Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-310/2025 02.04.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Əzizova Vəfa Ehtiram qızı, hakimlər X2 və Quliyev İsmayıl Rza oğlundan ibarət tərkibdə, Nəsirov Natiq Elçin oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Cavabdehnə qarşı əlilliyin təyin edilməsi tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin 11 dekabr 2024-cü il tarixli, 2-1(118)-3786/2024 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi İşin halları İş materiallarına əlavə edilmiş Silahlı Qüvvələrin Baş X4 Eltun Eyvaz oğlu barəsində 5234 nömrəli “Çıxarış epikrizi”ndən görünür ki, iddiaçı barəsində partlayış travması (xx.xx.2020), sol bazunun aşağı 1/3-nin, sağ budun içəri səthinin yuxarı 1/3-nin, döş qəfəsinin sol ön və çənəaltı nahiyələrin kor qəlpə yaralanmasına görə aparılmış yaraların işləməsindən sonrakı vəziyyət, barotovma nəticəsində (xx.xx.2020) sağ təbil pərdəsinin perforiyası, mikrositoz, funksiyaların pozulmaması ilə diaqnozu qoyulmuşdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Müdafiə Nazirliyi N nömrəli hərbi hissənin N oktyabr 2020-ci il tarixli, 3744 nömrəli İddiaçı barəsində arayışdan görünür ki, Hərbi Həkim Komissiyasının qərarı ilə diaqnoz: “sağ bud sümüyünün lateral kondilusunun açıq, qəlpəli, kənari sınığı ilə müşayət olunan dəlib-keçən odlu silah yaralanmasına (24 oktyabr 2020) görə aparılmış yaraların birincili işlənməsi, ətrafın gips longeti ilə immobilizasiyasından (24 oktyabr 2020) sonrakı vəziyyət, ətraf funksiyasının müvəqqəti pozulması ilə” “Hərbi Travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” səbəbi ilə qoyulmuşdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Müdafiə Nazirliyi N nömrəli hərbi hissənin N dekabr 2020-ci il taixli, 2196 nömrəli İddiaçı barəsində “Yaralanmanın (travmanın, kontuziyanın, xəsarətin) alınması şəraiti haqqında” arayışdan görünür ki, MAHHXHQ əsgər İddiaçı xx.xx.1999 təvəllüdlü, xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə düşmən tərəfindən yaralanmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi- Həkim Komissiyası tərəfindən verilmiş 17 fevral 2023-cü il tarixli, 1400 nömrəli İddiaçı barəsində “Xəstəlik haqqında şəhadətnamə”dən görünür ki, hərbi həkim komissiyasının qərarı ilə diaqnoz mülayim (orta) dərəcədə ifadə olunmuş üzvi dissosiativ pozuntu, anamnezində funksional tutmalar və nevrotik reaksiya, partlayış travması (xx.xx.2020), keçirilmiş sağ incik va qamış sinirlərinin posttravmatik neyropatiyası nəticəsində ətraf funksiyasının mülayim dǝrǝcada pozulması.Partlayış travması (xx.xx.2020) Sol bazunun aşağı 1/3-nin, sağ budun içəri səthinin yuxarı 1/3-nin döş qəfəsinin sol ön ve çənəaltı nahiyənin kor qəlpə yaralanmasına görə aparmış yaraların birincili cerrahi işlənməsindən sonrakı bərkimiş dan çapığı, yumşaq toxumaların yad cismi. Sağ budun dəlib keçən kor qəlpə yaralanmasına, bud sümüyünün lateral kondilisunun konari açıq sınığına görə aparılmış birincili cərrahi işlanmasından sonrakı kafi bitişmiş sınığı, yumşaq toxumanın yad cisimləri. Partlayış travması (xx.xx.2020), çənəaltı hər iki yanaq nahiyəsinin kor qəlpə yaralanmasına görə yaralanın birincili-cərrahi işlənməsindən sonrakı bərkimiş dəri çapığı, hər iki yanaq nahiyəsinin yumşaq toxumalarının çox kiçik ölçülü yad cismi (metal qəlpə), çeynəmə funksiyasının pozulmaması ilə. Barotravma (xx.xx.2020), sağtərəfli xroniki koxlear nevrit, sağ təbil pardosinin posttravmatik ikincili bərpası. Sağtərəfli neyrosensor tip ağıreşitmə. Pıçıltı nitqini sağ qulaqda 5 (beş) metr, sol qulaqda 6 (altı) metr məsafədən eşitməsi ilə "Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” səbəbi ilə qoyulmuşdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Ambulator kitabça”dan çıxarışlardan görünür ki, iddiaçıya qapalı kəllə beyin travması, üzvi dissosiativ pozuntu S069, Üzvi (İİ Qarabağ müharibəsi zamanı alınmış barotravma nəticəsində) şəxsiyyət pozuntusu F065, dissosiativ daxilolmalar, epileptiform tutmalarla F07.0 diaqnozları qoyulmuşdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Psixi Sağlamlıq Mərkəzi” publik hüquqi şəxsinin 27 fevral 2023-cü il tarixli, 1616 nömrəli məktubundan görünür ki, İddiaçı 27 fevral 2023-cü il tarixdə tibb elmləri doktoru, professor Fuad İsmayılov tərəfindən müayinə verilmiş və ona “Üzvi mənşəli (müharibədə alınmış travma) dissosiativ pozuntu, epileptiform tutmalarla F06.5” diaqnozu qoyulmuşdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” publik hüquqi şəxsi Həkim Psixiatr Komissiyasının 2 oktyabr 2023cü il tarixli, 1869 nömrəli rəyindən görünür ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 17 fevral 2023-cü il 3- 28/3-1-118/2023 saylı “Vətən müharibəsi iştirakçılarının psixiatriya müayinələrinin təşkili barədə” əmrinə uyğun olaraq İddiaçı Respublika Psixiatriya Xəstəxanasının nəzdində yaradılmış həkim psixiatr komissiyası tərəfindən müayinə olunmuş və ona üzvi (İİ Qarabağ müharibəsi zamanı alınmış barotravma nəticəsində) şəxsiyyət pozuntusu, dissosiativ daxilolmalar, epileptiform tutmalarla F 07.0 diaqnozu qoyulmuşdur. İş materiallarına əlavə edilmiş “Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumat”lardan görünür ki, İddiaçı 12 noyabr 2023-cü il tarixdə qiymətləndirilmədən keçmiş, diaqnoz əlillik əlaməti təyin etməməsi səbəbi ilə əlilliyin təyin olunmasından imtina edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” publik hüquqi şəxsinin 4 sentyabr 2024-cü il tarixli, 2559 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki: iş materiallarını və ambulator məhkəmə-psixiatrik ekspertizası zamanı aparılmış müayinələrin nəticələrinin tədqiqinə əsasən məhkəmə-psixiatrik ekspertizası qoyulmuş sualları aşağıdakı kimi cavablandırır: 1-ci sualın cavabı: İddiaçıda hal-hazırda üzvi (travma mənşəli) şəxsiyyət pozuntusu, (X1 10-cu baxışında F07.0) aşkar olunur. 2-ci sualın cavabı: iddiaçının əmək qabiliyyətinin olub-olmamasının mümkünlüyü Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli, 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda qeyd olunan əlilliyin təyin edilməsi meyarlarına istinadən dəyərləndirilir. Müayinə zamanı vətəndaşın ardıcıl, məntiqi təfəkkürü, mühakimə və analiz qabiliyyətinin reallığı və şəxsi maraqlarını tam əhatə etməsinə əsasən, əlilliyin qiymətləndirilməsi üçün mühüm əhəmiyyət kəsb edən meyarlarla yanaşı, həyat fəaliyyəti kateqoriyaları da dəyərləndirilir. Əlilliyə əsas verən həyat fəaliyyəti kateqoriyalarından, 1. Özünəqulluq bacarığı - insanın başlıca fizioloji tələbatlarını sərbəst şəkildə həyata keçirməsi, ev təsərrüfatında gündəlik ev işləri ilə məşğul olması, habelə şəxsi gigiyena bacarıqları, 2. Sərbəst hərəkətetmə bacarığı - sərbəst hərəkət etmək, hərəkət zamanı, hərəkətsizlik və ya bədən vəziyyətinin dəyişdirilməsi zamanı bədənin tarazlığını qoruya bilmək, ictimai nəqliyyatdan istifadə edə bilmək bacarığı, 3. İstiqamətseçmə bacarığı - ətraf şəraitin adekvat qavranılması, olduğu və ya səmtləndiyi yerin (məkanın) zamana görə müəyyən edilməsi və təhlükəsizliyinin qiymətləndirilməsi bacarığı, 4. Ünsiyyət bacarığı məlumatın qavranılması, təhlili, yadda saxlanması, istifadəsi və ötürülməsi yolu ilə insanlarla ünsiyyət qurmaq bacarığı, 5. Davranışına nəzarətetmə bacarığı - özünü dərk etmək, sosial, hüquqi və mənəvi-etik normaları ehtiva edən adekvat davranış bacarığı, 6. Öyrənmə bacarığı - bilik və bacarıqların qavranılması, təcrübənin (o cümlədən peşə, sosial, mədəni və məişət xarakterli təcrübənin) artırılması, əldə edilən bilikləri gündəlik həyatda tətbiq etmək bacarığı, 7. Əmək fəaliyyəti bacarığı - işin yerinə yetirilməsinə, keyfiyyətinə, həcminə və məzmununa dair tələblərə uyğun olaraq əmək fəaliyyəti bacarığı kimi istiqamətlərdə kənar şəxs nəzarəti və ya qulluğuna ehtiyac yaradan ağırlaşmalar izlənilmir. İstinada əsasən, əmək qabiliyyətinin nəzərəçarpacaq dərəcədə azalmasına, ətrafdakılarla tez-tez problemlər yaranmasına, gündəlik fəaliyyətin yerinə yetirilməsində əhəmiyyətli çətinliklərə səbəb olan 2 il müddətində ağır müalicəyə rezistent simptomlar (yəni situasiyanı mühakimə qabiliyyəti, özünə tənqidin, bütövlüklə sərbəst yaşamaq bacarığına baxmayaraq bəzi hallarda kənar şəxsin köməyinə ehtiyacın olması (məsələn, yüksək intihar riski zamanı - mövcud vəziyyət tibbi sənədlərlə təsdiqini tapmır), məqsədyönlü fəaliyyət qabiliyyətinin azalmasına, təfəkkürdə nəzərəçarpan dəyişikliklərə (müfəsəllik, rigidlik, ləngimə), davranışın pozulmasına (impulsivlik, şəxsi gigiyenaya qarşı laqeydlik, maraqların ləngiməsi) səbəb olan 2 il müddətində müşahidə edilən ağır, müalicəyə rezistent simptomlar və ya tez-tez kəskinləşən psixotik epizodlar və ya dekompensasiyalar (2 ildən az olmayaraq); təkrarlanan aqresiv davranış və ya intihar cəhdləri səbəbindən daimi müşahidə zərurəti kimi hallar izlənilmir. Yekun olaraq, müayinə zamanı vətəndaşın ardıcıl, məntiqi təfəkkürü, mühakimə və analiz qabiliyyətinin reallığı və şəxsi maraqlarını tam əhatə etməsinə əsaslanaraq, psixi durumu səbəbilə kənar şəxs nəzarəti və ya qulluğuna əsas verən ağırlaşmalar öz təsdiqini tapmır. 3-cü sualın cavabı: iddiaçıda tibbi sənədlərə əsasən (XBT 10 kodu: F06.5) “Üzvi dissosiativ pozuntu, mülayim (orta) dərəcədə ifadə olunmuş üzvi dissosiativ pozuntu” qeyd edilmişdir. 4-cü sualın cavabı: iddiaçıda (ağırlaşma – F07.0) “Üzvi mənşəli şəxsiyyət pozuntusu, üzvi (İİ Qarabağ müharibəsi zamanı alınmış barotravma nəticəsində) şəxsiyyət pozuntusu, dissosiativ daxilolmalar, epileptiform tutmalarla) aşkar olunur. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin xx.xx.2023-cü il tarixli imtina məktubunun əsassız hesab edilməsi, xəstəliyini nəzərə alaraq, ona 2-ci qrup əlillik dərəcəsinin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli , 2-1(112)-6619/2024 saylı qərardadı ilə müvafiq iş aidiyyəti üzrə baxılması üçün Sumqayıt İnzibati Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 2012-ci ildə həqiqi hərbi xidmətə çağırılmış, 2014-cü ilin yanvar ayında 052 saylı Xüsusi Təyinatlı təməl kursunu bitirmişdir. 2014-cü ilin may ayından N saylı hərbi hissədə kəşfiyyatçı vəzifəsində xidmətini davam etdirmişdir. 2019-cu ilin yanvar ayında N saylı hərbi hissəyə kəşfiyyatçı vəzifəsini davam etdirmək üçün göndərilmişdir. 27 sentyabr 2020-ci il tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi istiqamətində gedən döyüşlərdə iştitak etmişdir. 1 oktyabr 2020-ci il tarixdə Cəbrayıl istiqamətində gedən döyüşlər zamanı düşmən tərərfindən güclü artereliya hücumu nəticəsində, sağ baş nahiyəsindən çox saylı qəlpə yaraları, kəllə beyin zədələnməsi, sağ qulağın pərdəsinin cırılması, sağ baş sümüyünün çatı, çənə altı nahiyyəsində qəlpə yaraları, sol döş ürəyə yaxın 2 qəlpə yarası, sol ag ciyərın ürəyə yaxın hissələrində qəlpələr, sağ ayaqda çox saylı qəlpə yaraları və sağ ayağın dizə yaxın kəsib keçən qəlpə yarası ilə ağır yaralanmışdır. İddiaçı o zaman Bakı şəhəri Baş Klinik Hərbi Hospitalına yerləşdirilmiş, orada əməliyyat olmuşdur, müəyyən bədən nahiyəsində olan qəlpələr çıxarılmış, bədən nahiyələrinə tikişlər qalanı isə həyatına təhlükəli olmasına görə həmin qəlpələr çıxarılmamışdır. 18 oktyabr 2020-ci il tarixdə yaralı olmasına baxmayaraq, öz ərizəsinə əasən yenidən Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə bağlı döyüşlərə qatılmışdır. 27 oktyabr 2020-ci il tarixdə Şuşa rayonunun Qırmızı Bazar istiqamətində gedən ağır döyüşlərdə yenidən sağ diz qapağından güllə yarası ilə yaralanmışdır. Döyüşlərdən bir gün sonra döyüş yoldaşları tərəfindən həmin ərazidən təxriyə olunmuş və Beyləqan rayon xəstəxanasına yerləşdirilmişdir. Xəstəxanada müayinələr zamanı diz qapağının və diz küncəsi çox saylı qırıqları, dizin laterial kondilusunun kənari açıq sınığına görə aparılmış yaralar birinci cərrahi işlənməsindən sonrakı kafi bitişmiş sınığı, yumşaq toxumaların zədələnməsi aşkar edilmiş və demək olar ki, sağ ayağı funksiyasını itirmişdir. Sonradan iddiaçı Şəmkir rayon hərbi Hospitalına göndərilmişdir, orada müayinə və müalicələri davam etdiriləndən sonra hərbi xidmətə yararsız olduğuna görə məzuniyyətə göndərilmişdir. Uzun müalicələr aldıqdan sonra, iddiaçı yenidən xidmətə qayıtmış və 2022-ci ilin sentyabr ayında olan antiterror əməliyyatı zamanı döyüşlərdə iştirak etdikdən sonra, onun fiziki və psixoloji vəziyyəti ağırlaşmış və o, 2022-ci ilin oktyabr ayında təxris olunmudşur. İddiaçı əlillik dərəcəsinin müəyyən edilməsi üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspert Komissiyasında müayinələrdən keçmişdir, lakin 13 aprel 2023-cü il tarixdə ona imtina cavabı verilmişdir. Buna baxmayaraq, yenidən həkim müayinələrindən keçmiş və 12 noyabr 2023-cü il tarixdə yenə imtina cavabı almışdır. İmtinanın səbəbi kimi “diaqnoz öz təsdiqini tapmaması” göstərilmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, cavabdehin əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxs ilə əvəz edilməsi və 12 noyabr 2023-cü il tarixli imtinanı əsassız hesab edərək, xəstəliyini nəzərə alınaraq ona 2-ci qrup əlillik dərəcəsi təyin edilməsi barədə qərarın qəbul edilməsini xahiş etmişdir. Cavabdehin iddia tələbinə dair etirazlarının dəlilləri Cavabdehin iddia tələbinə qarşı yazılı etirazında qeyd edilmişdir ki, iddiaçının əlillik vəziyyətinə sonuncu dəfə əlavə əyani müayinəsi həyata keçirilərək Sumqayıt Psixiatriya Xəstəxanasının 2 noyabr 2023-cü il tarixli göndərişi əsasında baxılmış və “Diaqnozun mətni: Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr, Partlayış travması (24 oktyabr 2020-ci il). Sol bazunun, sağ budun içəri səthinin, döş qəfəsinin sol ön və çənəaltı hər iki yanaq nahiyyələrinin kor qəlpə yaralanması, yumşaq toxumaların yad cismləri. Bud sümüyünün lateral kondilisunun kənarı açıq sınığına görə aparılmış birincili cərrahi işlənməsindən sonrakı kafi bitişmiş sınığı, yumşaq toxumanın yad cisimləri. Partlayış travması (24 oktyabr 2020-ci il), keçirilmiş sağ incik və qamış sinirlərinin postravmatik neyropatiyası nəticəsində ətraf funksiyanın mülayim dərəcədə pozulması. Üzvi (İİ Qarabağ müharibəsi zamanı alınmış barotravma nəticəsində) şəxsiyyət pozuntusu, dissosiativ daxilolmalar, epileptiform tutmalarla Birtərəfli qarışıq konduktiv və neyrosensor tipli ağır eşitmə, Sağ tərəfli neyrosensor (İ) ağıreşitmə Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Diaqnoz öz təsdiqini tapmaması - Səbəb: Diaqnozun təsdiqlənməməsi barədə qərar qəbul edilmişdir” səbəbi ilə imtina verilmişdir. İddiaçı orqanizmin funksiyalarının pozulması faizi tibb müəssisəsinin göndərişi əsasında 13 aprel 2023-cü il tarixdə agentlikdə əyani müayinəsi nəticəsində qiymətləndirilmiş və barəsində “diaqnoz əlillik əlaməti təyin etməməsi barədə” qərar qəbul edilmişdir. İddiaçıya orqanizmin funksiyalarının pozulması faizinin qiymətləndirməsi üçün tibb müəssisəsi tərəfindən yeni göndəriş rəsmiləşdirilmişdir. Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq onda “Üzvi dissosiativ pozuntu” kimi müəyyənləşdirilmiş, lakin əlillik təyinatına əsas verən psixoproduktiv əlamətlər, davranış pozuntuları, ətrafların və digər orqanların patofunksional pozuntuları qeyd olunmamışdır. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli, 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na uyğun olaraq Diaqnozun təsdiqlənməməsi barədə qərar qəbul edilmişdir. Birinci instansiya məhkəməsində icraat və qəbul edilmiş məhkəmə aktı Sumqayıt İnzibati Məhkəməsinin 11 dekabr 2024-cü il tarixli, 2-1(118)-3786/2024 nömrəli qərarı ilə iddia təmin edilmiş, İddiaçı əlilliyinin qiymətləndirildiyi 2 noyabr 2023-cü il tarixindən sağlamlıq imkanlarının pozulmasının faiz dərəcəsi ilə müəyyən edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması qərara alınmışdır (hakim Könül Həbibova). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, məhkəmənin qərardadı ilə təyin olunmuş ekspertiza nəticəsində verilən ekspert rəyində də bir daha öz təsdiqini tapmışdır ki, müəyyən olunmuş diaqnoza əsasən iddiaçıda tibb müəssisəsi tərəfindən tərtib edilmiş göndərişdə qeyd edilən xəstəliklər mövcuddur. Cavabdeh qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdehin apellyasiya şikayətinin dəlilləri iddia ərizəsinə etriazın dəlilləri ilə eynilik təşkil etməklə əlavə olaraq qeyd etmişdir ki, diaqnoz şəxsin hazırki vəziyyətini əks etdirməklə yanaşı əyani müayinədə aşkar edilmiş patofunksional dəyişikliklər əlillik səviyyəsində olmadığından dərəcənin təyini zamanı, iddiaçıya 13 may 2022-ci il tarixli 187 saylı Qərarla təsdiq edilmiş “Əlilliyin təyin edilməsi meyarları”nın hər hansı bir bəndini aid etmək mümkün olmamışdır. Göndərişdə qeyd olunan diaqnoz öz təsdiqini tapmadığı halda məhkəmə xüsusi tibbi bilik tələb edən sahədə qərar çıxararaq orqanın diskresion səlahiyyətinə əsassız müdaxilə etmişdir. Bundan başqa apellyasiya şikayətinə əlavəsində cavabdeh qeyd etmişdir ki, iddiaçı iddia müddətini ötürmüşdür. İddiaçıya xx.xx.2023-cü il tarixli imtina qərarı xx.xx.2023cü il tarixdə SMS vasitəsi ilə göndərilmişdir, lakin o, iddianı xx.xx.2024-cü il tarixdə, yəni 30 gün müddəti buraxdıqdan sonra qaldırmışdır. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X6 izahat verərək, apellyasiya şikayətini müdafiə etdi və apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, ona Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar 08 dekabr 2023-cü il tarixdən əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə etiraz edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməməsini, iddia tələbini dəqiqləşdirmə barədə ərizəsi nəzərə alınaraq iddia tələbinin təmin edilməsi barədə qərar çıxarılmasını xahiş etdi. Tətbiq edilən hüquq “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun: Maddə 3. Əlilliyin müəyyən edilməsi 3.1. Şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. Maddə 4. Əlilliyi olan şəxslərin hüquqi vəziyyətinin əsasları 4.1. Əlilliyi olan şəxslər Azərbaycan Respublikasının Konstitusiyasında və digər normativ hüquqi aktlarda, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş bütün insan və vətəndaş hüquq və azadlıqlarına malikdirlər. 4.2. Əlilliyi olan şəxslərə qarşı ayrı-seçkilik qadağandır və qanunla təqib edilir. Əlilliyi olan şəxslərin faktiki bərabərliyinin sürətləndirilməsi və ya buna nail olunması üçün zəruri olan konkret tədbirlər ayrı-seçkilik hesab edilmir. 4.3. Əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. Maddə 6. Əlilliyi olan şəxslərlə bağlı dövlət təminatları (-) 6.4. Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli, 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”: 1.5. Şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: ... 1.5.Şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: ... 1.5.2. xüsusi səbəblərdən: 1.5.2.1. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar; ... 1.8. Əlillik Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda nəzərdə tutulan insanın həyat fəaliyyətinin əsas kateqoriyaları və onların məhdudlaşma dərəcələri və “Əlilliyin müəyyən olunması meyarları” na Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti” nə əsasən müəyyən olunur. ... Bənd 3. Orqanizmin funksiyalarının pozulması faizləri 3.1. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.1. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİİ dərəcə məhdudlaşması halında – 81-100 faiz; 3.1.2. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİ dərəcə məhdudlaşması halında – 61-80 faiz; 3.1.3. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında – 31- 60 faiz. 3.2. Xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının klinik funksional xüsusiyyətləri, XBT-10, orqanizmin funksiyalarının pozulması faizi və müddəti bu Meyarlara Əlavədə müəyyən edilmişdir. Bənd 7. Psixi və davranış pozuntuları Xroniki və (və ya) davamlı ağır, yaxud tez-tez kəskinləşən psixi pozuntulardan əziyyət çəkən şəxslərin dezadaptasiya dərəcəsini müəyyən etmək üçün aşağıdakılar nəzərə alınır: - psixopatoloji simptomların təzahür dərəcəsi; - xəstəliyin davametmə müddəti, epizodların tezliyi və (və ya) gedişinin növü; - xəstəlik nəticəsində şəxsiyyət dəyişiklikləri dərəcəsi; - öz xəstəliyinə, cari vəziyyətinə və ətraf reallığa tənqid dərəcəsi; - aqressiv və ya intihar davranışları həyata keçirmə riski də daxil olmaqla, əsas həyat fəaliyyəti sahələrində funksional dezadaptasiya dərəcəsi; - kənar şəxslərin yardımı və müşahidəsinin vacibliyi; - müalicə və reabilitasiya müdaxilələrinin keçirilməsi üçün potensial; - psixiatriya dispanser müşahidəsində və psixi pozuntusu olan şəxslərin elektron reyestrində olması. ... 7.6.2. baş beynin zədələnməsi və disfunksiyası və ya somatik xəstəliklə bağlı digər psixi pozuntular F06.0 üzvi mənşəli şəxsiyyət pozuntusu kod F07.0; postensefalit sindromu kod F07.1; postkontuzion sindrom kod F07.2; baş beynin xəstəliyi, travması və disfunksiyası nəticəsində yaranan digər üzvi mənşəli şəxsiyyət və davranış pozuntuları kod F07.8; ... Qymətləndirmə: 7.6.2.1 əmək qabiliyyətinin nəzərəçarpacaq dərəcədə azalmasına, ətrafdakılarla teztez problemlər yaranmasına, gündəlik fəaliyyətin yerinə yetirilməsində əhəmiyyətli çətinliklərə səbəb olan 2 il müddətində ağır, müalicəyə rezistent simptomlar; bütövlükdə sərbəst yaşamaq bacarığına baxmayaraq bəzi hallarda kənar şəxsin köməyinə ehtiyacın olması (məsələn, yüksək intihar riski zamanı); 7.6.2.2 məqsədyönlü fəaliyyət qabiliyyətinin azalmasına, təfəkkürdə nəzərəçarpan dəyişikliklərə (müfəsəllik, rigidlik, ləngimə), davranışın pozulmasına (impulsivlik, şəxsi gigiyenaya qarşı laqeydlik, maraqların ləngiməsi) səbəb olan 2 il müddətində müşahidə edilən ağır, müalicəyə rezistent simptomlar və ya tez-tez kəskinləşən psixotik epizodlar və ya dekompensasiyalar (2 ildən az olmayaraq); təkrarlanan aqresiv davranış və ya intihar cəhdləri səbəbindən daimi müşahidə zərurəti; Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi kollegiyasının N dekabr 2017-ci il tarixli 19-1 nömrəli qərarı ilə təsdiq edilmiş “Ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçulara hərbi xidmətlə əlaqədar əlillik səbəblərinin müəyyən olunması barədə Təlimat” : Bənd 3. Hərbi xidmətdən xəstəliyə görə buraxılmış hərbi qulluqçulara, hərbi xidmətdən digər əsaslara görə buraxılmış şəxslərə hərbi xidmətlə əlaqədar əlillik səbəblərinin müəyyən edilməsi qaydaları 3.1. Şəxsə hərbi xidmətlə əlaqədar əlillik hərbi xidmətdə aldığı xəsarət, xəstəlik ayrıayrı götürüldükdə ən azı üçüncü dərəcə əlillik təyin etmək üçün əsas vermiş olduqda müəyyən edilir. 3.2. Hərbi xidmətlə əlaqədar əlillik səbəbi hərbi xidmət zamanı alınmış xəsarətin, xəstəliyin bilavasitə nəticələrinə, yaxud fəsadlarına və uzaq nəticələrinə görə müəyyən edilir. 3.3. Hərbi xidmətdən buraxılmış şəxslərin hərbi xidmətlə əlaqədar əlillik səbəbləri müəyyən edilərkən aşağıda göstərilən hərbi tibbi sənədlər əsas götürülür: 3.3.1. Xəstəlik haqqında şəhadətnamə (ştatdankənar HHK tərəfindən tərtib edilir və ştatlı HHK tərəfindən təsdiq edilir, yaxud ştatlı HHK tərəfindən tərtib edilir); 3.3.2. arayış ştatdankənar HHK tərəfindən tərtib edilir və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş "Hərbi həkim ekspertizası haqqında Əsasnamə”nin 1.6-cı bəndində göstərilən hallarda ştatlı HHK tərəfindən təsdiq edilir, yaxud ştatlı HHK tərəfindən tərtib edilir; 3.3.3. ştatlı HHK-nın xəsarətin, xəstəliyin səbəb əlaqəsi haqqında qərarı. 3.4. xəstəlik haqqında şəhadətnamədə, arayışda və ya ştatlı HHK-nın xəsarətin, xəstəliyin səbəb əlaqəsi haqqında qərarında xəsarətin, xəstəliyin hərbi xidmətlə səbəb əlaqəsi "Hərbi–həkim ekspertizası haqqında Əsasnamə”nin tələblərinə uyğun göstərilmədikdə, yaxud ştatlı HHK-nın qərarının əsli ilə düz olduğunun yoxlanılması zəruri olduqda, sənədlər baxılmaq üçün müvafiq ştatlı HHK-na göndərilir. 3.5. Hərbi xidmətdən xəstəliyə görə buraxılmış şəxslərə hərbi xidmətlə əlaqədar əlillik səbəbləri Xidmət tərəfindən aşağıdakı qaydada müəyyən edilir: 3.5.1. Hərbi xidmət (hərbi toplanış) zamanı alınmış xəsarətin, xəstəliyin hərbi xidmətlə səbəb əlaqəsi göstərilmiş hərbi tibbi sənədi olan şəxslərin əlillik səbəbi təqdim edilən hərbi tibbi sənəd (xəstəlik haqqında şəhadətnamə və ya arayış, yaxud ştatlı HHK tərəfindən tərtib edilmiş qərar) əsasında təyin edilir. 3.5.2. Silahlı Qüvvələrdən, habelə hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarından (dövlət orqanlarının strukturuna daxil olan qurumlardan) ehtiyata və ya istefaya buraxılmış, habelə hərbi toplanış keçmiş hərbi qulluqçuların hərbi tibbi sənədləri olmadığı və ya habelə həmin sənədlər düzgün tərtib olunmadığı hallarda onlar xəsarətin, xəstəliyin hərbi xidmətlə səbəb əlaqəsinin müəyyən edilməsi üçün müvafiq ştatlı HHK-ya göndərilirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin qiymətləndirilməsi Qaydası: 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 1.4. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. 1.6. Əlilliyin səbəbinin, dərəcəsinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş electron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. 1.7. Şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1-dək əlilliyi olan şəxs hesab edilir. 2.9. Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi” Qaydası 1.5-ci bənd. Göndəriş verilməsi üçün əsas aşağıdakılardır: 1.5.1. şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.5.2. şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir); 1.5.3. əlillik müddətinin bitməsindən sonra bu Qaydanın 1.5.1-ci və 1.5.2-ci yarımbəndlərində qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi; 1.5.4. peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi; 1.5.5. əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması. Azərbaycan Respublikası Prezidentinin 16 mart 2015-ci il tarixli 484 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti haqqında Əsasnamə”
3. Xidmətin vəzifələri 3.1. Bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Xidmətin vəzifələri aşağıdakılardır: 3.1.2. əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlillik dərəcəsi, onun müddəti, səbəbi və əlilliyin baş vermə vaxtı barədə tibbi-sosial ekspert komissiyaları tərəfindən qərar qəbul edilməsini təmin etmək;
Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 52. Məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.
Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 24 fevral 2025-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməli və iddia təmin edilməlidir. Hazırki iş üzrə iddiaçı 02 aprel 2025-ci il tarixli iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar 07 dekabr 2023-cü il tarixdən əlilliyin təyin edilməsini məhkəmədən xahiş etmişdir. İşdən görünür ki, cavabdeh orqanın iddiaçıya əlilliyin təyin edilməsindən imtinasının səbəbi diaqnozda əlillik əlamətlərinin müəyyən edilməməsi olmuşdur. İşin hallarından müəyyən edilir ki, iddiaçı Vətən müharibəsi zamanı döyüş əməliyyatlarında iştirak edən zaman 24 oktyabr 2020-ci il tarixdə partlayış travması almışdır. Qeyd olunmalıdır ki, Sumqayıt Psixiatriya Xəstəxanası tərəfindən iddiaçı barəsində tərtib edilmiş xx.xx.2023-cü il tarixli göndərişdə (Forma 88) qeyd edilən XBT-10 F06.0 (əsas xəstəlik) üzvi dissosiativ pozuntu, mülayim (orta) dərəcədə ifadə olunmuş, F07.0 (ağırlaşma) üzvi mənşəli şəxsiyyət pozuntusu, üzvi (İİ Qarabağ müharibəsi zamanı alınmış barotravma nəticəsində) şəxsiyyət pozuntusu, dissosiativ daxilolmalar, epileptiform tutmalarla ağırlaşma, H90.7 (yanaşı xəstəlik), birtərəfli qarışıq konduktiv və neyrosensor tipli ağır eşitmə, sağ tərəfli neyrosensor (l) ağıreşitmə kimi xəstəliklər Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli, 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları” nın tələbləri baxımından əlilliyin təyininə əsas verən xəstəliklərdir. Birinci instansiya məhkəməsində icraat zamanı iddiaçının müayinə olunması və əlillik vəziyyətinin qiymətləndirilməsi üçün iş üzrə məhkəmə-psixiatrik ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X5 publik hüquqi şəxsi tərəfindən verilmiş 04 sentyabr 2024-cü il tarixli, 2559 nömrəli kompleks ambulator məhkəmə psixiatrik və tibbi sosial ekspetizasının rəyi ilə müəyyən edilmişdir ki, İddiaçı “Üzvi dissosiativ pozuntu, mülayim (orta) dərəcədə ifadə olunmuş üzvi dissosiativ pozuntu” (F06.5), “Üzvi (barotravma nəticəsində) şəxsiyyət pozuntusu, dissosiativ daxilolmalar, epileptiform tutmalarla” (F07.0) xəstəlikləri aşkar edilir”. Lakin müayinə zamanı vətəndaşın ardıcıl, məntiqi təfəkkürü, mühakimə və analiz qabiliyyətinin reallığı və şəxsi maraqlarını tam əhatə etməsinə əsaslanaraq, psixi durumu səbəbilə kənar şəxsi nəzarəti və ya qulluğuna əsas verən ağırlaşmalar öz təsdiqini tapmamışdır. Apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayan məhkəmə kollegiyası əvvəla onu qeyd edir ki, iddiaçının Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etməsi və travma alması işin mübahisələndirilməyən halıdır. İşin mübahisələndirilən halı və iddianın hüquqi əsası hazırda iddiaçıda mövcud olan xəstəliklərin diaqnozunun əlillik təyinatına əsas verib-verməməsi ilə bağlıdır. Bununla bağlı kollegiya qeyd edir ki, cavabdeh iddiaçıya əlilliyin təyin edilməsindən imtina cavabında diaqnozun əlillik əlaməti təyin etmədiyini qeyd etsə də, tibb müəssisəsi tərəfindən iddiaçı barəsində tərtib edilmiş göndərişdə (Forma-88) qeyd olunan diaqnoz iş üzrə alınmış ekspert rəyi ilə təsdiq edilmiş və həmin diaqnozun əlillik təyinatına əsas verdiyi müəyyən edilmişdir. Belə ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi-Həkim Komissiyası tərəfindən verilmiş 17 fevral 2023-cü il tarixli, 1400 nömrəli İddiaçı barəsində “Xəstəlik haqqında şəhadətnamə”dən görünür ki, hərbi həkim komissiyasının qərarı ilə diaqnoz mülayim (orta) dərəcədə ifadə olunmuş üzvi dissosiativ pozuntu, anamnezində funksional tutmalar və nevrotik reaksiya, partlayış travması (xx.xx.2020), keçirilmiş sağ incik va qamış sinirlərinin posttravmatik neyropatiyası nəticəsində ətraf funksiyasının mülayim dǝrǝcada pozulması.Partlayış travması (xx.xx.2020) Sol bazunun aşağı 1/3-nin, sağ budun içəri səthinin yuxarı 1/3-nin döş qəfəsinin sol ön ve çənəaltı nahiyənin kor qəlpə yaralanmasına görə aparmış yaraların birincili cerrahi işlənməsindən sonrakı bərkimiş dan çapığı, yumşaq toxumaların yad cismi. Sağ budun dəlib keçən kor qəlpə yaralanmasına, bud sümüyünün lateral kondilisunun konari açıq sınığına görə aparılmış birincili cərrahi işlanmasından sonrakı kafi bitişmiş sınığı, yumşaq toxumanın yad cisimləri. Partlayış travması (xx.xx.2020), çənəaltı hər iki yanaq nahiyəsinin kor qəlpə yaralanmasına görə yaralanın birincili-cərrahi işlənməsindən sonrakı bərkimiş dəri çapığı, hər iki yanaq nahiyəsinin yumşaq toxumalarının çox kiçik ölçülü yad cismi (metal qəlpə), çeynəmə funksiyasının pozulmaması ilə. Barotravma (xx.xx.2020), sağtərəfli xroniki koxlear nevrit, sağ təbil pardosinin posttravmatik ikincili bərpası. Sağtərəfli neyrosensor tip ağıreşitmə. Pıçıltı nitqini sağ qulaqda 5 (beş) metr, sol qulaqda 6 (altı) metr məsafədən eşitməsi ilə "Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” səbəbi ilə qoyulmuşdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Ambulator kitabça”dan çıxarışlardan görünür ki, iddiaçıya qapalı kəllə beyin travması, üzvi dissosiativ pozuntu S069, Üzvi (İİ Qarabağ müharibəsi zamanı alınmış barotravma nəticəsində) şəxsiyyət pozuntusu F065, dissosiativ daxilolmalar, epileptiform tutmalarla F07.0 diaqnozları qoyulmuşdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Psixi Sağlamlıq Mərkəzi” publik hüquqi şəxsinin 27 fevral 2023-cü il tarixli, 1616 nömrəli məktubundan görünür ki, İddiaçı 27 fevral 2023-cü il tarixdə tibb elmləri doktoru, professor Fuad İsmayılov tərəfindən müayinə verilmiş və ona “Üzvi mənşəli (müharibədə alınmış travma) dissosiativ pozuntu, epileptiform tutmalarla F06.5” diaqnozu qoyulmuşdur. Habelə, cavabdehin özü tərəfindən iddiaçının əyani müayinəsi zamanı yuxarıda göstərilən diaqnozların aşkarlığı müəyyən edilmişdir. Lakin cavabdeh həmin xəstəliklərin qiymətləndirmə əlamətlərinə görə əlillik təyinatına əsas verməməsinə istinad etmişdir. Azərbaycan Respublikasının Ali Məhkəməsi tərəfindən müvafiq məhkəmələrə ünvanlanmış “Əlilliyin müəyyən edilməsi, dəyişdirilməsi və ləğvi ilə bağlı mübahisələr üzrə 2022-ci ildə inzibati məhkəmələrdə baxılmış işlərin məhkəmə təcrübəsinin ümumiləşdirilməsinin nəticələri üzrə” icmal məktubun 46-cı bəndində göstərilmişdir ki, “.......... Göstərilənlərdən ziyadə, o da xüsusilə qeyd edilməlidir ki, şəxsin sosial uyğunlaşması və səhhətinin pozulması ilə müşayiət olunan, kliniki ifadə olunmuş psixopatoloji davranış formasında psixi xəstəlik və əqli pozuntularının müəyyən edilməsi üçün məhkəmə-tibbi ekspertizanın alternativi kimi məhkəmə-psixiatriya ekspertizası təyin edilməlidir”. İddiaçı da müvafiq psixi xəstəlikləri ilə bağlı Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Psixi Sağlamlıq Mərkəzi” publik hüquqi şəxsində müayinə olunmuş və bununla bağlı, həmin tarixdə ixtisaslaşdırılmış tibb müəssisəsi tərəfindən rəy verilmişdir. Rəydən görünür ki, müayinə nəticəsində iddiaçıda F06.5 “Üzvi dissosiativ pozuntu, mülayim (orta) dərəcədə ifadə olunmuş üzvi dissosiativ pozuntu”, onun ağırlaşması kimi F07.0 “Üzvi mənşəli şəxsiyyət pozuntusu, üzvi (İİ Qarabağ müharibəsi zamanı alınmış barotravma nəticəsində) şəxsiyyət pozuntusu, dissosiativ daxilolmalar, epileptiform tutmalarla) diaqnozların mövcudluğu müəyyən edilmişdir. İşin hüquqi halları ilə bağlı kollegiya qeyd edir ki, xx.xx.2023-cü il tarixli göndərişdə (Forma-88) qeyd edilən və hazırda iddiaçıda aşkar edilən əsas diaqnoz XBT 10 F06.5 “Üzvi dissosiativ pozuntu, mülayim (orta) dərəcədə ifadə olunmuş üzvi dissosiativ pozuntu”, əsas diaqnozun ağırlaşması kimi qeyd edilən F07.0 kodlu (Üzvi mənşəli şəxsiyyət pozuntusu, dissosiativ daxilolmalar, epileptiform tutmalarla) xəstəliklər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli, 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları” nın tələbləri baxımından əlilliyin təyininə əsas verən xəstəliklərdir. F06.5 və F07.0 kodlu xəstəliklər bölmənin 7.6.2.1 və 7.6.2.2-ci bəndlərinə müvafiq olaraq orqanizmin funksiyalarının 35-60 və 65-80 faiz pozulmasına görə əlilliyin təyin edilməsinə əsas verir. İndiki halda cavabdeh inzibati orqan iddiaçıda əllliyin təyin edilməsi üçün əsas olan patofunksional dəyişikliklərin əlillik səviyyəsində olmadığını qeyd etsə də, ona dair heç bir sübutu məhkəməyə qədim edə bilməmiş, habelə istinad etdiyi halları iddiaçının müayinə nəticələrinə və s. aid müvafiq tibbi sənədlərə istinad edilməklə, əsaslandıra bilməmişdir. Göründüyü kimi cavabdeh inzibati orqan “patofunksional dəyişikliyin əlillik səviyyəsində olmaması” halına formal olaraq istinad etməklə, ümumi söz şəklində ifadə etmişdir. Nəticə etibarilə cavabdehin imtina, etiraz və şikayətin dəlili kimi istinad etdiyi hallar (patofunksional dəyişiklik əlamətlərinin əlillik səviyyəsində olmaması, ağırlaşma əlamətlərinin olmaması və s.) iş materialları əsasında təkzib olunmaqla, öz təsdiqini tapmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı barəsində tərtib edilmiş tibbi göndərişdə əks olunmuş diaqnoz xəstəliklərin mütəxəssis vəekspert rəyi, müvafiq tibbi sənədlər əsasında iddiaçıda aşkar olduğu öz təsdiqini tapdığı, habelə həmin xəstəliklərin müvafiq qanunvericilik normasının tələbinə əsasən əlilliyin təyin edilməsi üçün əsas qismində çıxış etdiyi halda, cavabdeh tərəfindən heç bir əsaslandırma aparılmadan, heç bir tibbi sənədə istinad edilmədən həmin xəstəliklərin (ağırlaşmalarının) əlilliyin təyin edilməsi üçün əsas olmadığı halına istinad edilməsi əsassız və qanunvericiliyin tələbinə zidd olmuşdur. Qeyd edilən hallara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən iddiaçı barəsində diaqnoz qoyulmuş xəstəliyin əlilliyin təyin edilməsinə əsas olması ilə bağlı hissədə işin hallarına düzgün hüquqi qiymət vermiş, iddiaçı barəsində əlilliyin təyin edilməsi barədə gəldiyi nəticə işin hallarına uyğun olmuşdur. Bu baxımından məhkəmə kollegiyası hesab edir ki, həmin hissədə cavabdehin şikayətinin dəlilləri əsassız olmuşdur. Eyni zamanda kollegiya əlilliyin təyinat tarixi ilə bağlı hissədə onu qeyd edir ki, əlillliyin təyin edilməsi müvafiq tibbi göndərişin tərtib edilməsi əsasında deyil, məhz həmin tibbi göndəriş rəsmiləşdirildikdən sonra, cavabdeh tərəfindən müvafiq qiymətləndirmə aparılmaqla, bu barədə qərar qəbul edilməsi əsasında həyata keçirilir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, əlilliyin təyin edilməsi məhz cavabdeh tərəfindən əlilliyin təyin edilməsindən imtina barədə müvafiq qərarın qəbul edildiyi tarixdən (xx.xx.2023-cü il tarixdən) təyin edilməlidir. İddiaçının əlilliyinin səbəb əlaqəsi (Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar) cavabdeh tərəfindən mübahisələndirilmir. Belə ki, cavabdeh şikayətinin dəlillərində yalnız göndərişdə qeyd edilən əsas diaqnozun ağırlaşmalarının hazırda iddiaçıda aşkar edilmədiyini bildirir. Bununla belə kollegiya qeyd edir ki, iddiaçı Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmış barotravma nəticəsində ““Üzvi dissosiativ pozuntu, mülayim (orta) dərəcədə ifadə olunmuş üzvi dissosiativ pozuntu” (F06.5), “şəxsiyyət pozuntusu, dissosiativ daxilolmalar, epileptiform tutmalarla (F 07.0) kodlu xəstəliklər yaranmışdır. Həmin xəstəliyin patofunksional əlamətlərindən göründüyü kimi iddiaçının üzvi mənşəli şəxsiyyət pozuntusu xəstəliyi baş beynin zədələnməsi (kəllə beyin travması) nəticəsində şəxsiyyət pozuntusu, dissosiativ daxilolmalar, epileptiform tutmalarla müşahidə edilir. İddiaçının hazırkı tələblə müraciət etməkdə məqsədi “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” əlilliyin təyin edilməsi olsa da, ərizəsində bunu qeyd etmədiyindən, kollegiya iddiaçıya hüquqi yardım edərək, tələbin dəqiqləşdirilməsini təklif etmiş və iddiaçı tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, ona “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar” əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyası ərizədə edilən dəyişikliyin – dəqiqləşmənin iddianın növünə təsir etmədiyini nəzərə alaraq, “Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 sentyabr 2014-cü il tarixli Qərarına əsasən, ərizəni məhkəmənin icraatına qəbul edilməsini məqsədəuyğun hesab etmişdir. Göründüyü kimi, hazırda qüvvədə olan qanunvericilik normasının tələbinə əsasən əlillik təyinatı məhz şəxsin orqanizminin funskiyasının pozulması faizinə uyğun olaraq müəyyən edilir ki, bu hal isə özlüyündə şəxsin sağlamlıq vəziyyətinə aid faktiki halların dairəsinin müəyyən edilməsindən irəli gəlir. Şəxsin sağlamlıq vəziyyətinin qiymətləndirilməsi üzrə isə cavabdeh müəyyən qiymətləndirmə azadlığına malikdir. İndiki halda iddiaçıya münasibətdə tərtib edilən müvafiq tibbi göndərişdə qeyd edilmiş və iş materialları əsasında öz təsdiqini tapmış diaqnoz xəstəliklər müraciət etdiyi vaxtda qüvvədə olan qanunvericilik normalarına əsasən əlilliyin təyininə əsas verən hal kimi qeyd edilmiş, lakin həmin xəstəliklər orqanizmin funksiyasının pozulmasının müxtəlif dərəcə məhdudlaşdırılması halında fərqli faiz və müddət göstəricisinə uyğun olmuşdur.Bu baxımından iddiaçıya hansı tip məhdydlaşdırılmaya müvafiq olaraq əlillik təyinatının aparılması üçün onun sağlamlıq vəziyyətinin qiymətləndirilməklə, orqanizmin funskiyasının pozulması faizinin müəyyən edilməsi məqsədəuyğundur. Bu hal isə cavabdeh inzibati orqanının qiymətləndirmə azadlığı ilə ehtiva olunur. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının obyektiv müayinəsi aparılmaqla, onun orqanizmin funksiyasının hansı dərəcədə pozulması halı məhz cavabdeh inzibati orqanın qiymətləndirilməsi əsasında müəyyən edilməsi məqsədəmüvafiqdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin iddia müddəti ilə bağlı dəlilinə münasibətdə qeyd edir ki, iddiaçının ərizəsinə əsasən məhkəmənin 02 aprel 2025-ci il tarixli qərardadı ilə idia müddəti üzürlü səbəbdən ötürülmüş hesab edilərək bərpa edilmişdir. Beləliklə, kollegiya işin yuxarıda sadalanan hallarını nəzərə alaraq hesab edir ki, apelyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli, tələbin dəqiqləşdirilməsi barədə ərizə nəzərə alınmaqla, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməli, iddiaçıya “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar” əlilliyin təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 11 dekabr 2024-cü il tarixli, 2-1(118)-3786/2024 nömrəli qərarı dəyişdirilsin. İddia təmin edilsin. İddiaçı 07 dekabr 2023-cü il tarixdən “Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” səbəb əlaqəsi ilə orqanizmin funksiyalarının pozulması faizlərinə uyğun olaraq əlilliyin müəyyən edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulsun. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.