Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-304/2022 22.06.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayeva Hökümə Çingiz qızı (sədrlik edən və məruzəçi), Məmmədov Zaur İkram oğlu və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, Hüseynli Aydın Hüseyn oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı “müharibə veteranı adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin 24 dekabr 2021-ci il tarixli, 2-1(118)-1232/2021 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə ona “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi ilə bağlı ərizə ilə müraciət etmiş, müraciətə baxılmış və iddiaçının müraciətinə cavab olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi X4 İdarəsinin xx.xx.2021-ci il tarixli, 024-8696Ə-3221 saylı məktubu ilə bildirilmişdir ki, Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirakı barədə arxiv şəxsi işində məlumat olmadığına, həmçinin, Xaçmaz RPŞ-nin 26 mart 1992-ci il tarixli, 37 nömrəli əmrində iddiaçının adı qeyd olunmadığına görə ona “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi mümkün olmamışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat İddiaçı (bundan sonra iddiaçı) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə (bundan sonra cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “ona “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” na dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırmışdır ki, o, 1990-1992-ci illərdə daxili işlər orqanlarında xidmət etmiş, Xaçmaz rayon Mühafizə bölməsində polis nəfəri işləmişdir. Xidmət dövründə 1992-ci ilin mart ayında döyüşlərdə iştirak etmək üçün 13-15 nəfər polis əməkdaşları Şuşaya ezam edilmiş və 15 ya 18 gün döyüşlərdə iştirak etdikdən sonra yenidən Xaçmaz rayonuna xidmətə qaytarılmışlar. O, «Müharibə veteranı» adı və vəsiqəsi almaq üçün Daxili İşlər Nazirliyinə müraciət etmiş və Xaçmaz rayon Mühafizə bölməsi tərəfindən ona verilmiş xx.xx.2006-cı il tarixli arayışı da əlavə etmişdir. Həmin arayışda Xaçmaz rayon Mühafizə bölməsinin əməkdaşı kimi 26 mart 1992-ci il tarixli, 37 saylı əmrə əsasən Dağlıq Qarabağda gedən döyüşlərdə iştirak etdiyi göstərilmişdir. Lakin, DİN-in X4 İdarəsinin xx.xx.2021-ci il tarixli məktubu ilə ona cavab verilmişdir ki, adı çəkilən 26 mart 1992-ci il tarixli, 37 saylı əmrdə onun adı qeyd edilmədiyi üçün ona veteran adı və vəsiqəsi verilə bilməz. Cavabdeh iddia tələbinə dair etirazında qeyd etmişdir ki, DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən təqdim olunmuş xx.xx.2021-ci il tarixli, 012-17938-1219 nömrəli arxiv arayışına əsasən İddiaçı Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirakı faktı qeydə alınmamışdır. DİNə daxil olmuş müraciətlərində döyüş əməliyyatları gedən bölgəyə ezam olunmasının əsası kimi qeyd etdiyi Xaçmaz Rayon Poliş Şöbəsinin xx.xx.1992-ci il tarixli, 37 nömrəli əmrində İddiaçı adının olmadığı müəyyən edilmişdir. Bu səbəbdən də Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli, 216 nömrəli Qərarına əsasən iddiaçıya “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi mümkün olmamışdır. Sumqayıt İnzibati Məhkəməsinin 24 dekabr 2021-ci il tarixli, 2-1(118)-1232/2021 nömrəli qərarı ilə iddia rədd edilmişdir (hakim V.Əzizova). Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətini iddia ərizəsi ilə eyni məzmunda əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, məhkəmə öz qərarında göstərmişdir ki, iddiaçının təqdim etdiyi arayışın kserosurəti ona veteranlıq statusunun verilməsi üçün əsas deyildir və mötəbər sübut kimi qəbul edilə bilməz. İddiaçı qeyd edir ki, bu halda arayışı verən orqandan sənədin əslini tələb etmək məhkəmənin vəzifəsi idi, lakin məhkəmə bu vəzifəsini yerinə yetirməmişdir. Məhkəmə öz qrarını əsaslandırmaq üçün ona istinad etmişdir ki, iddiaçının Qarabağa göndərilməsi haqqında əmr barədə cavabdehdə hər hansı bir məlumat yoxdur. Hesab edir ki, bu məlumatın cavabdehdə olmaması onun Qarabağda döyüşlərdə iştirak etməyini inkar edə bilməz. Qeyd edir ki, o, döyüşlərə Xaçmaz RPŞ-in 37 saylı əmri ilə göndərilmiş və döyüşlərdə iştirak etmişdir. Bu faktı təsdiq edən çoxsaylı döyüş yoldaşları və Şuşada çəkilmiş fotoşəkilləri var. Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. b) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək şikayətin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 3. Müharibə veteranları Aşağıdakılar müharibə veteranları sayılırlar: (-) Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər; (-) Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı ərazilərin və dövrlərin siyahısı, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. (-) Qeyd: Bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir. Maddə 7. Veteran adlarının və vəsiqələrinin verilməsi Müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. (-) “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri" haqqında Əsasnamə (Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 saylı qərarı ilə təsdiq edilmişdir)
1. Müharibə veteranları Müharibə veteranı adı aşağıdakı qaydada verilir: (-) Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Strateji X1 Agentliyi və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında; (-) Qeyd. 1. Bu qayda Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil olunmur. (-) Bu Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış şəxslərə isə sonuncu xidmət keçdiyi (qulluq etdiyi) yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir... (-) Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 14. Sübut etmə vəzifəsi (-) 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.
APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ Apellyasiya şikayəti vaxtında verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir. Ona görə də şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda qeyd edilən normaların məzmunundan aydın olur ki, iddiaçıya o halda müharibə veteranı adı və vəsiqəsi verilə bilər ki, o, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş olsun və ya döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş olsun. Birinci instansiyası məhkəməsi də göstərilən normaya uyğun olaraq iddiaçının döyüş əməliyyatları aparan hərbi hissəyə döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunub-olunmadığı istiqamətində araşdırma aparmışdır. İş materiallarında olan Xaçmaz Rayon Mühafizə Bölməsi tərəfindən verilmiş 25 saylı, xx.xx.2006-cı il tarixli arayışa əsasən İddiaçı xx.xx.1990-xx.xx.1992-ci il tarixədək Xaçmaz Rayon Mühafizə Bölməsində polis nəfəri vəzifəsində işləmiş və 26 mart 1992-ci il tarixdə (Xaçmaz RPŞ-nin 37 saylı əmrinə əsasən) Dağlıq Qarabağda gedən döyüşlərdə iştirak etmişdir. İddiaçı həmin dövrdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etdiyini bildirsə də, həm birinci instansiya məhkəməsinin, həmçinin məhkəmə kollegiyasının cavabdehə etdiyi sorğulara verilən cavablarla müəyyən edilmişdir ki, iddiaçının ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarında iştirakı faktı müəyyən edilməmişdir. Belə ki, birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq AR DİN Baş Mühafizə İdarəsinin məktubu ilə iddiaçının 1992-ci ilin mart ayında Qarabağ bölgəsində gedən döyüşlərdə iştirak etmək üçün Şuşaya ezamiyyətə göndərilməsi barədə məlumat və müvafiq əmrlərin aşkar edildiyi bildirilmişdir. Sorğuya cavaba əlavə edilən AR DİN Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2021-ci il tarixli, 012-14053-1221 nömrəli məktubunda göstərilir ki, İddiaçı Beykəz oğlunun arxiv şəxsi işinin xidmətkeçmə siyahısında döyüş əməliyyatlarında iştirak etməsi barədə qeydiyyat aşkar olunmamış və bununla əlaqədar Xaçmaz Rayon Polis Şöbəsinin və Rayon Mühafizə Bölməsinin 1990-1992-ci illəri əhatə edən əmrlərinə baxılmış, lakin onun döyüş bölgəsinə ezam olunması barədə əmr müəyyən edilməmişdir. Həmçinin, DİN Baş Mühafizə İdarəsinin Xaçmaz Rayon Mühafizə Şöbəsi tərəfindən təqdim edilmiş məktubda iddiaçının birinci Qarabağ müharibəsində iştirakı barədə Xaçmaz Rayon Mühafizə Şöbəsində heç bir məlumat müəyyən edilmədiyi göstərilmişdir. Məhkəmə kollegiyası tərəfindən Xaçmaz Rayon Polis Şöbəsinin xx.xx.1992-ci il tarixli, 37 nömrəli əmrinin verilməsi ilə bağlı AR DİN Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə sorğu verilmişdir. Sorğuya cavaba əlavə edilən Xaçmaz Rayon Polis Şöbəsinin xx.xx.1992-ci il tarixli, 37 nömrəli əmrindən görünür ki, “Daxili İşlər Nazirliyinin əməkdaşlarının 27 mart 1992-ci il tarixindən 15 gün müddətinə Şuşa şəhərinə ezamiyyətə göndərilməsi əmri verilmişdir”. Lakin, həmin siyahıda İddiaçı Beykəz oğlunun adı qeyd olunmamışdır. Həmçinin, kollegiyanın sorğusuna əsasən təqdim edilmiş sənədlərdən görünür ki, İddiaçı Beykəz oğlunun arxiv şəxsi işinin xidmətkeçmə siyahısında döyüş əməliyyatlarında iştirak etməsi barədə qeydiyyat aparılmamışdır. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda iştirak etmiş şəxslərə müharibə veteranı adı və vəsiqəsinin verilməsi qaydası Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamə ilə müəyyən edilmişdir və Əsasnamənin tələbinə görə iddiaçıya müharibə veteranı adı və vəsiqəsi verilməsi üçün Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində və Əsasnamədə göstərilən konkret rayonlarda aparılan döyüş əməliyyatlarında iştirak etməsi şərtdir. Kollegiya qeyd edir ki, iddiaçı Əsasnamədə qeyd edilən sənədlərdən hər hansı birini təqdim edə bilməmiş, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçməsi, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmasına dair arxiv arayışları, əmrlərdən çıxarışlar mövcud olmamışdır. Beləliklə, işdəki sənədlərə görə iddiaçının döyüş əməliyyatlarında iştirak etməsi yuxarıda qeyd edilən Əsasnamədə sadalanan sübutlarla təsdiq olunmamışdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Sadalanan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
Nəticəvi hissə:
Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12, 33, 58 və 87-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 24 dekabr 2021-ci il tarixli, 2-1(118)-1232/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.