Məhkəmə qərarları › İş №2-1(105)-307/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-307/2023

28.03.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-307/2023 28.03.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı iş üzrə QƏRARDADİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər Babayeva Hökümə Çingiz qızı və Məmmədov Zahid Tahir oğlundan ibarət tərkibdə, Əliyev Rəşad Ayıl oğlunun katibliyi, İddiaçı və cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin vəkili və nümayəndəsi Vəkil iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı maddi və mənəvi zərər və s. tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin 20 dekabr 2022-ci il tarixli, 2-1(118)-2725/2022 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İşin halları

1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı- Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə müvafiq rəhbər vəzifələrindən birinə təyin edilməsi, məcburi iş buraxmaya görə 300.000 manat, maddi zərərə görə 10.000.000 manat, fiziki zərərə görə 10.000.000 ingilis funt sterlinqi, mənəvi zərərə görə 10.000.000 ABŞ dollarının cavabdehdən tutularaq onun xeyrinə ödənilməsi, iddiaçıya və ailə üzvlərinə qarşı qanunsuz hərəkətlərindən çəkinməyə və s. tələblərə dair iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət etmişdir.

Birinci instansiya məhkəməsində icraat

2. İddia tələbi onunla əsasıandırılmışdır ki, 1996-cı ilin fevral ayında DİN Baş Cinayət-Axtarış idarəsinin axtarış şöbəsinin əməliyyat müvəkkili vəzifəsinə təyin olunmuşdur. Lakin həmin idarədə fəaliyyətə başladığı ilk gündən onu öz cinayətkar qruplarına qata bilməyəcəklərinə əmin olduqdan sonra idarə rəhbərliyinin qatı qərəzkarlığı, özbaşınalıqlarının qurbanı olmuşdur. Beləliklə, Azərbaycan Respublikası Daxili işlər nazirinin xx.xx.1997-ci il tarixli əmri ilə işdən azad edilmişdir. O, cavabdeh nazirliyin rəhbərinə 27 aprel 2022-ci il tarixdə rəsmi ərizə ilə müraciət edərək və restitusiya hüququnu tələb edərək, DİN-dən onun 1997-cı ildən tapdalanmış hüquqlarının restitusiyasını, onun polis polkovniki rütbəsi bərpa edilməklə DİN-in Mərkəzi aparatında müvafiq məsul vəzifə ilə təmin edilməsini, məcburi iş buraxmaya görə ona 1997-2022-ci illər arasında adekvat təzminatın ödənilməsini xahiş etmişdir. Cavabdeh isə xx.xx.2022-ci il tarixli 0xx/xx-38375A3222 saylı məktubla cavab verərək müraciətinin xidmətə bərpa hissəsində tələbini rədd etmiş, təzminat hissəsi ilə bağlı tələbinə isə ümumiyyətlə, toxunulmamış və cavablandırılmamışdır.

3. Məhkəmənin xx.xx.2022-ci il tarixli sərəncamı ilə iddiaçıya Azərbaycan Respublikası İPM-nin 13-cü maddəsinin tələblərinə uyğun olaraq hüquqi yardım göstərilərək iddia tələbini dəqiqləşdirmək təkilf edilmişdir. Daha sonra məhkəmə iclasında da iddiaçıya müvafiq hüquqi yardım göstərilmişdir. Lakin iddiaçı tərəfindən iddia tələbi dəqiqləşdirilməmişdir.

4. Cavabdeh tərəf iddia tələbinə qarşı etiraz təqdim edərək, iddianın mümkün sayılmamasını xahiş etmişdir.

5. Etirazda həmçinin mübahisələndirilən xx.xx.1997-ci il tarixli 1035 nömrəli əmrin iddiaçıya elan olunduğu, onun isə hazırkı iddia ərizəsi ilə 2022-ci il tarixdə məhkəməyə müraciət etdiyi və iddia müddətini ötürdüyü göstərilmişdir.

6. Sumqayıt İnzibati Məhkəməsinin 20 dekabr 2022-ci il tarixli, 2-1(118)-2725/2022 nömrəli qərardadı ilə (hakim Vəfa Əzizova) iddia mümkün sayılmamışdır.

7. Həmin qərardaddan İddiaçı apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi əsas qanun - Konstitusiyanın, “Məhkəmələr və hakimlər haqqında” Qanunun, hakimlərin etik davranış kodeksinin, digər qanunların, o cümlədən Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 10-cu (hakimlərin müstəqilliyi prinsipi), 11-ci (qanun və məhkəmə qarşısında bərabərlik prinsipi), 12-ci (işin hallarının araşdırılması prinsipi), 13-cü (məhkəmənin yardım etmək vəzifəsi), 14-cü (sübut etmək vəzifəsi) maddələrinin tələblərini pozaraq və heçə saymayaraq faktiki qanunsuz, əsassız, ədalətsiz, absurd, cəfəng bir qərardad qəbul etmiş, mühüm və həyati vacib insan hüquq və azadlıqlarının qatı pozulmasıla müşayiət edilən bir cinayətkar fəaliyyətin qarşısını almaq istəməmişdir. Halbuki, o, öz iddia ərizəsində hüquq və azadlıqlarının uzun illər cavabdeh tərəfindən qanunsuz müdaxilələrlə pozulması faktlarını xronoloji qaydada təfsir etmişdir və onun - bir Azərbaycan vətəndaşının konstitusion yaşamaq, təhlükəsiz yaşamaq, layiqli yaşamaq, sağlam ətraf mühitdə yaşamaq, əmək və digər konstitusion hüquqları dövlət tərəfindən təmin edilməlidir və buna görə də öz iddiasında israrlıdır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

9. Apellyasiya şikayətinə qarşı tərəf etiraz təqdim etməmişdir.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

10. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.

11. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin vəkili və nümayəndəsi Vəkil apellyasiya şikayətinin təmin edilmədən birincİ instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

Tətbiq edilən hüquq

12. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi:

Maddə 24. Prosessual müddətlərin bərpa olunması 24.1. Bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. (...) 24.4. Təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz.

Maddə 35. İddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.

Maddə 38. İddia müddəti 38.1. Mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər.

Maddə 80. Məhkəmə qərardadları 80.1. Bu Məcəlləyə əsasən barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır (...)

Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat (...) 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

13. İddia müddəti ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli qərarında göstərilmişdir ki, “iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir, birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa, bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı”.

Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

14. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21 fevral 2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

15. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

16. İddia ərizəsinin məzmunundan müəyyən olunur ki, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etməkdə iddiaçının hüquqi marağı Daxili İşlər Nazirliyinin xx.xx.1997-ci il tarixli 1035 nömrəli əmrinin ləğv edilməsi və onun rəhbər vəzifəyə təyin edilməsi, məcburi iş buraxmaya görə ona 1997-2022-ci illər üzrə təzminatın, vurulmuş fiziki, maddi və mənəvi zərərin əvəzinin ödənilməsidir.

17. Məhkəmə kollegiyası qeyd edir ki, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia, yalnız onun inzibati prosessual qanunvericiliklə müəyyən edilən mümkünlüyü şərtləri yerinə yetirildiyi halda yolveriləndir.

18. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 5 saylı qərarında qeyd edilir ki, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-nin 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.

19. Mübahisələndirmə haqqında iddia onunla xarakterizə olunur ki, hüquqi əhatəsinə müdaxilə edilməklə şəxsi əlverişsiz vəziyyətə salan inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İnzibati Prosessual Məcəllənin 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbulu nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçının hüququnun həqiqətən pozulub-pozulmaması iddianın mümkünlüyü ilə deyil, əsaslılığı ilə bağlı məsələdir və ikinci mərhələdə (əsaslılıq mərhələsində) yoxlanılmalıdır. (T.İdrisovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 9 dekabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 28 dekabr 2015-ci il tarixli qərarı)”.

20. Birinci instansiya məhkəməsi iddiaçıya Azərbaycan Respublikası İPM-in 13-cü maddəsinin tələblərinə uyğun olaraq hüquqi yardım göstərərək iddia tələbini dəqiqləşdirməyi təklif etmişdir, lakin iddiaçı tərəfindən iddia tələbi dəqiqləşdirilməmişdir.

21. İşdən həmçinin müəyyən olunur ki, mübahisələndirilən əmr xx.xx.1997-ci ildə qəbul edilmişdir. İddiaçı isə hazırkı iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət etmişdir.

22. 01 sentyabr 2000-ci il tarixədək qüvvədə olan Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 24-1-fəslində (Dövlət hakimiyyəti orqanlarının, idarələrin, təşkilatların, müəssisələrin və vəzifəli şəxslərin vətəndaşların, hərbi qulluqçuların və kollektivlərin hüquqlarına toxunan qeyri-hüquqi hərəkətlərindən şikayətlər) və 01 sentyabr 2000-ci il tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 30 iyun 2011-ci il tarixədək qüvvədə olmuş 27-ci fəslində (Müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələrə dair işlər üzrə icraat) inzibati hüquq münasibətlərindən irəli gələn mübahisələr üzrə hüquqi müdafiə imkanları barədə müvafiq müddəalar nəzərdə tutulmuşdu. Həmin müddəalarda hüququ pozulmuş şəxsin məhkəməyə müraciət etməsi üçün müəyyən edilmiş 1 aylıq müddətin axımının maraqlı şəxsin hüquq və azadlığının pozulduğunu bildiyi vaxtdan başlandığı təsbit edilmişdir. (Həmin fəsil 10 iyun 2011-ci il tarixli, 143-İVQD nömrəli Azərbaycan Respublikası Qanunu ilə Mülki Prosessual Məcəllədən çıxarılmışdır).

23. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin qanuni qüvvəyə mindiyi 01 yanvar 2011-ci ilədək qəbul edilmiş inzibati aktların mübahisələndirilməsi üçün əvvəlki qanunvericiliklə müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti ötürülmüşdürsə, həmin aktlar inzibati prosessual qanunvericiliyə istinadən yenidən mübahisələndirilə bilməzlər. Belə ki, İPM əvvəlki qanunvericiliklə müəyyən edilmiş, lakin istifadə müddəti buraxılmış hüquqi müdafiə imkanının təzələnməsini nəzərdə tutmur. İPMin 24.4-cü maddəsinin tələbinə görə, təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra ilkin hüquqi vəziyyətin bərpasına, yəni buraxılmış həmin müddətin bərpasına dair ərizənin verilməsi imperativ qaydada istisna olunur. Göründüyü kimi, iddiaçı xidmətdə olduğu dövrdə iddia etdiyi vəzifəyə təyin edilməsinin səlahiyyətli orqanlar tərəfindən rəsmiləşdirilməsini və rütbənin verilməsini, bununla bağlı müvafiq qərarların (konkret halda əmrlərin) qəbul edilməsini tələb etməmiş və beləliklə də, məcburetmə haqqında iddia növü üzrə prosessual müddəti ötürmüşdür. Hətta bundan sonra da iddiaçı qanunda nəzərdə tutulmuş bir il ərzində də məhkəməyə müraciət etməmiş və bu səbəbdən də buraxılmış müddətin bərpa edilməsi barədə onun vəsatət təqdim etmək hüququ da aradan qalxmışdır.

24. Göründüyü kimi mübahisələndirilən əmr 1997-ci ildə qəbul edilmişdir və bu müddət ərzində iddaçının həmin qərardan məlumatı olmuşdur.

25. Məhkəmə kollegiyası hesab edir ki, şəxsə inzibati akt rəsmi qaydada təqdim edilməsə belə, onun digər vasitələrlə artıq həmin akt barədə məlumat əldə etdiyi təkzibolunmaz şəkildə sübuta yetirilirsə, iddia müddətinin axımının başlanılması onun akt barədə məlumatlı olduğu andan hesablanmalıdır.

26. Digər tələblərlə bağlı məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının digər tələbləri inzibati mübahisə xarakteri daşımır.

27. Belə ki, inzibati məhkəmə icraatı qaydasında baxılan iddialar İnzibati Prosessual Məcəllənin 2-ci maddəsində əksini tapmışdır.

29. Ümumi (publik) hüquq publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir.

30. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılmır.

31. Göstərilənlərə əsasən məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız hesab edir və hesab edir ki, birinci instansiya məhkəməsi iddianı mümkün saymayaraq düzgün nəticəyə gəlmişdir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, Sumqayıt İnzibati Məhkəməsinin 20 dekabr 2022-ci il tarixli 2-1(118)-2725/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

32. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qərara aldı:

Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 20 dekabr 2022-ci il tarixli, 2-1(118)-2725/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar