Məhkəmə qərarları › İş №2-1(105)-310/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-310/2022

27.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-310/2022 27.04.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Babayeva Hökümə Çingiz qızı, Hakimlər Məmmədov Fuad Əli oğlu və Məmmədov Zahid Tahir oğlundan ibarət tərkibdə, Hüseynli Aydın Hüseyn oğlunun katibliyi ilə, Maraqlı şəxs "xxxx" MMC-in nümayəndəsi X1, Maraqlı şəxsin nümayəndəsi və vəkili X5 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin yanında ƏMDX-nin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı torpaq sahəsinə və çilingər sexinə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 19 yanvar 2022-ci il tarixli, 2-1(085)-1086/2019 nömrəli qərardadından maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ: İddiaçı Quba şəhəri ərazisində yerləşən qeyri-yaşayış binasına və 54 kv.m torpaq sahəsinə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun hazırlanması barədə 20.02.2019-cu il tarixdə ərizə ilə DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət etmiş, 5 saylı Xaçmaz Ərazi İdarəsi 15 mart 2019-cu il tarixli **********92 saylı məktubu ilə iddiaçının müraciətinə cavab olaraq təqdim edilmiş sənədlərin ekspertizası və daşınmaz əmlakın müayinəsi zamanı sözügedən qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsinin elektron baza kadastr xəritə materiallarında digər şəxsin mülkiyyətində olan torpaq sahəsi ilə kəsişdiyinin aşkar olunduğunu bildirmiş və «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 11.1 və 15-ci maddələrinə istinad edərək ərizənin icrasından imtina etmişdir. Bundan narazı qalan iddiaçı iddia ərizəsi ilə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayon Şöbəsi tərəfindən 03 mart 2006-cı il tarixdə verilmiş JN-1043 nömrəli, 30301004 kodlu torpağa mülkiyyət hüququna dair Dövlət Aktına və Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsinin Baş X2 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinin Quba rayon Şöbəsinin 25.09.2003-cü il tarixli Qeydiyyat Vəsiqəsinə əsasən Quba şəhəri ərazisində yerləşən 0,01 ha torpaq sahəsinə və orada yerləşən çilingər sexinə iddiaçının mülkiyyət hüququna dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin AR ƏMDK yanında DƏDRX-nin 5 saylı Ərazi İdarəsinə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin (bundan sonra mətndə birinci instansiya məhkəməsi) 30 oktyabr 2019-cu il tarixli 2-1(085)-1086/2019 nömrəli qərarı ilə iddia təmin edilmişdir. (hakim Z. Pirverdiyev) Cavabdeh imtina məktubunda qeyd edilən xüsusatlara istinad etməklə qeyd edilən qərardan apellyasiya şikayəti vermiş, həmçinin vəsatət təqdim edərək, "xxxx" MMC və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşımaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin icraatda olan iş üzrə üçüncü şəxs qismində işə cəlb edilmələrini xahiş etmişdir. Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 17 fevral 2020-ci il tarixli, 2-1(105)-125/2020 nömrəli qərarı ilə apelyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin 30 oktyabr 2019-cu il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. (hakimlər Z.Məmmədov - sədrlik edən və məruzəçi, T.Quliyev və F.Məmmədov) Həmçinin, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 19 may 2020-ci il tarixli, 2-1(102)-1260/2020 nömrəli qərarı ilə cavabdehin kasasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apelyasiya Məhkəməsi İnzibati Kollegiyasının 17 fevral 2020cu il tarixli, 2-1(105)-125/2020 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Qərar qanuni qüvvəyə minərək icraya yönəldilmişdir. Hazırda iş üzrə maraqlı şəxs "xxxx" MMC vəsatətlə birinci instansiya məhkəməsinə müraciət edərək, icraatın təzələnərək üçüncü şəxs qismində icraata cəlb edilməsini xahiş etmişdir. Maraqlı şəxs vəsatəti onunla əsaslandırmışdır ki, hüquqların Dövlət qeydiyyatı haqqında DƏDRX-dən verilmiş RX seriyalı ******* nömrəli Çıxarışa əsasən Quba şəhəri Heydər Əliyev prospekti 196 ünvanında olan 0,8502 ha torpaq sahəsi və üzərində yerləşən 1450,9 kv.m tikili xüsusi mülkiyyət hüququ ilə "xxxx" MMC-ə məxsusdur. Torpaq sahəsinin bir hissəsi Quba şəhəri Heydər Əliyev prospektinin kənarındadır, həmin torpaq sahəsində müxtəlif tikililər olmaqla, müəssisə istehsalatla məşğuldur. X6 prospektinin kənarında yerləşən torpaq sahəsinin bir hissəsini (təxminən 54 kv.m) İddiaçı zəbt etmiş, orada tikili tikmiş, müəssisənin torpaq sahəsi üzərində mülkiyyət hüququnun həyata keçirilməsinə maneə yaratmışdır. İddiaçı müəssisəyə məxsus torpaq sahəsini zəbt edib, üzərindəki tikilidə kommersiya fəliyyəti ilə məşğul olmaqla(avtomobillərin yağ dəyişmə məntəqəsi), müəssisəni həmin ərazidəki gəlirdən, qazancdan məhrum edir. Halbuki, müəssisə kommesiya fəaliyyəti ilə məşğul olur, onun müəssisəyə məxsus torpaq sahəsini zəbt etməsi nəticəsində müəssisə həmin torpaq sahəsini istifadə edə bilmir. MMC-nin direktoru İddiaçı Haciağa oğluna qarşı torpaq sahəsinə mülkiyyət hüququnun həyata keçirilməsində yaranmış maneələrin aradan aldırılması, zəbt edilmiş torpaqdan çıxarılma və torpaq sahəsi üzərində olan tikilinin sökülməsi tələbinə dair Quba Rayon Məhkəməsinə iddia ərizəsilə müraciət edərək RX seriyalı ******* nömrəli Çıxarışa əsasən "xxxx" MMC-yə məxsus Quba şəhəri, Heydər Əliyev prospekti 196 ünvanında yerləşən 0,8502 ha torpaq sahəsinin Quba şəhəri Heydər Əliyev prospektinə olan çıxışı tərəfində tikilmiş və İddiaçı tərəfindən istifadə edilən, ona məxsus tikilinin sonuncunun hesabına sökülməsi, RX seriyalı ******* nömrəli Çıxarışa əsasən sözügedən torpaq sahəsinin üzərində İddiaçı tərəfindən yaradılmış maneələrin qaldırılması barədə qərar çıxarılmasını xahiş etmişdir. İşə baxan məhkəmənin gedişatı zamanı onlara məlum olmuşdur ki, İddiaçı Quba şəhəri ərazisində yerləşən qeyri-yaşayış binasına və 54 kv.m torpaq sahəsinə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun hazırlanması üçün DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət etmişdir. 5 saylı Xaçmaz Ərazi İdarəsi işin gedişatında "xxxx" MMC və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşımaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin üçüncü şəxs qismində işə cəlb edilməsi barədə vəsatətlə Sumqayıt Apellyasiya Məhkəməsinə müraciət etsə də, işə baxan Sumqayıt Apellyasiya Məhkəməsi də birinci instansiya məhkəməsi kimi 5 saylı Xaçmaz Ərazi İdarəsinin apellyasiya şikayətində qeyd edilən halları araşdırmamış, vəsatətə qiymət verməmiş, MMC-ni və AR ƏMDK yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətini işə cəlb etməmişdir. Hesab edir ki, MMC-yə məxsus torpaq sahəsinin üzərində İddiaçı mülkiyyət hüququnun tanınması maraqlı şəxsin Azərbaycan Respublikasının Konstitusiyası ilə qorunan mülkiyyət hüququnun pozulması ilə nəticələnmişdir. Hesab edir ki, həmin qərarlardan verilmiş apellyasiya və kassasiya şikayətləri verilən zaman cavabdeh inzibati orqanın verdiyi vəsatətə qiymət verilməməsi, onun üçüncü şəxs qismində işə cəlb edilməməsi, bu barədə şikayətlərdə pozuntuların qeyd edilməsinə baxmayaraq araşdırılmaması, ədalətli məhkəmə araşdırması hüququnun, məhkəmələrin işlərə bərabərlik, obyektivlik və qərəzsiz baxılması prinsipinin pozulmasına gətirib çıxarmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ: a) Birinci instansiya məhkəməsindəki icraat Sumqayıt İnzibati Məhkəməsinin 19 yanvar 2022-ci il tarixli 2-1(085)-1086/2019 nömrəli qərardadı ilə vəsatət təmin edilməmişdir. (hakim C.Məmmədov) Maraqlı şəxs qeyd edilən qərardaddan apellyasiya şikayəti verərək, Sumqayıt İnzibati Məhkəməsinin 19 yanvar 2022-ci il tarixli 2-1(085)-1086/2019 nömrəli qərardadının ləğv edilməsi və üçüncü şəxs kimi işə cəlb edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri Maraqlı şəxs apellyasiya şikayətini vəsatətlə eyni məzmunda əsaslandırmışdır. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən maraqlı şəxs və nümayəndəsi apellyasiya şikayəti ilə eyni məzmunda izahat verərək birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi və maraqlı şəxsin üçüncü şəxs kimi işə cəlb edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. İddiaçı və cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsələr də, məhkəmə iclasına gəlməmişdirlər. Məhkəmə işə iddiaçı və cavabdehin iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. (İPM-in 62.3-cü maddəsi). TƏTBİQ OLUNAN HÜQUQ: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12. İşin hallarının araşdırılması prinsipi Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 28. Üçüncü şəxslərin inzibati məhkəmə icraatına cəlb olunması Maddə 28.1. İş üzrə məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər və ya iş yuxarı instansiya məhkəməsinin icraatında olduğu müddətdə, məhkəmə qərarının digər şəxslərin qanunla qorunan maraqlarına toxunacağı hallarda, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq öz təşəbbüsü ilə və ya həmin şəxslərin vəsatəti əsasında onları üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edə bilər. Məhkəmə qərarının qəbul edildiyi, lakin qanuni qüvvəyə minmədiyi dövrdə məhkəmə üçüncü şəxslərin icraata cəlb edilməli olduğu qənaətinə gəldikdə, həmin məhkəmə qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edir. 28.2. Mübahisə edilən hüquq münasibətində üçüncü şəxsin iştirakının xarakteri inzibati məhkəmə icraatının tərəfləri və həmin üçüncü şəxs barəsində vahid qərarın qəbul olunmasını şərtləndirdiyi hallarda, həmin şəxs iştirakçı kimi inzibati məhkəmə icraatına mütləq cəlb edilməlidir (zəruri cəlbetmə). 28.3. Üçüncü şəxslərin inzibati məhkəmə icraatına cəlb edilməsi barədə məhkəmə qərardadı inzibati prosesin bütün iştirakçılarına təqdim olunmalıdır. Qərardadda məhkəmə tərəfindən baxılan işin halları və cəlbetmənin səbəbləri göstərilməlidir. 28.4. İnzibati məhkəmə icraatına cəlbetmə barədə məhkəmə qərardadından şikayət verilə bilməz. 28.5. Məhkəmə tərəfindən xidməti vəzifəsinə əsasən məhkəmə icraatına cəlb olunmamış şəxslər, qəbul edilməsi nəzərdə tutulan məhkəmə qərarının onların qanunla qorunan maraqlarına toxunacağını güman etdikləri hallarda məhkəmə icraatına cəlbetmə barədə vəsatət qaldıra bilərlər. Məhkəmə həmin vəsatət barəsində 10 gün müddətində qərardad qəbul edir. Vəsatətin təmin edilməsindən imtina haqqında qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Maddə 81. Apellyasiya şikayəti vermək hüququ Maddə 81.1. İnzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və ya qərardadlardan, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, şikayət verilə bilər. Şikayətə apellyasiya qaydasında apellyasiya instansiyası inzibati kollegiyaları (bundan sonra - apellyasiya instansiyası məhkəmələri) tərəfindən baxılır. Maddə 85. Şikayətin verilməsinə dair tələblər 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ Apellyasiya şikayəti vaxtında, yəni məhkəmə qərardadının tam formada təqdim olunduğu gündən 10 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPMin 85.2 və 85.3-cü maddələri). Şikayət qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verildiyindən onun mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ: Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, "xxxx" MMC-nin üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsi məsələsinin yenidən müzakirə olunması üçün iş materialları həmin məhkəməyə qaytarılmalıdır. Birinci instansiya məhkəməsi vəsatəti təmin etməmiş və qərardadını onunla əsaslandırmışdır ki, cavabdeh orqanın maraqlı şəxsin iş üzrə üçüncü şəxs qismində cəlb edilməsi barədə vəsatətlərindən yuxarı instansiya məhkəmələri məlumatlı olmuş, lakin "xxxx" MMC-nin işə üçüncü şəxs qismində cəlb edilməsini məqsədəmüvafiq hesab etməmişlər. Məhkəmə icraatları zamanı cəlb edilmə məsələsinə müvafiq instansiya məhkəmələrində qiymət verildiyindən, hazırkı vəsatət üzrə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 30 oktyabr 2019-cu il tarixli qərarının ləğv edilməsi məsələsinə baxmaq qanunvericiliyin tələblərinə görə mümkün deyildir. Məhkəmə hesab etmişdir ki, həm İPM-in 28.1-ci maddəsinə, həm də Konstitusiya Məhkəməsinin 12 aprel 2017-ci il tarixli Plenum Qərarında göstərilmiş üçüncü şəxs tərəfindən iddia tələbinə onun iştirakı ilə yenidən baxılması halları məhkəmələr tərəfindən iddia tələbinə baxılan ərəfədə həmin şəxsin mövcudluğu barədə hər hansı bir məlumatın mövcud olmaması və ya məlumat mövcud olsaydı belə onun üçüncü şəxs qismində cəlb edilməsi məsələsinə məhkəmə tərəfindən baxılmaması zamanı mümkün ola bilərdi. Hüquqi mövqe bildirilmiş məsələyə yenidən mövqe bildirilməsi yolverilməzdir. Bu baxımdan birinci instansiya məhkəməsi maraqlı şəxsin vəsatətini təmin etməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir: “Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 28-ci maddəsinin şərh edilməsinə dair” AR Konstitusiya Məhkəməsinin Plenumunun 12 aprel 2017-ci il tarixli Qərarına əsasən, inzibati məhkəmə icraatına cəlb olunmamış, qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə maraqlarına toxunan şəxsin Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsindən və “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsindən irəli gələn məhkəməyə müraciət etmək hüququnun tənzimlənməsi Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə edilmiş və məsələ qanunvericilik qaydasında həll edilənədək, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsində və “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsində nəzərdə tutulan məhkəməyə müraciət etmək hüququnun təmin edilməsi məqsədilə inzibati məhkəmə icraatına cəlb olunmamış, qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə maraqlarına toxunan şəxsin, hüquqları və qanunla qorunan maraqları əhəmiyyətli dərəcədə pozulduğu hallarda inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmək hüququ nəzərdə tutulmuşdur. Belə cəlbetmə bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelər nəzərə alınmaqla, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 28-ci maddəsinə uyğun həll edilməlidir. Sözügedən qərarda Konstitusiya Məhkəməsi həmçinin özünün aşağıdakı hüquqi mövqeyini ifadə etmişdir: “...İnzibati Prosessual Məcəllənin 28-ci maddəsinə əsasən, iş üzrə məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər və ya iş yuxarı instansiya məhkəməsinin icraatında olduğu müddətdə, məhkəmə qərarının digər şəxslərin qanunla qorunan maraqlarına toxunacağı hallarda, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq öz təşəbbüsü ilə və ya həmin şəxslərin vəsatəti əsasında onları üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edə bilər. Məhkəmə qərarının qəbul edildiyi, lakin qanuni qüvvəyə minmədiyi dövrdə məhkəmə üçüncü şəxslərin icraata cəlb edilməli olduğu qənaətinə gəldikdə, həmin məhkəmə qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edir. Mübahisə edilən hüquq münasibətində üçüncü şəxsin iştirakının xarakteri inzibati məhkəmə icraatının tərəfləri və həmin üçüncü şəxs barəsində vahid qərarın qəbul olunmasını şərtləndirdiyi hallarda, həmin şəxs iştirakçı kimi inzibati məhkəmə icraatına mütləq cəlb edilməlidir (zəruri cəlbetmə). Zəruri cəlbetmə o zaman mövcud olur ki, qəbul ediləcək məhkəmə qərarı tək inzibati məhkəmə icraatının tərəfləri barəsində deyil, həmçinin üçüncü şəxsə münasibətdə də hüquqi qüvvəyə malik olsun. Əgər məhkəmə qərarını üçüncü şəxsin hüquqlarına müdaxilə etmədən (başqa şəxs üçün hüquq və vəzifələrin yaradılması, təsdiq və ya müəyyən olunması, dəyişdirilməsi və ya ləğv edilməsi) qəbul etmək mümkün deyilsə, həmin şəxs mütləq məhkəmə icraatına cəlb edilməli və bu, zəruri cəlbetmə kimi qiymətləndirilməlidir. Bu hal bir qayda olaraq o zaman mövcud olur ki, üçüncü şəxsin mübahisəli hüquq münasibətlərində birbaşa iştirakı olsun və münasibətin hüquqi taleyi həll edildiyi zaman qəbul edilmiş qərar onun maraqlarına təsir etsin. Bu halda həmin şəxs üçüncü şəxs qismində, yəni iştirakı zəruri olan üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməlidir. ......Göründüyü kimi inzibati məhkəmə icraatı zamanı apellyasiya şikayəti vermək hüququnun yalnız icraatın iştirakçılarına məxsus olduğu imperativ qaydada müəyyən edilmişdir. Qanunverici həmin normada göstərir ki, istənilən şəxs deyil, yalnız icraata cəlb olunan üçüncü şəxslər şikayət vermək hüququna malikdirlər. Konstitusiya Məhkəməsi Plenumu hesab edir ki, inzibati məhkəmə icraatına cəlb olunmamış, qanuni qüvvəyə minmiş məhkəmə aktı ilə maraqlarına toxunan şəxsin məhkəməyə müraciət etmək hüququnun təmin edilməsi məqsədilə İnzibati Prosessual Məcəllənin 28.1-ci maddəsinə müvafiq olaraq üçüncü şəxs qismində işə cəlb edilməsi həmin şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının əhəmiyyətli dərəcədə pozulduğu hallarda mümkün hesab edilə bilər. ...Lakin məhkəmə qanuni qüvvəyə minmiş qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edərkən hüquqi müəyyənliyin mühüm tərkib hissəsi olan məhkəmə qərarlarının stabilliyi prinsipinin qorunması məqsədilə maraqlı şəxsin üçüncü şəxs qismində işə cəlb edilməsi üçün aşağıdakılara xüsusi diqqət yetirməlidir: - qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə inzibati məhkəmə icraatına cəlb olunmamış şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının əhəmiyyətli dərəcədə pozulub-pozulmamasına; - inzibati məhkəmə icraatına cəlb olunmamış şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu vaxtın müəyyən edilməsinə. Beləliklə, həmin şəxs məhkəməyə müraciətində öz hüquqlarının və qanunla qorunan maraqlarının pozulmasını və bu pozuntunun ona hansı vaxtdan məlum olduğunu əsaslandırmalıdır.” Birinci instansiya məhkəməsi isə ərizəyə baxarkən Konstitusiya Məhkəməsinin qərarında şərh edilən hüquqi mövqeyə əsasən, ərizədə qeyd edilən xüsusatları ilə bağlı araşdırma aparmamışdır. Belə ki, iş materiallarından görünür ki, Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsinin Baş X3 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən 25 sentyabr 2003-cü il tarixdə verilmiş 308 reyestr nömrəsi ilə qeydiyyata alınmış qeydiyyat vəsiqəsinə əsasən, Quba şəhəri, 29-cu məhəllədə yerləşən ümumi sahəsi 45 kv m olan elektrik çilingəri sexi mülkiyyət hüququ əsasında iddiaçının adına qeydə alınmışdır. Həmçinin, Quba Bələdiyyəsinin 31 oktyabr 2005-ci il tarixli, 54/4 saylı qərarı ilə iddiaçıya kommersiya məqsədilə ayrılmış 0,01 hektar torpaq sahəsinə dair 03 mart 2006-cı il tarixdə iddiaçının adına Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayon şöbəsi tərəfindən JN-1043 saylı 30301004 kodlu «Torpağa mülkiyyət hüququna dair» Dövlət aktı tərtib edilmişdir. İddiaçı qeyd edilən hüquqmüəyyənedici sənədləri rəhbər tutaraq, ona ayrılmış 0.01 ha torpaq sahəsi və həmin sahədə yerləşən elektrik çilingəri sexinə mülkiyyət hüquqlarının qeydə alınması məqsədilə cavabdehə müraciət etdikdə, sonuncu elektron kadastr baza məlumatlarına əsasən, torpaq sahəsinin "xxxx" MMC-in adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış torpaq sahəsi ilə kəsişdiyini bildirmişdir. Belə ki, iş materiallarında olan AR ƏMDK yanında DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 30.11.2018-ci il tarixli, ********** qeydiyyat nömrəli, RX seriyalı ******* nömrəli çıxarışdan görünür ki, Quba şəhəri, Heydər Əliyev prospekti, 196 ünvanında yerləşən 0,8502 ha torpaq sahəsi və 1450,9 kv.m əmlak kompleksi kimi müəssisə xüsusi mülkiyyət hüququ ilə "xxxx" MMC-in adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Cavabdeh iddiaçıya ünvanladığı imtina məktubunda, apellyasiya və kassasiya şikayətlərində mübahisə predmeti olan torpaq sahəsinin başqa şəxsə məxsus torpaq sahəsi ilə üst-üstə düşdüyünü bildirsə də, işdən görünür ki, qeyd edilən xüsusat məhkəmələr tərəfindən araşdırılmamış, "xxxx" MMC-nin üçüncü şəxs qismində cəlb edilməsinə dair vəsatətə hüquqi qiymət verilməmişdir. Bundan əlavə işdən görünür ki, məhkəmənin qərarı qanuni qüvvəyə minərək icraya yönəldilmiş, cavabdeh qərarın icrası ilə bağlı 03.05.2021-ci il tarixdə məhkəməyə ünvanladığı **********05 saylı məktubda eyni əsasla (torpaq sahəsinin başqa şəxsə məxsus torpaq sahəsi ilə üst-üstə düşməsi) qərarın icrasının mümkün olmadığını bildirsə də, 17.01.2022-ci il tarixdə məhkəmə qərarı tam icra olunmuş, Quba şəhəri 24-cü məhəllə ünvanında yerləşən 0.01 ha torpaq sahəsi və 45 kv m qeyri-yaşayış binası xüsusi mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyetsrində iddiaçının adına qeydə alınmışdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsində nəzərdə tutulmuş işin hallarının araşdırılması prinsipi tələb edir ki, məhkəmə mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Bu onun xidməti vəzifəsindən irəli gəlir. İPM-in 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırmalıdır. MPM-in 76.1-ci maddəsinə əsasn tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2.-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Kollegiya qeyd edir ki, "xxxx" MMC-nin üçüncü şəxs qismində cəlb edilməsinə dair vəsatətə baxılarkən birinci instansiyası məhkəməsi tərəfindən yuxarıda qeyd olunan prosessual hüquq normalarının tələbləri pozularaq işin hallarının tam və hərtərəfli araşdırılması təmin olunmamışdır. Hərtərəfli araşdırma prinsipinin pozulması isə məhkəmə qərardadının mahiyyətinə və maraqlı şəxsin hüquqlarının tanınmasına təsir edəcək səviyyədədir. Odur ki, kollegiya hesab edir ki, şikayət qismən təmin edilməli, "xxxx" MMC-nin üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb ediməsinə dair vəsatətinə yenidən baxılması üçün inzibati iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Təkrar vəsatətə baxılarkən yuxarıda qeyd olunan xüsusatlar araşdırılmalı, həmçinin iddiaçının adına xüsusi mülkiyyət hüququ əsasında qeydə alınmış 0.01 ha torpaq sahəsinin döngə nöqtələrinin koordinatları ilə maraqlı şəxsin mülkiyyətində olan torpaq sahəsinin döngə nöqtələrinin koordinatlarının üst-üstə düşməsi faktının müəyyən edilməsi məqsədilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən mütəxəssis rəyi alınmalı və alınmış rəyə uyğun olaraq "xxxx" MMC-nin üçüncü şəxs qismində icraata cəlb edilməsi məsələsinə hüquqi qiymət verilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.7.2-ci bəndinə əsasən inzibati-iqtisadi məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati-iqtisadi məhkəməyə göndərə bilər. Göstərilənlərə əsasən işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli və iş yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 28, 80, 85, 87-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 19 yanvar 2022-ci il tarixli, 2-1(085)-1086/2019 nömrəli qərardadı ləğv edilsin. "xxxx" MMC-nin üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsi barədə vəsatətinə yenidən baxılması üçün inzibati iş Sumqayıt İnzibati Məhkəməsinə göndərilsin. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsinin (ünvan: Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: ünvan 8

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar