Məhkəmə qərarları › İş №2-1(105)-305/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-305/2023

20.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-305/2023 20.04.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X7 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına qarşı iş üzrə QƏRARİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Zahid Tahir oğlu, hakimlər Məmmədov Fuad Əli oğlu və X1 ibarət tərkibdə, X8 qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə 55 yaşdan yaşa görə əmək pensiyasının tətin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 12 dekabr 2022-ci il tarixli, 2-1(118)-2810/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı xx.xx.1967-ci il tarixdə anadan olmuşdur.

2. Sumqayıt Kimya Texnologiya Texnikumu tərəfindən verilmiş xx.xx.1990-cı il tarixli HT-№ 558120 seriyalı diplomun surətindən görünür ki, X3 1987- 1990-cı illərdə həmin texnikumun texnik texnoloq ixtisası üzrə tam kursu bitirmişdir.

3. İddiaçıya aid ИТ-№ ******* seiyalı əmək kitabçasından görünür ki, o, xx.xx.1983xx.xx.1987-ci illərdə sovxoz kompleks fermasında, xx.xx.1990-xx.xx.1995-ci illərdə “Azərkimya” İstehsalat Birliyinin keçmiş “Sintezkauçuk” zavodunun divinli istehsalı sexində, xx.xx.1996-cı ildən xx.xx.2010-cu illərdə Sumqayıt Sintezkauçuk zavodunda, xx.xx.2011-ci il tarixdən hazırkı tarixədək Sumqayıt Etilen Polietilen zavodunda işləyir.

4. “Etilen-Polietilen” zavodunun kadrlar şöbəsi tərəfindən verilmiş 107 və 108 saylı xx.xx.2022-ci il tarixli arayışlardan görünür ki, İddiaçı xx.xx.1990- xx.xx.1995-ci illərdə zavodun divinil sexində kimyəvi analiz laborantı, xx.xx.2011-ci ildən hazıra kimi həmin zavodda piroqazı və suyun hazırlanması sahəsində kondensasiya aparatçısı vəzifəsində işləyir. Göstərilən peşələr Nazirlər Kabinetinin 23 yanvar 2007-cü il tarixli 12 saylı Qərarı ilə təsdiq edilmiş XVİİ bölməsinin 8.1.1 bəndinin 2110A030-1754 V şifrində və Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarının Vİİİ bölməsinin 8.3.3-cü bəndində və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş siyahının X bölməsinin 3-cü bəndinin 2110A030-175446 sifrinə əsasən 2 saylı istehsalatında göstərilmiş güzəştli şərtlərlə pensiya təyin etmək hüququ verir.

5. İddiaçının 55 yaşı xx.xx.2022-ci il tarixdə tamam olmuş və o, xx.xx.2022-ci il tarixli məktubla cavabdehə müraciət edərək ona güzəştli şərtlərlə pensiya təyin edilməsini xahiş etmişdir.

6. Cavabdeh xx.xx.2022-ci il tarixli, **********1 saylı məktubla iddiaçının müraciətinin təmin edilməsindən imtina etmişdir. İmtinada "Əmək pensiyaları haqqında" qanunun 9.1 və 7-ci maddəsinə istinad edilərək iddiaçıya bildirilmişdir ki, qadınlara münasibətdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan yaş həddinə (hazırda 58 yaş) çatdıqdan sonra güzəştli şərtlərlə yaşa görə əmək əmək pensiyası təyin olunması məsələsinə baxılacaqdır. İmtinada göstərilir ki, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir.

Birinci instansiya məhkəməsində icraat

7. İddiaçı iddia ərisəzi ilə məhkəməyə müraciət edərək, daha sonra isə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, güzəştli şərtlərlə 55 yaşdan yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

8. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1967-ci ildə anadan olmuş, 5 iyun 1990-ci ildən 28 fevral 1995-ci ilə kimi tam iş günü “Azərkimya" İstehsalat Birliyinin keçmiş "Sintezkauçuk” zavodunun divinil istehsalı sexində kimyəvi analiz laborantı vəzifəsində işləmişdir. Həmçinin 24 oktyabr 2011-ci ildən hal-hazıra kimi tam iş günü "Azərkimya" İstehsalat Birliyinin "Etilen-Polietilen" zavodunun piroqazın və suyun hazırlanması sahəsində kondensasiya aparatçısı vəzifəsində işləyir. İddiaçı pensiyaya çıxmaq üçün Dövlət Sosial Müdafiə Fonduna müraciət etmiş, lakin ona imtina cavabı verilmişdir.

Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri

9. Cavabdeh iddia tələbinə qarşı etirazında xx.xx.2022-ci il tarixli cavab məktubunun məzmununa istinad etməklə göstərir ki, iddiaçı qadınlara münasibətdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan yaş həddinə (hazırda 58 yaş) çatdıqdan sonra güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunması məsələsinə baxıla bilər. İddiaçının yaşı müraciət etdiyi tarixdə 55 il 06 ay olmuşdur, lakin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ qanunvericiliklə müəyyən edilmiş digər şərtlər ödənildiyi halda 58 yaşda yarandığından, hazırkı iş üzrə hüququn pozulması faktı mövcud olmamışdır.

Birinci instansiya məhkəməsinin gəldiyi nəticə

10. Sumqayıt İnzibati Məhkəməsinin 12 dekabr 2022-ci il tarixli, 2-1(118)-2810/2022 nömrəli qərarı ilə iddianın təmin edilməsi, İddiaçı 55 yaşının tamam olduğu xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması qərara alınmışdır.

11. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Qanuna xx.xx.2022-ci il tarixdə edilmiş dəyişiklik iddiaçının vəziyyətini ağırlaşdırdığından onun barəsində tətbiq olunmamalı və ona hüququ yarandığı gündən, yəni 55 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməlidir.

12. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinin dəlilləri

13. Apellyasiya şikayəti iddia ərizəsinə etirazla eyni məzmunda əsaslandırılmışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

14. Cavabdehinin nümayəndəsi apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək onun təmin edilməsini xahiş etdi.

15. İddiaçı apellyasiya şikayətinə etiraz edərək şikayətin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

Tətbiq edilən hüquq

16. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 38.1 Hər kəsin sosial təminat hüququ vardır. Maddə 38.3 Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Maddə 149. Normativ hüquqi aktlar İ. Normativ hüquqi aktlar hüquqa və haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanmalıdır. ...Vİİ. Fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir.

17. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1.0.1. əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Maddə 7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd: bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Maddə 9.1 (İddiaçının 55 yaşının tamam olduğu xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək qüvvədə olan redaksiyada) Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: ... qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. 13 may 2022-ci il tarixli 530-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişiklikdən sonra (xx.xx.2022-ci il tarixdə qüvvəyə minmişdir) yeni redaksiyada: 9.1. Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 32. Əmək pensiyasının təyin edilməsi müddətləri 32.1.Yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir 32.1-1. Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir.

18. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"

19. İnzibati Prosessual Məcəllə: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

20. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi

21. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

22. İşdən görünür ki, iddiaçı xx.xx.1990-cı ildən xx.xx.1995-ci ilədək “Azərkimya” İB-nin keçmiş “Sintezkauçuk” zavodunun divinil istehsalı sexində kimyəvi analiz laborantı, xx.xx.2011-ci ildən hal-kazıra kimi “Azərkimya” İB-nin “Etilen-Polietilen” zavodunun piroqazın və suyun hazırlanması sahəsində kondensasiya aparatçısı vəzifəsində işlədiyi dövrlərin sosial sığorta stajı kimi nəzərə alınaraq ona hüququnun yarandığı tarixdən, yəni 55 yaşından güzəştli şərtlərlə pensiya təyin edilməsini istəyir.

23. Kollegiya qeyd edir ki, “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinin xx.xx.2022-ci il tarixədək qüvvədə olan redaksiyasına və Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12№-li Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”na əsasən iddiaçıya 55 yaşdan güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün eyni zamanda 4 əsas mövcud olmalıdır: a) iddiaçının 55 yaşına çatması; b) iddiaçının azı 20 il ümumi iş stajının mövcud olması; c) iddiaçının azı 10 il güzəştli iş stajının mövcud olması; d) fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının minimum pensiyaya imkan verməsi.

24. İş materiallarından, cavabdehin imtina məktubundan, iddia ərizəsinə etirazdan və apellyasiya şikayətindən görünür ki, cavabdeh yuxarıda qeyd edilən əsaslardan iddiaçının ümumi və güzəştli iş stajını, habelə onun pensiya kapitalını mübahisələndirməmiş, yəni qeyd edilən şərtlərdən birinini ödənilməməsi əsası ilə iddiaçıya pensiya təyin edilməsini istisna edən halların mövcudluğuna istinad etməmişdir. Apellyasiya baxışı zamanı verilmiş suala cavab olaraq da cavabdehin nümayəndəsi qeyd edilən hallarla bağlı hər-hansı əsasın mövcud olmadığını bildirmiş və bununla bağlı sübut təqdim etməmişdir.

25. Belə olan halda kollegiya qeyd edir ki, hazırkı işdə cavabdehin imtinasının yeganə əsası olan iddiaçının yaşı ilə bağlı tələb – yəni onun 58 yaşına çatmalı olması “Əmək pensiyaları haqqında” qanuna 13 may 2022-ci il tarixli 530-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişiklikldən irəli gəlir ki, qeyd edilən hal da elə həmin qanunun 32.1-1-ci maddəsinə əsasən əsassız hesab olunmalıdır. Belə ki, əmək pensiyaları onu almaq hüququ yarandığı gündən müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə təyin edilir.

26. Kollegiya cavabdehin hazırkı və oxşar işlər üzrə əmək pensiyası hüququ olan şəxslərin hüquqlarının təmin olunmasına formal yanaşması və “İnzibati icraat haqqında” qanunun tələblərini pozmaqla qanunvericiliyin tələblərini pensiya təminatını həyata keçirməli olan inzibati orqanın mənafeyinə uyğun olaraq görməzdən gəlməsi və yalnış tətbiq edilməsi ilə bağlı praktikasının vətəndaşların konstitusion pensiya hüququnun məhdudlaşdırılması ilə nəticələndiyindən yolverilməz olduğunu qeyd edir.

27. Ali Məhkəmənin oxşar işlər üzrə qərarlarında əks olunmuş hüquqi mövqeyə istinadən kollegiya qeyd edir ki, şəxsə pensiya təyin edilməsi üçün yaş həddinin müəyyən edilməsinə münasibətdə qanunvericiliyin normaları dəyişkən ola bilər. Belə dəyişkənliyin şəxsin hüquqlarını pozmamasını təmin etmək üçün “qazanılmış hüquq” konsepsiyası tətbiq edilməlidir. Qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya məhdudlaşdırıla bilməz. Bu qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz.

28. Birinci instansiya məhkəməsi haqlı olaraq Konstitusiyanın 149-cu maddəsinin 7-ci hissəsinə istinad etməklə bu nəticəyə gəlmişdir ki, iddiaçının 55 yaşnın tamam olduğu xx.xx.2022-ci il tarixdə qadınlara güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan minimum yaş həddi 55 yaş olduğundan cavabdehin “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinin iddiaçının 55 yaşının tamam olduğu zamana deyil, onun pensiya təyini üçün müraciət etdiyi zamana qüvvədə olan redaksiyasına istinad etməklə iddiaçının pensiya hüququnun təmin olunmasında imtina etməsi, qanunsuz və əsassız olmuşdur.

29. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

30. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 12 dekabr 2022-ci il tarixli, 2-1(118)-2810/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar