Məhkəmə qərarları › İş №2-1(105)-308/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-308/2021

25.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-308/2021 25.08.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər:Babayeva Hökümə Çingiz qızı (sədrlik edən və məruzəçi hakim), Ağayev Rəşadət Əhməd oğlu, Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, İsmayılova Sehran Sabir qızının katibliyi, İddiaçı, Üçüncü şəxsin vəkili və nümayəndəsi X19 iştirakı ilə İddiaçı cavabdeh Şamaxı bələdiyyəsinə qarşı “Şamaxı şəhəri 1B massivində yerləşən onun sahibliyində olan 500 kv.m həyətyanı torpaq sahəsinin X5 qərarının ləğv edilməsi” tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin 15 fevral 2021-ci il tarixli, 2-1(118)- 162/2021 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə İddiaçı cavabdeh Şamaxı Bələdiyyəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin “Şamaxı şəhəri 1B massivində yerləşən iddiaçının sahibliyində olan 500 kvadrat metr həyətyanı torpaq sahəsinin 3-cü şəxs X6” barədə qərarının ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə vəzifə kimi qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçıya 24 oktyabr 1995-ci il tarixdə Şamaxı rayon XDS Rəyasət Heyyətinin 08 saylı iclasının qərarı ilə şəhərin 1 B massivindən 500 kv.metr fərdi yaşayış evi tikmək üçün torpaq sahəsi ayrılmışdır. Səhvən qərarda 1B massivinin yerinə 10a nömrəli məhəllə yazılmışdır. Həmin vaxt ona qeyd olunan torpaq sahəsi indi yaşadığı 1B massivindən ayrılıb verilmiş və həmin ildə də iddiaçı orada dövlət orqanlarının razılığı əsasında fərdi yaşayış evi tikərək, ailəsi ilə birlikdə halhazırkı vaxta kimi orada yaşayır. Bunu bütün qonşuları da təsdiq edə bilərlər. Həmin vaxt, yəni, 1995-ci il tarixdə həyat yoldaşı mərhum X15 idi və həmin qadınla birgə nikahdan üç övladları olub. Birinci övladı qeydiyyatda olduğu ünvanda olsa da, digər iki övladları 1995ci ildə Şamaxı rayon XDS Rəyasət Heyyətinin qərarı ilə ona ayrılmış 1B massivində yerləşən torpaq sahəsində tikdirdiyi evdə doğulmuşlar və orada yaşayaraq boya-başa çatmışlar. Artıq onların 22-24 yaşları vardır. Həyat yoldaşı mərhum X15 16 oktyabr 2000-ci il tarixdə vəfat etmiş və 2004-cü il tarixdə cavabdeh X21 ilə ailə həyatı qurmuşdur. Onunla evləndikdən sonra o da köçərək iddiaçıya məxsus qeyd olunan ünvanda yerləşən fərdi yaşayış evində iddiaçı ilə birlikdə yaşamağa başlamışdır və aralarında hər hansı bir məsələ barəsində elədə bir mübahisə olmamışdır. Şamaxı rayonunda 2019-cu ilin fevral ayında baş vermiş zəlzələ zamanı iddiaçıya məxsus qeyd olunan torpaq sahəsində tikdirdiyi fərdi yaşayış evi qəzalı vəziyyətə düşmüş və dövlət komissiyası iddiaçıya 1995-ci ildə tikilmiş, qəzalı vəziyyətə düşmüş fərdi yaşayış evinin yerində təzə ev tikilərək verilməsi qərara alınmışdır. Bunun üçün həyətyanı torpaq sahəsinin sənədləri tələb olunmuş və bu zaman ona məlum olmuşdur ki, 24 oktyabr 1995- ci il tarixdə Şamaxı rayon XDS Rəyasət Heyyətinin 08 saylı iclasının qərarı ilə şəhərin 1B massivindən 500 kv.metr fərdi yaşayış evi tikmək üçün ayrılmış torpaq sahəsinin qərarında səhvən ünvan 1 massivinin yerinə, 10 a nömrəli məhəllə yazılmışdır. Bundan əlavə iddiaçıya məlum olmuşdur ki, 2004-ci ildə evlənərək evinə gətirdiyi arvadı X10 Bələdiyyəsinin vəzifəli şəxsləri ilə əlbir olaraq iddiaçının xəbəri olmadan 1995-ci ildən içində ev tikərək yaşadığı, ona məxsus fərdi yaşayış evinin altında yerləşən, məlum qərarla ona ayrılmış 500 kvadrat metr torpa sahəsini öz adına Şamaxı Bələdiyyəsindən satın almışdır. İddiaçı dəfələrlə qeyd olunan qərarı istəsə də onu verməkdən imtina elədiklərinə görə qeyd olunan qərarı ərizəyə əlavə edə bilməmişdir. Şamaxı Bələdiyyəsinin “Şamaxı şəhəri 1B massivində yerləşən iddiaçının sahibliyində olan 500 kvadrat metr həyətyanı torpaq sahəsinin X5 qərarı qanunsuzdur, ləğv olunmalıdır. Yuxarıda qeyd olunduğu kimi həmin torpaq sahəsi iddiaçıya 24 oktyabr 1995-ci il tarixdə ünvan 2 ünvan səhv olaraq 10 a nömrəli məhəllə yazılsa da, həmin tarixdən ailəsi ilə birlikdə orada fərdi yaşayış evi tikərək yaşayır, həmin vaxt Bələdiyyə adlı bir qurum yox idi, ikinci cavabdehi qeyd olunan ünvana 2004-ci ildə evlənərək o gətirmiş və onun mülkiyyətində, sahibliyində olan, üstündə iddiaçıya məxsus fərdi yaşayış evi yerləşən torpaq sahəsi onun xəbəri olmadan necə başqa şəxsə satıla bilər. İddiaçı qərarın ləğvi üçün DƏDRX-in 14 saylı Şamaxı Əraz İdarəsinə müraciət etmiş və oradan 17 iyul 2019-cı il tarixli məktubla imtina olunmuşdur. Bundan əvvəl iddiaçı qərarın ləğvi ilə əlaqədar Şamaxı rayon Məhkməsinə müraciət etmiş və Şamaxı Rayon Məhkəməsinin 07 iyun 2019-cı il tarixli Qərardadı ilə iddianın İnzibati-İqtisadi Məhkəmənin səlahiyyətinə aid olması əsası ilə iddia ərizəsi qeri qaytarılmışdır. Cavabdeh iddiaya qarşı yazılı etirazında qeyd etmişdir ki, iddiaçıya 24 oktyabr 1995ci il tarixdə Şamaxı rayon XDS Rəyasət Heyyətinin 08 saylı iclasının qərarı ilə şəhərin 10A massivində 500 m2 fərdi yaşayış evi tikmək üçün torpaq sahəsi ayrılmışdır. Qeyd olunan torpaq sahəsi şəhərin cənub-qərb istiqamətində yerləşir. Bundan başqa iddiaçıya Şamaxı bələdiyyəsinin 13 avqust 2004-cü il tarixli 61 saylı qərarı ilə Şəhərin 02A saylı məhəlləsində fərdi yaşayış evi tikmək üçün 400 m2 həyətyanı torpaq sahəsi satılmışdır. Həmin torpaq sahəsində yaşayış evi tikmişdir. Hansı ki, bu torpaq sahəsi onun iddia etdiyi 1 B massivindəki yerləşən torpaq sahəsinin yaxınlığında yerləşir. İddiaçı tərəfindən məhkəməyə təqdim edimiş Şamaxı rayon XDS Rəyasət Heyətinin 08 saylı 24 oktyabr 1995-ci il tarixli qərarı ilə şəhərin 10A massivində 500 m2 fərdi yaşayış evinin tikilməsi üçün torpaq sahəsinin ayrılması barədə qərarda ünvanın səhv yazılması iddiası əsassızdır. Belə ki, X28 filialının 30 avqust 2019-cu il tarixli 64/65 saylı arayışından məlum olmuşdur ki, ona ayrılmış torpaq sahəsi həqiqətən şəhərin 10A massivində yerləşir. Həmçinin də, iddiaçıya ayrılmış torpaq sahəsi 500 m2 olduğu halda X12 bələdiyyə tərəfindən ayrılmış torpaq sahəsi şəhərin 1B massivində yerləşməklə sahəsi 800 m2 təşkil edir. Bununla da, iddiaçının iddiası ziddiyyətli olması göz qabağındadır. X14 İddiaçı ilə qeyri-rəsmi nikahda yaşadığı müddətdə yəni, 2007-ci ildə Şamaxı bələdiyyəsindən fərdi yaşayış evi tikmək üçün 800 m2 torpaq sahəsi almışdır. Həmin torpaq sahəsində X14 tərəfindən yaşayış evi tikilmişdir. 2019-cu ilin fevral ayında Şamaxı rayonunda baş vermiş zəlzələ nəticəsində həmin ev qəzalı vəziyyətə düşmüşdür. X2 və İİ qrup əlil olmasını nəzərə alaraq X31 tərəfindən həmin qəzalı evin yerində yeni ev inşa edilir. Xeyli müddətdir ki, birgə yaşayışları pozulduğu və tamamilə ayrı yaşamalarına baxmayaraq iddiaçının bu vaxta kimi, Əminəxanım Abdulrəhmanovaya qarşı heç bir iddiası olmamışdır. Lakin X31 tərəfindən evin inşa edildiyini gördükdən sonra iddiaçı həmin evi ələ keçirmək məqsədi ilə məhkəməyə müraciət etmişdir. Şamaxı Bələdiyyəsi İddiaçı iddiasını əsassız hesab edir. Şamaxı rayonu XDS-nin 24.10.1995-ci il tarixli, 08 saylı qərarı ilə İddiaçı şəhərin 10 “A”' saylı məhəlləsindən 0,05 ha torpaq sahəsi ayrılmışdır. Həmin dövrdə 01 “B” adlanan məhəllədə şəhərin perspektiv inkişaf fonduna daxil edilməmişdir. Ona görə də, XDS-nin qərarı ilə həmin ərazidən torpaq sahəsinin ayrılması mümkün deyildir. Həmçinin 10 “A” saylı məhəllə şəhərin cənubi-qərb hissəsində yerləşdiyi halda, 01 “B” məhəlləsi şəhərin simali-şərq hissəsindədir. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 23 avqust 2019-cu il tarixli, 2-1(085)- 1491/2019 saylı qərardadı ilə İddiaçı cavabdeh Şamaxı bələdiyyəsinə qarşı “Şamaxı şəhəri 1B massivində yerləşən onun sahibliyində olan 500 kv.m həyatyanı torpaq sahəsinin X5 qərarının ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə X21 3-cü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. İşə məhkəmədə baxılarkən iddiaçı ərizəylə məhkəməyə müraciət edərək, iddia ərizəsinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsini məhkəmədən xahiş etmişdir. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 27 noyabr 2019-cu il tarixli, 2-1(085)- 1491/2019 saylı qərardadı ilə buraxılmış prosessual müddətin bərpası barədə ərizə təmin edilməmiş, iddia mümkün sayılmamışdır. (hakim Z.Pirverdiyev) Qərardaddan narazı qalan iddiaçı ondan apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsi və buraxılmış prosessual müddətin bərpası barədə ərizənin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Apelyasiya Məhkəməsinin 20 fevral 2020-ci il tarixli qərardadı ilə birinci instansiya məhkəməsinin 27 noyabr 2019-cu il tarixli, 2-1(085)-1491/2019 saylı qərardadı ləğv edilmiş, Şamaxı Bələdiyyəsinin 26 oktyabr 2007-ci il tarixli, 307 nömrəli qərarından şikayət verilməsi üçün prosessual müddət İddiaçı tərəfindən buraxılmamış hesab edilmiş və işin yenidən baxılması üçün Sumqayıt İnzibati Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İşə yenidən baxılarkən Sumqayıt İnzibati Məhkəməsinin 16 fevral 2021-ci il tarixli, 2- 1(118)-162/2021 saylı qərarı ilə iddia rədd edilmişdir. (hakim C.Məmmədov) Qərardan narazı qalan iddiaçı apelyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: İddia ərizəsindən göründüyü kimi, 24 oktyabr 1995-ci il tarixdə Şamaxı rayon XDS Rəyasət Heyətinin 08 saylı iclasının qərarı ilə şəhərin 1B massivindən ona 500 kv.metr fərdi yaşayış evi tikmək üçün torpaq sahəsi ayrılmışdır. Səhvən qərarda İB massivin yerinə 10a nömrəli məhəllə yazılmışdır. Həmin vaxt ona qeyd olunan torpaq sahəsi indi yaşadığı 1B massivindən ayrılıb verilmiş və həmin ildə də o, orada dövlət orqanlarının razılığı əsasında fərdi yaşayış evi tikərək, ailəsi ilə birlikdə köçərək hal-hazırki vaxta kimi orada yaşayır. Bunu bütün qonşuları, həmin məhəllədə yaşayan bütün sakinlər təsdiq edə bilərlər. Həmin vaxt, yəni 1995-ci il tarixdə həyat yoldaşı mərhum X15 idi və onların həmin qadınla birgə nikahdan 3 övladları olub. Birinci övladı qeydiyyatda olduğu ünvanda olsa da, sonrakı iki övladı 1995-ci ildə Şamaxı rayon XDS Rəyasət Heyətinin qərarı ilə ona ayrılmış 1B massivində yerləşən torpaq sahəsində tikdirdiyi evdə doğulmuşlar və orada yaşayaraq boya-başa çatmışlar. Artıq onların 22-24 yaşları vardır. Həyat yoldaşı mərhum X15 16 oktyabr 2000-ci il tarixdə vəfat etmiş və 2004-cü il tarixdə iddia üzrə ikinci cavabdeh olan X21 ilə ailə həyatı qurmuşdur. Onunla evləndikdən sonra o da köçərək ona məxsus qeyd olunan ünvanda yerləşən fərdi yaşayış evində onunla birlikdə yaşamağa başlamışdır və aralarında hər hansı bir məsələ barəsində elədə bir mübahisə olmamışdır. Şamaxı rayonunda 2019-cı ilin fevral ayında baş vermiş zəlzələ zamanı ona məxsus qeyd olunan torpaq sahəsində tikdirdiyi fərdi yaşayış evi qəzalı vəziyyətə düşmüş və dövlət komissiyası ona 1995-ci ildə tikilmiş, qəzalı vəziyyətə düşmüş fərdi yaşayış evinin yerində təzə ev tikilərək verilməsi qərara alınmışdır. Bunun üçün həyətyanı torpaq sahəsinin sənədləri tələb olunmuş və bu zaman ona məlum olmuşdur ki, ona 24 oktyabr 1995-ci il tarixdə Şamaxı rayon XDS Rəyasət Heyyətinin 08 saylı iclasının qərarı ilə şəhərin İB massivindən 500 kv.metr fərdi yaşayış evi tikmək üçün ayrılmış torpaq sahəsinin qərarında səhvən ünvan 1B massivin yerinə, 10a nömrəli məhəllə yazılmışdır. Bundan əlavə ona məlum olmuşdur ki, 2004-ci ildə evlənərək evinə gətirdiyi arvadı X10 Bələdiyyəsinin vəzifəli şəxsləri ilə əlbir olaraq onun xəbəri olmadan 1995-ci ildən içində ev tikərək yaşadığı, ona məxsus fərdi yaşayış evinin altında yerləşən, məlum qərarla ona ayrılmış 500 kv.m torpaq sahəsinin 400 kv.m hissəsini öz adına Şamaxı Bələdiyyəsindən 26 oktyabr 2007-ci il tarixli qərarı ilə satın almışdır. O, qərarın ləğv olunması üçün məhkəmədə iddia qaldırmışdır və məhkəmə şikayət etdiyi qanunsuz və ədalətsiz qərarı qəbul etmişdir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı şikayəti müdafiə edib onun məzmununa uyğun izahat verərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxsin vəkili və nümayəndəsi şikayətə etiraz edərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi və izahatında bildirdi ki, üçüncü şəxslə iddiaçı 2001-ci ilin dekabr ayından faktiki nikah münasibətlərində olmuşlar. Sonradan üçüncü şəxs görmüşdür ki, Babaşah onunla rəsmi nikaha girmək istəmir və bacı qardaşıyla bir gün onu yaşadığı yerdən də çıxaracaq. Odur ki, üçüncü şəxs bacı və qardaşlarının köməyi ilə özünə bu torpaq sahəsini almış və özünə ev də tikmişdir. Həmin vaxt Babaşah Rusiyada idi. İddiaçı qayıdıb gələndə torpağı üçüncü şəxsdən almaq üçün dəfələrlə onunla savaşmış, bir ailə olduqlarından torpaq sahəsinin onun adına olmasını tələb etmişdir. Üçüncü şəxs razılaşmadığından münasibətləri pisləşmişdir. Axırıncı dəfə 2019cu ilin fevralında zəlzələdən sonra Fondun işçiləri üçüncü şəxsə ev tikmək istəyəndə iddiaçı gəlib onlarla savaşmışdır ki, evi onun adına tiksinlər. X30 Fondu tərəfindən ev tikilərək üçüncü şəxsə verilmiş və xüsusi mülkiyyət hüququ əsasında adəna qeydə alınmnışdır. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq, nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə Məhkəmə kollegiyası tərəflərin dinlənilmə hüququnu təmin edib, iş materiallarını və apellyasiya şikayətlərinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıda qeyd edilənlərə əsasən, Sumqayıt İnzibati Məhkəməsinin 15 fevral 2021-ci il tarixli, 2-1(118)-162/2021 saylı qərarı ləğv edilməli və iddia mümkün sayılmamalıdır. Kollegiya qeyd edir ki, Sumqayıt Apelyasiya Məhkəməsinin 20 fevral 2020-ci il tarixli qərardadı ilə birinci instansiya məhkəməsinin iddia müddətinin ötürülməsi səbəbi ilə iddianın mümkün sayılmaması barədə 27 noyabr 2019-cu il tarixli, 2-1(085)-1491/2019 saylı qərardadı ləğv edilərək, işin yenidən baxılması üçün Sumqayıt İnzibati Məhkəməsinə göndərilməsi qərara alınarkən, məhkəmə kollegiyası qərardadda qeyd etmişdir ki, birinci instansiya məhkəməsi ilk növbədə iddiaçının hazırki iddianı qaldırmaq üçün subyektiv hüququnun olub-olmadığı müəyyən etməli, belə bir hüququnun olduğu təsdiqləndiyi halda işə mahiyyəti üzrə baxılmalıdır. İşdən isə görünür ki, birinci instansiya məhkəməsi iddiaçının subyektiv hüququnun mövcudluğunu yoxlamadan, işə mahiyyəti üzrə baxmışdır. Halbuki, inzibati məhkəmə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılıq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olubolmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddihüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün ilkin şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» 10.04.2015-ci il tarixli 5 nömrəli Qərarında qeyd edilib ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını........ yoxlamalıdırlar (2.3). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 2.2.1-ci maddəsinə əsasən, şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır; - 32.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər; - 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Müddəaların sadalanması onunla bağlıdır ki, iddia onun verilməsi üçün nəzərdə tutulmuş şərtlərə cavab verdiyi halda inzibati məhkəmə icraatı qaydasında baxıla bilər. Mübahisələndirmə haqqında iddianın qaldırılması üçün iddiaçının subyektiv hüququnun olub-olmaması, cavabdehin həmin iddiaya cavab verməli olub-olmaması, cavabdehin imtinasının olub-olmaması və müddətlərə riayət edilib-edilməməsi yoxlanılmalıdır. Qaldırılmış iddianın mahiyyətindən görünür ki, iddiaçı, inzibati orqan olan bələdiyyənin qərarını mübahisələndirərək onun ləğv edilməsini xahiş edir. Həmin qərar isə torpaq sahəsinin hazırki iş üzrə üçüncü şəxsə satılması barədədir. Kollegiya hesab edir ki, iddiaçının üçüncü şəxsə verilmiş torpaq sahəsi ilə bağlı hüququnun pozulmasına əsaslanmaqla qərarı ləğv etmək tələbi o halda yaranmış hesab oluna bilər ki, əgər həmin torpaq sahəsi ilə bağlı iddiaçının hüququ publik hüquqdan irəli gəlmiş olsun. Subyektiv hüququn mahiyyətini açıqlayan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında ifadə edilmiş hüquqi mövqeyinə görə, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10.04.2015-ci il tarixli 5 saylı qərarında qeyd edilir ki, İPM-nin 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. Qeyd edilənlərdən göründüyü kimi, iddianın mümkün sayılması üçün iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırması mütləq şərtdir. İddia tələbi onunla əsaslandırılır ki, iddiaçıya 24 oktyabr 1995-ci il tarixdə Şamaxı rayonu XDS Rəyasət Heyətinin 08 saylı iclasının qərarı ilə şəhərin 10A massivindən 500 kv.m fərdi yaşayış evi tikmək üçün torpaq sahəsi ayrılmışdır. İddiaçı iddia edir ki, qərarda səhvən 1B massivinin yerinə 10a nömrəli məhəllə yazılmışdır, əslində torpaq sahəsi ona 1B massivindən ayrılmış və həmin ildən də o fərdi yaşayı evi tikərək orada yaşamışdır. Lakin sonradan ona məlum olmuşdur ki, 1995-ci ildən içində ev tikərək yaşadığı fərdi yaşayış evinin altında yerləşən torpaq sahəsi məlum qərarla X4. İddiaçının torpaq sahəsi ilə bağlı yeganə hüquqmüəyyənedici sənədi Şamaxı rayonu XDS Rəyasət Heyətinin 24.10.1995-ci il tarixli 08 saylı qərarıdır. Qeyd edilən qərardan görünür ki, Şamaxı şəhəri, A.Sultanova küçəsi 40 saylı evdə yaşayan İddiaçı şəhərin 10 a №-li məhəlləsindən 500 kv.metr həyətyanı torpaq sahəsi təhkim edilmiş və ona ***-**-** seriyalı layihə əsasında fərdi yaşayış evinin tikintisinə icazə verilmişdir. İddiaçı sərəncamda torpaq sahəsinin ünvanı barədə texniki səhvə yol verildiyini qeyd etsə də, iş materialları ilə qeyd edilən hal öz təsdiqini tapmır. Əksinə iş materiallarından görünür ki, Şamaxı Bələdiyyə başçısının 307 saylı, 26 oktyabr 2007-ci il tarixli qərarına əsasən, Şamaxı rayon sakini Ə.Ə.Abdurəhmanova bələdiyyənin perspektiv inkişaf ehtiyat fondunun alqı-satqı predmeti olan k/t-na az yararlı torpaq sahəsindən tikinti məqsədi üçün 0,08 ha torpaq sahəsi satılmışdır. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Şamaxı rayon şöbəsinin 08.10.2007-ci il tarixli rəyində sözügedən torpaq sahəsinin Bələdiyyənin mülkiyyətinə aid olmaqla Şamaxı rayon sakini Ə.Ə.Abdurəhmanova satılmasi məqsədəuyğun hesab edilmişdir. DT və XK-nin Şamaxı rayon şöbəsi tərəfindən təsdiq edilmiş sxematik plandan görünür ki, X3 nəzərdə tutulan torpaq sahəsi Şamaxı şəhəri, 01 B massivində yerləşməklə sahəsi 800 kv.metr təşkil edir. Məhkəmə kollegiyasının sorğusuna cavab olaraq Şamaxı rayon İcra hakimiyyəti başçısının Şamaxı şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin 10 iyun 2020-ci il tarixli, 155 saylı məktubundan görünür ki, Şamaxı şəhərində 05.02.2019-cu il tarixində baş vermiş zəlzələ ilə bağlı ona dəymiş ziyanla bağlı X13 özü birbaşa H.Əliyev Fonduna müraciət etmiş və Fond tərəfindən onun üçün şəhərin 1B massivində fərdi yaşayış evi inşa edilmişdir. Belə ki, iş materillarına əlavə edilmiş Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X23 X1 ünvanladığı 01 may 2019-cu il tarixli, 37/A-01310 saylı həmçinin 17 may 2019-cu il tarixli, 37/A-01616 saylı məktubdan görünür ki, onun 2019-cu ildə Şamaxı rayonunda baş vermiş zəlzələ nəticəsində fərdi yaşayış evinin qəza vəziyyətinə düşməsi və müvafiq köməklik göstərilməsi barədə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 06-07 mart 2019-cu il tarixlərində Şamaxı və Ağsu rayonlarına səfəri zamanı etdiyi şifahi müraciətə baxılmışdır. Bildirilmişdir ki, 05 fevral 2019-cu il tarixdə Şamaxı rayonunda baş vermiş zəlzələ nəticəsində evlərinə ziyan dəyməsi nəzərə alınaraq X31 tərəfindən yeni evin tikintisinə qərar verilmişdir. Fond tərəfindən tikinti işlərinə başlanılmışdır. İş materiallarından görünür ki, Şamaxı Bələdiyyəsinin qərarı ilə Ə.Ə.Abdurəhmanova satılmış torpaq sahəsi və onun üzərində X31 tərəfindən inşa edilmiş fərdi yaşayış evi 12 mart 2020-ci il tarixdə xüsusi mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində X8 adına qeydə alınmış və bu barədə ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında çıxarış verilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Bələdiyyə tərəfindən üçüncü şəxsə satılan və hazırda xüsusi mülkiyyət hüququ əsasında adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınan torpaq sahəsi ilə 24 oktyabr 1995-ci il tarixdə Şamaxı rayonu XDS Rəyasət Heyətinin 08 saylı iclasının qərarı ilə iddiaçıya ayrılmış torpaq sahələri tamamilə fərli ünvanlarda yerləşməklə, ünvan 5 yerləşdiyi halda, 01 “B” saylı məhəllə şəhərin simali-şərq hissəsindədir. İddiaçının özü də, qeyd edilən faktı inkar etməmiş, sadəcə hesab etmişdir ki, XDS-nin qərarında səhvə yol verilmiş, ona əslində torpaq sahəsi faktiki olaraq 01 B massivində ayrıldığı halda, qərarda səhvən ünvan olaraq 10 a saylı məhəllə qeyd edilmişdir. Lakin məhkəmə araşdırması zamanı Bələdiyyə tərəfindən üçüncü şəxsə ayrılan torpaq sahəsinin vaxtilə Şamaxı rayonu XDS Rəyasət Heyətinin 24.10.1995-ci il tarixli 08 saylı qərarı ilə iddiaçıya ayrılmış torpaq sahəsi ilə eynilik təşkil etdiyi öz təsdiqini tapmamışdır. Bundan əlavə, məhkəmə kollegiyasının sorğusuna cavab olaraq, Şamaxı rayon İcra Hakimiyyəti Başçısının Şamaxı şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin 17 avqust 2021-ci il tarixli, 211 saylı məktubundan görünür ki, İddiaçı 2018-ci ilin təsərrüfat başına uçot kitabına əsasən 2018-ci ildən hal-hazıra kimi ünvan 6 ünvanda yaşayır. İddiaçının Şamaxı şəhəri 1B massivində daimi olaraq yaşaması barədə nümayəndəlikdə heç bir məlumat yoxdur. 05 fevral 2019-cu il tarixdə Şamaxı şəhərində baş verən zəlzələ zamanı İddiaçı yaşadığı evə ziyan dəyməsi barədə nümayəndəliyə heç bir müraciət etməmişdir. Həmçinin, iş materiallarından görünür ki, Şamaxı rayonu Şamaxı Bələdiyyəsinin 61 saylı, 19 avqust 2004-cü il tarixli qərarı ilə Şamaxı rayonu, Şamaxı Bələdiyyəsinin ehtiyat fondunun alqı-satqı predmeti olan torpaq sahəsindən Şamaxı şəhər sakini İddiaçı fərdi yaşayış evi tikmək üçün şəhərin 02 “a” saylı məhəlləsində 20,0 metr uzunluğu, 20,0 metr enində olmaqla 400 m2 torpaq sahəsinin satılması qərara alınmışdır. Beləliklə kollegiya hesab edir ki, mübahisəli torpaq sahəsi üzərində iddiaçının hər hansı hüququnun olduğu müəyyən olunmur. Bu isə o deməkdir ki, İddiaçı hazırki iddianı qaldırmaq üçün subyektiv hüquqa malik olmamışdır. İşə baxan birinci instansiya məhkəməsi isə işin yuxarıda qeyd edilən xüsusatlarını nəzərə almadan iddia tələbinə mahiyyəti üzrə baxmışdır. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, hazırkı iddia inzibati prosessual qanunvericiliyin tələblərinə cavab vermədiyindən Sumqayıt İnzibati Məhkəməsinin 15 fevral 2021-ci il tarixli, 2-1(118)-162/2021 saylı qərarı ləğv edilməli, iddia mümkün sayılmamalı, iddiaçının apellyasiya şikayəti isə təmin edilməməlidır. Nəticəvi hissə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Sumqayıt İnzibati Məhkəməsinin 15 fevral 2021-ci il tarixli, 2-1(118)-162/2021 saylı qərarı ləğv edilsin. İddia mümkün sayılmasın. Apellyasiya şikayəti təmin edilməsin. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar