Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-316/2021 26.05.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər:Babayeva Hökümə Çingiz qızı (sədrlik edən və məruzəçi hakim), Məmmədov Zaur İkram oğlu, Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, Hüseynli Aydın Hüseyn oğlunun katibliyi ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “16.03.N2-ci il tarixdən 25.12.N3-cü il tarixinədək Azərbaycan Respublikası Müdafiə Nazirliyinin tabeliyində olan N saylı hərbi hissədə bütün xidmətlərini hərbi hissələrdən tələb olunan əmrlər əsasında araşdırılmaların nəticəsi barədə qərar qəbul edilməsi və bu qərardan irəli gələn ehtiyata buraxılma barədə arxiv arayışının verilməsi” tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin 04 mart 2021-ci il tarixli, 2-1(118)-649/2021 saylı qərardadından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “16.03.N2-ci il tarixdən 25.12.N3-cü il tarixinədək Azərbaycan Respublikası Müdafiə Nazirliyinin tabeliyində olan N saylı hərbi hissədə bütün xidmətlərini hərbi hissələrdən tələb olunan əmrlər əsasında araşdırılmaların nəticəsi barədə qərar qəbul edilməsini və bu qərardan irəli gələn ehtiyata buraxılmağının arxiv arayışının verilməsi vəzifəsinin cavabdeh Müdafiə Nazirliyinin üzərinə qoyulması”na dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.1971-ci il təvəllüdlü Qurbanov X1 rayon Hərbi Komissarlığı tərəfindən 26.11.1989-cu il tarixdə keçmiş SSRİ Silahlı Qüvvələri tərəfindən həqiqi hərbi xidmətə çağırılmışdır. 30.11.N1-ci il tarixdə həqiqi hərbi xidmətini başa vurmuşdur. 16.08.N2-ci il tarixdən, 25.12.N3-cü ilin oktyabr ayına qədər N saylı hərbi hissəsinin tərkibində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə fədakarcasına iştirak etmişdir. Bu barədə hərbi biletində müvafiq qeydiyyat aparılmışdır. Bununla bağlı dəfələrlə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Arxiv İdarəsinə müraciət etməsinə baxmayaraq heç bir məlumat ala bilməmişdir. Cavabdeh iddiaya etirazında qeyd etmişdir ki, iddiaçının məktubuna cavab olaraq, Müdafiə Nazirliyi Mərkəzi Arxivi tərəfindən təqdim edilmiş və hazırda iddia ərizəsinə əlavə olunan 10.09.2020-ci il tarixli 9/2-9218 nömrəli məktubda İddiaçı xidmət keçməsi ilə bağlı məlumatlar öz əksini tapmışdır. Həmin məlumatlar iddiaçının qeyd etdiyi hallar üzrə araşdırma aparılaraq müvafiq əmrlərə istinad edilməklə yazılmışdır. Bundan başqa Mərkəzi Arxivin sözügedən məktubunda, N saylı hərbi hissə komandirinin mart N2-ci il, dekabr N3-cü il tarixli nizami-hissə üzrə əmirlərində İddiaçı xidməti barədə məlumat aşkar olunmamışdır. Beləliklə, Mərkəzi Arxiv tərəfindən hər hansı hərəkətsizlik edilməmiş, Mərkəzi Arxivdə olan əmrlər əsasında müvafiq araşdırılma aparılaraq, iddiaçının xidmətinə dair arayış təqdim edilmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 04 mart 2021-ci il tarixli, 2-1(118)-649/2021 saylı qərardadı ilə iddia mümkün sayılmamışdır. (hakim İ.Quliyev) İddiaçı həmin qərardaddan iddia ərizəsi ilə eyni məzmunda apelyasiya şikayəti verərək, qərardadın ləğv edilərək işə yenidən baxılmasını xahiş etmişdir. Tərəflərin izahatları Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə məlumat verilsə də, heç bir üzrlü səbəb göstərmədən, eləcə də gəlməməyinin səbəblərini bildirmədən məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Məhkəmə kollegiyası iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərinin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Birinci instansiya məhkəməsi iddianı mümkün saymayaraq, qərardadda qeyd etmişdir ki, vətəndaşın ona aid arxiv məlumatlarını tələb etməsi həmin şəxsin qanunvericilikdən irəli gələn hüququ, müvafiq arxiv idarəsinin mövcud məlumatları verməsi isə onun öhdəliyidir. Bu halda inzibati orqana istədiyi formada arxiv arayışı verməsi ilə bağlı hər hansı bir diskresion səlahiyyət verilməmişdir. Eləcə də məhkəmə hesab etmişdir ki, iddiaçının döyüşlərdə iştirakı və ordu sıralarından təxrisi barədə məlumatın arxiv idarəsində tam saxlanılmaması iddiaçının əldə etmək istədiyi nəticəyə uyğun olaraq digər hüquqi müdafiə vasitələrindən istifadə imkanı versə də, iddiaçının istəyinə uyğun arxiv arayışının verilməsi barədə iddianı mümkünsüz edir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir. Hazırki işin hallarından görünür ki, iddiaçı 16.03.N2-ci il tarixdən 25.12.N3-cü il tarixinədək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etdiyini bildirərək, Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən onun xidməti ilə bağlı N saylı hərbi hissələrdən tələb olunan əmrlər əsasında araşdırılma aparılmasını və ehtiyata buraxılması barədə arxiv arayışının verilməsi vəzifəsinin cavabdeh Müdafiə Nazirliyinin üzərinə qoyulmasını xahiş edir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin İşlər İdarəsi Mərkəzi Arxiv İdarəsi tərəfindən iddiaçının müraciətinə cavab olaraq verilmiş 10.09.2020-ci il tarixli 9/2-9218 saylı arxiv arayışında bildirilmişdir ki, N nörməli hərbi hissə komandirinin N mart N3-cü il tarixli 67 №li əmrilə çağırışçı, İddiaçı alayın şəxsi heyətinin siyahısına və bütün növ təminatlara daxil edilərək təmir bölüyünə təyin olunmuşdur. N nömrəli hərbi hissə komandirinin N may N3-cü il tarixli 124 №li əmrində Hospitalda və Xəstəxanalarda müalicədə olan, şəxsi heyətin tərkibindən çıxarılaraq ştatdankənar saxlanılmış şəxsi heyətin tərkibində təmir bölüyünün hərbi qulluqçusu İddiaçı adı qeyd edilmişdir. N nömrəli hərbi hissə komandirinin mart N2-ci il, dekabr N3-cü il tarixli nizamı hissə üzrə əmrlərində İddiaçı xidməti barədə məlumat aşkar olunmamışdır. Göründüyü kimi, iddiaçının xidmət keçməsi ilə bağlı arxivdə olan məlumatlar Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən araşdırılmış və buna dair iddiaçıya arxiv arayışı təqdim edilmişdir. Hazırda iddiaçı verilən arayışın məzmunu ilə razılaşmayaraq, ehtiyata buraxılmağı barədə arxiv arayışının verilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Yuxarıda qeyd edilən Plenum Qərarının 7-ci bəndinə əsasən, iddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. Müdafiə Nazirliyi tərəfindən arxiv arayışının verilməsi nəticəsində iddiaçının hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğu müəyyən edilmir. İşdən görünür ki, iddiaçının hazırkı iddianı qaldırmaqda əsas məqsədi müharibə veteranı vəsiqəsini almaqdır. Odur ki, iddiaçıya müharibə veteranı vəsiqəsinin verilməsi ilə bağlı Azərbaycan Respublikası Müdafiə Nazirliyinə müraciət etmək və verilən cavabla razılaşmadığı təqdirdə məhkəmədə iddia qaldırmaq hüquqları izah edilməlidir. İddiaçının hazırkı ərizəsində sadaladığı xüsusatlar isə müharibə veteranı vəsiqəsinin verilməsinə dair inzibati mübahisə üzrə məhkəmənin xidməti vəzifəsinə görə araşdırılmalı və hüquqi qiymət verilməli olduğu hallardır. Azərbaycan Respublikası İPM-nin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Beləliklə, kollegiya hesab edir ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinin tətbiqi baxımından yoxlanılarkən, iddiaçının hazırki iddia tələbi ilə çıxış etməsi üçün qanuni əsasların mövcud olmadığı, yəni iddiaçının qanunla qorunan hər hansı bir hüquqlarının pozulması halının baş vermədiyi müəyyən olunur. İddianı mümkün saymayan birinci instansiya məhkəməsi doğru nəticəyə gəlmişdir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apelyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 04 mart 2021-ci il tarixli, 2-1(118)-649/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verə bilər.
Məhkəmə qərarları › İş №2-1(105)-316/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-316/2021
26.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver