Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-306/2024 16.10.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayeva Hökümə Çingiz qızı (sədrlik edən və məruzəçi), Quliyev İsmayıl Rza oğlu və X1 ibarət tərkibdə, X4 qızının katibliyi, İddiaçı və iddiaçının vəkili Vəkil1, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “qərarların ləğv edilməsi və əmək pensiyasının dayandırıldığı vaxtdan bərpa edilməsi” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 15 noyabr 2023-cü il tarixli, 2-1(118)-3164/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ İddiaçı xx.xx.1951-ci il təvəllüdlüdür (AZE seriyalı, 0******* saylı şəxsiyyət vəsiqəsi). Dövlət Sosial Müdafiə Fondunun Sumqayıt şəhər şöbəsi tərəfindən İddiaçı 52 yaşından - xx.xx.2003-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X5 Şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən İddiaçı xx.xx.2023-cü il tarixli, 3-17-1/2-Q-82049/2023 nömrəli məktub göndərilərək bildirilmişdir ki, ona vaxtilə əmək pensiyası təyinatı aparılarkən əsas götürülmüş halların pensiya qanunvericiliyinin tələblərinə uyğunluğu araşdırılmışdır. Araşdırma zamanı, pensiya təyin edilərkən təqdim olunmuş “Azərboru" ASC-nin 14 aprel 2003-cü il tarixli, 18- 31 nömrəli və 18-49 nömrəli arayışlarında xx.xx.1989-xx.xx.1998-ci il tarixləri arasındakı dövr ərzində həmin müəssisədə işlədiyi qeyd olunmuşdur. Bununla əlaqədar olaraq Mərkəzi Filialın aidiyyəti mütəxəssisləri tərəfindən iddiaçının iş stajına aid məlumatların yerində dəqiqləşdirilməsi zamanı, adıçəkilən müəssisədə saxlanılan ona dair əmək haqqı cədvəllərində 1994-1998-ci illər üzrə əmək haqqı ödənişlərinin olmadığı, həmin illərdə haqqı ödənilmədən öz hesabına məzuniyyətdə olduğu müəyyən edilmişdir. Bu fakt "xxxx" ASC tərəfindən birgə aktla təsdiq edilmişdir. Bu səbəbdən də həmin illəri iş stajına daxil etmək mümkün olmadığından onun güzəştli iş stajı 10 ildən az (9 il 3 ay 12 gün) təşkil edir. Göstərilən uyğunsuzluğa baxmayaraq, İddiaçı xx.xx.2003-cü il tarixindən Fondun Sumqayıt şəhər şöbəsi tərəfindən qanunvericiliyə zidd olaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Qeyd edilənlər nəzərə alınaraq, inzibati icraatın keçirilməsi zərurəti yaranmış və bununla əlaqədar İddiaçı mülahizələrinin dinlənilməsi üçün 26 aprel 2023-cü il tarixədək X3 Mərkəzinə dəvət olunmuşdur. Daha sonra İddiaçı 26 aprel 2023-cü il tarixədək Mərkəzi Filiala gəlmiş, ona məktubda qeyd olunan məsələ ilə bağlı ətraflı məlumat verilmiş, onun mülahizələri dinlənilmiş və bununla bağlı 26 aprel 2023-cü il tarixində akt tərtib edilmişdir. Bundan sonra Dövlət Sosial Müdafiə X5 şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi fililalının xx.xx.2023-cü il tarixli, 3-17-1/3-3-9158/2023 nömrəli “Əmək pensiyasının yenidən hesablanması haqqında” qərarı ilə İddiaçı xx.xx.2003-cü il tarixdən təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyası həmin tarixdən dayandırılmış, həmin tarixli, 3- 17-1/3-3-9163/2023 nömrəli “Əmək pensiyasının təyin edilməsi haqqında qərarın ləğv edilməsi barədə” qərarı ilə isə pensiyanın təyin edilməsi barədə qərar ləğv edilmişdir. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək cavabdehin ona münasibətdə qəbul etdiyi “Əmək pensiyasının dayandırılması haqqında” xx.xx.2023-cü il tarixli, 3-17-1/3-3-9158/2023 nömrəli və “Əmək pensiyasının təyin edilməsi haqqında qərarın ləğv edilməsi barədə” xx.xx.2023-cü il tarixli, 3-17-1/3-3- 9163/2023 nömrəli qərarlarının ləğv edilməklə, ona güzəştli şərtlərlə yaşa görə təyin edilmiş əmək pensiyasının dayandırıldığı vaxtdan, yəni 26 aprel 2023-cü il tarixdən bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1951-ci ildə anadan olmuş və iddiaçının güzəştli şərtlərlə əmək pensyasına çıxmağı üçün yetərli əmək stajının olması nəzərə alınaraq 2003-cü ildə bu əsaslarla pensiyaya çıxmışdır. Lakin iddiaçıya güzəştli şərtlərlə əmək pensiyasının təyin olunmasından 20 il sonra, yəni xx.xx.2023-cü ildə pensiyanın verilməsi dayandırılmışdır. Bununla bağlı iddiaçı cavabdeh təşkilata müraciət etdikdə bildirilmişdir ki, iddiaçı güzəştli şərtlərlə əmək pensiyası təyin olunarkən 1989- 1998-ci illər də həmin staja daxil edilmiş, lakin sonradan müəyyən olunmuşdur ki, 1994- 1998-ci illərdə o, öz hesabına məzuniyyətdə olduğu üçün həmin dövr bu stajdan çıxıldıqda iddiaçının güzəştli stajı 9 il 3 ay 12 gün təşkil edir ki, bu da qeyd olunan əsasla pensiyaya çıxmağına əsas vermir. Cavabdeh bu arqument əsasında iddiaçı ünvanladığı xx.xx.2023cü il tarixli məktubla pensiyanın bərpasından imtina etmişdir. Cavabdehin bu imtinası tam əsassızdır, belə ki, iddiaçının 20 ildən artıq ümumi əmək stajı vardır ki, bunun da 10 ildən də artıq hissəsi ən zərərli (1-ci siyahı) iş sahəsi hesab olunur. Cavabdeh iddiaçının 1994- 1998-ci illərdə öz hesabına məzuniyyətdə olduğunu göstərir və bunu işlədiyi müəssisəsi ilə tərtib olunan akta istinadən bildirir. Halbuki, həmin illərdə iddiaçının işlədiyi ayları da nəzərə almamışdır. Bundan başqa iddiaçının bu müəssisədə işlədiyi müddət üzrə düzgün hesablama aparımamaqla onu güzəştli əsaslarla əmək pensiyası almaq hüququndan məhrum etmişdir. İddiaçı pensiyasnını kəsiləcəyi barədə əvvəldən xəbərdar edilməmiş, ona hər hansı formada məlumat verilməmişdir. Pensiyanı ala bilməyib cavabdehə müraciət etdikdə pensiyanın dayandırılması, daha sonra isə ümumiyyətlə, ləğv edilməsi barədə qərarlar qəbul edildiyindən xəbərdar olmuşdur. Cavabdeh iddia tələbinə yazılı etiraz təqdim edərək etirazı iddiaçıya ünvanlanmış xx.xx.2023-cü il tarixli, 3-17-1/2-Q-82049/2023 nömrəli məktubla eyni məzmunda əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, iddiaçıya xx.xx.2020-xx.xx.2023-cü il tarixləri arasındakı dövr ərzində ümumilikdə 69881,71 manat artıq pul vəsaitinin büdcəyə qaytarılması Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filiala tapşırılmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin 15 noyabr 2023-cü il tarixli, 2-1(118)-3164/2023 nömrəli qərarı ilə iddia tələbi təmin edilmiş, cavabdeh tərəfindən qəbul edilmiş “Əmək pensiyasının təyin edilməsi haqqında qərarın ləğv edilməsi barədə” xx.xx.2023-cü il tarixli 3-17-1/3-3- 9183/2023 saylı və “Əmək pensiyasının dayandırılması haqqında” xx.xx.2023cü il tarixli 3-17-1/3-3-9158/2023 saylı qərarlar ləğv edilmiş, iddiaçıya təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının dayandırıldığı vaxtdan, yəni 26 aprel 2023-cü il tarxidən bərpa edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur (hakim Vəfa Əzizova). Məhkəmə qərarını onunla əsaslandırmışdır ki, cavabdeh inzibati orqan iddiaçıya əmək pensiyasının təyin edilməsini düzgün olmadığını müəyyən etsə belə, qanunvericilikdə təsbit edilmiş qaydada inzibati icraatı aparmadan, yəni iddiaçının iştirakı olmadan, məlumat verilmədən ona təyin olunmuş əmək pensiyasının ləğv edilməsi barədə qərar qəbul etməkdə haqlı olmamışdır. Bundan başqa nəzərə alınmalıdır ki, "xxxx" ASC öz cavab məktublarında müəssisənin arxiv hissəsinin bir hissəsinin sənədlərinin məhv olması səbəbindən 1995-ci ildən sonrakı dövr üzrə İddiaçı əmək fəaliyyəti müddəti, eləcə də onun ödənişsiz məzuniyyətdə olduğu müddəti barədə dəqiq müəyyən edilməsinin mümkün olmadığını bildirmişdir. Belə olan halda bu halın iddiaçının ziyanına təfsir edilməsi və bu əsasla iddiaçının pensiyasının ləğv ediməsi (dayandırılması) qanunsuz hesab edilməlidir. Həmin qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini imtina məktubu və iddia ərizəsinə etirazla eyni məzmunda əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, tərəflərindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun tələblərinə əməl olunmuş və hər hansı qanun pozuntusuna yol verilməmişdir. Lakin, birinci instansiya məhkəməsi hesab etmişdir ki, cavabdeh qanunvericilikdə təsbit edilmiş qaydada inzibati icraatı aparmadan, yəni iddiaçının iştirakı olmadan, məlumat verilmədən ona təyin olunmuş əmək pensiyasını ləğv etmişdir. Halbuki, iddiaçı Mərkəzi Filiala gəlmiş, mülahizələri dinlənilmiş və barəsində akt tərtib edilmişdir. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir Apellyasiya instansiya məhkəməsində icraat zamanı iddiaçı müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizə ilə məhkəməyə müraciət edərək, hazırki işə baxılıb yekun məhkəmə aktı qəbul edilənə qədər cavabdehin “Əmək pensiyasının dayandırılması haqqında” xx.xx.2023-cü il tarixli, 3-17-1/3-3-9158/2023 nömrəli və “Əmək pensiyasının təyin edilməsi haqqında qərarın ləğv edilməsi barədə” xx.xx.2023-cü il tarixli, 3-17-1/3-3- 9163/2023 nömrəli qərarlarının icrasının dayandırılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 19 mart 2024-cü il tarixli, 2-1(105)-306/2024 nömrəli qərardadı ilə ərizə təmin edilmiş, hazırkı iş üzrə yekun məhkəmə aktı qanuni qüvvəyə minənədək cavabdeh Dövlət Sosial Müdafiə X5 şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi fililalının xx.xx.2023-cü il tarixli, 3-17-1/3-3- 9158/2023 nömrəli “Əmək pensiyasının dayandırılması haqqında” və xx.xx.2023-cü il tarixli, 3-17-1/3-3-9163/2023 nömrəli “Əmək pensiyasının təyin edilməsi haqqında qərarın ləğv edilməsi barədə” qərarlarının icrası dayandırılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 25 iyun 2024-cü il tarixli, 2-1(102)-2051/2024 nömrəli qərardadı ilə apellyasiya məhkəməsinin qərardadından cavabdeh tərəfindən verilmiş şikayət üzrə kassasiya mümkün sayılmamış və şikayətin qəbulundan imtina edilmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı və onun vəkili apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək iddia ərizəsi ilə eyni məzmunda izahat verərək şikayətin təmin edilməməsini xahiş etmişdilər. TƏTBİQ EDİLƏN HÜQUQ: Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır. ... İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 7. Yaşa görə əmək pensiyasının təyin edilməsi şərtləri 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Maddə 9. Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər. 9.1. Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 9.8 Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanun: 13-cü maddəsinin “a” bəndi yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə kişilər—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa, qadınlar—45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. “İnzibati icraat haqqında” Qanun: Maddə 67. Qanunsuz inzibati aktın ləğv olunması 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan subordinasiya baxımından yuxarı inzibati orqan və ya qanunla şikayətə baxmaq səlahiyyətinə malik olan müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər. APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ Apellyasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Şikayət qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verildiyindən onun mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyərək, iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Bu səbəbdən, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yaranmış mübahisə ilə bağlı kollegiya aşağıdakıları qeyd edir: İşdən görünür ki, iddiaçıya 52 yaşından (1 nömrəli siyahı üzrə) - xx.xx.2003-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Daha sonra cavabdeh tərəfindən iddiaçının həmin dövrdə qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olaraq azı 10 il güzəştli iş stajının olmadığı hesab edildiyindən onun əmək pensiyası əvvəlcə dayandırılmış, bundan sonra isə ləğv edilmiş və bu barədə müvafiq qərarlar qəbul edilmişdir. Cavabdeh bununla bağlı hərəkətlərini onunla əsaslandırır ki, “Azərboru" ASC-nin 14 aprel 2003-cü il tarixli, 18-31 nömrəli və 18-49 nömrəli arayışlarında iddiaçının xx.xx.1989xx.xx.1998-ci il tarixləri arasındakı dövr ərzində həmin müəssisədə işlədiyi qeyd olunduğu halda, onun iş stajına aid məlumatların yerində dəqiqləşdirilməsi zamanı, adıçəkilən müəssisədə saxlanılan ona dair əmək haqqı cədvəllərində 1994-1998-ci illər üzrə əmək haqqı ödənişlərinin olmadığı, həmin illərdə haqqı ödənilmədən öz hesabına məzuniyyətdə olduğu müəyyən edilmişdir. Bu səbəbdən də həmin illəri iş stajına daxil etmək mümkün olmadığından iddiaçının güzəştli iş stajı 10 ildən az (9 il 3 ay 12 gün) təşkil edir. Birinci instansiya məhkəməsi cavabdeh tərəfindən qanunvericilikdə təsbit edilmiş qaydada inzibati icraatın aparılmadığı əsası ilə iddianı təmin etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan məhkəmənin mövqeyi əsaslı olmasa da, iş üzrə gəldiyi nəticə düzgündür. Belə ki, məhkəmə cavabdeh tərəfinən tərəfindən inzibati icraatın aparılmadığını qeyd etsə də, işdən görünür ki, iddiaçı ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə əsas olmuş halların araşdırılması ilə əlaqədar mülahizələrinin dinlənilməsi üçün cavabdeh orqana çağırılmış, iddiaçı cavabdeh orqana gələrək ona əmək pensiyasının dayandırılmasına səbəb olmuş hallarla bağlı ətraflı məlumat verilmiş, onun mülahizələri dinlənilmiş və bununla bağlı 26 aprel 2023-cü il tarixində akt tərtib edilmişdir. Göründüyü kimi hazırkı iş üzrə cavabdeh orqan tərəfindən “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğun olaraq inzibati icraat aparılmışdır. Bununla belə, kollegiya hesab edir ki, iddiaçının əmək pensiyasının dayandırılması və ləğv edilməsinə dair cavabdehin qərarlarının qanunsuzluğu aşağıdakılardan irəli gəlir. Belə ki, iddiaçıya məxsus ПT-İİ seriyalı, ******* nömrəli əmək kitabçasında onun xx.xx.1989-xx.xx.1998-ci il tarixləri arasındakı dövr ərzində Azərbaycan Boru Zavodunda (hazırki "xxxx" ASC) işlədiyi müəyyən olunur. "xxxx" ASC-də qarşılıqlı yoxlama zamanı cavabdeh orqan tərəfindən 10 mart 2023cü il tarixdə tərtib olunan aktda iddiaçının 1994-1998-ci illərdə öz hesabına ödənişsiz məzuniyyətdə olduğunun müəyyən edildiyi göstərilmiş və sözügedən akt ASC-nin hərbi uçot və arxiv sənədləri üzrə mütəxəssisi tərəfindən imzalanmışdır. Lakin, "xxxx" ASC tərəfindən iddiaçı tərəfə və birinci instansiya məhkəməsinə ünvanlanmış 18 may və 23 oktyabr 2023-cü il tarixli məktublarda qeyd edilmişdir ki, müəssisənin arxiv sənədlərinə əsasən iddiaçı xx.xx.1989-cu il tarixdə Marten sexinin poladəridən peşəsinə işə qəbul edilmiş və xx.xx.1998-ci il tarixdə öz xahişi ilə işdən azad olunmuşdur. İşçinin şəxsi T-2 kartına əsasən o, xx.xx.1989-cu il tarixindən xx.xx.1995-ci il tarixinədək tam əmək fəaliyyəti ilə məşğul olmuşdur. Lakin, "xxxx" ASC-nin arxiv sənədlərinin bir hissəsinin məhv olması səbəbindən onun xx.xx.1995-ci il tarixindən sonrakı dövr üzrə əmək fəaliyyətinin müddətinin, eləcə də ödənişsiz məzuniyyətdə olduğu müddətin dəqiq müəyyən edilməsi mümkün olmamışdır. Göründüyü kimi "xxxx" ASC-nin 18 may və 23 oktyabr 2023-cü il tarixli məktublarında müəssisənin arxiv sənədlərinin bir hissəsinin məhv olması ilə əlaqədar iddiaçının ödənişsiz məzuniyyətdə olduğu müddətin dəqiq müəyyən edilməsinin mümkün olmadığı bildirilsə də, iddiaçının 1994-1998-ci illərdə öz hesabına ödənişsiz məzuniyyətdə olduğunun müəyyən edildiyi göstərilən 10 mart 2023-cü il tarixli aktda qeyd edilənlər müəssisənin mütəxəssisi tərəfindən imza ilə təsdiq edilmişdir. Bu baxımdan, məhkəmə kollegiyası tərəfindən qeyd olunan ziddiyyətlə bağlı, eləcə də, iddiaçının 1994-1998-ci illərdə ödənişsiz məzuniyyətdə olub-olmaması barədə məlumat əldə etmək məqsədilə həmin müəssisəyə sorğu verilmişdir. Kollegiyanın sorğusuna cavab olaraq "xxxx" ASC 09 aprel 2024-cü il tarixli məktubunda bildirmişdir ki, cavabdeh orqan tərəfindən tərtib edilmiş qarşılıqlı yoxlama aktında iddiaçıya 1994-cü ildən 1998-ci ilədək olan müddətdə əmək haqqı hesablanması barədə sənədlərin aşkar olunmamasının səbəbi onun ödənişsiz məzuniyyətdə olması deyil, müəssisənin arxiv sənədlərinin bir hissəsinin məhv olması olmuşdur. İddiaçının 1994-1995-ci illərdə işləməsi və həmin illərə görə əmək məzuniyyətindən istifadə etməsi barədə T-2 kartının 4-cü məzuniyyət bölməsində müvafiq qeydlər vardır. Birinci instansiya məhkəməsində icraat zamanı "xxxx" ASC tərəfindən məhkəməyə iddiaçının işə qəbul və işdən çıxma əmrləri, eləcə də, şəxsi vərəqəsi (T-2) təqdim edilmişdir. Həmin sənədlərdən də müəyyən edilir ki, iddiaçı Lenin adına Azərbaycan Boru Prokat Zavodunun direktorunun xx.xx.1989-cu il tarixli, 96 nömrəli əmri ilə xx.xx.1989-cu il tarixdən müəssisəyə işə qəbul edilmiş, "xxxx" İstehsalat Birliyinin baş direktorunun xx.xx.1998-ci il tarixli, 03 nömrəli əmri ilə xx.xx.1998-ci il tarixdən işdən azad edilmiş, xx.xx.1989-cu il tarixdən xx.xx.1995-ci il tarixədək əmək fəaliyyəti ilə məşğul olmuşdur. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, 1994-1998-ci illərə dair iddiaçı barəsində əmək haqqı sənədlərinin aşkar olunmaması iddiaçının ödənişsiz məzuniyyətdə olması ilə bağlı deyil, müəssisənin özünün arxiv sənədlərinin bir hissəsinin məhv olması ilə əlaqədar olmuşdur. Hansı ki, bu hal iddiaçının məsuliyyət sferasına aid deyildir və hazırkı halda onun ziyanına şərh oluna bilməz. Yuxarıda qeyd edilən sənədlərin tədqiqindən müəyyən edildiyi kimi iddiaçı xx.xx.1989-cu il tarixdən xx.xx.1995-ci il tarixədək hazırkı "xxxx" ASC-də güzəştli şərtlərlə əmək pensiyası hüququ verən peşədə işləmişdir. Göründüyü kimi iddiaçı xx.xx.1994-cü il tarixdən xx.xx.1995-ci il tarixədək də 1 il 2 ay 11 günlük müddətdə həmin müəssisədə işlədiyi halda, cavabdeh həmin dövrü iddiaçının güzəştli iş stajına daxil etməmişdir. Qeyd olunan 1 il 2 ay 11 günlük müddət cavabdeh tərəfindən mübahisələndirilməyən 9 il 3 ay 12 günlük müddətlə birgə nəzərə alındığından iddiaçının 10 ildən artıq (10 il 5 ay 23 gün) güzəştli iş stajına malik olduğu müəyyən edilir. Bununla da, müəyyən edilir ki, cavabdeh tərəfindən iddiaçıya münasibətdə qanunsuz və əlverişsiz inzibati aktlar qəbul edilmişdir. Belə inzibati aktlar isə “İnzibati icraat haqqında” Qanunun 67.3-cü maddəsinin tələbi baxımından hər bir halda ləğv olunmalıdır. Beləliklə, sadalanlara əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməklə iş üzrə düzgün hüquqi nəticəyə gəlmişdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 15 noyabr 2023-cü il tarixli, 2-1(118)-3164/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(105)-306/2024
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-306/2024
16.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver