Məhkəmə qərarları › İş №2-1(105)-31/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-31/2023

10.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-31/2023 10.02.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X2 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına qarşı iş üzrə QƏRARİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Zahid Tahir oğlu, hakimlər Babayeva Hökümə Çingiz qızı və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, X3 qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X2 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 24 may 2022-ci il tarixli, 2-1(118)-527/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı xx.xx.1961-ci il tarixdə anadan olmuş, xx.xx.1979-xx.xx.1981-ci il tarixlərdə müddətli həqiqi hərbi xidmətdə olmuşdur.

2. İşdə olan iddiaçıya aid AT-İİİ № ******* saylı əmək kitabçasının surətinə əsasən iddiaçı xx.xx.1983-xx.xx.1983; xx.xx.1983-xx.xx.1985; xx.xx.1985-xx.xx.1991; xx.xx.1991xx.xx.1991; xx.xx.1991-xx.xx.1992; xx.xx.1992-xx.xx.1992; xx.xx.1993-xx.xx.1993; xx.xx.1994-xx.xx.1995; xx.xx.1995-xx.xx.2004; xx.xx.2004-xx.xx.2007; xx.xx.2008xx.xx.2013-cü illər ərzində müxtəlif müəssisə və təşkilatlarda əmək fəaliyyəti ilə məşğul olmuş, habelə xx.xx.2016-cı il tarixdən xx.xx.2016-cı il tarixədək işsiz statusunda Nizami rayon Məşğulluq Mərkəzində qeydiyyatda olmuşdur.

3. Təqdim edilmiş əmək kitabçasında iddiaçının xx.xx.1995-ci ildə, 27/k nömrəli əmrlə "xxxx" kiçik müəssisəsinə fəhlə qəbul edildiyi, xx.xx.1996-cı il tarixli 29/k nömrəli əmrlə 3-cü dərəcəli əl qaynaqçısı, xx.xx.1998-ci ildə, 11/k nömrəli əmrlə 4-cü dərəcəli əl qaynaqçısı, xx.xx.2001-ci ildə 5-ci dərəcəli əl qaynaqçısı işlədiyi qeyd olunmuş, xx.xx.2004-cü ildə, 9/k nömrəli əmrlə öz xahişi ilə işdən azad edilmişdir.

4. Bundan əlavə iddiaçı xx.xx.2004-xx.xx.2007-ci il tarixlərdə BOS Şelf MMC-də qaynaqçı vəzifəsində işləmiş, BOS Şelf MMC tərəfindən tərtib olunmuş xx.xx.2021-ci il tarixli güzəştli arayışa əsasən onun BOS Şelf MMC-də güzəştli əmək şəraitində iş müddəti 2 il 8 ay 12 gün təşkil edir.

5. İddiaçı həmçinin xx.xx.2008-ci il tarixdən xx.xx.2013-cü il tarixinədək Heydər Əliyev adına Bakı dərin özüllər zavodunun üst tikililərinin yığılması və quraşdırılması sexində əl ilə elektrik qaynaqçısı işləmiş, Heydər Əliyev adına Bakı dərin özüllər zavodunun xx.xx.2021-ci il tarixli arayışına əsasən iddiaçının güzəştli iş stajı 5 il 1 ay 6 gün təşkil edir.

6. İddiaçı xx.xx.2020-ci il tarixdə Dövlət Sosial Müdafiə Fonduna müraciət edərək ona pensiya təyin edilməsini xahiş etmiş, DSMF-nin xx.xx.2020-ci il tarixli, **********5 saylı məktubunda “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə istinad edilməklə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun müəyyənləşdirilməsi üçün müvafiq sənədlərlə Fondun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət etmək tövsiyə olunmuşdur.

7. İddiaçı daha sonra müvafiq sənədləri təqdim etməklə ona güzəştli şərtlərlə pensiya təyin edilməsini xahiş etmiş, cavabdehin xx.xx.2021-ci il tarixli məktubunda “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə istinad edilməklə göstərilmişdir ki, təqdim edilmiş sənədlərdə qeyd olunan məlumatlara əsasən iddiaçının ümumi iş stajınız 01 yanvar 2006-cı il tarixinədək 25 ildən (13 il 4 ay 23 gün), güzəştli iş stajınız 12 il 6 aydan (1 il 4 ay) az təşkil edir. Bu səbəbdən güzəştli şərtlərlə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir.

8. Daha sonra isə iddiaçının xx.xx.2021-ci il tarixli müraciətinə cavab olaraq xx.xx.2021-ci il tarixli məktubunda cavabdeh göstərmişdir ki, iddiaçının ümumi iş stajı 25 ildən az (20 ay 22 gün (xx.xx.1979-xx.xx.1981-ci il, xx.xx.1983-xx.xx.1983-cü il, xx.xx.1983- xx.xx.1985-ci il, xx.xx.1985-xx.xx.1991-ci il, xx.xx.1991-xx.xx.1991-ci il, xx.xx.1992- xx.xx.1992-ci il, xx.xx.1993-xx.xx.1993-cü il, xx.xx.1994-xx.xx.1995-ci il, xx.xx.2004- xx.xx.2005-ci tarixləri arasındakı dövrlər)) təşkil edir. Bundan başqa iddiaçının güzəştli iş stajı 12 il 6 aydan az (5 il 1 ay gün (xx.xx.2008- xx.xx.2013-cü il tarixləri arasındakı dövr)) təşkil edir. Eyni zamanda iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq iddiaçıya münasibətdə 40800,00 manat hesablandığı halda, fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 33125,70 manat təşkil edir. Qeyd olunanları nəzərə alaraq, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir.

Birinci instansiya məhkəməsində icraat

9. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müracət edərək, cavabdehin pensiya təyinatından imtina haqqında qərarının ləğv edilməsi və iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edlməsini məhkəmədən xahiş etmişdir. İddiaçı daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, xx.xx.1995-ci ildən xx.xx.2004-cü ilədək "xxxx" Kiçik Müəssisəində, eləcə də 2004-2007-ci illərdə BOS Şelf MMC-də işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsi və güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir.

10. İddiaçı iddia ərizəsində göstərir ki, Əfqanıstan müharibə veteranı olmaqla 1983-cü il tarixindən etibarən rəsmi qaydada əmək fəaliyyəti ilə məşğuldur. Ümumi iş stajı 28 il 7 ay 01 gündür. Ümumi iş stajının 15 il 7 ay 6 günü isə ağır, zərərli və təhlükəli əmək şəraitli iş yerlərində (elektrik qaynaqçısı peşəsi üzrə) keçmişdir. Uzun müddət işsiz qaldığından və pensiya yaşına çatdığından güzəştli şərtlərlə əmək pensiyasının təyin olunması məqsədilə Azərbaycan Respublikası Prezident Administrasiyasına ərizə ilə müraciət etmiş, müraciətinə Dövlət Sosial Müdafiə Fondu tərəfindən baxılmış, xx.xx.2020ci il tarixli, **********5 nömrəli cavab məktubunda güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun müəyyənləşdirilməsi üçün Fondun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (bundan sonra - Filial) müraciət etməyi tövsiyə olunmuşdur. Verilən tövsiyəni nəzərə alaraq, xx.xx.2021-ci il tarixində yuxarıda qeyd olunan məsələ ilə əlaqədar Filiala müraciət edilmişdir. Filial tərəfindən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci bəndinə əsaslanaraq, güzəştli şərtlərlə pensiya təyinatından imtina haqqında qərar qəbul edilmişdir. 60 yaşı tamam olduqdan sonra xx.xx.2021-ci il tarixində yenidən Filiala ərizə ilə müraciət etmişdir. Filial tərəfindən yenidən pensiya təyinatından imtina haqqında qərar qəbul edilmişdir. Qərarda qeyd olunur: “Mərkəzi Filiala təqdim etdiyiniz sənədlərdə qeyd olunan məlumatlardan göründüyü kimi sizin ümumi iş stajınız 25 ildən az (20 il 4 ay 22 gün (xx.xx.1979xx.xx.1981-ci il, xx.xx.1983-xx.xx.1983-cü il, xx.xx.1983-xx.xx.1985-ci il, xx.xx.1985xx.xx.1991-ci il, xx.xx.1991-xx.xx.1991-ci il, xx.xx.1992-xx.xx.1992-ci il, xx.xx.1993xx.xx.1993-cü il, xx.xx.1994-xx.xx.1995-ci il, xx.xx.2004-xx.xx.2005-ci il tarixləri arasındakı dövlər)) təşkil edir. Bundan başqa sizin güzəştli iş stajınız da 12 il 6 aydan az (5 il 1 ay 6 gün (xx.xx.2008-xx.xx.2013-cü il tarixləri arasındakı dövrlər)) təşkil edir. Eyni zamanda, sizin fərdi hesabınızın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq sizə münasibətdə 40800.00 manat hesablandığı halda fərdi hesabınızın sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 33125.70 manat təşkil edir”. İddiaçı “Əmək pensiyaları haqqında” Qanunun 9-cu maddəsinə istinad etməklə iddia tələbini onunla əsaslandırmışdır ki,istinad olunan maddədən də göründüyü kimi güzəştli şərtlərlə pensiya hüququ üçün tələb olunan staj 25 ildir (həmin müddətin ən azı 12 il 6 ayı əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə keçməlidir). İddia ərizəsinə qoşma olaraq əlavə edilən əmək kitabçasının surətindən də aydın olur ki, stajı 25 ildən çoxdur (həqiqi hərbi xidmətdə olma müddəti hesablanmadan 28 il 7 ay 01 gün). Həmin müddətin 15 il 7 ay 6 gününü isə əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışdığı müddət təşkil edir. xx.xx.2016-cı il tarixindən xx.xx.2016-cı il tarixinədək işsizlikdən sığorta ödənişi almışdır. İmtina barədə qərarda ümumi iş stajı hesablanarkən işsizlikdən sığorta ödənişi aldığı müddət, eləcə də 1996-2004, 2004-2007-ci illər ərzində olan əmək fəaliyyəti nəzərə alınmamışdır. Əlavə olaraq, Filial tərəfindən iddiçıya şifahi olaraq bildirilmişdir ki, 2006-cı il tarixədək işlədiyi müəssisələrdən (əmək kitabçasında qeyd olunan) əmək fəaliyyətinə dair arayış təqdim etsin. İddiaçı Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodu və BOS ŞELF şirkətindən aidiyyəti arayışları əldə edərək Filiala təqdim etmişdir. 1996-2004-cü il tarixlərində işlədiyi müəssisələr isə artıq fəaliyyət göstərmədiyindən müvafiq arayışları əldə etmək mümkün olmamışdır. Əmək kitabçası əmək stajını təsdiq edən əsas sənəd hesab edildiyindən əmək fəaliyyətini təsdiq edən əlavə arayış və ya hər hansısa arxiv sənədinin tələb olunması yuxarıda göstərilən maddəyə ziddir. 2013-cü il tarixindən etibarən iddiaçı işsizdir, hər hansı bir yerdən gəliri yoxdur. Yaşı ilə əlaqədar olaraq müraciət etdiyi heç bir işə qəbul edilmir. 2020-ci il tarixində miokard infarktı keçirmiş, hal-hazırda ürəyə gedən üç əsas damardan ikisi funksiyasını itirmiş, birinə isə üç ədəd stend qoyulmuşdur. Bununla yanaşı, ağciyər və nəfəs yollarında da problem olduğundan o, artıq işləyə bilmir. Cavabdehin imtina barədə qərarının hüquqi əsası olmadığından ləğv edilməlidir.

Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri

11. Cavabdeh iddia tələbinə qarşı etirazında “Əmək pensiyaları haqqında” Qanunun 7-ci, 9.1-ci maddələrinə və Azərbaycan Respublikası ƏƏSMN-nin Kollegiyasının xx.xx.2017-ci il tarixli, 17 saylı Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununa əsasən, əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının 3.1-ci maddəsinə istinad etməklə qeyd etmişdir ki, cavabdehin imtinası qanuni və əsaslı olmuşdur. Belə ki, iddiaçı E.X1 təqdim etdiyi sənədlərdə qeyd olunan məlumatlardan göründüyü kimi, iddiaçının ümumi iş stajı 25 ildən az (20 ay 22 gün (xx.xx.1979xx.xx.1981-ci il, xx.xx.1983-xx.xx.1983-cü il, xx.xx.1983- xx.xx.1985-ci il, xx.xx.1985xx.xx.1991-ci il, xx.xx.1991-xx.xx.1991-ci il, xx.xx.1992- xx.xx.1992-ci il, xx.xx.1993xx.xx.1993-cü il, xx.xx.1994-xx.xx.1995-ci il, xx.xx.2004- xx.xx.2005-ci tarixləri arasındakı dövrlər)) təşkil edir. Bundan başqa iddiaçının güzəştli iş stajı 12 il aydan az (5 il 1 ay gün (xx.xx.2008- xx.xx.2013-cü il tarixləri arasındakı dövr)) təşkil edir. Eyni zamanda iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq iddiaçıya münasibətdə 40800,00 manat hesablandığı halda, fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 33125,70 manat təşkil edir. Qeyd olunanları nəzərə alaraq, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir.

Birinci instansiya məhkəməsinin gəldiyi nəticə

12. Sumqayıt İnzibati Məhkəməsinin 24 may 2022-ci il tarixli, 2-1(118)-527/2022 nömrəli qərarı ilə iddia təmin edilmişdir.

13. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı xx.xx.1983xx.xx.1983-cü illər, xx.xx.1983-xx.xx.1985-ci illər, xx.xx.1985-xx.xx.1991-ci illər, xx.xx.1991-xx.xx.1991-ci illər, xx.xx.1991-xx.xx.1992-ci illər, xx.xx.1992-xx.xx.1992-ci illər, xx.xx.1993-xx.xx.1993-cü illər, xx.xx.1994-xx.xx.1995-ci illər, xx.xx.1995-xx.xx.2004-cü illər, xx.xx.2004-xx.xx.2007-ci illər, xx.xx.2008-xx.xx.2013-cü illər ərzində əmək fəaliyyəti ilə məşğul olmuşdur. Yəni, iddiaçının ümumi əmək stajı 25 ildən, güzəştli əmək stajı 12 il 6 aydan artıqdır. Bundan əlavə iddiaçının 2006-cı ilə qədər 20 il iş stajı mövcud olduğundan pensiya kapitalının kifayət qədər olmasına dair tələb həmin dövrdə qüvvədə olan qanunvericiliklə tələb edilmirdi.

14. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinin dəlilləri

15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı Mərkəzi Filiala təqdim etdiyi sənədlərdə qeyd olunan məlumatlardan göründüyü kimi iddiaçının ümumi iş stajı 25 ildən az (20 il 4 ay 22 gün; xx.xx.1979-xx.xx.1981-ci il,xx.xx.1983-xx.xx.1983-cü il, xx.xx.1983-xx.xx.1985-ci il, xx.xx.1985-xx.xx.1991-ci il, xx.xx.1991-xx.xx.1991-ci il, xx.xx.1992-xx.xx.1992-ci il, xx.xx.1993-xx.xx.1993-cü il, xx.xx.1994-xx.xx.1995-ci il, xx.xx.2004-xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər) təşkil edir. Bundan başqa iddiaçının güzəştli iş stajı 12 il 6 aydan az (5 il 1 ay gün; xx.xx.2008-xx.xx.2013-cü il tarixləri arasındakı dövr) təşkil edir. Eyni zamanda İddiaçı fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq iddiaçıya münasibətdə 40800,00 manat hesablandığı halda, fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 33125,70 manat təşkil edir. Bildirilmişdir ki, Azərbaycan Respublikasının Ali Məhkəməsi tərəfindən inzibati məhkəmələrə ünvanlanmış icmal məktubda məhkəmələrə izah olunmuşdur ki, iş yerindən əldə edilən sənəd məzmunca iddiaçının arayışda qeyd olunan işlərdə və müddətlərdə zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan verməli, ümumi ifadələrdən istifadə edilməməli, iddiaçının işlədiyi sahələr, peşələr və vəzifələrin müvafiq icra hakimiyyətinin təsdiq etdiyi siyahılarda təsbit olunmuş aidiyyəti kodlara uyğunluğu göstərilməlidir. Lakin onu da nəzərə almaq lazımdır ki, iş yerindən təqdim edilmiş belə arayışı heç də həmişə birmənalı sübut kimi qəbul etməməlidir. Qeyd olunanları nəzərə alaraq iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının hesablanması qanunvericilik tələbləri baxımından mümkün hesab edilməmişdir.

16. İddiaçı apellyasiya şikayətinə etiraz təqdim edərək, işin hallarına və iş üzrə müvafiq sənədlərə istinad edərək göstərmişdir ki, birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarda da qeyd olunduğu kimi onun 2006-cı ilə qədər 20 ildən artıq iş stajı olduğundan pensiya kapitalının kifayət qədər olmasına dair tələb həmin dövrdə qüvvədə olan qanunvericiliklə də tələb olunmur. Odur ki, apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

Məhkəmə icraatı iştirakçılarının izahatları

17. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehinin nümayəndəsi apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək onun təmin edilməsini xahiş etdi.

18. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı iddia ərizəsinə dəqiqləşmə barədə ərizə təqdim edərək apellyasiya şikayətinin təmin olunmaması və ona 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyası qeyd edilən dəqiqləşmınin iddianın növünə təsir etmədiyini nəzərə alaraq, ərizəni məhkəmənin icraatına qəbul edilməsini məqsədəuyğun hesab etmişdir. Tətbiq edilən hüquq

19. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 38.1 Hər kəsin sosial təminat hüququ vardır. Maddə 38.3 Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir.

20. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 9.1 (İddiaçının 60 yaşının tamam olduğu xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək qüvvədə olan redaksiyada) Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. 13 may 2022-ci il tarixli 530-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişiklikdən sonra (xx.xx.2022-ci il tarixdə qüvvəyə minmişdir) yeni redaksiyada: 9.1. Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir.

21. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 67. İş stajına daxil edilən əmək fəaliyyətinin növləri Mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir …Əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinciyeddinci hissələrinə müvafiq olaraq hesablanır. Maddə 69. İş stajının təsdiq edilməsi qaydası İş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir.

22. “Əmək pensiyaları haqqında” Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları” 3.2. 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası;

23. Əmək Məcəlləsi: Maddə 87. 1. İşçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında — işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir.

24. “İşçilərin əmək kitabçasının forması və onun tətbiqi qaydaları” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı: Maddə 1.1 Əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir.

25. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11 dekabr 2017-ci il tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.2.6cı bəndinə görə, sosial sığorta stajına güzəştlə daxil edilən dövrləri təsdiq edən sənədlər təqdim edilməlidir. Eyni zamanda, həmin Qaydalara 2 nömrəli Əlavədə (2.4.1-ci bənd) göstərilir ki, müraciət edən şəxs “Əmək pensiyaları haqqında” Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışını təqdim etməlidir.

26. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"

27. “İnzibati icraat haqqında” Qanun: Maddə 19.1 İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.

28. İnzibati Prosessual Məcəllə: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi

29. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməklə iddia qismən təmin edilməlidir.

30. Belə ki, iddiaçının cavabdeh inzibati orqana sonuncu müraciərindən və həmin müraciətə verilmiş cavabdah, iddiaçının iddia ərizəsinin məzmunundan, habelə apellyasiya baxışı zamanı təqdim edilmiş iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsindən görünür ki, iddiaçı əmək kitabçasında göstərilən işlədiyi dövrlər nəzərə alınmaqla ona 60 yaşından, yəni xx.xx.2021-ci il tarixdən əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təmin edilməsini xahiş edir. 31.Cavabdehin imtinasından, habelə etirazın və apellyasiya şikayətinin dəlillərindən görünür ki, cavabdeh iddiaçının qeyd edilən tələbinin təmin olunmasından həm ümumi iş stajı 25 ildən az (20 il 4 ay 22 gün)həm də güzəştli iş stajı 12 il 6 aydan az (5 il 1 ay gün) olması, habelə onun fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan verməməsi (iddiaçıya münasibətdə 40800,00 manat hesablandığı halda, fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 33125,70 manat təşkil edir) əsası ilə imtina edir.

32. Kollegiya qeyd edir ki, “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinin iddiaçının 60 yaşının tamam olduğu tarixə qüvvədə olan redaksiyasına və Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12№-li Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”na əsasən iddiaçıya 60 yaşdan güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün eyni zamanda 4 əsas tələb edilirdi: a) iddiaçının 60 yaşına çatması; b) iddiaçının azı 25 il ümumi iş stajının mövcud olması; c) iddiaçının azı 12 il 6 ay güzəştli iş stajının mövcud olması; d) fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının minimum pensiyaya imkan verməsi.

33. Cavabdehin imtinasının və apellyasiya şikayətinin müvafiq dəlillərində qeyd edilənlərin əksinə olaraq iddiaçının 60 yaşına çatması və həmin yaşa çatanadək 25 ildən artıq ümumi və 12 il 6 ay güzəştli iş stajının iş stajının mövcud olması həm birinci instansiya məhkəməsində, həm də apellyasiya baxışı zamanı aparılmış araşdırmalar və verilmiş sorğulara cavab olaraq alınmış sübutlrala öz təsdiqini tapır.

34. Belə ki, cavabdeh iddiaçının xx.xx.1995-ci ildən xx.xx.2004-cü ilədək , 27/k nömrəli əmrlə "xxxx" kiçik müəssisəsində işlədiyi dövrü, habelə onun xx.xx.2006-cı ildən sonra BOS Şelf MMC-də işlədiyi dövrləri mübahisələndirməklə həmin dövrləri iddiaçının həm ümumi, həm də güzəştli iş stajına daxil edilməsindən imtina etsə də məhkəməyə təqdim olunan BOS ŞELF MMC-nin məlumatına əsasən iddiaçı xx.xx.2004-cü il tarixdən xx.xx.2007-ci il tarixədək BOS ŞELF MMC-də qaynaqçı (əl ilə qaynaq aparan elektrik qaynağında) peşəsində işləmiş, iddiaçının həmin dövrdə aldığı əmək haqqı barədə məlumat əmək haqqı cədvəlində qeyd edilmişdir. Həmçinin sorğu nəticəsində əldə edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsindən təqdim olunmuş sənədlərlə də iddiaçının əmək kitabçasında işlədiyi müəssisə kimi qeyd olunmuş "xxxx" Kiçik Müəssisəsi xx.xx.1994-cü il tarixdə 14746 nömrə ilə dövlət qeydiyyatına alındığı, beləliklə də iddiaçının əmək kitabçasında göstərdiyi dövrlərdə fəaliyyət göstərməsi müəyyən olunmuşdur.

35. Bundan əlavə, iddiaçı tərəfindən təqdim olunmuş Heydər Əliyev adına Bakı dərin özüllər zavodunun xx.xx.2022-ci il tarixli əmək haqqı barədə arxiv arayışına əsasən iddiaçının iş stajı 2008-ci ilin yanvar ayından 2013-cü ilin fevral ayınadək olan əmək haqqı cədvəlləri ilə sübut olunur.

36. Eyni zamanda iddiaçının işlədiyi elektrik qaynaqçısı (o cümlədən əl ilə elektrik qaynaqçısı) peşəsi həm Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstərilən siyahıların təsdiq edilməsi haqqında Azərbayvcan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 saylı qərarı ilə təsdiq edilmiş 2 nömrəli siyahıda, həm də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli Qərarında nəzərdə tutulduğundan iddiaçının müvafiq peşədə çalışdığı illər 12 il 6 aydan çox olmuşdur.

37. Kollegiya qeyd edir ki, şəxsin pensiya təyin edilməsi zamanı nəzərə alınmalı olan sosial sığorta stajı (iş stajı) bir qayda olaraq uzun illər ərzində toplanır. Bu illər ərzində onun işlədiyi dövrlərin pensiya hüququ verən sosial sığorta stajına hesablanması, eləcə də hansı sənədlərin iş stajını təsdiq edən sənədlər kimi nəzərə alınmasının mümkünlüyü məsələsinə münasibətdə qanunvericiliyin normaları dəyişkən ola bilər. Belə dəyişkənliyin şəxsin hüquqlarını pozmamasını təmin etmək üçün “qazanılmış hüquq” konsepsiyası tətbiq edilməlidir. Qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya məhdudlaşdırıla bilməz. Bu qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz.

38. Məhkəmə “İnzibati icraat haqqında” Qanunun yuxarıda istinad olunan 19.1-ci maddəsinin tələblərinə əsasən qeyd edir ki, iddiaçının əmək kitabçasındakı məlumatların həqiqətə uyğun olmaması cavabdeh inzibati orqan tərəfindən sübut olunmadığından, habelə həmin qeydlərin həqiqiliyi araşdırılmış sübutlarla təsdiqini tapdığından iddiaçının işlədiyi dövrlər barədə əmək kitabçasındakı qeydlər mötəbər sayılmalıdır

39. Kollegiya qeyd edir ki, işin yuxarıda göstərilən hallarına əsasən birinci instansiya məhkəməsi iddiaçının 60 yaşının tamam olduğu zaman onun 25 ildən artıq ümumi, 12 il 6 aydan artıq isə güzəştli əmək stajının olması barədə düzgün nəticəyə gəlsə də, “iddiaçının 2006-cı ilə qədər 20 il iş stajı mövcud olduğundan pensiya kapitalının kifayət qədər olmasına dair tələbin həmin dövrdə qüvvədə olan qanunvericiliklə tələb edilməməsi və bununla da iddianın təmin edilməsi nəticəsinə gəlməkdə haqlı olmamışdır.

40. Belə ki, yuxarıda qeyd edildiyi kimi, iddiaçı ona məhz 60 yaşından pensiya təyin edilməsini tələb edir ki, həmin dövrdə də qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsi digər şərtlərlə yanaşı fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının minimum pensiyaya imkan verməsi tələbini də nəzərdə tuturdu ki, iddiaçıya münasibətdə bu şərt ödənilmir.

41. Belə ki, iş materiallarından, habelə apellyasiya baxışı zamanı sorğuya cavab olaraq təqdim edilmiş iddiaçının pensiya kapitalına dair məlumatlardan görünür ki, iddiaçının cavabdeh tərəfindən nəzərə alınan xx.xx.2006-cı il tarixədək olan sığorta stajı pensiya kapitalına çevrilməklə və onun 60 yaşına çatdığı dövrə uyğun indeksləşdirilməklə, habelə üzərinə xx.xx.2006-cı il tarixdən sonrakı dövrdə fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı gəldikdə onun cəmi kapitalı 33125,70 manat təşkil etmişdir ki, həmin məbləğ də iddiaçıya minimum pensiya ödənilməsi üçün tələb olunan 40800,00 manatdan azdır.

42. İşin yuxarıda qeyd edilən xüsusatları nəzərə alınmaqla kollegiya tərəfindən iddiaçının cavabdeh tərəfindən mübahisələndirilən, lakin təqdim edilmiş sübutlarla öz təsdiqini tapan xx.xx.1995-xx.xx.2004-cü il tarixə olan dövrlər, “Əmək pensiyaları haqqında” Qanunun 27.1-ci maddəsinə uyğun olaraq hesablanılmaqla pensiya kapitalı kimi fərdi hesablarının sığorta hissəsində 2006-cı ilin 1 yanvar tarixinə nəzərə alındıqda və iddiçının 60 yaşına çatdığı 2021-ci il tarixə indeksləşdirildikdə belə (cəmi 6645,20 manat) həmin məbləğ cavabdehin mübahisələndirmədiyi 33125,70 manatla toplandıqda yenə də tələb olunan 40800,00 manatdan azdır (33125,70+6645,20=39770,90).

43. Belə olan halda kollegiya bu nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi iddiaçının iddia tələbini yuxarıda qeyd edilən məzmunda təmin etməkdə düzgün hüquqi nəticəyə gəlməmişdir.

44. Kollegiya eyni zamanda Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun 9.1-ci maddəsinin 13 may 2022-ci il tarixli 530- VİQD nömrəli Qanunla edilmiş dəyişiklikdən sonra olan yeni redaksiyasında güzəştli şərtlərlə pesiya təyin edilməsi üçün fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının minimum pensiyaya imkan verməsi tələbinin nəzərdə tutulmaması, habelə həmin Qanunla “Əmək pensiyaları haqqında” yeni redaksiyada verilmiş 9.1-ci maddəsinin əmək pensiyalarının həmin Qanunun qüvvəyə mindiyi gündən əvvəlki dövr üçün təyin edilməsi və ya yenidən hesablanması hallarına münasibətdə tətbiq edilməməsini nəzərə alaraq bu nəticəyə gəlir ki, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası 60 yaşdan deyil, 13 may 2022-ci il tarixli 530-VİQD nömrəli Qanunun qüvvəyə mindiyi xx.xx.2022-ci il tarixdən təyin edilməlidir.

45. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən hazırkı işə baxılarkən iş üzrə müəyyən edilmiş hallara maddi hüquq normaları düzgün tətbiq olunmamışdır.

46. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 29 may 2022-ci il tarixli, 2-1(118)-527/2022 nömrəli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddiaçı 29 iyun 2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyi cavabdeh Dövlət Sosial Müdafiə X2 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar