Məhkəmə qərarları › İş №2-1(105)-304/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-304/2021

09.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-304/2021 09.06.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər:Babayeva Hökümə Çingiz qızı (sədrlik edən və məruzəçi hakim), Hakimlər Məmmədov Zaur İkram oğlu və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, Hüseynli Aydın Hüseyn oğlunun katibliyi, İddiaçı1 iştirakı ilə İddiaçılar İddiaçı2 və İddiaçı1 Cavabdehnə qarşı “cavabdeh tərəfindən “xxxx” MMCnin adına verilmiş 22 fevral 2008-ci il tarixli, 165 saylı Sərəncamın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə bağlı Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-73/2021 saylı, 15 fevral 2021-ci il tarixli qərardadından iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayətinə 09 iyun 2021-ci il tarixdə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçılar İddiaçı2 və İddiaçı1 Cavabdehnə qarşı məhkəmədə iddia qaldıraraq, cavabdeh tərəfindən “xxxx” MMC-nin adına verilmiş 22 fevral 2008-ci il tarixli, 165 saylı sərəncamın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. İddia tələbini onunla əsaslandırılmışdır ki, ünvan 1ində yerləşən, kənd təsərrüfatı təyinatlı torpaq sahəsində fərdi yaşayış evlərinin tikilməsinə icazə verilməsi barədə “xxxx” MMC-yə Cavabdeh tərəfindən 22 fevral 2008-ci il tarixli, 165 saylı sərəncam verilmişdir. Həmin sərəncam əsasında kənd təsərrüfatı təyinatlı torpaq sahəsində fərdi yaşayış evləri tikilmiş, notariat konturunda üçtərəfli alqı-satqı və ipoteka müqaviləsi bağlanaraq, dövlət reyestri xidmətindən çıxarış birbaşa banka təhvil verilmişdir. Çıxarış alınandan sonra "xxxx" ASC-də həmin torpaq sahəsi və tikilməkdə olan fərdi yaşayış evi ipoteka ilə yüklü edilərək, alınan krediti “xxxx” MMC-nin nümayəndəsi götürmüşdür. Hal-hazırda çıxarışların surəti əldə edilmiş və müəyyən edilmişdir ki, torpaq sahəsi kənd təsərrüfatı təyinatlıdır və həmin torpaq sahəsində fərdi yaşayış evlərinin tikilməsi qanuna ziddir. Yəni, qeyd olunan sərəncam iddiaçıların aldadılmasına səbəb olmuş, kənd təsərrüfatı təyinatlı torpaq sahəsində inşa edilən qanunsuz tikililər və torpaq sahələri iddiaçılara satılmışdır. Ona görə də cavabdehə müraciət edərək, Cavabdeh 22 fevral 2008-ci il tarixli, 165 saylı Sərəncamının ləğv edilməsini xahiş etmişlər. Cavabdeh isə 13.11.2019-cu il tarixdə imtina məktubu verərək, sərəncamın ləğv edilməsindən imtina etmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-458/2020 saylı, 31 avqust 2020-ci il tarixli qərardadı ilə “xxxx” ASC, “xxxx” MMC və “xxxx” ASC üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. Üçüncü şəxs “xxxx A” MMC iddia tələbinə dair yazılı etiraz təqdim edərək bildirmişdir ki, “xxxx A” MMC-nin mülkiyyətində ünvan 1i ərazisində, duzlu gölün yamacında 17 hektar torpaq sahəsi olmuşdur. Həmin torpaq sahəsində kottec tipli şəhərcik salınması planlaşdırılmış və salınacaq şəhərciyin eskiz layihəsi hazırlanmış, 2008-ci ildə Abşeron RİH ilə razılaşdırılaraq təsdiq olunmuşdur. Bundan sonra bir sıra fiziki şəxslər, “xxxx A” MMC-yə müraciət edərək salınacaq kottec tipli şəhərcikdə tikiləcək kotteclərin, villaların və digər tikililərin tikintisini və satışını həyata keçirmək istəklərini bildirmişlər. Eləcə də “xxxx” ASC-nin nümayəndələri salınacaq şəhərciyə gələrək fiziki şəxslər tərəfindən tikiləcək evlərin, kotteclərin, onların yerləşdiyi torpaq sahələrinin banka ipotekaya qoyulması yolu ilə həmin tikintiyə kredit verə biləcəklərini bildirmişlər. Layihədə tikilməsi nəzərdə tutulmuş kotteclər bir-birinə bitişik olan ikimərtəbəli 6 ədəd fərdi evlərdən ibarət olmaqla, evlərin hər birinin uzunluğu 12 metr, eni isə 7.6 metr, yerdən damın üstünə isə hündürlüyü 9.6 metr olmaqla şəhərcikdə tikiləcək kottec tipli bütün evlərin eyni ölçüdə, hündürlükdə və bir layihə əsasında tikilməsi nəzərdə tutulurdu. Bu tipli kotteclərin tikiləcəyi ərazi qabaq və arxa hissələrindəki yaşıllıq zonası, girişçıxış yolları, küçələri ilə birlikdə 0.20-0.21 ha torpaq sahəsində nəzərdə tutulurdu. Şəhərcikdə tikilən villalar isə sifarişçinin seçdiyi layihələr üzrə tikilirdi, villaların tikintisini isə əksər hallarda sifarişçilər özləri və ya fiziki şəxslər sifarişçilərə satılmış torpaq sahələrində tikirdilər. Kottecləri tikmək istəyən fiziki şəxslərlə “xxxx A” MMC arasında 0.20- 0.21 ha ərazi barəsində alqı-satqı müqavilələri bağlanılır və göstərilən ölçüdə torpaq sahələri həmin fiziki səxslərə satılırdı. Artıq 2009-cu ildən bir-neçə fiziki şəxslə bu cür müqavilələr bağlanmış onlara torpaq sahələri satılmış, torpaq almış fiziki şəxslər həmin torpaq sahələri barəsində öz adlarına çıxarış aldıqdan sonra həmin ərazidə layihədə nəzərdə tutulmuş kotteclərin tikintisinə başlamışlar. Kotteclərdən kreditlə ev almaq istəyən şəxslərlə kottecləri tikən fiziki şəxslər arasında razılıq əldə edildikdə, kotteci tikən fiziki şəxs kottec tikintisi üçün aldığı torpaq sahəsini 6 hissəyə bölərək hər hissəsinin üzərində tikilməkdə olan iki mərtəbəli fərdi yaşayış evi ilə birlikdə torpaq sahəsini ev almaq istəyən şəxsə satır, eyni zamanda alıcı, satıcı və ipoteka saxlayan saxlayan “xxxx” ASC arasında alqı-satqı və ipoteka müqaviləsi bağlanılır, alıcının aldığı torpaq sahəsi üzərində tikilən evlə birlikdə “xxxx” ASC-yə ipoteka qoyulur, həmin alıcı ilə ipoteka saxlayan bank arasında kredit müqaviləsi bağlanılır və bank evin tikintisinin həyata keçirilməsi üçün alıcıya kredit ayırır. Kredit almış şəxslər aldıqları krediti evin tikilməsi üçün fiziki şəxslərə verir, fiziki şəxslər isə həmin kredit hesabına evləri tikərək alıcılara təhvil verir. “xxxx A” MMC bu günə kimi kotteclərin, villaların tikintisini həyata keçirən fiziki şəxslərdən başqa həmin şəhərcikdə ev alan hər hansı bir şəxslə, hər hansı torpaq alqısatqısı, ev alqı-satqı barədə hər hansı müqavilə bağlanmamış, öz üzərinə hər hansı tikinti, torpaq sahələri ilə bağlı alıcılar qarşısında öhdəlik götürməmişdir. “xxxx A” MMC-nin yalnız sahibi olduğu layihədə nəzərdə tutulmuş ölçülərdə və qaydada, ərazilərdə tikinti işlərinin aparılmasına, kottec tipli fərdi yaşayış evlərinin tikintisini həyata keçirən fiziki şəxslərin üzərinə götürdükləri öhdəlikləri vaxtında lazımı qaydada yerinə yetirmələrinə, layihədə nəzərdə tutulmuş evlərə giriş-çıxış yollarının, küçələrin saxlanılmasına nəzarət etmişdir. “xxxx A” MMC-nin sahibi olduğu layihə əsasında inşa edilmiş şəhərcikdə (park solero) 200-ə yaxın kottec tipli fərdi yaşayış evləri tikilmişdir, bu evlərin hamısı eyni layihə əsasında eyni ölçüdə tikilmişdir. Sakinlərin əksəriyyəti evlərini təmir edərək 5 ildən çoxdur ki, öz evlərində yaşayırlar, evlərindən, ərazidəki yaşıllıqlardan, ümumi istifadədə olan parkdan, küçələrdən, yollardan və eləcə də xidmətlərdən şikayətləri yoxdur. Park Solero yaşayış kompleksindən torpaq sahələri alaraq ev tikdirmiş (tikmiş ) şəxslərin bəziləri artıq öz evlərinə çıxarış almışlar , yalnız bir neçə şəxs, o cümlədən iddiaçılar Park Solero yaşayış kompleksi ilə bağlı məhkəməyə, müxtəlif Dövlət orqanlarına, Prokürorluğa, Vergilər Nazirliyinə əsassız şikayətlər edirlər ki, bu şəxslərin də “xxxx” ASCyə külli miqdarda borcları var, belə ki, həmin şəxslər yaşadıqları evlərinin yerləşdiyi torpaq sahələrinin alınması, evlərin tikilməsi üçün Bank Respublikdan götürdükləri kreditləri qaytarmırlar, xxxx isə həmin şəxsləri məhkəməyə verərək kredit borclarının həmin şəxslərdən tutulmasını və tutulacaq pulun kreditin təminatı kimi həmin şəxslərin şəhərcikdə (park solero) olan və ipotekaya qoyulmuş torpaq sahələrinə və bu torpaq sahələrində bankın verdiyi kredit hesabına tikilmiş evlərə yönəldilməsini istəyir. İddiaçılar götürdükləri kreditləri qaytarmaq əvəzinə “xxxx A” MMC-yə xxxxya və digərlərinə qarşı əsassız iddialar qaldırırlar və hesab edirlər ki, bu yolla öz kredit problemlərini həll edəcəklər. İddiaçı2 Bank Respublikdan götürdüyü küllü miqdarda krediti ödəyə bilmədiyindən ona məxsus, ipoteka qoyulmuş ev tələbkar “xxxx” ASC-nin tələbi ilə hərracda satılmış, İddiaçı2 Park Solero yaşayış kompleksində olan evdən çıxarılmışdır, digər İddiaçı1 da evi yaxın zamanlarda hərraca çıxarılaraq satılacaq və əldə ediləcək vəsait hesabına “xxxx” ASC-dən götürdüyü küllü miqdarda kredit ödəniləcəkdir. İddiaçılar tərəfindən “xxxx A” MMC barəsində həqiqətə uyğun olmayan şər-böhtan xarakterli şərəf, ləyaqət və işgüzar nüfuzu ləkələyən məlumatlar yayıldığından bu barədə “xxxx A” MMC tərəfindən məhkəməyə müraciət olunmuş, Abşeron Rayon Məhkəməsinin 15.09.2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin olunaraq, xxxx MMC barəsində həqiqətə uyğun olmayan şər-böhtan xarakterli, şərəf, ləyaqət və işgüzar nüfuzu ləkələyən məlumatların təkzib edilməsi və dəymiş zərərin əvəzi olaraq İddiaçı1 10000 manat, İddiaçı2 isə 7000 manat MMC-yə ödənilməsi qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 15.09.2020-ci il tarixli qətnaməsi ilə Abşeron Rayon Məhkəməsinin 15.09.2020-ci il tarixli qətnaməsi qismən dəyişdirilmiş və dəymiş zərərin əvəzi olaraq İddiaçı1 3000 manat, İddiaçı2 isə 2000-manat tutularaq “xxxx” MMC-yə ödənilməsi qət edilmişdir. Bundan əvvəl də iddiaçılar məhkəmədə “xxxx A” MMC-yə qarşı pul və sair tələblərlə bağlı iddialar qaldırsalar da, onların tələbləri rədd edilmiş və həmin məhkəmə qətnamələri hüquqi qüvvəsini almışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Sumqayıt İnzibati Məhkəməsinin 15 fevral 2021-ci il tarixli, 2-1(118)-73/2021 saylı qərardadı ilə iddia mümkün sayılmamışdır (hakim C.Məmmədov). Qərardaddan narazı qalan iddiaçılar iddia ərizəsi ilə eyni məzmunda apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri: Birinci instansiya məhkəməsi "İnzibati İcraat haqqında" Qanunun 67.12-ci maddəsinə istinad etməklə, 1 illik iddia müddətinin ötürülməsi nəticəsinə gəlsə də, həmin normanı işin həqiqi hallarına uyğun düzgün tətbiq etməmişdir. İstinad edilən normada deyilir ki: Qanunsuz inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər.... ” Göründüyü kimi, qanunverici həmin maddədə iddia müddətinin başlanması anı kimi sərəncamın (aktın) özünün mövcud olduğunu deyil, onun ləğv olunmasını şərtləndirən halların məlum olduğu günü kimi müəyyən edir. Mübahisələndirilən sərəncama isə torpağın təyinatı barədə məlumat daxil edilmədiyindən həmin sərəncamın ləğvini şərtləndirən halların iddiaçıya məlum olmadığı aşkardır. İddiaçıların guya həmin sərəncamı mübahisələndirmək üçün subyektiv hüquqlarının olmadığı barədə məhkəmənin dəlilləri də əsaslı hesab edilə bilməz. Belə ki, məhkəmə, İddiaçı2 iddiası üzrə Abşeron rayon məhkəməsinin 03.10.2017-ci il tarixli qətnaməsinə və həmin qətnaməni dəyişdirmədən saxlayan yuxarı instansiya məhkəməsinin qərarlarına istinad edərək, bu səbəbdən İddiaçı1 “torpaq sahəsinə tələb yönəldiyi vaxtdan onun həmin torpaq sahəsinə hüquqları itirilmişdir" nəticəsinə gəlməsi, mübahisənin həllinə nə qədər səthi yanaşdığını təsdiq edir. Halbuki, İddiaçı1 torpaq sahəsinə tələb yönəldilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı mövcud deyildir. Başqa sözlə desək, məhkəmə, iddiaçıları qarışıq salmaqla yanaşı, həm də özünün dəlillərinə görə, İddiaçı1 subyektiv hüququnun olmasını dolayısı ilə təsdiq etmişdir. Bundan əlavə, birinci instansiya məhkəməsi həmin sərəncamın nəinki ləğv edilməli olması, hətta qanunvericiliyin imperativ tələblərinə görə etibarsız hesab edilən və bu səbəbdən də heç bir hüquqi nəticə yaratmayan sərəncam olmasının fərqinə varmadan, “xxxx” MMC-nin kənd təsərrüfatı təyinatlı torpaqda yaşayış kompleksinin tikintisinə icazə verilməsini adi bir hal kimi qəbul etmişdir. Halbuki, həmin sərəncamın etibarsızlığı üçün də kifayət qədər əsaslar var. Belə ki, “İnzibati icraat haqqında” qanunun 65.1-ci maddəsinə əsasən: 65.1.4. maraqlı şəxsdən inzibati və ya cinayət məsuliyyətinə səbəb ola bilən hərəkətlər etməyi tələb edən inzibati akt: 65.1.5. faktiki səbəblər üzündən icrası mümkün olmayan inzibati akt; etibarsız sayılan aktlardır. Həmin qanunun 65.2-ci maddəsinə əsasən, etibarsız inzibati akt qəbul edildiyi andan yararsız (əhəmiyyətsiz sayılır və heç bir hüquqi nəticə yaratmır. Göründüyü kimi, (1) torpaq sahəsi kənd təsərrüfatı təyinatlı olduğu üçün həmin torpaq sahəsində yaşayış kompleksi tikilə bilməzdi; (2) həmin akt (sərəncam) ünvanlandığı şəxsin üzərinə cinayət məsuliyyətinə səbəb ola bilən hərəkətlər etməyi tələb edir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında İddiaçı1 apelyasiya şikayətini müdafiə edərək şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini xahiş etdi. İddiaçı2, cavabdeh və üçüncü şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunsalar da, məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Məhkəmə kollegiyası iddiaçını dinləyib, iş materiallarını və şikayətin dəlillərini araşdıraraq, işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, şikayət təmin edilməməli, Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-73/2021 saylı, 15 fevral 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İPM-nin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Beləliklə, İPM-in istinad olunan 35.1-ci maddəsinə əsasən iddiaçının subyektiv hüququ o vaxt yaranır ki, o, inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırsın. Bununla bağlı olaraq “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarının 4.1, 4.2, 5.1, 5.2 və 5.3-cü bəndlərində göstərilmişdir ki, İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar. İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. Bu zaman məhkəmələr müdafiə edilmək istənilən hüququn təbiətini, həmin subyektv hüququn tanıdığı imkanları, qanunvericilikdə təsbit edilmiş onun qoruma sferası ilə bağlı hədləri nəzərə almalıdırlar. İddia qaldırmış şəxsin hüquqlarının qorunmasının bilavasitə qanundan irəli gəldiyi hallarda, bir qayda olaraq iddia mümkün sayılmalıdır. Subyektiv hüququn mahiyyətini açıqlayan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında ifadə edilmiş hüquqi mövqeyinə görə, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Hazırkı iş üzrə birinci instansiya məhkəməsində işin halları araşdırılarkən müəyyən edilmişdir ki, Cavabdeh Başçısının 165 saylı, 22 fevral 2008-ci il tarixli Sərəncamına əsasən, ”xxxx” MMC-yə Masazır Bələdiyyəsi ərazisində 16.98 ha torpaq sahəsində fərdi evlərdən ibarət “Park Solero” yaşayış kompleksinin lahiyələndirilməsinə və tikintisinə icazə verilmişdir. İddiaçılar ərizəsində “xxxx” MMC-ni mülkiyyətində olan torpaq sahəsinin kateqoriyasına görə kənd təsərrüfatı təyinatlı olduğunu bildirərək, sərəncamın qanunsuz olduğunu qeyd etsə də, kollegiya hesab edir ki, göstərilən əsasla sərəncamı mübahisələndirmək hüququna iddiaçılar deyil, aidiyyəti dövlət orqanları malikdirlər. Kollegiya qeyd edir ki, mübahisələndirilən sərəncam əlverişli inzibati akt olmaqla ”xxxx” MMC-yə mülkiyyətində olan torpaq sahəsində tikinti işlərinin aparılmasına icazə vermişdir. Həmin sərəncamın qəbulu nəticəsində iddiaçıların hər hansı qanunla qorunan hüquqlarının pozulması halı baş verməmişdir. Əksinə, iş materiallarından görünür ki, “xxxx” MMC-yə məxsus torpaq sahələri hissə hissə olaraq başqa şəxslərə satılmış və həmin şəxslərdə öz növbəsində həmin torpaq sahələrinin üzərində koteclər tikərək alıcılara, o cümlədən hazırkı iş üzrə iddiaçılara təhvil vermişdir. Belə ki, iş materiallarından görünür ki, İddiaçı2 ilə “xxxx” ASC arasında bağlanmış 016HOME354811 saylı 27 iyun 2013-cü il tarixli kredit müqaviləsinə əsasən, bank tərəfindən İddiaçı2 74200 USD məbləğində 84 (səksən dörd) ay müddətinə kredit verilmişdir. Kredit məbləğinin 14049 USD hissəsi ünvan 1i ünvanında yerləşən 0.032 ha torpaq sahəsinin alınması üçün, 60153 USD hissəsi isə həmin torpaq sahəsi üzərində yaşayış evinin tikintisi (yarımçıq evin tikilib başa çatdırılması) üçün verilmişdir. Həmçinin, “xxxx” ASC-nin Sumqayıt filialının direktoru, alıcı-ipoteka qoyan İddiaçı2 və satıcı X1 arasında 27 iyun 2013-cü il tarixdə Abşeron rayonu 1 saylı notariat kontorunda yaşayış sahəsinin alqı-satqı və ipoteka müqaviləsinin elementlərini özündə birləşdirən üçtərəfli qarışıq müqavilə bağlanmışdır. Müqaviləyə əsasən, satıcı, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Abşeron Ərazi İdarəsi tərəfındən verilmiş “21” İyun 2013-cü il tarixli 6040 nömrəli arayışa əsasən, ünvan 1i ünvanında yerləşən 0.032 ha. torpaq sahəsini alıcıya satmış, Alıcı isə satılan torpaq sahəsini bu müqavilə üzrə yaranmış hüquqa əsasən, onunla kreditor-ipoteka saxlayan arasında bağlanmış “27” iyun 2013- il tarixli 016HOME354811 saylı kredit müqaviləsi üzrə yaranmış öhdəliyin təminatı kimi kreditor-ipoteka saxlayana ipotekaya vermişdir. Analoji qaydada İddiaçı1 ilə “xxxx” ASC arasında bağlanmış 30 oktyabr 2013-cü il tarixli kredit müqaviləsinə əsasən, bank tərəfindən İddiaçı1 93870 USD məbləğində 84 (səksən dörd) ay müddətinə kredit verilmişdir. Kredit məbləğinin bir hissəsi ünvan 1i ünvanında yerləşən 0.032 ha torpaq sahəsinin alınması üçün, bir hissəsi isə həmin torpaq sahəsi üzərində yaşayış evinin tikintisi (yarımçıq evin tikilib başa çatdırılması) üçün verilmişdir. Eyni zamanda verilmiş kreditin təminatı məqsədilə kreditor-ipoteka saxlayan “xxxx” ASC, alıcı-ipoteka qoyan İddiaçı1 oğlu və satıcı X6 oğlu arasında 30 oktyabr 2013-cü il tarixdə alqı-satqı və ipoteka müqaviləsi bağlanmışdır. Odur ki, işin sadalanan xüsusatlarını nəzərə alaraq, kollegiya hesab edir ki, iddiaçılar hazırkı iddianı qaldırmaqda subyektiv hüquqa malik deyillər. Bu əsasla iddianı mümkün saymayan birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Verilmiş, iddia iddia müddəti ilə bağlı xüsusi mümkünlük şərtinə də (işdən görünür ki, iddiaçılar sərəncamın mövcudluğundan ən azı 2018-ci ildən məlumatlı olmuşlar) cavab vermir, lakin kollegiya qeyd edir ki, iddianın digər mümkünlük şərtləri o halda yoxlanıla bilər ki, əgər ilk olaraq iddiaçının iddia qaldırmasında subyektiv hüququnun mövcudluğu müəyyən edilmiş olsun. Hazırkı halda isə iddiaçıların subyektiv hüququnun olmaması müəyyən edildiyindən, kollegiya digər mümkünlük şərtlərini yoxlamağı məqsədəmüvafiq hesab etmir. Beləliklə, işin sadalanan xüsusatlarını nəzərə alaraq, kollegiya hesab edir ki, iddiaçılar hazırkı iddianı qaldırmaqda subyektiv hüquqa malik deyildir. Bu əsasla iddianı mümkün saymayan birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası qeyd edir ki, şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-73/2021 saylı, 15 fevral 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar