Məhkəmə qərarları › İş №2-1(105)-305/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-305/2025

13.03.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-305/2025 13.03.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Axundov Toğrul Bəhruz oğlu (sədrlik edən və məruzəçi), Babayeva Hökümə Çingiz qızı və Hacıyev Vahid Məcid oğlundan ibarət tərkibdə, Məmmədova Jalə Həsən qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “torpaq sahəsi üzərində icarə hüququnun dövlət qeydiyyatına alınması, çıxarışın və plan-ölçü sənədinin verilməsi” tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin 06 dekabr 2024-cü il tarixli, 2-1(118)-790/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq kollegiya aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ İş materiallarından görünür ki, Xaçmaz rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2006cı il tarixli, 436 saylı sərəncamı ilə əhaliyə çimərlik xidmətinin göstərilməsi üçün rayonun Xəzər dənizi sahili boyu X1 fondu torpaqlarının Nabran kəndi yaxınlığındakı hissəsindən 0.05 ha torpaq sahəsi iddiaçının uzunmüddətli (99 il müddətinə) icarəsinə verilmişdir. Həmin torpaq sahəsinə dair Xaçmaz rayon İcra Hakimiyyəti ilə iddiaçı arasında xx.xx.2006-cı il tarixli, 336 saylı icarə müqaviləsi bağlanmışdır. İddiaçı xx.xx.2020-ci il tarixli ərizə ilə cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət edərək Xaçmaz rayonu, Nabran kəndi ərazisində yerləşən 0.05 ha torpaq sahəsi üzərində icarə hüquqlarının dövlət qeydiyyatına alınmasını xahiş etmişdir. Cavabdeh xx.xx.2020-ci il tarixli, **********05 nömrəli məktubu ilə iddiaçının müraciətinin icrasından imtina etmişdir. İmtina onunla əsaslandırılmışdır ki, ərizəyə əlavə olunmuş torpaq sahəsinin yerquruluşu sxemində torpaq sahəsinin ölçüləri qeyd olunmamışdır. Verilən imtina cavabı ilə razılaşmayan iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, Xaçmaz rayon İcra Hakimiyyətinin xx.xx.2006-cı il tarixli, 436 saylı sərəncamı ilə müvəqqəti icarəsinə verilmiş Xaçmaz rayonu Nabran kəndi yaxınlığında yerləşən 0.05 ha torpaq sahəsinin hüdudlarının iddiaçının adına dövlət qeydiyyatına alınması, çıxarışın və texniki pasportun hazırlanması vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Daha sonra iddiaçı tələbini dəqiqləşdirərək Xaçmaz rayon İcra Hakimiyyətinin xx.xx.2006-cı il tarixli 436 saylı sərəncamı ilə müvəqqəti icarəsinə verilmiş Xaçmaz rayonu Nabran kəndi yaxınlığında yerləşən 0.05 ha torpaq sahəsi üzərində icarə hüququnun dövlət qeydiyyatına alınması, reyestrdən çıxarış və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 14 dekabr 2022-ci il tarixli, 2-1(118)-29/2022 nömrəli qərarı ilə iddia təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 19 may 2023-cü il tarixli, 2-1(105)-340/2023-cü il tarixli qərardadı ilə apelyasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt İnzibati Məhkəməsinin 14 dekabr 2022-ci il tarixli, 2-1(118)-29/2022 nömrəli qərarı ləğv edilmiş, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “torpaq sahəsi üzərində icarə hüququnun dövlət qeydiyyatına alınması, çıxarışın və plan-ölçü sənədinin verilməsi” tələbinə dair inzibati mübahisə yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, Xaçmaz rayon İcra Hakimiyyətinin xx.xx.2006-cı il tarixli, 436 saylı sərəncamı ilə icarəsinə verilmiş 0.05 ha torpaq sahəsindən 2006-cı ildən hazıradək istifadə edir, vergiləri ödəyir, yay mövsümü həmin sahəni abadlaşdırır, təmizləyir və açıq şəkildə əhaliyə ödənişsiz xidmət göstərir. İcarəsinə verilmiş həmin torpaq sahəsi dəniz sahili suyundan 100-150 metr aralıda yerləşir. Xaçmaz rayon İcra Hakimiyyəti tərəfindən müvəqqəti icarəsinə verilmiş qeyd olunan 0.05 ha torpaq sahəsinin adına qeydiyyata alınması üçün cavabdehə müraciət etmiş, lakin cavabdeh müraciətinin icrasından imtina etmişdir. Hesab edir ki, cavabdehin imtinası əsassızdır. Belə ki, Nabran zonasında dəniz sahil suyunun 100-150 metr aralıda yerləşən torpaq sahələrində yüzlərlə obyektlər tikilmiş və DƏDRX-də qeydiyyata alınmışdır. Cavabdeh iddia ərizəsinə yazılı etiraz edərək qeyd etmişdir ki, iddiaçı 5 saylı Xaçmaz Ərazi İdarəsinə daxil olmamışdır. İddiaçı Xaçmaz rayonu, Nabran kəndi ərazisində yerləşən 0.05 ha torpaq sahəsi üzərində icarə hüquqlarının dövlət qeydiyyatına alınması ilə əlaqədar cavabdehə xx.xx.2019-cu il tarixli ərizə ilə müraciət etmişdir. Təqdim edilən sənədlərin ekspertizası zamanı aşkar olunmuşdur ki, Xaçmaz rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2006-cı il tarixli, 436 saylı sərəncamı ilə icarəyə verilmiş 0.05 ha torpaq sahəsi cavabdeh idarənin elektron məlumat bazasında olan xəritəyə əsasən Xəzər dənizi sahili boyu X1 fonduna aid sahil zolağıdır. Bundan əlavə, “Daşınmaz əmlakın dövlət reyestri” haqqında Qanunun 19-cu maddəsinə əsasən daşınmaz dövlət əmlakı üzərində icarə (istifadə) hüququ, daşınmaz dövlət əmlakı üzərində icarə (istifadə) müqaviləsi bağlamaq hüququ olan müvafiq icra hakimiyyəti orqanının müraciəti əsasında dövlət reyestrində qeydiyyata alınır. Lakin bununla əlaqədar müvafiq icra hakimiyyəti orqanının müraciəti 5 saylı Xaçmaz Ərazi İdarəsinə daxil olmamışdır. Odur ki, göstərilən çatışmazlıqları nəzərə alaraq və hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdiyi üçün “Daşınmaz əmlakın dövlət reyestri” haqqında Qanunun 11.1 və 15.1.3-cü maddələrinə əsasən iddiaçının ərizəsinin icrasından xx.xx.2020-ci il tarixli məktubla əsaslı olaraq imtina olunmuşdur. Bundan sonra iddiaçı həmin torpaq sahəsi üzərində icarə hüquqlarının dövlət reyestrində qeydiyyata alınması ilə bağlı cavabdehə ərizə ilə müraciət etmişdir. İddia ərizəsində göstərilən torpaq sahəsi dövlət mülkiyyətinə aiddir və göstərilənlər Əmlak Məsələləri Dövlət Xidmətinin hüquq və vəzifələrinə toxunur. Bununla bağlı iş üzrə icraata AR Əmlak Məsələləri Dövlət Komitəsinin üçüncü şəxs qismində işə cəlb olunması zəruridir. Sumqayıt İnzibati Məhkəməsinin 06 dekabr 2024-cü il tarixli, 2-1(118)-790/2024 nömrəli qərarı ilə iddia təmin edilmiş, Xaçmaz rayon İcra Hakimiyyətinin xx.xx.2006-cı il tarixli 436 saylı sərəncamı ilə müvəqqəti icarəsinə verilmiş Xaçmaz rayonu Nabran kəndi yaxınlığında yerləşən 0.05 ha torpaq sahəsi üzərində İddiaçı icarə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması, müvafiq çıxarışın və plan-ölçü sənədinin verilməsi öhdəliyi cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin üzərinə vəzifə olaraq qoyulmuşdur. (hakim Leyla Mirzəyeva). Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini iddia tələbinə etirazı ilə eyni məzmunda əsaslandıraraq onu da qeyd etmişdir ki, həmin dövrdə qüvvədə olan Torpaq icarəsi haqqında Azərbaycan Respublikası Qanununun 10.2-ci hissəsinə əsasən Dövlət və bələdiyyə torpaqlarının bilavasitə icarəyə verilməsi barədə qərar torpağı icarəyə götürmək istəyənin ərizəsi, icarəyə verilən torpaq sahəsi qanuni istifadədə olduqda isə torpaq istifadəçisinin razılığı və müvafiq icra hakimiyyəti orqanının (Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi və Azərbaycan Respublikasının Dövlət Əmlak Komitəsi) və ya bələdiyyənin rəyi əsasında qəbul olunur və icarəyəverənlə icarəçi arasında icarə müqaviləsi bağlanılır. Lakin həmin rəylər təqdim edilməmişdir. b) Apellyasiya şikayətinə qarşı etiraz. İddiaçı apellyasiya şikayətinə etirazı iddia ərizəsi ilə eyni məzmunda əsaslandırmış və əlavə olaraq onu da qeyd etmişdir ki, İddiaçının faktiki istifadəsində olan torpaq sahəsi elektron baza məlumatlarına əsasən, kateqoriyası dövlət ehtiyyat fondu torpaqlara aid olmaqla, uqodiyası kolluqdur. Həmin torpaq sahəsi Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinə sahilboyu 20-50 metrlik zolağının altında olan torpaqların üzərinə düşmür. Göründüyü kimi icarəyə verilmiş 0,05 ha torpaq sahəsi Azərbaycan RespublikasıTorpaq Məcəlləsinin 46-cı maddəsinə əsasən özgəninkiləşdirilə bilməyən, yalnız müvafiq icra hakimiyyətinin qərarı ilə (Azərbaycan Respublikası Nazirlər Kabineti (Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin təqdimatına əsasən)) icarəyə və istifadəyə verilə bilən Xəzər dənizinin, (gölünün) Azərbaycan Respublikasına mənsub bölməsinin sahilboyu 20-50 metrlik zolağının altında olan torpaq sahələrinə aid deyildir. Eyni zamanda digər şəxslərin istifadəsində olan torpaq sahələri ilə üst-üstə düşmür. Bundan əlavə xx.xx.2019-cu il tarixli ərizəsinə imtina verilməsinin digər səbəbi kimi «daşınmaz dövlət əmlakı üzərində icarə (istifadə) hüququ, daşınmaz dövlət əmlakı üzərində icarə (istifadə) müqaviləsi bağlamaq hüququ olan müvaifq icra hakimiyyəti orqanının müraciəti 5 saylı Xaçmaz Ərazi İdarəsinə daxil olmamışdır» kimi qeyd edilmişdir. Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin bu dəlili də əsassızdır, həqiqətə uyğun deyildir. Belə ki, Xaçmaz Rayon İcra Hakimiyyəti Başçısı 1492 sayh, xx.xx.2019- cu il tarixli məktubu ilə qeyd olunan 0,05 ha torpaq sahəsinin onun icarə hüquqlarının qeyd edilməsinə etiraz etmədiyini və həmin torpaq sahəsinə icarə hüququmun dövlət qeydiyyatına alınmasını xahiş etmişdir. cavabdehin Apellyasiya şikayətində qeyd etdiyi 0,05 ha torpaq sahəsinin dövlət qeydiyatına alınması tələbi ilə verdiyi ərizəsinə əlavə olunmuş torpaq sahəsinin yerquruluşu sxemində torpaq sahəsinin ölçüləri qeyd olunmamasına dair dəlili də həqiqətə uyğun deyildir. Belə ki, 2006-cı ildən hazıra kimi dəfələrlə Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 sayh Xaçmaz Ərazi İdarəsinə 0,05 ha torpaq sahəsinin qeydiyyatı barəsində müraciətlər etdiyi zaman cavabdeh idarə mütəxəssislərini mübahisəli torpaq sahəsinə göndərmiş, müayinə olunaraq, sxem çəkilmiş, ölçülər qoyulmuşdur. 5 saylı Xaçmaz Ərazi İdarəsinin rəhbərliyi həmin torpaq sahəsinin icarə hüququnu qeydə alınmasına heç bir problemin olmadığını bildirmişdir. Lakin sonradan ona məlum olan səbəblərə görə imkansız olduğunu və müharibə veteranı olduğunu bildirəndə imtina verilmişdir. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2023-cü il tarixli məktuba əlavə edilmiş mütəxəssis rəyində qeyd olunmuşdur ki, iddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin koordinatları sxemdə əks olunur və baza məlumatlarına əsasən digər şəslərin istifadəsində olan torpaq sahələri ilə üst-üstə düşmür. İddiaçının faktiki istifadəsində olan torpaq sahəsi elektron baza məlumatlarına əsasən, kateqoriyası dövlət ehtiyyat fondu torpaqlara aid olmaqla, uqodiyası kolluqdur. Həmin torpaq sahəsi Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinə sahilboyu 20-5 D metrlik zolağının altında olan torpaqların üzərinə düşmür. 0,05 ha torpaq sahəsi icərəsinə veriləndən hazıra kimi dəfələrlə müraciətlərinə baxmayaraq, dəfələrlə məhkəmə prosesləri keçirməsinə baxmayaraq cavabdeh Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsi müxtəlif uydurma bəhanələrlə həmin torpaq sahəsini dövlət qeydiyyatına alınmasından imtina edir. Özlərinə maraqlı olan şəxslərin mülkiyyətini açıq-aydın saxta sənədlərlə qeydiyyata alırlar. Nabranda dəniz kənarı asudə hesab etdiyi torpaq sahəsində qonşuluğumda mağazalar, diskoteka, restoranlar tikilmiş və dövlət qeydiyyatına alınmışdır. Cavabdeh hüquqlarını dövlət qeydiyyatına almaqdan imtina etməklə, əsassız apellyasiya şikayətləri verməklə hüquqlarını kobud surətdə pozur və ölkədə hüquqi dövlət yaradılması üçün görülən mühüm işlərə kölgə salmağa çalışır və əhalini incik salır, narazısılıq yaradır. Odur ki, cavabdehin bu qanunsuz və sassız hərəkətləri barəsində xüsusi qərardad qəbul edilməlidir. İcarəsinə verilmiş qeyd olunan 0,05 ha torpaq sahəsinin dövlət qeydiyyatına alınmasına köməklik edilməsi və 5 saylı Ərazi İdarəsinin qeyri qanuni hərəkətlərinin qarşısının alınması məqsədilə ölkənin rəhbər orqanlarına müraciətlərimə bildirilmişdir ki, bu məsələnin həlli üçün məhkəməyə müraciət olunmalıdır. O, Nabran kəndi yaxınlığında yaşayır. Müharibə və əmək veteranıdır. Evindən çıxıb evi ilə üzbəüz olan dənizə yaxınlaşmaq və orada istirahət etmək üçün yol saxlanılması üçün 0,05 ha torpaq sahəsini icarəyə almışdır. Belə ki, bütün dəniz kənarı müxtəlif təşkilatlar və iş adamları tərəfindən tutularaq bağlanılır və orada yaşayanlar üçün ödənişsiz dənizə düşmək mümkün deyildir. Ona görə də icarəsinə götürdüyü 0,05 ha torpaq sahəsini bütün məhəllə əhalisi üçün və gələnlər üçün ödənişsiz dənizə girməyə bir yol kimi istifadə olunsun və hamı bu işi ilə məmnun olur. O, həmin 0,05 ha torpaq sahəsindən heç bir qazanc əldə etmək niyyətində deyil, dəniz kənarında yaşadığı üçün ona və məhəllə əhalisinə dənizə ödənişsiz çıxış əldə etmək niyyəti vardır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək şikayətin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı haqqında lazımi qaydada xəbərdar olunmasına baxmayaraq nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, gəlməməyin səbəbləri haqqında məlumat verməmişdir. İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən məhkəmə kollegiyası işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. TƏTBİQ EDİLƏN HÜQUQ Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi: Maddə 46. Dövlətin torpaq üzərində mülkiyyət hüququ

1. Dövlət mülkiyyətində olan torpaqlara aşağıdakılar daxildir: dövlət hakimiyyət orqanlarının yerləşdiyi torpaqlar; (-) Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin su fondu torpaqları; Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin sahilboyu 20-50 metrlik zolağının altında olan torpaqlar;[41] Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində yaradılan süni torpaq sahələri;[42] (-)

2. Göstərilən torpaqlar dövlətin müstəsna mülkiyyətindədir, həmin torpaqlar bu məcəllədə və digər normativ-hüquqi aktlarda müəyyən olunmuş qaydada istifadəyə və icarəyə verilə bilər. 2-1. Xəzər dənizinin, (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin sahilboyu 20-50 metrlik zolağının altında olan torpaq sahələri dövlətin mülkiyyətində qalmaqla özgəninkiləşdirilə bilməz və yalnız müvafiq icra hakimiyyəti orqanının qərarı ilə istifadəyə və icarəyə verilə bilər. Bu maddənin birinci cümləsinə uyğun olaraq istifadəyə və ya icarəyə verilməsi barədə qərar qəbul edilmiş Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin sahilboyu 20- 50 metrlik zolağının altında olan torpaq sahəsi müvafiq icra hakimiyyəti orqanının icazəsi əsasında dənizin sahilinə gediş-gəlişi məhdudlaşdırmamaq şərti ilə hasara alınma yolu ilə və ya digər üsullarla bağlanıla bilər. Yalnız dövlətin iqtisadi və ya təhlükəsizlik mənafelərinin təmin edilməsi ilə əlaqədar müvafiq icra hakimiyyəti orqanının qərarı ilə həmin torpaq sahələrinə gediş-gəliş məhdudlaşdırıla bilər. Göstərilən sahilboyu zolağın qrafiki təsviri müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Sahilboyu zolaq Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin su səthinin quru ilə bu qanun qüvvəyə mindikdən sonra mövcud olan təmas xəttindən hesablanır. Sahilboyu zolağın qrafiki təsvirində həmçinin zolağın 20 metrdən 50 metrədək müəyyənləşdirilməsinə əsas olan su səthinin quru ilə təmas xəttinin mövcud və təbii təsirlərlə əlaqədar dəyişən vəziyyəti öz əksini tapmalıdır. İctimai çimərliklərdə (müvafiq icra hakimiyyəti orqanı və ya bələdiyyələr tərəfindən yaradılan və ya bu məqsədlər üçün hüquqi və fiziki şəxslərə icarəyə verilən, gediş-gəlişi məhdudlaşdırılmayan çimərlik) sahilboyu 20-50 metrlik zolağın altında olan torpaq sahəsinin dənizin sahilinə gediş-gəlişi məhdudlaşdırmamaq şərti ilə hasara alınma yolu ilə və ya digər üsullarla bağlanmasına o halda yol verilir ki, hasar və ya bağlanma üçün istifadə edilən tikinti konstruksiyaları qəfəsəli olmaqla, sahil tərəfdən dənizin və onun sahilində su ilə qurunun təmas xəttinin görünməsini məhdudlaşdırmasın və həmin hasarın və ya tikinti konstruksiyasının sahilboyu uzunluğunun hər 200 metrindən bir dövlət sərhədinin mühafizəsinin təmin olunması məqsədi ilə nəqliyyat vasitələrinin hərəkəti üçün yetərli olan eni 6 metrdən az olmayaraq sahilə birbaşa keçid təmin olunsun.

3. Dövlət mülkiyyətində olan torpaqların bələdiyyə və xüsusi mülkiyyətə verilməsi qanunla müəyyən edilir.

4. Dövlət mülkiyyətində olan torpaqların istifadəsi və mühafizəsi sahəsində dövlət idarəetməsini öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları həyata keçirirlər.

Maddə 50. Torpaq sahəsi üzərində istifadə hüququ (-)

3. Torpaqdan müvəqqəti istifadə qısamüddətli və uzunmüddətli olur. Qısamüddətli müvəqqəti istifadə - on beş ilədək müəyyən oluna bilər. Uzunmüddətli müvəqqəti istifadə xüsusi mülkiyyətdə olan torpaqlar üçün - on beş ildən 99 ilədək, dövlət və bələdiyyə mülkiyyətində olan torpaqlar üçün isə - on beş ildən 49 ilədək müəyyən oluna bilər. (-)

Maddə 66. Torpaq sahələri üzərində hüquqları təsdiq edən sənədlər

1. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir.

2. Torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir.

“Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanunu Maddə 5. İcarəyə verilən dövlət torpaqları Dövlət mülkiyyətində olan aşağıdakı torpaqlar icarəyə verilə bilər: (-) Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin dibi də daxil olmaqla su fondu torpaqları; Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində yaradılan süni torpaq sahələri;[3] (-) Dövlət torpaqları icarəyə verilərkən, onların hüquqi statusu, rejimi, məqsədli təyinatı nəzərə alınır, istifadəsi və mühafizəsi Azərbaycan Respublikasının torpaq qanunvericiliyi və digər qanunvericilik aktları ilə tənzimlənir.

Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 139. Daşınar və daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. (-). 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. (-). Maddə 139-1. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; (-).

“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; (-). Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.

“İnzibati icraat haqqında” Qanun: Maddə 11. Qanunçuluq prinsipi 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Maddə 13. Etimad hüququnun qorunması prinsipi 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur.

Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 12. İşin hallarının araşdırılması prinsipi.

1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.

2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.

APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ Apellyasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir. Birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Məhkəmə qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yaranmış mübahisə ilə bağlı kollegiya aşağıdakıları qeyd edir: Hazırkı mübahisənin predmetini cavabdehin Xaçmaz rayonu, Nabran kəndi ərazisində yerləşən 0.05 ha torpaq sahəsi üzərində iddiaçının icarə hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınmasından imtinası təşkil edir. İddiaçının hüquqi marağı torpaq sahəsi üzərində icarə hüququnun dövlət tərəfindən tanınmasına nail olmaqdan ibarətdir. Cavabdeh orqan imtinasının əsasları kimi iddiaçının ərizəsinə əlavə olunmuş torpaq sahəsinin yerquruluşu sxemində torpaq sahəsinin ölçüləri qeyd edilmədiyini göstərmişdir. İş materiallarından görünür ki, mübahisəli torpaq sahəsi Xaçmaz Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2006-cı il tarixli, 436 saylı sərəncamına əsasən İddiaçı ayrılmışdır. Buna dair tərəflər arasında 336 saylı “Torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilə” də bağlanmışdır. Beləliklə, torpaq sahəsi Xaçmaz Rayon İcra Hakimiyyəti Başçısının tərəfindən qanunvericiliklə nəzərdə tutulmuş qaydalara riayət edilməklə iddiaçının icarəsinə verilmişdir. Birinci instansiya məhkəməsi tərəfindən mübahisə predmeti olan torpaq sahəsinin yuxarıda qeyd edilən hüquq normalarının tələblərinə uyğun olub-olmamasını müəyyənləşdirmək məqsədilə mütəxəssis rəyinin verilməsi üçün cavabdeh orqana sorğu ünvanlamışdır. Cavabdeh tərəfindən təqdim edilmiş xx.xx.2023-cü il tarixli məktuba əlavə edilmi mütəxəssis rəyində aşağıdakılar qeyd edilmişdir: 1.İddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin koordinatları sxemdə əks olunur və baza məlumatlarına əsasən digər şəxsərin istifadəsinə olan torpaq sahələri ilə üst-üstə düşmür, (müvafiq xəritə və ortofoto görüntülər məhkəməyə təqdim edilir.) 2.İddiaçının faktiki istifadəsində olan torpaq sahəsi elektron baza məlumatlarına əsasən, kateqoriyası dövlət ehtiyyat fondu torpaqlara aid olmağla, uqodiyası kolluqdur. Həmin torpaq sahəsi Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasina mənsub olan bölməsinə sahilboyu 20-50 metrlik zolağının altında olan torpaqların üzərinə düşmür. Göründüyü kimi iddiaçıya ayrılmış Xaçmaz rayonu Xəzər dənizi sahili boyu X1 Fondu torpaqlarının Nabran kəndi yaxınlığındaki hissəsindən 0.05 ha torpaq sahəsi Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 46-cı maddəsinə əsasən özgəninkiləşdirilə bilməyən, yalnız müvafiq icra hakimiyyətinin qərarı ilə (Azərbaycan Respublikası Nazirlər Kabineti (Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin təqdimatına əsasən)) icarəyə və ya istifadəyə verilə bilən Xəzər dənizinin, (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin sahilboyu 20-50 metrlik zolağının altında olan torpaq sahələrinə aid deyildir. Eyni zamanda digər şəxslərin istifadəsində olan torpaq sahələri ilə də üst-üstə düşmür. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, iş materiallarında olan Xaçmaz Rayon İcra Hakimiyyəti Başçısının 492 saylı, xx.xx.2019-cu il tarixli məktubundan aydın olur ki, Xaçmaz RİH Başçısının xx.xx.2006-cı il traixli, 436 saylı sərəncamı ilə vətəndaş İddiaçı uzunmüddətli icarəsinə verilmiş torpaq sahəsi üzərində onun adına icarə hüquqlarının dövlət qeydiyyatına alınmasına və yüklülük çıxarışın verilməsinə etiraz edilmir. Eyni zamanda Sumqayıt Apellyasiya Məhkəməsinin 12 mart 2025-ci il tarixli məktubu ilə cavabdeh orqana sorğu ünvanlanaraq xx.xx.2023-cü il tarixli mütəxəssis rəyində iddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin sahilboyu zolaqdan neçə metr məsafədə yerləşməsi barədə məhkəməyə məlumat verilməsi tələb edilmişdir. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş arayış və ərazinin planından çıxarışla ilə müəyyən olunur ki, Xaçmaz rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2006-cı il tarixli, 436 saylı sərəncamı ilə iddiaçıya ayrrılmış Xaçmaz rayonu Nabran kəndi yaxınlığında yerləşən 0.05 ha torpaq sahəsi faktiki olaraq 81 metr sahilboyu zolaqdan ara məsafədə, həmçinin Xəzər dənizi sahilindən (ləpə döyəndən) 151 metr məsafədə yerləşir. Məhkəmə kollegiyası qeyd edir ki, Torpaq Məcəlləsində 46-cı maddəsinin 2-1-ci bəndi ilə əlaqədar 2 dekabr 2008-ci il tarixli 728-İİİQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 18 fevral 2009-cu il, № 38, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, №02, maddə 36) ilə 46-cı maddəsinin 2-1-ci bəndinin birinci cümləsindən “dövlət məqsədləri üçün” sözləri çıxarılsın, ikinci cümləsi yeni redaksiyada verilmişdir. (Yuxarıda göstərilib) Lakin əvvəlki redaksiyada deyilirdi ki, istifadəyə və icarəyə verilən Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin sahilboyu 80-130 metrlik zolağının altında olan torpaq sahələri hasara alınma yolu ilə və ya digər üsullarla bağlanıla bilməz və dənizin sahilinə gediş-gəliş məhdudlaşdırıla bilməz. Göründüyü kimi iddiaçıya torpaq sahəsi xx.xx.2006-cı il tarixdə ayrılmış olsa da, torpaq sahəsi həm əvvəlki redaksiya, həm də yeni redaskiya ilə müəyyən edilmiş sahilboyu zolağının altında olan torpaq sahələrinə aid deyil. Həmçinin torpaq sahəsindən təyinatı üzrə istifadə edilir, iddiaçı da həmin torpaq sahəsi üzərində icarə hüququnu dövlət reyestrində qeydə aldırmaq niyyətindədir. Nəzərə almaq lazımdır ki, torpaq sahəsi üzərində hüquq həmin torpaq sahəsinin ayrılması (mülkiyyətə, icarəyə, istifadəyə) barədə hüquqmüəyyənedici sənəd əsasında yaranır. Yuxarıda istinad olunan normalar anlamında torpaq sahəsi üzərində hüququ təsdiq edən hüquqmüəyyənedici sənəd qanunla müəyyən olunmuş qaydada ləğv edilənə, geri çağırılana, dəyişdirilənə və ya etibarsız sayılana qədər qüvvədə sayılır və etibarlı hesab olunur. Bu mənada hüquqmüəyyənedici sənədlərin qüvvədə olduğu müddətdə, qeyd edilən sənədlərin aid olduğu konkret şəxsin həmin sənədə əsaslanan hüququ şəxsin müraciəti əsasında qeydiyyata alınmalıdır. Həmçinin, qeyd olunmalıdır ki, hüquqmüəyyənedici sənəd yalnız onu qəbul edən inzibati orqanın deyil, həm də suveren hakimiyyət daşıyıcısı olan digər inzibati orqanların, o cümlədən hazırkı iş üzrə cavabdehin də davranışını müəyyən edir. Başqa sözlə, inzibati orqanlar hüquqmüəyyənedici sənədin qüvvədə olduğu müddətdə onun məzmununa bağlıdır və ona uyğun davranmağa borcludurlar. Bu bir tərəfdən, inzibati orqanların səlahiyyət bölgüsündən, digər tərəfdən isə mülki dövriyyənin təhlükəsizliyinin təmin olunması məqsədlərindən irəli gəlir. Hazırkı mübahisəyə münasibətdə iddiaçının sözügedən torpaq sahəsi üzərində hüququ “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.1-ci maddəsində təsbit olunmuş hüquqmüəyyənedici sənədə - Xaçmaz rayon İcra Hakimiyyətinin xx.xx.2006-cı il tarixli, 336 saylı icarə müqaviləsinə əsaslanır. İstinad olunan həmin normada qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas qismində təsbit edilmişdir. Analoji norma Mülki Məcəllənin 139-1.1.1-ci maddəsində də nəzərdə tutulmuşdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 10.2.1-ci maddəsinə görə, hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin olması kifayətdir. Bu normanın mahiyyətinə görə, Qanunun 8-ci maddəsində təsbit olunmuş əsaslardan (sənədlərdən) hər hansı birinin təqdim olunması cavabdeh tərəfindən qeydiyyatın aparılması üçün yetərli sayılmalıdır. Bu zaman həm də nəzərə almaq lazımdır ki, hüquqmüəyyənedici sənəd olan Xaçmaz rayon İcra Hakimiyyətinin xx.xx.2006-cı il tarixli, 336 saylı icarə müqaviləsi iddiaçının həmin torpaq sahəsi üzərində icarə hüququnun reyestrdə qeydiyyata alınmasına münasibətdə tələb etmək haqqının, cavabdehin isə iddiaçı qarşısında həmin torpaq sahəsini qeydiyyata almaq öhdəliyinin mövcudluğunu şərtləndirir. O da qeyd edilməlidir ki, Torpaq Məcəlləsinin 50-ci maddəsi ilə əlaqədar 18 dekabr 2015-ci il tarixli 60-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 16 yanvar 2016-cı il, № 10, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 01, maddə 27) ilə 50-ci maddəsinin 3-cü hissəsi yeni redaksiyada verilmişdir. (yuxarıda göstərilib) Lakin əvvəlki redaksiyada torpaqdan müvəqqəti istifadə qısamüddətli — on beş ilədək və uzunmüddətli —on beş ildən 99 ilədək müəyyən oluna bilməsi göstərilmişdir. Ona görə də kollegiya qeyd edir ki, Xaçmaz rayon İcra Hakimiyyəti ilə iddiaçı arasında xx.xx.2006-cı il tarixli, 336 saylı icarə müqaviləsi bağlanılarkən qüvvədə olmuş qanunvericiliyin tələbləri nəzərə alımaqla icarə müddəti 99 il müddət müəyyən olunmuş, bu hissədə də hər-hansı pozuntuya yol verilməmişdir. Məhkəmə kollegiyası qeyd olunanları, o cümlədən hazırkı mübahisə üzrə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsi ilə müəyyən edilmiş daşınmaz əmlaka dair hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsaslarının mövcud olmamasını nəzərə alaraq, hesab edir ki, iddiaçının icarə hüququnu qeydiyyata almaqdan və bu barədə müvafiq çıxarışın və plan-ölçü sənədinin verilməsindən imtina etməkdə cavabdeh haqlı sayıla bilməz və onun imtinası yuxarıda istinad olunan normaların tələblərinin pozulması kimi qiymətləndirilməlidir. Beləliklə, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməklə düzgün nəticəyə gəlmişdir, məhkəmə qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilmir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.

NƏTİCƏVİ HİSSƏ:

Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6, 89-cu və 90.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 06 dekabr 2024-cü il tarixli, 2-1(118)-790/2024 nömrəli qərarı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar