Məhkəmə qərarları › İş №2-1(105)-306/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-306/2022

30.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-306/2022 30.06.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X11 Şəxsinin 1 saylı Quba-Xaçmaz regional filialına qarşı iş üzrə QƏRARİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Zahid Tahir oğlu, hakimlər Babayeva Hökümə Çingiz qızı və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, X12 qızının katibliyi, İddiaçı, onun nümayəndəsi X2, Cavabdehin nümayəndəsi X7 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X11 Şəxsinin 1 saylı Quba-Xaçmaz regional filialına qarşı “01 may 1991-20 iyul 1992-ci illər dövründə Quba rayonunun X.Səfərəliyev adına kolxozda işlədiyi dövr və 01 yanvar 2006-31 mart 2006-cı il dövrü sığorta stajına daxil edilməklə əmək pensiyasının xx.xx.2017-ci il tarixdən təyin edilməsi və xx.xx.2017-ci il tarixdən hazırki iddia tələbi ilə bağlı məhkəmənin qərarı icra edildiyi ana qədər ödənilməmiş əmək pensiyasının birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 24 dekabr 2021-ci il tarixli, 2-1(118)-1781/2021 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı xx.xx.1955-ci ildə Quba rayonunun Xınalıq kəndində anadan olmuşdur.

2. İddiaçı xx.xx.2019-cu il tarixdə pensiya təyin edilməsi üçün müvafiq sənədləri təqdim edərək ona yaşa görə əmək pensiyası təyin edilməsi üçün cavabdeh inzibati orqana müraciət etmiş, cavabdeh tərəfindən iddiaçının “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən tələb olunan 25 il sığorta stajı və ya fərdi hesabın sığorta hissəsində 23040 manat pensiya kapitalı olmadığı üçün ona yaşa görə əmək pensiyası təyin edilməsindən imtina edilmişdir.

Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı xx.xx.2021-ci il tarixdə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, 01 may 1991-20 iyul 1992-ci illər dövründə Quba rayonunun X.Səfərəliyev adına kolxozda işlədiyi dövr və 01 yanvar 2006-31 mart 2006-cı il dövrü sığorta stajına daxil edilməklə əmək pensiyasının xx.xx.2017-ci il tarixdən təyin edilməsi və xx.xx.2017-ci il tarixdən hazırki iddia tələbi ilə bağlı məhkəmənin qərarı icra edildiyi ana qədər ödənilməmiş əmək pensiyasının birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.

4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçı ona yaşa görə əmək pensiyası təmin edilməsinə dair ərizə ilə cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X11 şəxsin 2 saylı regional ərazi filialına yazılı ərizə ilə müraciət etmişdir. Cavabdeh, bu günə qədər cavab verməmişdir. Hazırki iddia ərizəsinə əlavə edilmiş iddiaçıya məxsus 10 noyabr 1975-ci il tarixli, ИТ-1 seriyalı, № ******* nömrəli “Əmək kitabçası”-ndan, ona məxsus 25 noyabr 1975-ci il tarixli, H3 seriyalı, № ******* nömrəli “Hərbi bilet”-dən və Azərbaycan Respubliikası Dövlət Arxivinin Quba filialının 25 oktyabr 2019-cu il tarixli, № 1599 nömrəli “Arxiv arayışı”ndan göründüyü kimi ümumilikdə iddiaçının 25 il, 10 ay, 03 gün sığorta stajı var. Belə ki, hazırki ərizəyə əlavə edilmiş iddiaçıya məxsus 10 noyabr 1975-ci il tarixli, ИТ- İ seriyalı, № ******* nömrəli “Əmək kitabçası”-ndan göründüyü kimi iddiaçı “Şirvanqaz” Neft-qaz çıxarma İdarəsinin xx.xx.1975 il tarixli, 214/K nömrəli əmri ilə xx.xx.1975-ci il tarixdən həmin idarəyə 2-ci dərəcəli çilingər vəzifəsinə təyin olunmuşdur. Həmin idarənin xx.xx.1975 il tarixli, 232/K nömrəli əmrlə xx.xx.1975-ci il tarixdə həqiqi hərbi xidmətə çağrılmağı ilə əlaqədar işdən azad edilmişdir. xx.xx.1975-ci il tarixdə həqiqi hərbi xidmətə çağırılmışdır. xx.xx.1977-ci il tarixdə həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. Həmin dövrdə qüvvədə olan Əmək Məcəlləsi və Pensiya haqqında Qanunların tələbinə əsasən hərbi xidmətdən təxris olunan şəxslərə, xidmətdən təxris olunduğu vaxtdan sonra əvvəlki işlədiyi müəssisəyə bərpa olunmaq üçün 03 (üç) ay müddət verilirdi. Həmin 03 (üç) ay müddəti əmək stajına daxil edilirdi. Hazırki ərizəyə əlavə edilmiş iddiaçıya məxsus 25 noyabr 1975-ci il tarixli, H3 seriyalı, № ******* nömrəli “Hərbi bilet”-dən göründüyü kimi iddiaçı xx.xx.1977-ci il tarixdə həqiqi hərbi xidmətdən ehtiyata buraxılmış və 07 dekabr 1977-ci il tarixdə işlədiyi yer üzrə Azərbaycan SSR-nın Əli-Bayramlı “Hərbi Komissarlıq”da qeydiyyata alınmışdır. xx.xx.1977 il tarixli, 237/K nömrəli əmrlə xx.xx.1977-ci il tarixindən təkrarən “Şirvanqaz” Neft-qaz çıxarma İdarəsinə 2-ci dərəcəli elektrik vəzifəsinə təyin olunmuşdur. xx.xx.1978-ci il tarixli, 91/K nömrəli əmrlə, öz xahişi ilə xx.xx.1978-ci il tarixdən işdən azad edilmişdir. Həmin faktlardan göründüyü kimi xx.xx.1975-ci il tarixdən xx.xx.1978-ci il tarixə qədərki dövr iddiaçının sığorta stajına daxildir. Əli Bayramlı şəhər, Tikinti-təmir İdarəsinin xx.xx.1979-cu il tarixli, 14-K nömrəli əmri ilə xx.xx.1979-cu il tarixdən həmin idarəyə əmtəə mütəxəssisi vəzifəsinə təyin edilmişdir. Həmin idarənin xx.xx.1979-ci il tarixli, 25/K nömrəli əmrlə, xx.xx.1979-cu il tarixdən 4-cü dərəcəli betonçu vəzifəsinə təyin edilmişdir. xx.xx.1980-ci il tarixli, 28/K nömrəli əmrlə, öz xahişi ilə xx.xx.1980-cu il tarixdən işdən azad edilmişdir. Dmitrov adına, Quba qoyunçuluq sovxozunun 01 aprel 1980-cı il tarixli, 53 nömrəli əmri ilə xx.xx.1980-cı il tarixdən həmin sovxoza mühasib vəzifəsinə təyin edilmişdir. Həmin sovxozun 15 yanvar 1985-ci il tarixli, 09 $ 1 nömrəli əmri ilə xx.xx.1985-cı il tarixdən mühasib vəzifəsindən çıxarılaraq baş iqtisadçı vəzifəsinə təyin edilmişdir. Həmin sovxozun 05 sentyabr 1987-ci il tarixli, 314 nömrəli əmri ilə xx.xx.1987-ci il tarixdən iqtisadçı vəzifəsindən azad edilərək 03 nömrəli qoyunçuluq şöbəsinə mühasib vəzifəsinə keçirilmişdir. Həmin sovxozun 28 sentyabr 1987ci il tarixli, 333 nömrəli əmri ilə xx.xx.1987-ci il tarixdən işdən azad edilmişdir. Həmin sovxozun 01 noyabr 1989-ci il tarixli, 336 nömrəli əmri ilə xx.xx.1989- cu il tarixdən sovxozun hüquq məsləhətçisi vəzifəsinə təyin edilmişdir. Həmin sovxozun ləğv edilməsi ilə əlaqədar 31 may 1991-ci il tarixli, 70 nömrəli əmri ilə xx.xx.1991-cu il tarixdən sovxozun hüquq məsləhətçisi vəzifəsindən azad edilmişdir. Quba gigiyena - epidemiologiya mərkəzinin 01 mart 1994-cü il tarixli, 14 lömrəli əmri ilə xx.xx.1994-cü il tarixdən mərkəzə baş mühasib vəzifəsinə təyin edilmişdir. Həmin mərkəzin 10 iyul 1999-cü il tarixli, 30 nömrəli əmri ilə xx.xx.1999-cu il tarixdən mərkəzdən azad edilmişdir. Quba “Ərazi Hidrometeorolojiya İdarəsi”-nin (Quba ƏHMİ) 03 avqust 1999-cü tarixli, 11/KS2 nömrəli əmri ilə xx.xx.1999-cu il tarixdən idarəyə baş mühasib vəzifəsinə təyin edilmişdir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorolojiya Xidmətinin X1 (əvvəlki - Ərazi Hidrometeorolojiya İdarəsi) 10 fevral 2006-cə il tarixli, 68/U nömrəli əmri ilə xx.xx.2006-cı ixdən tutduğu vəzifəsindən azad edilmişdir. Lakin, həmin müəssisənin 21 may 2020-ci il tarixli, № 20/270 nömrəli arayışından göründüyü kimi işlədiyi, 2006-cı ilin yanvar ayında 54 manat, fevral ayında 60,12 man. və mart ayında isə 46,62 manat məbləğində əmək haqları almışdır. Hazırki ərizəyə əlavə edilmiş X6 Arxivinin Quba filialının 25 oktyabr 2019-cu il tarixli, № 1599 nömrəli “Arxiv arayışı”ndan göründüyü kimi iddiaçı may 1991 - iyul 1992-ci illər dövründə Quba rayonunu “X.Səfərəliyev adına kolxoz”da mühasib işləmiş və buna müvafiq olaraq həmin dövrün ayları üzrə əmək haqları almışdır. 2006-cı ildən yasa gorə əmək pensiyasını müəyyən edən Azərbaycan Respublikasının Əmək pensiyaları haqqında 7 fevral 2006-cı il tarixi Qanununda göstərilir: Maddə 7. Yasa gorə əmək pensiyasının təyin edilməsi şərtləri 62 yasına çatmış kişilərin və 57 yasına çatmış qadınların azı 5 il sığorta stajı olduqda (bu Qanunur qüvvəyə mindiyi günədək yasa gorə əmək pensiyası təyin edilmiş səxslər istisna olmaqla) yasa gorə əmək pensiyası huququ vardır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasının 02 may 2017-ci il tarixli Qanununa əsasən: 1.12. 7-ci maddənin birinci hissəsində “62” rəqəmləri “63” rəqəmləri ilə, “57” rəqəmləri “60” rəqəmləri ilə, “azı 12” sözləri “fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25” sözləri ilə, mötərizədə “bu Qanunun qüvvəyə mindiyi günədək” sözləri “2017-ci il iyulun 1-dək” sözləri ilə əvəz edilsin; 1.13. 7-ci maddədə “Qeyd” hissəsi aşağıdakı redaksiyada verilsin: “Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1- dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Şəxsiyyət vəsiqəsinin surətindən göründüyü kimi xx xxxxx 1955-ci il tarixdə doğulmuşdur. Azərbaycan Respublikasinin Əmək pensiyaları haqqında 07 fevral 2006-cı il tarixli Qanununun 7-ci maddəsindən göründüyü kimi ona pensiya xx.xx.2017-ci il tarixdən təyin edilməlidir.

Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri

5. Cavabdeh iddia tələbinə etiraz edərək bildirmişdir ki, İddiaçı 01 iyul 2019-cu İİ tarixdə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün Fondun 2 saylı regional ərazi filialına müraciət etmiş, “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən, tələb olunan 25 il sosial sığorta stajı və ya fərdi hesabın sığorta hissəsində 23040 manat pensiya kapitalı olmadığı üçün ona yaşa görə əmək pensiyası təyin edilməsindən əsaslı olaraq imtina edilmişdir. Belə ki, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanlarm (bundan sonra - sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarm ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir, Həmin Qanunun 1.0.2-ci maddəsinə görə sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Həmin Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021- ci il iyulun 1dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Qanunun 21-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş , hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Əmək Məcəlləsinin 87-ci maddəsində qeyd olunmuşdur ki, işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 11 dekabr 2017-ci tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın (bundan sonra Qaydalar) 3-cü hissəsində sosial sığorta stajının hesablanması proseduru öz əksini tapmışdır. Qaydaların 3.1-ci bəndinə əsasən, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanlarm qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. Belə ki, həmin Qaydaların 3.2-ci bəndinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanlarm qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası, əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı, mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyən şəxsi işəgötürənin arayışı, hərbi qulluqçuların, xüsusi rütbəli şəxslərin, prokurorluq və ədliyyə orqanları işçilərininxidmət müddətinə dair məlumat vərəqi, İ dərəcə əlilliyi olan şəxsə və ya sağlamlıq imkanları məhdud 18 yaşmadək uşağa, habelə ahıl şəxslərə qulluq edilməsi müddətini təsdiq edən akt və sosial sığorta stajına güzəştlə daxil edilən dövrləri təsdiq edən sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. Göründüyü kimi, sosial sığorta stajını təsdiq edən sənədlərə arxiv arayışları aid edilməmişdir. Həmçinin qeyd edirlər ki, Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli 934 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi haqqında Əsasnamə”yə əsasən İdarə arxiv işi sahəsində dövlət siyasətini həyata keçirən orqan olsa da, onun sosial sığorta stajını təsdiq edən sənəd vermək səlahiyyəti müəyyən edilməmişdir. Bildirirlər ki, iddiaçının 1991-ci ilin may ayından 1992-ci ilin iyul ayınadək “X.Səfərəliyev adına” kolxozda mühasib işlədiyi illər əmək kitabçasında qeyd edilməmişdir. Bununla bağlı İddiaçı kolxozda əmək fəaliyyətinə dair arxiv arayışı təqdim etmişdir. X3 İnformasiya Sisteminin Sığorta Alt Sistemindən əldə edilmiş məlumata əsasən, iddiaçının Quba Ərazi Hidrometeorologiya idarəsində (X4 müəssisəsi) 01 yanvar 2006-cı il tarixdən sonra işlədiyi dövr üzrə məcburi dövlət sosial sığorta haqqları ödənilməmişdir. X4 müəssisəsinin 2006-cı il üzrə məcburi dövlət sosial sığorta ödənişlərinə dair illik hesabatlarında sığortaolunanların siyahısında iddiaçının adı aşkar olunmamışdır.

Birinci instansiya məhkəməsinin gəldiyi nəticə

6. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(118)-1781/2021 nömrəli qərarı ilə İddiaçı 01 may 1991-20 iyul 1992-ci illər dövründə Quba rayonunun “X.Səfərəliyev adına kolxoz”da işlədiyi dövr və 01 yanvar 2006- 31 mart 2006-cı il dövrü sığorta stajına daxil edilməklə əmək pensiyasının xx.xx.2017-ci il tarixdən təyin edilməsi və xx.xx.2017-ci il tarixdən hazırki iddia tələbi ilə bağlı məhkəmənin qərarı icra edildiyi ana qədər ödənilməmiş əmək pensiyasının birdəfəlik ödənilməsi öhdəliyi Azərbaycan Respublikasının Əmək və Əhalinin Dövlət Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə X11 şəxsin 2 saylı regional ərazi filialının üzərinə vəzifə olaraq qoyulması qərara alınmışdır.

7. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdeh inzibati orqanın iş stajının əmək kitabçasına əsasən hesablanmalı olmasını səbəb gətirərək Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin Dövlət X9 xx.xx.2019-cu il tarixli, 1599 saylı arayışında qeyd olunan dövrləri nəzərə almaması qanuna uyğun deyildir. Belə ki, həmin arayışda iddiaçının 1991-1992-ci illərdə Quba rayon X.Səfərəliyev adına kolxozda işləməsi öz təsdiqini tapmışdır. Vətəndaşın iş stajının müəyyən olunmasında müvafiq arayışın nəzərə alınmamasını məhkəmə yuxarıda qeyd olunan konstitusion hüququn pozulması kimi qiymətləndirir və bu qənaətə gəlir ki, həmin arayışda qeyd olunan dövrlər iddiaçıya yaşa görə əmək pensiyasının hesablanması zamanı sosial sığorta stajı kimi nəzərə alınmalıdır. Bundan əlavə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometerologiya Xidmətinin xx.xx.2020-ci il tarixli, 20/270 saylı Arayışında iddiaçının 2006-cı ilin yanvar-mart aylarında X5 Müəssisəsində baş mühasib vəzifəsində işləməsi öz təsdiqini tapmışdır. Arayışda iddiaçının işlədiyi dövrdə əmək haqqının hesablanmış məbləği də qeyd edilmişdir.

8. Həmin qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinin dəlilləri

9. İddia ərizəsinə dair etirazda göstərilən eyni dəlillərlə əsaslandırılan apellyasiya şikayətində göstərilir ki, iddiaçının 1991-ci ilin may ayından 1992-ci ilin iyul ayınadək “X.Səfərəliyev adına” kolxozda mühasib işlədiyi illər əmək kitabçasında qeyd edilməmişdir. Bununla bağlı İddiaçı kolxozda əmək fəaliyyətinə dair arxiv arayışı təqdim etmişdir. X3 İnformasiya Sisteminin Sığorta Altı Sistemindən əldə edilmiş məlumata əsasən iddiaçının Quba Ərazi hidro-metr idarəsində (X4 müəssisəsi) 01 yanvar 2006-cı il tarixdən sonar işlədiyi dövr üzrə məcburi dövlətsosial sığorta haqları ödənilməmişdir. X4 müəssisəsinin 2006-cı il üzrə məcburi dövlət sosial sığorta ödənişlərinə dair illik hesabatlarında sığortaolunanların siyahısında iddiaçının adı aşkar olunmamışdır. Məhkəmə qərar qəbul edərkən qeyd olunan halları nəzərə almadan iddiaçının X4 müəssisəsində 2006-cı ilin yanvar, fevral, mart aylarında əmək haqqı almasını əsas götürmüş, müəssisə tərəfindən iddiaçının xeyrinə məcburi dövlət social sığorta haqqı ödənişlərinin həyata keçirilmədiyi halda həmin dövrü əsassız olaraq social sığorta stajına daxil etmişdir. Əlavə olaraq bildirilmişdir ki, iddiaçının yaşa görə pensiya hüququ xx.xx.2017-ci il tarixdə deyil, xx.xx.2019-cu il tarixdə, yəni 64 yaşında yaranır. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 27 oktyabr 2009-cu il tarixli əlavə və dəyişiklikləri ilə qüvvədə olmuş əvvəlki redaksiyasının 7-ci maddəsinə əsasən 62 yaşına çatmış kişilərin və 57 yaşına çatmış qadınların azı 12 il sığorta stajı olduqda yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2010-cu il yanvarın 1dən başlayaraq 2012-ci il yanvarın 1-dək hər il altı ay artırılır. Göstərilənlətə əsasən, yaşa görə əmək pensiyasının təyin edilməsi üçün 2012-ci ilin yanvarın 1-i tarixinə kişilərin yaş həddi 63 yaş olmuşdur. xx.xx.1995-ci il təvəllüdlü T.Yarməməmmədovun xx.xx.2017-ci ildə 62 yaşı olduğuna görə həmin tarixdən ona yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələblərinə zidd və əsassızdır.

10. İddiaçı apellyasiya şikayətinə etirazda şikayətin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

Məhkəmə icraatı iştirakçılarının izahatları

11. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehinin nümayəndəsi apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək onun təmin edilməsini xahiş etdi.

12. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı və onun nümayəndəsi məhkəməyə ünvanladığı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəni müdafiə edərək ona əmək pensiyasının xx.xx.2017-ci il tarixdən təyin edilməsi və xx.xx.2017-ci il tarixdən başlayaraq sonrakı dövr üzrə ona ödənilməmiş əmək pensiyasının birdəfəlik ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etdi.

13. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

Tətbiq edilən hüquq

14. Azərbaycan Respublikası Konstitusiyası: Maddə 38. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir.

15. “Əmək pensiyaları haqqında” Qanun: Maddə 1.0.1. əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Maddə 7. Yaşa görə əmək pensiyasının təyin edilməsi şərtləri 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. 10 mart 2017-ci il tarixli 543-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 7ci maddənin birinci hissəsində “62” rəqəmləri “63” rəqəmləri ilə, “57” rəqəmləri “60” rəqəmləri ilə, “azı 12” sözləri “fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25” sözləri ilə, mötərizədə “bu Qanunun qüvvəyə mindiyi günədək” sözləri “2017-ci il iyulun 1-dək” sözləri ilə əvəz edilmiş, 7-ci maddənin “Qeyd” hissəsi yeni redaksiyada verilmişdir. əvvəlki redaksiyada deyilirdi: Qeyd: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2010-cu il yanvarın 1-dən başlayaraq 2012-ci ilin yanvarın 1-dək, qadınların yaş həddi 2010-cu ilin yanvarın 1-dən başlayaraq 2016-cı ilin yanvarın 1-dək hər il altı ay artırılır. Maddə 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Maddə 32. Əmək pensiyasının təyin edilməsi müddətləri 32.1.Yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir 32.1-1. Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir.

16. İnzibati Prosessual Məcəllə: Maddə 1.1. Bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin (bundan sonra - inzibati mübahisələr) məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Maddə 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 69.4. Məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Cavabdehin iddianı qəbul etdiyi hallarda, qərarın əsaslandırma hissəsində yalnız iddianın cavabdeh tərəfindən qəbul edildiyi onun məhkəmə tərəfindən təsdiq olunduğu göstərilə bilər. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

17. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır.

18. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi

19. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyərək, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilərək yeni qərar qəbul edilməli, iddia rədd edilməlidir.

20. Hazırkı mübahisənin predmetini iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsindən cavabdehin imtinası təşkil edir. Cavabdehin imtinasında “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən, tələb olunan 25 il sosial sığorta stajı və ya fərdi hesabın sığorta hissəsində 23040 manat pensiya kapitalı olmadığı üçün ona yaşa görə əmək pensiyası təyin edilməsindən əsaslı olaraq imtina edilmişdir.

21. İşə apellyasiya qaydasında baxılarkən müəyyən edilmişdir ki, cavabdeh inzibati orqan tərəfindən artıq iddiaçıya yaşa görə əmək pensiyası təyin edilmişdir. Belə ki, Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının iddiaçıya ünvanladığı xx.xx.2022-ci il tarixli, **********0 saylı məktubdan görünür ki, təqdim edilmiş sənədlərin surətlərinə əsasən xx.xx.2006-cı il tarixinə kimi 24 il 5 ay sığorta stajına və xx.xx.2006-cı il tarixindən xx.xx.2006-cı il tarixinədək fərdi hesabın sığorta hissəsində qeydə alınmış 114,71 manat pensiya kapitalına uyğun olaraq iddiaçıya xx.xx.2019-cu il tarixindən xx.xx.2019-cu il tarixinədək 160,00 manat, xx.xx.2019-cu il tarixindən xx.xx.2019-cu il tarixinədək 200,00 manat, xx.xx.2020-ci il tarixindən xx.xx.2020-ci il tarixinədək 233,20 manat, xx.xx.2021-ciil tarixindən xx.xx.2021-ci il tarixinədək 259,78 manat, xx.xx.2022-ci il tarixindən 268,61 manat məbləğində yaşa görə əmək pensiyası təyin olunmuşdur. Keçmiş dövr üzrə (xx.xx.2019-cu il tarixindən) hesablanmış fərq məbləği cari pensiyanın üzərinə əlavə edilməklə növbəti aylarda ödəniləcəkdir.

22. İddiaçı qeyd edilən hala istinad etməklə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək iddia tələbinin həcminin azaldılmaqla ona əmək pensiyasının xx.xx.2017-ci il tarixdən təyin edilməsi və xx.xx.2017-ci il tarixdən başlayaraq sonrakı dövr üzrə ona ödənilməmiş əmək pensiyasının birdəfəlik ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

23. Məhkəmə kollegiyası iddianın dəyişdirilməsi barədə ərizənin icraata qəbulu ilə əlaqədar qeyd edir ki, İPM-in 13-cü maddəsinə əsasən, məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur.

24. “Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 sentyabr 2014-cü il tarixli qərarına əsasən, Konstitusiya Məhkəməsinin Plenumu inzibati icraatın spesifik xüsusiyyətlərinə əsaslanaraq, İPM-in 13-cü maddəsində nəzərdə tutulan məhkəmənin qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılması, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsi, natamam faktiki məlumatların tamamlanması, işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunması ilə bağlı proses iştirakçılarına yardım etməsini müəyyən edən müddəaların inzibati apellyasiya icraatında tətbiqini istisna etmir. Lakin həmin maddənin “yanlış iddia növlərinin münasibləri ilə əvəz olunması” müddəasının inzibati apellyasiya icraatında tətbiq edilməsi isə yol verilməzdir.

25. Məhkəmə kollegiyası ərizədə edilən dəyişikliyin iddianın növünə təsir etmədiyini nəzərə alaraq, ərizəni məhkəmənin icraatına qəbul edilməsini məqsədəuyğun hesab etmişdir.

26. İddiaçıya arıtq yaşa görə əmək pensiyasının təyin edilməsini və bu səbəbdən də iddiaçı tərəfindən iddia tələbinin həcminin azaldırlmasını nəzərə alan məhkəmə kollegiyası iddiaçının dəqiqləşdirilmiş tələbinə dair qeyd edir ki, bu qərarın 15-ci bəndində istinad edilən “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə və həmin maddənin qeyd hissəsinin iddiaçının ona 62 yaşından pensiya təyin edilməsini tələb etdiyi xx.xx.2017-ci il tarixdə qüvvədə olan redaksiyasına əsasən kişilərin yaş həddi 62 yaş deyil, 63 yaş olmuşdur. Həmin maddəyə sonradan edilmiş müvafiq dəyişikliklərə əsasən isə iddiaçının yaşa görə əmək pensiyası hüququ xx.xx.2019-cu il tarixdə, yəni onun 64 yaşı tamam olduqdan sonra yaranmışdır ki, cavabdeh inzibati orqan da iddiaçıya məhz həmin tarixdən pensiya təyin etmişdir. Bu səbəbdən birinci instansiya məhkəməsinin iddiaçıya 62 yaşı tamam olduğu xx.xx.2017-ci il tarixdən pensiya təyin edilməsi barədə gəldiyi nəticə qanuni olmamışdır.

27. İddiaçının iddia ərizəsinə dəqiqləşmədə qeyd etdiyi sonrakı dövr üzrə ona ödənilməmiş əmək pensiyasının birdəfəlik ödənilməsi tələbinə münasibətdə kollegiya qeyd edir ki, “Əmək pensiyaları haqqında” Qanunun 32.1.1-ci maddəsinə əsasən ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Cavabdehin xx.xx.2022-ci il tarixli məktubunda da iddiaçıya keçmiş dövr üzrə (xx.xx.2019-cu il tarixindən) hesablanmış fərq məbləğinin cari pensiyanın üzərinə əlavə edilməklə növbəti aylarda ödəniləcəyi bildirilmişdir. Bu səbəbdən iddiaçının ödənilməmiş əmək pensiyasının birdəfəlik ödənilməsi tələbi də əsassız olmaqla təmin edilə bilməz.

28. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qərara aldi:

Apellyasiya şikayəti təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 24 dekabr 2021-ci il tarixli, 2-1(118)-1781/2021 nömrəli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddiaçı ona əmək pensiyasının xx.xx.2017-ci il tarixdən təyin edilməsi və xx.xx.2017ci il tarixdən başlayaraq sonrakı dövr üzrə ödənilməmiş əmək pensiyasının birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası rədd edilsin. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar