Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-314/2025 05.05.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Hacıyev Vahid Məcid oğlu, hakimlər Babayeva Hökümə Çingiz qızı və Axundov Toğrul Bəhruz oğlundan ibarət tərkibdə, Səfərli Fidan Nuru qızının katibliyi, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X2 Şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi Nümayəndə2 iştirakı ilə, Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-1(118)-4414/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq müəyyən etdi: Sumqayıt İnzibati Məhkəməsinin (hakim Leyla Mirzəyeva) xx.xx.2024-cü il tarixli e-2-1(118)- 4414/2024 nömrəli qərarı ilə iddia təmin edilmiş, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X2 şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi fililalı tərəfindən İddiaçı barəsində qəbul etdiyi xx.xx.2023-cü il tarixli 3-17-1/3-3- 17344/2023 nömrəli “Əmək pensiyasının təyin edilməsi haqqında” qərarı ləğv edilmişdir. İddiaçı 57 yaşının tamam olduğu xx.xx.2020-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X2 şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi fililalının üzərinə vəzifə olaraq qoyulmuşdur. Cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. İşin halları İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X2 şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi fililalına qarşı iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, ona 60 yaşın tamam olduğu tarixdən, yəni xx.xx.2023-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və hazırkı dövrə qədər yaranmış fərqin ödənilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X2 şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi fililalının üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra, İddiaçı iddia tələbinin dəqiqləşməsi barədə məhkəməyə ərizə təqdim edərək, xx.xx.2023-cü il tarixli 3-17-1/3-3-17344/2023 nömrəli əmək pensiyasının təyin edilməsi haqqında qərarının ləğv edilməsi və ona 57 yaşından, yəni xx.xx.2020-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasına dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1963-cü ildə doğulmuşdur. O, xx.xx.1978-ci ildən xx.xx.1982-ci ilə qədər Qafur Məmmədov adına Bakı Xəzər Dəniz Yolları məktəbində əyani təhsil almışdır. xx.xx.1983-cü ildən xx.xx.1999-cu ilə qədər X1 motorist, mexanik, xx.xx.2000-ci ildən xx.xx.2008-ci ilə qədər Azərbaycan Dövlət X1 gəmi təmiri üzrə çilingər, xx.xx.2011-ci ildən xx.xx.2012-ci ilə qədər Fövqəladə Hallar Nazirliyi X3-Xilasetmə Xidməti “Otradnıy” qəza xilasetmə gəmisində mexanik, xx.xx.2015-ci ildən xx.xx.2017-ci ilə qədər X4 Donanmasında mexanik vəzifələrində işləmiş, xx.xx.2021- ci ildən hazıradək Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi QSC-də böyük mexanik vəzifəsində işləyir. İddiaçıya cavabdeh orqan tərəfindən 60 yaşının tamam olduğu xx.xx.2023-cü ildə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçı hazırda həmin pensiya məbləğini almaqda davam edir. Lakin iddia ərizəsinə əlavə etdiyi sənədlərdən görünür ki, iddiaçının pensiya hüququ 60 yaşdan deyil, 57 yaşının tamam olduğu xx.xx.2020-ci il tarixdən həyata keçirilməli idi. Belə ki, iddia ərizəsinə əlavə etdiyi təhsil haqqında arayış və əmək kitabçasının surətindən görünür ki, iddiaçının xx.xx.2006-cı ilə qədər 25 il 04 ay 16 gün əmək stajı mövcud olmuşdur. Bununla bağlı olaraq iddiaçı tərəfindən mövcud sənədlər cavabdeh orqana təqdim edilsə də ona xx.xx.2024-cü il tarixli 3-17-1/2-Ə-82389/2024 saylı məktubla imtina cavabı verilmişdir. İmtinanın əsası kimi onun xx.xx.2006-cı ilə qədər ümumi iş stajının 25 ildən az (21 il 01 ay 25 gün) olması qeyd edilmişdir. Hesab edir ki, cavabdeh inzibati orqanın imtinası əsassızdır. Cavabdeh iddiaya qarşı yazılı etiraz təqdim edərək göstərmişdir ki, İddiaçı ümumi iş stajı 25 ildən az (21 il 1 ay 25 gün (xx.xx.1983 - xx.xx.1999-cu il, xx.xx.2000 - xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər)) təşkil edir. "xxxx" QSC-nin İddiaçı dair xx.xx.2023-cü il tarixli 045 nömrəli arayışında təhsil aldığı tarixlər göstərilmədiyindən sözügedən arayışda qeyd olunan təhsil aldığı müddəti onun iş stajına əlavə etmək mümkün olmamışdır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. İddiaçı Mərkəzi Filiala təqdim etdiyi sənədlərdə qeyd edilən məlumatlara əsasən xx.xx.2006-cı il tarixədək ümumi iş stajı 25 ildən az (21 il 1 ay 25 gün (xx.xx.1983 - xx.xx.1999-cu il, xx.xx.2000 - xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər)) təşkil edir. Məlumat üçün bildiririk ki, "xxxx" QSC-nin İddiaçı dair xx.xx.2023-cü il tarixli 045 nömrəli arayışında təhsil aldığı tarixlər göstərilmədiyindən sözügedən arayışda qeyd olunan təhsil aldığı müddəti onun iş stajına əlavə etmək mümkün olmamışdır. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarında qeyd olunmuşdur ki, cavabdehin iddiaçının ona əmək pensiyası təyin edilməsi üçün zəruri olan pensiya kapitalına malik olmaması ilə bağlı dəlilinə münasibətdə qeyd edir ki, iddiaçıya əmək pensiyası təyinatı “Vətəndaşların pensiya təminatı” haqqında Qanunun tələblərinə müvafiq olaraq aparılmalı olduğundan və həmin qanunda güzəştli şərtlərlə pensiya təyin edilməsi meyarı kimi pensiya kapitalının olması nəzərdə tutulmadığından cavabdeh orqanın qeyd olunan dəlili əsassızdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçıya güzəştli şərtlərlə pensiya 57 yaşının tamam olduğu xx.xx.2020-ci il tarixdən təyin edilməlidir. Lakin bildiririk ki, İddiaçı xx.xx.2006-cı il tarixədək olan dövr üzrə 25 il sığorta tamamlanmır. Belə ki, iddiaçının pensiya təyin edilərkən təqdim etdiyi sənədlərdə xx.xx.1983 - xx.xx.1999-cu il tarixləri arasındakı dövr ərzində üzücü heyətin nəqliyyat donanması gəmilərində, xx.xx.2000 - xx.xx.2008-ci il tarixləri arasındakı dövr ərzində isə sahil heyətində (DTXB) çilingər-gəmi təmirçisi vəzifəsində işlədiyi qeyd edilmişdir. Lakin araşdırma zamanı xx.xx.2006 - xx.xx.2008-ci il tarixləri arasındakı dövr ərzində adıçəkilən şəxsin fərdi hesabının sığorta hissəsində pensiya sığorta kapitalının qeydə alınmadığı müəyyən edilmişdir. Bununla əlaqədar "xxxx" QSC-yə xx.xx.2024-cü il tarixli 3-17-1/2-311179/2024 nömrəli məktubla sorğu göndərilərək İddiaçı qeyd olunan dövrlər üzrə əmək haqları, ödənişsiz məzuniyyətdə olub-olmaması və məcburi dövlət sosial sığorta haqlarının ödənilib-ödənilməməsi barədə məlumatların mümkün qısa müddətdə Mərkəzi Filiala göndərilməsi xahiş edilmişdir. Birinci instansiya məhkəməsi işə baxarkən qanunvericiliyin normalarının tələblərini pozaraq, iş üzrə əhəmiyyətli olan halları tam, hərtərəfli və obyektiv araşdırmamışdır. Lakin, birinci instansiya məhkəməsi qeyd olunanları nəzərə almadan, qanunsuz və əsassız qərar qəbul etmişdir. Odur ki, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddia tələbinin rədd edilməsini xahiş edir. İşə apellyasiya qaydasında baxılarkən məhkəmə kollegiyasına təqdim edilmiş apellyasiya şikayətinə əlavədə qeyd olunur ki, mərkəzi Filial tərəfindən İddiaçı pensiya hüququna yenidən baxılmış, 04 fevral 2025-ci il tarixli 3-17-1/3-3-2162/2025 nömrəli əmək pensiyasının yenidən hesablanmasına dair qərar qəbul edilmişdir. Həmin qərara əsasən iddiaçının "xxxx" QSC-nin İddiaçı dair xx.xx.2023-cü il tarixli 045 nömrəli arayışında qeyd edilən təhsil aldığı dövrlər onun sosial sığorta stajına əlavə edilmişdir. Lakin bildirir ki, İddiaçı xx.xx.2006-cı il tarixədək olan dövr üzrə 25 il sığorta sajı tamamlanmır. Belə ki, iddiaçının pensiya təyin edilərkən təqdim etdiyi sənədlərdə xx.xx.1983- xx.xx.1999-cu il tarixləri arasındakı dövr ərzində üzücü heyətin nəqliyyat donanması gəmilərində, xx.xx.2000-xx.xx.2008-ci il tarixləri arasındakı dövr ərzində isə sahil heyətində (DTXB) çilingər-gəmi təmirçisi vəzifəsində işlədiyi qeyd edilmişdir. Lakin araşdırma zamanı iddiaçının xx.xx.2006-xx.xx.2008-ci il tarixləri arasındakı dövr ərzində fərdi hesabının sığorta hissəsində pensiya sığorta kapitalının qeydə alınmadığı müəyyən edilmişdir. Bununla əlaqədar "xxxx" QSC-yə 18 dekabr 2024-cü il tarixli 3-17-1/2-311179/2024 nömrəli məktubla sorğu göndərilərək İddiaçı qeyd olunan dövrlər üzrə əməkhhaqları, ödənişsiz məzuniyyətdə olubolmaması və məcburi dövlət sosial sığorta haqlarının ödənilib-ödənilməməsi barədə məlumatların mümkün qısa müddətdə Mərkəzi Filiala göndərilməsi xahiş edilmişdir. "xxxx" QSC-nin 24 yanvar 2025-ci il tarixli məktubunda İddiaçı xx.xx.1983-xx.xx.1999-cu il tarixləri arasındakı dövr ərzində üzücü heyətin nəqliyyat donanması gəmilərində, xx.xx.2000-ci il tarixdən xx.xx.2001-ci il tarixədək donanmanın texniki xidmət bazasında baş mexanik vəzifəsində işlədiyi və 1983-2001-ci il tarixlərdə əməkhaqqı aldığı qeyd edilmişdir. Bildiririk ki, sözügedən arayışda İddiaçı “xx.xx.2001 -ci il tarixdən xx.xx.2008-ci il tarixədək "xxxx" QSC-də işləyib əməkhaqqı almasına dair məlumat təqdim edilməmişdir. Bu səbəblə də, İddiaçı xx.xx.2006-cı il tarixədək olan dövr üzrə 25 il sığorta stajı tamamlanmır. Cavabdehin nümayəndəsi Nümayəndə2 məhkəmə kollegiyasının iclasında apellyasiya şikayəti və əlavəni müdafiə edərək, onların məzmununa uyğun izahat verərək, iş üzrə birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etdi. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişi göndərilmiş, lakin İddiaçı məhkəmə iclasına gəlməmişdir. İddiaçı apellyasiya şikayətinə etiraz təqdim edərək göstərmişdir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 87.2-ci maddəsinə əsasən işçinin əmək fəaliyyəti haqqında məlumatlarda onun əmək stajı haqqında - işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. Hazırda qüvvədə olan Qaydalarda xx.xx.2006-cı ilə qədər sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajının əmək kitabçasına əsasən müəyyən edildiyi təsdiq edilmişdir. Bundan başqa “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci bəndinə əsasən sığortaedənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan xx.xx.2006-cı il tarixə yaranmış və 2018ci ilin aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borcları tam məbləğdə silinir. Həmin Qanunun 4-cü bəndinə əsasən bu Qanunun 1-ci, 2-ci və 3-cü maddələri ödənilməsi barəsində məhkəmə qərarı qəbul edilmiş, lakin xx.xx.2018-ci il tarixə ödənilməmiş borcların qalığına da şamil edilir. Həmin Qanunun 5-ci bəndinə əsasən bu Qanun 2018-ci il aprelin 1-dən qüvvəyə minir. Göründüyü kimi, qanunverciliklə həmin müəssisə də daxil olmaqla bütün sığortaedənlərin məcburi dövlət sosial sığorta haqları üzrə xx.xx.2006-cı il tarixə yaranmış borcları xx.xx.2018-ci il tarixdən silinmişdir. Yuxarıda sadalanan hallardan göründüyü kimi onun xx.xx.2001-ci ildən xx.xx.2006-cı ilədək "xxxx" QSC işlədiyi dövr sığorta stajı kimi nəzərə alınmalıdır. Ona görə də, cavabdeh orqanın apellyasiya şikayəti əsassızdır və rədd edilməlidir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-in 62.3-cü maddəsinə əsasən iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Hüquqi məsələlər: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsi İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən cavabdehin nümayəndəsinin izahatını dinləyərək, iş materiallarında olan sənədləri araşdırıb, apellyasiya şikayətinin və apellyasiya şikayətinə əlavənin dəlillərinə qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin edərkən haqlı olmuş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qərar qəbul etmişdir. Odur ki, apellyasiya şikayəti və apellyasiya şikayətinə əlavə rədd edilməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, məhkəmə tərəfindən müəyyən edilmiş işin hallarından göründüyü kimi, İddiaçı xx.xx.1963-cü il təvəllüdlü olmaqla ona güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi üçün cavabdeh inzibati orqana müraciət etmişdir. Cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixdən, yəni 60 yaşının tamam olduğu tarixdən vətəndaşa güzəştli şərtlərlə pensiya təyin edilmişdir. Lakin İddiaçı pensiya hüququnun 60 yaşının tamam olduğu tarixdən deyil, 57 yaşının tamam olduğu tarixdən güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün cavabdeh orqana müarciət etsə də, onun müraciətinin təmin edilməsindən imtina edilmişdir. Cavabdeh orqan imtinasının əsası kimi iddiaçının xx.xx.2006cı il tarixə qədər ümumi iş stajının 25 ildən az olmasını qeyd etmişdir. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, güzəştli şərtlərlə pensiya təyini ilə bağlı mübahisələrdə ilk öncə güzəştli şərtlərlə əmək pensiyasının hansı dövrdə qüvvədə olan qanunvericiliyə müvafiq təyin edilməli olmasını müəyyən etmək zəruridir. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanununun 9.8-ci maddəsinə əsasən, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Qeyd edilənlərdən asılı olaraq pensiya təminatının “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının qanunu (xx.xx.1992-ci il tarixli qanun xx.xx.2007-ci il tarixdə qüvvədən düşmüşdür) və ya “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanunu ilə (xx.xx.2006-cı il tarixdən qüvvəyə minmişdir) tənzimləndiyi müəyyən edilməlidir. Məhkəmənin qeyd edilən qənaəti həm də hüquqi müəyyənlik prinsipindən irəli gəlir. Qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya məhdudlaşdırıla bilməz. Bu, qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının qanununun 13-cü maddəsinin birinci hissəsinin b) bəndinə əsasən: əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər - 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdir. xx.xx.1997-ci il tarixli 321-İQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişikliyə müvafiq olaraq Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri xx.xx.1997-ci il tarixdən başlayaraq xx.xx.2000-ci il tarixə kimi hər il altı ay artırılır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanununun (qanun xx.xx.2006-cı ildən qüvvəyə minmişdir) 9.1-ci bəndinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır (10 mart 2017-ci il tarixli 543-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 9.1-ci maddədə “57” rəqəmləri “60” rəqəmləri ilə, “52” rəqəmləri “55” rəqəmləri ilə əvəz edilmişdir və həmin maddəyə “çalışmışlarsa” sözündən sonra “və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə” sözləri əlavə edilmişdir). Beləliklə, normaların təhlilindən görünür ki, güzəştli şərtlərlə pensiya hüququnun yaranması baxımından tam əmək stajı xx.xx.2006-ci il tarixədək yarandıqda “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının qanunu (yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılmaqla), xx.xx.2006-ci il tarixdən sonra yarandıqda “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanunu tətbiq edilməlidir (10 mart 2017ci il tarixdən sonra isə həmin qanuna edilmiş dəyişiklik nəzərə alınmalıdır). xx.xx.2006-cı il tarixədək axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun yaranması üçün iki meyar mövcud idiyaş (kişilərdə 55, qadınlarda 50 yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000ci il avqustun 1-dək hər il altı ay artırılmaqla; xx.xx.2000-ci il tarixdən kişilərdə 57, qadınlarda 52) və iş stajı (kişilərdə az 25 il, bu müddətin azı 12 il 6 ayı əmək şəraiti zərərli və ağır olan işlər olmalıdır; qadınlarda azı 20 il iş stajı, bu müddətin azı 10 ili əmək şəraiti zərərli və ağır olan işlər olmalıdır); xx.xx.2006-cı ildən sonra axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun yaranması üçün iki meyar mövcud idi yaş (kişilərdə 57, qadınlarda 52) və iş stajı (kişilərdə az 25 il, bu müddətin azı 12 il 6 ayı əmək şəraiti zərərli və ağır olan işlər olmalıdır; qadınlarda azı 20 il iş stajı, bu müddətin azı 10 ili əmək şəraiti zərərli və ağır olan işlər olmalıdır); xx.xx.2017-cı ildən sonra axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun yaranması üçün üç meyar mövcud idi yaş (kişilərdə 60, qadınlarda 55); iş stajı (kişilərdə az 25 il, bu müddətin azı 12 il 6 ayı əmək şəraiti zərərli və ağır olan işlər olmalıdır; qadınlarda azı 20 il iş stajı, bu müddətin azı 10 ili əmək şəraiti zərərli və ağır olan işlər olmalıdır) və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatının mövcudluğu. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinin tələblərinə əsasən ilk meyar tam əmək stajının mövcudluğudur. “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli Qərarına əsasən “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” (bundan sonra 2 nömrəli Siyahı) təsdiq edilmiş, həmin qərar "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli qərarı təsdiq edilənə qədər qüvvədə olmuşdur. Odur ki, xx.xx.2007-ci il tarixə qədər əmək şəraiti zərərli və ağır olan işlərin siyahısı 2 nömrəli siyahıda kodlara uyğun nəzərə alınmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, inzibati orqan imtinanın dəlillərindən asılı olmayaraq, məhkəmə xidməti vəzifəsinə görə şəxsin güşətli şərtlərlə pensiya hüququnun yaranması ilə bağlı qanunun tələb etdiyi şərtlərin ödənilib-ödənilmədiyini müəyyənləşdirməyə borcludur. Hazırkı işdə iş materiallarına əlavə olunmuş “Azərbaycan Dövlət Dəniz Akademiyası” publik hüquqi şəxsi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli 23 nömrəli arayışdan görünür ki, İddiaçı xx.xx.1978-ci il tarixdən xx.xx.1982-ci il tarixədək təhsil almışdır. Bundan başqa ИТ-İ № ******* nömrəli əmək kitabçası ilə müəyyən edilir ki, İddiaçı xx.xx.1978-ci il tarixdən xx.xx.1982-ci il tarixədək Bakı Xəzər Dəniz Yolları Məktəbində əyani təhsil almış, xx.xx.1983-cü il tarixdən xx.xx.1999-cu il tarixədək, xx.xx.2000-ci il tarixdən xx.xx.2008-ci il tarixədək, xx.xx.2011-ci il tarixdən xx.xx.2012-cü il tarixədək, xx.xx.2015-ci il tarixdən xx.xx.2017-cil tarixədək, xx.xx.2021-ci il tarixdən hazırki günədək əmək fəaliyyəti ilə məşğul olmuşdur. "xxxx" QSC Dəniz Nəqliyyat donanması tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli arayışdan müəyyən edilir ki, iddiaçı xx.xx.1983-cü il tarixdən xx.xx.1999-cu il tarixədək nəqliyyat donanması gəmilərində, xx.xx.2000-ci il tarixdən xx.xx.2008-ci il tarixədək çilingər təmirçi və xx.xx.2021-ci il tarixdən hal-hazıradək isə motorçu, baş mexanik vəzifələrində çalışmışdır. Arayışın məzmunundan aydın olur ki, iddiaçının çalışdığı vəzifələr güzəştli şərtlərlə pensiya təminatı üçün nəzərdə tutulan peşələrə aiddir. Məhkəmə kollegiyasının sorğusu əsasında "xxxx" QSC tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 13-3/2-Ə-10xx-xx/2024 nömrəli və xx.xx.2025-ci il tarixli 13-3/2-Ə-2xx-xx/2025 nömrəli məktubu ilə İddiaçı adına olan iş stajı, əmək haqqı və müəsissənin dəyişdirilməsi barədə arxiv arayışı təqdim edilmişdir. Arayışda göstərilir ki, xx.xx.2025-ci il tarixli 13-3/3-9-08/2025 nömrəli arxiv arayışında göstərilir ki, xx.xx.1963-cü il təvəllüdlü İddiaçı həqiqətən də, Bakı Dənizçilik Yolları məkbətini bitirdikdən sonra xx.xx.1983-cü ildən xx.xx.1999-cu ilə qədər X1 motorçu, 4-cü mexanik, 3-cü mexanik, 2-ci mexanik vəzifələrində, xx.xx.2000-ci ildən xx.xx.2008-ci ilə qədər Donanmanın Texniki Xidmət Bazasında çilingər-gəmi-təmirçi, xx.xx.2021- ci ildən hal-hazıra kimi “M.Müşfiq”, “T.Əhmədov” və “C.Məmmədquluzadə” gəmilərində baş mexanik vəzifələrində işləyir. Onun tutduğu vəzifələr üzücü heyətə və işlədiyi gəmilər dəniz nəqliyyat donanmasının gəmilərinə aiddir. Bu gəmilər daimi olaraq liman akvotoriyasına işləyən, xidməti-yardımçı, səyyar, şəhərətrafı və şəhərdaxili gəmilərinə aid deyildir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”ın 21.2-ci bəndinin (dəniz və çay donanması) “b” bindinə (üzən heyət) (dəniz və çay donanmasının və balıqçılar sənayesi donanmasının gəmi heyəti) və 11.6-cı bəndinin (qazanxana, gəmi gövdəsi, gəmiqayırma və gəmi təmiri işləri) “a” yarımbəndinə (çənlərin və gəmi bölmələrinin daxilində avadanlığın təmiri ilə məşğul olan gəmi takelajçıları və bütün adlarda çilingərlər) uyğun göstərilmişdir. Arxiv arayışına 1983-cü il tarixdən 1999-cu il tarixədək olan dövrün əmək haqlarını əks etdirən cədvəl əlavə edilmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı ona güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi üçün həm ümumi, həm də xüsusi iş stajına malik oduğundan ona tələbi üzrə xx.xx.2020-ci il tarixdən, yəni 57 yaşdan əmək pensiyası təyin edilməlidir. İddiaçıya da pensiya təyini ilə bağlı sözügedən Qanun tətbiq edilməli olduğundan cavabdehin imtinası əsassızdır. İddiaçı ona xx.xx.2006-cı ilədək qüvvədə olan qanunvericiliyə müvafiq olaraq güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi üçün zəruri olan 25 il ümumi, 12 il 6 ay xüsusi iş stajına da malikdir. Məhkəmə cavabdehin iddiaçının ona əmək pensiyası təyin edilməsi üçün zəruri olan pensiya kapitalına malik olmaması ilə bağlı dəlilinə münasibətdə qeyd edir ki, iddiaçıya əmək pensiyası təyinatı “Vətəndaşların pensiya təminatı” haqqında Qanunun tələblərinə müvafiq olaraq aparılmalı olduğundan və həmin qanunda güzəştli şərtlərlə pensiya təyin edilməsi meyarı kimi pensiya kapitalının olması nəzərdə tutulmadığından cavabdeh orqanın qeyd olunan dəlili əsassızdır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh inzibati orqan iddiaçıya güzəştli şərtlərlə pensiyanı 57 yaşının tamam olduğu gündən, yəni xx.xx.2020-ci il tarixdən təyin etməli idi. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun 16.1-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. Göründüyü kimi, qanunverici inzibati orqanın hüququn tətbiqini xidməti vəzifəsindən irəli gəldiyi hallarda öz təşəbbüsü ilə etməli olduğunu vurğulayır və bu hüququn düzgün tətbiq edilməsi inzibati orqanın vəzifəsi kimi başa düşülməlidir. İnzibati Prosessual Məcəllənin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. İddiaçı ona güzəştli şərtlərlə əmək pensiyası təyin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etsə də, cavabdeh bunun əksini sübut edə bilməmişdir. İnzibati Prosessual Məcəllənin 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə yuxarıda qeyd olunan hüquq normalarının müqayisəli təhlildən göründüyü kimi, cavabdeh inzibati orqanın qəbul etdiyi “Əmək pensiyasının yenidən hesablanması haqqında” xx.xx.2023-cü il tarixli qərar iddiaçıya münasibətdə akt əlverişsiz inzibati akt olmaqla, iddiaçının konstusion hüquqlarının pozulmasına gətirib çıxartmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, qəbul edilmiş məhkəmə aktı qanunvericiliyə və formalaşmış vahid məhkəmə təcrübəsinə uyğundur. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməklə, iş üzrə düzgün hüquqi nəticəyə gəlmiş, qanuni və əsaslı qərar qəbul etmişdir. Cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassızdır. Həmin dəlillər birinci instansiya məhkəməsinin qərarının ləğvi üçün qanuni əsas ola bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Hər hansı bir məhkəmə aktının qanuni və əsaslı hesab edilməsi üçün əsas şərtlərdən biri onun ədalətli olmasıdır. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (“Delkart Belçikaya qarşı” iş üzrə xx.xx.1970-ci il tarixli qərarı, “Piersack Belçikaya qarşı” iş üzrə xx.xx.1982ci il tarixli qərarı) bunu belə ifadə etmişdir: “Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir.” Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdehin apellyasiya şikayəti rədd edilsin. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-1(118)-4414/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(105)-314/2025
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-314/2025
05.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver