Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-31/2021 07.05.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Sədrlik edən və məruzəçi-hakim Babayeva Hökümə Çingiz qızı, Məmmədov Fuad Əli oğlu və Rzayev Məhəmmədəli Əsəd oğlundan ibarət tərkibdə, Hüseynli Aydın Hüseyn oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası ƏMDK-nin yanında DƏDRX-nin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı çıxarışın verilməsi tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin 16 mart 2020-ci il tarixli 2-1(118)-537/2020 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sumqayıt şəhər Əhalinin Sosial Müdafiə Mərkəzi tərəfindən verilmiş 008077 saylı vəsiqəyə əsasən, İddiaçı şəhid ailəsi üzvü olaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş güzəşt və imtiyazlardan istifadə etmək hüququ vardır. Sumqayıt şəhər bələdiyyəsinin 29 aprel 2008-ci il tarixli 11 saylı qərarı ilə Sumqayıt şəhərinin cənubunda, “Samur-Abşeron” Kanalının şimalında salınacaq Yeni yaşayış məntəqəsində, mövqe sxemi əsasında, fərdi ev tikintisi üçün 6-cı məhəllə ərazisində sahəsi 600 kv.m olan 50 saylı həyətyanı torpaq sahəsinin şəhid ailəsi(atası) İddiaçı mülkiyyətinə pulsuz verilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Sumqayıt şəhər şöbəsinin 04 fevral 2008-ci il tarixli, 02/172 saylı rəyində torpaq sahəsinin Vİ qiymət zonasında yerləşməsi, ölçüsünün 600 kv m olması qeyd edilmiş, “Torpaq İslahatı haqqında” AR qanununun 19-cu maddəsinə əsasən və Sumqayıt şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəyini nəzərə alaraq həmin torpaq sahəsinin fərdi yaşayış evinin tikilməsi məqsədilə iddiaçının mülkyyətinə əvəzsiz olaraq ayrılması məqsədə müvafiq hesab edilmişdir. Eynilə, Sumqayıt şəhər Memarlıq və Şəhərsalma İdarəsinin 16 yanvar 2008-ci il tarixli, 22 saylı rəyində də, İddiaçı Sumqayıt şəhərinin cənubunda “Samur-Abşeron” kanalının şimalında salınacaq yeni yaşayış məntəqəsinin 6-cı məhəlləsi ərazisində fərdi yaşayış evi tikintisi məqsədilə 600 kv.m torpaq sahəsi ayrılmasına etiraz edilməmişdir. Ayrılması nəzərdə tutulan torpaq sahəsinin mövqe planı Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Sumqayıt şəhər şöbəsi tərəfindən təsdiq edilmişdir. Sumqayıt şəhərinin baş memarı tərəfindən təsdiq edilmiş 29 may 2008-ci il tarixli akta əsasən, Bələdiyyənin qərarı ilə ayrılmış 50 saylı torpaq sahəsi sərhəd dönüşlərində naturada qeyd edilmiş daimi nişangahlar qoyularaq iddiaçıya yerındə təhvil verilmişdir. İddiaçı yuxarıda göstərilən sənədləri təqdim etməklə cavabdehə müraciət edərək torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını xahiş etmişdir. Cavabdeh 19 dekabr 2019-cu il tarixli, **********60 saylı məktubla müraciəti təmin etməkdən imtina etmişdir. İmtina onunla əsaslandırılmışdır ki, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında”Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən bələdiyyələr tərəfindən 01 dekabr 2007-ci il tarixdən sonra qəbul edilən qərarlarda bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. Lakin 29 aprel 2008-ci il tarixli 11 saylı protokoldan çıxarışdan göründüyü kimi bələdiyyənin qərarı 01 dekabr 2007-ci il tarixdən sonra verilmiş, Sumqayıt İnzibati iqtisadi Məhkəməsinin 09.10.2019-cu il tarixli 2-1(085)-1480/2019 saylı qərarı ilə həmin qərarın Sumqayıt Bələdiyyəsi tərəfindən qanunsuz hesab edilərək ləğv edilməsi təmin edilməmişdir. Bundan başqa müayinə zamanı torpaq sahəsinin 0.0090 ha (90.0 kv.metr) hissəsinin 110.0 kv-lıq elektrik xəttinin mühafizə zolağında yerləşdiyi aşkar edilmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15.1.2-ci maddəsinin müddəalarına əsasən ərizənin icrasından imtina edilmişdir. İmtinanı qanunsuz hesab edən iddiaçı məhkəmədə iddia qaldıraraq, Sumqayıt şəhər Bələdiyyəsinin 29 aprel 2008-ci il tarixli, 11 saylı qərarı ilə fərdi ev tikintisi üçün mülkiyyətinə verilmiş Sumqayıt şəhərinin cənubunda, “Samur-Abşeron” kanalının şimalında salınan Yeni yaşayış məntəqəsinin 6-cı məhəlləsində yerləşən, sahəsi 600 kv metr torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması və onun adına müvafiq mülkiyyət çıxarışının verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddianın əsaslandırılması: Sumqayıt şəhər Bələdiyyəsinin 29 aprel 2008-ci il tarixli 11 nömrəli qərarı ilə Sumqayıt şəhərinin cənubunda, “Samur-Abşeron” kanalının şimalında salınan Yeni yaşayış məntəqəsinin 6-cı məhəlləsində yerləşən, sahəsi 600 kvadrat metr olan 50 saylı həyətyanı torpaq sahəsi fərdi ev tikintisi üçün pulsuz olaraq iddiaçının mülkiyyətinə verilmişdir. Sonradan ona məlum olmuşdur ki, Ədliyyə Nazirliyinin X2 təqdimatı əsasında iddiaçının adına verilmiş bələdiyyə qərarı Sumqayıt şəhər Bələdiyyəsinin 27.06.2008-ci il tarixli, 14 nömrəli qərarı ilə ləğv edilmişdir və o, təkrarən bələdiyyəyə müraciət etməklə həmin torpaq sahəsini qüvvədə olan yeni qanun normalarına uyğun yenidən öz adına sənədləşdirməlidir. Hüquqlari Sumqayıt şəhər Bələdiyyəsi tərəfindən aşkar şəkildə pozulduğu üçün iddiaçı məhkəməyə müraciət etmək və sözügedən bələdiyyə qərarının etibarsız sayılmasını xahiş etmək məcburiyyətində qalmışdır. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 09 oktyabr 2019-cu il tarixli, 2-1(085)- 1480/2019 saylı qərarı ilə iddiası təmin edilmiş, Sumqayıt şəhər Bələdiyyəsinin 27 iyun 2008-ci il tarixli, 14 nömrəli qərarı iddiaçının mülkiyyətinə fərdi ev tikintisi üçün həyətyanı torpaq sahəsinin verilməsi haqqında Sumqayıt şəhər Bələdiyyəsinin 29 aprel 2008-ci il tarixli, 11 saylı qərarının ləğv edilməsi hissəsində ləğv olunmuşdur. Yuxarıda qeyd edilən sənədlər əsasında iddiaçı müvafiq ərizə ilə cavabdehə müraciət etsə də, sonuncu imtina cavabı vermişdir. Hesab edir cavabdehin imtinası qanunsuzdur. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin 16 mart 2020-ci il tarixli, 2-1(118)-537/2020 saylı qərarı ilə iddia rədd edilmişdir. (hakim İ.Quliyev) Qərardan narazı qalan iddiaçı, iddia ərizəsi ilə eyni məzmunda apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsi xahiş edilmişdir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək, iddia ərizəsi ilə eyni zamanda izahat verdi və əlavə olaraq iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, cavabdehin imtina məktubunda elektrik xəttinin mühafizə zolağında yerləşmiş 0.0090 ha hissə ilə bağlı, tələbinin həcmini azaltdığını bildirmiş, Sumqayıt şəhər Bələdiyyəsinin 29 aprel 2008-ci il tarixli, 11 saylı qərarı ilə fərdi ev tikintisi üçün mülkiyyətinə verilmiş Sumqayıt şəhərinin cənubunda, “Samur-Abşeron” kanalının şimalında salınan Yeni yaşayış məntəqəsinin 6-cı məhəlləsində yerləşən, sahəsi 600 kv.netr olan 50 saylı həyətyanı torpaq sahəsinin 90 kv.metr istisna olmaqla 510 kv.metr torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması və onun adına çıxarışın verilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaçının müraciətinə ünvanlanmış imtina məktubunda qeyd edilənlərə uyğun izahat verərərk, apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. ƏSASLANDİRMA HİSSƏ Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirib, apelyasiya şikayətinin dəlillərini araşdıraraq, aşağıda göstərilənlərə əsasən hesab edir ki, apelyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddianın təmin edilməsi barədə yeni qərar çıxarılmalıdır. Birinci instansiya məhkəməsi iddia tələbini rədd edərkən hesab etmişdir ki, Bələdiyyə tərəfindən torpaq sahəsi iddiaçının mülkiyyətinə verilərkən qanunvericiliyin tələbləri nəzərə alınmamışdır. Kollegiya məhkəmənin gədiyi nəticə ilə razılaşmır və aşağıdakıları qeyd edir: Məhkəmə kollegiyası tərəfindən işin müəyyən edilmiş halından görünür ki, sahəsi 600 kv.m olan 50 saylı həyətyanı torpaq sahəsi Sumqayıt bələdiyyəsinin 29 avqust 2008-ci il tarixli, 11 saylı qərarı ilə şəhid ailəsi olaraq iddiaçının mülkiyyətinə pulsuz ayrılmış və həmin vaxtdan da, qeyd olunan torpaq sahəsi onun istifadəsində və sahibliyindədir. Mübahisələndirilən torpaq sahəsinin iddiaçının qanuni sahibliyinə verilməsi iş materiallarında olan torpaq sahəsinin ayrılması barədə qərar, yerin təhvil aktı və Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Sumqayıt şəhər şöbəsinin, eləcə də, Sumqayıt şəhər İcra Hakimiyyəti Memarlıq və Tikinti şöbəsinin rəyi ilə də təsdiq edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası qanununun 19-cu maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüşlərdə iştirakla əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərə və həlak olanların ailəsinə, ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçulara fərdi yaşayış evinin tikintisi üçün torpaq sahələri bir dəfə pulsuz verilir Eləcə də, “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması Qaydaları haqqında” Əsasnamənin 13-1.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüşlərdə iştirakla əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərə və həlak olanların ailəsinə, ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçulara fərdi yaşayış evinin tikintisi üçün torpaq sahələri onların mülkiyyətinə bir dəfə pulsuz verilir. Mübahisəli torpaq sahəsi iddiaçıya şəhid ailəsinin üzvü olduğundan Bələdiyyə qərarı ilə pulsuz ayrılmış və həmin torpaq sahəsinin iddiaçıya ayrılmasına Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Sumqayıt şəhər şöbəsinin rəyi ilə etiraz edilməmişdir. Beləliklə, torpaq sahəsi Bələdiyyənin mülkiyyətində olmuş və onun tərəfindən qanunvericiliklə nəzərdə tutulmuş qaydalara riayət edilməklə iddiaçının mülkiyyətinə pulsuz verilmişdir. Cavabdehin iddiaya qarşı dəlili ondan ibarət olmuşdur ki, torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququ dövlət qeydiyyatına alınmadan və hərrac keçirilmədən birbaşa vətəndaşın adına sənədlər tərtib olunmuşdur. Halbuki, əvvəlcə ayrılmış torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququ dövlət reyestrində qeydiyyata alınmalı idi, yalnız bundan sonra həmin sahə hərrac vasitəsilə iddiaçıya satıla bilərdi. Kollegiya aşağıda göstərilənlərə əsasən sözügedən dəlili əsassız hesab edir. Belə ki, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1-ci maddəsinə əsasən bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə bu Qanunun 9.8-ci maddəsində müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. Yuxarıda qeyd edilən Əsasnamənin 10-cu bəndinə əsasən bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək fərdi yaşayış və bağ evlərinin, qarajların, habelə sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədi ilə zəruri obyektlərin tikintisi üçün qeyri-qanuni istifadə edilən (müvafiq qaydada rəsmiləşdirilməmiş) bələdiyyə torpaqlarının hüquqi və fiziki şəxslərdən geri alınması mümkün olmadığı hallarda həmin torpaq sahələri (elektrik, rabitə, nəqliyyat, qaz, su, kanalizasiya və digər kommunikasiya xətlərinin mühafizə zolağında, habelə sürüşmə zonasında yerləşmiş torpaq sahələri istisna olmaqla) onların mülkiyyətinə, həmçinin bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsi ilə müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinin ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi hərrac və ya müsabiqə keçirilmədən bu Əsasnamənin 11-ci, 14-21-ci, 23-cü, 24-cü, 25-ci, 25-1-ci və 27-ci bəndlərində müəyyən edilmiş qaydada verilir. Həmin Əsasnamənin 16-cı bəndinə görə ayrılması nəzərdə tutulan torpaq sahəsinin məqsədli təyinatı həmin ərazinin yerquruluşu-təsərrüfat planına, yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olarsa və həmin yer başqa hüquqi və fiziki şəxsin mülkiyyətinə, istifadəsinə və ya icarəsinə verilməmişdirsə, habelə elektrik, rabitə, nəqliyyat, qaz, su, kanalizasiya və digər kommunikasiya xətlərinin mühafizə zolağında və sürüşmə zonasında yerləşməmişdirsə, bələdiyyə hərrac və ya müsabiqənin keçirilməsi məqsədilə torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınma proseduruna başlanmasının və ya bu Əsasnamənin 10-cu bəndində nəzərdə tutulmuş hallarda müraciət edən hüquqi və fiziki şəxsə torpaq sahəsinin ayrılmasının məqsədəuyğunluğu barədə qərar qəbul edir. Həmin ərazidə torpaq sahəsinin ayrılması mümkün olmadığı halda bələdiyyə müraciət edən şəxsə yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olan boş torpaq sahəsi təklif edir və ya torpaq sahəsinin ayrılmasından imtina edilməsi barədə qərar qəbul edir. Bələdiyyə imtinanın səbəblərini göstərməklə müraciət etmiş şəxsə əsaslandırılmış cavab verir. Torpaq sahəsinin verilməsindən imtina edilməsi barədə bələdiyyənin qərarından bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqana və ya məhkəmə qaydasında şikayət verilə bilər. Həmin Əsasnamənin 22-ci bəndinə görə bələdiyyə hərraca və ya müsabiqəyə çıxarılan torpaq sahəsi üzərində onun mülkiyyət hüququ qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındıqdan sonra hərrac və ya müsabiqənin keçirilməsi barədə qərar qəbul edərək, həmin qərarın bir nüsxəsini daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, daşınmaz əmlakın kadastr xəritəsindən çıxarış və qeydiyyata alınmış hüquqların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayış ilə birlikdə hərracı (müsabiqəni) təşkil etmək üçün müvafiq icra hakimiyyəti orqanına göndərir. Həmin Əsasnamənin 23-cü maddəsində isə təsbit edilmişdir ki, bu Əsasnamənin 10cu bəndində nəzərdə tutulmuş hallarda bələdiyyə müvafiq icra hakimiyyəti orqanından daxil olmuş sənədlər əsasında 15 gündən gec olmamaqla, bələdiyyənin növbəti iclasında torpağın mülkiyyətə ayrılması haqqında qərar qəbul edir və bu barədə 3 gün müddətində ərizəçiyə bildiriş göndərir. Qərarda torpağın təyinatına uyğun olaraq bazar qiyməti nəzərə alınmaqla, torpağın qiyməti və 60 gündən gec olmamaqla, torpağın dəyərinin ödənilməsi müddəti müəyyən edilir. Qərarla müəyyən edilən müddətdə ərizəçi ilə bələdiyyə arasında alğı-satqı müqaviləsi bağlanılmalı və torpağın dəyəri ödənilməlidir. Əgər bu müddətdə müqavilə bağlanılmazsa və torpağın dəyəri ödənilməzsə, bələdiyyə tərəfindən torpağın mülkiyyətə ayrılması barədə qərar ləğv edilir. Torpağın hər 0,01 hektarının qiyməti şəhərlərin və rayon mərkəzlərinin müvafiq zonasında və ya müvafiq kadastr qiymət rayonuna daxil olan inzibati rayonda son torpaq hərracı və ya müsabiqəsi vasitəsilə satılan torpağın hər 0,01 hektarına görə ödənilən qiymətdən az ola bilməz. Belə hərrac keçirilənədək bu maddəyə uyğun olaraq bələdiyyə tərəfindən satılan torpaq sahəsinin qiyməti son üç ay ərzində həmin torpaq sahəsinə uyğun torpaq sahəsinin notariat qaydada təsdiq edilmiş alğı-satqı müqavilələrində göstərilmiş 3 ən yüksək qiymətin orta göstəricisi əsasında müəyyən edilir. Torpaq sahəsinin qiymətinin onun bazar qiyməti əsasında müəyyən edilməsi üçün bələdiyyə tərəfindən satılan torpaq sahəsini 100 metrədək əhatə edən ərazi üzrə, həmin ərazidə torpaqla bağlı bazar mövcud olmadıqda satılan torpaq sahəsini 250 metrədək əhatə edən ərazi üzrə, həmin ərazidə torpaqla bağlı bazar mövcud olmadıqda satılan torpaq sahəsini 500 metrədək əhatə edən ərazi üzrə mövcud olan, satılan torpaq sahəsinə uyğun torpaq sahəsinin bazar qiyməti əsas götürülür. Bu maddənin məqsədləri üçün notariat qaydada təsdiq edilmiş alğı-satqı müqavilələrində göstərilmiş qiymətlər barədə məlumat bələdiyyənin sorğusu əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən 3 gün müddətində verilir. Qanunvericiliyin sadalanan müddəalarının mənasından göründüyü kimi bələdiyyənin yalnız hərrac və ya müsabiqə vasitəsilə satılan torpaqları əvvəlcə qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmalı, daha sonra isə hərrac və ya müsabiqənin keçirilməsi barədə qərar qəbul edilməklə hərracı (müsabiqəni) təşkil etmək üçün müvafiq icra hakimiyyəti orqanına göndərilməlidir. Müvafiq bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması isə hərrac və ya müsabiqə vasitəsilə həyata keçirilmir. Bu halda, torpaq sahələri açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə deyil, bələdiyyələr tərəfindən qəbul edilmiş qərarlarla satıla bilərlər. Torpaq sahəsi bu qaydada satılarkən isə hərrac və ya müsabiqə vasitəsilə satılmadığına görə satılan sahə üzərində bələdiyyənin mülkiyyət hüququnun əvvəlcə qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması tələb olunmur. Hazırkı işin hallarından isə müəyyən olunur ki, Bələdiyyə tərəfindən 2008-ci il tarixdə torpaq sahəsi ayrılan zaman iddiaçı 1991-ci ildən Bələdiyyənin ərazisində daimi yaşamış və eyni zamanda 16 ildən artıq yaşayış yeri üzrə qeydiyyatda olmuşdur. Belə ki, Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 11 saylı Mənzil Kommunal Sahəsinin 446 saylı, 27 aprel 2021-ci il tarixli arayışına əsasən, İddiaçı ünvan 1 ünvanında 1991-ci il tarixdən yaşayır və orada qeydiyyatdadır. Belə olan təqdirdə yuxarıda sadalanan qanunvericilik normalarına istinadən hərracın keçirilməsi və müvafiq olaraq bələdiyyənin mülkiyyət hüququnun qeydə alınması tələb olunmur. Sumqayıt Bələdiyyəsi qeyd edilən qanunvericilik normalarının tələblərinə uyğun olaraq, fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsini iddiaçının mülkiyyətinə pulsuz vermişdir. Cavabdeh imtinasında həmçinin Sumqayıt İnzibati iqtisadi Məhkəməsinin 09.10.2019-cu il tarixli 2-1(085)-1480/2019 saylı qərarına istinad edərək, qərarın Sumqayıt Bələdiyyəsi tərəfindən qanunsuz hesab edilərək ləğv edilməsinə dair iddianın təmin edilmədiyini bildirmişdir. Qeyd edilən dəlili əsassız hesab edərək, kollegiya qeyd edir ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarından görünür ki, X2 tövsiyəsi əsasında Sumqayıt şəhər bələdiyyəsinin 27 iyun 2008-ci il tarixli, 14 saylı qərarı ilə 600 kv.metr 50 saylı həyətyanı torpaq sahəsinin iddiaçının mülkiyyətinə verilməsi barədə Sumqayıt bələdiyyəsinin 29 aprel 2008-ci il tarixli 11 nömrəli qərarı ləğv edilmişdir. Bələdiyyənin 27 iyun 2008-ci il tarixli, 14 saylı qərarından narazı qalan iddiaçı həmin qərarın ləğvi barədə Sumqayıt İnzibati iqtisadi Məhkəməsində iddia qaldırmış və məhkəmənin 2-1(085)-1480,2019 saylı, 09 oktyabr 2019-cu il tarixli qərarı ilə iddia təmin edilmiş, Sumqayıt şəhər bələdiyyəsinin 27 iyun 2008-ci il tarixli, 14 saylı qərarı iddiaçıya aid hissədə ləğv edilmişdir. Beləliklə, müəyyən olunur ki, iddiaçıya torpaq sahəsinin ayrılmasına dair Bələdiyyənin qərarı hazırda qüvvədədir. Cavabdeh imtinasının sonuncu dəlili isə müayinə zamanı torpaq sahəsinin 0.0090 ha (90.0 kv.metr) hissəsinin 110.0 kv-lıq elektrik xəttinin mühafizə zolağında yerləşməsinin aşkar edilməsi olmuşdur. Bu hissədə iddiaçı cavabdehin imtinası ilə razılaşaraq, elektrik xəttinin mühafizə zolağında düşən hissədə 90 kv m torpaq sahəsinin mülkiyyət hüququ əsasında qeydə alınmasını tələb etmədiyini bildirmiş və bu səbəbdən iddia tələbinin həcmini azaldaraq 510 kv m torpaq sahəsinə mülkiyyət hüquqlarının qeydə alınması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası iddianın dəyişdirilməsi barədə ərizənin icraata qəbulu ilə əlaqədar qeyd edir ki, AR İPM-in 13-cü maddəsinə əsasən, məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. “Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 sentyabr 2014-cü il tarixli qərarına əsasən, Konstitusiya Məhkəməsinin Plenumu inzibati icraatın spesifik xüsusiyyətlərinə əsaslanaraq, İPM-in 13-cü maddəsində nəzərdə tutulan məhkəmənin qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılması, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsi, natamam faktiki məlumatların tamamlanması, işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunması ilə bağlı proses iştirakçılarına yardım etməsini müəyyən edən müddəaların inzibati apellyasiya icraatında tətbiqini istisna etmir. Lakin həmin maddənin “yanlış iddia növlərinin münasibləri ilə əvəz olunması” müddəasının inzibati apellyasiya icraatında tətbiq edilməsi isə yol verilməzdir. Məhkəmə kollegiyası ərizədə edilən dəyişikliyin iddianın növünə təsir etmədiyini nəzərə alaraq, ərizəni məhkəmənin icraatına qəbul edilməsini məqsədəuyğun hesab etmişdir. Həmçinin, iddia tələbinin həcminin azaldılması barədə ərizəni nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, cavabdehin imtinasında qeyd edildiyi kimi həqiqətən də, 90 kv m torpaq sahəsinin elektrik xəttinin mühafizə zolağında yerləşib-yerləşmədiyini araşdırmağa, bununla bağlı mütəxəssis rəyi almağa zərurət yoxdur. Beləliklə, qeyd olunanlara əsasən kollegiya hesab edir ki, mübahisənin müəyyən edilmiş faktiki hallarına hüquq normaları birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq edilməmişdir. Ona görə də, şikayət təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməklə iddia təmin edilməlidir. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apelyasiya şikayəti təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 16 mart 2020-ci il tarixli 2-1(118)-537/2020 saylı qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddia təmin edilsin. Sumqayıt şəhər Bələdiyyəsinin 29 aprel 2008-ci il tarixli, 11 saylı qərarı ilə fərdi ev tikintisi üçün iddiaçının mülkiyyətinə verilmiş Sumqayıt şəhərinin cənubunda, “Samur- Abşeron” kanalının şimalında salınan Yeni yaşayış məntəqəsinin 6-cı məhəlləsində yerləşən, 600 kv metr olan 50 saylı həyətyanı torpaq sahəsinin elektrik xəttinin mühafizə zolağına düşən 90 kv.metr hissəsi istisna olmaqla 510 kv.metr torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması və bu barədə iddiaçının reyestrdən çıxarışın verilməsi öhdəliyi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin üzərinə qoyulsun. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apelyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Səməd Vurğun küçəsi, 120) vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(105)-31/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-31/2021
07.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver