Məhkəmə qərarları › İş №2-1(105)-308/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-308/2023

09.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-308/2023 09.06.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Zahid Tahir oğlu, hakimlər Babayeva Hökümə Çingiz qızı və X4 ibarət tərkibdə, X14 qızının katibliyi ilə, cavabdehin nümayəndəsi X7, iddiaçının vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınması və müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 08 dekabr 2022-ci il tarixli, 2-1(118)-828/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İşin halları: İddiaçı Şabran şəhəri ərazisində yerləşən fərdi yaşayış evi və 0,06 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı 24 noyabr 2021-ci il tarixli ərizə ilə cavabdeh inzibati orqana müraciət etmişdir. Cavabdeh xx.xx.2021-ci il tarixli **********32 saylı məktubu ilə iddiaçının müraciətinə imtina cavabı verərək bildirmişdir ki, təqdim edilmiş sənədlərin ekspertizası zamanı aşkar olunmuşdur ki, mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması ilə əlaqədar müraciət olunmuş qeyri-yaşayış binasına dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsi ilə müəyyən edilmiş hüquqların dövlət qeydiyyatına əsas olan hüquqmüəyyənedici sənədlər tam təmin olunmamışdır. Belə ki, qeyd olunan torpaq sahəsinə dair ərizəyə əlavə olunmuş “Fərdi mənzil tikintisi barədə” Dəvəçi rayon XDS İK-nın xx.xx.1991-ci il tarixli 08 saylı qərarında göstərilən “Torpaq sahəsinin ayrılıb verilməsi barədə” Dəvəçi rayon XDS İK-nın 28 yanvar 1991-ci il tarixli 01 saylı qərarı və ayrılmış torpaq sahəsinin sərhədlərinin ölçülərini əks etdirən, aidiyyəti orqanlar tərəfindən təsdiqlənmiş yerquruluşu planı təqdim edilməmişdir. Birinci instansiya məhkəməsindəki icraat Cavabdehin imtinası ilə razılaşmayan iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək Qusar rayon Məhkəməsinin 24 noyabr 2016-cı il tarixli 2(029)-1579/2016 saylı qətnaməsi ilə ləğv edilmiş kod 30107018 JN-450F saylı 17 avqust 2005-ci il tarixli Şəhadətnamədə göstərilən 0,24 hektar torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasının və adına müvafiq çıxarışın verilməsinin cavabdehə tapşırılması barədə qərar çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək Şabran (keçmiş Dəvəçi) rayon XDS İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli 01 saylı qərarı ilə ayrılmış 600 kv m torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınması və müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Dəvəçi (indiki Şabran) rayon XDS İcraiyyə Komitəsinin 28 yanvar 1991-ci il tarixli 01 saylı qərarına əsasən Dəvəçi rayonunda yerləşən 600 kv m torpaq sahəsinin iddiaçıya ayrılıb verilməsi qərara alınmışdır. Həmin qərarla ayrılmış torpaq sahəsi üzərində fərdi yaşayış evinin tikintisinin aparılmasına icazə verilmişdir. Həmin torpaq sahəsi iddiaçının atasına məxsus 1899 kv m torpaq sahəsindən ayrılaraq ona verilmişdir. İddiaçı torpaq sahəsində ayrıca ev tikmişdir, orada yaşayır. İddiaçı torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınması ilə bağlı cavabdeh idarəyə ərizə ilə müraciət etmişdir. Lakin 08 dekabr 2021-ci il tarixdə cavabdeh qurumdan iddiaçıya imtina məktubu verilmişdir. Cavabdeh orqan iddia tələbinə yazılı etiraz edərək bildirmişdir ki, təqdim edilmiş sənədlərin ekspertizası zamanı aşkar olunmuşdur ki, mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması ilə əlaqədar müraciət olunmuş qeyri-yaşayış binasına dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsi ilə müəyyən edilmiş hüquqların dövlət qeydiyyatına əsas olan hüquqmüəyyənedicı sənədlər tam təqdim olunmamışdır.Belə ki, qeyd olunan torpaq sahəsinə dair ərizənizə əlavə olunmuş "Fərdi mənzil tikintisi barədə" Dəvəçi rayon XDS İKnin xx.xx.1991-ci il tarixli 08 saylı qərarında göstərilən Torpaq sahəsinin ayrılıb verilməsi barədə" Dəvəçi rayon XDS İK-nin 28 yanvar 1991-ci il tarixli 01 saylı qərarı və ayrılmış torpaq sahəsinin sərhədlərinin ölçülərini əks etdirən, aidiyyəti orqanlar tərəfindən təsdiqlənmiş yerquruluşu planı təqdim edilməmişdir. Etirazda daha sonra göstərilmişdir ki, vətəndaş tərəfindən qanuna müvafiq olaraq sənədlərin və ərizənin təqdim olunmaması səbəbindən daşınmaz əmlakın müayinəsi keçirilməmiş, ərizəyə dair texniki hissə ilə heç bir münasibət bildirilməmişdir. Topraq sahəsinin yerləşdiyi yer dəqiq məlum deyildir, həmin topraq sahəsinin digər şəxslərin mülkiyyətində, istifadəsində olan torpaq sahələri ilə üstüstə düşüb-düşməməsi müəyyən edilməmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 08 dekabr 2022-ci il tarixli, 2-1(118)-828/2022 nömrəli qərarı ilə iddia təmin edilərək, Şabran (keçmiş Dəvəçi) rayon XDS İcraiyyə Komitəsinin 28 yanvar 1991-ci il tarixli 01 saylı qərarı ilə ayrılmış 600 kv m torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun qeydə alınaraq müvafiq çıxarışın verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadasrtı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin üzərinə qoyulması qərara alınmışdır. Cavabdeh orqan həmin qərardan apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh orqan apellyasiya şikayətini iddia ərizəsinə etirazla eyni məzmunda əsaslandırmış və əlavə olaraq bildirmişdir ki, torpaq sahəsinin yerləşdiyi yer məlum deyildir və ərazinin hansı hissəsində yerləşdiyinə dair sənəd, sxem təqdim edilməmişdir. Həmin torpaq sahəsinin kateqoriyası, yüksək gərginlikli elektrik və digər kommunikasiya xəttlərinin mühafizə zolağına, digər şəxslərin mülkiyyətində, istifadəsində olan torpaq sahələri ilə üst-üstə düşüb-düşməməsi müəyyən edilməsi mümkün olmamışdır, ərizəyə dair texniki hissə ilə heç bir münasibət bildirilməsi mümkün olmamışdır. Ərizəyə yalnız “Fərdi mənzil tikintisi barədə” Dəvəçi rayon XDS İK-nın xx.xx.1991-ci il tarixli 08 saylı qərarı əlavə edilmişdir. Tərəflərin izahatları Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin dəlillərini müdafiə edərək onun təmin edilməsini xahiş etmiş, sonuncu məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmasna baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməyin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddianın təmin edilməsini xahiş etdi. Əsaslandırma hissəsi Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası işdə iştirak edən iddiaçının vəkili və nümayəndəsinin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirib, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, işin halları tam araşdırılmadığından birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, hazırki iş yenidən araşdırılması üçün həmin məhkəməyə göndərilməli, apellyasiya şikayəti isə qismən təmin edilməlidir. Belə ki, İnzibati Prosessual Məcəllənin 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər (maddə 12.2). Həmin Məcəllənin tələblərinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır (İPM-nin 58.7 və 68.2-ci maddələri). Göründüyü kimi məhkəmə tərəflərin təqdim etdikləri sübutlarla kifayətlənməməli, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün halları araşdırmalıdır. İş materiallarında olan Dəvəçi rayon XDS İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli 08 nömrəli iclas protokolundan çıxarışdan görünür ki, X2 və X3 ataları X5 hesabında olan 1899 kvm torpaq sahəsindən 600 kv m torpaq sahəsinin ayrılıb verilməsi barədəki Dəvəçi rayon XDS İK-nin 28 yanvar 1991-ci il tarixli 01 nömrəli qərarı nəzərə alınması və onlara ayrılıb verilmiş torpaq sahəsində fərdi yaşayış evinin tikintisinin aparılmaması icazə verilməsi qərara alınmışdır. Dəvəçi rayon RTİB tərəfindən tərtib edilmiş texniki pasportdan görünür ki, həmin sənəd İ.İskəndərova məxsus fərdi yaşayış evi barəsində evin həyətyanı sahəsi 1899 kv m göstərilmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin müvafiq dəlillərinə əsasən cavabdeh 5 saylı Xaçmaz Ərazi İdarəsinə sorğu verərək Şabran (keçmiş Dəvəçi) rayon XDS İK-nin 28 yanvar 1991-ci il tarixli 01 saylı qərarı ilə iddiaçıya ayrılmış torpaq sahəsinin İdarənin mütəxəssisləri tərəfindən yerində müayinə edilərək həmin torpaq sahəsinin kateqoriyası, yüksək gərginlikli elektrik və digər kommunikasiya xəttlərinin mühafizə zolağına, digər şəxslərin mülkiyyətində, istifadəsində olan torpaq sahələri ilə üst-üstə düşüb-düşməməsi ilə bağlı kateqoriyası və faktiki ölçüləri barədə məlumatları özündə əks etdirən müvafiq müayinə aktının, habelə iddiaçının qeyd edilən torpaq sahəsi ilə bağlı 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciətləri (ərizəsi) və həmin müraciətlərlə bağlı aparılmış inzibati icraata dair sənədlərin, verilmiş cavabların təsdiq olunmuş surətlərinin məhkəməyə təqdim olunması xahiş olunmuşdur. Sorğuya cavab olaraq təqdim edilmiş xx.xx.2023-cü il tarixli nəktubda qeyd olunan ərazinin ərazi idarəsinin mütəxəssisi tərəfindən ölçüldüyü bildirilmiş və müayinə aktı təqdim edilmişdir. Müayinə aktında göstərilir ki, İddiaçı Şabran (keçmiş Dəvəçi) rayon XDS İcraiyyə Komitəsinin 28 yanvar 1991-ci il tarixli 01 saylı qərarı ilə ayrılmış 600 kv.metr torpaq sahəsinə dair heç bir yerquruluşu sxemi təqdim edilməmişdir. İddiaçı ona ayrılmış torpaq sahəsinin cizgilərinin, mərhum atası isgəndərov İsgəndər Turab oğlu üçün Şabran (keçmiş Dəvəçi) şəhəri, Sülh küçəsində yerləşən fərdi yaşayış evi üçün tərtib olunmuş texniki pasportda qeyd olunduğunu bildirmişdir. Həmin cizgilərə görə iddia etdiyi torpaq sahəsinə baxış keçirərkən məlum olmuşdur ki, həmin torpaq sahəsinin üzərində X1 istifadə etdiyi fərdi yaşayış evi mövcuddur. Fərdi yaşayış evinin sahibi ərazinin ölçülməsinə icazə verməmişdir. Həmin torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evinin ona məxsus olduğunu və bununla bağlı hüquqmüəyyənedici sənədlərinin olduğunu bildirərək sənədlərin surətini təqdim etmişdir. Təqdim olunan sənədlərin elektron baza məlumatları üzərində araşdırılması zamanı məlum olmuşdur ki, iddia olunan torpaq sahəsinə X6 və ailə üzvlərinə 0,05 ha torpağın mülkiyyətə verilməsinə dair Dəvəçi rayon Aqrar islahat Komissiyasının 12 sentyabr 2000-ci il tarixli 06 saylı qərarına əsasən DTXK-si tərəfindən xx.xx.2005-ci ildə təsdiq olunmuş JN-317A KOD30401004 şəhadətnamənin cizgiləri tərtib olunmuşdur. Qeyd olunmalıdır ki, X6 və ailə üzvlərinə 0,05 ha torpağın mülkiyyətə verilməsinə dair JN-317A KOD30401004 şəhadətnaməyə dair məlumat işin 26-cı səhifəsində olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2021-ci il tarixli məktubunda da mövcuddur, hətta birinci instansiya məhkəməsi özü işə hərtərəfli və tam baxılması üçün sorğu verərək qeyd edilən şəhadətnamənin verilməsinə əsas olmuş sənədləri cavabdehdən tələb etmiş, cavabdeh tərəfindən isə məhkəməyə yalnız şəhadətnamənin surəti təqdim edilmişdir. Lakin birinci instansiya məhkəməsi, işin qeyd edilən halı ilə bağlı hər-hansı əlavə araşdırmamış, Ş.İsgəndərovun adına olan JN-317A KOD30401004 şəhadətnamədə qeyd edilən torpaq sahəsinin iddiaçının iddia etdiyi torpaq sahəsinə aidiyyəti, onların üst-üstə düşüb-düşməməsini müəyyən etməmiş, hansı əsasla bu nəticəyə gəldiyini əsaslandırmadan qərarda mübahisəli torpaq sahəsinin iddiaçının faktiki istifadəsində və qanuni sahibliyində olduğunu göstərmişdir. Eyni zamanda cvabdehin imtinasında istinad etməsinə baxmayaraq topraq sahəsinin digər şəxslərin mülkiyyətində, istifadəsində olan torpaq sahələri ilə üst-üstə düşüb-düşməməsi müəyyən etməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iş üzrə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda qeyd edilən pozuntulara yol verilərək mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halların xidməti vəzifəsinə görə araşdırılmaması, məhkəmə qərarını məhkəmə icraatında tədqiq olunmamış faktlar və sübutlarla əsaslandırılması iş üzrə məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu ciddi prosessual pozuntular kimi qiymətləndirilməli və İPM-nin 87.7, 87.7.1-ci maddələrinin tələblərinə uyğun olaraq Sumqayıt İnzibati Məhkəməsinin 08 dekabr 2022-ci il tarixli, 2- 1(118)-828/2022 nömrəli qərarı ləğv edilərək iş həmin məhkəməyə göndərilməlidir. Qeyd edilən maddələrin tələblərinə əsasən inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər. Belə ki, yuxarıda qeyd edilən pozuntular səbəbindən iş üzrə geniş həcmdə sübutların araşdırılması tələb olunur ki, bu hallar da məhz birinci instasniya məhkəməsi tərəfindən araşdırılmalıdır. Təkrar baxış zamanı cavabdehin etirazında göstərilmiş dəlillərlə bağlı hallar araşdırılmalı, zərurət olarsa X6 üçüncü şəxs qismində cəlb olunmaqla JN-317A KOD30401004 şəhadətnamədə göstərilən torpaq sahəsinin iddiaçının iddia etdiyi torpaq sahəsi ilə üst-üstə düşüb-düşməməsi araşdırılmaqla nəticəsinə uyğun mahiyyəti üzrə yekun qərar qəbul edilməlidir. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, hazırki iş yenidən baxılması üçün iş birinci instansiya məhkəməsinə göndərilməlidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 08 dekabr 2022-ci il tarixli, 2-1(118)-828/2022 nömrəli qərarı ləğv edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “Şabran(keçmiş Dəvəçi) rayon XDS İcraiyyə Komitəsinin 28 yanvar 1991-ci il tarixli 01 saylı qərarı ilə ayrılmış 600 kv.metr torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınması və müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iş yenidən baxılması üçün Sumqayıt İnzibati Məhkəməsinə göndərilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar