Məhkəmə qərarları › İş №2-1(105)-306/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-306/2023

05.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-306/2023 05.05.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı X1 cavabdeh Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi publik hüquqi şəxsə qarşı iş üzrə (Açar sözlər: torpaq sahəsinin əvəzində ona ədalətli kompensasiya ödənilməsi, hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsinə dair iddia növü) Sədrlik edən və məruzəçi hakim X2, hakimlər Babayeva Hökümə Çingiz qızı və Məmmədov Zahid Tahir oğlundan ibarət tərkibdə, Səfərli Fidan Nuru qızının katibliyi, İddiaçının nümayəndəsi X4 iştirakı ilə, İddiaçı X1 cavabdeh Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi publik hüquqi şəxsə qarşı “Muğanlı-İsmayıllı yolunun yenidən qurulması layihəsi çərçivəsində yol tikintisinin altında qalan, Şamaxı rayon Muğanlı bələdiyyəsinin 14 sentyabr 2007-ci il tarixli qərarı ilə aldığı 0,12 ha torpaq sahəsinin əvəzində ona ədalətli kompensasiya ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin 19 dekabr 2022-ci il tarixli, 2-1(118)-2036/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə İddiaçı X3 cavabdeh Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi publik hüquqi şəxsə iddia qaldıraraq Muğanlı-İsmayıllı yolunun yenidən qurulması layihəsi çərçivəsində yol tikintisinin altında qalan, Şamaxı rayon Muğanlı bələdiyyəsinin 14 sentyabr 2007-ci il tarixli qərarı ilə aldığı 0,12 ha torpaq sahəsinin əvəzində ona ədalətli kompensasiya ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi iddia tələbi üzrə dədiqləşdirmə verərək, Muğanlı-İsmayıllı yolunun yenidən qurulması layihəsi çərçivəsinə yol tikintisinin altında qalan, İddiaçı mülkiyyətində olan Şamaxı rayonu Muğanlı kəndində yerləşən 0,12 ha torpaq sahəsinin dövlət ehtiyacları üçün alınması ilə əlaqədar olaraq 12.000 manat məbləğində kompensasiyanın ödənilməsi öhdəliyini cavabdeh Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi publik hüquqi şəxsin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Şamaxı rayonu Muğanlı Bələdiyyəsinin 14 sentyabr 2007-ci il tarixli qərarı ilə 0,12 ha torpaq sahəsi almış, aldığı torpaq sahəsində Şamaxı Muğanlı- İsmayıllı yolunun yenidən qurulması layihəsi çərçivəsində Azəravtoyol tərəfindən ağır texnikalarla yol tikintisi aparılaraq torpaq sahəsi tamamilə dağıdılmışdır. Azərbaycan Respublikasının Prezidentinə müraciət edərək Azəravtoyol tərəfindən ona heç bir kompensasiya ödənilmədiyini bildirmiş, müraciətinə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin göndərdiyi 11 oktyabr 2021-ci il tarixli cavabda həmin torpaq sahəsi üzərində hüquqları təsdiq edən və daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmiş hüquq müəyyənedici sənədləri Dövlət Agentliyinə təqdim etdikdən sonra kompensasiya tələbinə baxılacağı bildirilmişdir. Doğulduğu və hazırda yaşadığı kəndin ərazisindən bələdiyyənin qərarı ilə torpaq sahəsi almış, hüquqi dövlətin vətəndaşı olduğu üçün də hüququn aliliyinə, dövlətin qanunlarına güvənərək, bələdiyyənin qərarına etibar edərək çıxarış almağa tələsməmişdir. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi isə torpaq sahəmi tamamilə dağıtdıqdan sonra ondan reyestrdə qeydiyyatdan keçmiş sənədləri istəyir. Bəs Agentlik torpaq sahəsi üzərində hüquqları təsdiq edən və daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmiş hüquq müəyyənedici sənədlərə malik olmadan həmin ərazini niyə darmadağın edib. Agentliyin hərəkətləri tamamilə qanunsuzdur və ən azından ona ədalətli kompensasiya ödənilməlidir. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdehin iddiaya qarşı yazılı etirazında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin “Muğanlı-İsmayıllı-Qəbələ avtomobil yolunun Ağsu çayı ilə kəsişməsində yeni körpünün tikintisi” 31 iyul 2020-ci il tarixli, 2193 saylı Sərəncamı əsasında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin tərəfindən inşa edilmişdir. “Muğanlı-İsmayıllı-Qəbələ avtomobil yolunun” işləri ilə bağlı layihə tam yekunlaşdıqdan sonra, yəni 2021-cu ildə İddiaçı, ona məxsus torpaq sahəsinin Agentlik tərəfindən həyata keçirilən Muğanlı-İsmayıllı avtomobil yolunun tikinti altına düşdüyünə görə kompensasiyanın alınması ilə bağlı Agentliyə müraciət etmişdir. Ona verilmiş rəsmi cavabda göstərilmişdir ki, müraciətdə qeyd etdiyi məsələyə aydınlıq gətirilməsi üçün sözügedən torpaq sahəsi üzərində hüquqları təsdiq edən və daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmiş hüquqmüəyyənedici sənədlərin notarial qaydada təsdiq edilmiş surətlərini Agentliyinə təqdim etməyini xahiş edilmişdir. Eyni zamanda “Muğanlı-İsmayıllı-Qəbələ avtomobil yolunun” layihəsi tikintisi altına düşən vətəndaşların torpaq sahələrinin, əkililərin və tikintilərinin siyahıya almaq məqsədilə müxtəlif icra orqanlarının nümayəndəlilərindən (o cümlədən icra hakimiyyəti, bələdiyyə, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi, ƏMDK, "xxxx" MMC, notarius, və s.) ibarət olan komissiya tərtib olunmuşdur. Komissiya işçiləri tərəfindən ərazidə daşınmaz əmlaka (tikililərə, sahələrə, əkililərə) baxış keçirərək fotoşəkillər hazırlanmış və mövcud olan hər hansı əmlak qeydə alınmışdır. Lakin siyahıyaalma zamanı hazırda iddiada göstərilən torpaq sahəsi ilə bağlı heç bir məlumat aşkar olunmamışdır. Agentlik tərəfindən yolun həmin hissəsində yol tikinti işləri aparıldığı zaman iddiaçı tərəfindən heç bir sənəd və sübut təqdim olunmamışdır. Bundan əlavə “Muğanlı-İsmayıllı-Qəbələ avtomobil yolunun” layihəsi” tikintisi altina düşən vətəndaşların torpaq sahələrinin, əkililərin və tikintilərinin siyahını dəqiqləşdirmək məqsədilə Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə sorğu göndərilmişdir. Alınmış cavabda Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən həyata keçirilən “Muğanlı-İsmayıllı. avtomobil yolunun” altına düşən maneələrin siyahısında İddiaçı adına dövlət reyestrində qeydiyyata alınmış daşınmaz əmlak aşkar edilməmişdir. Beləliklə, İddiaçı topraq sahəsinə dair mülkiyyət hüququnu, onun yerləşdiyi koordinatların, qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtında dövlət reyestr xidmətində dövlət qeydiyyatına almadığından, torpaqların dövlət ehtiyacları üçün alınması ilə bağlı mülkiyyətçilərin siyahıyaalması zamanı iddiaçı alınmanın təsirinə məruz qalan şəxs kimi müəyyən edilməmişdir. Bu səbəbdən iddiaçının iddiada torpaq sahəsinin Əmlakın Dövlət Reyestri Xidmətində qeydiyyatda olmadığından Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən bu torpaq üçün kompensasiya hesablanmamış, Maliyyə Nazirliyi tərəfindən aidiyyəti üzrə vəsait ayrılmamışdır. Sumqayıt İnzibati Məhkəməsinin 19 dekabr 2022-ci il tarixli, 2-1(118)-2036/2022 nömrəli qərarı ilə iddia təmin edilərək, İddiaçı, onun mülkiyyətində olan Şamaxı rayonu Muğanlı kəndində yerləşən 0,12 ha torpaq sahəsi tikinti altına düşdüyü üçün 12.000 manat məbləğində kompensasiyanın ödənilməsi öhdəliyinin Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi publik hüquqi şəxsin üzərinə qoyulması qərara alınmışdır. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək qərarının ləğv edilməsini, apellyasiya şikayətinin təmin edilməsini və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları əhəmiyyətli dərəcədə pozulduğundan və düzgün tətbiq edilmədiyindən qərar ləğv olunmalı, iddia tələbi rədd olunmalıdır. İş materiallarından görünür ki, “Muğanlı-İsmayıllı-Qəbələ avtomobil yolunun” işləri ilə bağlı layihə tam yekunlaşdıqdan sonra, yəni 2021-cu ildə İddiaçı, ona məxsus torpaq sahəsinin Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən həyata keçirilən “Muğanlı-İsmayıllı avtomobil yolunun” tikinti altına düşdüyünə görə kompensasiyanın alınması ilə bağlı Agentliyə müraciət etmişdir. Ona verilmiş rəsmi cavabda göstərilmişdir ki, müraciətdə qeyd etdiyiniz məsələyə aydınlıq gətirilməsi üçün sözügedən torpaq sahəsi üzərində hüquqları təsdiq edən və daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmiş hüquq müəyyənedici sənədlərin notarial qaydada təsdiq edilmiş surətlərini Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə təqdim edilməyini xahiş edilmişdir. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən yolun həmin hissəsində yol tikinti işləri aparıldığı zaman iddiaçı tərəfindən heç bir sənəd və sübut təqdim olunmamışdır. Bundan əlavə “Muğanlı-İsmayıllı-Qəbələ avtomobil yolunun” layihəsi tikintisi altina düşən vətəndaşların torpaq sahələrinin, əkililərin və tikintilərinin siyahını dəqiqləşdirmək məqsədilə Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə sorğu göndərilmişdir. Alınmış cavabda Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən həyata keçirilən “Muğanlı- İsmayıllı-Qəbələ avtomobil yolunun” altına düşən maneələrin siyahısında İddiaçı adına dövlət reyestrində qeydiyyata alınmış daşınmaz əmlak aşkar edilməmişdir. Beləliklə, İddiaçı topraq sahəsinə dair mülkiyyət hüququnu, onun yerləşdiyi koordinatların, qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtında dövlət reyestr xidmətində dövlət qeydiyyatına almadığından, torpaqların dövlət ehtiyacları üçün alınması ilə bağlı mülkiyyətçilərin siyahıya alması zamanı iddiaçı alınmanın təsirinə məruz qalan şəxs kimi müəyyən edilməmişdir. Bu səbəbdən iddiaçının iddiada torpaq sahəsinin Əmlakın Dövlət Reyestri Xidmətində qeydiyyata alınmadığından Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən bu torpaq üçün kompensasiya hesablanmamış, Maliyyə Nazirliyi tərəfindən aidiyyəti üzrə vəsait ayrılmamışdır. İddiaçının iddiasında göstərilən torpaq sahəsi ilə bağlı kompensasiya tələbi əsassızdır və iddia tələbinin təmin edilməsini zəruri edən faktiki şərtlərin mövcud olduğunu təsdiq edən sübutlar iş materiallarında müəyyən edilməmişdir. Avtomobil yolunun layihələndirilməsi və tikintisi layihəsinin icrası zamanı, iddiaçı iddia ərizəsindəki göstərdiyi yolun tikintisi altına düşən torpaq sahəsi qanunla müəyyənləşdirilən qaydada dövlət qeydiyyatından keçmədiyindən və bununla bağlı həmin torpaq sahəsinə mülkiyyət, istifadə və icarə hüquqlarına malik olmadığına görə əsassız olaraq kompensasiya hesablanmışdır. Bununla yanaşı məhkəmə mübahisə olunan ərazinin situasiya planının tərtib edilməsinə cəhd göstərməmiş, mübahisəyə aydınlıq gətirilməsi və düzgün həll edilməsi üçün əraziyə yerdə naturada tərəflərin, o cümlədən mütəxəssis və ekspertlərin iştirakı ilə baxış keçirilməsinin zəruriliyini müzakirə etməmiş, kompensasiya tələb olunan torpaq sahəsinin həqiqətən iddiaçı tərəfindən istifadə olunmasının qeyri-mümkünlüyünün müəyyən edilməsi kifayət qədər ətraflı hüquqi həllini tapmamışdır. İş materiallarından görünür ki, iddiaçının mülkiyyətində olan torpaq sahəsinin həmin avtomobil yolunun layihələndirilməsi və tikintisi çərçivəsində həqiqətən tikinti altına düşüb-düşməməsi, düşərsə hansı hissədə (yola və yolun mühafizə zolağına düşən torpaq sahəsinin planı, ölçüləri və koordinatları göstərilməklə), müəyyənləşdirilməmiş və araşdırma aparılmamışdır və bununla bağlı ziddiyət aradan qaldırılmamışdır. Məhkəmə tərəfindən mübahisəli əmlak kompleksinin yerləşdiyi torpağın alınması, habelə həmin kompleksin zəbt olunması müvafiq qanunvericiliyə uyğun olaraq dövlət ehtiyacı sayılan “dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi və quraşdırılması” zərurəti ilə bağlığının olması da işin araşdırma tələb edən hallarındandır. Halbuki “Avtomobil yolları” haqqında Azərbaycan Respublikası Qanununa görə təhkim zolağı - avtomobil yolunun yerləşdirilməsi üçün ayrilmış torpaq sahələridir; qorunma (mühafizə) zolağı-təhkim zolağına hər iki tərəfdən bitişik və avtomobil yolları üçün ayrılmış, xüsusi istifadə rejimi olan torpaq sahələridir (1-ci maddə). Hamim Qanunun 15-1-ci maddəsinə görə Yaşayış məntəqələrinin hüdudlarında yerləşən avtomobil yolları istisna olmaqla, ümumi istifadədə olan avtomobil yolları üçün qorunma (mühafizə) zolaqları müəyyən edilir. Avtomobil yollarının qorunma (mühafizə) zolaqları avtomobil yolları üçün ayrılmış torpaq sahəsinin tərkib hissəsi olmaqla, avtomobil yolunun mühafizəsi, perspektiv inkişafı, təmiri, yenidən qurulması, saxlanılması üçün nəzərdə tutulmuş, habelə yolkənarı xidmət obyektlərinin yerləşdiyi ərazini əhatə edir. Dövlət mülkiyyətində olan avtomobil yollarının qorunma (mühafizə) zolaqlarının ölçüləri avtomobil yollarının təsnifat göstəriciləri, perspektiv inkişafı və konkret şərait nəzərə alınmaqla, müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Beləliklə, birinci instansiya məhkəməsi isə qeyd edilən hallara əhəmiyyət verməmiş, iddianı təmin etməklə kifayətlənmiş və bununla qanunvericiliyin müvafiq normalarının tələbləri də yerinə yetirilməmişdir. Göründüyü kimi birinci instansiya məhkəməsi iddiaçıya məxsus torpağın alınması ilə əlaqədar yolun həmin hissəsində tikililərin mövcud olub-olmadığını, heç bir sənədlə təhlil etməmiş, heç bir fotoşəkil olmadan müəyyən etməmiş, habelə mübahisəli ərazinin yerinə baxış keçirmədən qərar qəbul etmişdir. Beləliklə, birinci instansiya məhkəməsi isə qeyd edilən hallara əhəmiyyət verməmiş, iş materiallarında olan natamam sübutları mötəbər sübut kimi qəbul etməklə iddianı təmin etməklə kifayətlənmişdir və bununla qanunvericiliyin müvafiq normalarının tələbləri də yerinə yetirilməmişdir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak etmiş iddiaçının nümayəndəsi X6 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq iş üzrə cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 2.2.7. İnzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Maddə 29-1. İnzibati məhkəmə icraatında məhkəmə ekspertizası ilə bağlı məsələlərin tənzimlənməsində Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müvafiq müddəaları tətbiq olunur. Maddə 58.1. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Maddə 80.1. Bu Məcəlləyə əsasən barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını 87.7.1-ci maddəsininin tələbinə görə inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi: Maddə 70. Azərbaycan Respublikasında torpaqların dövlət ehtiyacları üçün alınması, bununla bağlı kompensasiyanın məbləğinin hesablanması və ödənilməsi qaydaları, habelə bu sahədə tərəflər arasında yaranan digər münasibətlər “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun Maddə. 1.1.1. alınma — dövlət ehtiyacları üçün bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaq (onun müəyyən hissəsi) üzərində mülkiyyət, istifadə və icarə hüquqlarına, bu torpaqdan istifadəyə dair müəyyən edilmiş yüklülüklər (məhdudiyyətlər) də daxil olmaqla xitam verilməsi yolu ilə həmin torpağın (onun müəyyən hissəsinin) mülkiyyətçidən könüllü və ya məcburi qaydada əvəzi ödənilməklə dövlət tərəfindən satın alınması, həmçinin istifadədə və (və ya) icarədə olan dövlət torpaqlarının müvafiq kompensasiya ödənilməklə istifadəçidən və ya icarəçidən geri alınması kimi başa düşülür. Maddə 1.1.2. torpaq- mülkiyyətdə olan, üzərində istifadə və icarə kimi hüquqların, habelə torpaq sahəsindən istifadəyə dair yüklülüklərin (məhdudiyyətlərin) mövcud olduğu və ya olmadığı torpaq sahələri, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlər başa düşülür. Maddə 1.1.4. alınmanın təsirinə məruz qalan torpaq — bu Qanunun 18-ci maddəsinə uyğun olaraq torpağın alınması ilə bağlı təklifə daxil edilməsi məqsədi ilə alan orqan tərəfindən müəyyən edilən torpaq; Maddə 1.1.5. alınan torpaq — bu Qanunun 19-cu maddəsinə uyğun olaraq dövlət ehtiyacları üçün alınması barədə müvafiq qərar qəbul edilmiş torpaq; Maddə 1.1.6. kompensasiya — bu Qanuna əsasən torpaqların alınması və ya torpağa dair hüquqları ilə bağlı alınmanın təsirinə məruz qalan şəxslərə verilən, pul, əmlak və ya digər formada ifadə olunan əvəz; Maddə 3.1.1 Dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin (magistral neft və qaz boru kəmərlərinin, kanalizasiya, yüksək gərginlikli elektrik xətlərinin, hidrotexniki qurğuların) çəkilməsi və quraşdırılması Bu Qanuna əsasən torpağın alına biləcəyi dövlət ehtiyacları kimi qeyd edilmişdir. Maddə 4.1. Bu Qanunun 3-cü maddəsinə uyğun olaraq dövlət ehtiyacları üçün tələb olunan hər hansı torpaq və ya paylı mülkiyyətdə olan torpaqda müvafiq pay (paylar) mülkiyyətçi (mülkiyyətçilər) ilə razılaşma əsasında, belə razılıq əldə edilmədikdə isə, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında məcburi qaydada dövlət tərəfindən kompensasiya ödənilməklə bu Qanuna uyğun olaraq alına bilər. Maddə 5.1.1. İstifadədə, icarədə olmasından və torpaq sahəsindən istifadəyə dair müəyyən edilmiş yüklülüklərdən (məhdudiyyətlərdən) asılı olmayaraq xüsusi mülkiyyətdə olan torpaqlar bu Qanuna uyğun olaraq dövlət ehtiyacları üçün alına bilər. Maddə 7.3 Bu Qanunun 7.1-ci maddəsi nəzərə alınmaqla, həmçinin bu Qanunun 11-ci maddəsinin müddəalarına əməl etmək şərti ilə aşağıdakılar da alınmanın təsirinə məruz qalan şəxslər hesab edilirlər: 7.3.1. torpaqla bağlı dövlət qeydiyyatına alınmış mülkiyyət, istifadə və ya icarə hüquqları olan, habelə qanunvericiliklə dövlət qeydiyyatı tələb olunmayan qanunauyğun istifadə və ya icarə hüquqları olan şəxslər; 7.3.2. siyahıya alma dövründə yazılı sənədlərlə təsdiq edilən torpaqla bağlı qanuni, lakin dövlət qeydiyyatına alınmamış mülkiyyət, istifadə və ya icarə hüquqları olan şəxslər (Bu Qanun qüvvəyə minənədək torpaq üzərində mülkiyyət, icarə və ya istifadə hüquqlarının əmələ gəlməsi üçün əsas olan dövlət orqanının və bələdiyyənin aktlarının və müqavilənin qanunvericiliyin tələblərinə riayət etməməklə qəbul edilməsi və ya bağlanması şəxsin torpaqla bağlı hüquqlarının qanunsuz hesab edilməsi üçün əsas ola bilməz); Maddə 14.2. Bu Qanunun 14.1-ci maddəsində nəzərdə tutulmuş tədbirlər nəticəsində torpağa dəyən zərərə görə torpağın mülkiyyətçisinə, istifadəçisinə və icarəçisinə müvafiq kompensasiya ödənilir. Maddə 54.1. Alınmanın təsirinə məruz qalan bütün şəxslərə torpaqlarının alınması əvəzində, yaxud torpağa dair digər hüquqları ilə bağlı bu Qanuna uyğun olaraq ədalətli kompensasiya ödənilməlidir. Maddə 54.2. Kompensasiya alınmanın təsirinə məruz qalan şəxslərə torpağın alınmasını zəruri edən layihənin hesabına ödənilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Apellyasiya instansiya məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası tərəfin izahatını, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli və iş yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər (maddə 12.2). Həmin Məcəllənin tələblərinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır (İPM-nin 58.7 və 68.2-ci maddələri). Göründüyü kimi məhkəmə tərəflərin təqdim etdikləri sübutlarla kifayətlənməməli, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün halları araşdırmalıdır. Başqa sözlə, inzibati icraat və proses hüququnun konsepsiyasına görə inzibati məhkəmə inzibati orqanın əvəzinə icraat aparmaq öhdəliyi daşımır, məhkəmə ona təqdim olunmuş icraat materiallarını (inzibati icraat materialları və ya işi) əsasında inzibati orqanın qəbul etdiyi qərarın qanunauyğunluğunu məhkəmə nəzarəti qaydasında yoxlayır. Bu zaman məhkəmə tərəfindən iş üzrə düzgün və qanunauyğun qərarın qəbulu üçün əlavə araşdırmanın aparılması zərurətinin yaranması mümkündür və belə hallarda məhkəmə də İPM-nin 12-ci maddəsinin tələblərinə uyğun davranmağa və tələb olunan həcmdə əlavə araşdırma aparmağa borcludur. Qeyd olunmalıdır ki, hazırki inzibati iş ürzə mübahisə predmetini müvafiq torpaq sahəsinin yol tikintisi altında qalması əsası ilə kompensasiya ödənilməsi ilə bağlı tələb təşkil edir. Həmçinin, qeyd olunmalıdır ki, indiki halda iddia tələbinin əsaslılığının yoxlanılması üçün bir sıra iş üçün mühüm əhəmiyyət kəsb edən, işin nəticəsinə birbaşa təsir edən və araşdırılmalı olan hallar mövcud olduğu halda, həmin hallar birinci instansiya məhkəməsi tərəfindən öz xidməti vəzifəsinə uyğun olaraq araşdırılmamışdır. Belə ki, məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisə predmeti olan müvafiq torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədlərin mövcud olub-olmaması, habelə iddiaçının həmin torpaq sahəsinin mülkiyyətçisi və qanuni sahibi qismində çıxış etməsi ilə bağlı hansı əsasların olub-olmamasını (qanuni gözlənti hüququna malik olub-olmaması halı) ümumiyyətlə araşdırılmamış, iddiaçı tərəfin təqdim etdiyi sənədlər tədqiq edilməmiş və bununla bağlı araşdırma aparılmamışdır. Halbuki, qeyd edilən halın araşdırılması məhz iddiaçının hazırki iddia tələbinin irəli sürməsinə dair subyektiv hüququnun mövcud olubolmamasının müəyyən edilməsi baxımından zəruri olmaqla, iddianın mümkünlük şərtinin də yoxlanılmasına təsir etmişdir. Buna baxmayaraq, birinci instansiya məhkəməsi tərəfindən həmin hallar araşdırılmamışdır. Bundan əlavə, hazırki inzibati iş üzrə birinci instansiya məhkəməsi tərəfindən mübahisə predmeti olan torpaq sahəsinin həqiqətən həmin avtomobil yolunun layihələndirilməsi və tikintisi çərçivəsində tikinti altına düşüb-düşməməsi, düşdüyü halda hansı hissədə tikinti altına düşməsi halı araşdırılmamış, bununla bağlı tərəflərin iştirakı ilə müzakirə aparılmamış, ekspertiza keçirilməsi və ya mütəxəssis rəyinin alınması istiqamətində heç bir araşdırma aparılmamışdır. Halbuki Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 64.1-ci maddəsinə əsasən işə baxılarkən məhkəməyə kömək etmək üçün zəruri texniki, digər bilik və düşüncəyə malik olan şəxs məhkəmədə mütəxəssis qismində çıxış edə bilər. Həmin Məcəllənin 97.1-ci maddəsinə görə işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. İşə təkrar baxan birinci instansiya məhkəməsi məhkəmə kollegiyasının hazırki iş üzrə hüquqi mövqeyini nəzərə almaqla, yuxarıda qeyd olunan halları araşdırmalı, bu çərçivədə müvafiq sənədləri tələb etməli, həmçinin, həmin sənədləri işin halları baxımından iş üzrə digər sübutlarla birlikdə İPM-nin 12-ci maddəsinin tələblərinə riayət etməklə qiymət verməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.9-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. Beləliklə, məhkəmə kollegiyası yuxarıda qeyd olunan normalara istinad edərək, qeyd olunan səbəbləri əsas götürərək, hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli və iş yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Nəticəvi hissə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 19 dekabr 2022-ci il tarixli, 2-1(118)-2036/2022 nömrəli qərarı ləğv edilsin. İddiaçı X1 cavabdeh Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi publik hüquqi şəxsə qarşı “mülkiyyətində olan Şamaxı rayonu, Muğanlı kəndində yerləşən 0,12 ha torpaq sahəsinin dövlət ehtiyacları üçün alınması ilə əlaqədar olaraq 12000 manat kompensasiya ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş yenidən baxılması üçün Sumqayıt İnzibati Məhkəməsinə göndərilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar