Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-315/2024 24.05.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Zaur İkram oğlu, hakimlər Babayeva Hökümə Çingiz qızı və Quliyev İsmayıl Rza oğlundan ibarət tərkibdə, Əliyeva Aysel Sərvan qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “xx.xx.1962-ci il təvəllüdlü İddiaçı hüququnun yarandıgı vaxtdan-60 yaşından güzəştli əsaslarla yaşa görə əmək pensiyasının təyin olunması vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 28 noyabr 2023-cü il tarixli, 2-1(118)-2109/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. AZE seriyalı, ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətinə əsasən iddiaçı xx.xx.1962-ci ildə anadan olmuşdur.
2. Cavabdehin 06 yanvar 2023-cü il tarixli imtina məktubundan görünür ki, onun müraciətindən imtina olunmuş və məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur.
3. ИТ-İ seriyalı, ******* nömrəli əmək kitabçasının surətinə əsasən iddiaçı xx.xx.1978ci ildən xx.xx.1981-ci il tarixədək Sumqayıt Texniki peşə məktəbində təhsil almış, xx.xx.1981-xx.xx.1981-ci illərdə Sumqayıt Boruyayma zavodunda çalışmış, xx.xx.1981xx.xx.1983-cü illərdə hərbi xidmətdə olmuş, xx.xx.1981-xx.xx.1986-cı illərdə Azərboruyayma zavodunda, xx.xx.1986-xx.xx.1988-ci illərdə Bakıbaştikinti İdarəsində (çilingər vəzifəsi), xx.xx.1988-xx.xx.1998-ci illərdə “Azərkimyatəmirtikinti” trestində, xx.xx.1998-xx.xx.2000-ci illərdə "xxxx" İstehsalat Kommersiya Şirkətində, xx.xx.2000xx.xx.2005-ci illərdə Sumqayıt Alüminium zavodunda (qazlakəsən vəzifəsi), xx.xx.2012xx.xx.2014-cü illərdə “Azneft” İstehsalat Birliyində, xx.xx.2014-xx.xx.2014-cü illərdə, xx.xx.2014-xx.xx.2020-ci illərdə ARDNŞ-də çalışmış, xx.xx.2020-ci ildən hal-hazıradək SOCAR Azneft İB-də çalışır.
4. İddiaçıya məxsus НЗ seriyalı ******* nömrəli hərbi biletin surətinə əsasən iddiaçı xx.xx.1981-xx.xx.1983-cü illərdə hərbi xidmətdə olmuşdur.
5. SOCAR “Azneft” İB 1 saylı Nəqliyyat İdarəsinin 278 saylı, xx.xx.2022-ci il tarixli işçinin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair arayışına əsasən iddiaçının səyyar kompressor maşinisti peşəsi (xx.xx.2014-xx.xx.2020-ci illər, xx.xx.2020 hal-hazıradək) üzrə sosial sığorta (və ya iş) stajı 8 il, 3 ay, 9 gün təşkil edir və həmin peşə güzəştli hesab olunur.
6. SOCAR “Azneft” İB “Neft Daşları” Neft və qazçıxarma İdarəsinin xx.xx.2022-ci il tarixli arxiv arayışına əsasən iddiaçı xx.xx.2012-xx.xx.2014-cü illərdə qazkompressor sexində səyyar kompressorların maşinisti (1100000a-13979) vəzifəsində çalışmış və həmin peşə güşəştli peşə hesab olunur. Həmin vəzifə üzrə iddiaçının iş stajı 02 il 00 ay 17 gün təşkil edir.
7. SOCAR Nəqliyyat İdarəsinin 17 noyabr 2022-ci il tarixli arxiv arayışına əsasən iddiaçı xx.xx.2014-cü ildən 4-cü dərəcəli səyyar kompressorun maşinisti peşəsinə işə qəbul edilib. Həmin vəzifədə xx.xx.2014-cü il tarixədək çalışmaqla 6 ay güzəştli staja malik olmuşdur.
8. Dövlət Arxivinin Sumqayıt Filialının 2021-ci il tarixli, 574 saylı arayışına əsasən iddiaçı 1988-1998-ci illərdə “Azərkimyatəmir” Tresti 3 saylı TTQİ-nin zərərli sexlərdə işləyən işçiləri siyahısına (çilingər vəzifəsi) daxil edilmişdir.
Birinci instansiya məhkəməsində icraat
9. İddiaçı ilkin olaraq cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək cavabdehin hərəkətlərini qanunsuz hesab etməklə iddiaçıya hüququnun yarandığı vaxtdan– 57 yaşından güzəştli əsaslarla əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
10. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1978-ci ildən xx.xx.1981-ci il tarixə kimi 49 saylı Sumqayıt TPM-də təhsil almış və xx.xx.1981-ci ildə Sumqayıt Boruyayma zavodunda tokar vəzifəsində əmək fəaliyyətinə başlamışdır. xx.xx.1981-ci ildə öz xahişi ilə işdən çıxmış və xx.xx.1981-ci ildən xx.xx.1983-cü il tarixə kimi Sovet Ordusu sıralarında xidmət etmişdir. Hərbi xidmətini başa vurduqdan sonra xx.xx.1983-cü ildə yenidən Azərboruyayma zavodunda əmək fəaliyyətini davam etdirmiş, xx.xx.1986-cı ildə öz xahişi ilə işdən çıxmışdır. Bundan sonra o, Bakıbaştikinti İdarəsinin mexaniki təmir zavodunda xx.xx.1986-cı ildə 5-ci dərəcəli çilingər kimi işə qəbul edilmiş və xx.xx.1988-ci ildə öz xahişi ilə işdən çıxmışdır. Daha sonra o, “Azərkimyatəmirtikinti» trestinə xx.xx.1988ci ildə çilingər qaz kəsicisi vəzifəsində işə qəbul edilmiş və xx.xx.1998-ci il tarixə kimi bu iş sahəsində işləmişdir. 1998-2000-ci illərdə "xxxx" İstehsalat Kommersiya Şirkətində qaz kəsicisi vəzifəsində işləmiş və xx.xx.2000-ci ildə Sumqayıt Aliminium zavoduna elektroliz təknələrinin əsaslı təmiri sexinə 6-cı dərəcəli qazlakəsən vəzifəsində işə qəbul olunmuşdur. xx.xx.2005-ci ildə öz xahişi ilə işdən çıxmış və 2012-ci ildən hal-hazırki vaxtadək Azərbaycan Respublikası Dövlət Neft Şirkətində əmək fəaliyyətini davam etdirir. Göründüyü kimi, 1978-ci ildən 2006-cı ilədək onun ümumi əmək stajı 28 təşkil etmiş və həmin əmək stajının 19 ilini isə zərərli işlərdə işləmişdir. “Azərkimyatəmirtikinti” trestində işlədiyi dövrün (1988-1998) zərərli iş sahəsinə aid edilməsi ilə bağlı o, Azərbaycan Respublikası Dövlət Arxivinin Sumqayıt şəhər filialından rəsmi arayış almış, lakin cavabdeh həmin arayışı nəzərə almamışdır. İddiaçı cavabdehə bütün sənədləri təqdim etməklə ona güzəştli şərtlərlə əmək pensiyasını təyin etməsini xahiş etmiş, lakin cavabdeh ona ünvanladığı xx.xx.2023-cü il tarixli məktubla bundan imtina etmiş və bildirmişdir ki, güzəştli iş stajı 12 il 6 aydan az (10 il 8 ay 14 gün) olduğu üçün (xx.xx.2012-xx.xx.2022) ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi mümkünsüzdür. Cavabdehin bu imtinası tamamilə əsassızdır, belə ki, cavabdeh iddiaçının zərərli iş yerlərində işlədiyi əmək stajlarını nəzərə almamış, yalnız son dövrü götürməklə bu imtinanı vermişdir. İddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasından inzibati orqanın imtinası qanunazidd olmaqla hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Qeyd olunur ki, iddiaçının işlədiyi «takelajçı» vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 saylı qərarı ilə təsdiq edilmiş “güzəştli şərtlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”na daxil edildiyi və işlədiyi sahələrin və müəssisələrin zərərli işlərin görüldüyü müəssisələr təsnifatına daxil edildiyi üçün onun həmin iş sahələrində əldə etdiyi əmək stajı da nəzərə alınmaqla hesablanmalı idi, bu halda iddiaçının yetərli əmək stajının olması öz təsdiqini tapardı. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir.
11. Daha sonra iddiaçının vəkili Vəkil iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək xx.xx.1962-ci il təvəllüdlü İddiaçı hüququnun yarandıgı vaxtdan-60 yaşından güzəştli əsaslarla yaşa görə əmək pensiyasının təyin olunması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri
12. Cavabdeh iddiaya qarşı yazılı etirazında qeyd etmişdir ki, xx.xx.2022-ci il tarixdə iddiaçı cavabdeh orqandan ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Bunun müqabilində cavabdeh iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin etməkdən imtina etmişdir. Belə ki, iddiaçının cavabdeh orqana təqdim etdiyi sənədlərə əsasən onun qanunvericiliklə tələb edilən güzəştli stajının olmadığı müəyyən edilmişdir. Bundan narazı qalan iddiaçı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət etmişdir. Cavabdehin imtinası qanunidir və iddiaçının iddia tələbi aşağıda qeyd olunan əsaslara görə təmin edilməməlidir: “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 10 il çalışmış qadınların həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmçinin “Əmək pensiyaları haqqında" Qanunun 9.1-ci maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. Cavabdeh orqana təqdim edilən sənədlərə əsasən iddiaçının güzəştli iş stajı 12 il 6 aydan az (10 il 8 ay 14 gün (xx.xx.2012-xx.xx.2022-ci il tarixləri arasındakı dövr)) olduğu üçün ona yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Qeyd olunanlara əsasən iddia tələbinin rədd olunması məhkəmədən xahiş edilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə
13. Sumqayıt İnzibati Məhkəməsinin 28 noyabr 2023-cü il tarixli, 2-1(118)-2109/2023 nömrəli qərarı ilə iddia tələbi təmin edilmiş, xx.xx.1962-ci il təvəllüdlü İddiaçı hüququnun yarandıgı vaxtdan-60 yaşından (xx.xx.2022-ci il tarixdən) güzəştli əsaslarla yaşa görə əmək pensiyasının təyin olunması vəzifəsinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması qərara alınmışdır. (hakim İ.Burcayev)
14. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının mübahisəsiz güzəştli stajı 10 il, 8 ay, 14 gündür. Cavabdeh orqan tərəfindən iddiaçının 1988-1998-ci illərdə “Azərkimyatəmir” Trestində zərərli sexlərdə çalışdığı illərin güzəştli iş stajı kimi hesablanmaması əsassızdır. Belə ki, Dövlət Arxivinin Sumqayıt Filialının 2021-ci il tarixli, 574 saylı arayışına əsasən iddiaçı 1988-1998-ci illərdə “Azərkimyatəmir” Tresti 3 saylı TTQİ-nin zərərli sexlərdə işləyən işçiləri siyahısına (çilingər vəzifəsi) daxil edilmişdir. İddiaçıya məxsus ИТ-İ seriyalı, ******* nömrəli əmək kitabçasının 11-12-ci səhifələrində iddiaçının həmin trestdə “çilingər” vəzifəsində çalışdığı təsdiq olunur. Həmin vəzifə Azərbaycan Respublikası Nazirlər kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq etdiyi "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"nın 8-ci bölməsində (kimya istehsalı) qeyd olunan zərərli peşələrə uyğundur.
15. Cavabdeh apellyasiya şikayəti verərək qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri
16. Apellyasiya şikayəti iddia ərizəsinə etirazla eyni məzmunda əsaslandırılmışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları
17. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək onun təmin edilməsini xahiş etdi, əlavə olaraq bildirdi ki, mübahisəli dövr yalnız 1988-1998-ci illərdir. Güzəştli iş stajına dair arayış təqdim edilmədiyinə görə qeyd olunan dövr araşdırılmamış, güzəştli iş stajına daxil edilməmişdir. İddiaçının ümumi iş stajı ilə bağlı mübahisə yoxdur, 35 ildən çox əmək stajı vardır. İddiaçının adına verilmiş arayış vardır. Lakin həmin arayışın hansı sənəd əsasında verilməsi məlum deyildir. İşçilərin adının olduğu siyahı varsa, hamısını təqdim edə bilərdirlər. Praktikada müəssisənin ləğv edildiyi və hüquqi varisinin aşkar olunmadığı hallarda sadəcə əmək kitabçasında olan qeyd əsasında pensiya təyinatının aparıldığı hallar olmuşudur. Lakin hazırkı işlə bağlı mübahisəli məqamlar olduğuna görə təyinat aparılması mümkün deyildir. Həmçinin, sözügedən arayışdan iddiaçının zərərli işdə işləməsi görünmür. Arayışda sadəcə iddiaçının işlədiyi müddət yazılmışdır.
18. Məhkəmə kollegiyasının iclasında iddiaçı apellyasiya şikayətinə etiraz edərək, təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanmasını xahiş etdi.
TƏTBİQ EDİLƏN HÜQUQ
19. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 38. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir.
20. “Əmək pensiyaları haqqında” Qanun: (01 yanvar 2006-cı ildən qüvvəyə minmişdir) Maddə 1.0.1. əmək pensiyası- bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Maddə 1.0.2. Sosial sığorta stajı (bundan sonra sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Maddə 3.1. Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdirlər. Maddə 7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Maddə 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər- 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. (10 mart 2017-ci il tarixli 543-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 9.1-ci maddədə “57” rəqəmləri “60” rəqəmləri ilə, “52” rəqəmləri “55” rəqəmləri ilə əvəz edilmişdir və həmin maddəyə “çalışmışlarsa” sözündən sonra “və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə” sözləri əlavə edilmişdir). Maddə 9.8. Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9.1ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə bu Qanuna uyğun olaraq təyin edilir. Maddə 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir.
21. Qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanun: Maddə 13. Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; qadınlar—45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa. b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər— istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər—55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa. (çıxarılıb) 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişikliyə müvafiq olaraq Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılır.
22. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 №-li Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququverən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin” 1 №-li Siyahısı”.
23. “İnzibati icraat haqqında” Qanun: Maddə 19.1 İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.
24. İnzibati Prosessual Məcəllə: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 69.4. Məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Cavabdehin iddianı qəbul etdiyi hallarda, qərarın əsaslandırma hissəsində yalnız iddianın cavabdeh tərəfindən qəbul edildiyi onun məhkəmə tərəfindən təsdiq olunduğu göstərilə bilər. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
25. Apellyasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPMin 85.2 və 85.3-cü maddələri). Şikayət qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verildiyindən onun mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir.
26. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
27. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyərək, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
28. Məhkəmə kollegiyası qeyd edir ki, güzəştli şərtlərlə pensiya təyini ilə bağlı mübahisələrdə ilk öncə güzəştli şərtlərlə əmək pensiyasının hansı dövrdə qüvvədə olan qanunvericiliyə müvafiq təyin edilməli olmasını müəyyən etmək zəruridir. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanununun 9.8-ci maddəsinə əsasən, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Güzəştli şərtlərlə pensiya hüququnun yaranması baxımından tam əmək stajı xx.xx.2006-cı il tarixədək yarandıqda “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının qanunu (yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılmaqla), xx.xx.2006-cı il tarixdən sonra yarandıqda “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanunu tətbiq edilməlidir (10 mart 2017-ci il tarixdən sonra isə həmin qanuna edilmiş dəyişiklik nəzərə alınmalıdır).
29. xx.xx.2006-cı il tarixədək axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun yaranması üçün “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının qanununun 13-cü maddəsinin birinci hissəsinin b) bəndinə əsasən əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahı üzrə: kişilər—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; qadınlar—45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa. 2 nömrəli siyahısı üzrə: kişilər—55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdir. 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişikliyə müvafiq olaraq Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılır.
30. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanununun (qanun 01 yanvar 2006-cı ildən qüvvəyə minmişdir) 9.1-ci bəndinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır (10 mart 2017-ci il tarixli 543-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 9.1-ci maddədə “57” rəqəmləri “60” rəqəmləri ilə, “52” rəqəmləri “55” rəqəmləri ilə əvəz edilmişdir və həmin maddəyə “çalışmışlarsa” sözündən sonra “və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə” sözləri əlavə edilmişdir).
31. xx.xx.2006-cı il tarixədək axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun yaranması üçün iki meyar mövcud idi: yaş və iş stajı;
32. xx.xx.2006-cı ildən sonra axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun yaranması üçün iki meyar mövcud idi: 1) yaş (kişilərdə 57, qadınlarda 52) və iş stajı (kişilərdə azı 25 il, bu müddətin azı 12 il 6 ayı əmək şəraiti zərərli və ağır olan işlər olmalıdır; qadınlarda azı 20 il iş stajı, bu müddətin azı 10 ili əmək şəraiti zərərli və ağır olan işlər olmalıdır);
33. 10.03.2017-ci ildən sonra axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun yaranması üçün üç meyar mövcud idi: yaş (kişilərdə 60, qadınlarda 55); iş stajı (kişilərdə azı 25 il, bu müddətin azı 12 il 6 ayı əmək şəraiti zərərli və ağır olan işlər olmalıdır; qadınlarda azı 20 il iş stajı, bu müddətin azı 10 ili əmək şəraiti zərərli və ağır olan işlər olmalıdır) və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatının mövcudluğu.
34. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanununun 9.8-ci maddəsinin tələblərinə əsasən ilk meyar tam əmək stajının mövcudluğudur.
35. “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli Qərarına əsasən “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” (bundan sonra 2 nömrəli Siyahı) təsdiq edilmiş, həmin qərar "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli qərarı təsdiq edilənə qədər qüvvədə olmuşdur.
36. Hazırkı mübahisənin predmetini cavabdehin iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsindən imtinası təşkil edir.
37. Yuxarıda istinad olunan qanunvericilik normalarına görə, iddiaçıya güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün iki element mövcud olmalıdır: 1) azı 25 il ümumi iş stajının mövcud olması 2) azı 12 il 6 ay güzəştli iş stajının mövcud olması.
38. İddiaçının ümumi iş stajı ilə bağlı mübahisə yoxdur. Belə ki, iş materiallarına əlavə edilmiş ИТ-İ seriyalı, ******* nömrəli əmək kitabçasının surətinə əsasən iddiaçı xx.xx.1978-ci ildən xx.xx.1981-ci il tarixədək Sumqayıt Texniki peşə məktəbində təhsil almış, xx.xx.1981-xx.xx.1981-ci illərdə Sumqayıt Boruyayma zavodunda çalışmış, xx.xx.1981-xx.xx.1983-cü illərdə hərbi xidmətdə olmuş, xx.xx.1981xx.xx.1986-cı illərdə Azərboruyayma zavodunda, xx.xx.1986-xx.xx.1988-ci illərdə Bakıbaştikinti İdarəsində (çilingər vəzifəsi), xx.xx.1988-xx.xx.1998-ci illərdə “Azərkimyatəmirtikinti” trestində, xx.xx.1998-xx.xx.2000-ci illərdə "xxxx" İstehsalat Kommersiya Şirkətində, xx.xx.2000xx.xx.2005-ci illərdə Sumqayıt Alüminium zavodunda (qazlakəsən vəzifəsi), xx.xx.2012xx.xx.2014-cü illərdə “Azneft” İstehsalat Birliyində, xx.xx.2014-xx.xx.2014-cü illərdə, xx.xx.2014-xx.xx.2020-ci illərdə ARDNŞ-də çalışmış, xx.xx.2020-ci ildən hal-hazıradək SOCAR Azneft İB-də çalışır.
39. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi qaydalarının 3.2 və 3.2.1 bəndlərinə əsasən 2006-cı il 1 yanvar tarixinədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir.
40. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 87-ci maddəsinin 1-ci hissəsinə əsasən işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında - işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir.
41. Bundan əlavə, iddiaçı xx.xx.1981-xx.xx.1983-cü illərdə hərbi xidmətdə olmuşdur. Məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, “Əmək pensiyaları haqqında” qanunun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Hərbi xidmət müddəti (1992-ci il yanvarın 1-dək keçmiş SSRİnin ərazisində hərbi xidmət dövrü daxil olmaqla) Sığortaolunanın sığorta stajına daxil edilir (maddə 21.2.11).
42. Beləliklə, iddiaçının ümumi iş stajının 35 il, 06 ay, 10 gün olması iş materialları ilə təsdiq olunmuşdur.
43. Mübahisə iddiaçının güzəştli iş stajı ilə bağlıdır.
44. İşdə olan SOCAR “Azneft” İB 1 saylı Nəqliyyat İdarəsinin 278 saylı, xx.xx.2022-ci il tarixli arayışına əsasən iddiaçının səyyar kompressor maşinisti peşəsi (xx.xx.2014xx.xx.2020-ci illər, xx.xx.2020-hal-hazıradək) üzrə sosial sığorta (və ya iş) stajı 8 il, 3 ay, 9 gün təşkil edir və həmin peşə güzəştli hesab olunur. Həmin səyyar kompressor maşinisti peşəsi Azərbaycan Respublikası Nazirlər kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq etdiyi "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"nın 10.2-ci bölməsinin (“neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür və şistin emalı”) “a” bəndində (6cı abzas) müəyyən edilmiş sahənin və vəzifənin (peşənin) xüsusiyyətləri ilə eynidir. Daha sonra SOCAR “Azneft” İB “Neft Daşları” Neft və qazçıxarma İdarəsinin xx.xx.2022-ci il tarixli arxiv arayışına əsasən iddiaçı xx.xx.2012-xx.xx.2014-cü illərdə qaz-kompressor sexində səyyar kompressorların maşinisti (1100000a-13979) vəzifəsində çalışmış və həmin peşə güşəştli peşə hesab olunur. Həmin vəzifə üzrə iddiaçının iş stajı 02 il 00 ay 17 gün təşkil edir. SOCAR Nəqliyyat İdarəsinin 17 noyabr 2022-ci il tarixli arxiv arayışına əsasən iddiaçı xx.xx.2014cü ildən 4-cü dərəcəli səyyar kompressorun maşinisti peşəsinə işə qəbul edilib. Həmin vəzifədə xx.xx.2014-cü il tarixədək çalışmaqla 6 ay güzəştli staja malik olmuşdur. Yəni, iddiaçının mübahisəsiz güzəştli stajı 10 il, 8 ay, 14 gündür.
45. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh orqan tərəfindən iddiaçının 1988- 1998-ci illərdə “Azərkimyatəmir” Trestində zərərli sexlərdə çalışdığı illərin güzəştli iş stajı kimi hesablanmaması əsassızdır. Belə ki, Dövlət Arxivinin Sumqayıt Filialının 2021-ci il tarixli, 574 saylı arayışına əsasən iddiaçı 1988-1998-ci illərdə “Azərkimyatəmir” Tresti 3 saylı TTQİ-nin zərərli sexlərdə işləyən işçiləri siyahısına (çilingər vəzifəsi) daxil edilmişdir. Hal-hazırda “Azərkimyatəmir” Tresti fəaliyyət göstərmir. Həmin müəssisənin hüquqi varisinin müəyyən olunmasına dair birinci instansiya məhkəməsi tərəfindən sorğular göndərilsə də, hər hansı bir nəticə əldə edilməmişdir. İddiaçıya məxsus ИТ-İ seriyalı, ******* nömrəli əmək kitabçasının 11-12-ci səhifələrində iddiaçının həmin trestdə “çilingər” vəzifəsində çalışdığı təsdiq olunur. Həmin vəzifə Azərbaycan Respublikası Nazirlər kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq etdiyi "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"nın 8-ci bölməsində (kimya istehsalı) qeyd olunan zərərli peşələrə uyğundur.
46. Yuxarıda qeyd olunan mübahisəsiz güzəştli iş stajı kimi qəbul olunan vəzifələrlə eyni siyahıda göstərilən vəzifənin güzəştli iş stajı kimi nəzərə alınmaması və nəticədə iddiaçıya güzəştli şərtlərlə pensiya hüququnun yaranmasını istisna edən hal onun sosial təminat hüququnun məhdudlaşdırılması kimi qiymətləndirildiyindən məhkəmə kollegiyası hesab edir ki, həmin illər də iddiaçının güzəştli iş stajına daxil edilərək hesablanmalıdır. Bundan əlavə, 1992-ci il tarixədək işçinin əldə etdiyi güzəştli iş stajının təsdiq olunduğu əmək kitabçası ona güzəştli şərtlərlə pensiya hesablanması üçün yetərlidir, əlavə olaraq müəssisənin arayış verməsinə zərurət yoxdur.
47. Beləliklə, kollegiya qeyd olunan qanunvericilik normalarını ümumiləşdirərək hesab edir ki, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün tələb olunan şərtlər - iddiaçının 60 yaşına çatması, azı 25 il iş stajının olması və bu müddətin 12 il 06 ayını istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan siyahıda qeyd olunmuş işlərdə çalışması iş materialları ilə təsdiq olunur. Cavabdehin apellyasiya şikayətində istinad etdiyi hallar iddiaçıya güzəştli şərtlə əmək pensiyasının təyin olunmasından imtina üçün əsas ola bilməz.
48. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normaları düzgün tətbiq edildiyindən, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar müəyyən olunmadığından və apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
49. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Apelyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 28 noyabr 2023-cü il tarixli, 2-1(118)-2109/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.