Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-311/2021 13.10.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Hakimlər:Babayeva Hökümə Çingiz qızı (sədrlik edən və məruzəçi hakim), Ağayev Rəşadət Əhməd oğlu, Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Hüseynli Aydın Hüseyn oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “18.12.2019-cu il tarixli **********902500 saylı vergilərin hesablanması barədə qərarının ləğv edilməsi” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 15 fevral 2021-ci il tarixli, 2-1(118)-85/2021 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin 18.12.2019cu il tarixli **********902500 saylı vergilərin hesablanması barədə qərarının ləğv edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 18.12.2019-cu il tarixli, **********902500 saylı vergilərin hesablanması barədə qərara əsasən İddiaçı MMC-nin şəxsi hesab vərəqəsinə kameral olaraq 2018-ci il 3-cü rüb üzrə ödəmə mənbəyində tutulan vergi (ÖMV) hesablanmışdır. Vergilərin hesablanması haqqında qərarla kameral olaraq hesablanmış ÖMV əsassız olaraq hesablanmışdır. Bu səbəbdən də iddiaçı həmin qərarla razılaşmır və hesab edir ki, aşağıda qeyd etdiklərinə əsasən qərar ləğv olunmalıdır. Belə ki, İddiaçı MMC tərəfindən 10.10.2018-ci il tarixində 2018-ci il 3-cü rüb üzrə ÖMV bəyannaməsi Vergilər Nazirliyinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə təqdim edilmişdir. Lakin vergi orqanı tərəfindən kameral yoxlama aparılmış və 08.11.2018-ci il tarixli, **********759800 saylı qərara əsasən kameral vergi məbləği hesablanmışdır. Qərarda göstərilmişdir ki, kameral vergi məbləği güzəştli vergi tutulan ölkə və ərazilərə 2018-ci ilin 3-cü rübündə aparılmış ödənişlərin ödəmə mənbəyində vergiyə cəlb olunmasının araşdırılması məqsədilə banklardan alınmış məlumatların təhlili zamanı müəyyən edilmişdir. Yəni güzəştli vergi tutulan ölkə və ərazilərə müvafiq dövr üzrə vəsaitlərin köçürülməsinə baxmayaraq, təqdim edilmiş ÖMV bəyannaməsində öz əksini tapmamışdır. Buna görə də bəyannamədə kənarlaşma üzrə vergi məbləği hesablanmışdır. İddiaçı həmin qərarla razılaşmamış və 14.11.2018-ci il tarixində iddiaçı tərəfindən şikayət verilmişdir. Şikayəti ondan ibarət olmuşdur ki, vergi orqanının qeyd etdiyi bank vasitəsilə olan ödənişləri müqavilə ilə nəzərdə tutulan bank hesablarına köçürülmüşdür. Həmin ölkəyə pul köçürməsi zamanı isə vergi hesablanması nəzərdə tutulmamışdır. Vergi orqanı tərəfindən təqdim edilmiş siyahıda isə 31.08.2018-ci il tarixində olan ödəniş iki dəfə nəzərə alınmış və 04.09.2018-ci il tarixində köçürülmüş kimi qeyd olunmuşdur. Şikayətə qoşma olaraq həmin dövrə aid bank çıxarışlarını (iddia ərizəsinə əlavə olunur) vergi orqanına təqdim etmələrinə baxmayaraq, hesablanmış kameral vergi məbləği silinməmiş və şəxsi hesab vərəqəsində müvafiq düzəliş edilməmişdir. Vergi orqanı tərəfindən iddiaçının müraciətinə cavab gəlmədiyindən, 04.02.2019-cu il tarixində yenidən 08.11.2018-ci il tarixli, **********759800 saylı qərardan şikayətlərinə baxılması üçün təkrar olaraq müraciət edilmişdir. Lakin şikayətləri lazımi nəticə verməmiş və qanunvericiliyin tələblərinə uyğun olaraq obyektiv araşdırılmamışdır. Bundan sonra Vergilər Nazirliyinin 2 saylı Ərazi Vergilər Baş İdarəsindən məktub gəlmiş və müvafiq sənədlər iddiaçıya təqdim olunmuşdur. Sözügedən sənədlərdə (iddia ərizəsinə əlavə olunur) bir əməliyyatın iki dəfə vergiyə cəlb edildiyi aşkar görülməkdədir. İddiaçı MMC tərəfindən 05.12.2019 -cu il tarixində bununla əlaqədar 2018-ci ilin 3-cü rübü üzrə dəqiqləşmiş ÖMV bəyannaməsi Vergilər Nazirliyinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə təqdim edilmişdir. Lakin vergi orqanı təqdim edilmiş dəqiqləşmiş ÖMV bəyannaməsini nəzərə almamış və 18.12.2019-cu il tarixli **********902500 saylı vergilərin hesablanması barədə qərar çıxarmışdır. Həmin qərara əsasən aparılmış kameral yoxlama nəticəsində vergi məbləği müəyyən edilmiş və eyni zamanda 08.11.2018-ci il tarixli qərar ləğv edilmişdir. Cavabdeh iddiaya etirazında qeyd etmişdir ki, iddiaçı tərəfindən təqdim edilmiş “Ödəmə mənbəyində tutulan vergi bəyannaməsi”nin 1607.1.2-ci sətrinin (Daşınan və daşınmaz əmlak üçün ödənilən icarə haqqı fiziki şəxslər üzrə) B1 (gəlir məbləği) sütununda göstərilmiş 650 manat məbləğ, icarəyə götürülmüş təsərrüfat subyekti (obyekti) üzrə bağlanmış İcarə müqaviləsinə əsasən hesabat dövrü üzrə müəyyən edilən icarə haqqı məbləğindən 700 manat az göstərildiyinə görə 14% dərəcə ilə 98,00 manat məbləğində kənarlaşma yaranmışdır. Yaranmış kənarlaşma ilə əlaqədar vergi ödəyicisinə 16.10.2018-ci il tarixli **********280000 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin məlumatların) tələb edilməsi haqqında” məktub göndərilmişdir. Eyni zamanda vergi iddiaçı tərəfindən güzəştli vergi tutulan ölkə və ərazilərə 2018-ci ilin 3-cü rübündə aparılmış ödənişlərin ödəmə mənbəyində vergiyə cəlb olunmasının araşdırılması məqsədilə banklardan alınmış məlumatların təhlili zamanı güzəştli vergi tutulan ölkə və ərazilərə 272559,10 manat vəsait köçürülməsinə baxmayaraq qeyd edilən məbləğ müvafiq dövr üzrə təqdim edilmiş ÖMV bəyannaməsinin 1608.5-ci sətrində əksini tapmadığı üçün, 10% dərəcə ilə 27255,91 manat vergi məbləği üzrə kənarlaşma yaranmışdır. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. Bu maddənin birinci hissəsində göstərilən hallarda və (və ya) kameral yoxlama aparmaq üçün vergi bəyannaməsi, sənədlər və məlumatlar üzrlü əsas olmadan təqdim edilmədikdə, vergi orqanının bu Məcəllənin 67-ci maddəsinə müvafiq olaraq vergiləri hesablamaq hüququ vardır. Lakin vergi ödəyicisi tərəfindən qeyd edilən məktuba heç bir münasibət bildirilmədiyi üçün cavabdeh tərəfindən kameral vergi yoxlaması aparılaraq 2018-ci ilin 3cü rübünə ödəmə mənbəyində tutulan vergi üzrə kənarlaşma aradan qaldırılaraq müvafiq olaraq bəyannamənin 1608.5-ci sətri üzrə 10% dərəcə ilə 27255,91 manat və 1607.1.2-ci sətri üzrə 14 % dərəcə ilə 98,00 manat olmaqla cəmi 27353,91 manat vergi məbləği hesablanmış və vergi ödəyicisinə vergi orqanının "Vergilərin hesablanması barədə" 18.12.2019-cu il tarixli **********902500 nömrəli Qərarı göndərilmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 15 fevral 2021-ci il tarixli, 2-1(118)-85/2021 saylı qərarı ilə iddianın təmin edilməməsi qərara alınmışdır (hakim İ.Quliyev). Qərardan iddiaçı apelyasiya şikayəti verərək, qərarın ləğv olunması və iddianın təmin edilməsini xahiş etmişdir. Apelyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti iddia ərizəsi ilə eyni məzmunda əsaslandırılmışdır. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətini müdafiə edib, onun məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apelyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirib, apelyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti qismən təmin edilməli, Sumqayıt İnzibati Məhkəməsinin 15 fevral 2021-ci il tarixli, 2- 1(118)-85/2021 saylı qərarı ləğv edilməli, iş üzrə iddianın qismən təmin edilməsi barədə yeni qərar qəbul edilməlidir. Hazırki işin hallarından görünür ki, tərəflər arasında yaranmış mübahisə iddiaçı barəsində aparılmış kameral yoxlama nəticəsində hesablanmış vergi məbləği barədədir. Belə ki, iş materiallarına əlavə edilmiş "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" 18.12.2019-cu il tarixli **********902500 nömrəli Qərarından görünür ki, cavabdeh tərəfindən iddiaçıya 27255,9 manat vergi məbləği hesablanmışdır. Hazırda iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək həmin qərarın ləğv edilməsini xahiş etmişdir. İddiaçının tələbi iki əsas dəlilə söykənir: 1) Vergi orqanının qeyd etdiyi bank vasitəsilə olan ödənişləri müqavilə ilə nəzərdə tutulan bank hesablarına köçürülmüşdür. Həmin ölkəyə pul köçürməsi zamanı isə vergi hesablanması nəzərdə tutulmamışdır. 2) Vergi orqanı tərəfindən təqdim edilmiş siyahıda 31.08.2018-ci il tarixində olan ödəniş iki dəfə nəzərə alınmış və 04.09.2018-ci il tarixində köçürülmüş kimi qeyd olunmuşdur. Birinci instansiya məhkəməsi iddianı rədd etmiş və bunu onunla əsaslandırmışdır ki, cavabdeh inzibati orqan müvafiq qərar qəbul edərkən qanunvericiliyin tələblərini pozmamış, əsaslı olaraq mübahisələndirilən qərarı qəbul etmişdir. Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin: - 13.2.16-cı və 13.2.16.14-1-ci maddələrinə əsasən bu Məcəllənin 128-ci maddəsində nəzərdə tutulan güzəştli vergi tutulan ölkələrdə təsis edilmiş (qeydiyyatdan keçmiş) şəxslərə, o cümlədən digər ölkələrdə olan filial və ya nümayəndəliklərinə, habelə güzəştli vergi tutulan ölkələrdə olan bank hesablarına rezidentlərin və qeyri-rezidentlərin Azərbaycan Respublikasındakı daimi nümayəndəlikləri tərəfindən birbaşa və ya dolayısı ilə edilən ödənişlər Azərbaycan mənbəyindən gəlir hesab edilir. - 128.2-ci maddəsinə əsasən güzəştli vergi tutulan xarici ölkə dedikdə, vergi dərəcəsi bu Məcəllədə müəyyən edilmiş dərəcədən 2 dəfə və ya daha çox aşağı olan və (və ya) maliyyə məlumatını, yaxud əmlakın faktiki sahibi və ya gəlir (mənfəət) götürən barədə sirri qorumaq imkanı verilmiş şirkətlər haqqında məlumatın məxfiliyinə dair qanunun mövcud olduğu ölkə başa düşülür. - 128.3-cü maddəsinə əsasən hər il üçün güzəştli vergi tutulan ölkələrin və ya ərazilərin siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. - 125.1-ci maddəsinə əsasən qeyri-rezidentin, bu Məcəllənin 13.2.16-cı maddəsi ilə Azərbaycan mənbəyindən əldə olunan gəliri kimi müəyyən edilən və qeyri-rezidentin Azərbaycan Respublikasının ərazisindəki daimi nümayəndəliyinə aid olmayan ümumi gəlirindən ödəmə mənbəyində xərclər çıxılmadan aşağıdakı dərəcələrlə vergi tutulur: - 125.1.9. bu Məcəllənin 13.2.16.14-1-ci maddəsində göstərilən ödəmələr – 10 faiz. - 150.1-ci və 150.1.6-cı maddələrinə əsasən bu Məcəllənin 124-cü, 125-ci və ya 126cı maddələrində nəzərdə tutulan ödəmələr verən hüquqi şəxslər və ya sahibkarlar ödəmə mənbəyində vergini tutmağa borcludurlar. - 150.2-ci maddəsinə əsasən bu Məcəllənin 150.1-ci maddəsində göstərilən şəxslər verginin tutulması və büdcəyə köçürülməsi üçün cavabdehdirlər. Vergi məbləği tutulmursa və ya tutulmuş vergi büdcəyə köçürülmürsə, gəliri ödəyən hüquqi şəxslər və sahibkarlar tutulmamış və ya köçürülməmiş verginin məbləğini, həmçinin müvafiq faizləri və sanksiyaları büdcəyə ödəməyə borcludurlar. - 150.3-cü, 150.3.2-ci və 150.3.3.1-ci maddələrinə əsasən bu Məcəllənin 150.1-ci maddəsinə uyğun olaraq ödəmə mənbəyində vergi tutan hüquqi şəxslər, fərdi sahibkarlar və xüsusi notariuslar bu Məcəllənin 150.1.3-150.1.7-ci maddələrinə uyğun olaraq gəlirin ödənildiyi rübdən sonrakı ayın 20-dən gec olmayaraq vergini büdcəyə köçürməyə və bu Məcəllənin 150.1.3.-150.1.8-ci maddələrinə uyğun olaraq ödəmə mənbəyində vergini tutanlar rüb başa çatdıqdan sonra növbəti ayın 20-dən gec olmayaraq ödəmə mənbəyində tutulan vergilər barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada bəyannaməni vergi orqanına verməyə borcludurlar. Sadalanan normaların məzmunundan aydın olduğu kimi, siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən güzəştli vergi tutulan ölkələrdə təsis edilmiş (qeydiyyatdan keçmiş) şəxslərə, o cümlədən digər ölkələrdə olan filial və ya nümayəndəliklərinə, habelə güzəştli vergi tutulan ölkələrdə olan bank hesablarına birbaşa və ya dolayısı ilə ödəniş edən rezidentlərin və qeyri-rezidentlərin Azərbaycan Respublikasındakı daimi nümayəndəlikləri, həmin ödənişlərdən ödəmə mənbəyində 10 faiz dərəcə ilə vergini tutmağa, ödənişin edildiyi rübdən sonrakı ayın 20-dən gec olmayaraq dövlət büdcəsinə köçürməyə və buna dair müvafiq bəyannaməni vergi orqanına təqdim etməyə borcludurlar. İşdən görünür ki, cavabdeh mübahisələndirilən qərarın qəbulunu onunla əsaslandırmışdır ki, iddiaçı tərəfindən güzəştli vergi tutulan ölkə və ərazilərə 2018-ci ilin 3cü rübündə aparılmış ödənişlərin ödəmə mənbəyində vergiyə cəlb olunmasının araşdırılması məqsədilə banklardan alınmış məlumatların təhlili zamanı güzəştli vergi tutulan ölkə və ərazilərə 272559,10 manat vəsait köçürülməsinə baxmayaraq qeyd edilən məbləğ müvafiq dövr üzrə təqdim edilmiş ÖMV bəyannaməsinin 1608.5-ci sətrində əksini tapmamışdır. Demək ki, mübahisələndirilən dövr 2018-ci ilin 3-cü rübünü, yəni 2018-ci ilin iyul, avqust və sentyabr aylarını əhatə edir. Məlumdur ki, hər il Azərbaycan Respublikası Prezidentinin təsdiqi ilə güzəştli vergi tutulan ölkələrin siyahısı yenilənir. İş materiallarından görünür ki, iddiaçı 2018-ci ilin 3-cü rübündə Honkonq (Çin) ərazisində yerləşən hüquqi şəxslərin bank hesablarına ödənişlər etmişdir. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 11 iyul tarixli Fərmanı ilə təsdiq edilmiş “Güzəştli vergi tutulan ölkələrin və ərazilərin” siyahısına əsasən Honkonq (Çin) da həmin siyahıda yer alır. Beləliklə də müəyyən olunur ki, güzəştli vergi tutulan ölkələrdə təsis edilmiş (qeydiyyatdan keçmiş) şəxslərə, onların bank hesablarına rezidentlər və ya qeyrirezidentlərin Azərbaycan Respublikasındakı daimi nümayəndəlikləri tərəfindən birbaşa və ya dolayısı ilə edilən ödənişlərdən 10% miqdarında ödəmə mənbəyində vergi tutulmalıdır. Bu qanunun tələbidir, imperativ formada müəyyən olunmuşdur. Aparılan təhlil isə ona gətirib çıxarır ki, iddiaçı, ödənişlərin müqavilə ilə nəzərdə tutulan bank hesablarına köçürüldüyünü, həmin ölkəyə pul köçürməsi zamanı isə vergi hesablanmasının nəzərdə tutulmamasını bildirsə də, bu dəlil yuxarıdakı təhlilə əsasən öz təsdiqini tapmadı. Başqa sözlə, müvafiq ödənişlər aparıldığı halda həmin ödənişlərin 10%i miqdarında vergi tutulması mütləqdir, qaçılmazdır. İddiaçının növbəti dəlili 31.08.2018-ci il tarixində olan ödənişin iki dəfə nəzərə alınması və 04.09.2018-ci il tarixində köçürülmüş kimi qeyd olunması ilə bağlı olmuşdur. İş materiallarının 16-cı vərəqinə 2018-ci ilin 3-cü rübü üzrə güzəştli vergi tutulan ölkələrdə və ərazilərdə qeydiyyatdan keçmiş subyektlərə alınmış mallara, görülmüş işlərə və göstərilmiş xidmətlərə görə aparılmış ödənişlər barədə məlumat vərəqəsi əlavə olunmuşdur. Həmin məlumat vərəqinə nəzər saldıqda müəyyən olunur ki, İddiaçı MMC tərəfindən ( daha dəqiqi iddiaçıya məxsus bank hesabından) “Bank of China (Hong Kong)” Limited və “HonkKong and X1” Limited banklarına aşağıdakı ödənişlər olmuşdur: -16.07.2018-ci il tarixdə 52,632 manat, -31.08.2018-ci il tarixdə 39,379.5 manat, -21.08.2018-ci il tarixdə 24,888 manat, -21.08.2018-ci il tarixdə 116,280 manat, -04.09.2018-ci il tarixdə 39,379.5 manat. Qeyd olunan tarixlərdə aparılmış 5 ödənişi cəmlədikdə 272.559,1 manat edir. Cavabdeh də həmin məbləğin 10%-ini, yəni 27.255,9 manat tələb edir. İddiaçı isə 31.08.2018-ci il tarixində olan ödənişin iki dəfə, yəni həm də 04.09.2018-ci il tarixdə də nəzərə alınmasını mübahisələndirir. Məlumat vərəqinə diqqət yetirdikdə məlum olur ki, 31.08.2018-ci il tarixində və 04.09.2018-ci il tarixdə aparılmış ödənişlərin eyni olduğu, yəni hər ikisinin 39,379.5 manat təşkil etdiyi görünür. Məsələyə aydınlıq gətirilməsi məqsədilə kollegiya tərəfindən iddiaçıya məxsus hesabdan çıxarış tədqiq edilmişdir. İş materiallarının 11-13-cü səhifələrinə əlavə edilmiş hesabdan çıxarışa əsasən müəyyən olunur ki: - 13.07.2018-ci tarixdə 30,960 ABŞ dolları, yəni 52,632 manat ödəniş iddiaçı tərəfindən aparılmış, 16.07.2018-ci il tarixdə həmin məbləğ “debet” qrafasında yer almışdır. -21.08.2018-ci il tarixdə 68,400 ABŞ dolları, yəni 116,280 manat ödəniş iddiaçı tərəfindən aparılmış və həmin məbləğ həmin tarixdə “debet” qrafasında yer almışdır. -yenə 21.08.2018-ci il tarixdə 14,640 ABŞ dolları, yəni 24,888 manat ödəniş iddiaçı tərəfindən aparılmış və həmin məbləğ həmin tarixdə “debet” qrafasında yer almışdır. -31.08.2018-ci il tarixdə 23.164.44 ABŞ dolları, yəni 39,379.5 manat ödəniş iddiaçı tərəfindən aparılmış və həmin məbləğ həmin tarixdə “debet” qrafasında yer almışdır. Lakin hesabdan çıxarışda 04.09.2018-ci il tarixdə iddiaçının 23.164.44 ABŞ dolları, yəni 39,379.5 manat məbləğində ödəniş aparıldığı görünmür. Həmin tarixdə iddiaçı fərqli məbləğdə başqa təyinatlı əməliyyat aparmışdır. Eləcə də kollegiyanın şifahi sorğusu nəticəsində iş materiallarına əlavə edilmiş köçürmə haqqında ərizələrdə-invoys sənədlərində də müvafiq əməliyyatlar öz təsdiqini tapsa da, 04.09.2018-ci il tarixdə iddiaçının 23.164.44 ABŞ dolları, yəni 39,379.5 manat məbləğində ödəniş aparması təsdiqlənmir. Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinin İİ-ci hissəsinə əsasən heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergilər və başqa dövlət ödənişləri ödəməyə məcbur edilə bilməz. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 3.2, 3.8 və 3.11-ci maddələrinə əsasən vergilər iqtisadi cəhətdən əsaslandırılmalıdır. Heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. Vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. Həmin Məcəllənin 24.0 və 24.1-ci maddələrinə görə vergilərin düzgün hesablanması vergi orqanlarının vəzifəsidir. Vergi Məcəlləsinin 36.2 maddəsinin tələbinə əsasən vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. Vergi Məcəlləsinin 53.3-cü maddəsinə əsasən, bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Vergi Məcəlləsinin 54.0.1-ci maddəsinə əsasən, vergi qanunvericiliyi ilə bağlı hüquqpozuntusu hadisəsi olmadıqda, şəxs vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilə bilməz. Sadalanan qanunvericilik normalarının tələbini nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, 04.09.2018-ci il tarixdə iddiaçının güzəştli vergi tutulan ölkəyə 23.164.44 ABŞ dolları, yəni 39,379.5 manat məbləğində ödəniş aparması təsdiqlənmədiyindən, həmin məbləğin 10 faiz həcmində, yəni 3937.95 manat məbləğində ödəmə mənbəyində verginin hesablanması hissəsində cavabdehin qərarı qanunsuz olduğunan ləğv edilməli, bu hissədə iddiaçının tələbi təmin edilməlidir. Belə ki, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 67.1 və 67.2-ci maddələrinə görə inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Eyni zamanda kollegiya qeyd edir ki, 16.07.2018-ci il tarixdə 52,632 manat, 31.08.2018-ci il tarixdə 39,379.5 manat, 21.08.2018-ci il tarixdə 24,888 manat və 21.08.2018-ci il tarixdə 116,280 manat olmaqla İİİ rüb ərzində iddiaçı tərərdindən cəmi 233,179.5 manat məbləğ güzəştli vergi tutulan ölkəyə pul köçürməsi bank hesabından çıxarışla öz təsdiqini tapdığından həmin məbləğin 10 faizi -23.317,95 manat məbləğində ödəmə mənbəyindən verginin hesablanması hissəsində cavabdehin qərarı qanuni və əsaslı olduğundan, bu hissədə iddia tələbi rədd edilməlidir. Beləliklə, məhkəmə kollegiyası şərh olunanlara əsasən hesab edir ki, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməkdə qismən haqlı olmuş, birinci instansiya məhkəməsi isə hazırki iş üzrə qərara gələrkən iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış, nəticədə tətbiq edilməli olan qanunu tətbiq etməyərək maddi və prosessual hüquq normalarını pozmaqla qərar qəbul etmişdir ki, bu da qərarın ləğvi üçün əsasdır. Odur ki, apelyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməklə iddia qismən təmin edilməli, Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinin 18.12.2019-cu il tarixli **********902500 saylı vergilərin hesablanması barədə qərarı qismən 3937.95 manat məbləğində ödəmə mənbəyində verginin hesablanması hissəsində ləğv edilməli, iddia qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 15 fevral 2021-ci il tarixli, 2-1(118)-85/2021 saylı qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edlsin. İddia qismən təmin edilsin. Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinin 18.12.2019-cu il tarixli **********902500 saylı vergilərin hesablanması barədə qərarı qismən –3937.95 manat məbləğində ödəmə mənbəyində verginin hesablanması hissəsində ləğv edilsin. İddia qalan hissədə təmin edilməsin. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(105)-311/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-311/2021
13.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver