Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-307/2025 05.06.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Əzizova Vəfa Ehtiram qızı, hakimlər X2 və Quliyev İsmayıl Rza oğlundan ibarət tərkibdə, Nəsirov Natiq Elçin oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məslələri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı ünvan 1 ünvanı üzrə 0,06 ha torpaq sahəsi və üzərində yerləşən, faktiki istifadəsində olan birmrətəbəli yaşayış evinin üzərində vahid əmlak kimi mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin 27 dekabr 2024-cü il tarixli, 2-1(118)- 214/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi İşin halları Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının 55 saylı xx.xx.2000-ci il tarixli sərəncamı ilə İddiaçı fərdi yaşayış evinin tikilməsi məqsədi ilə Corat qəsəbəsi ərazisində 600 kv m torpaq sahəsi ayrılmış, həmin sərəncamla onun mənzil növbəliliyindən çıxarılması və ayrılmış torpaq sahəsində fərdi yaşayış evinin inşa edilməsinə icazə verilməsi qərara alınmışdır. **********34 reyestr nömrəli xx.xx.2021-ci il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 2 ünvanından yerləşən 0.0403 torpaq sahəsi iddiaçının mülkiyyətindədir. Sumqayıt şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma İdarəsi tərəfindən təsdiq edilmiş 05 iyun 2002-ci il tarixli aktdan görünür ki, Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının 55 saylı xx.xx.2000-ci il tarixli sərəncamı ilə ayrılmış Corat qəsəbəsi, 1-ci məhəllə ərazisində, 7 nömrəli məktəbin qarşısına bitişik yerləşən 600 kv m torpaq sahəsi İddiaçı tərəfindən yerində qəbul edilmişdir. 06 oktyabr 2022-ci il tarixli daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktından görünür ki, torpaq sahəsində 2 (iki) ədəd birmərtəbəli fərdi yaşayış evi mövcuddur, torpaq sahəsinin hasarına bitişik 630 kVt transformator binası, hasarın üst hissəsində 2 tərəfdən 6 kVt-luq elektrik xətti keçir, torpaq sahəsinin yol tərəfdən 4 m-lik məsafədən yeraltı 200 mm qaz xətti keçir, yaşayış evindən transformatora qədər məsafə 9.0 m-dir və evin tikintialtı sahəsinin 63.8 kv m hissəsi, “B” tikilisinin isə 65,6 kv m hissəsi yüksək gərginlikli elektrik xəttinin mühafizə zolağına düşür. Cavabdeh orqan imtina bildirişində qeud etmişdir ki, qeydiyyat alınması nəzərdə tutulan fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsində inşa edilmiş tikililərin tikintialtı sahələrinin bir hissəsi yüksək gərginlikli elektrik xəttinin mühafizə zolağında yerləşir və həmin yüksəh gərginlikli mühafizə zolağında yerləşən hissə torpaq sahəsi dövlət qeydiyyata alınarkən qeydiyyata alınan sahədən çıxılmışdır. İş materiallarına əlavə edilmiş 20 avqust 2024-cü il tarixli №3-21-31/2-3076/2024 saylı mütəxəssis rəyindən görünür ki, İddiaçı mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin 66 kv m hissəsi yüksək gərginlikli elektrik xəttinin mühafizə zolağında yerləşir. "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli məlktubdan görünür ki, mübahisəli fərdi yaşayış evi "xxxx" ASC-nin balansında olan 10 kVt-luq elektrik verilişi xəttinin mühfizə zonasında yerləşir. İş materiallarına əlavə edilmiş Sumqayıt Regional Enerji Təchizatı və Satış İdarəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin daş hasarının üstündən küçənin çöl tərəfindən 10 kVt-luq kava elektrik veriliş xətti keçir. Həmin elektrik xətti ilə həyətdəki birmərtəbəli evin qarşı tərəf fasadı arasındakı məsafə 8.5 metr, evin sağ yan tərəfi tini arasındakı məsafə 2 mentr təşkil edir. Hazırda evin elektrik veriliş xəttinə texniki xidmət göstərilməsinə, istismarına maneçilik törətmir, evin qeydiyyata alınaraq rəsmiləşdirilməsinə etiraz edilmir. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, ünvan 1 ünvanı üzrə 0,0403 ha torpaq sahəsində inşa edilən fərdi yaşayış evinin üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 4 ünvanında yerləşən 0,06 ha torpaq sahəsi iddiaçıya Sumqayıt şəhər İcra Hakimiyyətinin Başçısının xx.xx.2000-ci il tarixli 55 saylı sərəncamı ilə ayrılmış və ona həmin torpaq sahəsində fərdi yaşayış evi tikmək üçün icazə verilmişdir. Həmin vaxtdan torpaq sahəsi onun istifadəsindədir. 2021-ci ildə torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınarkən orpaq sahəsinin 0.02 ha hissəsinə yaxın hissəsinin yüksək gərginlikli elektrik xəttinin mühafizə zolağına düşməsni bildirmişlər. Bundan sonra torpaq sahəsinin ölçülərinin azalmasına razılıq vermiş və 0,0403 ha torpaq sahəsi üzərində onun mülkiyyət hüququ qeydə alınmışdır. Həmin torpaq sahəsi təyinatı üzrə yaşayış məntəqəsi topraqlanna aiddir və o, xüsusi mülkiyyətində olan torpaq sahəsində fərdi ev inşa etmiş, hazırda da ailə üzvləri ilə birgə həmin fərdi evdə yaşayır. Yaşadığı fərdi evlə bağlı mülkiyət hüquqlarının dövlət qeydiyyatından keçmək üçün dəfələrlə cavabdeh orqana müraciət etmiş, hər dəfə cavabdeh orqan müxtəlif bəhanələr gətirərək ona məxsus fərdi evi üzərində hüquqlarının dövlət qeydiyyatdan keçirməkdən yayınmışdır. Sonuncu müraciətinə xx.xx.2022-ci il tarixli **********16 nömrəli cavab məktubu ilə müsbət cavab verməmişdir. Cavabdeh imtinası qanunsuz olduğuna görə məhkəməyə müraciət etmək qərarına gəlmişdir.Qeyd edilənlərə əsasən iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdehin iddiaya qarşı yazılı etirazında qeyd edilmişdir ki, iddiaçının müraciəti araşırılarkən qeydiyyata alınması nəzərdə tutulan fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsində inşa edilmiş tikililərin tikintialtı sahələrinin bir hissəsinin yüksək gərginlikli elektrik xəttinin mühafizə zolağında yerləşdiyi və həmin yüksək gərginlikli mühafizə zolağında yerləşən hissənin torpaq sahəsi dövlət qeydiyyatına alınarkən qeydiyyata alınan sahədən çıxıldığı müəyyən edilmişdir. Daşınmaz əmlak üzərində hüquqlar dövlət qeydiyyatına alman zaman Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci it 10 iyun tarixli 103 nömrəli Qərarı ilə təsdiq edilmiş “Gərginliyi 1000 voltdan yuxan olan elektrik şəbəkələrinin mühafizəsi" Qaydaları nəzərə alınmalıdır. Həmçinin "Şimal" Regional Enerji Təchizatı və Satışı idarəsi tərəfindən təqdim olunan 26 avqust 2022-ci il tarixli, 01-52-F-016/129 nömrəli məktubda isə sözügedən yüksək gərginlikli elektrik xəttinin mühafizə zolağına düşən daşınmaz əmlakın qeydiyyata alınmasına münasibət bildirilməmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsim, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Sumqayıt İnzibati Məhkəməsinin 27 dekabr 2024-cü il tarixli, 2-1(118)-214/2024 nömrəli nömrəli qərarı ilə iddia təmin edilərək ünvan 1 ünvanı üzrə 0,0403 ha torpaq sahəsində inşa edilən fərdi yaşayış evi üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə həvalə olunması qərara alınmışdır (hakim Rahim Həsənov). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iş materiallarına əlavə edilmiş “Şimal” Regional Enerji Təchizatı və Satış İdarəsinin xx.xx.2024-cü il tarixli məktubun məzmunundan göründüyü kimi İddiaçı məxsus fərdi yaşayış evi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 fevral 2020-ci il tarixli 40 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektrik qurğularının quraşdırılması Qaydaları”nın yaşayış massivlərində nəzərdə tutulan tələblərindən kənara çıxmır. Belə ki, həmin Qaydaların 2.5.14.9-cu bəndinə əsasən gərginliyi 20 kVt çox olan hava xətlərinin kənar naqillərinin ən böyük meyillənməsi zamanı onlardan şəxsi evlərin həyatyanı torpaq sahələrinin və kollektiv bağ sahələrinin sərhədlərinə kimi üfüqi istiqamətdə məsəfə 2 metrdən olmayaraq müəyyən edilə bilər. Həmçinin sözügedən enerji təchizatı idarəsi vətəndaşın fərdi yaşayış evinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına etiraz edilmədiyi bildirilmişdir. Bundan başqa iddiaçıya fərdi yaşayış evinin tikilməsinə icazə vermiş səlahiyyətli orqanlar elektrik enerji xəttinin olmasına dair heç bir etiraz etməmiş, həmin xəttlərin varlığı ilə bağlı hər hansı məlumatlar qeyd edilməmiş və müvafiq Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının 55 saylı xx.xx.2000-ci il tarixli sərəncam verilərək vətəndaşa yaşayış evinin tikilməsini məqsədəmüvafiq hesab etmişlər (fərdi yaşayış evinə dair eskiz layihə hazırlanaraq səlahiyyətli şəxslər tərəfindən təsdiqlənmişdir). Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini iddia tələbinə qarşı etiraz ərizəsi ilə eyni məzmunda əsaslandırmışdır. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 izahat verərək, apellyasiya şikayətini müdafiə edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə etiraz edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi və eyni zamanda xx.xx.2025-ci il tarixli iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək ünvan 4 ünvanında yerləşən 0,06 ha torpaq sahəsi və üzərində yerləşən faktiki istifadəsində olan birmərtəbəli fərdi yaşayış evinin üzərində vahid əmlak kimi mülkiyyət hüququnun qeydiyyata alınması və müvafiq çıxarışın verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə 25. Hamı qanun və məhkəmə qarşısında bərabərdir. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İV. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 139.3 Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Maddə 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: Maddə 139-1.1.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; (...) 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; (...) Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyekləri üzərində hüquqların təsdiq edilməsini təsdiq edən sənədlərin Siyahısı “İnzibati icraat haqqında” Qanun: Maddə 2.0.8. qarşılıqlı etimad - inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inam; Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Maddə 15.1. Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Maddə 15.2. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Maddə 15.3. İnzibati orqanlar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunmuş sənədlərdə yazı və hesab zamanı yol verilmiş aşkar və düzəldilməsi mümkün olan səhvlərə görə həmin sənədləri qəbul etməkdən imtina edə bilməz. Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 19.1 İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 64.2 İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 2.2.3 İnzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Apellyasiyanın mümkünlüyü, apellyasiya baxışının hədləri Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir. Birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyərək, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməli, iddia təmin edilməlidir. Hazırkı iş üzrə iddiaçı iddia tələbininn dəqiqləşdirilməsi barədə ərizə verərək ünvan 4 ünvanında yerləşən 0,06 ha torpaq sahəsi və üzərində yerləşən faktiki istifadəsində olan 1 mərtəbəli fərdi yaşayış evi üzərində vahid əmlak kimi mülkiyyət hüququnun qeydiyyata alınması və müvafiq çıxarışın verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh inzibati orqan imtina cavabını onunla əsaslandırmışdır ki, daşınmaz əmlakın yerində müayinə baxışı keçirilərkən sözügedən torpaq sahəsinin elektrik xəttinin mühafizə zolağında yerləşdiyi halına istinad etmişdir. Məhkəmə araşdırması gedişində zamanı iddiaçı yerdə qalan 0.0197 ha (197 kv m) torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınması ilə bağlı cavabdeh inzibati orqana müraciət etmişdir. Cavabdeh sözügedən torpaq sahəsinin yüksək gərginlikli elektrik xəttinin mühafizə zolağına düşməsi ilə əlaqədar imtina cavabı vermişdir. İş materiallarının araşdırılması zamanı müəyyən edilmişdir ki, İddiaçı Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının 27 yanvar 2000-ci il tarixli 55 saylı sərəncamı ilə 0.06 ha torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsi iddiaıya təhkim edilmiş və hazıradək ıonun istifadəsindədir. Torpaq sahəsi üzərində iki ədəd birmərtəbəli yaşayış evi inşa edilmiş, biri onun, digəri isə oğlunun faktiki istifadəsindədir. 2021- ci ildə torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyat aalınması üçün müraciət etdikdə torpaq sahəsinin yüksək gərginlikli elektrik xəttinin mühafizə zolağına düşməsi ilə əlaqədar o, azalma barədə ərizə vermiş və onun 0.0403 ha torpaq sahəsi üzərində mülkiyyət hüququ qeydə alınmışdır. Hazırda o, fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun qeydə alılnması üçün müraciət etdikdə ona evin bir hissəsinin mülkiyətində olan torpaq sahəsindən kənarda yerləşdiyini və yüksək gərginlikli elektrik xəttinin mühafizə zolağına düşməsi səbəbi ilə imtina bildirişi verilmişdir. Halbuki, həmin torpaq sahəsi də iddiaçıya eyni sərəncamla ayrılmışdır və sərəncam hazıradək qüvvədədir. Burada qeyd olunmaldır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 10 iyun tarixli 103 nömrəli Qərarı ilə təsdiq edilmiş “Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi Qaydaları”nın 8-cu bəndinə görə elektrik şəbəkələrindən binalara, qurğulara, ağac-kol sahələrinə qədər, hava elektrik ötürücü xətlərinin naqillərindən yer və su səthinə qədər olan minimal məsafələr (qabarit, kəsişmə, yaxınlaşma) Azərbaycan Respublikasının Energetika Nazirliyi tərəfindən təsdiq olunmuş müvafiq qaydalara əsasən müəyyən edilir və binaların layihələşdirilməsi, tikintisi, ağacların, kolların əkilməsi, budanması və kəsilməsi zamanı mütləq bu Qaydalara riayət edilməlidir. Qaydaların 12-ci bəndinə görə elektrik şəbəkələrinin mühafizə zonalarında həmin şəbəkələrin istismarçılarının və yaxud mülkiyyətçilərinin rəsmi razılığı olmadan aşağıda göstərilən işlərin yerinə yetirilməsi qadağandır: a) binaların və qurğuların tikintisi, quraşdırılması, təmiri, yenidən qurulması və sökülməsi.... Qaydaların tələbindən göründüyü kimi mühafizə zolağına aid məhdudiyyətlər tikililərin aparılması və s.ilə bağlı olmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin bu dəlillə torpaq sahəsinə dair münasibətdə iddiaçıya imtina cavabı verməsi mülkiyyət hüququnun məhdudlaşdırılması ilə nəticələnə bilər. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyekləri üzərində hüquqların təsdiq edilməsini təsdiq edən sənədlərin Siyahısının 2-ci bəndinə əsasən Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə, habelə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək olan dövrdə qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar və digər təşkilatlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair aşağıdakı sənədlər əsas hesab edilir : (...) 2.7. yerli icra hakimiyyəti başçısının qərarı əsasında yaşayış evinin tikintisi məqsədilə torpaq sahələrinin ayrılması barədə, yaxud müvafiq torpaq sahəsinin yerli icra hakimiyyəti başçısının qərarında nəzərdə tutulan şəxslər arasında bölüşdürülməsi barədə aidiyyəti inzibati ərazi dairəsi üzrə nümayəndə tərəfindən 2001-ci il yanvarın 1dək verilmiş qərar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının 9 fevral 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 04 oktyabr 2016-cı il tarixli qərarında göstərilmişdir ki, “hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün müəyyən edilmiş hallar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsində sadalanmışdır və həmin hallar aşağıdakılardan ibarətdir: 15.1.1-dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2-hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3-hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4 daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6-bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Göründüyü kimi, qanunvericilikdə hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsasları dəqiq göstərilmiş, lakin cavabdeh orqan tərəfindən iş üzrə araşdırmaların aparılması zamanı həmin halların heç biri müəyyən edilməmişdir.” Məhkəmə kollegiyası qeyd olunanları, o cümlədən hazırkı mübahisə üzrə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsi ilə müəyyən edilmiş daşınmaz əmlaka dair hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsaslarının mövcud olmamasını nəzərə alaraq, hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassız hesab edilməli və iddiaçının iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə nəzərə alınaraq birinci instansiya məhkəməsinin qərarı dəyişdirilərək iddia təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 27 dekabr 2024-cü il tarixli, 2-1(118)-214/2024 nömrəli qərarı dəyişdirilsin. İddia təmin edilsin. İddiaçı ünvan 4 ünvanında yerləşən 0,06 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən faktiki istifadəsində olan bir mərtəbəli fərdi yaşayış evi üzərində vahid əmlak kimi mülkiyyət hüququnun qeydiyyata alınması və müvafiq çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinin üzərinə qoyulsun. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(105)-307/2025
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-307/2025
05.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver