Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-314/2024 23.04.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı iş üzrə (Açar sözlər: daşınmaz əmlaka dair mülkiyyət hüququnun ölmüş şəxsə məxsus olması barədə arayışın verilməsi) Sədrlik edən və məruzəçi hakim X2, hakimlər Babayeva Hökümə Çingiz qızı və Quliyev İsmayıl Rza oğlundan ibarət tərkibdə, Səfərli Fidan Nuru qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “Quba rayon Vəlvələ Bələdiyyəsinin xx.xx.2002-ci il tarixli 10 saylı qərarı ilə ayrılmış Quba rayonu Çiçi kəndində yerləşən 0,30 ha torpaq sahəsi üzərində mülkiyyət hüqunun mərhum atası X5 məxsus olması barədə arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(118)-1320/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları Quba rayon Vəlvələ Bələdiyyəsinin 20 sentyabr 2002-ci il tarixli 10 nömrəli qərarı əsasında X6 0.30 ha torpaq sahəsi satılmışdır. Ölüm haqqında şəhadətnamənin sürətindən görünür ki, X8 xx.xx.2016-cı il tarixdə ölmüşdür. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Abşeron Ərazi İdarəsinin iddiaçıya ünvanladığı xx.xx.2021-ci il tarixli bildirişdən görünür ki, 0.30 ha torpaq sahəsi Quba rayonu Vəlvələ bələdiyyəsinin xx.xx.2002-ci il tarixli 10 saylı qərarı əsasında tərtib olunmuş torpaqların alqısatqısına dair aktda ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayon şöbəsin iştirakı təmin edilməmişdir. Belə ki, alqı-satqı aktında DTXKnin Quba rayon şöbəsinin möhürü və qeydi yoxdur. Həmin torpaq sahəsinin ayrılması ilə bağlı DT və XK-nin Quba rayon şöbəsinin və Quba Rayon İcra Hakimiyyətinin memarlıq şöbəsinin rəyi əlavə edilməmişdir. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, İddiaçı mülkiyyətində olan Quba rayonu, Çiçi kəndində 0.30 ha torpaq sahəsinin yerləşdiyi ərazidən "xxxx" ASC-yə məxsus elektrik verilişi xətti keçmir. Cavabdehin müayinə aktından görünür ki, torpaq sahəsinə naturada (yerdə) baxış keçirdik, mübahisəli torpaq sahəsinin koordinatları GPS aləti vasitəsi ilə naturadan (yerdən) götürülmüşdür. Mübahisəli torpaq sahəsi faktiki olaraq iki hissədən ibarətdir. Həmin iki hissədən ibarət olan torpaq sahəsinin bir hissəsində taxıl emalı sexi (dəyirman) və köməkçi tikililər mövcuddurvə iddiaçının öz istifadəsindədir qonşu torpaq mülkiyyətçiləri ilə heç bir mübahisə qeydə alınmamışdır. Digər hissəsi isə dəmir tor və ağacla hasarlanmışdır faktiki olaraq başqa şəxs tərəfindən istifadə olunur və həmin hissə mübahisəlidir. Kameral araşdırma nəticəsi olaraq bildiririk ki, iddiaçının iddia etdiyi torpaq sahəsi (iki hissədən ibarətdir) ümumilikdə 0.3853 ha (0.1838 ha və 0.2015 ha) təşkil edir. 0.1838 ha torpaq sahəsinin cənub şərq istiqamətindən 5.5 m metr məsafədən, digər hissənin (0.2015 ha hissəsinin) daxilindən 10 kv-luq hava elektrik xətti keçir. İddiaçının iddia etdiyi 0.2015 ha torpaq sahəsi baza məlumatlarında olan DWJ xəritələrində Kənd təsərrüfatı təyinatlı olub uqodiyası örüş kimi göstərilsə də torpaqların elektron kadasr uçotu informasiya sistemində (TEKUİS) həmin torpaq sahəsi Kənd təsərrüfatı təyinatlı olub uqodiyası Təhsil, Səhiyyə, Mədəniyyət, Nəqliyyat, Rabitə və Digər Sosial və İctimai Tikinti Altında Olan Torpaqlar kimi göstərilmişdir və AZCAD məlumatlarına əsasən JN-123 nömrəli Dövlət Aktı ilə üst-üstə düşür. Lakin JN-123 nömrəli Dövlət Aktı barəsində DBF siyahısında və baza məlumatlarında olan DWJ xəritələrində heç bir məlumat mövcud deyildir. Sözügedən mübahisəli hissənin (0.2015 ha-nın) yerləşmə mövqeyi ilə Quba rayonu Vəlvələ bələdiyyəsinin və Quba RİH-nin Memarlıq və tikinti şöbəsinin təsdiq etdiyi sxemdə göstərilən torpaq sahəsinin yerləşmə mövqeyi uyğunluq təşkil edir. İddiaçının iddia etdiyi 0.1838 ha torpaq sahəsi baza məlumatlarında olan DWJ xəritələrində Kənd təsərrüfatı təyinatlı olub uqodiyası ictimai tikinti altında olan torpaq kimi göstərilsə də torpaqların elektron kadasr uçotu informasiya sistemində (TEKUİS) həmin torpaq sahəsi Kənd təsərrüfatı təyinatlı olub uqodiyası Təhsil, Səhiyyə, Mədəniyyət, Nəqliyyat, Rabitə və Digər Sosial və İctimai Tikinti Altında Olan Torpaqlar kimi göstərilmişdir və heç bir mülkiyyət sənədi ilə üst-üstə düşmür. Sözügedən mübahisəli hissənin (0.1838 ha-nın) yerləşmə mövqeyi ilə Quba rayonu Vəlvələ bələdiyyəsinin və DT və XK-nin Quba rayon şöbəsinin təsdiq etdiyi sxemdə göstərilən torpaq sahəsinin yerləşmə mövqeyi uyğunluq təşkil edir. Tərəfimizdən mübahisəli torpaq sahəsinə dair sxem tərtib olunmuş koordinatlar və ortofoto görüntülər işə əlavə edilmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, Quba rayonu Çiçi kəndində yerləşən 0,30 ha torpaq sahəsinə dair mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyesrində mərhum X3 adına mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə daşınmaz əmlakın dövlət reyestrdən çıxarışın verilməsini öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi və vəkili iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək,“Quba rayon Vəlvələ Bələdiyyəsinin xx.xx.2002-ci il tarixli 10 saylı qərarı ilə ayrılmış Quba rayonu Çiçi kəndində yerləşən 0,30 ha torpaq sahəsi üzərində mülkiyyət hüqunun mərhum atası X6 məxsus olması barədə arayışın verilməsi öhdəliyinin cavabbdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, mərhum atası X3 Quba rayonu, Vəlvələ kəndində yerləşən 0,30 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reystrində qeydiyyata alınmasına dair ərizə ilə cavabdeh idarəyə müraciət edərək, Quba rayonu, Vəlvələ kəndində yerləşən mərhum atası X1 0,30 ha torpaq sahəsinə mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reystrində X4 adına qeydə alınmasını xahiş etmişdir. Cavabdeh isə özünün xx.xx.2021-ci il tarixli **********56 qeydiyyat nömrəli daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə bildirişlə Quba rayonu, Çiçi kəndində yerləşən 0,30 ha torpaq sahəsinə mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtina etmişdir. Halbuki, İddiaçı ayrılmış 0,30 ha torpaq sahəsində dəyirman tikintisi icazə verilməsi barədə Quba rayon İcra Hakimiyyəti Başçısının 11 oktyabr 2002-ci il tarixli 139 saylı sərəncamı olmuş, İddiaçı dəyirman tikintisi üçün ayrılmış 0,30 ha torpaq sahəsinin seçilməsi və ayrılması barədə aidiyyəti qurumların rəhbərlərinin tərtib etdiyi aktlarda həmin qurumların, eləcə də, DTXK-nin Quba rayon şöbəsinin və Quba Rayon İcra Hakimiyyətinin Memarlıq və Tikinti İşləri Şöbəsinin səlahiyyətli şəxslərin həmin torpaq sahəsinin ayrılmasının məqsədə uyğun hesab edilməsi barədə razılıqları olmuş və həmin sənədlərdəki imzaları və müvafıq qurumların möhürləri ilə torpaq sahəsinin ayrılmasına öz razılıqlarını bildirmişlər. X7 0,30 ha torpaq sahəsi satılmasına dair Quba rayon Vəlvələ bələdiyyəsinin 20 sentyabr 2002-ci il tarixli, 10 saylı Qərarına əsasən və tərtib olunmuş digər sənədlər əsasında X9 15 oktyabr 2002-ci il tarixdə Azərbaycan Respublikası Beynəlxalq Bankın Quba rayon şöbəsinə 700 000 manat pul ödəyərək qeyd olunan torpaq sahəsini almış və hazırkı vaxta kimi vaxtlı-vaxtında torpaq vergisi ödənilməklə torpaqdan təyinatı üzrə istifadə edilir. 20 ildən aıtıq müddətdir ki, həmin əmlaka sahiblik etməklə fasiləsiz olaraq ondan istifadə etmiş və zəruri rüsumların vaxtlı-vaxtında ödəməsi təmin edilmişdir. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh iddia tələbinə qarşı etirazında qeyd etmişdir ki, sözügedən 0.30 ha torpaq sahəsi Quba rayonu Vəlvələ bələdiyyəsinin xx.xx.2002-ci il tarixli 10 saylı qərarı əsasında tərtib olunmuş torpaqların alqı-satqısına dair aktda ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayon şöbəsin iştirakı təmin edilməmişdir. Belə ki, alqı-satqı aktında DTXKnin Quba rayon şöbəsinin möhürü və qeydi yoxdur. Bundan əlavə ərizəyə 0.30 ha torpaq sahəsinin ayrılması ilə bağlı DTXK-nin Quba rayon şöbəsinin və Quba rayon İcra Hakimiyyətinin memarlıq şöbəsinin rəyi əlavə edilməmişdir. Qeyd olunan səbəblərdən ərizənin icrası Ərazi idarəsi tərəfindən mümkün olmamışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(118)-1320/2023 nömrəli qərarı ilə iddia qismən təmin edilmiş, Quba rayon Vəlvələ Bələdiyyəsinin 20 sentyabr 2002-ci il tarixli 10 nömrəli qərarı ilə mərhum X5 ayrılmış torpaq sahələrindən 0.20 ha torpaq sahəsi üzərində onun mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq və bu barədə arayışın verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə həvalə olunması, iddianın qalan hissədə təmin edilməməsi qərara alınmışdır (hakim Ceyhun Məmmədov). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, torpaq sahəsinin ayrılması ilə bağlı Vələvə Bələdiyyəsi tərəfindən 2002-ci ildə torpaq sahəsinin ayrılması haqqında qərar vermiş, lakin aktın qanunamüvafiq qaydada tərtib edilməsi Vəlvələ Bələdiyyəsinin əmlak sahibi kimi iradə ifadəsini əks etdirir və işin gedişatına bir o qədər də təsir göstərmir. Nəzərə alınmalıdır ki, alqı-satqı müqaviləsi özü-özlüyündə iki tərəfli əqd hesab edilir və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 357-ci maddəsində nəzərdə tutulmuş maddənin (Bəyənmə) tələbləri baxımından geriyə təsir qüvvəsinə malikdir. Ona görə də cavabdeh təşkilatın bu səpkidə gətirdiyi arqumenti əsassızdır. Bələdiyənin hesabına torpaq sahəsinin dəyərinin ödənilməsi həmin torpaq sahəsinin iddiaçının mülkiyyətinə verilməsinə dəlalət edir. Bundan başqa o da nəzərə alınmalıdır ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin və onun ərazi idarələrinin fəaliyyət istiqamətləri və vəzifələri qanunvericiliklə tam və dəqiq olaraq müəyyən edilmişdir və həmin fəaliyyət istiqamətlərində hər hansı nəzarətedici funksiya nəzərdə tutulmamışdır. Başqa sözlə qüvvədə olan qanunvericiliyin tələbinə görə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin və onun ərazi idarələri bir qayda olaraq mövcud hüquqların dövlət reyestrində qeydiyyata alınması funksiyasını həyata keçirən bir qurumdur. Həmin qurumun fəaliyyətini biləvasitə tənzimləyən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsində də təsbit olunur ki, bu qanun daşınmaz əmlaka mülkiyyət hüququ və digər əşya hüquqlarının, bu hüquqların əmələ gəlməsi, məhdudlaşdırılması və başqasına keçməsinin, onlara xitam verilməsinin dövlət qeydiyyatı, habelə Azərbaycan Respublikası ərazisi üzrə vahid olan daşınmaz əmlakın dövlət reyestrinin aparılması qaydalarını müəyyən edir. Eyni zamanda, bələdiyələrin fəaliyyətinə, eləcə də onlar tərəfindən qəbul edilən qərarların qanunamüvafiq qaydada qəbul edilib-edilməməsinə nəzarət edən müvafiq icra hakimiyyəti orqanı mövcuddur. Yəni qeyd edilən orqan tərəfindən qərarların qanunamüvafiq qaydada qəbul edilib-edilməməsinin cavabdehə hər hansı aidiyyəti yoxdur. “İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. İş materiallarına əlavə edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayon şöbəsi, Quba rayon İcra Hakimiyyətinin memarlıq şöbəsi və digər səlahiyyətli qurumlar tərəfindən tərtib olunmuş Akt-rəydən müəyyən edilir ki, səlayiyyətli bütün orqanlar müvafiq torpaq sahəsinin Bəcan Əliyevə ayrılmasına razı olmuşlar. Həmçinin, məhkəmə qərar qəbul edərkən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 noyabr 2021-ci il tarixli qərarında qeyd edilənləri də nəzərə almış və cavabdehin gətirdiyi 1-ci arqumentin əsassız olmasını bir daha təsdiq etmişdir. Qeyd olunan torpaq sahəsinin ayrılmasına dair DTXK-nin verdiyi rəydə torpaq sahəsinin yarasız olması öz təsdiqini tapdığına görə cavabdeh təşkilatın gətirdiyi ikinci arqument əsassızdır. Quba rayon Vəlvələ Bələdiyyəsi tərəfindən təqdim edilmiş torpaq sahəsinin faktiki koordinatlarına dair yerquruluşu plandan görünür ki, torpaq sahəsinin ölçüsü 0.20 hektardır. Yəni cavabdeh təşkilat həmin torpaq sahəsinin 0.185 ha olmasına dair etibarlı sübut məhkəməyə təqdim etməmişdir. Nəzərə alınmalıdır ki, məhkəmə "xxxx" MMC verdiyi rəydən məlum olmuşdur ki, tikili olan torpaq sahəsinin yaralıq dərəcəsini müəyyən etmək mümkün olmur. Belə olan cavabdeh təşkilatın gətirdiyi 3-cü arqument əsassızdır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 22-ci maddəsinin 3-cü bəndinə əsasən Zona üzrə müəyyən edilmiş rejimlə, torpaqların tamamilə təsərrüfat dövriyyəsindən çıxarılması nəzərdə tutulan hallar istisna olmaqla, ərazisində mühafizə zonası müəyyən edilən torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri torpaq sahəsi üzərində hüquqlardan məhrum edilmirlər. Mühafizə zonasının hüdudlarında torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri bu zonalar üçün təsdiq edilmiş qaydalara əməl etməyə borcludurlar. Göründüyü kimi, torpaqların tamamilə təsərrüfat dövriyyəsindən çıxarılması nəzərdə tutulan hallar istisna olmaqla, ərazisində mühafizə zonası müəyyən edilən torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri torpaq sahəsi üzərində hüquqlardan məhrum edilmirlər. Mühafizə zonasının hüdudlarında torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri bu zonalar üçün təsdiq edilmiş qaydalara əməl etməyə borcludurlar. Cavabdeh təşkilatın gətirdiyi sonuncu arqumentə, yəni 0,10 ha torpaq sahəsinin faktiki koordinatları elektrn məlumat bazasında olan xəritəyə əsasən kənd təsərrüfatlı tıyinatlı örüş torpaq sahəsi kimi olmasına münasibətdə məhkəmə bildirir ki, qeyd edilən hal mütəxəssis rəyi ilə təsdiq edildiyinə görə həmin hissədə iddia təmin edilməməlidir. Belə olan halda cavabdeh tərəfindən mübahisə predmeti olan 0.20 ha hissəsində torpaq sahəsini iddiaçının mərhum atasının adına rəsmiləşdirmək üçün yuxarıda göstərilmiş bütün normativ hüquqi aktların tələblərinə cavab verməsinə baxmayaraq iddiaçının tələbinin təmin edilməsindən imtinası qismən qanunsuz olmuşdur. Həmçinin, bələdiyyə qərarında adı göstərilmiş şəxs X10 vəfat etdiyinə görə mülkiyyət hüququ haqqında veriləcək çıxarışda onun adı öz əksini tapmalıdır. Belə ki, cavabdeh təşkilat torpaq sahəsinin mərhumla bağlı hissəsində “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında” Təlimatın 7.2-ci bəndinə əsaslanaraq mərhumun vərəsələrinə elektron çıxarış verməlidir. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdehin apellyasiya şikayəti iddia ərizəsinə etiraza uyğun əsaslandırılmış və əlavə olaraq göstərilmişdir ki, iddiaçı tərəfindən yuxarıda qeyd olunan qanuna müvafiq olaraq sənədlərin və ərizənin təqdim olunmaması səbəbindən daşınmaz əmlakın müayinəsi keçirilməmiş, ərizəyə dair texniki hissə ilə heç bir münasibət bildirilməmişdir. Bundan əlavə, məhkəmə tərəfindən mülkiyyət hüququ müəyyən edilmiş həmin torpaq sahəsinin yüksək gərginlikli elektrik və digər komunikasiya xəttlərin mühafizə zolağına, digər şəxslərin mülkiyyətində, istifadəsində olan torpaq sahələri ilə üst-üstə düşüb-düşməməsi, kateqoriyası, torpaq sahəsinin faktiki ölçüləri müəyyən edilməmişdir. İş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilməmişdir. Əlavə araşdırılma zamanı müəyyən edilmişdir ki, bələdiyyə qərarı ilə ayrılmış 0.30 ha torpaq sahəsi 2 hissədən 0.20 ha və 0.10 ha-dan ibarətdir. Daşınmaz əmlakın müayinəsi zamanı müəyyən olunmuşdur ki, 0.20 ha torpaq sahəsinin faktiki yerində hasar daxili azalma mövcuddur və torpaq sahəsi yerində 0.185 ha ölçüdə, halhazırda yeni torpaqların elektron kadastr uçotu informasiya sistemində (TEKUİS) 0.1787 ha ölçüdə öz əksini tapmışdır. Torpaq sahəsinin sərhəddindən 6 metr ara məsafədən 10 kv-luq yüksək gərginlikli elektrik xətti keçir, 9 metr ara məsafədə transformator yerləşir və həmin daşınmaz əmlak elektrik xəttinin mühafizə zolağına düşür. Torpaq sahəsi faktiki koordinatları elektron məlumat bazasında olan xəritə üzərində təsərrüfat tikilləri kimi göstərilmiş kənd təsərrüfatı təyinatlı (əkin) sahəsinə aid əraziyə düşür. Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında Azərbaycan Respublikasının Qanununun 7.2. maddəsinə əsasən ümumi istifadədə olan küçələrin, meydanların, bələdiyyə yollarının və təsə'üfatdaxili yolların, parkların, meşə parkların, bulvarların, çimərliklərin, sahillərin, keçidlərin, sututarların, stadionların və idman meydançalarının altındakı torpaqlar, tarlaqoruyucu meşə zolaqlarının, yerli əhəmiyyətli su təsərrüfatı obyektlərinin, hidrotexniki qurğuların, ümumi istifadədə olan yerli əhəmiyyətli obyekt və qurğuların yerləşdiyi torpaqlar, əhalinin mal-qarası üçün istifadə olurıarı örüş sahələrinin torpaqları, habelə hüquqi və fiziki şəxslərin istifadəsində və icarəsində olan bələdiyyələrin kənd təsərrüfatı təyinatlı, eləcə də meşə və su fondu torpaqları xüsusi mülkiyyətə verilə bilməz. Həmin kateqoriyaya aid torpaq sahələrinin ümumən ayrılması, o cümlədən Quba rayonu, Vəlvələ bələdiyyəsinin xx.xx.2002-ci il tarixli 10 saylı qərarında göstərildiyi kimi tikinti quraşdırma məqsədilə ayrılması və istifadə edilməsi qanunvericilikdə nəzərdə tutulmamışdır. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri İddiaçı apellyasiya şikayətinə qarşı etirazda apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq iş üzrə iddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə iddiaçının və cavabdehin nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikasının Konstitusiyası Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə 25. Hamı qanun və məhkəmə qarşısında bərabərdir. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İV. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 139.3 Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Maddə 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: Maddə 139-1.1.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar ..... Azərbaycan Respublikasının Torpaq Məcəlləsi: Maddə 67. Torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatının məcburiliyi 1.Torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. 2.Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu: (bələdiyyə qərarı qəbul edilərkən qüvvədə olan redaksiyası) Maddə 6.1. Bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. Maddə 6.2. Bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. Maddə 6.5 Torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir. Torpaqayırma sənədlərinin hazırlanması və razılaşdırılması qaydaları Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edilən əsasnamə ilə tənzimlənir. Maddə 9.6. Bələdiyyə torpaqlarının özgəninkiləşdirilməsi, istifadəyə və icarəyə verilməsi müvafiq müqavilə ilə rəsmiləşdirilir. Azərbaycan Respublikasının 15 mart 2002-ci il tarixli Qanunu ilə təsdiq edilmiş "Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında" Əsasnamənin Bənd 1. Bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyət, istifadə və icarə hüququ ilə hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Azərbaycan Respublikası Prezidentinin “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” xx.xx.2001-ci il tarixli 548 nömrəli Fərmanı: Müəyyən edilsin ki: “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 6.5-ci maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin (əvvəllər Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin yerli qurumları) yerli qurumları (kənd təsərrüfatı və qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair), Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi (tikinti məqsədləri üçün ayrılan torpaq sahələrinə (məlumatlandırma icraatı qaydasında yaşayış evlərinin tikintisi üçün ayrılan torpaq sahələri istisna olmaqla) dair) və rayon, şəhər icra hakimiyyəti orqanlarının memarlıq xidmətləri (qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair) həyata keçirirlər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 12. 1. Hamı qanun və inzibati orqan qarşısında bərabərdir. Maddə 12.2. İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. Maddə 12.3. İnzibati orqan tərəfindən fərqli mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə eyni cür qərarların qəbul edilməsi qadağandır. Maddə 64.2 İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun: Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; ..... Maddə 11.1 Hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini,məhdudlaşdırılması (yüklənməsi), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Maddə 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər:15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Maddə 22.2. Müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 10 iyun tarixli, 103 nömrəli qərarı ilə təsdiq edilmiş “Gərginliyi 1000 voltadək olan elektrik şəbəkələrinin mühafizəsi” Qaydalarının
5. Gərginliyi 1000 voltadək olan elektrik ötürücü xətlərinin mühafizə zonasında həmin xətlərin istismarçısının rəsmi razılığı olmadan aşağıda göstərilən işləri görmək qadağandır: a) tikinti, quraşdırma, partlayış və suvarma işləri aparmaq, ağac əkmək və qırmaq, idman və oyun meydançaları düzəltmək, yem, gübrə, yanacaq və başqa materiallar yığmaq; ..... Gərginliyi 1000 voltadək olan elektrik ötürücü xətləri kənd təsərrüfatı obyektlərinin ərazisindən keçdikdə, mülkiyyətçilər həmin xətlərin bu Qaydalara uyğun olaraq qorunmasını təmin etməklə və təhlükəsizlik tədbirlərinə riayət etməklə, elektrik ötürücü xətlərini istismar edən müəssisənin razılığı olmadan elektrik ötürücü xətlərinin mühafizə zonasından istifadə edə bilərlər.
7. Gərginliyi 1000 voltadək olan elektrik ötürücü xətlərinin mühafizə zonalarının torpaq sahələri torpaq istifadəçiləri və ya mülkiyyətçiləri tərəfindən ancaq bu Qaydaların tələblərinə riayət etməklə istifadə oluna bilər. İstifadəçinin və mülkiyyətçinin torpaq sahələrindən gərginliyi 1000 voltadək olan elektrik ötürücü xətləri keçdikdə, həmin xətlərin qorunmasını təşkil etmək üçün onlar özlərindən asılı olan tədbirləri görməlidirlər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməli, iddia qismən təmin edilməlidir. Hazırki iş üzrə iddia tələbi iddiaçının mərhum atasına ayrılmış 0,30 ha olan torpaq sahəsi üzərində mülkiyyət hüququnun vəfat etmiş şəxsə məxsus olması barədə arayışın verilməsindən ibarətdir. Cavabdeh inzibati orqan imtinasını onunla əsaslandırmışdır ki, 0.30 ha torpaq sahəsi Quba rayonu Vəlvələ bələdiyyəsinin xx.xx.2002-ci il tarixli 10 saylı qərarı əsasında tərtib olunmuş torpaqların alqı-satqısına dair aktda ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayon şöbəsin iştirakının təmin edilməmiş, alqı-satqı aktında DTXK-nin Quba rayon şöbəsinin möhürü və qeydi olmamış, həmin torpaq sahəsinin ayrılması ilə bağlı DT və XK-nin Quba rayon şöbəsinin və Quba Rayon İcra Hakimiyyətinin memarlıq şöbəsinin rəyi əlavə edilməmişdir. Birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi qismən (0,20 ha torpaq sahəsinə aid hissədə) təmin edilmişdir. Həmin qərardan yalnız cavabdeh tərəfindən apellyasiya şikayəti verildiyindən, iddiaçı tərəfindən apellyasiya şikayəti verilmədiyindən, indiki halda apellyasiya baxışının predmetini məhz iddia tələbinin təmin edilən hissəsi ilə bağlı münasibətlər təşkil edir. Məhkəmə kollegiyası hazırki iş üzrə apellyasiya baxışının predmeti olan hissədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə qismən razılaşaraq, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İşin müəyyən edilmiş hallarından görünür ki, Quba rayon Vəlvələ Bələdiyyəsinin 20 sentyabr 2002-ci il tarixli 10 nömrəli qərarı əsasında X6 0.30 ha torpaq sahəsi satılması qərara alınmış, ona dair alqı-satqı aktı tərtib edilmişdir. Həmçinin, X8 tərəfindən həmin torpaq sahəsinin dəyəri bələdiyyənin bank hesabına ödənilmiş, bu barədə qəbz mövcuddur. Quba rayonu İcra Hakimiyyəti Başçısının 11 oktyabr 2002-ci il tarixli Sərəncamı ilə Quba rayonu Çiçi kəndində X6 ayrılmış 0,30 ha torpaq sahəsində dəyirman binasının tikintisinə icazə verilmişdir. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayon şöbəsi tərəfindən dəyirman binasının tikintisi üçün ayrılmış sözügedən torpaq sahəsinin ayrılmasının məqsədəuyğun hesab edilməsi barədə akt-rəy tərtib edilmişdir. Sözügedən torpaq sahəsinə dair müvafiq bələdiyyə tərəfindən yerquruluşu planından çıxarış tərtib edilmiş, bələdiyyə, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayon şöbəsi və müvafiq memarlıq şöbəsi tərəfindən təsdiq edilmişdir. İş materiallarından görünür ki, X8 xx.xx.2016-cı il tarixdə vəfat etmiş, onun adına vərəsəlik işi açılmış və iddiaçı qanun üzrə vərəsəsi qismində çıxış edir. Məhkəmə araşdırması zamanı tədqiq edilmiş mütəxəssis rəyinin məzmunundan görünür ki, mübahisəli torpaq sahəsi faktiki olaraq iki hissədən ibarətdir, bir hissəsində dəyirman və köməkçi tikililər mövcuddur və iddiaçının faktiki öz istifadəsindədir, qonşu mülkiyyətçiləri ilə heç bir mübahisə yoxdur, digər hissəsi isə dəmir tor və ağacla hasarlanmışdır, faktiki olaraq başqa şəxs tərəfindən istifadə olunur, həmin hissə mübahisəlidir, iddiaçının iddia etdiyi torpaq sahəsi ümumilikdə 0,3853 ha (0,1838 havə 0,2015 ha) təşkil edir. 0,1838 ha torpaq hissəsinin cənub-şərq istiqamətindən 5.5 metr məsafədən, digər hissənin 0,2015 ha daxilindən 10 kv-luq elektrik xətti keçir. İddiaçının iddia etdiyi 0,2015 ha torpaq sahəsi baza məlumatlarında DWJ xəritələrində kənd təsərrüfatı təyinatlı uqodiyası örüş kimi göstərilsə də, TEKUİS məlumatlarda həmin torpaq sahəsi kənd təsərrüfatı təyinatlı uqodiyası Təhsil, səhiyyə, mədəniyyət, nəqliyyat, rabitə və digər sosial və ictimai tikinti altında olan torpaqlar kimi göstərilmişdir və AZCAD məlumatına əsasən JN-123 nömrəli Dövlət Aktı ilə üst-üstə düşür. Lakin JN-123 nömrəli Dövlət Aktı barəsində DBF siyahısında və baza məlumatında olan DWJ xəritələrində heç bir məlumat mövcud deyildir. Sözügedən mübahisəli hissənin (0,2015 ha) yerləşmə mövqeyi ilə Quba rayonu Vəlvələ Bələdiyyəsinin və Quba RİH-nin Memarlıq və tikinti şöbəsinin təsdiq etdiyi sxemdə göstərilən torpaq shaəsinin yerləşmə mövqeyi uyğunluq təşkil edir. İddiaçının iddia etdiyi 0,1838 ha torpaq sahəsi baza məlumatlarında və DWJ xəritələrində kənd təsərrüfatı təyinatlı uqodiyası ictimai tikinti latında olan torpaq kimi göstərilsə də, TEKUİS məlumatında həmin torpaq sahəsi kənd təsərrüfatı təyinatlı uqodiyası Təhsil, səhiyyə, mədəniyyət, nəqliyyat, rabitə və digər sosial və ictimai tikinti altında olan torpaqlar kimi göstərilmişdir və heç bir mülkiyyət sənədi ilə üst-üstə düşmür. Sözügedən mübahisəli hissəsini (0,1838 ha) yerləşmə mövqeyi ilə Quba rayonu Vəlvələ Bələdiyyəsi və DT və XK-nin Quba rayon şöbəsinin təsdiq etdiyi sxemdə göstərilən torpaq sahəsinin yerləşmə mövqeyi uyğunluq təşkil edir (sxem və ortofoto əlavə edilmişdir). Məhkəmə kollegiyası apellyasiya baxışının predmeti olan hissədə ilk növbədə qeyd edir ki, həmin torpaq sahəsinin iddiaçının atasının adına ayrılmasına dair arxiv sənədləri mövcuddur, qeyd edilən sənədlər isə yuxarıda istinad edilən qanunvericilik normalarının tələbinə əsasən daşınmaz əmlaka dair mülkiyyət hüququnun yaranması və bu hüququnun dövlət qeydiyyatına alınması üçün əsas qismində çıxış edir. Məhkəmə kollegiyası işin mübahisəli halları ilə bağlı onu qeyd edir ki, ”X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun 19 noyabr 2021-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması kimi prosessual pozuntularla müşayiət edilən icraat nəticəsində qəbul edilmiş yekun qərar qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır (“İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsi).Qanunvericinin belə yanaşmasının əsasını inzibati hüququn təməl prinsiplərindən olan etimadın qorunması prinsipi təşkil edir. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir.Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6-cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, dövlət orqanı tərəfindən yol verilən səhvlərə görə məsuliyyəti dövlət daşıyır və belə səhvlər maraqlı şəxsin hesabına düzəldilə bilməz (Gashi Xorvatiyaya qarşı iş üzrə 2007-ci il 13 dekabr tarixli, §40 və Stolyarova Rusiya Federasiyasına qarşı iş üzrə 2015-ci il 29 yanvar tarixli, §49 Qərarlar). Həmçinin, həmin qərarda Konstitusiya Məhkəməsinin Plenumu hesab etmişdir ki, qüvvədə olan inzibati aktın qəbul edilməsi zamanı iştirak xarakterli sənədlərin olmadığı hallarda məsələ inzibati icraatın qanunçuluq və etimadın qorunması prinsipləri baxımından qiymətləndirilməlidir. Cavabdeh inzibati orqanın imtina əsası kimi istinad etdiyi sözügedən torpaq sahəsinə dair müvafiq alqı-satqı aktının qanunamüvafiq qaydada tərtib və təsdiq edilməməsi, müvafiq rəyin əlavə edilməməsi halı iddiaçının mərhum atasının və ya onun vərəsələrinin təqsiri ilə əhatə olunamamaqla, onların hüquqi məsuliyyət daşıdığı öhdəlik kimi çıxış etməmişdir. Qeyd edilən sənədlərin qanunla müəyyən edilmiş qaydada tərtib edilməsi məhz müvafiq inzibati orqan və qurumların səlahiyyətinə aid olmuşdur. Belə olan halda, məhz müvafiq qurumların öz öhdəliyini lazimi qaydada icra edilməməsinin nəticələrinə istinad edilməklə, iddiaçının mərhum atasına məxsus olan hüququnun dövlət qeydiyyatına alınmasından imtina edilməsi inzibati icraat haqqında qanunvericiliyin mahiyyətinə, məqsədinə və prinsiplərinə zidd olmaqla yanaşı, iddiaçının mərhum atasının və onun vərəsələrinin konstitusion hüququnun əsassız olaraq mədudlaşdırılmasına gətirib çıxardır. Bu baxımından məhkəmə kollegiyasi qeyd edir ki, cavabdeh inzibati orqanın imtinasının, iddia tələbinə etirazın və apellyasiya şikayətinin əsası kimi istinad etdiyi həmin hallar əsassız olmuş, birinci instansiya məhkəməsi tərəfindən həmin hallara düzgün hüquqi qiymət vermişdir. Həmçinin, məhkəmə kollegiyası onu qeyd edir ki, cavabdeh inzibati orqan qeyd edilən torpaq sahəsinin faktiki ölçüsünün 0,20 ha torpaq sahəsindən az olması, faktiki olaraq 0,185 ha olması, TEKUİS məlumatına əsasən 0,1787 ha olması halını qeyd etmişdir. Bununla bağlı məhkəmə kollegiyası onu qeyd edir ki, məhkəmə araşdırması zamanı tədqiq edilmiş mütəxəssis rəyinin əsasında iddiaçının mərhum atasının adına ayrılmış torpaq sahəsinin faktiki olaraq iki hissədə ibarət olduğu, sənəd üzrə olan 0,20 ha torpaq sahəsi olan hissənin faktiki ölçüsünün 0,1838 ha olduğu müəyyən edilmişdir. Bu halda məhkəmə kollegiyası hesab edir ki, cavabdehin həmin hissədə arqumenti qismən əsaslı olmuşdur. Belə ki, cavabdeh həmin torpaq sahəsinin ölçüsünün 0,185 ha, TEKUİS məlumatına əsasən 0,1787 ha olduğunu qeyd etsə də, həmin hal mütəxəssis rəyi ilə üst-üstə düşməmiş, cavabdeh tərəfindən isə mütəxəssis rəyini təkzib edən heç bir dəlilə istinad edilməmişdir. Qeyd edilən hallara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının mərhum atasının adına ayrılmış ümumi torpaq sahəsinin 0,20 ha olan hissəsinin faktiki ölçüsü 0,1838 ha olduğundan, həmin hissədə iddiaçının faktiki istifadəsində olduğundan, məhz həmin hissədə hüququn iddiaçının mərhum atasına məxsus olması barədə arayışın verilməsi üçün əsas vardır. Buna baxmayaraq, birinci instansiya məhkəməsi tərəfindən həmin hal müəyyən edilməmiş, ümumi ayrılmış torpaq sahəsinin 0,20 torpaq sahəsi olan hissəsinin faktiki ölçüsü nəzərə alınmamışdır. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı həmin hissədə dəyişdirilməli, ümumi torpaq sahəsinin 0,20 torpaq sahəsi olan hissəsinin faktiki ölçüsü kimi 0,1838 ha olması halı əsas götürülməlidir. Bundan əlavə, məhkəmə kollegiyası cavabdehin digər dəlilləri ilə bağlı onu qeyd edir ki, məhkəmə araşdırması zamanı qeyd edilən torpaq sahəsinin elektrik xəttinin mühafizəsində yerləşmədiyi müəyyən edilmişdir. Belə ki, iş materiallarında olan "xxxx" ASC tərəfindən verilmiş məktubun məzmunundan görünür ki, həmin torpaq sahəsinin yerləşdiyi ərazidən elektrik xətti keçmir. Həmçinin, mütəxəssis rəyinin məzmunundan görünür ki, 0,1838 ha torpaq sahəsindən 5.5 metr məsafədən elektrik xətti keçir. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda istinad edilən Qaydalarda qeyd edilən halın torpaq sahəsinə dair mülkiyyət hüququnun məhdudlaşdırılmasına əsas olan hal kimi müəyyən edilməsinə dair hər hansı imperativ norma öz əksini tapmamışdır. Bu baxımından məhkəmə kollegiyası hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən imtina əsası kimi həmin hala istinad edilməsi özlüyündə qanunvericilik normalarının tələbinə zidd olmaqla, mülkiyyət hüququnun əsassız yerə məhdudlaşdırılasına gətirib çıxarda bilər. Həmçinin, qeyd edilməlidir ki, cavabdeh inzibati orqan qeyd edilən hissədə torpaq sahəsinin təyinatının kənd təsərrüfatı əkin təyinatlı torpaqlar olması halına istinad edərək, həmin halı da mübahisələndirmişdir. Bununla bağlı məhkəmə kollegiyası onu qeyd edir ki, "xxxx" MMC tərəfindən veirlmiş məktubun məzmununda sözügedən torpaq sahəsinin (0,1838 ha) təyinatının kənd təsərrüfatı təyinatlı ictimai tikili altında olan torpaq sahəsi olduğu qeyd edilmişdir. Mütəxəssis rəyinin məzmununda isə 0,1838 ha torpaq sahəsi baza məlumatlarında və DWJ xəritələrində kənd təsərrüfatı təyinatlı uqodiyası ictimai tikinti latında olan torpaq kimi göstərilsə də, TEKUİS məlumatında həmin torpaq sahəsi kənd təsərrüfatı təyinatlı uqodiyası Təhsil, səhiyyə, mədəniyyət, nəqliyyat, rabitə və digər sosial və ictimai tikinti altında olan torpaqlar kimi göstərilmişdir və heç bir mülkiyyət sənədi ilə üst-üstə düşməməsi qeyd edilmişdir. Göründüyü kimi, məhkəmə araşdırması zamanı həmin torpaq sahəsinin kənd təsərrüfatı əkin təyinatlı torpaq sahəsi olması halı müəyyən edilməmiş, iş materialları əsasında həmin hal təkzib olunmuş, habelə yuxarıda istinad edilən qanunvericilik normalarında həmin kateqoriya torpaqların alqı-satqı obyekti qimsində çıxış etməsini istisna edən norma nəzərdə tutulmamışdır. Nəticə etibarilə məhkəmə kollegiyası hesab edir ki, qeyd edilən hallar da özlüyündə cavabdehin istinad etdiyi həmin arqumenti təkzib etdiyindən, həmin hissədə də cavabdehin şikayətinin dəlilləri əsassız olmuşdur. Qeyd olunan hallara əsasən məhkəmə kollegiyası hesba edir ki, indiki halda apellyasiya baxışının predmeti olan hissədə iddiaçının mərhum atasına ayrılmış ümumi torpaq sahəsinin 020 ha torpaq sahəsi olan hissəsinin iddiaçının faktiki istifadəsində olan ölçüsünün 0,20 ha deyil, məzh 0,1838 ha olduğu müəyyən edildiyindən, birinci instansiya məhkəməsinin qərarı ilə məhz 0,20 torpaq sahəsinə dair hüququn ölmüş şəxsə məxsus olması halı qeyd edildiyindən, məhkəmə qərarı torpaq sahəsinin ölçüsünə aid olan hissədə dəyişdirilməlidir. Bundan əlavə, birinci instansiya məhkəməsinin qərarının nəticə hissəsində hüququn ölmüş şəxsə məxsus olması barədə arayışın verilməsi ilə yanaşı, hüququn dövlət qeydiyyatına alınması da qeyd edilmişdir. Bu halda, məhkəmə kollegiyası yuxarıda istinad edilən müvafiq Qanunun 22.2-ci maddəsinin tələbini nəzərə alaraq, hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı həmin hissədə də dəyişdirilməli, yalnız hüququn ölmüş şəxsə məxsus olması barədə arayışın verilməsi öhədliyin cavabdehin üzərinə qoyulması qeyd edilməlidir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməli, iddia qismən təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(118)-1320/2023 nömrəli qərarı dəyişdirilsin. İddia qismən təmin edilsin. Quba rayon Vəlvələ Bələdiyyəsinin 20 sentyabr 2002-ci il tarixli 10 nömrəli qərarı ilə mərhum X6 ayrılmış ümumi torpaq sahəsinin 0,20 ha hissəsinin 0,1838 ha torpaq sahəsi olan hissəsi üzərində mülkiyyət hüququnun mərhum X6 məxsus olması barədə arayışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı Xaşmaz Ərazi İdarəsinə üzərinə qoyulsun. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.