin təyinatına riayət etməklə, müvafiq tikilini ucaltmaq (inşa etmək) onun hüququ kimi mövcud olmuşdur. Göründüyü kimi cavabadeh həmin hala formal olaraq istinad etmişdir, heç bir qanuni əsası olmamışdır. Həmçinin, cavabdeh inzibati orqan müvafiq tikiliyə dair icazə sənədində tikinti obyektinə verilmiş kod qeyd edilmədiyindən, həmin icazə sənədinin qanunvericiliyə uyğun tərtib edilməməsi halına istinad etmişdir. İndiki halda işin müəyyən edilmiş hallarından görünür ki, müvafiq çoxmənzilli binaların tikintisinə və istismarına dair icazə sənədi mövcud olmuşdur. Qeyd olunmalıdır ki, həmin icazə sənədində tikinti obyektinin kod nömrəsi dövlət reyestri tərəfindən verilir və həmin orqanın özü tərəfindən veriləcək kod nömrəsinin müvafiq icazə sənədində göstərilməməsi halı isə özlüyündə çoxmənzilli binaya mülkiyyət hüquqlarının qeydiyyata alınmasından imtina üçün əsas hesab edilə bilməz, qanunvericilikdə bununla bağlı hər hansı şərt nəzərdə tutulmamışdır. Həmçinin, qeyd edilən kod nömrəsi müvafiq qeydiyyat orqanının özü tərəfindən də müəyyən edilə bilərdi. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 14 oktyabr tarixli 135 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestrinin aparılması Qaydaları”nın 43.1ci bəndinə əsasən, dövlət reyestrinə daxil edilmiş məlumatlarda yol verilən cüzi dəyişikliklər, yəni maraqlı şəxslərin hüquqlarına və mənafelərinə təsir etməyən və mühüm nəticələrə səbəb olmayan dəyişikliklər (dövlət reyestrində göstərilmiş şəxsin adının və ya daşınmaz əmlak obyektinin ünvanının dəyişməsi, rekonstruksiya işləri nəticəsində daşınmaz əmlak obyektində baş verən xırda dəyişikliklər və s.) və "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 16-cı maddəsində nəzərdə tutulmuş düzəlişlər müvafiq fəslin ayrıca vərəqində - "Dəyişikliklərin (düzəlişlərin) məzmunu" qrafasına daxil edilir. Müvafiq fəslin "Sənədlər - əsaslar" qrafasında isə belə dəyişikliklərin və ya düzəlişlərin edilməsi üçün əsas olmuş sənədlərin rekvizitləri göstərilir. Göründüyü kimi, indiki halda qeyd olunan dəyişikliklər cavabdeh inzibati orqanın özü tərəfindən edilə bildiyi halda, inzibati orqan tərəfindən edilmiş formal xətalar cavabdeh inzibati orqan tərəfindən imtina üçün əsas gətirilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 9 fevral 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 04 oktyabr 2016-cı il tarixli Qərarında qeyd edilmişdir ki, “Hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün müəyyən edilmiş hallar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1- ci maddəsində sadalanmışdır və həmin hallar aşağıdakılardan ibarətdir: 15.1.1-dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3-hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4-daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6-bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Göründüyü kimi, qanunvericilikdə hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsasları dəqiq göstərilmiş, lakin birinci və apelyasiya instansiyası məhkəmələri tərəfindən iş üzrə araşdırmaların aparılması zamanı həmin halların heç biri müəyyən edilməmişdir.” Həmçinin, məhkəmə kollegiyası torpaq sahəsinin təyinatı ilə bağlı hissədə onu qeyd etməyi zəruri hesab edir ki, cavabdehin məhkəməyə təqdim etdiyi məktubun məzmununda qeyd edilən torpaq sahəsinin ilkin qeydiyyat zamanı ehtiyat fondu torpaqlara aid olduğunu, TEKUİS məlumatlarında yaşayış məntəqləri təyinatlı torpaqlara aid olduğunu, binaların qeydiyyatı zamanı torpaq sahəsinin təyinatının yaşayış məntəqələri kimi qeydiyyata alınmasının texniki cəhətdən mümkün olduğu qeyd edilmişdir. Bu baxımından məhkəmə kollegiyası hesab edir ki, həmin hal iddiaçının mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasından imtina üçün əsas kimi çıxış etməmişdir. Nəticə etibarilə məhkəmə kollegiyası qeyd edir ki, mülki qanunvericiliyin yuxarıda istinad olunan normasının tələbinə əsasən indiki halda torpaq sahəsinin mülkiyyətçisi qismində çıxış edən iddiaçının şəhərsalma və tikinti normalarını və qaydalarını, habelə torpaq sahəsinin təyinatı ilə bağlı tələbləri gözləmək şərti ilə inşa etdiyi müvafiq çoxmənzilli binaya mülkiyyət hüququ əldə etmişdir. Belə olan halda isə mövcud olan mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün məhz qanunvericiliklə imperativ norma şəklində müəyyən edilmiş əsaslar mövcud olmalıdır. Hüquqların qeydiyyata alınması zamanı hüquqi əsasların olması mütləq amillərdən biridir. Məhkəmə kollegiyası qeyd olunan hallara əsasən hesab edir ki, hazırki iş üzrə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsi ilə müəyyən edilmiş daşınmaz əmlaka dair hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsaslarının mövcud olmamasını nəzərə alaraq, cavabdehin imtinasının qanunazidd olmaqla və iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. Bu baxımından məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işin hallarına düzgün hüquqi qiymət verilmiş, iş üzrə gəldiyi nəticə düzgün olmuş, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassız olmuşdur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normaları düzgün tətbiq edildiyindən, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar müəyyən olunmadığından və apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(118)-3472/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(105)-303/2024
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-303/2024
16.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver