Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-312/2025 27.02.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Axundov Toğrul Bəhruz oğlu (sədrlik edən və məruzəçi), Babayeva Hökümə Çingiz qızı və Hacıyev Vahid Məcid oğlundan ibarət tərkibdə, Məmmədova Jalə Həsən qızının katibliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “ünvanlı sosial yardımın bərpa edilməsi” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 05 dekabr 2024-cü il tarixli, 2-1(118)-3181/2024 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq kollegiya aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ: A/4 “Müvəqqəti qeydiyyat vəsiqəsi”ndən görünür ki, İddiaçı Göyçay şəhərində doğulmuş, olduğu yer üzrə qeydiyyata alındığı ünvan Saray qəsəbəsi, Yeni məhəllə olaraq qeyd edilmişdir. Həmin vəsiqə 30 dekabr 2014-cü il tarixdən 30 dekabr 2015-ci il tarixədək etibarlıdır. Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 14 oktyabr 2020-ci il tarixli, 2(010)4216/2020 nömrəli qətnaməsi ilə X10 15 sentyabr 2020-ci il tarixdən hesablanmaqla 17 yanvar 2010-cu il təvəllüdlü X6 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay qazancının (başqa gəlirlərin) ¼ hissəsi qədər alimentin tutularaq X2 verilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmət Mühafizə Alayının 29 sentyabr 2021-ci il tarixli, 17/15-645 nömrəli məktubundan görünür ki, Suraxanı Rayon Məhkəməsinin 2(010)-4216/2020 saylı, 14 oktyabr 2020-ci il tarixli icra sənədinə əsasən borclu X10 1 mart 2021-ci il tarixdən başlayaraq hər ay əmək haqqıdan 25%, yəni 161 (bir yüz altmış bir) manat 19 qəpik aliment tutularaq tələbkar İddiaçı Allahverdı qızının “Kapital Bank”-ın Surxanı rayon filialındakı **********76382S9119 saylı kart hesabına köçürülür. İddiaçı ödəniş kartı üzrə çıxarış. “Ünvanlı sosial yardımın alınması üçün müraciətdən imtina edilməsinə dair” bildirişdən görünür ki, İddiaçı 14 iyul 2016-cı il tarixli müraciətinə əsasən, sosial yardımın təyin olunmasından “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun informasiya sistemindən əldə edilən məlumata əsasən ailə üzvü İddiaçı pensiya məbləğində uyğunsuzluq, Ərizə-bəyannamədə 1.682,88 manat qeyd edilib, aidiyyəti qurumun informasiya sistemindən əldə edilən məlumata əsasən 6.366,76 manat olmalıdır” səbəbi ilə imtina edilmişdir. Azərbaycan Respublikası Abşeron Rayon İcra Hakimiyyəti başçısının Saray qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 7 noyabr 2019-cu il tarixli, 4217 nömrəli arayışından görünür ki, İddiaçı Saray qəsəbəsi, Q.B.Zakir küçəsi ünvanda qeydiyyatsız yaşayır. X3 və X15 onun övladlarıdır. İş üzrə maddi-məişət şəraitinin yoxlanılması zamanı çəkilmiş videogörüntülər (CDdisk – 2 ədəd). Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialının 4 sentyabr 2024-cü il tarixli, 3-17-1/2-212341/2024 nömrəli məktubu ilə aşağıdakı sənədlər qoşma şəklində birinci instansiya məhkəməsinə göndərilmişdir: -“Ünvanlı sosial yardımın alınması üçün müraciətdən imtina edilməsinə dair” bildirişdən görünür ki, İddiaçı 13 iyul 2023-cü il tarixli müraciətinə əsasən sosial yardımın təyin olunmasından “ailənin sosial yardım almaq hüququnun 1 il müddətinə məhdudlaşdırılması” səbəbi ilə imtina edilmişdir. - 1 avqust, 16 avqust, 6 sentyabr, 21 sentyabr 2023-cü il tarixli “Ailənin maddi-məişət şəraitinin müayinəsi barədə məlumat”. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ayrılan sosial müavinətin dayandırılmasını qanunsuz hesab edərək, ünvanlı sosial yardımın ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərarın qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin 28 fevral 2024-cü il tarixli, 2-1(118)-3181/2024 nömrəli qərardadı ilə iddiaçının cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna qarşı “ünvanlı sosial yardımın ödənilməsi” tələbinə dair inzibati iş aidiyyəti üzrə baxılması üçün Şəki İnzibati Məhkəməsinə göndərilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 10 may 2024-cü il tarixli, 2-1(105)-521/2024 nömrəli qərardadı ilə Sumqayıt İnzibati Məhkəməsinin 28 fevral 2024-cü il tarixli, 2-1(118)-3181/2024 nömrəli qərardadı ləğv edilmiş, iş aidiyyəti üzrə baxılması üçün Sumqayıt İnzibati Məhkəməsinə göndərilmişdir. Daha sonra iddiaçı məhkəməyə ərizə ilə müraciət edərək, cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunu əsl cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə əvəz edilərək, ayrılan sosial müavinətin dayandırılmasını qanunsuz hesab edərək, ünvanlı sosial yardımın bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərarın qəbul edilməsini xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ: a) Birinci instansiya məhkəməsindəki icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Göyçay şəhəri, H.B.Əliyev küçəsi 4-də qeydiyyatda olsa da, Abşeron rayonu, Saray qəsəbəsi, Q.B.Zakir küçəsi fərdi evdə 10 yaşlı oğlu ilə birgə yaşayır. Tənha anadır, heç yerdə işləmir, qazancı-gəliri yoxdur. Ailəsinin yeganə gəliri 17 sentyabr 2010-cu il təvəllüdlü X11 görə hər ay 170 manat alimentdir. Ona görə də qanunvericiliklə müəyyən edilmiş meyarları əsas tutaraq dəfələrlə cavabdehə rəsmi müraciətlər edərək, sosial müdafiə meyarlarına uyğun olaraq sosial müavinətin ödənilməsini xahiş etmişdir. Bir müddət ünvanlı sosial yardımı alsa da, son bir neçə aydır ki, kəsilmişdir. Bununla belə iddiaçıya imtina verilmişdir. Sonuncu müraciətinə rəsmi heç bir məlumat verilməmiş, eşitdiyinə görə 10-15 gün əvvəl iddiaçıya təkrarən imtina verilmişdir. Mövcud meyarlara uyğun olaraq iddiaçıya sosial müdafiə üçün məbləğ ödənilməlidir. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh iddia tələbinə qarşı etiraz ünvanlayaraq bildirmişdir ki, iddiaçı 13 iyul 2023-cü il tarixdə **********10902 nömrəli ərizə ilə ünvanlı dövlət sosial yardımın təyin olunması ilə bağlı inzibati orqana X18 və X23 vasitəsilə müraciət etmiş, 1 iyul 2023-cü il tarixdən iddiaçıya ünvanlı dövlət sosial yardım təyin olunmuşdur. Lakin monitorinqin aparılması nəticəsində 31 oktyabr 2023-cü il tarixdən ünvanlı dövlət sosial yardımın ödənilməsi dayandırılmışdır. İş üzrə iddiaçının 13 iyul 2023-cü il tarixli **********10902 müraciətinə əsasən ərizə bəyannamədə qeyd olunmuş məlumatların həqiqətə uyğunluğunun müəyyən edilməsi məqsədilə maddi-məişət şəraitinin müayinəsi həyata keçirilmişdir. 1 avqust 2023-cü il tarixli müayinənin nəticəsində aşağıdakı məzmunda müayinə aktı tərtib edilmişdir: “Ünvan arayışla doğrudur. Nikah olmayıb. 2019-cu ildən ayrıldığı bildirildi. Forma 4 təqdim edildi. Aliment iddia edilməyib. Son 1 ildə 2-3 dəfə hər dəfə 20-50 azn maddi yardım edib. Müayinə zamanı qızı ünvanda idi. 2-3 gündür burada qaldıqları, 1 həftədən sonra gedəcəkləri bildirildi. Həyat yoldaşının lift ustası olduğu, yaxınlarda işi olduqda gəlib burada qaldıqları bildirildi”. Sözügedən müayinə zamanı ərizə bəyannamədə qeyd olunmayan əlavə şəxs aşkar olunmasına, nəticə etibarilə təqdim edilmiş məlumatların yoxlanılması zamanı məlumatlarda uyğunsuzluq aşkar edilməsinə baxmayaraq bu, məlumatlarda uyğunsuzluq kimi qiymətləndirilməmiş, ailə risk kateqoriyasına daxil edilmiş və sosial yardım təyin olunmuşdur. Daha sonra 16 avqust 2023-cü il tarixdə dövri monitorinq məqsədilə yenidən müayinə keçirilmiş və aşağıdakı məzmunda müayinə aktı tərtib edilmişdir: “Dövri monitorinq məqsədilə ünvana gedildi. Ünvanda təmsilçinin nəvələri X13, X14 idi. Qızının və qızının həyat yoldaşının 1 həftədir gəldikləri, nə vaxt gedəcəklərinin məlum olmadığı bildirildi. Ünvanda olan kənar şəxslərin X7 və X8 idi. Əhmədli ərazisində yaşadıqları, 3 gündür gəldikləri, 2 günə gedəcəkləri bildirildi”. Daha sonra 6 sentyabr 2023-cü il tarixdə dövri monitorinq məqsədilə yenidən müayinə keçirilmiş və aşağıdakı məzmunda müayinə aktı tərtib edilmişdir: “Dövri monitorinq məqsədilə ünvana gedildi. Ünvanda təmsilçinin bacısı Vəliyevə Zəhra xanım, təmsilçinin qızı və övladları, təmsilçinin həyat yoldaşının qardaşı vardı (Əliyev Atakişi) qonaq gəldikləri bildirildi’’. Daha sonra 21 sentyabr 2023-cü il tarixdə dövri yoxlama məqsədilə yenidən müayinə keçirilmiş və aşağıdakı məzmunda müayinə aktı tərtib edilmişdir: “Dövri yoxlama məqsədilə ünvana gedildi. Təmsilçi və övladından əlavə ünvanda təmsilçinin qızı Əliyeva Şəhanə və 2 nəvəsi var idi. 20 gündür binada olduqları və 1 həftə-10 günə gedəcəyi bildirildi”. Sözügedən faktlar maddi-məişət şəraitinin yoxlanılması zamanı tərtib olunmuş akt və çəkilmiş videogörüntülər əsasında təsdiq edilmişdir. Göründüyü kimi, iddiaçı tərəfindən sosial yardımın təyin olunması üçün təqdim edilmiş “Ərizə-bəyannamə”də qeyd edilmiş məlumatlarda yoxlama zamanı uyğunsuzluq aşkar edilmiş, həmin məlumatların həqiqətə uyğun olmadığı müəyyən edilmişdir. Bu səbəbdən 31 oktyabr 2023-cü il tarixdə ünvanlı dövlət sosial yardım ödənişi dayandırılmışdır. Dayandırılma səbəbi kimi iddiaçının “ailə tərkibinin düzgün göstərilməməsi” olmuşdur. Belə ki, “Ərizə-bəyannamə”də qeyd olunan Bakı şəhəri, ünvan 3 ünvanında başqa şəxslər aşkar olunmuşdur (monitorinq aktları iş materiallarına əlavə olunmuşdur). Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin 05 dekabr 2024-cü il tarixli, 2-1(118)-3181/2024 nömrəli qərarı ilə iddia təmin edilməmişdir. (hakim Könül Həbibova). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 10 mart 2021-ci il tarixli, 2-1(102)-442/2021 saylı qərarında qeyd edilən əsasları nəzərə alan məhkəmə bildirir ki, hazırkı iş üzrə iddiaçı arzuladığı inzibati aktın qəbulunu konkret halda zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmiş, cavabdeh inzibati orqan isə iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmişdir. Qanunvericiliklə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmuş, cavabdehin imtinası qanunauyğun olmuşdur. İddiaçı qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətini iddia ərizəsi ilə eyni məzmunda əsaslandıraraq əlavə olaraq qeyd etmişdir ki, məhkəmə işin faktiki hallarına qiymət verməmiş və işin bütün faktiki hallarını aydınlaşdırmamışdır. Məhkəmə heç bir maddi və prossesual hüquq normasını tətbiq etməmiş, tətbiq edilmiş hüquq normaları həmin münasibətləri tənzimləmir, maddi hüquq normalarının təfsirində səhvə yol verilmişdir. Məhkəmə işin hallarını təhrif etmişdir. Tələb edilən sosial vəsatinin (yardımın) dayandırılmasına heç nə ilə sübut olmadığı halda Məhkəmə tələbi rədd etmişdir. Sumqayıt İnzibati Məhkəməsinin məqsədi pnin cavabdehə qarşı iddia tələbi rədd etmək olmuşdur. Məhkəmə digər sübutlara əhəmiyyət verməmiş, iş üzrə şahidləri dinləməmiş, onun dəlil və sübutlarını tədqiq etməmiş, heç bir xüsusatı araşdırmadan səhv nəticəyə gəlmişdir. b) Cavabdehin apellyasiya şikayətinə qarşı etirazının dəlilləri Cavabdeh apellyasiya şikayətinə etirazı iddia ərizəsinə etirazla ilə eyni məzmunda əsaslandıraraq əlavə olaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsi işin hallarına düzgün hüquqi qiymət verdiyindən iddianın rədd olunması ilə bağlı gəldiyi nəticə qanunauyğun və əsaslıdır İddiaçı X.Allahverdiyevanın apellyasiya şikayəti formal mülahizələrə əsaslandığından qərarın ləğvinə əsas ola bilməz. Sonda İddiaçı X1 apellyasiya şikayətinin təmin olunmaması və Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024cü il tarixli 2-1(118)- 3181/2024 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanması, iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək şikayətlə eyni məzmunda izahat verərək şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, qızı və ailəsi Neftçala rayonunda qeydiyyatdadır. Qızının yoldaşı lift ustasıdır və Bakıda işləyir. Özü isə ikinci dərəcə əlildir. Ayrı kirayə mənzil üçün imkanı olmadığından, həmçinin qızının həyat yoldaşının işi və onun xəstəliyi ilə əlaqədar qızı və nəvələri onun yanında yaşayır. Qızının həyat yoldaşı isə onun mənzilində yaşamır, anasının evində qalır, arada isə onlara gəlib-gedir və bəzən onlarda da qalır. Həmçinin qeyd edir ki, qızı və həyat yoldaşı arasında nikah pozulmamışdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək şikayətin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, xx.xx.2023-cü il tarixində iddiaçının yaşadığı ünvanda maddi məişət şəraitinin müayinəsi həyata keçirilmiş və iddiaçının qızının orada olduğu və 1 həftə sonra gedəcəyi bildirilmişdir. Daha sonra dövri monitorinq məqsədilə müayinə keçirilmiş və müvafiq ünvanda iddiaçının qızı, nəvələri, qızının həyat yoldaşının olduğu və 1 həftədir gəldiklərini, nə zaman gedəcəklərinin məlum olmadığı müəyyən olunmuşdur. Ümumiyyətlə, tərəflərindən 4 dəfə monitorinq keçirilmiş və hər dəfə iddiaçının qızı, nəvələri müvafiq ünvanda olmuş və qızının həyat yoldaşının işi ilə əlaqədar olaraq onların iddiaçıyla müvəqqəti yaşadığı bildirilmişdir. Həmçinin iddiaçı digər məhkəmə iclaslarında da qızı və nəvələrinin onunla birlikdə yaşadığını etiraf etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 38.1 Hər kəsin sosial təminat hüququ vardır. Maddə 38.3 Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Ünvanlı dövlət sosial yardımı haqqında” Qanun: Maddə 3. Sosial yardım hüququna orta aylıq gəliri onlardan asılı olmayan səbəblərdən (ailə üzvlərinin əmək qabiliyyətsiz olması, ailənin əmək qabiliyyətli üzvünün orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsə, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxsə və ya 8 yaşına çatmamış uşağa qulluq etməsi, 23 yaşınadək əyani təhsil alması, müvafiq icra hakimiyyəti orqanında dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi və ya işçilərin sayı və ya ştatların ixtisar edilməsi ilə əlaqədar işsiz kimi qeydə alınması, vəfat etməsi, məhkəmə tərəfindən itkin düşmüş və yaxud ölmüş hesab edilməsi, azadlıqdan məhrum edilməsi, ailə üzvünün olduğu yerin məlum olmaması və s.) hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan aztəminatlı ailələr malikdirlər. Maddə 6.1. Sosial yardım aztəminatlı ailələrə yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanı tərəfindən təyin olunur. Maddə 6.2. Sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi qaydaları “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və bu Qanuna əsasən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Maddə 6.3. Sosial yardımın alınması ilə bağlı elektron xidmətlər müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemi vasitəsilə həyata keçirilir. Maddə 7.1. Sosial yardımın məbləği ailənin orta aylıq gəliri ilə hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusu arasında yaranan fərq məbləğində hesablanır. Maddə 7.2. Ehtiyac meyarı mərhələlərlə ölkə üzrə yaşayış minimumuna çatdırılır. Həmin Qanunun 7.3-cü maddəsinə əsasən ailənin orta aylıq gəlirinin hesablanması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Maddə 8.1. Sosial yardım onu almaq üçün müraciət edilən ayın 1-dən etibarən 1 il müddətinə təyin olunur. Maddə 10.1. Sosial yardım almaq üçün müraciət edilən zaman ailə sosial yardımın təyin olunmasına və ya məbləğinin dəyişdirilməsinə səbəb ola biləcək hallar barədə (ailənin tərkibi, əmlakı və gəliri haqqında) tam və düzgün məlumat verməlidir. Maddə 10.2. Sosial yardım təyin edildikdən sonra ailənin gəlirlərində dəyişiklik baş verdikdə, sosial yardım alan ailə bu barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) 15 (on beş) iş günü müddətində məlumat (müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya ehtiyatlarından və sistemlərindən əldə olunan məlumatlar istisna olmaqla) verməlidir. Maddə 10.3. Bu Qanunun 10.2-ci maddəsində göstərilən halda, həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya ehtiyatlarından və sistemlərindən əldə olunan məlumatlar (müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsis etdiyi təqaüdlərin, sosial müavinətlərin məbləğinin, əmək pensiyasının minimum məbləğinin və minimum aylıq əməkhaqqının məbləğinin artırılması, əmək pensiyalarının indeksləşdirilməsi və seçilmiş özünüməşğulluq istiqamətinin təşkili üçün verilmiş əmlak barədə məlumatlar istisna olmaqla) əsasında sosial yardımın dayandırılmasına və ya məbləğinin dəyişdirilməsinə səbəb ola biləcək hallar aşkarlandıqda, sosial yardımın ödənişi dayandırılır və ailənin sosial yardım almaq hüququna yenidən baxılır. Maddə 10.4. Ailənin sosial yardım almaq hüququna baxılma zamanı sosial yardımın təyin olunmasına və ya məbləğinin dəyişdirilməsinə səbəb ola biləcək hallar barədə (ailənin tərkibi, əmlakı və gəliri haqqında) düzgün olmayan və ya natamam məlumat verildiyi aşkar olunduqda və yaxud bu Qanunun 10.2-ci maddəsinin tələbi pozulduqda, həmin ailə 1 (bir) il müddətinə sosial yardım almaq hüququnu itirir. “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 312 saylı, 16 noyabr 2005-ci il tarixli Fərmanı: 2.3-cü bənd. “Ünvanlı dövlət sosial yardımı haqqında” Qanunun 6.1-ci və 6.3cü maddələrində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi həyata keçirir. 2.4-cü bənd. Həmin Qanunun 10.2-ci maddəsində (birinci halda) və 10.6-cı maddəsinin birinci cümləsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nəzərdə tutulur. “Ünvanlı dövlət sosial yardımı haqqında” Qanunun 6.2-ci maddəsində nəzərə tutulmuş qaydalar Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 37 saylı, 5 fevral 2016-cı il tarixli qərarı ilə təsdiq edilmişdir. Azərbaycan Respublikası Nazilər Kabinetinin 5 fevral 2016-cı il tarixli 37 nömrəli qərarı ilə təsdiq edilmiş “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları”:
2. Sosial yardımın alınması üçün müraciət edilməsi 2.1 Ailəni təmsil edən yetkinlik yaşına çatmış və əmək qabiliyyətli şəxs (belə şəxs olmadıqda ailə üzvü olmayan qəyyum (himayəçi), patron (köməkçi) və ya vəkil edilmiş şəxs) sosial yardımın alınması üçün müraciət edə bilər. Bu barədə ərizə (1 nömrəli əlavə) yaşayış yeri üzrə rayon (şəhər) icra hakimiyyəti başçısının inzibati ərazi dairəsi və sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliklərinin ailə tərkibi haqqında arayışına əsasən notarius tərəfindən təsdiq edilir. Notarius tərəfindən təsdiq olunmuş ərizə üzrə məlumatlar Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Elektron notariat” informasiya sistemindən bu Qaydaların 1.3.3-cü yarımbəndinə uyğun olaraq Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Ünvanlı yardım” (VEMTAS) altsisteminə (bundan sonra - VEMTAS) ötürülür. Müraciət nümayəndə tərəfindən edildikdə, şəxsin qəyyum (himayəçi) və ya patron (köməkçi) olmasını təsdiq edən sənədin surəti arayışa əlavə edilir.
3. Sosial yardımın təyin olunması və təyin olunmasından imtina edilməsi 3.1. Sosial yardımın alınması üçün müraciətlər VEMTAS tərəfindən 15 (on beş) iş günü müddətində araşdırılır və sosial yardımın təyin olunması və ya təyin olunmasından imtina edilməsi barədə müvafiq qərar çıxarılır.
3.7. Aşağıdakı hallarda sosial yardımın təyin olunmasından imtina edilir: 3.7.1. “Ərizə-bəyannamə”də qeyd edilmiş məlumatların yoxlanılması zamanı məlumatlarda uyğunsuzluq aşkar olunduqda; 3.7.2. sosial yardım üçün müraciətdən əvvəlki ardıcıl gələn 12 (on iki) ay ərzində ailənin orta aylıq gəliri hər bir ailə üzvü üçün ehtiyac meyarlarının məcmusuna bərabər və ya ondan yuxarı olduqda; 3.7.3. sosial yardım üçün müraciətdən əvvəlki ardıcıl gələn 12 (on iki) ay ərzində respublika üzrə təsdiq edilmiş yaşayış minimumunun 12 mislindən çox məbləğdə alqısatqı etdikdə; 3.7.4. ailənin mülkiyyətində və ya istifadəsində nəqliyyat vasitəsi olduqda (dövlət tərəfindən reabilitasiya məqsədləri üçün verilmiş nəqliyyat vasitələri istisna olmaqla); 3.7.5. ailənin əmək qabiliyyətli, işləməyən üzvü Nazirliyin tabeliyində X2 struktur bölməsi tərəfindən təklif olunmuş iki münasib işdən imtina etdikdə (bu halda ailənin sosial yardım hüququna onun təkrar müraciəti əsasında 1 (bir) aydan sonra baxılır); 3.7.6. ailənin adambaşına düşən kommunal və rabitə xərclərinin cəminin orta aylıq məbləği ölkə üzrə təsdiq olunmuş yaşayış minimumunun 15 (on beş) faizinə bərabər və ya ondan yuxarı olduqda; 3.7.7. ailənin mülkiyyətində müxtəlif ünvanda 2 və daha çox eyni təyinatlı daşınmaz əmlak olduqda. (-).
İnzibati Prosessual Məcəllə: Maddə 12. İşin hallarının araşdırılması prinsipi.
1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.
2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.
APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyərək, iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırki iş üzrə iddia tələbi iddiaçıya 31 oktyabr 2023-cü il tarixdən dayandırılmış ünvanlı sosial yardımın bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasından ibarətdir. Birinci instansiya məhkəməsinin qərarı ilə iddia təmin edilməmişdir. Məhkəmə kollegiyası hazırki iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İşin hallarından görünür ki, 1 iyul 2023-cü il tarixdən iddiaçıya ünvanlı dövlət sosial yardım təyin olunmuşdur. Lakin monitorinqin aparılması nəticəsində 31 oktyabr 2023-cü il tarixdən ünvanlı dövlət sosial yardımın ödənilməsi dayandırılmışdır. Bunun səbəbi isə iddiaçının “Ərizə-bəyannamə”də qeyd olunan ünvan 4 ünvanında iddiaçıdan başqa digər şəxslərin də aşkar olunması olmuşdur. İlk öncə qeyd edilməlidir ki, ünvanlı dövlət sosial yardımı dövlət tərəfindən aztəminatlı ailələrə aylıq verilən pul yardımıdır. Aztəminatlı ailə dedikdə isə orta aylıq gəlirləri hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan ailə nəzərdə tutulur, ehtiyac meyarı dedikdə isə, ünvanlı sosial yardımın təyin edilməsi məqsədilə hər il üçün qanunvericiliklə müəyyən olunan hədd nəzərdə tutulur. Aztəminatlı ailə hesab edilməsi və ünvanlı sosial yardımın təyin edilməsi “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi” Qaydalarının normaları ilə tənzimlənir. Qaydaların 3.7.1-ci bəndinə əsasən “Ərizə-bəyannamə”də qeyd edilmiş məlumatların yoxlanılması zamanı məlumatlarda uyğunsuzluq aşkar olunduqda sosial yardımın təyin olunmasından imtina edilir. Qaydalara görə “Ərizə-bəyannamə”də qeyd edilmiş məlumatların yoxlanılması zamanı məlumatlarda uyğunsuzluq aşkar olunduğu halda sosial yardımın təyin olunmasından imtina edilir. “Ünvanlı dövlət sosial yardımının alınması üçün müraciət etmiş ailələrin maddi məişət şəraitinin müayinəsinin və sosial yardım təyinatından sonrakı monitorinqlərin aparılmasına dair” Təlimatda qeyd olunur ki, müvafiq tapşırıq daxil olduğu halda müayinə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli 37 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları” ilə müəyyən edilmiş müraciətlərin Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Ünvanlı yardım” altsistemi tərəfindən araşdırılma müddəti ərzində həyata keçirilir. Bölmənin və ya Mərkəzin müvafiq vəzifəli şəxsinə VEMTAS tərəfindən Müayinənin həyata keçirilməsi ilə bağlı tapşırıq verildikdə, həmin tapşırıq daxil olduğu iş günü ərzində əməkdaşlara yönləndirilir. Əməkdaşlar birbaşa rəhbərləri ilə müayinənin vaxtını razılaşdırır və “Ərizə-bəyannamə”də qeyd olunan faktiki yaşayış ünvanına səfər edir. Əməkdaş mənzilə dəvət edildikdən sonra mənzildə olan şəxslərlə tanış olur və onların ailə ilə qohumluğunu və ya bağlılığını müəyyən edir. Təlimatın 3.12.5-ci bəndinə əsasən, müayinə zamanı evdə “Ərizə-bəyannamə”də qeyd olunmayan əlavə şəxs aşkar olunarsa və ya başqa şəxsin yaşadığı müəyyən edilərsə, həmin şəxsin ailə ilə birgə yaşamadığı israr edilərsə, bu məlumatlarda uyğunsuzluq kimi qiymətləndirilmir və ailə risk kateqoriyasına daxil edilir. Bundan sonra aidiyyəti Bölmə və ya Mərkəz tərəfindən rübdə 3 dəfə audio-video-foto qeydiyyat aparılmaqla Monitorinqlər aparılır və həmin şəxs ailədə müəyyən edilərsə bu məlumatlarda uyğunsuzluq kimi qiymətləndirilir. İddiaçının “Ərizə-bəyannamə”də qeyd olunan ünvan 4 ünvanında iddiaçıdan başqa digər şəxslərin də aşkar olunması məhkəmə araşdırması zamanı, maddi məişət şəraitinin müayinəsi zamanı çəkilmiş videogörüntülərə (yaddaş kartında iş materiallarına əlavə edilmişdir) baxış keçirilərkən həmin xüsusatlar (cavabdehin nümayəndələri tərəfindən maddi-məişət şəraitinin yoxlanılması zamanı mənzildə iddiaçı və oğlundan başqa digər şəxslər olmuşdur) təsdiqini tapmışdır. Yuxarıda qeyd edilən hal həmçinin 1 avqust, 16 avqust, 6 sentyabr, 21 sentyabr 2023cü il tarixli “Ailənin maddi-məişət şəraitinin müayinəsi barədə məlumatlarla da öz təsdiqini tapmışdır. Həmçinin iddiaçı birinci instansiya və apellyasiya məhkəmələrinin iclaslarında qızı və nəvələrinin onunla birlikdə yaşadığını etiraf etmişdir. Bir sözlə iddiaçı cavabdehə təqdim etdiyi “Ərizə-bəyannamə”də ailə tərkibi kimi göstərdiyi məlumatlar araşdırma zamanı təsdiqini tapmamış, iddiaçının təqdim etdiyi məlumatlarla yoxlama zamanı müəyyən edilən məlumatlar arasında uyğunsuzluq müəyyən edilmişdir. Cavabdeh də məlumatlarda olan uyğunsuzluğa görə haqlı olaraq sosial müavinətin ödənilməsini dayandırmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, birinci insansiya məhkəməsi öz mübahisələndirilən qərarında haqlı olaraq qeyd etmişdir ki, hazırkı iş üzrə iddiaçı arzuladığı inzibati aktın qəbulunu konkret halda zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmiş, cavabdeh inzibati orqan isə iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmişdir. Qanunvericiliklə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmuş, cavabdehin imtinası qanunauyğun olmuşdur. İmtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur. Qeyd edilən hallara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayətinin dəlilləri əsassız olmuş, birinci instansiya məhkəməsi tərəfindən işin hallarına düzgün hüquqi qiymət verilmiş, iş üzrə gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.
NƏTİCƏVİ HİSSƏ:
Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 05 dekabr 2024-cü il tarixli, 2-1(118)-3181/2024 nömrəli qərarı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.