Məhkəmə qərarları › İş №2-1(105)-305/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-305/2024

26.07.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-305/2024 26.07.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayeva Hökümə Çingiz qızı (sədrlik edən və məruzəçi-hakim), Quliyev İsmayıl Rza oğlu və X1 ibarət tərkibdə, X8 qızının katibliyi, İddiaçının nümayəndəsi (vəkili) Vəkil, Cavabdehin nümayəndəsi X4, Üçüncü şəxs X3 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və çıxarışın verilməsi” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 11 dekabr 2023-cü il tarixli, 2- 1(118)-3214/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ: Abşeron Rayon İcra Hakimiyyəti başçısının Masazır kəndi üzrə nümayəndəliyinin 06 avqust 1996-cı il tarixli, 28 nömrəli sərəncamına əsasən Masazır kənd nümayəndəliyi Xırdalan südçülük-tərəvəzçilik sovxozunun direktorunun 26 aprel 1995-ci il tarixli, 84 nömrəli məktubu nəzərə alınaraq İddiaçı layihə üzrə 0,10 ha torpaq sahəsi ayrılması qərara alınmışdır. Abşeron RİHB-nin Masazır kəndi üzrə nümayəndəliyinin 06 avqust 1996-cı il tarixli, 28 nömrəli sərəncamına əsasən İddiaçı ayrılmış 671 kv.m. torpaq sahəsinə dair onun adına Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon şöbəsi tərəfindən A seriyalı, 126183 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədi tərtib edilmişdir. Sözügedən 671 kv.m. torpaq sahəsinə dair Masazır bələdiyyəsi tərəfindən “Yerquruluşu planından çıxarış” da tərtib edilmişdir. İddiaçı ərizə ilə 28 fevral 2023-cü il tarixində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə müraciət edərək Abşeron rayonu, Masazır kəndində yerləşən 0,0671 ha torpaq sahəsi üzərində onun mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmişdir. Həmin orqan xx.xx.2023-cü il tarixli, 3-21-3-32/2-S-0023-8/2023 nömrəli məktubu ilə iddiaçının müraciətinin icrasından imtina etmişdir. İmtina onunla əsaslandırılmışdır ki, Abşeron Rayon İcra Hakimiyyəti başçısının Masazır kəndi üzrə nümayəndəsinin 06 avqust 1996-cı il tarixli, 28 nömrəli sərəncamı ilə ayrılmış torpaq sahəsinin ilkin baş planı və ya təsdiq edilmiş ayrıc aktının təqdim olunmuş sənədlər toplusuna əlavə edilmədiyi aşkar edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli, 439 nömrəli Fərmanına 7 aprel 2022-ci il tarixdə, 1655 nömrəli Fərmanla edilmiş dəyişikliyə əsasən yerli icra hakimiyyəti başçısının qərarı əsasında onun yerli nümayəndələri tərəfindən yaşayış evinin tikintisi məqsədilə torpaq sahəsinin ayrılması barədə 2001-ci il yanvarın 1dək verilmiş qərarlar daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas hesab olunur. 1655 nömrəli Fərmanın 3-cü bəndinə uyğun olaraq yerli icra hakimiyyəti orqanları tərəfindən müəyyən edilmiş müddət ərzində fərmanın icrası ilə əlaqədar zəruri məlumatlar İqtisadiyyat Nazirliyinə təqdim edildikdən sonra müraciətə qanunamüvafiq qaydada baxılacaqdır. Bundan başqa, sözügedən torpaq sahəsinin bir hissəsinin (sənəd üzrə) başqa şəxsin istifadəsində olduğu, bir hissəsinin isə yüksək gərginlikli elektrik xəttinin (6 KVT) mühafizə zolağında yerləşdiyi müəyyən olunmuşdur. Bu baxımdan, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən müraciətin icrası mümkün olmamışdır. Verilən imtina cavabı ilə razılaşmayan İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək Abşeron Rayon İcra Hakimiyyəti başçısının Masazır kəndi üzrə nümayəndəliyinin 06 avqust 1996-cı il tarixli, 28 nömrəli sərəncamı ilə ona ayrılmış Xırdalan südçülük-tərəvəzçilik sovxozu ərazisində yerləşən 0,10 ha torpaq sahəsinin 0,0671 ha hisssəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, bu barədə çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ: a) Birinci instansiya məhkəməsindəki icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, Abşeron Rayon İcra Hakimiyyəti başçısının Masazır kəndi üzrə nümayəndəliyinin 06 avqust 1996-cı il tarixli, 28 nömrəli sərəncamına əsasən iddiaçıya ayrılmış 0,10 ha torpaq sahəsi həmin vaxtdan onun sahiblik və istifadəsindədir. Hazırda həmin torpaq sahəsinin 0,0671 ha hisssəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması zəruridir. Bununla bağlı ərizə ilə cavabdeh orqana müraciət etsə də, müraciətin icrasından imtina edilmişdir. Hesab edir ki, cavabdehin imtinası qanunsuzdur. Cavabdeh iddia ərizəsinə yazılı etiraz edərək etirazı imtina məktubu ilə eyni məzmunda əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin 11 dekabr 2023-cü il tarixli, 2-1(118)-3214/2023 nömrəli qərarı ilə iddia təmin edilmiş, Abşeron Rayon İcra Hakimiyyəti Başçısının Abşeron rayonu Masazır kəndi üzrə nümayəndəliyinin 06 avqust 1996-cı il tarixli, 28 nömrəli sərəncamına əsasən Xırdalan südçülük-tərəvəzçilik sovxozu ərazisində iddiaçıya ayrılmış 0,10 ha torpaq sahəsinin 0,0671 ha hissəsi üzərində onun mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq mülkiyyət hüququna dair çıxarışın verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur (hakim C.Məmmədov). Məhkəmə qərarını onunla əsaslandırmışdır ki, torpaq sahəsinin ilkin baş planının və ya təsdiq edilmiş ayrıc aktının tərtibi cavabdehin özü tərəfindən edilə bildiyi tədqirdə, onun tərəfindən imtina üçün əsas gətirilir. Sözügedən torpaq sahəsinin bir hissəsinin bir hissəsinin (sənəd üzrə) başqa şəxsin istifadəsində olduğuna münasibətdə məhkəmə bildirir ki, torpaq sahəsinin bir hissəsinin başqa şəxsin qanunsuz istifadəsində olması iddiaçının sənəd üzrə torpaq sahəsinin üzərində mülkiyyət hüququnun qeydə alınmasına maneə ola bilməz. Cavabdehin sonuncu dəlili, yəni sözügedən torpaq sahəsinin bir hissəsinin yüksək gərginlikli elektrik xəttinin (6 KVT) mühafizə zolağında yerləşməsinə münasibətdə məhkəmə bildirir ki, elektrik şəbəkələrinin mühafizə zonalarına daxil olan torpaq sahələrinin istifadə qaydalarında məhdudiyyətlər nəzərdə tutulsa da, onların xüsusi mülkiyyətdə olmasına heç bir qadağa yoxdur. Əksinə, həmin torpaq sahələri torpaq mülkiyyətçisinin və ya istifadəçisinin istifadəsində qalır və onlar tərəfindən həmin qaydaların tələblərinə riayət edilməklə istifadə oluna bilər. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini imtina məktubu və iddia ərizəsinə etirazla eyni məzmunda əsaslandırmış və əlavə olaraq bildirmişdir ki, sözügedən torpaq sahəsinin bir hissəsinin başqa şəxsin istifadəsində olduğu - faktiki olaraq iddiaçının istifadəsində 0,0571 ha torpaq sahəsi olduğu, 0,0671 ha torpaq sahəsinin 0,01 ha hissəsinin başqa şəxsin istifadəsində olduğu halına birinci instansiya məhkəməsi tərəfindən lazımi münasibət bildirilməmiş, müvafiq araşdırma aparılmamış, 0,01 ha torpaq sahəsindən istifadə edən vətəndaşın şəxsiyyəti müəyyən edilməmiş və iş üzrə icraata cəlb edilməmiş, bu 0,01 ha torpaq sahəsinə dair başqa hər hansı hüquqmüəyyənedici sənədin olub-olmaması araşdırılmamışdır. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası xx.xx.2024-cü il tarixli, 2- 1(105)-305/2024 nömrəli qərardadı ilə X6 zəruri cəlb etmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək iddia ərizəsi ilə eyni məzmunda izahat verərək izahatında əlavə olaraq bildirmişdir ki, hazırda iddia etdikləri torpaq sahəsinin 0,01 ha hissəsi üçüncü şəxs tərəfindən zəbt edilmişdir. Bununla bağlı, tərəflərindən zəbt olunan həmin torpaq sahəsindən üçüncü şəxsin çıxarılmasına dair Abşeron Rayon Məhkəməsində mülki qaydada iddia qaldırılmışdır. İddiaçının nümayəndəsi (vəkili) şikayətin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs iddia tələbinə etiraz edərək izahatında bildirmişdir ki, iddiaçının istifadə etdiyi torpaq sahəsinin 1 sotu onun istifadəsindədir. Belə ki, onun torpaq sahəsinin ölçüsü əslində 10 sot olmuşdur, amma texniki pasport alanda torpaq sahəsinin ölçüsünü 6 sot yazıblar, İddiaçı isə hazırda ona ayrılan 10 sot torpaq sahəsinin 4 sotuna iddia edir. İddiaçının iddia etdiyi 1 sot torpaq sahəsi onun hasarı daxilindədir, əvvəldən belə olmuşdur. TƏTBİQ EDİLƏN HÜQUQ Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. (-) “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli, 439 nömrəli Fərmanı: Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-1.1.8-ci maddəsinə uyğun olaraq qərara alıram: (-)

2. Müəyyən edilsin ki, bu Fərmanın 1-ci hissəsi ilə təsdiq olunan Siyahıda nəzərdə tutulmuş sənədlər müvafiq əmlaka hüququn əmələ gəldiyi anda həmin əmlak magistral boru kəmərlərinin, yüksək gərginlikli elektrik şəbəkələrinin, nəqliyyat infrastrukturu obyektlərinin və suların mühafizə zonalarında, neft və qaz yataqlarının işlənməsi üçün təsərrüfat subyektlərinin istifadəsində olan torpaq sahələrində yerləşmədiyi hallarda daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsas hesab edilir.

AR Prezidentinin 2015-ci il 13 yanvar tarixli, 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin” Siyahısı: (-)

2. Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə, habelə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək olan dövrdə qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar və digər təşkilatlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair aşağıdakı sənədlər 2.7. yerli icra hakimiyyəti başçısının qərarı əsasında yaşayış evinin tikintisi məqsədilə torpaq sahələrinin ayrılması barədə, yaxud müvafiq torpaq sahəsinin yerli icra hakimiyyəti başçısının qərarında nəzərdə tutulan şəxslər arasında bölüşdürülməsi barədə aidiyyəti inzibati ərazi dairəsi üzrə nümayəndə tərəfindən 2001-ci il yanvarın 1dək verilmiş qərar

“İnzibati icraat haqqında” Qanun: Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 19.1 İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 64.2 İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 10 iyun tarixli, 103 nömrəli Qərarı ilə təsdiq edilmiş “Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi Qaydaları”: 6-cı bənd. Elektrik şəbəkələrinin mühafizə zonalarına daxil olan torpaq sahələri torpaq mülkiyyətçisinin və yaxud istifadəçisinin istifadəsində qalır və onlar tərəfindən bu Qaydaların tələblərinə riayət edilməklə, kənd təsərrüfatı və digər işlərin aparılması məqsədi ilə istifadə oluna bilər. 12-ci bənd. Elektrik şəbəkələrinin mühafizə zonalarında həmin şəbəkələrin istismarçılarının və yaxud mülkiyyətçilərinin rəsmi razılığı olmadan aşağıda göstərilən işlərin yerinə yetirilməsi qadağandır: a) binaların və qurğuların tikintisi, quraşdırılması, təmiri, yenidən qurulması və sökülməsi; b) hər növ dağ-mədən işləri, yükləmə-boşaltma (dənizdə, çayda, göldə və s.), dibdərinlətmə, torpaqqazma, partladılma, meliorasiya işlərinin görülməsi, ağac və kol əkilməsi, qırılması, budanması, çöl düşərgələrinin qurulması, mal-qaranın yerləşdirilməsi, çəpər çəkilməsi, üzümlük və bağlar üçün dayaqların quraşdırılması, kənd təsərrüfatı bitkilərinin suvarılması; c) sualtı kabel elektrik ötürücü xətlərinin mühafizə zonalarında sudibi ov alətləri ilə balıq və digər su heyvanlarının ovlanması, bitkilərin yığılması və məhv edilməsi, heyvanların suvarılması üçün suvatlar qurulması; ç) hava elektrik ötürücü xətlərinin mühafizə zonalarında ümumi hündürlüyü yol səthindən 4,5 m-dən artıq olan maşın və mexanizmlərin keçməsi; d) yeraltı kabel elektrik ötürücü xətlərinin mühafizə zonalarında 0,3 m-dən artıq, şumlanan torpaqlarda isə 0,45 m-dən artıq dərinlikdə torpaq işlərinin aparılması və planlaşdırılması.

Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.

APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyərək, iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırkı mübahisənin predmetini cavabdehin Abşeron rayonu, Masazır kəndində yerləşən 0,0671 ha torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun dövlət qeydiyyatının aparılmasından imtinası təşkil edir. İddiaçının hüquqi marağı həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasına nail olmaqdan ibarətdir. Birinci instansiya məhkəməsi qərarında ilkin baş planının və ya təsdiq edilmiş ayrıc aktının təqdim edilməməsinin, torpaq sahəsinin bir hissəsinin yüksək gərginlikli elektrik xəttinin mühafizə zolağında yerləşməsinin, eləcə də sahənin 0,01 ha hissəsinin üçüncü şəxsin istifadəsində olmasının torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun qeydə alınmasına maneə təşkil etmədiyini qeyd etmiş, bununla da cavabdehin imtinasını əsassız sayaraq iddianı təmin etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, apllyasiya şikayətində irəli sürülən dəlillər üzrə mahiyyətcə iddiaya qarşı etirazın dəlillərini təkrarlamaqla onlarla eynilik təşkil edir. Birinci instansiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də şikayətin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Bununla yanaşı, apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri sayır. Şikayətin dəlilləri üç hissədən ibarətdir: 1) Abşeron Rayon İcra Hakimiyyəti başçısının Masazır kəndi üzrə nümayəndəsinin 06 avqust 1996-cı il tarixli, 28 nömrəli sərəncamı ilə ayrılmış torpaq sahəsinin ilkin baş planı və ya təsdiq edilmiş ayrıc aktının olmaması; 2) Torpaq sahəsinin bir hissəsinin yüksək gərginlikli elektrik xəttinin (6 KVT) mühafizə zolağında yerləşməsi; 3) Torpaq sahəsinin bir hissəsinin (sənəd üzrə) başqa şəxsin istifadəsində olması. Məhkəmə kollegiyası cavabdehin birinci dəlilinə münasibətdə qeyd edir ki, işdən görünür ki, mübahisəli 0,0671 ha torpaq sahəsinə dair Masazır bələdiyyəsi tərəfindən 1:10000 miqyasında “Yerquruluşu planından çıxarış” tərtib edilmiş, həmçinin, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon şöbəsi tərəfindən A seriyalı, 126183 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədi tərtib edilmiş və həmin sənəddə torpaq sahəsinin yerləşmə yeri və döngə nöqtələrinin koordinatları dəqiq göstərilmişdir. Həmçinin, cavabdeh inzibati orqan tərəfindən tərtib edilmiş “Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən 31 may 2022-ci il tarixli müayinə (baxış) aktından görünür ki, torpaq sahəsi cavabdeh tərəfindən yerində müayinə edilmiş və müayinə nəticəsində torpaq sahəsinin hüquqmüəyyənedici sənəd üzrə 0,0671 ha, faktiki isə 0,0571 ha olduğu, torpaq sahəsində yaşayış evinin olduğu müəyyən edilmişdir. Məhkəmə kollegiyası xüsusilə vurğulayır ki, inzibati orqanlar tərəfindən qanunla onların üzərinə qoyulmuş prosedur qaydalarına riayət edilməməsi və ya hər hansı inzibati icraat çərçivəsində sənədləşmə işinin qanunvericiliklə müəyyən edilmiş qaydada aparılmaması, maraqlı şəxslərin hüquqlarının pozulmasına, onlara münasibətdə etimad hüququnun məhdudlaşdırılmasına səbəb olmamalıdır. Məhkəmə kollegiyası cavabdehin 2-ci dəlilinə münasibətdə qeyd edir ki, "xxxx" ASC tərəfindən iddiaçıya ünvanlanmış məktubdan görünür ki, mübahisəli torpaq sahəsinin ərazisində mövcud tikintinin 6 (altı) metr məsafəsindən Abşeron RETSİ-nin balansında olan 10kV-luq KTM 72 hava xətti keçsə də, həmin yaşayış evi üzərində hüququnun qeydiyyata alınmasına etiraz edilməmişdir. “Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi Qaydaları” nın yuxarıda sadalanan normalarının tələblərinə görə, torpaq sahəsi elektrik şəbəkələrinin mühafizə zonalarına düşdüyü hallarda, həmin sahədən istifadə ilə bağlı məhdudiyyətlər nəzərdə tutulsa da, həmin sahə üzərində hüququn qeydiyyata alınmasına heç bir qadağa müəyyən edilməmişdir. Digər tərəfdən, belə məhdudiyyətlər binaların və qurğuların tikintisi, əkin işlərinin aparılması və s. fəaliyyətlərin həyata keçirilməsi zamanı mühafizə zonalarında yerləşən şəbəkələrin istismarçılarının rəsmi razılığı ilə şərtləndirilmişdir. Hazırki halda da, mübahisəli torpaq sahəsinin mühafizə zonasında yerləşdiyi elektrin xəttinin istismarçısı olan "xxxx" ASC yuxarıda qeyd olunan məktubu ilə daşınmaz əmlak üzərində iddiaçının mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasına rəsmi razılığını bildirmişdir. Torpaq sahəsinin bir hissəsinin başqa şəxsin istifadəsində olmasına dair cavabdehin sonuncu dəlilinə münasibətdə kollegiya qeyd edir ki, “Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən 31 may 2022-ci il tarixli müayinə (baxış) aktı” ndan görünür ki, mübahisəli torpaq sahəsinin ölçüsü hüquqmüəyyənedici sənəd üzrə 0,0671 ha olsa da, faktiki 0,0571 ha-dır, eyni zamanda torpaq sahəsinin 0,01 ha hissəsi həqiqətən də, qonşu torpaq sahəsinin daş hasarı daxilində yerləşir. İşdən görünür ki, hazırkı iş üzrə iddiaçı cavabdeh (hazırkı işdə üçüncü şəxs) X5 qarşı Abşeron Rayon Məhkəməsində Abşeron RİHB-nin Masazır kəndi üzrə nümayəndəliyinin 06 avqust 1996-cı il tarixli, 28 nömrəli sərəncamı ilə ona ayrılmış 0,10 ha torpaq sahəsinin üçüncü şəxs tərəfindən istifadə edilən 0,00907 ha hissəsindən onun çıxarılması tələbinə dair iddia qaldırmışdır. Həmin iş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş məhkəmə tikinti-texniki ekspertizasının 20 dekabr 2023-cü il tarixli rəyində iddiaçının adına tərtib edilmiş “Torpaq sahəsinin planı və ölçüsü” sənədində göstərilən 671 kv.m. torpaq sahəsinin A.İ.Abdullayevin faktiki istifadəsində olan torpaq sahəsinin 0,0101 ha hissəsi ilə üst-üstə düşdüyü qeyd edilmişdir. Ekspert rəyinə əlavə edilən 21 sentyabr 2023-cü il tarixli orto-foto xəritədən çıxarışda isə iddiaçı tərəfindən tanıdılan torpaq sahəsinin ölçüsünün 0,0384 hektar olduğu qeyd edilmişdir. İddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin ölçüsü ilə bağlı 31 may 2022-ci il tarixli müayinə aktı (0,0571 ha) ilə orto-foto xəritədən çıxarışda (0,0384 ha) qeyd edilən məlumatlar arasında ziddiyyət olduğundan, kollegiyanın sorğusuna əsasən, mübahisəli torpaq sahəsi cavabdeh tərəfindən təkrarən yerində müayinə edilmiş və 13 may 2024-cü il tarixli müayinə (baxış) aktına əsasən, torpaq sahəsinin hüquqmüəyyənedici sənəd üzrə 0,0671 ha, faktiki isə 0,0571 ha olduğu, torpaq sahəsinin 0,01 ha hissəsinin üçüncü şəxsin istifadəsində olduğu müəyyən edilmişdir. Kollegiya hesab edir ki, torpaq sahəsinin bir hissəsinin faktiki olaraq üçüncü şəxs tərəfindən istifadə olunması hüququn reyestrdə qeydə alınmasından imtina edilməsinə əsas ola bilməz. Belə ki, iddiaçının üzərində mülkiyyət hüququnun qeydə alınmasını tələb etdiyi torpaq sahəsi ona Abşeron Rayon İcra Hakimiyyəti başçısının Masazır kəndi üzrə nümayəndəliyinin hazırda qüvvədə olan 06 avqust 1996-cı il tarixli, 28 nömrəli sərəncamına əsasən ayrılmış, eləcə də torpaq sahəsinin döngə nöqtələrinin koordinatları DTXK-nin Abşeron rayon şöbəsi tərəfindən tərtib edilmiş A seriyalı, 126183 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində təsbit edilmişdir. Nə sözügedən torpaqayırma sənədi, nə də torpaq sahəsinin döngə nöqtələrinin koordinatlarını müəyyən edən “Torpaq sahəsinin planı və ölçüsü” üçüncü şəxs tərəfindən məhkəmə qaydasında mübahisələndirilməmişdir. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli, 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin” Siyahısının yuxarıda istinad edilən 2-ci və 2.7-ci bəndlərindən göründüyü kimi iddiaçıya 0,10 ha torpaq sahəsinin ayrılmasına əsas olmuş nümayəndəliyin sərəncamı torpaq sahəsi üzərində hüququn dövlət qeydiyyatı üçün əsasdır. “İnzibati icraat haqqında” Qanunun yuxarıda sadalanan normalarının tələbləri baxımından, hüquqmüəyyənedici sənəd qanunla müəyyən olunmuş qaydada ləğv edilənə, geri çağırılana, dəyişdirilənə və ya etibarsız sayılana qədər qüvvədə sayılır və etibarlı hesab olunur. Bu mənada hüquqmüəyyənedici sənədlərin qüvvədə olduğu müddətdə, qeyd edilən sənədlərin aid olduğu konkret şəxsin həmin sənədə əsaslanan hüququ şəxsin müraciəti əsasında qeydiyyata alınmalıdır. Qeyd olunmalıdır ki, müvafiq hüquqmüəyyənedici sənəd yalnız onu qəbul edən inzibati orqanın deyil, həm də suveren hakimiyyət daşıyıcısı olan digər inzibati orqanların da davranışını müəyyən edir. Başqa sözlə, inzibati orqanlar hüquqmüəyyənedici sənədin qüvvədə olduğu müddətdə onun məzmununa bağlıdırlar və ona uyğun davranmağa borcludurlar. Bu icra hakimiyyətinin vahidliyi prinsipindən və həmin orqanların səlahiyyət bölgüsündən irəli gəlir. Hazırkı mübahisəyə münasibətdə də qeyd olunan tələblər tətbiq edilməli, mübahisəyə dair qərar olunarkən həmin tələblər nəzərə alınmalıdır. Məhkəmə kollegiyası qeyd olunanları, o cümlədən hazırkı mübahisə üzrə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsi ilə müəyyən edilmiş daşınmaz əmlaka dair hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsaslarının mövcud olmamasını nəzərə alaraq, hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməklə düzgün nəticəyə gəlmişdir, məhkəmə qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilmir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 11 dekabr 2023-cü il tarixli, 2-1(118)-3214/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apelyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar