Məhkəmə qərarları › İş №2-1(105)-305/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-305/2021

01.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-305/2021 01.11.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Sədrlik edən və məruzəçi-hakim Zaur İkram oğlu Məmmədov, hakimlər İlqar Kamal oğlu Dəmirov və Fuad Əli oğlu Məmmədovdan ibarət tərkibdə, Gülsaba Xeyrulla qızı Ağayevanın katibliyi ilə, İddiaçı, İddiaçının nümayəndəsi və vəkili Vəkil2, Cavabdehin nümayəndəsi X8 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “Cavabdeh Başçısının 03 iyun 2020-ci il tarixli 42 nömrəli əmrinin ləğv edilməsi, iddiaçının əvvəllər tutduğu Cavabdeh Başçısının Talabıqışlaq kənd İƏD üzrə nümayəndəsi vəzifəsi üzrə işə bərpa edilməsi və işburaxma dövrü üçün itirilmiş əmək haqqının cavabdehdən tutularaq ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi barədə iddiası üzrə Sumqayıt İnzibati Məhkəməsinin 09 fevral 2021-ci il tarixli 2-1(118)-207/2021 saylı qərarından cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı Cavabdehnə qarşı iddia ərizəsilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, Cavabdeh Başçısının 03 iyun 2020-ci il tarixli 42 nömrəli əmrinin ləğv edilməsi, iddiaçının əvvəllər tutduğu Cavabdeh Başçısının Talabıqışlaq kənd İƏD üzrə nümayəndəsi vəzifəsi üzrə işə bərpa edilməsi və işburaxma dövrü üçün itirilmiş əmək haqqının cavabdehdən tutularaq ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh Başçısının 26 sentyabr 2019-cu il tarixli 66 nömrəli əmri ilə 26.09.2019-cu il tarixdən RİHB-nin Talabıqışlaq kənd İƏD üzrə nümayəndəsi vəzifəsinə təyin edilmiş, həmin tarixdən etibarən işlədiyi müddətdə öz vəzifəsinin öhdəsindən şərəflə gəlmiş, işə məsuliyyətlə yanaşaraq, heç bir pozuntuya yol verməmişdir. Buna baxmayaraq, Cavabdeh Başçısı ona qarşı qərəzli münasibət göstərərək onu əsassız və qanunsuz olaraq tutduğu vəzifədən azad etmişdir. Bu qərəzli münasibətə səbəb isə qardaşı Xanlar Heybətovun Cavabdeh Başçısının müavini vəzifəsindən azad edilməsi olmuşdur. RİH Başçısı bundan sonra onu da vəzifəsindən azad etmək qərarına gəlmişdir. Belə ki, 02 iyun 2020-ci il tarixdə Quba RİHB aparatının şöbə müdiri İlham Quliyev, Təmiz Quba MKTB-nin rəisi Vüqar Əhmədli, Talabıqışlaq İƏD üzrə nümayəndə İddiaçı və Talabıqışlaq bələdiyyəsinin sədri Mahir Məmmədov tərəfindən qanunsuz və İcra Hakimiyyəti Başçısının əsassız göstərişi ilə akt tərtib edilmişdir. Həmin aktda göstərilir ki, guya “Talabıqışlaq İƏD-i əhatə edən kəndlərdə “DOST” İş Mərkəzinin xətti ilə çalışan sosial işçilərin əmək intizamı yoxlanılarkən müəyyən olunmuşdur ki, işçilərdən iki nəfəri İcra Nümayəndəsinin bacısı və qardaşı, bir nəfər yeznəsi və bir nəfər əmisi oğludur. Bundan başqa, dörd nəfər işçi 2 ailəni təmsil edir. Bununla bağlı İƏD üzrə nümayəndəyə əvvəllər irad bildirilmişdir. Bunlar aşağıdakılardır: X23 (bacısı); X37 (yeznəsi); X15 (qardaşı); X9 (əmisi oğlu); X19 (ər); X29 (arvad); X20 (ər); X12 (arvad). X5 ümumiyyətlə işə çıxmır”. Halbuki, aktda göstərilənlərin heç biri həqiqəti əks etdirmir. Əvvəla, akt birtərəfli qaydada tərtib edilmişdir, buna görə də əsaslı hesab edilə bilməz. Bundan əlavə, aktda göstərilən şəxslər - bacı, qardaşı və digər şəxslər ondan daha öncə 6 ay əvvəl vəzifəyə təyin edilmişdirlər. Həmin şəxsləri o işə götürməmiş, onlar DOST X43 ilə Cavabdeh tərəfindən işə götürülüb. Bundan əlavə, onlar işlərini vicdanla yerinə yetiriblər və əmək haqlarını da özləri alıblar. Həmin aktda göstərilən işçilər onun işçiləri deyildirlər. Onların ona heç bir tabeçiliyi belə olmamışdır. Onlardan bəzisi onun qohumu olsa da, eyni kənddə yaşadığı üçün indidən bir neçə ay əvvəl işə götürülüblər. X36 özünün 1-ci qrup əlil övladı Ömərov Amətə xidmət, qulluq etdiyinə görə işə götürülüb. Digərləri də ondan əvvəl kənddə müxtəlif işə götürülüblər və işləyirlər. Onlara əmək haqqını da DOST İş Mərkəzi ödəyir. Aktda adı çəkilən Aslanov Qurban da yalnız 02.06.2020-ci ildə bir günlük uşağını Quba şəhər Xəstəxanasına müalicəyə apardığı üçün işdə olmamışdır, ümumiyyətlə, onlar onun işçiləri olmadığına görə onun onlara hər hansı göstəriş vermək səlahiyyəti olmayıb. Onlar onun tərəfindən işə qəbul edilməmiş və ya hər hansı güzəştlər tətbiq edilməmişdir, onların əmək haqqı kartlarını mənimsəməmişdir. Aktda və 03.06.2020-ci il tarixli əmrdə yazılanlar yalandır və şərdir. Bununla əlaqədar Quba Rayon Prokurorluğunda da araşdırma aparılmış, aktda adı çəkilən şəxslərin izahatları alınmış, tərəfindən hər hansı pozuntuya yol verilmədiyi aşkar olunmuşdur. Cavabdeh Başçısının 03 iyun 2020-ci il tarixli, 42 nömrəli əmri ilə "Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 25.2-ci maddəsinə uyğun olaraq Rayon İcra Hakimiyyəti Başçısının Talabıqışlaq kənd İƏD üzrə nümayəndəsi İddiaçı 03 iyun 2020-ci il tarixdən tutduğu vəzifədən azad edilməklə onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Əmrin əsaslandırma hissəsində göstərilmişdir ki, guya “Rayon İcra Hakimiyyəti Başçısının Talabıqışlaq kənd İƏD üzrə nümayəndəsi İddiaçı tərəfindən cənab Prezidentin göstərişi ilə aztəminatlı şəxslərin sosial vəziyyətinin yaxşılaşdırılması üçün təşkil edimiş iş yerləri ilə bağlı DOST İş Mərkəzinin xətti ilə Talabıqışlaq kənd İƏD üzrə nümayəndəliyin ərazisində çalışan şəxslərin bir qisminin əməkhaqqı kartlarının mənimsənilməsi faktları aşkar edilmişdir". Hesab edir ki, sözügedən əmr tamamilə əsassızdır və qanunsuzdur. Qeyd olunur ki, əmr ona təqdim olunarkən əmrə etirazının olduğunu imza atmaqla yazılı surətdə bildirmişdir. Cavabdeh tərəfindən “Dövlət qulluğu haqqında” 21 iyul 2000-ci il tarixli, 926-İQ-li AR Qanununun 25.3-ci maddəsinin tələbləri də pozulmuşdur. Belə ki, dövlət orqanı rəhbərinin əmri ilə araşdırma aparılmalı olduğu halda, iş materiallarında hər hansı əmr qəbul edilməmişdir. Ondan hər hansı izahat da alınmamışdır. Lakin göstərilən səlahiyyətdən yerli icra hakimiyyəti başçısı sui-istifadə etməməli, qanunvericiliyin tələblərini rəhbər tutmalı, heç bir əsas olmadan işçiləri tutduğu vəzifədən azad etməməlidir. Bütün bu tələblər cavabdeh tərəfindən pozulmuşdur, pandemiya şəraitində onu qanunsuz olaraq işdən azad etməklə ona külli miqdarda ziyan vurmuşdur. İddia tələbi əsaslıdır və təmin edilməlidir. Belə ki, Cavabdeh Başçısının 03 iyun 2020-ci il tarixli, 42 nömrəli əmri ləğv edilməli, İddiaçı əvvəllər tutduğu Cavabdeh Başçısının Talabıqışlaq kənd İƏD üzrə nümayəndəsi vəzifəsi üzrə işə bərpa edilməli və işburaxma dövrü üçün itirilmiş əmək haqqı cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsi məhkəmədən xahiş edilmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 09 fevral 2021-ci il tarixli 2-1(118)-207/2021 saylı qərarı ilə İddiaçı Cavabdehnə qarşı Cavabdeh Başçısının 03 iyun 2020-ci il tarixli 42 nömrəli əmrinin ləğv edilməsi, iddiaçının əvvəllər tutduğu Cavabdeh Başçısının Talabıqışlaq kənd İƏD üzrə nümayəndəsi vəzifəsi üzrə işə bərpa edilməsi və işburaxma dövrü üçün itirilmiş əmək haqqının cavabdehdən tutularaq iddiaçıya ödənilməsi öhdəliyinin Cavabdeh üzərinə qoyulması qərara alınmışdır. (hakim C.Məmmədov) Həmin qərardan cavabdeh apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv olunmasını və iddianın rədd olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayətinin dəlilləri: İddiaçı Quba RİH başçısının 26 sentyabr 2019-cu il tarixli, 66 nömrəli əmri ilə RİHB-nin Talabıqışlaq kənd İƏD üzrə nümayəndəsi vəzifəsinə təyin edilmiş və onunla əmək müqaviləsi bağlanmışdır. O, əmək fəaliyyətini dövlət qulluqçusu kimi Azərbaycan Respublikasının Konstitusiyasına, “Dövlət qulluğu haqqında” Qanuna, “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”yə və digər qanunlara uyğun həyata keçirməli olsa da və Rayon İcra Hakimiyyətinin başçısının göstərişlərinə əməl etmək vəzifəsi daşısa da, bu öhdəliklərinə və vəzifələrinə riayət etməyərək, hazırki həssas dövrdə qulluq vəzifəsindən sui- istifadə edərək özü və yaxın qohumları üçün imtiyazlar əldə etmişdir. Belə ki, o, öz şəxsi maraqları naminə yaxın qohumlarını (bacısı - X23, qardaşı - X15, yeznəsi - X37, əmisi oğlu - X9) müvafiq işlərlə təmin etsədə faktiki olaraq həmin şəxslər təhkim olunan işlərdə fəaliyyət göstərməmiş, bu işlərə isə həqiqətən ehtiyacı olan aztəminatlı ailələr bu prosesdən kənarda qalmışlar. Eyni zamanda, dörd nəfər (ər X19, arvad X29, ər X17 və arvad X13) işçinin iki ailəni təmsil etdikləri məlum olmuşdur. Adları qeyd olunan şəxslərinin əksəriyyətində isə əməkhaqqı kartlarının olmadığı aşkarlanmış, həmin kartların başqa şəxslərdə olduğu bildirilmişdir. Göstərilən iş yerləri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən həyata keçirilən uğurlu siyasətin mərkəzində insan amilinin dayanması, vətəndaşlarımızın sosial vəziyyətinin gündən-günə yaxşılaşması, ölkənin iqtisadi potensialının gücləndirilməsi və vətəndaşların sosial rifahının yüksəldilməsi məqsədilə ölkə başçısının sosial təşəbbüsü əsasında əhalinin məşğulluğunun təmin edilməsi üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin "xxxx" vasitəsilə həyata keçirilsə də, qeyd olunan işçilərin seçilməsi prosesi icra nümayəndələrinin səlahiyyətinə buraxılmışdır. Belə ki, ərazinin və orada yaşayan əhalinin sosial-iqtisadi kateqoriyası və vəziyyəti barədə icra nümayəndələri birbaşa məlumatlı şəxslərdir və bunanla əlaqədar icra başçısı tərəfindən onlara birbaşa göstəriş verilmişdir. Ona görə də, iddiaçının belə bir səlahiyyətinin olmaması barədə irəli sürdüyü fikir əsassızdır. Həmçinin İddiaçı 02 iyun 2020-ci il tarixində verdiyi izahatında özü etiraf etmişdir ki, "xxxx" vasitəsilə işə qəbul edilən işçilər arasında yaxın qohumları və üç ailənin iki üzvü təmsil olunur. Karantin rejimi bitdikdən sonra həmin işçilərin yerinə yenilərinin götürülməsi təmin ediləcəkdir. Göstərilən halları müəyyən edən aktı da İddiaçı öz imzası ilə təsdiq etmişdir. Qeyd olunanlara əsasən İddiaçı Quba RİH başçısının 03 iyun 2020-ci il tarixli, 42 nömrəli əmri ilə vəzifəsindən azad edilmiş və onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Aşkar edilmiş nöqsanların ciddiliyi nəzərə alınaraq İddiaçı qanunsuz əməlləri barədə müvafiq məlumatlar Azərbaycan Respublikası Prezidentinin “Dövlət və bələdiyyə əmlakının və vəsaitlərinin idarə olunması sahəsində korrupsiya ilə əlaqədar hüquqpozmalara qarşı mübarizənin gücləndirilməsi haqqında” 2009-cu il 22 iyun tarixli 103 nömrəli Fərmanının 1-ci bəndinin tələblərinə uyğun olaraq baxılması üçün rayon prokurorluğuna göndərilmişdir. “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununun 9.2.1-ci maddəsinə əsasən vəzifəli şəxsin xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar hər hansı hərəkətin edilməsi və ya belə hərəkətin edilməsindən imtina olunması müqabilində özü və yaxud üçüncü şəxslər üçün birbaşa və ya dolayı yolla maddi və sair nemətlər, imtiyazlar və ya güzəştlər tələb etməsi, əldə etməsi və ya belə maddi və sair nemətlərin, imtiyazların və ya güzəştlərin verilməsi ilə bağlı təklifi və ya vədi qəbul etməsi korrupsiya hüquqpozması hesab edilir. “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə"nin 5-ci bəndinə əsasən yerli icra hakimiyyəti başçısının tapşırıqlarını yerinə yetirmək inzibati ərazi dairələri üzrə və sahə inzibati ərazi dairələri üzrə yerli icra hakimiyyəti başçısı nümayəndələrinin vəzifəsidir. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununun 18-ci maddəsinə əsasən dövlət qulluqçusu rəhbərlərin öz səlahiyyəti hüdudunda verdikləri əmrləri, sərəncamları və göstərişləri yerinə yetirməlidirlər. Onlar başqa dövlət qulluqçularının işini çətinləşdirən, yaxud qulluq keçdiyi dövlət orqanının nüfuzunu aşağı sala biləcək hərəkətlərə yol verməməlidirlər. Göstərilənlərə əsasən hesab edirik ki, iddiaçının əmrin ləğv edilməsilə əlaqədar irəli sürdüyü sübutlar formal xarakter daşıyır və heç bir hüquqi əsası yoxdur. Rayon İcra Hakimiyyəti olaraq pandemiya dövründə əhalinin aztəminatlı, həssas təbəqəsinə dövlət tərəfindən ayrılmış yardımların təyinatı üzrə çatdırılması, açılmış iş yerlərinə həqiqətən ehtiyacı olan şəxslərin yerləşdirilməsi, əməkhaqqı kartlarının birbaşa əmək müqaviləsi bağlanmış şəxslərə verilməsi barədə icra nümayəndələri ilə aparılmış söhbətlərə, onlara verilmiş göstərişlərə böyük ölçüdə riayət edilsə də, bir neçə nümayəndəlikdə, habelə RİHB-nın Talabıqışlaq kənd İƏD üzrə nümayəndəliyində aşkar edilmiş yuxarıda qeyd olunan ciddi nöqsanlara dərhal reaksiya verilmiş və həmin mənfi halların ciddiliyi nəzərə alınaraq vəzifəli şəxs işindən azad edilmişdir. Qeyd olunanlara əsasən İddiaçı Cavabdehnə qarşı “işə bərpa və iş buraxma dövrü üçün itirilmiş əməkhaqqının cavabdehdən tutulması” tələbinə dair iddiasını əsassız hesab edirik və apelyasiya şikayətinin təmin edilməsini məhkəmə kollegiyasından xahiş edirik. Tərəflərin izahatları: Apelyasiya baxışı zamanı cavabdehin nümayəndəsi X16 apelyasiya şikayətinin məzmununa uyğun izahat verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və apelyasiya şikayətinin təmin edilməsini xahiş etdi və bildirdi ki, işlə bağlı Quba rayon Prokurorluğunda araşdırma gedir. Apelyasiya baxışı zamanı İddiaçı nümayəndəsi və vəkili Vəkil2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanmasını və apelyasiya şikayətinin rədd edilməsini xahiş etdi. Apelyasiya baxışı zamanı İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanmasını və apelyasiya şikayətinin rədd edilməsini xahiş etdi və bildirdi ki, apelyasiya şikayətinin dəlilləri əsassızdır, vəzifəsində heç zaman qeyd olunan nöqsanlara yol verməmişdir. ƏSASLANDİRMA HİSSƏ Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq, iddiaçını, onun vəkilini, cavabdehin nümayəndəsini dinləyərək, işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İş materiallarında olan: iddiaçıya məxsus əmək kitabçasından görünür ki, İddiaçı Cavabdeh Başçısının 26 sentyabr 2019-cu il tarixli 66 nömrəli əmri ilə 26.09.2019-cu il tarixdən RİHB-nin Talabıqışlaq kənd İƏD üzrə nümayəndəsi vəzifəsinə təyin edilmiş və 03.06.2020-ci il tarixdə “Dövlət qulluğu haqqında” Qanunun 25.2-ci maddəsinə əsasən tutduğu vəzifədən azad edilmişdir. Cavabdeh Başçısının 03.06.2020-ci il tarixli əmrindən görünür ki, Rayon İcra Hakimiyyətinin başçısının Talabıqışlaq kənd İƏD üzrə nümayəndəsi İddiaçı tərəfindən cənab Prezidentin göstərişi ilə aztəminatlı şəxslərin sosial vəziyyətinin yaxşılaşdırılması üçün təşkil edilmiş iş yerləri ilə bağlı “Dost” iş Mərkəzinin xətti ilə Talıbqışlaq kənd İƏD üzrə nümayəndəliyinin ərazisində çalışan şəxslərin bir qisminin əmək haqqı kartlarının mənimsənilməsi faktları aşkar edilmişdir. Qeyd edilənləri nəzərə alaraq “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə"nin 4.1.8-ci və “Dövlət qulluğu haqqında” Qanunun 25.2-ci maddələrinin tələblərini əsas tutaraq iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilmiş, əmrin qəbul qəbul edilməsinə əsas RİHB-nin Talabıqışlaq kənd İƏD üzrə nümayəndəsinin izahatı və aparılmış yoxlamaların nəticəsi barədə tərtib edilmiş akt olmuşdur. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etmiş və hesab etmişdir ki, İddiaçı işlədiyi müddət ərzində vəzifəsində yol verdiyi nöqsanlara görə intizam məsuliyyətinə cəlb edilməyib və vəzifəsinin icrası zamanı kobud səhvlərə yol verməyib. Bundan başqa, iddiaçının işdən azad olunmasına göstərilən əsas, yəni İddiaçı tərəfindən başqa şəxslərin əmək haqqı kartlarının mənimsənilməsi faktı da məhkəmədə öz təsdiqini tapmamışdır. Belə olduğu tədqirdə İddiaçı işdən azad olunması qanunsuz hesab edilməlidir. Məhkəmə həmçinin Quba rayon prokurorluğunda 89C-20 saylı material üzrə cinayət hadisəsinin olmaması səbəbindən cinayət işinin başlanmasının rədd edilməsi haqqında 16 iyun 2020ci il tarixli qərara istinad etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Əmrin verilməsinə əsas olmuş 02.06.2020-ci il tarixli aktda göstərilmişdir ki, Talıbqışlaq kənd İƏD-ni əhatə edən kəndlərdə “Dost” iş Mərkəzinin xətti ilə çalışan sosial işçilərin əmək intizamı yoxlanılarkən müəyyən olunmuşdur ki, işçilərdən iki nəfəri icra nümayəndəsinin bacısı və qardaşı, bir nəfər yeznəsi və bir nəfər bacısı oğludur. Bundan başqa, 4 nəfər işçi iki ailəni təmsil edir. Bununla bağlı nümayəndəyə əvvəllər irad bildirilmişdir. Əmrin verilməsinə əsas olmuş 02.06.2020-ci il tarixli izahatında iddiaçı bildirmişdir ki, DOST İŞ MƏRKƏZİnin sosial işçiləri arasında yaxın qohumları və üç ailənin iki üzvü olan işçilər var. Karantin rejimi bitdikdən sonra bu işçilərin yerinə yeni işçilərin götürülməsi təmin olunacaq. İş materiallarına əlavə edilmiş Əmək və X26 Nazirliyi Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi DOST İŞ MƏRKƏZİnin 28 dekabr 2020-ci il tarixli **********8 saylı məktubundan görünür ki, aktda adları qeyd olunan X23, X37 və X15 ilə DOST İŞ MƏRKƏZİ MMC arasında 21.06.2019-cu ildə, X9 ilə 27.05.2019-cu ildə əmək müqaviləsi bağlanmışdır. İddiaçı isə 26.09.2019-cu il tarixdən RİHB-nin Talabıqışlaq kənd İƏD üzrə nümayəndəsi vəzifəsinə təyin edilmişdir. Göründüyü kimi, iddiaçı X1 İƏD üzrə nümayəndəsi vəzifəsinə təyin edilənədək həmin işçilər işlə təmin olunmuşlar. “Dövlət qulluğu haqqında” Qanunun Dövlət qulluqçusunun məsuliyyətini müəyyən edən 25-ci maddəsinə əsasən: 25.1. Dövlət qulluqçusuna həvalə olunmuş vəzifələrin yerinə yetirilməməsi və ya lazımi şəkildə yerinə yetirilməməsi, habelə bu Qanunla müəyyən edilmiş məhdudiyyətlərə əməl olunmaması, qanunda başqa qayda nəzərdə tutulmayıbsa, intizam məsuliyyətinə səbəb olur. 25.2. Dövlət qulluqçusu bu Qanunun 18-ci, 20-ci və ya 25.11-ci maddələrində nəzərdə tutulmuş tələbləri pozduqda, onun barəsində aşağıdakı intizam tənbeh tədbirlərindən biri tətbiq edilə bilər: 25.2.6. dövlət qulluğundan azad edilməsi. 25.3. Bu Qanunun 25.2-ci maddəsinə uyğun olaraq intizam tənbehinin tətbiqinə əsaslar olduqda, müvafiq dövlət orqanı rəhbərinin əmri ilə araşdırma aparılır, dövlət qulluqçusundan yazılı izahat alınır. Zərurət olduqda, müvafiq dövlət orqanının rəhbəri xidməti yoxlama təyin edir. Dövlət qulluqçusunun yazılı izahat verməkdən imtina etməsi rəsmiləşdirilir və bu, intizam tənbehinin tətbiqinə mane olmur. Həmin Qanunun 25.6-cı maddəsinə əsasən bu Qanunun 25.2.6-cı maddəsində nəzərdə tutulmuş intizam tənbeh tədbiri vəzifələrin icrası zamanı kobud və ya mütəmadi olaraq pozuntulara yol verildikdə və ya bu Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş məhdudiyyətlərə əməl edilmədikdə tətbiq oluna bilər. Göründüyü kimi, 25.2.6-cı maddə yalnız Qanunun 25.6-cı maddəsində nəzərdə tutulan hallardan (vəzifələrin icrası zamanı kobud və ya mütəmadi olaraq pozuntulara yol verildikdə və ya bu Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş məhdudiyyətlərə əməl edilmədikdə) ən azı biri mövcud olduqda tətbiq oluna bilər. “Dövlət qulluğu haqqında” Qanun “kobud” pozuntunun nədən ibarət olduğunu açıqlamır. Bu səbəbdən, inzibati orqan pozuntunun “adi” deyil, məhz “kobud” pozuntu olduğunu əsaslandırmaq öhdəliyi daşıyır. Lakin məhkəmə araşdırması zamanı cavabdeh inzibati orqan iddiaçının işlədiyi müddət ərzində vəzifəsində yol verdiyi nöqsanlara görə intizam məsuliyyətinə cəlb edilməsi və vəzifəsinin icrası zamanı kobud səhvlərə yol verməsi ilə bağlı heç bir mötəbər sübut təqdim etməmişdir. Qanunun 25.9-cu maddəsinə əsasən dövlət qulluqçusu qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada inzibati və cinayət məsuliyyətinə cəlb oluna bilər. Həmin Qanunun 25.11-ci maddəsinə əsasən dövlət qulluqçusu “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun 5.1-ci maddəsində müəyyən edilmiş tələblərə əməl etmədikdə və ya həmin Qanunun 9-cu maddəsində göstərilən hüquqpozmaları törətdikdə (onlar inzibati və ya cinayət məsuliyyəti yaratmadıqda) intizam məsuliyyətinə cəlb olunur. Həmin Qanunun 34-cü maddəsinə əsasən bu Qanunda və ona uyğun qəbul edilmiş qanunvericilik aktlarında tənzimlənməyən dövlət qulluğu keçmə ilə bağlı digər məsələlər Azərbaycan Respublikasının əmək qanunvericiliyi ilə tənzimlənir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işçinin özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozması işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsi üçün əsas hesab edilir. Həmin Məcəllənin 72-ci maddəsinin “e” bəndinə əsasən əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. Həmin Məcəllənin 300.1-ci maddəsinə əsasən əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh inzibati orqan yalnız 02.06.2020-ci il tarixli akt və iddiaçının izahatı ilə kifayətlənməklə xidməti yoxlama təyin edilməsinə zərurət görməmiş, 03.06.2020-ci il tarixdə müvafiq əmrin qəbul olunduğu gün isə Quba rayon Prokurorluğuna müraciət edərək İddiaçı əməlləri barədə araşdırma aparılmasını xahiş etmişdir. İş materiallarından görünür ki, İddiaçı əməllərində cinayət əlamətlərinin olubolmamasını müəyyən etmək məqsədi ilə Cavabdeh Başçısı 03 iyun 2020-ci ildə 1445/1 saylı məktubla Quba rayon prokurorluğuna müraciət etmişdir. Quba rayon prokurorluğunda qeyd olunan məsələnin araşdırılması məqsədi ilə 89C-20 saylı material açılmış və Talıbqışlaq kənd İƏD-ni əhatə edən kəndlərdə “Dost” iş Mərkəzinin xətti ilə çalışan şəxslərin izahatları alınmışdır. Araşdırma nəticəsində həmin şəxslərin İddiaçı tərəfindən işlə təmin olunmaması, onların İddiaçı tutduğu vəzifəyə qədər həmin ərazidə “Dost” iş Mərkəzi tərəfindən işlə təmin olunması və əmək haqlarının özləri tərəfindən alınması müəyyən edilmişdir. Qeyd olunanlara əsasəsn 89C-20 saylı material üzrə cinayət hadisəsinin olmaması səbəbindən cinayət işinin başlanmasının rədd edilməsi haqqında 16 iyun 2020-ci ildə qərar qəbul edilmişdir. Bundan başqa, birinci instansiya məhkəməsində şahid X37 ifadə verərək bildirmişdir ki, o işə qəbul olandan sonra İddiaçı işə qəbul olmuşdur. Eyni zamanda əməkhaqqı kartı da özündə olub, heç bir şəxsə verməmişdir. Prosesdə iştrak edən digər şahidlər X15 və X17 da eyniməzmunlu ifadə verərək bildirmişlər ki, onların əməkhaqqı kartlarını heç bir şəxs almamış və "xxxx" vasitəsilə işə qəbul olunub, işləmişlər. Cavabdeh inzibati orqan iddiaya etirazında və apelyasiya şikayətində iddiaçı barəsində əmrin çıxarılmasına əsas kimi onun tərəfindən vəzifə səlahiyyətlərinin icrası zamanı qanunsuz əməllər törətməsinə istinad etmiş, iddiaçının “Dövlət qulluğu haqqında” qanunun tələblərini pozmasını qeyd etmişdir. Bununla bağlı, məhkəmə kollegiyası tərəfindən İddiaçı barəsində Quba Rayon Prokurorluğunda cinayət işinin olub-olmaması, olduğu təqdirdə hansı mərhələdə olması, cinayət işi ilə bağlı qəbul olunmuş qərarın Sumqayıt Apelyasiya Məhkəməsinə təqdim edilməsi ilə bağlı Quba Rayon Prokurorluğuna müraciət olunmuşdur. Quba Rayon Prokurorluğunun məhkəməyə ünvanlanmış 30.09.2021-ci il tarixli məktubundan görünür ki, Quba RİHB-nın Talıbqışlaq İƏD üzrə sabiq nümayəndəsi İddiaçı nümayəndəlik ərazisində yaşayan öz yaxın qohumlarını sosial işçi kimi işə cəlb etməsi ilə əlaqədar Quba RİH-nin müraciəti əsasında rayon prokurorluğunda 89c-20 nömrəli material üzrə araşdırma aparılaraq əməldə cinayət tərkibi olmadığından 31 iyul 2021-ci il tarixli qərarla cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Həmin qərarla müəyyən olunur ki, Cavabdeh rayon prokurorluğunun 16 iyun 2020ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından məhkəmə nəzarətini həyata keçirən Quba rayon məhkəməsinə şikayət vermiş, Quba rayon Məhkəməsinin 26 fevral 2021-ci il tarixli, 3(027)-03/2021 saylı qərarı ilə rayon prokurorluğunun 16 iyun 2020-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarı ləğv edilmişdir. Quba rayon Məhkəməsinin 26 fevral 2021-ci il tarixli, 3(027)-03/2021 saylı qərarında göstərilmişdir ki, rayon prokurorluğunun sabiq böyük müstəntiqi, İİ dərəcəli hüquqşünas Təqan Vəliyev Cavabdeh müraciətində göstərdiyi şəxslərin əməkhaqlarını həqiqətən özlərinin alıb-almamasını şəxslərin izahatlarını almaqla kifayətlənmiş, bankomatdan pul çıxaran şəxslərin görüntüləri götürülməmişdir. Quba RİHB-nın Talabıqışlaq İƏD üzrə sabiq nümayəndəsi İddiaçı Quba rayon Məhkəməsinin qərarından Sumqayıt Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apelyasiya şikayəti verərək Quba rayon Məhkəməsinin müvafiq qərarının ləğv edilməsini və cinayət işinin başlanmasının rədd edilməsi haqqında 16 iyun 2020-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası Quba rayon Məhkəməsinin 26 fevral 2021-ci il tarixli, 3(027)-03/2021 qərarının dəyişdirilmədən saxlanılması haqqında 11 mart 2021-ci il tarixli, 6(105)-9/2021 saylı qərar qəbul etmişdir. Toplanmış 89c-20 №-li material Quba rayon Məhkəməsinin 26 fevral 2021-ci il tarixli, 3(027)-03/2021 saylı qərarı və Sumqayıt Apellyasiya Məhkəməsinin 11 mart 2021 ci il tarixli, 6(105)-9/2021 saylı qərarı ilə birlikdə Quba rayon prokurorluğuna daxil olmuş və araşdırma davam etdirilmişdir. Qərarla müəyyən olunur ki, bankomatdan pul çıxaran şəxslərin görüntüləri ilə bağlı CD disklərə baxış keçirilmiş, X19, X17, X23, X15, X37, X10 və əməkhaqqı kartlarından pul vəsaitlərini çıxaran şəxsin görüntülərinə baxış keçirilmiş, həmin şəxslərin əməkhaqqı kartlarından əməkhaqlarını özlərinin çıxarması müəyyən edilmişdir. Qeyd olunan xüsusat 31 iyul 2021-ci il tarixli CD diskə baxış keçirilməsi haqqında protokol, CD diskdə olan müvafiq bank görüntüləri və alınmış izahatlarla öz təsdiqini tapmışdır. Qərarda son olaraq qeyd olunmuşdur ki, İddiaçı öz vəzifə səlahiyyətlərindən suiistifadə edərək öz şəxsi maraqları naminə yaxın qohumları olan bacısı X18, yeznəsi X30, qardaşı X11, əmisi oğlu X6 müvafiq işlərlə təmin etməsi faktı öz təsdiqini tapmır. Belə ki, həm alınmış izahatlarla, həm də Quba Rayon Məşğulluq Mərkəzinin 09 iyun 2020-ci il tarixli, ********** №-li məktubu və Cavabdeh başçısının 26 sentyabr 2019-cu il tarixli, 66 nömrəli əmri ilə müəyyən edilir ki, İddiaçı qohumları X23, X37, X15, X4 Heybətov icra nümayəndəsi təyin olunmamışdan qabaq müvafiq işlərlə təmin olunmuşlar. Həmçinin, müəyyən edilmişdir ki, "xxxx" MMC xətti ilə müvafiq işlərə təmin olunan şəxslərin işə götürülməsi Quba Rayon Məşğulluq Mərkəzi vasitəsilə "xxxx" MMC xətti ilə əmək müqaviləsi bağlamaqla həyata keçirilmiş, Quba RİHB- nın Talabıqışlaq İƏD üzrə sabiq nümayəndəsi İddiaçı hər hansı işə götürmə və ya işdən azadetmə kimi bir səlahiyyəti olmamışdır. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinə əsasən hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir. Ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz. Məhkəmənin hökmü olmasa, kimsə cinayətdə təqsirli sayıla bilməz. Beləliklə, məhkəmə kollegiyası cavabdeh inzibati orqanın apelyasiya şikayətində qeyd etdiyi dəlilləri əsassız hesab edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. Qeyd edilənləri və işin sadalanan xüsusatlarını nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin edərkən düzgün nəticəyə gəlmişdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, cavabdehin apelyasiya şikayəti təmin edilməməlidir. NƏTİCƏVİ HİSSƏ Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 69, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh apelyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 09 fevral 2021-ci il tarixli 2-1(118)-207/2021 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apelyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70, Sumqayıt Məhkəmə Kompleksi) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar