Məhkəmə qərarları › İş №2-1(105)-314/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-314/2023

28.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-314/2023 28.04.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayeva Hökümə Çingiz qızı (sədrlik edən və məruzəçi), Məmmədov Zahid Tahir oğlu və X1 ibarət tərkibdə, Hüseynli Aydın Hüseyn oğlunun katibliyi, İddiaçının etibarnamə üzrə nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Quba rayon İcra Hakimiyyətinə qarşı “növbədənkənar yaşayış sahəsi ilə təmin olunması” tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin 12 dekabr 2022ci il tarixli, 2-1(118)-2773/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ: İddiaçı məxsus H3 seriyalı, ******* nömrəli hərbi biletin qeydlərinə əsasən o, 21 oktyabr 1993-cü il tarixdən 10 fevral 1996-cı il tarixədək həqiqi hərbi xidmətdə olmuşdur. AR Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2016-cı il tarixli, 469 nömrəli qərarına əsasən Quba RHK tərəfindən 1994-cü ildə hərbi xidmətə çağırılmış İddiaçı hərbi xidmət dövründə xx.xx.1995-ci ildə aldığı və xx.xx.1995-ci ildən xx.xx.1995-ci ilə kimi N saylı hərbi hissədə müayinə və müalicə olunduğu travma – diaqnoz: “Hər iki ayağın ayaqdarağı sümüklərinin 1/3 səviyyəsində amputasiyası, sol pəncənin daban hissənin nekrotik toxumalarının kəsilməsi əməliyyatı (06.02.95)” və xx.xx.1995-ci ildən xx.xx.1995-ci ilə kimi Müdafiə Nazirliyi Mərkəzi Hərbi Hospitalda müayinə və müalicə olunduğu travmanın nəticəsi-diaqnoz: “İV dərəcəli donvurma nəticəsində sağ pəncənin ayaqdarağı-falanqa səviyyəsində, dəri defekti ilə sol pəncənin ayaqdarağı sümüklərinin distal metafizi səviyyəsində amputasion güdüllər” (Azərbaycan Respublikası SHXÇDX-nin Quba rayon şöbəsinin xx.xx.2016-cı il tarixli 627 nömrəli göndərişi, xx.xx.2016-cı il tarixli, 130 nömrəli arayışı, xəstəlik tarixlərindən çıxarışlar, MN MHHK-nın həkim mütəxəssisinin və cərrahın rəyləri ilə təsdiq edilir), “Hərbi travmadır, Hərbi xidmət vəzifələrini (xidməti vəzifələrini) yerinə yetirərkən alınmışdır” kimi qeyd edilmişdir. TSEK-in elektron informasiya sistemindən çıxarışa əsasən iddiaçıya “Hər iki ayağın İİİ-İV dərəcəli donmasından sonrakı vəziyyət. Ayağın digər hissələrinin travmatik amputasiyası, sağ ayaq darağı falanqa səviyyəsində sol ayaq darağı, distal ucunun amputasiyası. Digər artrozlar, hər iki aşıq baldır ayaq darağı oynaqlarının artozu, ağrı sindromu. Hərəkətin və yerişin pozulmaları” diaqnozu ilə xx.xx.2016-cı il tarixdən müddətsiz ikinci dərəcəli əlillik təyin edilmişdir. Quba rayon İcra Hakimiyyəti Başçısının 29 oktyabr 2019-cu il tarixli, 111 saylı sərəncamına əsasən İddiaçı İİ qrup hərbi xidmət əlili kimi yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması qərara alınmışdır. İddiaçı cavabdeh Quba rayon İcra Hakimiyyətinə ərizə ilə müraciət edərək hərbi xidmət əlili kimi mənzillə təmin edilməsini xahiş etmişdir. Cavabdehin 18 may 2022-ci il tarixli, 936/2 saylı məktubu ilə iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. İmtina onunla əsaslandırılmışdır ki, hazırda rayonun dövlət mənzil fondunda boş yaşayış sahəsi yoxdur. Digər tərəfdən, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” 20 iyun 20N-cü il tarixli 569 nömrəli və “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında” 25 yanvar 2021-ci il tarixli, 2449 nömrəli Sərəncamlarının icrası ilə əlaqədar müvafiq imtiyaza malik şəxslərin aidiyyəti üzrə mərhələrlə mənzil və ya fərdi evlə təmin edilməsi prosesi həyata keçirilir. Daha sonra iddiaçı yenidən eyni tələblə cavabdehə müraciət etmiş, cavabdehin 27 iyul 2022-ci il tarixli, 743/2 saylı məktubu ilə müraciətə eyni məzmunda imtina cavabı verilərək bildirilmişdir ki, hazırda rayonun dövlət mənzil fondunda boş yaşayış sahəsi yoxdur. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə aidiyyəti üzrə yaşayış sahəsinə ehtiyacı olan qismində qeydiyyata götürülmüş müvafiq imtiyaza malik şəxslərin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən mərhələlərlə mənzil və ya fərdi evlə təmin edilməsi prosesi həyata keçirilir. Verilən imtina cavabı ilə razılaşmayan iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək hərbi xidmət vəzifələrinin icrası zamanı əlil olmuş şəxs kimi növbədənkənar yaşayış sahəsi ilə təmin olunması vəzifəsinin caabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ: a) Birinci instansiya məhkəməsindəki icraat İddia onunla əsaslandırılmışdır ki, iddiaçı 1994-cü ilin iyun ayından 1995-ci ilin fevral ayınadək Müdafiə Nazirliyinin tərkibində N saylı hərbi hissədə düşmənlə həmsərhəd ərazidə xidmət etmişdir. 1995-ci ilin fevral ayında Silahlı Qüvvələrdən ehtiyata buraxılmış, 2-ci qrup hərbi əlil, prezident təqaüdçüsü, ehtiyatda olan əsgərdir. xx.xx.1995-ci il tarixdə N saylı hərbi hissədə hərbi xidmət vəzifələrini yerinə yetirən zaman travma almış, hər iki ayaq barmaqları amputasiya edilmiş, hal-hazırda xəstəliyi ilə bağlı daimi müalicə və müayinələrdə olur. xx.xx.2019-cu ildən Quba rayon İcra Hakimiyyətində özü və ailə üzvləri imtiyazlı şəxs qismində mənzillə təmin olunmaq barədə uçota alınmışdır. Hərbi xidmət vəzifələrinin icrası zamanı əlil olmuş şəxs kimi növbədənkənar yaşayış sahəsi ilə təmin olunması üçün cavabdehə və digər dövlət orqanlarına dəfələrlə müraciət etsə də, müraciəti müsbət həllini tapmamışdır. Sumqayıt İnzibati Məhkəməsinin 12 dekabr 2022-ci il tarixli, 2-1(118)-2773/2022 nömrəli qərarı ilə iddia tələbi təmin edilmiş, iddiaçının hərbi xidmət vəzifələrinin icrası zamanı əlil olmuş şəxs kimi növbədənkənar yaşayış sahəsi ilə təmin olunması öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. (hakim V.Əzizova). Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri İşə baxan məhkəmə qeyd olunan tələbin Rayon İcra Hakimiyyətinin səlahiyyətinə aid olub-olmamasını yoxlamalı idi. Belə ki, məhkəmə qərarını əsaslandırdığı Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında” 25 yanvar 2021-ci il tarixli Sərəncamında göstərilmişdir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 20N-cü il yanvarın 1-dən 2020-ci il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış və Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin 2021-2025-ci illər ərzində mərhələlərlə mənzil və ya fərdi evlə təmin edilməsi üçün Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla tədbirlər planını təsdiq edib həyata keçirməlidir. Həmin Sərəncamda Rayon İcra Hakimiyyətlərinin üzərinə qoyulmuş vəzifə yuxarıda göstərilən şəxslər barədə məlumatların Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim edilməsindən ibarətdir. Həmçinin, Rayon İcra Hakimiyyəti dövlət təsisatı olaraq dövlət büdcəsindən maliyyələşir. Onun müvafiq icra hakimiyyəti orqanı kimi iddiaçının statusunda olan şəxslər üçün yaşayış yeri ilə əlaqədar (hüququ olan şəxslərə kirayə haqqı ödənilməsi istisna) müvafiq vəsait ayırmaq səlahiyyəti yoxdur. Hesab edir ki, birinci instansiya məhkəməsinin qərarının əsaslandırıcı hissəsi işin mahiyyətinə uyğun deyildir. Məhkəmə “Hərbi qulluqçuların statusu haqqında” Qanunun 12.2-ci maddəsinin 5ci abzasına istinad edərək, mənzil və fərdi yaşayış evinin tikintisi üçün növbədənkənar torpaq sahəsinin ayrılmasından bəhs etsə də, iddiaçının növbədənkənar torpaq sahəsi ilə təmin olunmaq üçün Rayon İcra Hakimiyyətinə müraciəti olmamışdır. Həmin qanunun norması məhz torpaq sahələrinə münasibətdə nəzərdə tutulmuşdur. Məhkəmə cavabdehin iddiaçını yeni yaşayış sahəsi ilə təmin etmək imkanı olmadığını araşdırmamışdır. İddiaçı da cavabdehin onu növbədənkənar yaşayış sahəsi ilə təmin etmək üçün belə imkana malik olmasına dair məhkəməyə sübut təqdim etməmişdir. Həmçinin, cavabdeh tərəfindən yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış vətəndaşların (şəhid ailələri, müharibə əlilləri və s.) hər biri dövlət tərəfindən mərhələli şəkildə mənzillə təmin edilmək hüququna malikdir. Onların hər hansı birinin növbədənkənar şəkildə bu hüquqdan yararlanması digər eyni imtiyazlı şəxsin hüququnun pozulması hesab edilir. Eyni zamanda, məhkəmə qərarında iddiaçıya hansı səbəblərə görə belə bir hüququn verilməli olduğu əsaslandırmamışdır. Hesab edir ki, məhkəmə mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmamışdır. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının etibarnamə üzrə nümayəndəsi apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək, iddia ərizəsi ilə eyni məzmunda izahat verərək birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsə də, nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, gəlməməyin səbəbləri haqqında məlumat verməmişdir. İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etdi. TƏTBİQ EDİLƏN HÜQUQ Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 16. Sosial inkişaf və dövlət 16.1. Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır. Maddə 43. Mənzil hüququ (-) 43.2. Dövlət yaşayış binalarının və evlərin tikintisinə rəvac verir, insanların mənzil hüququnu gerçəkləşdirmək üçün xüsusi tədbirlər görür. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi: Maddə 48. Sosial kirayə müqaviləsi əsasında verilən yaşayış sahələri 48.1. Sosial kirayə müqavilələri əsasında bu Məcəllə ilə və digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara, o cümlədən sosial müdafiəyə ehtiyacı olan aztəminatlı gənclərə dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri verilir. Maddə 56. Yaşayış sahəsinə ehtiyacı olan qismində uçotda duran vətəndaşlara sosial kirayə müqavilələri əsasında yaşayış sahələrinin verilməsi (-) 56.3. Yaşayış sahələrinə ehtiyacı olan qismində uçotda duran vətəndaşlara sosial kirayə müqaviləsi ilə yaşayış sahələri müvafiq icra hakimiyyəti orqanının və ya müvafiq bələdiyyə orqanının qərarına əsasən verilir. Sosial kirayə müqaviləsi ilə yaşayış sahəsinin verilməsinə dair qərar onun qəbul edildiyi gündən üç iş günündən gec olmayaraq barələrində belə qərar qəbul edilmiş vətəndaşlara verilir və ya göndərilir. “Hərbi qulluqçuların statusu haqqında” Qanun: Maddə 12. Hərbi qulluqçuların mənzillə və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsilə təmin olunmaq hüququ (-) 2-ci hissə. 5-ci bənd. Hərbi xidmət vəzifələrinin icrası ilə əlaqədar əlilliyi müəyyən edilmiş və bununla əlaqədar hərbi xidmətdən buraxılmış hərbi qulluqçulara seçdikləri yaşayış yerində mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi növbədənkənar verilir. “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 25 yanvar 2021-ci il tarixli, 2449 nömrəli Sərəncamı

1. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi aşağıdakı şəxslərin (ailələrin) 2021–2025-ci illər ərzində mərhələlərlə mənzil və ya fərdi evlə təmin edilməsi üçün Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla tədbirlər planını təsdiq edib həyata keçirsin: 1.1. 20N-cü il yanvarın 1-dən 2023-cü il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış və Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər və şəhid ailələri, habelə uçota alınma tarixindən asılı olmayaraq, Çernobıl AES-də qəzanın ləğvi (o cümlədən hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) yerinə yetirilməsi) ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər; 1.2. yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış və 2020–2022-ci illərdə aparılan hərbi əməliyyatlar zamanı Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər və şəhid ailələri.

2. Yerli icra hakimiyyəti orqanları: 2.1. bu Sərəncamın 1.1-ci və 1.2-ci bəndlərində göstərilən şəxslər barədə məlumatları Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim etsinlər; 2.2. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müraciəti əsasında bu Sərəncamın 1-ci hissəsində göstərilən məqsədlər üçün torpaq sahələrinin ayrılmasını təmin etsinlər və hər il görülmüş işlər barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versinlər. (-). “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin icrasının təmin edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 24 may 2010-cu il tarixli 272 saylı Fərmanı

1. Müəyyən edilsin ki: (-) 1.3. Mənzil Məcəlləsinin 28.4-5-ci maddəsində nəzərdə tutulmuş orqanın (qurumun) və 56.3-cü maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini yerli (rayon, şəhər və şəhər rayonu) icra hakimiyyəti orqanları həyata keçirir; (-).

“Yerli icra hakimiyyətləri haqqında Əsasnamə” nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı: (-)

4. Yerli icra hakimiyyəti başçısının səlahiyyətləri (-) 4.9. Şəhər və mənzil-kommunal təsərrüfatı və abadlaşdırma sahələrində: (-) 4.9.8. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi ilə müəyyən edilmiş qaydada dövlət mənzil fondunun yaşayış sahələrini sosial kirayə müqaviləsi əsasında vətəndaşlara vermək; (-).

Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.

APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası tərəflərin dinlənilmə hüququnu təmin edib, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, birinci instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, prosessual hüquq normalarının tələblərinə riayət edilmişdir. Hazırki işin hallarından görünür ki, tərəflər arasında yaranmış mübahisə iddiaçıya hərbi xidmət əlili kimi növbədənkənar yaşayış sahəsinin verilməsi barədədir. Birinci instansiya məhkəməsi iddianı təmin etmiş və bunu onunla əsaslandırmışdır ki, iddiaçı Azərbaycan Respublikası Prezidentinin xx.xx.2021-ci il tarixli sərəncamında sadalanan və qanunvericiliyin tələblərinə əsasən növbədənkənar mənzillə təmin olunmalı olan şəxslərə aiddir. Məhkəmə hesab edir ki, cavabdehin rayonun mənzil fondunda boş mənzilin olmaması barədə dəlili iddiaçının yaşayış sahəsi ilə təmin olunmaq hüququnun məhdudlaşdırılması üçün əsas ola bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Yuxarıda qeyd edilən hərbi qanunvericilik aktları ilə hərbi qulluqçuların konstitusion hüquq, azadlıq və vəzifələri konkretləşdirilmiş və mühüm dərəcədə inkişaf etdirilmişdir. Belə ki, hərbi qulluqçuların və onların ailə üzvlərinin güzəştləri sosial iqtisadi və mədəni həyat fəaliyyətinin müxtəlif sahələrinə aiddir və onlardan asılı olaraq həmin güzəştlər əmək üzrə, təhsil sahəsində, sosial sığorta sahəsində, maliyyə, mənzil və səhiyyə sahəsində güzəştlərə bölünürlər. Həmin güzəştlər sırasında hərbi qulluqçuların, həmçinin, mənzillə təmin olunmaq hüququnun da qanunvericiliklə tənzimlənməsi vacib məsələlərdəndir. Qanunverici, hərbi xidmətin xüsusi xarakterini və dövlət qulluğunun digər növlərindən üstünlüyünü nəzərə alaraq nəinki həqiqi hərbi xidmətdə olan, hətta həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya buraxılmış şəxslərin də mənzil şəraitinin yaxşılaşdırılması bu zaman güzəşt və kompensasiyalarla təmin edilməsini nəzərdə tutmuşdur. Belə ki, “Hərbi qulluqçuların statusu haqında” Qanunun 12-ci maddəsinin 2-ci hissəsinin 5-ci bəndində qeyd olunmuşdur ki, hərbi xidmət vəzifələrinin icrası ilə əlaqədar əlilliyi müəyyən edilmiş və bununla əlaqədar hərbi xidmətdən buraxılmış hərbi qulluqçulara seçdikləri yaşayış yerində mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi növbədənkənar verilir. İstinad olunan normaya əsasən hərbi qulluqçulara mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinin növbədənkənar verilməsi üçün 3 şərtin məcmu şəklində birgə mövcudluğu tələb olunur: 1) Əlilliyi müəyyən edilməli; 2) Bu əlillik hərbi xidmət vəzifələrinin icrası ilə əlaqədar müəyyən edilmiş olmalı; 3) Hərbi xidmətdən buraxılma 2-ci şərtlə əlaqədar olmalıdır. Məhkəmə kollegiyası qeyd olunan şərtlərlə bağlı qeyd edir ki, işin müəyyən edilmiş və tərəflər arasında mübahisələndirilməyən faktiki hallarından göründüyü kimi iddiaçıya “Hər iki ayağın İİİ-İV dərəcəli donmasından sonrakı vəziyyət. Ayağın digər hissələrinin travmatik amputasiyası, sağ ayaq darağı falanqa səviyyəsində sol ayaq darağı, distal ucunun amputasiyası. Digər artrozlar, hər iki aşıq baldır ayaq darağı oynaqlarının artozu, ağrı sindromu. Hərəkətin və yerişin pozulmaları” diaqnozu ilə xx.xx.2016-cı il tarixdən müddətsiz ikinci dərəcəli əlillik təyin edilmişdir. Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2016-cı il tarixli, 469 nömrəli qərarına əsasən, iddiaçının hərbi xidmət zamanı aldığı xəsarətlərin səbəb əlaqəsi – “Hərbi travmadır, Hərbi xidmət vəzifələrini (xidməti vəzifələrini) yerinə yetirərkən alınmışdır” kimi müəyyən edilmiş, yuxarıda qeyd edildiyi kimi xx.xx.2016-cı ildə iddiaçının əlilliyi məhz həmin səbəb əlaqə ilə müəyyən edilmişdir. Hərbi xidmətdən buraxılmanın hərbi xidmət vəzifələrinin icrası ilə əlaqədar olması ilə bağlı 3-cü şərtə münasibətdə kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq Azərbayca Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Quba rayon şöbəsinin xx.xx.2022-ci il tarixli, 322 saylı arayışından görünür ki, iddiaçı xx.xx.1993-cü il tarixdə keçmiş Quba RHK tərəfindən müddətli həqiqi hərbi xidmətə çağırılaraq N saylı hərbi hissəyə təhvil verilmişdir. xx.xx.1994-cü il tarixdən xx.xx.1996-cı tarixədək müddətli həqiqi hərbi xidmət keçmişdir. xx.xx.1995-ci il tarixdə AR Müdafiə Nazirinin 1987-ci il tarixli, 260 saylı qərarı ilə təsdiq edilmiş xəstəliklər cədvəlinin 43-cü maddəsinin “a” bəndinə əsasən “Dinc dövrdə, hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı” hesab edilmişdir. xx.xx.1996-cı il tarixdə AR Baş Qərargah Rəisinin №3/5-9043 mad.18.p.”b” qərarına əsasən ehtiyata buraxılmışdır. xx.xx.1996-ci il tarixdən SHXŞDX-nin Quba rayon şöbəsində hərbi qeydiyyatdadır. Göründüyü kimi iddiaçıya münasibətdə qeyd olunan normanın hər üç şərtinin ödənildiyi müəyyən edilir. Yəni iddiaçı “Hərbi qulluqçuların statusu haqqında” Qanunun 12ci maddəsinin 2-ci hissəsinin 5-ci bəndində nəzərdə tutulan “hərbi xidmət vəzifələrini yerinə yetirərkən əlil olmuş şəxs” statusunda olmaqla onun növbədənkənar mənzillə təmin olunma hüququ vardır. Həmçinin, “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 25 yanvar 2021-ci il tarixli, 2449 nömrəli Sərəncamında 2021–2025-ci illər ərzində mərhələlərlə mənzil və ya fərdi evlə təmin edilməsi nəzərdə tutulan şəxslər siyahısına 20N-cü il yanvarın 1-dən 2023-cü il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış və Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər və şəhid ailələri, habelə uçota alınma tarixindən asılı olmayaraq, Çernobıl AES-də qəzanın ləğvi (o cümlədən hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) yerinə yetirilməsi) ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış və 2020–2022-ci illərdə aparılan hərbi əməliyyatlar zamanı Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər və şəhid ailələri daxil edilmişdir. (1.1-ci və 1.2-ci bənd). İddiaçının da “yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış və Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər” kateqoriyası aid olması cavabdeh tərəfindən mübahisələndirilmir. Cavabdehin apellyasiya şikayətinin dəlilləri iki hissədən ibarətdir: 1) Yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış şəxslərdən hər hansı birinin növbədənkənar şəkildə bu hüquqdan yararlanması digər eyni imtiyazlı şəxslərin hüquqlarının pozulması hesab edilir; 2) Cavabdehin müvafiq icra hakimiyyəti orqanı kimi iddiaçının statusunda olan şəxslər üçün yaşayış yeri ilə əlaqədar müvafiq vəsait ayırmaq səlahiyyəti yoxdur. Məhkəmə kollegiyası cavabdehin 1-ci dəlilinə münasibətdə qeyd edir ki, hərbi xidmət vəzifələrinin icrası ilə əlaqədar əlilliyi müəyyən edilmiş və bununla əlaqədar hərbi xidmətdən buraxılmış hərbi qulluqçulara seçdikləri yaşayış yerində mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinin növbədənkənar verilməsi “Hərbi qulluqçuların statusu haqında” Qanunun 12-ci maddəsinin 2-ci hissəsinin 5-ci bəndindən irəli gələn imperativ tələbdir ki, yuxarıda qeyd olunan araşdırma ilə iddiaçının həmin şəxslər qrupuna aid olduğu müəyyən edilmişdir. Bu baxımdan, şikayətin 1-ci dəlili əsassızdır. Cavabdehin 2-ci dəlilini də əsassız hesab edən kollegiya qeyd edir ki, onun iddiaçını mənzillə təmin etmək vəzifəsi Mənzil Məcəlləsinin və yuxarıda istinad edilən normaların tələblərindən irəli gəlir. Belə ki, Mənzil Məcəlləsinin 56.3-cü maddəsinə görə yaşayış sahələrinə ehtiyacı olan qismində uçotda duran vətəndaşlara sosial kirayə müqaviləsi ilə yaşayış sahələri müvafiq icra hakimiyyəti orqanının və ya müvafiq bələdiyyə orqanının qərarına əsasən verilir. “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin icrasının təmin edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 24 may 2010-cu il tarixli 272 saylı Fərmanının 1-ci və 1.3-cü bəndində qeyd edilir ki, Mənzil Məcəlləsinin 56.3-cü maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı” nın səlahiyyətlərini yerli (rayon, şəhər və şəhər rayonu) icra hakimiyyəti orqanları həyata keçirir. Həmçinin, Azərbaycan Respublikası Prezidentinin yuxarıda qeyd olunan 25 yanvar 2021-ci il tarixli, 2449 nömrəli Sərəncamının 2-ci bəndi ilə yerli icra hakimiyyəti orqanları tərəfindən bu Sərəncamın 1.1-ci və 1.2-ci bəndlərində göstərilən şəxslər barədə məlumatların Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim edilməsi qərara alınmışdır. “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə” nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanının 4cü, 4.9-cu və 4.9.8-ci bəndlərinə əsasən şəhər və mənzil-kommunal təsərrüfatı və abadlaşdırma sahələrində Azərbaycan Respublikasının Mənzil Məcəlləsi ilə müəyyən edilmiş qaydada dövlət mənzil fondunun yaşayış sahələrini sosial kirayə müqaviləsi əsasında vətəndaşlara vermək yerli icra hakimiyyəti başçısının səlahiyyətlərinə aid edilmişdir. Qeyd olunan hüquq normalarının qarşılıqlı təhlili nəticəsində belə nəticəyə gəlinir ki, iddiaçının aid olduğu kateqoriyadan olan 20N-cü il yanvarın 1-dən 2023-cü il yanvarın 1dək yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış və Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər barədə məlumatların Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim edilməsi yerli icra hakimiyyəti orqanlarının, dövlət mənzil fondunun yaşayış sahələrini sosial kirayə müqaviləsi əsasında həmin şəxslərə vermək isə məhz yerli icra hakimiyyəti başçılarının səlahiyyətlərinə aid edilmişdir. Belə olan halda, kollegiya hesab edir ki, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassızdır. Qeyd olunanlara əsasən işə apellyasiya qaydasında məhkəmə kollegiyası birinci instansiya məhkəməsi iddia tələbini təmin etməklə düzgün nəticəyə gəlmişdir, məhkəmə qərarının ləğv edilməsi üçün əsaslar müəyyən edilmir. Odur ki, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.

NƏTİCƏVİ HİSSƏ:

Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 12 dekabr 2022-ci il tarixli, 2-1(118)-2773/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi N, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar