Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-307/2024 16.04.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayeva Hökümə Çingiz qızı (sədrlik edən və məruzəçi), Məmmədov Zaur İkram oğlu və X2 ibarət tərkibdə, X14 qızının katibliyi, Cavabdehin nümayəndəsi X3 iştirakı ilə İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin 09 oktyabr 2023-cü il tarixli, 2- 1(118)-2785/2023 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ: Quba rayonu, ll Nügədi bələdiyyəsinin 27 fevral 2004-cü il tarixli, 04 nömrəli qərarına əsasən İİ Nügədi kəndinin 8-ci məhəlləsi ərazisindən 0,08 ha torpaq sahəsi X8 ayrılmışdır. Quba rayonu Dövlət notariat kontorunda rəsmiləşdirilmiş xx.xx.2007-ci il tarixli, 4-Ə- 307 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən, X1 xx.xx.2004-cü il tarixli qərarına əsasən, ona məxsus İİ Nügədi kəndində 0,08 ha torpaq sahəsində yerləşən yarımçıq tikilini İddiaçı satmışdır. İddiaçı ərizə ilə cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət edərək Quba rayonu, ll Nügədi kəndi ərazisində yerləşən 0,08 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmişdir. Cavabdeh 12 dekabr 2022-ci il tarixli, **********87 nömrəli məktubu ilə iddiaçının müraciətinin icrasından imtina etmişdir. İmtina onunla əsaslandırılmışdır ki, sənədlərin ekspertizası zamanı aşkar olunmuşdur ki, ərizəyə əlavə edilmiş Quba rayon dövlət notariat kontoru tərəfindən təstiq olunmuş xx.xx.2007-ci il tarixli, 4-Ə-307 reyestr nömrəli müqaviləyə əsasən yarımçıq tikili alqı-satqı predmeti olmuşdur. Alqı-satqı müqaviləsində göstərilən 0,08 ha torpaq sahəsi üzərində satıcı tərəfin mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmamışdır, belə olan halda, həmin torpaq sahəsi alqı-satqı predmeti deyildir. Qeyd edilən səbəblərdən ərizənin icrası mümkün olmamışdır. Verilən imtina ilə razılaşmayan iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, Quba rayon Dövlət notariat kontoru tərəfindən təsdiq edilmiş xx.xx.2007-ci il tarixli, 4Ə-307 reyestr nömrəli alqı-satqı müqaviləsi əsasında əldə etdiyi Quba rayonu, ll Nügədi kəndi ərazisində yerləşən 0,08 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxaırşın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ: a) Birinci instansiya məhkəməsindəki icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, Quba rayon Notariat kontorunda rəsmiləşdirilmiş xx.xx.2007-ci il tarixli, 4-0307 reyestir nömrəli alqı-satqı müqaviləsinə əsasən iddiaçı İİ Nügədi kəndində yerləşən yarımçıq tikili ilə birlikdə 0,08 ha həyətyanı torpaq sahəsini X5 almışdır. Həmin torpaq sahəsində yaşıllaşdırma məqsədilə 50 ədədə yaxın meyvə ağacları əkmişdir, sahənin üzərində yerləşən yarımçıq tikili sökülmüşdür. Alqı-satqı müqaviləsi əsasında əldə etdiyi həmin torpaq sahəsi 2007-ci ildən istifadəsində olmasına baxmayaraq, torpaq sahəsinə mülkiyyət sənədi almamışdır. Torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması ilə bağlı cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh müraciətin təmin olunmasından imtina etmişdir. Cavabdeh iddia ərizəsinə yazılı etiraz edərək etirazı imtina məktubu ilə eyni məzmunda əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, vətəndaş tərəfindən müvafiq sənədlərin və ərazinin təqdim olunmaması səbəbindən daşınmaz əmlakın müayinəsi keçirilməmiş, həmin torpaq sahəsinin kateqoriyası, yüksək gərginlikli elektrik və digər kommunikasiya xətlərinin mühafizə zolağına, digər şəxslərin mülkiyyətində, istifadəsində olan torpaq sahələri ilə üst-üstə düşüb-düşməməsi müəyyən edilməmiş, ərizəyə dair texniki hissə ilə bağlı heç bir münasibət bildirilməmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin 09 oktyabr 2023-cü il tarixli, 2-1(118)-2785/2023 nömrəli qərarı ilə iddia tələbi təmin edilməmişdir (hakim V.Əzizova) Məhkəmə qərarını onunla əsaslandırmışdır ki, məhkəmə araşdırması ilə iddiaçının iddia etdiyi torpaq sahəsinin ayrılmasına əsas kimi göstərilmiş alqı-satqı müqaviləsi və həmin müqavilə üzrə notariat işi aşkar edilməmişdir. Bununla da, müəyyən edilir ki, onun mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün qanunvericliklə müəyyən edilən əsaslardan hər hansı biri yoxdur. Bu da “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından imtinaya əsasdır. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətini iddia ərizəsi ilə eyni məzmunda əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən hüquq normaları düzgün tətbiq edilməmişdir. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi imtina məktubu və iddia ərizəsinə etirazla eyni məzmunda izahat verərək, şikayətin təmin edilməməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasında iştirak etməmiş, gəlməməyin səbəbləri haqqında məlumat verməmişdir. İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən, məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. (-). Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 144. Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələrin notariat qaydasında təsdiqlənməsi 144.1. Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Təsdiqləmə zamanı notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər əşyaya dair sərəncam verən tərəfin sərəncam hüququnu və müqavilənin qanunauyğunluğunu yoxlamalıdır. Onlar təsdiqlədikləri müqavilənin yanlışlığı üçün məsuliyyət daşıyır. 144.2. Sərəncam hüququ sərəncam verən tərəfin daşınmaz əmlakın dövlət reyestrinə əsasən bu hüquqa malik olması və ya ixtiyarlı şəxsin ona həmin səlahiyyəti verməsi ilə təsdiqlənir. Bu səlahiyyət də notariat qaydasında təsdiqlənməlidir. Müqavilənin qanunauyğunluğu notariat qaydasında təsdiqləmə ilə təsbit olunur. Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər tərəfindən həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış texniki göstəricilərinə uyğun təsdiqlənir. Maddə 146. Daşınmaz əmlaka hüququn əmələ gəlməsi 146.1. Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər. APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman maddi hüquq normaları düzgün tətbiq edilmiş, habelə prosessual hüquq normalarının tələblərinə riayət edilmişdir. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yaranmış mübahisə ilə bağlı kollegiya aşağıdakıları qeyd edir: Hazırkı mübahisənin predmetini Quba rayonu, İİ Nügədi kəndi ərazisində yerləşən 0,08 ha torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınmasından cavabdehin imtinası təşkil edir. Birinci instansiya məhkəməsi məhkəmə tədqiqatı zamanı xx.xx.2007-ci il tarixli, 4-Ə- 307 reyestr nömrəli alqı-satqı müqaviləsi və həmin müqavilə üzrə notariat işinin aşkar edilmədiyi, bununla da, torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun qeydiyyatı üçün qanunvericilikdən irəli gələn əsasların olmadığı əsası ilə iddianı təmin etməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir: “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsində daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslar konkret olaraq təsbit edilmişdir. Həmin əsaslardan biri də, daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələrdir(Qanunun 8.0.3-cü maddəsi). İddiaçı da tələbinin əsası kimi notariat qaydasında bağlanmış xx.xx.2007-ci il tarixli, 4-Ə-307 reyestr nömrəli alqı-satqı müqaviləsinə istinad edərək mübahisəli 0,08 ha torpaq sahəsini X6 alqı-satqı qaydasında əldə etdiyini bildirir. Bununla bağlı kollegiya qeyd edir ki, daşınmaz əmlakın dövlət reyestr məlumatlarından görünür ki, alqı-satqı zamanı torpaq sahəsi üzərində satıcı X7 mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış, müqavilədə torpaq sahəsi üzərində hüquqmüəyyənedici sənəd kimi yalnız ll Nügədi bələdiyyəsinin 27 fevral 2004-cü il tarixli, 04 nömrəli qərarına istinad edilmişdir. Halbuki, Mülki Məcəllənin 146.2-ci və 146-cü maddələrinin tələbinə görə daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamış daşınmaz əmlak barəsində müqavilələrin notariat qaydasında təsdiqlənməsinə yol verilmir və bu cür əmlak barəsində bağlanmış müqavilələr etibarsız sayılır. Digər tərəfdən, həmin alqı-satqı müqaviləsindən müəyyən edilir ki, müqavilənin predmeti 0,08 ha torpaq sahəsinin özü deyil, yalnız onun üzərində yerləşən yarımçıq tikili olmuşdur. Bundan əlavə, birinci instansiya məhkəməsinin həmin alqı-satqı müqaviləsinə dair notariat işinin təqdim edilməsi ilə bağlı sorğusuna cavab olaraq Azərbaycan Respublikası Dövlət Notariat Arxivi tərəfindən məhkəməyə təqdim edilən sənədlərdən görünür ki, 4-Ə- 307 reyestr nömrəli müqavilə alqı-satqı müqaviləsi deyil, bağışlama müqaviləsi olmuş və Quba rayon notariat ofisində 13 sentyabr 2007-ci il tarixdə başqa şəxslər barəsində rəsmiləşdirilmişdir. Bağışlama müqaviləsindən isə görünür ki, həmin müqavilənin iddiaçıya heç bir aidiyyəti yoxdur. İşin sadalanan xüsusatlarını nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun qeydiyyata alınması üçün qanuni əsas olmadığından, birinci instansiya məhkəməsi iddia tələbini rədd etməklə düzgün nəticəyə gəlmişdir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. NƏTİCƏVİ HİSSƏ: Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7, 87.6, 89-cu və 90.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 09 oktyabr 2023-cü il tarixli, 2-1(118)-2785/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(105)-307/2024
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-307/2024
16.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver