Məhkəmə qərarları › İş №2-1(105)-315/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-315/2021

18.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-315/2021 18.08.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Sədrlik edən və məruzəçi-hakim Babayeva Hökümə Çingiz qızı, hakimlər Ağayev Rəşadət Əhməd oğlu və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, İsmayılova Sehran Sabir qızının katibliyi, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Səfərbəlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı müharibə veteranı adının və vəsiqəsinin verilməsi tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin 04 mart 2021-ci il tarixli 2-1(118)-345/2021 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı İmran oğlu Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət edərək ona “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti 04 avqust 2020-ci il tarixli cavab məktubunda qeyd etmişdir ki, Xidmətin Aparatına Qubadlı Rayon İcra Hakimiyyəti tərəfindən təqdim edilmiş müvafiq siyahıda onun adı keçmir. Əlavə olaraq bildirilmişdir ki, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinə verilmiş iddia tələbi 16.09.2019-cu il tarixli, 2-1(85)-1342/2019 nömrəli qərarla təmin edilməmiş, həmçinin Sumqayıt Apelyasiya Məhkəməsinə verilmiş apelyasiya və Ali Məhkəməyə verilmiş kassasiya şikayətləri həmin məhkəmələrin inzibati-iqtisadi kollegiyalarının müvafiq olaraq 16.12.2019-cu il tarixli, 2-1(105)-716/2019 nömrəli və 09.06.2020-ci il tarixli, 2-1(102)- 815/2020 nömrəli qərarları ilə təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Bu səbəbdən ona “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi mövcud qanunvericiliyin tələblərinə əsasən mümkün deyildir. Bununla razılaşmayan iddiaçı 25 sentyabr 2020-ci il tarixdə cavabdehlər Azərbaycan Respublikasının Səfərbəlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə və Azərbaycan Respublikasının Səfərbəlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qubadlı rayon bölməsinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, onun 01 fevral 1988-ci ildən 1993-cü ilin avqust ayının 31-nə kimi Qarabağın müdafiə bölüyünün əsgəri kimi Dağlıq Qarabağ və onun ətrafında baş vermiş hadisələrlə əlaqədar olaraq sərhəd bölgələrinin müdafiəsi uğrunda gedən döyüş əməliyyatlarında Qubadlı rayon İcra Hakimiyyətinin təşkil etdiyi könüllülərdən ibarət dəstənin tərkibində iştirak edib vuruşaraq onun düşmən hücumundan qorunmasında əsgər kimi xidmət etməsini nəzərə alaraq “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi vəzifəsinin Azərbaycan Respublikasının Səfərbəlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin və həmin Dövlət Xidmətinin Qubadlı Rayon Bölməsinin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinin tələbərinə uyğun olaraq idiaçıya hüquqi yardım göstərilmişdir. Bundan sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh kimi yalnız Azərbaycan Respublikası Səfərbəlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin göstərilməsini məhkəmədən xahiş etmişdir İddianın əsaslandırması: O, xx.xx.1965-ci ildə Qubadlı rayonunda anadan olmuşdur. 01.02.1988-ci ildən Qarabağın müdafiə bölüyünün əsgəri kimi Dağlıq Qarabağ və onun ətrafında baş vermiş hadisələrlə əlaqədar olaraq sərhəd bölgələrinin müdafiəsi uğrunda gedən döyüş əməliyyatlarında Qubadlı rayon İcra Hakimiyyətinin təşkil etdiyi könüllülərdən ibarət dəstənin tərkibində fəal iştirak edərək 31.08.1993-cü ilə kimi Azərbaycan Respublikasının ərazi bütövlüyü qorunması uğrunda vuruşmuşdur. Bunu onunla birlikdə vuruşmuş bütün şahidləri və əsgər yoldaşları da təsdiq edə bilər. İddiaçı müvafiq sənədlərlə birlikdə ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi ilə əlaqədar rəsmi ərizə ilə cavabdehə müraciət etmiş, lakin ona imtina cavabı verilmişdir Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin 04 mart 2021-ci il tarixli 2-1(118)-345/2021 saylı qərarı ilə iddia təmin edilməmişdir. (hakim V.Əzizova) Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddiasının təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apelyasiya şikayəti iddia ərizəsi ilə eyni məzmunda əsaslandırılmışdır. TƏRƏFLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apelyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edib, onun məzmununa uyğun izahat verərək təmin edilməsini xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏ Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası tərəflərin dinlənilmə hüququnu təmin edib, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. "Veteranlar haqqında" Azərbaycan Respublikası Qanununun: - 3-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranları sayılırlar; həmin maddənin qeyd hissəsində deyilir ki, bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir. - 7-ci maddəsinə əsasən, müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti (Azərbaycan Respublikasının Nazirlər Kabineti) orqanı tərəfindən müəyyən edilir. Veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları (o cümlədən öz səlahiyyətləri daxilində Azərbaycan Respublikası Müdafiə Nazirliyi) tərəfindən verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli, 216 nomrəli Qərarı ilə təsdiq edilmiş «Muharibə veteranı, silahlı quvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında» Əsasnamənin 1-ci bəndinin 8-ci yarımbəndində əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında müharibə veteranı adı verilir. Sadalanan normaların məzmunundan göründüyü kimi, iddiaçı döyüşlərdə iştirakını sübut edən sənədlərlə birgə yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahıları təqdim etdiyi halda ona müharibə veteranı adı verilə bilər. Lakin hazırki işdə belə hallar mövcud deyildir. İş materiallarından görünür ki, iddiaçı daha öncə Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı məhkəmədə iddia qaldıraraq, müharibə veteranı adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-1(085)-1342 saylı 16.09.2019-cu il tarixli qərarı ilə iddia rədd edilmişdir. Qərardan iddiaçı tərəfindən verilmiş apelyasiya və kassasiya şikayətləri təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Daha sonra iddiaçı müharibə veteranı adı və vəsiqəsinin verilməsinə dair tələblə Azərbaycan Respublikasının Səfərbəlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət etmiş. Xidmətin iddiaçıya ünvanladığı 04.08.2020-ci il tarixli H/-2302 saylı cavab məktubundan görünür ki, Xidmətin aparatına Qubadlı rayon İcra Hakimiyyəti tərəfindən təqdim edilmiş müvafiq siyahıda iddiaçının adı qeyd olunmadığına görə ona müharibə veteranı adı və vəsiqəsinin verilməsi məqsədəuyğun hesab edilməmişdir. Həmçinin, Qubadlı rayonu İcra Hakimiyyəti başçısının aparatı 14 iyul 2021-ci il tarixli məktubla məhkəmə kollegiyasının sorğusuna cavab olaraq bildirmişdir ki, İddiaçı özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etməsi barədə rayon İcra Hakimiyyətində məlumat mövcud deyildir. Qanunvericiliyin tələbindən göründüyü kimi, döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə müharibə veteranı adı verilməsi üçün onların adı yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılarda qeyd edilməli və bu siyahılar döyüşlərdə iştirakı sübut edən digər sənədlərlə birlikdə təqdim edilməlidir. Məhkəmə sorğusu əsasında yerli icra hakimiyyəti orqanı tərəfindən verilmiş məktubdan isə görünür ki, siyahıda iddiaçının adı qeyd edilməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «X1 şikayətinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 27.09.2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 09.07.2007-ci il tarixli Qərarında göstərilmişdir ki, müharibə veteranı adının verilməsi ilə bağlı mübahisələr məhkəmələrdə həll olunarkən hər bir halda şəxsin döyüş zonasında hansısa obyektiv və ya subyektiv səbəbdən olması və bu halda hansı şəxs qismində çıxış etməsi ilə yanaşı, onun Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakının sübuta yetirilməsi vacibdir. Məhkəmə baxışı zamanı hər hansı bir şəxsin məhz döyüş əməliyyatlarının hərbi terminologiyada qəbul olunmuş anlayışına və məzmununa aid edilə biləcək əməllərdə iştirakı tədqiq olunmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etməsi barədə sübutlar mövcud olmadığından inzibati orqanın imtinası qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Bu səbəbdən məhkəmə kollegiyası iddianın rədd edilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Hazırkı iddia tələbi üzrə inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə şərtlərin mövcudluğunu istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı halda iddiaçı ona müharibə veteranı adı verilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübuta yetirə bilməmiş, cavabdeh iddiaçıya imtina cavabı verməkdə haqlı olmuşdur. Bu səbəbdən də iddianı əsassız sayaraq təmin etməyən birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Beləliklə də kollegiya iddiaçının apellyasiya şikayətinin dəlillərini formal mülahizələr kimi qəbul edərək hesab edir ki, bu dəlillər qanuni məhkəmə qərarının ləğvi üçün əsas ola bilməz. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 04 mart 2021-ci il tarixli 2-1(118)-345/2021 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Səməd Vurğun küçəsi 120) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar