Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-308/2022 29.03.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Məmmədov Fuad Əli oğlu, hakimlər Babayeva Hökümə Çingiz qızı və Məmmədov Zahid Tahir oğlundan ibarət tərkibdə, Qasımova Vüsalə Yadigar qızının katibliyi, İddiaçı nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdehlər Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsi və Sumqayıt Şəhər İcra Hakimiyyətinə qarşı cavabdehlərdən maddi və mənəvi ziyana görə 128.000 manat məbləğində pulun onun xeyrinə tutulması tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin 21 yanvar 2022-ci il tarixli, 2-1(118)-831/2022 saylı qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə İddiaçı cavabdehlər Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsi və Sumqayıt Şəhər İcra Hakimiyyətinə qarşı cavabdehlərdən maddi və mənəvi ziyana görə 128.000 manat məbləğində pulun onun xeyrinə tutulması tələbinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən mənzil işlədiyi müəssisə tərəfindən ona və ailəsinə verilmişdir. Mənzil onun xüsusi mülkiyyətində olsa da, o ailəsi ilə birlikdə həmin mənzilə köçə bilməmişdir, çünki mənzil məcburi köçkün ailəsi tərəfindən qanunsuz olaraq zəbt edilmişdir. Uzun müddət bir çox dövlət orqanlarına müraciət etməyinə baxmayaraq hər dəfə onu müxtəlif vədlər və bəhanələrlə süründürməçiliyə salmışlar. Bunun qarşılığında isə uzun müddətdir ki, öz şəxsi mülkiyyətindən məhrum olmuş, bununla da ona maddi və mənəvi ziyan dəymişdir. Bununla bağlı Sumqayıt Şəhər Məhkəməsində iddia qaldırmış, Sumqayıt Şəhər Məhkəməsinin 08 may 2017-ci il tarixli, 2(060)-3307/2017 saylı qətnaməsi ilə iddiası təmin edilmişdir. Qətnaməyə əsasən ona məxsus mənzildə məskunlaşmış məcburi köçkün ailəsi mənzildən çıxarılmalı, o isə ailəsi ilə birlikdə həmin mənzilə köçürülməli idi. Qətnamə qanuni qüvvəyə minmiş və icra edilməsi üçün müvafiq orqanlara göndərilmişdir. Qətnamənin qəbulundan uzun müddət ötməyinə baxmayaraq qətnamə hələ də icra edilməmişdir. Bunun nəticəsində ona dəyən maddi və mənəvi ziyanın məbləği artmışdır. Məcburi köçkünlərin yaşayış yeri ilə təmin olunması onun yox, icra hakimiyyəti orqanlarının vəzifəsidir. Eyni zamanda, təkcə Sumqayıt şəhərində 100-lərlə məcburi köçkün ailəsi yaşayış yeri ilə təmin olunmuşdur, lakin məhkəmə qətnaməsinin olmasına baxmayaraq hələ də məcburi köçkünlər onun mənzilindən çıxarılmamışdır. Mütləq şəkildə nəzərə alınmalıdır ki, ona və ailəsinə məxsus mənzil 1993-cü ildən zəbt edilmişdir. Bu müddət ərzində dövlət orqanları onun mülkiyyətində olan mənzilin boşaldılması üçün heç bir addım atmamışdırlar. Cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində ona külli miqdarda maddi və mənəvi ziyan dəymişdir. Belə ki, iddiaçı mənzili kirayə versəydi 28 il ərzində 100800 (yüz min səkkiz yüz) manat gəlir əldə etmiş olacaqdı. Həmin ərazidə üç otaqlı evin aylıq kirayə haqqı minimum 300 (üç yüz) manatdır. Ona maddi ziyan ilə yanaşı mənəvi ziyan da vurulmuşdur. İllərlə mənzili zəbt edilmiş, qanuni məhkəmə qətnaməsinin icrası həyata keçirilməmişdir. Nəticədə ona mənəvi ziyan dəymişdir. 20.000 (iyirmi min) manat məbləğində kompensasiyanın ödənilməsi dəymiş mənəvi ziyanın əvəzi olacaqdır. Bu məbləğ 2021-ci ilin dekabr ayınadək hesablanmış məbləğdir. Nəzərə alınmalıdır ki, onun konstitusion hüquqları kobud şəkildə pozulmuş və pozulmaqda davam edir. Cavabdehlərə dəfələrlə yazılı və şifahi müraciətlər etmiş, amma evinin boşaldılmasına nail ola bilməmiş, bu isə kobud qanun pozuntusudur. Fundamental hüquq olan və konstitusiya ilə qorunan mülkiyyət hüququ hələ də pozulur. Bu pozuntu məhz cavabdehlərin hərəkətləri nəticəsində baş verir. Son müraciətində cavabdehlərdən onların hərəkətləri nəticəsində dəymiş ziyanın aradan qaldırılmasını və qanuni qüvvəyə minmiş qətnamənin icra edilməsini xahiş etmiş, lakin heç bir müsbət nəticə olmamışdır. Bu səbəbdən də, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Sumqayıt İnzibati Məhkəməsinin 21 yanvar 2022-ci il tarixli, 2-1(118)-831/2022 saylı qərardadı ilə iddia mümkün sayılmamışdır. (hakim Ceyhun Məmmədov) Qərardaddan İddiaçı apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri və tərəflərin izahatları Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin irəli sürdüyü əsas ilə iddianın mümkün sayılmaması düzgün deyildir. Qaldırılan iddia inzibati orqanlara qarşı qaldırılmışdır. İnzibati orqanların hərəkətsizliyi və qanunsuz hərəkətləri nəticəsində dəymiş ziyanın əvəzinin tələbinə dair iddiadır. Bu hallara əsasən işə inzibati icraat qaydasında baxılmalı və iş üzrə qərar qəbul edilməlidir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi X3 birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini xahiş etdi. İş üzrə cavabdehlər Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsi və Sumqayıt Şəhər İcra Hakimiyyətinə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada məlumat verilsə də, nümayəndələri məhkəmə iclasında iştirak etməmişdirlər. Cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsi apellyasiya şikayətinə etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək, apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsaslı hesab edir. Belə ki, işin hallarından görünür ki, iddiaçıya məxsus Sumqayıt şəhəri, 12-ci mikrorayon, ev 7A ünvanında yerləşən 35 nömrəli mənzildə məcburi köçkünlər məskunlaşmışdır və onların həmin mənzildən çıxarılması ilə bağlı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi olsa da, icra edilməmişdir. İddiaçı ona məxsus mənzildə məskunlaşan məcburi köçkünlərin həmin mənzildən çıxarılaraq başqa mənzillə təmin edilməsinin cavabdehlərin vəzifəsi olduğunu, 28 ildir mülkiyyət hüququ ilə ona məxsus mənzildən istifadə edə bilmədiyini bildirərək, hazırkı tələblə məhkəməyə müraciət edərək, cavabdehlərdən maddi və mənəvi ziyana görə 128000 manat məbləğində pulun tutulmasını xahiş etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. Xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir. İddia ərizəsindən müəyyən olunur ki, iddiaçı cavabdeh qismində inzibati orqan olan Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsini və Sumqayıt Şəhər İcra Hakimiyyətini göstərsə də, onun irəli sürdüyü tələb xüsusi hüquqa - mülki hüquq münasibətlərinə aiddir. Hazırkı mübahisə cavabdehin ona həvalə edilmiş inzibati funksiyanın yerinə yetirilməsi, iddiaçıya münasibətdə hakimiyyət səlahiyyətlərinin tətbiq edilməsinin nəticəsində yerinə yetirilməsi, iddiaçıya münasibətdə hakimiyyət səlahiyyətlərinin tətbiq edilməsinin nəticəsində yaranmamış, irəli sürülən tələb xüsusi hüququn nizamasalma predmetinə aid olmaqla publik hüquqla tənzimlənmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.7-ci maddələrinə əsasən, inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. İnzibati prosessual qanunvericiliyin tələblərinə görə iddiaçı iddia ilə məhkəməyə hər hansı bir hüququnun pozulmasının ehtimalı halında müraciət edə bilər. İddia qaldıran şəxsin subyektiv hüququnun pozulması iddianın mümkünlüyu şərtlərindən biridir və bu pozulmanın olmaması iddianın mümkünsüz hesab edilməsinə əsas verir. İnzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia, yalnız onun inzibati prosessual qanunvericiliklə müəyyən edilən mümkünlüyü şərtləri yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Həmçinin, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edibetməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, hazırkı iddia tələbi xüsusi hüququn nizamasalma predmetinə aid olmaqla publik hüquqla tənzimləndiyindən hazırki işdə birinci instansiya məhkəməsinin qərardadının ləğv olunması üçün apellyasiya şikayətində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən, bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 21 yanvar 2022-ci il tarixli, 2-1(118)-831/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verə bilər.
Məhkəmə qərarları › İş №2-1(105)-308/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-308/2022
29.03.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver