Məhkəmə qərarları › İş №2-1(105)-311/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-311/2025

27.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-311/2025 27.02.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Axundov Toğrul Bəhruz oğlu (sədrlik edən və məruzəçi), Babayeva Hökümə Çingiz qızı və Hacıyev Vahid Məcid oğlundan ibarət tərkibdə, Məmmədova Jalə Həsən qızının katibliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Cavabdeh nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Cavabdehnə qarşı “əlilliyin təyin edilməsi” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 11 dekabr 2024-cü il tarixli, 2-1(118)- 3888/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq kollegiya aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ: İş materiallarında olan İddiaçı məxsus SX seriyalı, ******* nömrəli Hərbi biletdən 2020-ci ilin iyul ayından 2021-ci ilin iyun ayına kimi ordu sıralarında hərbi xidmətdə olmuşdur. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasının 25 noyabr 2020-ci il tarixli, 9325 nömrəli arayışından görünür ki, İddiaçı “sağ diz oynağının medial meniskin natamam radial cırılması, ön çarpaz bağın hissəvi qopması” diaqnozu “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” səbəbi ilə qoyulmuşdur. İş materiallarına Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Ambulator kitabça”dan, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Stasionar kitabça”dan çıxarışlar və Azərbaycan Respublikası Müdafiə Nazirliyi N nömrəli hərbi hissənin N iyun 2022-ci il tarixli, 2321 nömrəli “Travma haqqında arayış əlavə edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Psixi Sağlamlıq Mərkəzi” publik hüquqi şəxsinin 8 iyun 2022-ci il tarixli, 5799 nömrəli məktubundan görünür ki, İddiaçı 8 iyun 2022-ci il tarixdə tibb elmləri doktoru, professor Fuad İsmayılov tərəfindən müayinə olunub. Diaqnoz: “Posttravmatik stress pozuntusu F43.1” qoyulmuşdur. 4 iyul 2022-ci il tarixli, 8268 nömrəli İddiaçı barəsində “Xəstəlik haqqında şəhadətnamə”dən görünür ki, Hərbi Həkim Komissiyasının qərarı ilə “Mülayim dərəcədə ifadə olunmuş uzunmüddətli posttravmatik stress pozuntusu. Gərginlik tip baş ağrıları. Barotravma (10 noyabr 2020-ci il), ikitərəfli xroniki koxlear nevrit, ikitərəfli neyrosensor tip ağıreşitmə, pıçıltı nitqinin sağ qulağda 4 metr, sol qulaqda 5 metr məsafədən eşitməsi ilə. Sağ diz oynağının medial meniskin radial cırılması, ön çarpaz bağın hissəvi qopması, saq əlin İİİ, V barmağın yumsaq toxumalarının yad cismi (metal qəlpə)” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” müəyyən edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Psixi Sağlamlıq Mərkəzi” publik hüquqi şəxsinin 19 yanvar 2023-cü il tarixli, 378 nömrəli məktubundan görünür ki, İddiaçı 19 yanvar 2023-cü il tarixdə tibb elmləri doktoru, professor Fuad İsmayılov tərəfindən müayinə olunub. Diaqnoz: “Üzvi mənşəli emosional labil pozuntu F06.6, Posttravmatik stress pozuntusu F43.1” qoyulmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” publik hüquqi şəxsi Həkim Psixiatr Komissiyasının 16 oktyabr 2023-cü il tarixli, 2030 nömrəli rəyindən görünür ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 17 fevral 2023-cü il 328/3-1-118/2023 saylı “Vətən müharibəsi iştirakçılarının psixiatriya müayinələrinin təşkili barədə” əmrinə uyğun İddiaçı Respublika Psixiatriya Xəstəxanasının nəzdində yaradılmış Həkim Psixiatr Komissiyası tərəfindən müayinə olunub. Diaqnoz: Üzvi (İİ Qarabağ müharibəsi zamanı alınmış barotravma nəticəsində) affektiv pozuntu, depressiv epizodlar, intihar fikirləri, özünü kəsmələrlə F06.3. Müayinəyə dair məlumatlardan görünür ki, İddiaçı 5 yanvar 2024-cü il tarixdə diaqnoz əlillik əlaməti təyin etməməsi səbəbi ilə əlilliyin təyin olunmasından imtina edilmişdir. Dövlət Tibbi-Sosial Ekspertiza və X3-Sosial Ekspert Komissiyasının 4 mart 2024-cü il tarixli, 3-17-4/3-3-1637/2024 nömrəli qərarından görünür ki, iddiaçının 13 fevral 2024-cü il tarixdə aparılmış əyani müayinə nəticəsində Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlan”na uyğun olaraq diaqnoz əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. İddiaçı (bundan sonra - “iddiaçı”) Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “xəstəliyi ilə bağlı pensiya verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı birinci instansiya məhkəməsində ərizəsinə dəqiqləşmə təqdim edərək, cavabdehin əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi ilə əvəz edilməsi və iddiaçıya əlillik dərəcəsinin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərarın qəbul edilməsini xahiş etmişdir. İddiaçı həmçinin apellyasiya məhkəməsində ərizəsinə yenidən dəqiqləşmə təqdim edərək, ona “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar” orqanizmin funksiyalarının pozulmasına görə əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. BİRİNCİ İNSTANSİYA MƏHKƏMƏSİNDƏ İCRAAT: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı müddətdən artıq hərbi qulluqçu kimi 27 iyul 2020-ci il tarixdən 2021-ci ilin iyun ayınadək ordu sıralarında xidmət etmişdir. İddiaçı vətən müharibəsinin iştirakçısıdır. 10 noyabr 2020-ci il tarixdə Şuşa şəhəri uğrunda gedən ağır döyüşlər zamanı ağır xəsarətlər almış, iki gün yaralı vəziyyətdə döyüş meydanında qalmışdır. Xəsarətləri həyati təhlükə yaratdığı üçün, X5 yerləşdirilmişdir. Daha sonra Müdafiə Nazirliyinin hərbi hospitalında müalicəsini davam etdirmişdir. Dəfələrlə müayinə olmuşdur və müharibə zamanı almış olduğu barotravma nəticəsində affektiv pozuntu, depressiv epizodlar, intihar fikirləri, özünü kəsmələrlə, üzvi mənşəli şəxsiyyət pozuntusu diaqnozu qoyulmuşdur. Göstərilən diaqnozla bağlı iddiaçıya pensiya təyin olunmalıdır. Müayinədən keçən zaman həkimlər də bildirmişlər ki, iddiaçı əlilliyə görə pensiya almalıdır. Lakin o, pensiya almağı ilə bağlı müraciət edərkən 5 mart 2024-cü il tarixdə imtina cavabı almışdır. İmtinanın səbəbi olaraq diaqnozun öz təsdiqini tapmaması göstərilmişdir. Lakin göstərilən diaqnozu bir neçə həkim komissiyası təsdiq etmişdir. Qeyd olunan ərizənin icrası bu səbəbdən mümkün olmamışdır. İddiaçı hesab edir ki, cavabdehin hərəkətləri tamamilə qanuna ziddir və əsassız olduğundan iddiası təmin edilməlidir. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh iddia tələbinə qarşı etirazında qeyd etmişdir ki, Xaçmaz rayon sakini xx xxxx 1997-ci il təvəllüdlü iddiaçının orqanizmin funksiyalarının pozulması faizi tibb müəssisəsinin göndərişi əsasında Agentlikdə əyani müayinə nəticəsində 28 may 2023-cü il tarixdə qiymətləndirilmiş və diaqnoz əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. İddiaçıya orqanizmin funksiyalarının pozulması faizinin qiymətləndirməsi üçün tibb müəssisəsi tərəfindən yeni göndəriş rəsmiləşdirilmişdir. İddiaçının müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olunmuşdur ki, ona Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən 4 iyul 2022-ci il tarixli, 8268 nömrəli şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə “Mülayim dərəcədə ifadə olunmuş uzunmüddətli posttravmatik stress pozuntusu. Gərginlik tip baş ağrıları. Barotravma (10 noyabr 2020-ci il), ikitərəfli xroniki koxlear nevrit, ikitərəfli neyrosensor tip aqıreşitmə, pıçıltı nitqinin sağ qulağda 4 metr, sol qulaqda 5 metr məsafədən eşitməsi ilə. Saq diz oynağının medial meniskin radial cırılması, ön çarpaz bağın hissəvi qopması, saq əlin İİİ, V barmağın yumsaq toxumalarının yad cismi (metal qəlpə)” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir. Mülayim dərəcədə ifadə olunmuş üzvi emosional-labil pozuntu, ifadə olunmuş davranış pozuntuları" diaqnozlu xəstəliyin səbəb əlaqəsi “Ümumi xəstəlikdir” kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasının PHŞ 6 oktyabr 2023-cü il - 16 oktyabr 2023-cü il tarixli, 11311135 nömrəli xəstəlik tarixindən Çıxarışında diaqnoz “Əhvalın üzvi mənşəli (affektiv) pozğunluğu” kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasının PHŞ Həkim Psixiatr Komissiyasının 16 oktyabr 2023-cü il tarixli, 2030 nömrəli Tibbi rəyində diaqnoz “Üzvi (İİ Qarabaq müharibəsi zamanı alınmış barotravma nəticəsində) affektiv pozuntu, depressiv epizodlar, intihar fikirləri, özünü kəsmələrlə” kimi müəyyənləşdirilmişdir (Təyin edilən diaqnoz 6 ay müddətinə qüvvədədir). Xəstə hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı baş ağrısından, əsəbilikdən, gərginlikdən, yuxunun və yaddaşın pozulmasından, diz oynağında olan ağrılardan və onunla bağlı verilmiş əməliyyat qərarını tibb müəssisələrinin icra etmədiklərindən şikayətlənmişdir. Sol səidin iç səthində göstərdiyi müxtəlif istiqamətlərdə edilmiş çapıq izlərini Bizon qutusu ilə etdiyini bildirmişdir. Ünsiyyətdə emosional labil olmuş, psixi statusunda ruhi xəstəlik əlamətləri, şəxsiyyət pozuntusu və ağıl zəifliyi aşkar edilməmiş, bələdliliyi saxlanılmış, psixoproduktiv simptomatika qeyd edilməmişdir. Hazırkı psixi vəziyyəti mütəxəssislər tərəfindən “Etioloii faktor birmənalı şəkildə öz təsdiqini tapmır. Somatogeniya fonunda nevrozabənzər sindrom, isterik daxilolmalarla” kimi müəyyənləşdirilmişdir. Nəticədə, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli, 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na uyğun olaraq Diaqnozun təsdiqlənməsi barədə qərar qəbul edilmişdir. Həmçinin, SX0232951 nömrəli Hərbi biletin 22-ci səhifəsində Hərbi xidmətçekmə haqqında Əsasnamənin 156 “e” bəndinə əsasən xidməti uyğunsuzluqla ehtiyata buraxıldığı qeyd edilmişdir. Birinci instansiya məhkəməsində icraat və qəbul edilmiş məhkəmə aktı Sumqayıt İnzibati Məhkəməsinin 11 dekabr 2024-cü il tarixli, 2-1(118)-3888/2024 nömrəli qərarı ilə iddia təmin edilmiş, İddiaçı 26 dekabr 2023-cü il tarixli göndərişə əsasən əlillik dərəcəsinin (hazırda qüvvədə olan meyarlara əsasən orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisinə uyğun olaraq) təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması qərara alınmışdır (hakim Könül Həbibova). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, məhkəmənin qərardadı ilə təyin olunmuş ekspertiza nəticəsində verilən ekspert rəyində də bir daha öz təsdiqini tapmışdır ki, müəyyən olunmuş diaqnoza əsasən iddiaçıda tibb müəssisəsində tərtib edilmiş göndərişdə qeyd edilən xəstəliklər mövcuddur. İddiaçıya əlilliyin təyin olunmaması iddiaçının qanunla qorunan hüquqlarını pozmuş və işin konkret halı nəzərə alınmaqla iddiaçının vəziyyətinə mütənasib olmamışdır. Cavabdeh inzibati orqan iddiaçının müraciətinə baxılan zaman əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borclu olduğuna baxmayaraq, bunu etməmişdir, öz təşəbbüsü ilə əlavə sübutlar toplamamışdır. Ona görə də iddia əsaslı hesab edilməlidir. Cavabdeh qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddiann təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ: a) Apellyasiya şikayətinin dəlilləri Cavabdehin apellyasiya şikayəti iddia ərizəsinə etiraza uyğun əsaslandırılmış və əlavə olaraq qeyd edilmişdir ki, birinci instansiya məhkəməsi işə baxarkən işi yetərincə araşdırmayaraq, sırf ekspert rəyində diaqnozun olması səbəbindən əlillik təyin edilməsli olduğunu qeyd etmiş, həmçinin şəxsin əyani müayinə olunması nəticəsində zəruri biliklərə sahib komissiya tərəfindən gəlinən nəticələrə ümumiyyətlə məhəl qoymamış və öz mülahizəsinə əsasən qərar qəbul etmişdir. Bu isə işin nəticələrinin araşdırılmamasına gətirib çıxartmışdır. Sözügedən hal, yəni diaqnozun öz təsdiqini tapmaması İddiaçı əyani müayinəsi zamanı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X4-Sosial Ekspertləri tərəfindən müəyyən edilmişdir. Həmçinin qeyd edirlər ki, yüzlərlə bu formada anoloji işlərdə bütün məhkəmələrin gəldiyi səhv nəticə ondan ibarətdir ki, diaqnozun doğruluğunun müəyyən edilməsi heç də həmin şəxsə əlillik təyin edilməsinə əsas vermir, şəxsdə sözügedən xəstəliyin ağırlaşmaları mövcud olmalıdır ki, şəxsə əlillik təyinatı aparılsın. Həmçinin qeyd edirlər ki, birinci instansiya məhkəməsi sırf ekspert rəyinə əsaslanaraq və ümumi normalara istinad edərək səhv nəticəyə gəlmişdir. Diaqnoz şəxsin hazırkı vəziyyətini əks etdirməklə yanaşı əyani müayinədə aşkar edilmiş patofunksional dəyişikliklər əlillik səviyyəsində olmadığından dərəcənin təyini zamanı, ona xx.xx.2022-ci il tarixli 187 saylı qərarla təsdiq edilmiş “Əlilliyin təyin edilməsi meyarlarının hər-hansı bir bəndini aid etmək mümkün olmadı. Göndərişdə qeyd olunan diaqnoz öz təsdiqini tapmadığı halda məhkəmə xüsusi tibbi bilik tələb edən sahədə qərar çıxararaq orqanın diskresion səlahiyyətinə əsassız müdaxilə etmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasının PHŞ xx.xx.2023-xx.xx.2023-cü il tarixli 11311135 nömrəli xəstəlik tarixindən Çıxarışında diaqnoz "Əhvalın üzvi mənşəli (affektiv) pozğunluğu" kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasının PHŞ Həkim Psixiatr Komissiyasının xx.xx.2023-cü il tarixli 2030 nömrəli Tibbi rəyində diaqnoz "Üzvi (İİ Qarabaq müharibəsi zamanı alınmış barotravma nəticəsində) affektiv pozuntu, depressiv epizodlar, intihar fikirləri, özünü kəsmələrlə" kimi müəyyənləşdirilmişdir. (Təyin edilən diaqnoz 6 ay müddətinə qüvvədədir) Xəstə hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı baş ağrısından, əsəbilikdən, gərginlikdən, yuxunun və yaddaşın pozulmasından, diz oynağında olan ağrılardan və onunla bağlı verilmiş əməliyyat qərarını tibb müəssisələrinin icra etmədiklərindən şikayətlənmişdir. Sol saidin iç səthində göstərdiyi müxtəlif istiqamətlərdə edilmiş çapıq izlərini Bizon qutusu ilə etdiyini bildirmişdir. Ünsiyyətdə emosional labil olmuş, psixi statusunda ruhi xəstəlik əlamətləri, şəxsiyyət pozuntusu və ağıl zəifliyi aşkar edilməmiş, bələdliliyi saxlanılmış, psixoproduktiv simptomatika qeyd edilməmişdir. Hazırkı psixi vəziyyəti mütəxəssislər tərəfindən “Etioloji faktor birmənalı şəkildə öz təsdiqini tapmır. Somatoqeniya fonunda nevrozabənzər sindrom, isterik daxilolmalarla” kimi müəyyənləşdirilmişdir. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlan”na uyğun olaraq Diaqnozun təsdiqlənməməsi barədə qərar qəbul edilmişdir. İddiaçının əlilliyinin təyin edilməsi istiqamətində Agentlik tərəfindən hər hansı qanuna zidd hərəkətə və ya hərəkətsizliyə yol verilməməsinə, o cümlədən “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin pozulmamasına baxmayaraq, məhkəmə qanunsuz olaraq iddianı təmin etməklə maddi və prosessual hüquq normalarını pozmuşdur. Bu səbəbdən Sumqayıt İnzibati Məhkəməsinin qərarı ləğv edilməlidir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək iddia ərizəsi ilə eyni məzmunda izahat verərək şikayətin təmin edilməməsini xahiş etmişdir. Eyni zamanda, iddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, ona “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar” orqanizmin funksiyalarının pozulmasına görə əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ: “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 3. Əlilliyin müəyyən edilməsi 3.1. Şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. ... 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. Maddə 4. Əlilliyi olan şəxslərin hüquqi vəziyyətinin əsasları 4.1. Əlilliyi olan şəxslər Azərbaycan Respublikasının Konstitusiyasında və digər normativ hüquqi aktlarda, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş bütün insan və vətəndaş hüquq və azadlıqlarına malikdirlər. 4.2. Əlilliyi olan şəxslərə qarşı ayrı-seçkilik qadağandır və qanunla təqib edilir. Əlilliyi olan şəxslərin faktiki bərabərliyinin sürətləndirilməsi və ya buna nail olunması üçün zəruri olan konkret tədbirlər ayrı-seçkilik hesab edilmir. 4.3. Əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. Maddə 6. Əlilliyi olan şəxslərlə bağlı dövlət təminatları ... 6.4. Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır. “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun qiymətləndirilməsi sisteminin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 14 sentyabr 2015-ci il tarixli, 595 nömrəli Fərmanı: ...

6. Azərbaycan Respublikasının Nazirlər Kabineti: 6.1. birinci dərəcə əlilliyin və tibbi göstəriş olan xüsusi hallarda ikinci və üçüncü dərəcə əlilliyin müddətsiz təyin edilməsini, ikinci və üçüncü dərəcə əlilliyin təyinat müddətinin 5 ildən az olmayaraq artırılmasını və təkrar müayinə sayının azaldılmasını nəzərdə tutmaqla, əlilliyin müəyyən olunması meyarlarında iki ay müddətində dəyişikliklər etsin; ...

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli, 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”: 1.5. Şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: ... 1.5. Şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: 1.5.1. ümumi səbəblərdən: ... 1.5.2. xüsusi səbəblərdən: 1.5.2.1. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar; ... 1.8. Əlillik Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda nəzərdə tutulan insanın həyat fəaliyyətinin əsas kateqoriyaları və onların məhdudlaşma dərəcələri və “Əlilliyin müəyyən olunması meyarları” na Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti” nə əsasən müəyyən olunur. ...

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası” 1.1-ci bənd. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. 1.2-ci bənd. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbisosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra – Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra – Xidmət) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 2.1-ci bənd. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli, 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri” nə elektron sənəd formasında daxil edilmiş Tibbisosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi” Qaydası: 1.3-cü bənd. Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin siyahısı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin rəsmi internet saytında yerləşdirilir. 1.5-ci bənd. Göndəriş verilməsi üçün əsas şərtlər aşağıdakılardır: 1.5.1. şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; ... 2.1-ci bənd. Göndəriş verilməsi üçün şəxs (onun qanuni nümayəndəsi) və ya müalicə həkimi-həkim-məsləhət komissiyasına müraciət edir. 2.2-ci bənd. Komissiya göndəriş üçün müraciətdən 7 (yeddi) iş günündən gec olmayaraq şəxsin tibbi müayinələrini, o cümlədən, xəstəlik tarixlərindən çıxarışları toplayır və müalicənin nəticələrini araşdırır. Diaqnozun dəqiqləşdirilməsi məqsədilə şəxs ixtisaslaşdırılmış tibb müəssisəsinə göndərildikdə, bu müddət əlavə olaraq 10 (on) iş gününədək artırılır. 2.6-cı bənd. Tərtib edilmiş göndəriş dərhal Komissiyanın sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə üzərində xüsusi təkrarlanmayan nömrəsi olan elektron sənəd formasında “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri” nə daxil edilir və şəxsə bu barədə yazılı və ya elektron qaydada məlumat verilir.

Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12. İşin hallarının araşdırılması prinsipi.

1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.

2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər. APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ Apellyasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPMin 85.2 və 85.3-cü maddələri). Şikayət qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verildiyindən onun mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. Birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə nəzərə alınmaqla, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməlidir. Yaranmış mübahisə ilə bağlı kollegiya aşağıdakıları qeyd edir: İşdən görünür ki, cavabdeh tərəfindən iddiaçının 13 fevral 2024-cü il tarixdə aparılmış əyani müayinə nəticəsində Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlan”na uyğun olaraq diaqnoz əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmiş, bundan sonra iddiaçı bu qərardan yuxarı inzibati orqana şikayətlə müraciət etmiş, şikayətlə əlaqədar cavabdeh tərəfindən 05 yanvar 2024-cü il tarixdə diaqnoz əlillik əlaməti təyin etməməsi səbəbi ilə əlilliyin təyin olunmasından imtina edilmişdir İddiaçı verilən imtina ilə razılaşmayaraq, hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Cavabdeh iddiaçıya əlilliyin təyin edilməsindən imtinada və apellyasiya şikayətinin dəlillərində diaqnozun əlillik əlaməti təyin etmədiyini qeyd etsə də, məhkəmə araşdırması zamanı tibb müəssisəsi tərəfindən iddiaçı barəsində tərtib edilmiş göndərişdə (Forma 88) qeyd olunan diaqnoz iş üzrə alınmış ekspert rəyləri, eyni zamanda işdə olan digər sənədlər ilə də təsdiq edilmiş və həmin diaqnozun əlillik təyinatına əsas verdiyi müəyyən edilmişdir. Belə ki, iddiaçıya Hərbi Həkim Komissiyasının qərarı ilə “Mülayim dərəcədə ifadə olunmuş uzunmüddətli posttravmatik stress pozuntusu. Gərginlik tip baş ağrıları. Barotravma (10 noyabr 2020-ci il), ikitərəfli xroniki koxlear nevrit, ikitərəfli neyrosensor tip aqıreşitmə, pıçıltı nitqinin sağ qulağda 4 metr, sol qulaqda 5 metr məsafədən eşitməsi ilə. Saq diz oynağının medial meniskin radial cırılması, ön çarpaz bağın hissəvi qopması, saq əlin İİİ, V barmağın yumsaq toxumalarının yad cismi (metal qəlpə)” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” müəyyən edilmişdir. X2 Mərkəzi tərəfindən iddiaçı barəsində tərtib edilmiş xx.xx.2023-cü il tarixli, G00158315EDİ nömrəli göndərişə əsasən, onda əsas diaqnozu: XBT 10 F07.0 “Üzvi mənşəli şəxsiyyət pozuntusu, üzvi mənşəli şəxsiyyət pozuntusu”, ağırlaşmaları: F06.3 “əhvalın üzvi mənşəli (affektiv) pozuntusu, Üzvi(İİ Qarabağ Müharibəsi zamanı alınmış barotravma nəticəsində) affektiv pozuntu, depressiv epizodlar, intihar fikirləri, özünü kəsmələrlə”, həmçinin posttravmatik stres pozuntusu (F43.1) xəstəliyi mövcuddur. “Psixi Sağlamlıq Mərkəzi” publik hüquqi şəxsi tərəfindən iddiaçıya “Üzvi mənşəli emosional labil pozuntu F06.6, Posttravmatik stress pozuntusu F43.1” diaqnozu qoyulmuşdur. Birinci instansiya məhkəməsində icraat zamanı ekspertiza təyin edilmişdir. İddiaçının sağlamlıq vəziyyətinə dair Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” publik hüquqi şəxsinin 4 sentyabr 2024-cü il tarixli, 2565 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, iddiaçıda “XBT 10 kodu F07.0 Üzvi mənşəli şəxsiyyət pozuntusu, depressiv daxilolmalarla” və “Üzvi mənşəli şəxsiyyət pozuntusu” aşkar olunur. İş materiallarında olan X2 Mərkəzinin xx.xx.2022-ci il tarixli Ambulator, X7 Kartasından görünür ki, ekspert rəyində qeyd edildiyi kimi iddiaçının F07.0 üzvi mənşəli şəxsiyyət pozuntusu, posttravmatik stres pozuntusu (F43.1) diaqnozu qoyulmuşdur. Həmçinin “Respublika Psixiatriya Xəstəxanası” publik hüquqi şəxsi tərəfindən iddiaçı barəsində verilmiş xx.xx.2023-cü il tarixli, 2030 №-li rəydən görünür ki, iddiaçı Respublika Psixiatriya Xəstəxanasının nəzdində yaradılmış Həkim Psixiatr Komissiyası tərəfindən müayinə olunmuş və ona F06.3 “Üzvi (İİ Qarabağ müharibəsi zamanı alınmış barotravma nəticəsində) affektiv pozuntu, depressiv epizodlar, intihar fikirləri, özünü kəsmələr” diaqnozu qoyulmuşdur. Beləliklə, tibb müəssisəsi tərəfindən tərtib edilmiş G00158315EDİ nömrəli göndəriş, ekspert rəyi, o cümlədən, ixtisaslaşdırılmış tibb müəssisəsi tərəfindən verilmiş çıxarış və rəyin qarşılıqlı təhlilindən müəyyən edilir ki, göndərişdə göstərilən həm əsas diaqnoz, həm də onun ağırlaşması olan xəstəliklər (F07.0 və F06.3 kodlu) iddiaçıda aşkar edilir. Həmin xəstəliklər isə AR Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli, 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları” nın 7.6.2.2-ci bəndinə əsasən orqanizmin funksiyalarının pozulmasına görə əlilliyin təyin edilməsinə əsas verən xəstəliklərə aiddir. Belə ki, F07.0 kodlu xəstəlik (üzvi mənşəli şəxsiyyət pozuntusu) “Əlilliyin müəyyən olunması meyarları” nın 7-ci “Psixi və davranış pozuntuları” bölməsinin 7.6.2, 7.6.2.1-7.6.2.2-ci bəndlərinə görə əlilliyin təyin edilməsinə əsas verir. Cavabdeh apellyasiya şikayətinin dəlillərində iddiaçıya əlilliyin təyin edilməsi üçün əsas diaqnozla yanaşı, həmin xəstəliyin ağırlaşmalarının mövcud olmalı olduğunu bildirir. Kollegiya şikayətin bu dəlillərini əsassız hesab edərək qeyd edir ki, meyarların 7.6.2, 7.6.2.1-7.6.2.2-ci bəndlərinə əsasən F07.0 kodlu xəstəlik iki halda:

1. əmək qabiliyyətinin nəzərəçarpacaq dərəcədə azalmasına, ətrafdakılarla tez-tez problemlər yaranmasına, gündəlik fəaliyyətin yerinə yetirilməsində əhəmiyyətli çətinliklərə səbəb olan 2 il müddətində ağır, müalicəyə rezistent simptomlar; bütövlükdə sərbəst yaşamaq bacarığına baxmayaraq bəzi hallarda kənar şəxsin köməyinə ehtiyacın olması (məsələn, yüksək intihar riski zamanı);

2. məqsədyönlü fəaliyyət qabiliyyətinin azalmasına, təfəkkürdə nəzərəçarpan dəyişikliklərə (müfəsəllik, rigidlik, ləngimə), davranışın pozulmasına (impulsivlik, şəxsi gigiyenaya qarşı laqeydlik, maraqların ləngiməsi) səbəb olan 2 il müddətində müşahidə edilən ağır, müalicəyə rezistent simptomlar və ya tez-tez kəskinləşən psixotik epizodlar və ya dekompensasiyalar (2 ildən az olmayaraq); təkrarlanan aqresiv davranış və ya intihar cəhdləri səbəbindən daimi müşahidə zərurəti olduğu hallarda əlilliyin təyin edilməsinə əsas verir. Göründüyü kimi, sözügedən xəstəlik hər iki halda intihar riski (cəhdi) səbəbindən kənar şəxsin köməyinə ehtiyacın olması və ya daimi müşahidə zərurəti olduğu hallarla müşahidə edilməlidir ki, əlilliyin təyin edilməsinə əsas versin. Hazırkı halda da, iddiaçıda intihar cəhdlərinin olduğu (F06.3 kodlu xəstəlik) yuxarıda istinad edilən rəylər və arayışlar ilə öz təsdiqini tapır. Lakin ekspertiza rəyində göstərilmişdir ki, müayinə zamanı vətəndaşın ardıcıl, məntiqi təfəkkürü, mühakimə və analiz qabiliyyətinin reallığı və şəxsi maraqlarını tam əhatə etməsinə əsaslanaraq, psixi durumu səbəbilə kənar şəxs nəzarəti və ya qulluğuna əsas verən ağırlaşmalar öz təsdiqini tapmır. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, ekspertiza prosesi cavabdehin nümayəndəsinin, yəni işin nəticəsində bilavasitə maraqlı olan şəxsin iştirakı ilə həyata keçirildiyindən ekspert rəyinin həmin bəndi mötəbər sübut sayıla bilməz Belə ki, “Məhkəmə ekspertizasının fəaliyyəti haqqında” qanunun 6-cı maddəsinə müvafiq olaraq, Məhkəmə ekspertizası aparılarkən ekspert müstəqildir, onun məhkəmə ekspertizasını təyin (sifariş) etmiş orqandan və ya şəxsdən, tərəflərdən və işin nəticəsində marağı olan digər şəxslərdən hər hansı asılılığı ola bilməz. Ekspert özünün xüsusi biliyinə və daxili inamına əsaslanaraq aparılmış tədqiqatın nəticələrinə uyğun olaraq rəy verir. Məhkəmələr (hakimlər), təhqiqat aparan şəxs, müstəntiq, prokuror, habelə digər dövlət orqanları, təşkilatlar və ya ayrı-ayrı şəxslər tərəfindən proses iştirakçılarından hər hansı birinin maraqlarına cavab verən və ya digər şəxslərin xeyrinə olaraq rəy əldə etmək məqsədi ilə ekspertə hər hansı formada təsir göstərilməsi qadağandır. Ekspertə təsir göstərilməsində təqsirkar olan şəxs Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada məsuliyyət daşıyır. Beləliklə, müəyyən edilir ki, G00158315EDİ nömrəli Forma 88 göndərişdəki əsas xəstəlik kimi qeyd edilmiş F07.0 kodlu və onun ağırlaşması olan F06.3 xəstəliklər “Əlilliyin müəyyən olunması meyarları” na əsasən, iddiaçıya əlilliyin təyin edilməsinə əsas verən xəstəliklər siyahısına daxil edilmişdir. Cavabdeh apellyasiya şikayətinin dəlillərində əlavə olaraq bildirmişdir ki, işə baxan məhkəmə xüsusi bilik tələb edən sahədə qərar çıxararaq orqanın diskresion səlahiyyətinə əsassız müdaxilə etmişdir. Bununla bağlı qeyd olunmalıdır ki, iddiaçıya əlilliyin təyin olunması ilə əlaqədar məsələni həll edərkən, cavabdeh eyni zamanda həm “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun və əlaqəli normaların əlilliyin qiymətləndirilməsi və əlillik dərəcəsinin təyin olunması ilə bağlı müddəalarını, həm də “İnzibati icraat haqqında” Qanunun inzibati icraatla bağlı, o cümlədən, diskresion səlahiyyətin həyata keçirilməsi ilə bağlı normalarının tələblərini nəzərə almağa borcludur. Bu mənada, əlilliyin təyin olunması üzrə səlahiyyətin məzmunu baxımından şəxsin əlillik vəziyyətinin qiymətləndirilməsini və qiymətləndirmənin nəticəsindən asılı olaraq əlilliyin təyin olunmasını fərqləndirmək lazımdır. Fərqləndirmə şəxsin sağlamlıq vəziyyətinə aid faktiki halların dairəsinin müəyyən olunması və müəyyən olunmuş həmin hallara uyğun nəticəyə dair qərarın qəbul edilməsi ilə bağlıdır. Şəxsin sağlamlıq vəziyyətinin qiymətləndirilməsi üzrə cavabdeh müəyyən qiymətləndirmə azadlığına malikdir və bu məhkəmə tərəfindən təkzib edilmir. Bununla belə, həmin qiymətləndirmə azadlığı, bir tərəfdən tibb müəssisəsi tərəfindən verilmiş göndərişdə təsbit edilmiş xəstəlik və diaqnoz göstəriciləri, digər tərəfdən şəxsin tibbi-instrumental müayinəsinin nəticələri, eləcə də müayinənin keçirilməsi metodikası və meyarları ilə məhdudlaşır. Başqa sözlə, iddiaçının faktiki sağlamlıq vəziyyəti cavabdeh tərəfindən qeyd olunan həmin obyektiv göstəricilər əsasında qiymətləndirilməlidir. Əlilliyin təyin olunması isə iddiaçının sağlamlıq vəziyyətinin qiymətləndirilməsinin nəticələrinə bağlıdır. Qiymətləndirilmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə nəzərdə tutulmuş xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh ona əlillik dərəcəsini təyin etməyə borcludur. Yəni əlilliyin təyin olunması üçün tələb olunan şərtlərin mövcud olduğu halda, əlilliyin təyin edilməsi cavabdehin diskresion deyil, mütləq səlahiyyəti kimi nəzərdə tutulmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, həm iddiaçının faktiki sağlamlıq vəziyyətinin obyektiv göstəricilər əsasında cavabdeh tərəfindən qiymətləndirilməsi, həm də qiymətləndirmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə tələb olunan xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh tərəfindən şəxsə əlillik dərəcəsinin təyin edilməsindən imtina olunması məhkəmə tərəfindən tam şəkildə yoxlanıla bilər. Bu mənada, apellyasiya şikayətinin diaqnoz əsasında şəxsin əlilliyinin müəyyən edilib-edilməməsinin cavabdehin diskresion səlahiyyətinə aid olması və məhkəmə tərəfindən həmin səlahiyyətə müdaxiləyə yol verilməməsi ilə bağlı dəlilləri əsassız sayılmalı və onun hazırkı mübahisəyə münasibətdə qəbul etdiyi qərara həm də bu prizmadan qiymət verilməlidir. İddiaçının əlilliyinin səbəb əlaqəsi (Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar) cavabdeh tərəfindən mübahisələndirilmir. Belə ki, cavabdeh şikayətinin dəlillərində yalnız göndərişdə qeyd edilən əsas diaqnozun ağırlaşmalarının hazırda iddiaçıda aşkar edilmədiyini bildirir. Bununla belə kollegiya qeyd edir ki, iddiaçının hərbi travması olub, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınan yuxarıda göstərilən diaqnozlu xəstəliyi ilə G00158315EDİ nömrəli göndərişdə əsas diaqnoz və onun ağırlaşması kimi göstərilmiş və hazırda iddiaçıda müşahidə edilən F07.0 və F06.3 kodlu xəstəlikləri ilə eyni xəstəliklər olduğu aşkar edilir. Beləliklə, işin qeyd edilən hallarına əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı hazırkı tələbində haqlı olmuş, birinci instansiya məhkəməsi iddia tələbini təmin edərkən düzgün nəticəyə gəlmişdir. Eyni zamanda, iddiaçı apellyasiya baxışı zamanı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, ona “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar” orqanizmin funksiyalarının pozulmasına görə əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyası ərizədə edilən dəyişikliyin – dəqiqləşmənin iddianın növünə təsir etmədiyini nəzərə alaraq, “Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 sentyabr 2014-cü il tarixli qərarına əsasən, ərizəni məhkəmənin icraatına qəbul edilməsini məqsədəuyğun hesab etmişdir. Beləliklə, kollegiya işin yuxarıda sadalanan hallarını nəzərə alaraq hesab edir ki, apelyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli, tələbin dəqiqləşdirilməsi barədə ərizə nəzərə alınmaqla, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməli, iddiaçıya “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar” orqanizmin funksiyalarının pozulmasına görə əlilliyin təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 11 dekabr 2024-cü il tarixli, 2-1(118)-3888/2024 nömrəli qərarı dəyişdirilsin. İddia təmin edilsin. İddiaçı “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar” orqanizmin funksiyalarının pozulmasına görə əlilliyin təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinin üzərinə qoyulsun. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apelyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar