Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-313/2024 23.04.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 3 saylı Ərazi Vergilər İdarəsinə qarşı iş üzrə (Açar sözlər: qərarların ləğv edilməsi) Sədrlik edən və məruzəçi hakim X1, hakimlər Babayeva Hökümə Çingiz qızı və Quliyev İsmayıl Rza oğlundan ibarət tərkibdə, Səfərli Fidan Nuru qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 3 saylı Ərazi Vergilər İdarəsinə qarşı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli **********673400 nömrəli, 21 iyul 2023-cü il tarixli **********283100 saylı, 21 iyul 2023-cü il tarixli **********285500 saylı qərarların ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-1(118)-2427/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 3 saylı Ərazi Vergilər İdarəsi tərəfindən qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 10 fevral 2023-cü il tarixli **********673400 nömrəli Qərardan görünür ki, İddiaçı MMC-yə 2022-ci ilin dekabr ayı üzrə 284.108,31 manat əlavə dəyər vergisi hesablanmışdır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 3 saylı Ərazi Vergilər İdarəsi tərəfindən qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 21 iyul 2023-cü il tarixli **********285500 nömrəli Qərardan görünür ki, İddiaçı MMC-yə 2023-cü ilin aprel ayı üzrə 66.985,40 manat əlavə dəyər vergisi hesablanmışdır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 3 saylı Ərazi Vergilər İdarəsi tərəfindən qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 21 iyul 2023-cü il tarixli **********283100 nömrəli Qərardan görünür ki, İddiaçı MMC-yə 2023-cü ilin may ayı üzrə 112.537,20 manat əlavə dəyər vergisi hesablanmışdır. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli **********673400 nömrəli qərarın ləğv edilməsi”nə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbinin dəqiqləşməsi barədə ərizə ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli **********673400 nömrəli, 21 iyul 2023-cü il tarixli, **********283100 saylı, 21 iyul 2023-cü il tarixli **********285500 saylı qərarların ləğv edilməsi” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı MMC-yə “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli **********673400 nömrəli qərara əsasən 2022-ci ilin dekabr ayına ƏDV üzrə 284108.31 manat əlavə vergi məbləği hesablanmışdır. Qeyd olunan qərarda hesablamanın əsası ilə bağlı qeyd edilir ki, “tərəfinizdən anbar binasının tikintisi üçün ƏDV-dən azad olunan əməliyyatlar aparılması məqsədilə kapital xarakterli xərclər çəkilmişdir. Belə ki, elektron qaimə faktura ilə xx.xx.2021ci il tarixdə "xxxx" MMC-dən ƏDV dəyəri 10800.54 manat olan xidmətlər və 2022-ci il ərzində "xxxx" MMC-dən tikinti-quraşdırma və söküntü işləri üzrə ƏDV dəyəri 273307.77 manat olan xidmətlər əldə edilmişdir.” Cavabdeh vergi orqanı tərəfindən hesablamadan əvvəl iddiaçıya ünvanlanmış xx.xx.2023-cü il tarixli **********222200 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məluatların) tələb edilməsi haqqında” məktubda qeyd edilmişdir ki, “Aparılmış araşdırma zamanı kiçik yaylaq evləri və qısa müddətli qalmaq üçün sair yerlər tərəfindən xidmətlərin göstərilməsi fəaliyyəti ilə məşğul olduğunuz müəyyən edilmişdir. Tərəfinizdən anbar binasının tikilməsi üçün elektron qaimə faktura ilə xx.xx.2021-ci il tarixdə "xxxx" MMC-dən (VÖEN: **********) ƏDV dəyəri 10800,54 manat olan xidmətlər və 2022-ci il ərzində "xxxx" MMC-dən (VÖEN: **********) tikinti-quraşdırma və söküntü işləri üzrə ƏDV dəyəri 273307,77 manat olan xidmətlər əldə edilmişdir. Həmin iş və xidmətlərin həyata keçirilməsi üçün bank hesabınıza Azərbaycan Təhsil İşçiləri X3 Respublika Komitəsindən maliyyə yardımları daxil olmuşdur. Vergi Məcəlləsinin 159.1-ci maddəsinə əsasən malların təqdim edilməsi, işlərin görülməsi, xidmətlərin göstərilməsi, Azərbaycan Respublikası ərazisində istehsal olunan kənd təsərrüfatı məhsullarının pərakəndə satışı zamanı tətbiq edilən ticarət əlavəsi və vergi tutulan idxal ƏDV-nin vergitutma obyekti hesab edildiyindən bu Məcəllənin 13.2.8-ci maddəsinə əsasən pul vəsaitləri də mal hesab edilmədiyindən - maliyyə yardımı da ƏDV məqsədləri üçün ƏDVyə cəlb olunan əməliyyatlar sayılmır. Həmçinin, Vergi Məcəlləsinin 175.6-ci maddəsinə əsasən ƏDV-yə cəlb edilməyən əməliyyatlar aparan şəxslər tərəfindən mallar (işlər, xidmətlər) alınarkən bu maddə ilə müəyyən edilmiş qaydada ödənilmiş ƏDV məbləğləri, habelə dövlət büdcəsindən ayrılan vəsaitlər (subsidiya və geri qaytarılmalı vəsaitlər istisna olmaqla) hesabına mallar (işlər, xidmətlər) alınarkən, ödənilmiş ƏDV-nin məbləğləri əvəzləşdirilmir. Qeyd olunanları nəzərə alaraq, yuxarıda qeyd olunan əvəzləşdirilmiş məbləğlərin büdcəyə hesablanması və 2022-ci ilin dekabr ayının ƏDV bəyannaməsi üzrə 284108,31 manat vergi məbləğinin hesablanması qanunamüvafiq hesab edilmişdir”. Aşağıda qeyd olunanlara əsasən cavabdeh vergi orqanı tərəfindən qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə xx.xx.2023-cü il tarixli **********673400 nömrəli qərarı qanunsuz və əsassız hesab edir. İddiaçıya anbar tikintisi məqsədilə Azərbaycan Təhsil İşçiləri X3 Respublika Komitəsindən ayrılmış maliyyə yardımları ƏDV-dən azad olunan əməliyyat olduğundan, cavabdeh vergi orqanı anbar tikintisi ilə bağlı göstərilmiş xidmətlərə görə 2021-2022-ci illərdə ödənilmiş 284108,31 manat ƏDV məbləğinin əvəzləşdirilməsini də etibarsız sayaraq, həmin məbləği bərpa etmişdir. 2021 və 2022-ci ilin müxtəlif aylarında təqdim edilmiş ƏDV bəyannamələrində öz əksini tapmış əvəzləşdirmənin 2022-ci ilin dekbar ayı üzrə təqdim edilmiş ƏDV bəyannaməsində bərpa edilməsi tamamilə qanunsuz olmuşdur. ƏDV ödəyicisi təqvim ayı üzrə ƏDV bəyannaməsini növbətin ayın 20-dən gec olmayaraq vergi orqanına təqdim edir və həmin ay ərzində ƏDV tutulan əməliyyatlar üçün malların (işlərin, xidmətlərin) alışı zamanı ödənilmiş ƏDV məbləğini əvəzləşdirir. Vergi orqanı isə həmin bəyannamə üzrə kameral vergi yoxlamasını bəyannamənin təqdim edildiyi tarixdən 30 iş günü müddətində həyata keçirir, həmin müddət bitdikdən sonra vergi orqanı verginin hesablanması üçün əlavə sənəd və ya mənbəyi məlum olan digər məlumat aşkar etdikdə isə, vergi ödəyicisinə 5 iş günü müddətində bu Məcəllənin 72.5-ci maddəsində nəzərdə tutulmuş dəqiqləşdirilmiş hesabatın 10 iş günü müddətində təqdim edilməsi barədə bildiriş göndərir. Göstərilən bildiriş üzrə verilmiş dəqiqləşdirilmiş bəyannamə üzrə yenidən kameral vergi yoxlaması keçirilə bilməz. Vergi ödəyicisi tərəfindən 2021 və 2022-ci ilin müxtəlif ayları üzrə təqdim edilmiş vergi bəyannamələri üzrə kameral vergi yoxlamasının həyata keçirilməsi üçün qanunla müəyyən edilmiş 30 iş günü müddəti bitdiyi üçün cavabdeh vergi orqanı Vergi Məcəlləsi ilə qadağan olunan üsula əl ataraq, əvvəlki hesabat dövrləri üzrə həyata keçirilmiş əvəzləşdirmələri 2022-ci ilin dekbar ayı üzrə təqdim edilmiş ƏDV bəyannaməsində bərpa etmişdir ki, bu da vergi qanunvericiliyinin tələblərinin və iddiaçının qanunla qorunan hüquqlarının kobud şəkildə pozulması ilə nəticələnmişdir. İddiaçı tərəfindən həyata keçirilmiş əvəzləşdirmənin etibarsız sayılmasına münasibətdə qeyd edir ki, cavabdeh vergi orqanı qərar qəbul edərkən vergi qanunvericiliyinin normalarını yalnış şərh etdiyindən, düzgün olmayan nəticəyə gəlmişdir. Belə ki, cavabdeh vergi orqanı Vergi Məcəlləsinin 175.6-cı maddəsinə istinad edərək belə qənaətə gəlmişdir ki, tikintinin həyata keçirilməsi üçün istifadə edilən pul vəsaiti ƏDV- dən azad olunan əməliyyatlar çərçivəsində əldə edildiyindən, həmin vəsait əsasında alınmış xidmətlər üzrə ödənilmiş ƏDV məbləği əvəzləşdirilə bilməz. ƏDV ödəyicisi ƏDV tutulan əməliyyatlar üçün malların (işlərin, xidmətlərin) alışı zamanı ödədiyi ƏDV məbləğini əvəzləşdirmək hüququna malikdir, bir şərtlə ki, əməliyyatın dəyəri alıcının bank hesabından həmin malları (işləri, xidmətləri) təqdim edən şəxsin bank hesabına, ƏDV məbləği isə ƏDV-nin depozit hesabına ödənilsin. Həmçinin, qanunverici ƏDV-yə cəlb edilməyən əməliyyatlar aparan şəxslər tərəfindən, eləcə də dövlət büdcəsindən ayrılan vəsaitlər (subsidiya və geri qaytarılmalı vəsaitlər istisna olmaqla) hesabına alınan mallar (işlər, xidmətlər) üzrə ödənilmiş ƏDV məbləğinin əvəzləşdirilməsini qadağan etmişdir. Göründüyü kimi, qanunverici ƏDV-nin əvəzləşdirilməsini qadağan edərkən vergi ödəyicisinin ƏDV-dən azad olunan əməliyyatlar aparan şəxs olması şərtini müəyyən etmişdir. İddiaçı MMC 18 % dərəcə ilə ƏDV ödəyicisidir və istirahət mərkəzinin fəaliyyətindən əldə edilən vəsaitlərə görə dövlət büdcəsinə 18 % dərəcə ilə ƏDV ödəyir, tikilən anbar isə məhz həmin fəaliyyətlə bağlı olmuşdur. Bu isə o deməkdir ki, iddiaçı ƏDV-yə cəlb edilən əməliyyatlar həyata keçirdiyindən, həmin fəaliyyətlə bağlı alınmış mallar, işlər və xidmətlərə görə ödədiyi ƏDV-ni əvəzləşdirmək hüququna malikdir. Həmçinin VM-nin 175.6-cı maddəsində qanunverici yalnız dövlət büdcəsindən ayrılan vəsaitlər hesabına alınan mallar (işlər, xidmətlər) üzrə ödənilmiş ƏDV məbləğinin əvəzləşdirilməsini qadağan etmişdir ki, iddiaçı tikinti işlərini dövlət büdcəsi deyil, Azərbaycan Təhsil İşçiləri X3 Respublika Komitəsindən ayrılan vəsait hesabına həyata keçirmişdir. İddiaçı ƏDV-yə cəlb edilən fəaliyyət həyata keçirdiyindən və anbarın tikintisi dövlət büdcəsindən ayrılan vəsait əsasında həyata keçirilmədiyindən, cavabdeh vergi orqanı iddiaçı tərəfindən əvəzləşdirilmiş 284108,31 manat ƏDV məbləğini bərpa edərkən vergi qanunvericiliyinin tələblərini pozmuşdur. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdehin iddiaya qarşı yazılı münasibətində qeyd olunmuşdur ki, vergi ödəyicisi İddiaçı MMC (VÖEN:**********) kiçik yaylaq evləri və qısa müddətli qalmaq üçün sair yerlər tərəfindən xidmətlərin göstərilməsi fəaliyyəti ilə məşğuldur. Vergi ödəyicisi tərəfindən anbar binasının tikilməsi üçün elektron qaimə faktura ilə xx.xx.2021-ci il tarixdə "xxxx" MMC-dən (VÖEN **********) ƏDV dəyəri 10800,54 manat olan xidmətlər və 2022-ci il ərzində "xxxx" MMC-dən (VÖEN **********) tikinti-quraşdırma və söküntü işləri üzrə ƏDV dəyəri 273307,77 manat olan xidmətlər əldə edilmişdir. Həmin iş və xidmətlərin həyata keçirilməsi üçün vergi ödəyicisinin bank hesabına Azərbaycan Təhsil İşçiləri X3 Respublika Komitəsindən maliyyə yardımları daxil olmuşdur. Vergi Məcəlləsinin 159.1-ci maddəsinə əsasən malların təqdim edilməsi, işlərin görülməsi, xidmətlərin göstərilməsi, Azərbaycan Respublikası ərazisində istehsal olunan kənd təsərrüfatı məhsullarının pərakəndə satışı zamanı tətbiq edilən ticarət əlavəsi və vergi tutulan idxal ƏDV-nin vergitutma obyekti hesab edildiyindən bu Məcəllənin 13.2.8-ci maddəsinə əsasən pul vəsaitləri də mal hesab edilmədiyindən - maliyyə yardımı da ƏDV məqsədləri üçün ƏDVyə cəlb olunan əməliyyatlar sayılmır. Həmçinin, Vergi Məcəlləsinin 175.6-ci maddəsinə əsasən ƏDV-yə cəlb edilməyən əməliyyatlar aparan şəxslər tərəfindən mallar (işlər, xidmətlər) alınarkən bu maddə ilə müəyyən edilmiş qaydada ödənilmiş ƏDV məbləğləri, habelə dövlət büdcəsindən ayrılan vəsaitlər (subsidiya və geri qaytarılmalı vəsaitlər istisna olmaqla) hesabına mallar (işlər, xidmətlər) alınarkən, ödənilmiş ƏDV-nin məbləğləri əvəzləşdirilmir. Qeyd olunanları nəzərə alaraq, vergi orqanının xx.xx.2023-cü il tarixli, **********673400 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması haqqında” Qərarına əsasən yuxarıda qeyd olunan əvəzləşdirilmiş məbləğlərin büdcəyə hesablanması və 2022-ci ilin dekabr ayının ƏDV bəyannaməsi üzrə 284108,31 manat vergi məbləğinin hesablanması qanunamüvafiq hesab edilmişdir. Vergi ödəyicisi İddiaçı MMC (VÖEN: **********) kiçik yaylaq evləri və qısa müddətli qalmaq üçün sair yerlər tərəfindən xidmətlərin göstərilməsi fəaliyyəti ilə məşğuldur. Vergi ödəyicisi tərəfindən elektron qaimə faktura ilə "xxxx" MMC-dən (VÖEN: **********) tikinti-quraşdırma və söküntü işləri üzrə ƏDV dəyəri 59828,8 manat olan xidmətlər və "AZƏRİNŞAATLAYİHƏ" DÖVLƏT BAŞ LAYİHƏ KONSTRUKTOR TEXNOLOJİ İNSTİTUTU-dan (VÖEN:**********) kommunikasiya xətlərinin genişləndirilməsi işləri üzrə ƏDV dəyəri 7151,2 manat olan xidmətlər əldə edilmişdir. Həmin iş və xidmətlərin həyata keçirilməsi üçün vergi ödəyicisinin bank hesabına Azərbaycan Təhsil İşçiləri X3 Respublika Komitəsindən maliyyə yardımları daxil olmuşdur. Vergi Məcəlləsinin 159.1-ci maddəsinə əsasən malların təqdim edilməsi, işlərin görülməsi, xidmətlərin göstərilməsi, Azərbaycan Respublikası ərazisində istehsal olunan kənd təsərrüfatı məhsullarının pərakəndə satışı zamanı tətbiq edilən ticarət əlavəsi və vergi tutulan idxal ƏDV-nin vergitutma obyekti hesab edildiyindən bu Məcəllənin 13.2.8-ci maddəsinə əsasən pul vəsaitləri də mal hesab edilmədiyindən - maliyyə yardımı da ƏDV məqsədləri üçün ƏDVyə cəlb olunan əməliyyatlar sayılmır. Həmçinin, Vergi Məcəlləsinin 175.6-ci maddəsinə əsasən ƏDV-yə cəlb edilməyən əməliyyatlar aparan şəxslər tərəfindən mallar (işlər, xidmətlər) alınarkən bu maddə ilə müəyyən edilmiş qaydada ödənilmiş ƏDV məbləğləri, habelə dövlət büdcəsindən ayrılan vəsaitlər (subsidiya və geri qaytarılmalı vəsaitlər istisna olmaqla) hesabına mallar (işlər, xidmətlər) alınarkən, ödənilmiş ƏDV-nin məbləğləri əvəzləşdirilmir. Qeyd olunanları nəzərə alaraq, vergi orqanının xx.xx.2023-cü il tarixli **********283100 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması haqqında” Qərarına əsasən yuxarıda qeyd olunan əvəzləşdirilmiş məbləğlərin büdcəyə hesablanması və 2023-cü ilin may ayının ƏDV bəyannaməsi üzrə 112537,2 manat vergi məbləğinin hesablanması qanunamüvafiq hesab edilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-1(118)-2427/2023 nömrəli qərarı ilə iddia təmin edilmiş, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 3 saylı Ərazi Vergilər İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 10 fevral 2023-cü il tarixli, **********673400 nömrəli, 21 iyul 2023-cü il tarixli, **********283100 saylı, 21 iyul 2023-cü il tarixli, **********285500 saylı qərarlarının ləğv edilməsi qərara alınmışdır (hakim Leyla Mirzəyeva). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmış vergi ödəyicisi ƏDV-dən azad olunan və ya ƏDV-yə cəlb edilməyən əməliyyatlar həyata keçirirsə, bu halda həmin şəxsin qeyd olunan əməliyyatlar çərçivəsində aldığı mallar (işlər, xidmətlər) üzrə ödədiyi ƏDV məbləğlərinin əvəzləşdirilməsinə yol verilmir. İşin hallarından göründüyü kimi, İddiaçı MMC kiçik yaylaq evləri və qısa müddətli qalmaq üçün sair yerlər tərəfindən xidmətlərin göstərilməsi fəaliyyəti ilə məşğuldur ki, qeyd olunan fəaliyyət növü üzrə əldə edilən gəlirlər (dövriyyə) VM-nin 159.1-ci maddəsinə əsasən ƏDVnin məqsədləri üçün vergiyə cəlb edilir. Bu isə o deməkdir ki, iddiaçı həmin fəaliyyət çərçivəsində aldığı mallara (işlərə, xidmətlərə) görə ödədiyi ƏDV məbləğini əvəzləşdirmək hüququna malikdir. ƏDV-nin əvəzləşdirilməsini istisna edən Vergi Məcəlləsinin 175.6-cı maddəsində “ƏDV-yə cəlb edilməyən əməliyyatlar aparan şəxslər” dedikdə nəzərdə tutulan vergi ödəyicisinin göstərdiyi fəaliyyətin Vergi Məcəlləsinin 159- cü maddəsinə əsasən vergitutma obyekti olmamasıdır. Halbuki, iddiaçının fəaliyyəti, eləcə də fəaliyyəti ilə bağlı görülmüş tikinti-quraşdırma və söküntü işləri ƏDV-nin məqsədləri üçün vergitutulan əməliyyat hesab edilir. Vergi Məcəlləsinin 175.6-cı maddəsində yalnız dövlət büdcəsindən ayrılan vəsait əsasında alınmış mal, iş və xidmətlərə görə ödənilmiş ƏDV məbləğinin əvəzləşdirilməsi istisna edilmişdir ki, iddiaçı tikinti-quraşdırma və söküntü işlərininin və digər xidmətlərin dəyərini dövlət büdcəsindən ayrılan vəsait əsasında ödəməmişdir. Bundan başqa, mübahisələndirilən “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə 10 fevral 2023-cü il tarixli **********673400 nömrəli Qərar qəbul edilərkən Vergi Məcəlləsinin müddətlər və hesabat dövrləri ilə bağlı tələbləri gözlənilməmişdir. Belə ki, ƏDV ödəyicisi təqvim ayı üzrə ƏDV bəyannaməsini növbətin ayın 20-dən gec olmayaraq vergi orqanına təqdim edir və həmin ay ərzində ƏDV tutulan əməliyyatlar çərçivəsində malların (işlərin, xidmətlərin) alışı zamanı ödənilmiş ƏDV məbləğini əvəzləşdirir. Vergi orqanı isə həmin bəyannamə üzrə kameral vergi yoxlamasını bəyannamənin təqdim edildiyi tarixdən 30 iş günü müddətində həyata keçirir. Qeyd olunan müddət bitdikdən sonra vergi orqanı verginin hesablanması üçün əlavə sənəd və ya mənbəyi məlum olan digər məlumat aşkar etdikdə, vergi ödəyicisinə 5 iş günü müddətində bu Məcəllənin 72.5-ci maddəsində nəzərdə tutulmuş dəqiqləşdirilmiş hesabatın 10 iş günü müddətində təqdim edilməsi barədə bildiriş göndərir. Göstərilən bildiriş üzrə verilmiş dəqiqləşdirilmiş bəyannamə üzrə yenidən kameral vergi yoxlaması keçirilə bilməz. (Vergi Məcəlləsinin 37.2, 37.2-1, 37.4, 72.1, 177.1, 177.2, 178 və 175.1-ci maddələri) Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, cavabdeh vergi orqanı "xxxx" MMC-yə və "xxxx" MMC-yə tikinti-quraşdırma və söküntü işləri üzrə ödənilmiş ƏDV məbləğləri üzrə kameral vergi yoxlamasını həmin əvəzləşdirmələrin iddiaçı tərəfindən bəyan edildiyi vergi bəyannamələri və müvafiq hesabat dövrləri üzrə bəyannamələrin təqdim edildiyi tarixdən 30 iş günü müddətində həyata keçirməli olduğu halda, vergi qanunvericiliyinin tələblərini pozaraq 2022-ci ilin dekbar ayı üzrə təqdim edilmiş ƏDV bəyannaməsi üzrə həyata keçirmişdir. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdehin apellyasiya şikayəti iddia ərizəsinə etiraza uyğun əsaslandırılmış və əlavə olaraq göstərilmişdir ki, məhkəmə qeyd edir ki, cavabdeh vergi orqanı "xxxx" MMC-yə və "xxxx" ММС- yə tikinti-quraşdırma və söküntü işləri üzrə ödənilmiş ƏDV məbləğləri üzrə kameral vergi yoxlamasını həmin əvəzləşdirmələrin iddiaçı tərəfindən bəyan edildiyi vergi bəyannamələri və müvafiq hesabat dövrləri üzrə bəyannamələrin təqdim edildiyi tarixdən 30 iş günü müddətində həyata keçirməli olduğu halda, vergi qanunvericiliyinin tələblərini pozaraq 2022-ci ilin dekabr ayı üzrə təqdim edilmiş ƏDV bəyannaməsi üzrə həyata keçirmişdir. Bununla bağlı vergi orqanı tərəfindən inzibati akt qəbul edilərkən qanunvericiliklə müəyyən edilmiş müddət ötürülməmişdir. Belə ki, məhkəmənin qeyd etdiyi 2022-ci ilin dekabr ayı üzrə ƏDV bəyannaməsi iddiaçı tərəfindən xx.xx.2023-cü il tarixində təqdim edilmiş, vergi orqanı tərəfindən isə xx.xx.2023-cü il tarixində qərar qəbul edilmişdir (28-ci iş günü). Göründüyü kimi vergi orqanı tərəfindən inzibati akt qəbul edilərkən qanunvericiliklə müəyyən edilmiş müddət ötürülməmişdir. Vergi Məcəlləsinin 37.1-ci maddəsinə əsasən kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan digər sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. 37.2-ci maddəsinə əsasən kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən bu Məcəllənin 72-ci maddəsində nəzərdə tutulmuş vergi bəyannaməsinin, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışın təqdim edildiyi tarixdən mənfəət və gəlir vergisi bəyannaməsinə (ödəmə mənbəyində tutulan gəlirlər üzrə və xüsusi notariusun gəlir vergisi bəyannaməsi istisna olmaqla) münasibətdə 60 iş günü müddətində, digər bəyannamələrə, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışlara münasibətdə isə 30 iş günü müddətində keçirilir. Xaricdən əldə olunan gəlirlər üzrə xarici dövlətlərin səlahiyyətli orqanlarından müvafiq məlumatlar daxil olduğu halda kameral vergi yoxlaması bu Məcəllənin 85.4-cü maddəsində göstərilən dövr üzrə məlumatlar daxil olduğu tarixdən 90 iş günü müddətində keçirilir. Bu müddət başa çatdıqdan sonra bu maddənin birinci və ikinci cümləsində nəzərdə tutulmuş bəyannamə, cari vergi ödəmələrinin hesablanması haqqında arayış və ya xaricdən əldə olunan məlumatlar, habelə bu Məcəllənin 37.2-1-ci maddəsində göstərilən'bildiriş üzrə verilmiş dəqiqləşdirilmiş bəyannamə üzrə yenidən kameral vergi yoxlaması keçirilə bilməz. İşə baxan birinci instansiya məhkəməsi sözügedən maddi hüquq normalarını işin faktiki hallarına uyğun olaraq inzibati mübahisə üzrə tətbiq etməli olduğu halda tətbiq etməmiş və nəticədə təhrif olunmuş əsaslarla yanlış qənaətə gəlmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollehiyasının iclasında iştirak etmiş iddiaçının nümayəndəsi Vəkil apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq iş üzrə cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Vergilər Məcəlləsi Maddə 36.2. Vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. Maddə 37.1. Kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. Maddə 37.2. Kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən bu Məcəllənin 72-ci maddəsində nəzərdə tutulmuş vergi bəyannaməsinin vergi orqanına təqdim edildiyi vaxtdan 30 iş günü müddətində keçirilir. Bu müddət başa çatdıqdan sonra həmin bəyannamə, habelə bu Məcəllənin 37.2-1-ci maddəsində göstərilən bildiriş üzrə verilmiş dəqiqləşdirilmiş bəyannamə üzrə yenidən kameral vergi yoxlaması keçirilə bilməz. Maddə 37.4. Kameral yoxlama nəticəsində vergi bəyannaməsində vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. Maddə 159.1. Malların təqdim edilməsi, işlərin görülməsi, xidmətlərin göstərilməsi, Azərbaycan Respublikası ərazisində istehsal olunan kənd təsərrüfatı məhsullarının pərakəndə satışı zamanı tətbiq edilən ticarət əlavəsi və vergi tutulan idxal vergitutma obyektidir. 2022-ci il yanvarın 1-dən 3 il müddətində kənd təsərrüfatı məhsullarının (yerli və xarici mənşəli) topdan və pərakəndə satışı zamanı tətbiq edilən ticarət əlavəsi vergitutma obyektidir. Maddə 159.2. Bu fəslin müddəalarına uyğun olaraq vergidən azad edilən malların göndərilməsindən, işlərin görülməsindən və xidmətlərin göstərilməsindən başqa, müstəqil sahibkarlıq fəaliyyəti və ya hüquqi şəxs yaratmadan birgə sahibkarlıq fəaliyyəti çərçivəsində malların göndərilməsi, işlər görülməsi və xidmətlərin göstərilməsi, onlar bu Məcəllənin 167-ci və ya 168-ci maddələrinə uyğun olaraq Azərbaycan Respublikasının ərazisində həyata keçirilirsə, vergi tutulan əməliyyatlar sayılır. Bu Məcəllənin 168-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının hüdudlarından kənarda xidmətlər göstərilməsi və ya işlər görülməsi vergi tutulan əməliyyatlara daxil edilmir. Maddə 175. Büdcəyə ödəmələr müəyyən edilərkən əvəzləşdirilən ƏDV 175.1. Bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, ƏDV tutulan əməliyyatlar üçün malların (işlərin, xidmətlərin) alışı zamanı ödənilmiş ƏDV məbləği əməliyyatın dəyəri alıcının bank və digər ödəniş hesabından həmin malları (işləri, xidmətləri) təqdim edən şəxsin bank və digər ödəniş hesabına, ƏDV məbləği ƏDV-nin depozit hesabına ödənildikdə əvəzləşdirilir. 175.2. Bir hissəsi vergi ödəyicisinin sahibkarlıq fəaliyyəti, digər hissəsi isə başqa məqsədlər üçün, o cümlədən ƏDV tutulmayan əməliyyatlar üçün nəzərdə tutulan vergiyə cəlb edilən əməliyyatlara görə nağdsız qaydada ƏDV-nin depozit hesabı vasitəsilə ödənilmiş (mal, iş və xidmət təqdim edənin bank və digər ödəniş hesabına birbaşa nağd qaydada ödənişlər istisna edilməklə) və malların idxalı üçün vergi ödəyicisinə verilmiş elektron qaimə-fakturaları üzrə onun tərəfindən ödənilmiş ƏDV-nin məbləği sahibkarlıq fəaliyyəti üçün istifadə olunan malların (işlərin, xidmətlərin) xüsusi çəkisinə görə müəyyənləşdirilən ƏDV-nin məbləği qədər əvəzləşdirilir. 175.4. Vergi ödəyicisi vergi tutulan əməliyyatlar və bu Məcəllənin 164-cü maddəsinə uyğun olaraq ƏDV-dən azad edilmiş əməliyyatlar aparırsa, ƏDV üzrə əvəzləşdirmə üçün vergi tutulan dövriyyənin ümumi dövriyyədəki xüsusi çəkisinə uyğun olaraq müəyyən edilən ƏDV-nin məbləği qəbul olunur. Vergi ödəyicisi tərəfindən ƏDV-yə cəlb edilən əməliyyatlarla yanaşı, ƏDV-dən azad olunan əməliyyatlar aparılarkən, bu əməliyyatlara aid olan mallar (işlər, xidmətlər) üzrə sənədləşdirilmiş məlumatlar əsasında ƏDV ödənilməklə və ƏDV-dən azad edilməklə mədaxil edilən malların (işlərin, xidmətlərin) ayrı-ayrılıqda uçotu aparıldığı halda, ƏDV tutulan əməliyyatlar üçün alınmış mallara (işlərə, xidmətlərə) görə ödənilmiş ƏDV-nin məbləği bu Məcəllənin 175.1-ci maddəsinə uyğun olaraq tam məbləğdə əvəzləşdirilir. [1078] 175.6. Bu Məcəllənin 160.4-cü maddəsində göstərilən hal istisna olmaqla, ƏDV-dən azad olunan, yaxud ƏDV-yə cəlb edilməyən əməliyyatlar aparan şəxslər tərəfindən mallar (işlər, xidmətlər) alınarkən bu maddə ilə müəyyən edilmiş qaydada ödənilmiş ƏDV məbləği əvəzləşdirilmir. Dövlət büdcəsindən ayrılan vəsaitlər (subsidiya və geri qaytarılmalı vəsaitlər istisna olmaqla) hesabına mallar (işlər, xidmətlər) alınarkən, ödənilmiş ƏDV -nin məbləği əvəzləşdirilmir. Maddə 177. Bəyannamələrin verilməsi və ƏDV-nin ödənilməsi 177.1. Vergi ödəyicisi borcludur: 177.1.2. vergi orqanına hər hesabat dövrü üçün ƏDV-nin bəyannaməsini verməyə; 177.1.3. bəyannamənin verilməsi üçün müəyyən edilən müddətdə hər hesabat dövrü üzrə vergini büdcəyə ödəməyə. 177.2. ƏDV-nin bəyannaməsi hər hesabat dövrü üçün, hesabat dövründən sonrakı ayın 20-dən gec olmayaraq verilir. Maddə 178. ƏDV üzrə hesabat dövrü ƏDV üzrə hesabat dövrü təqvim ayı sayılır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 32.1. Mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 69.4. Məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Cavabdehin iddianı qəbul etdiyi hallarda, qərarın əsaslandırma hissəsində yalnız iddianın cavabdeh tərəfindən qəbul edildiyi onun məhkəmə tərəfindən təsdiq olunduğu göstərilə bilər. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatını, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırki iş üzrə iddiaçı cavabdeh inzibati orqan tərəfindən aparılmış kameral vergi yoxlamasının nəticəsində onun barəsində qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli, **********673400 nömrəli, 21 iyul 2023-cü il tarixli, **********283100 saylı, 21 iyul 2023-cü il tarixli **********285500 saylı qərarları mübahisələndirir. Cavabdeh inzibati orqan iddiaçı barəsində qeyd olunan qərarların qəbul edilməsini onunla əsaslandırmışdır ki, iddiaçı barəsində həyata keçirilmiş kameral vergi yoxlaması çərçivəsində iddiaçı tərəfindən anbar binasının tikintisi üçün ƏDV dəyəri 10800,54 manat və 273307,77 manat olan xidmətlər əldə edilmiş, həmin xidmətlərin həyata keçirilməsi üçün onun bank hesabına Azərbaycan Təhsil İşçiləri X3 Respublika Komitəsi tərəfindən maliyyə yardımı daxil olmuş və maliyyə yardımı ƏDV-nin məqsədləri üçün vergiyə cəlb olunan əməliyyat sayılmadığından, iddiaçının həmin mallar alınarkən ödənilmiş ƏDV məbləğlərini əvəzləşdirmək hüququ olmamış, bu səbəbdən də əvəzləşdirilmiş ƏDV məbləğləri bərpa edilərək, 2022-ci ilin dekabr ayı üzrə 284108,31 manat əlavə vergi məbləği hesablanmışdır. Bundan başqa, ƏDV dəyəri 59828,8 manat və 7151,2 manat olan xidmətlər əldə edilmişdir, həmin xidmətlərə münasibətdə də də eyni əsaslarla əvəzləşdirmək hüququ olmadığından əvəzləşdirilmiş ƏDV məbləğləri bərpa edilərək, 2023-cü ilin aprel ayının ƏDV bəyannaməsi üzrə 66985,40 manat əlavə vergi məbləği hesablanmışdır. Daha sonra ƏDV dəyəri 98503,3 manat və 14033,9 manat olan xidmətlər əldə edilmiş, eyni əsaslarla 2023-cü ilin may ayının ƏDV bəyannaməsi üzrə 112537,2 manat vergi məbləği hesablanmışdır. Birinci instansiya məhkəməsinin qərarı ilə iddia təmin edilmişdir. Məhkəmə kollegiyası hazırki iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı kiçik yaylaq evləri və qısamüddətli qalmaq üçün sair yerlər tərəfindən xidmətlərin göstərilməsi fəaliyyəti ilə məğul olur. İşin mübahisəli halı iddiaçının ƏDV-yə cəlb olunan əməliyyat hesab edilməyən “maliyyə yardımı” hesabına həyata keçirdiyi anbar tikintisi ilə bağlı aldığı xidmətlər müqabilində ödədiyi ƏDV məbləğlərini əvəzləşdirilmək hüququnun olub-olmaması ilə bağlıdır. Belə ki, cavabdeh vergi orqanı hesab edir ki, iddiaçı anbar tikintisini “maliyyə yardımı” əsasında həyata keçirdiyindən və “maliyyə yardımı” da ƏDV-yə cəlb olunan əməliyyat hesab edilmədiyindən, alınmış xidmətlərə görə üçüncü şəxslərə ödənilmiş ƏDV məbləğlərinin Vergi Məcəlləsinin 175.6-cı maddəsinin tələbləri baxımından əvəzləşdirilməsi yolverilməzdir. Məhkəmə kollegiyası işin mübahisəli halı ilə bağlı ilk öncə onu qeyd edir ki, iddiaçının həyata keçirdiyi fəaliyyət növü (kiçik yaylaq evləri və qısa müddətli qalmaq üçün sair yerlər tərəfindən xidmətlərin göstərilməsi) üzrə əldə etdiyi gəlirləri VM-nin 159-cu maddəsinin tələbi baxımından ƏDV məqsədləri üçün vergiyə cəlb olunan əməliyyat hesab edilir. Bu isə o deməkdir ki, iddiaçı həyata keçirdiyi fəaliyyət çərçivəsində əldə etdiyi iş və xidmətlərə görə ödədiyi ƏDV məbləğləri vergitutulan əməliyyatlar bağlı həyata keçirilmiş ödəniş hesab edilir. İndiki halda iddiaçının sahibkarlıq fəaliyyətində istifadə etmək məqsədilə tikdirdiyi anbar ilə bağlı aldığı xidmətlər də ƏDV-nin məqsədləri üçün vergitutulan əməliyyatlar çərçivəsində baş tutmuş xidmətlər hesab edilir. Nəticə etibarilə iddiaçının həmin əməliyyatlarla bağlı ödədiyi ƏDV məbləğini əvəzləşdirmək hüququ mövcud olmuşdur. Belə ki, Vergi Məcəlləsinin 175.1. Bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, ƏDV tutulan əməliyyatlar üçün malların (işlərin, xidmətlərin) alışı zamanı ödənilmiş ƏDV məbləği əməliyyatın dəyəri alıcının bank və digər ödəniş hesabından həmin malları (işləri, xidmətləri) təqdim edən şəxsin bank və digər ödəniş hesabına, ƏDV məbləği ƏDV-nin depozit hesabına ödənildikdə əvəzləşdirilir. Həmin Məcəllənin 175.4-cü maddəsinə əsasən vergi ödəyicisi vergi tutulan əməliyyatlar və bu Məcəllənin 164-cü maddəsinə uyğun olaraq ƏDV-dən azad edilmiş əməliyyatlar aparırsa, ƏDV üzrə əvəzləşdirmə üçün vergi tutulan dövriyyənin ümumi dövriyyədəki xüsusi çəkisinə uyğun olaraq müəyyən edilən ƏDV-nin məbləği qəbul olunur. Vergi ödəyicisi tərəfindən ƏDV-yə cəlb edilən əməliyyatlarla yanaşı, ƏDV-dən azad olunan əməliyyatlar aparılarkən, bu əməliyyatlara aid olan mallar (işlər, xidmətlər) üzrə sənədləşdirilmiş məlumatlar əsasında ƏDV ödənilməklə və ƏDV-dən azad edilməklə mədaxil edilən malların (işlərin, xidmətlərin) ayrı-ayrılıqda uçotu aparıldığı halda, ƏDV tutulan əməliyyatlar üçün alınmış mallara (işlərə, xidmətlərə) görə ödənilmiş ƏDV-nin məbləği bu Məcəllənin 175.1-ci maddəsinə uyğun olaraq tam məbləğdə əvəzləşdirilir. Sadalanan normaların birgə təhlilindən aydın olur ki, vergi ödəyicisi vergi ödəyicisi tərəfindən ƏDV-yə cəlb edilən əməliyyatlar həyata keçirilirsə, ƏDV tutulan əməliyyatlar üçün alınmış mallara (işlərə, xidmətlərə) görə ödənilmiş ƏDV-nin məbləği bu Məcəllənin 175.1-ci maddəsinə uyğun olaraq tam məbləğdə əvəzləşdirilir. İşin hallarından da göründüyü kimi, iddiaçının fəaliyyəti ƏDV-yə cəlb olunan fəaliyyətdir ki, bu halda iddiaçının alınmış mallara (işlərə, xidmətlərə) görə ödənilmiş ƏDV-nin məbləğini tam məbləğdə əvəzləşdirmək hüququ vardır. Cavabdehin istinad etdiyi Vergi Məcəlləsinin 175.6-cı maddəsinə münasibətdə isə məhkəmə kollegiyası qeyd edir ki, qeyd olunan norma ƏDV-dən azad olunan, yaxud ƏDV-yə cəlb edilməyən əməliyyatlar aparan şəxslərə aid olduğundan və iddiaçının fəaliyyəti ƏDV-yə cəlb olunan fəaliyyət hesab edildiyindən həmin norma iddiaçıya münasibətdə tətbiq edilə bilməz. Belə ki, tikintinin hansı mənbə (indiki halda maliyyə yardımı) hesabına həyata keçirilməsi, ödənilmiş ƏDV məbləğlərinin əvəzləşdirilməsi baxımından hər hansı hüquqi əhəmiyyətə malik deyil. Əhəmiyyətli olan hal iddiaçının hansı fəaliyyətlə məşğul olmasıdır. Göründüyü kimi, indiki halda iddiaçı barəsində cavabdehin istinad etdiyi həmin xidmətlərin ƏDV-yə cəlb olunmayan əməliyyat olmasına dair qanunla müəyyən edilmiş əsasın olması aşkar olunmamışdır. Nəticə etibarilə, cavabdehin istinad etdiyi həmin əməliyyatlar VM-nin 175.6-cı maddəsinin dispoztiv şərltərinin təsiri altına düşməmişdir. Deməli, cavabdeh vergi orqanı tərəfindən iddiaçıya münasibətdə VM-nin 175.6-cı maddəsinin şərtlərini tətbiq etməklə, həmin əməliyyatların ƏDV məqsədləri üçün cəlb olunmayan əməliyyat kimi qiymət verməklə, habelə bu əsasa istinad etməklə, iddiaçının ƏDV məbləğini əvəzləşdirmək hüququnun olmaması kimi yanaşmaqla, qanunvericiliyin tələblərini pozmuşdur. Bundan əlavə, məhkəmə kollegiyası hesab edir ki, cavabdeh vergi orqanı tərəfindən vergi qanunvericiliyi ilə müəyyən edilmiş hesabat dövrlərinə dair müddətlərlə bağlı tələblərinə riayət edilməməsi hissəsində də birinci instansiya məhkəməsi tərəfindən işin hallarına düzgün hüquqi qiymət verilmişdir. Belə ki, iş materiallarından göründüyü kimi, "xxxx" MMC-yə və "xxxx" MMC-yə tikintiquraşdırma və söküntü işləri üzrə ƏDV məbləğləri 2021-2022-ci ildə ödənildiyi (iş materiallarında olan elektron qaimələr əsasında müəyyən edilmişdir) və həmin təqvim ayları üzrə təqdim edilmiş ƏDV bəyannamələrində əvəzləşdirildiyi halda, cavabdeh vergi orqanı qeyd olunan əvəzləşdirmələr ilə bağlı hesablamanı 2022-ci ilin dekabr ayları üzrə həyata keçirmişdir. Halbuki, ƏDV ödəyicisi təqvim ayı üzrə ƏDV bəyannaməsini növbətin ayın 20-dən gec olmayaraq vergi orqanına təqdim edir və həmin ay ərzində ƏDV tutulan əməliyyatlar çərçivəsində malların (işlərin, xidmətlərin) alışı zamanı ödənilmiş ƏDV məbləğini əvəzləşdirir. Vergi orqanı isə həmin bəyannamə üzrə kameral vergi yoxlamasını bəyannamənin təqdim edildiyi tarixdən 30 iş günü müddətində həyata keçirir. Qeyd olunan müddət bitdikdən sonra vergi orqanı verginin hesablanması üçün əlavə sənəd və ya mənbəyi məlum olan digər məlumat aşkar etdikdə, vergi ödəyicisinə 5 iş günü müddətində bu Məcəllənin 72.5-ci maddəsində nəzərdə tutulmuş dəqiqləşdirilmiş hesabatın 10 iş günü müddətində təqdim edilməsi barədə bildiriş göndərir. Göstərilən bildiriş üzrə verilmiş dəqiqləşdirilmiş bəyannamə üzrə yenidən kameral vergi yoxlaması keçirilə bilməz. (Vergi Məcəlləsinin 37.2, 37.2-1, 37.4, 72.1, 177.1, 177.2, 178 və 175.1-ci maddələri) Göstərilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh vergi orqanı "xxxx" MMC-yə və "xxxx" MMC-yə tikinti-quraşdırma və söküntü işləri ilə bağlı ödənilmiş ƏDV məbləğləri üzrə kameral vergi yoxlamasını həmin ödənişlərin əvəzləşdirildiyi 2021-2022-ci ilin müvafiq ayları (iş materiallarında olan elektron qaimələr) üzrə ƏDV bəyannamələrinin təqdim edildiyi tarixdən 30 iş günü müddətində həyata keçirməli olduğu halda, göstərilən müddəti ötürərək hesablamanı 2022-ci ilin dekabr ayı üzrə həyata keçirmişdir. Cavabdeh tərəfindən qeyd edilən müddətlərə əməl edilməsi halına istinad edilsə də, ona dair heç bir dəlili məhkəməyə təqdim edə bilməmişdir. Qeyd edilən hallara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh vergi orqanının iddiaçı barəsində qəbul etdiyi qərarları əsassız və qanunsuz olmuş, birinci instansiya məhkəməsi tərəfindən işin hallarına düzgün hüquqi qiymət verilmiş, gəldiyi nəticə düzgün olmuşdur. Nəticə etibarilə, cavabdeh inzibati orqanın apellyasiya şikayətinin dəlilləri iş materialları əsasında təkzib olunmaqla, heç bir dəlilə əsaslanmamış, əsassız olmuşdur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar müəyyən olunmadığından və apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-1(118)-2427/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(105)-313/2024
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-313/2024
23.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver