Məhkəmə qərarları › İş №2-1(105)-316/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-316/2022

05.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-316/2022 05.05.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı X3 cavabdeh 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Zahid Tahir oğlu, hakimlər Babayeva Hökümə Çingiz qızı və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, X6 qızının katibliyi, İddiaçı X3, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı X3 cavabdeh 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı pul vəsaitlərinin nağd qaydada bank hesablarından çıxarılmasına görə 1(bir) faiz dərəcəsi ilə hesablanan sadələşdirilmiş verginin qanunsuz hesab edilməsi və 2017-ci ilin əvvəlində bu günədək bank hesablarından həmin vergi növü üzrə tutulmuş 6.147,78 manat məbləğin ona geri qaytarılması, vergi orqanı tərəfindən ondan gəlir vergisi bəyannaməsinin tələb ediməsinin dayandırılması və 2 saylı Ərazi Vergilər Baş idarəsi tərəfindən qəbul edilmiş 23.09.2021-ci il tarixli **********040400 nömrəli qərarın, vergi borcunun ödənilməsinə dair 24.09.2021-ci il tarixli **********4 nömrəli bildirişin və həmin sənədlərə əsasən hesablanmış 4.584,24 manat məbləğində vergi borcunun ləğv ediməsi tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 21 dekabr 2021-ci il tarixli 2-1(118)-1951/2021 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları:

1. Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında 02.08.2021-ci il tarixli məktubu ilə A.Çərkəzovdan kameral vergi yoxlamasının başa çatdırılması üçün zəruri olan sənədlərin 5 gün müddətində təqdim edilməsi tələb olunmuşdur.

2. “Vergilərin sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” **********040400 saylı 23.09.2021-ci il tarixli qərarı ilə X4 2649.48 manat əlavə vergi borcu hesablanmışdır.

3. Vergi borcunun ödənilməsinə dair **********4 nömrəli bildirişdən görünür ki, X2 24.09.2021-ci il tarixə vergilər üzrə 3971.30 manat, faizlər üzrə 613.21 manat borcunun, ümumilikdə 4584.24 manat borcunun olması bildirilmişdir. -2 saylı Ərazi Vergilər Baş İdarəsinin A.Çərkəzova ünvanlanmış məktubudan görünür ki, 23.12.2020-ci il tarixli **********625200, **********62380, **********606500, **********624500, **********613100, **********5895C, **********616200, **********620700, **********621400, **********6221C **********619300, **********609600, **********582600, **********578100 saylı cari ödənişin geri qaytarılması haqqında ərizələr aşağıdakı səbəblərdən icra edilməmişdir: 1)Müraciətdə qeyd edilən cəmi məbləğ şəxsi hesab vərəqəsinin 28.12.2020-ci tarixli vəziyyətinə aşkar edilməmişdir; 2) 01 yanvar 2017-ci il tarixdən qüvvəyə minən Azərbayc Respublikası Prezidentinin 16 dekabr 2016-cı il tarixli “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Qanununun 1.58.4-cü maddəsinə əsasən “Hüquqi şəxslər və fərdi sahibkarlar tərəfindən pul vəsaitlərinin nağd qaydada bank hesablarından çıxarılmasına görə 1 faiz dərəcəsi ilə sadələşdirilmiş vergi hesablanır” məzmununda Vergi Məcəlləsinə 220.12-ci maddə əlavə edilmiş və həmin maddə hazırda qüvvədədir.

Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı 27.09.2021-ci il tarixdə Sumqayıt İnzibati Məhkəməsində cavabdehə qarşı iddia qaldıraraq, pul vəsaitlərinin nağd qaydada bank hesablarından çıxarılmasına görə 1(bir) faiz dərəcəsi ilə hesablanan sadələşdirilmiş verginin qanunsuz hesab edilməsi və 2017-ci ilin əvvəlində bu günədək bank hesablarından həmin vergi növü üzrə tutulmuş 6.147,78 manat məbləğin ona geri qaytarılması, vergi orqanı tərəfindən ondan gəlir vergisi bəyannaməsinin tələb ediməsinin dayandırılması və 2 saylı Ərazi Vergilər Baş idarəsi tərəfindən qəbul edilmiş 23.09.2021-ci il tarixli **********040400 nömrəli qərarın, vergi borcunun ödənilməsinə dair 24.09.2021-ci il tarixli **********4 nömrəli bildirişin və həmin sənədlərə əsasən hesablanmış 4.584,24 manat məbləğində vergi borcunun ləğv ediməsini xahiş etmişdir.

5. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı 19.06.2008-ci il tarixdə Azərbaycan Respublikası Vergilər Nazirliyinin 2 saylı Ərazi Vergilər İdarəsində hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxs kimi qeydiyyatdan keçmişdir. “İctimai və humanitar elmlər sahəsində tədqiqatlar və işləmələr’ fəaliyyəti ilə məşğul olur. Fəaliyyəti dövründə işçi cəlb etməmiş və gəlirlərinin həcmi istənilən 12 aylıq dövr ərzində 200.000 manatdan az olduğu üçün Vergi məcəlləsinin 218.1-ci maddəsinə əsasən sadələşdirilmiş vergi ödəyicisi kimi fəaliyyət göstərmişdir.Vergi Məcəlləsinə edilmiş dəyişikliyə əsasən, 2017-ci ilin 1 aprel tarixindən etibarən malların təqdim edilməsindən, işlərin görülməsindən, xidmətlərin östərilməsindən əldə edilən vəsaitin məbləğindən (ümumi hasilatının həcmindən) və satışdankənar gəlirlərdən 2 (iki) faiz dərəcəsi ilə hesablanan sadələşdirilmiş vergidən əlavə, pul vəsaitlərinin nağd qaydada bank hesablarından çıxarılmasına görə 1 (bır) faiz dərəcəsi ilə sadələşdirilmiş vergi avtomatik olaraq, bank hesablarımdan tutulmuşdur. İndiyədək həmin vergi növü üzrə hesabından tutulmuş məbləğ 6.147,78 manat təşkil edir. Bununla Vergi Məcəlləsinin 3.5-ci maddəsinin tələbləri pozulmuşdur. İddiaçı qanunsuz olaraq hesabından tutulan bu vergilərin qaytarılması üçün 23.12.2020 tarixində “Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qaytarılması barədə ərizələr” ilə 2 saylı Ərazi Vergilər Baş İdarəsinə müraciət etsə də, idarə 28.12.2020-ci il tarixdə şəxsi kabinetimə imtina cavabı göndərmişdir. Üstəlik, bütün vergiləri ödədiyi halda, 24.09.2021-ci il tarixdə 2 saylı Ərazi Vergilər Baş İdarəsi şəxsi kabinetinə və elektron poçt ünvanına 4.584,24 manat məbləğində vergi borcunun ödənilməsinə dair bildiriş göndərmişdir. Eyni zamanda, vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə 23.09.2021ci il tarixli Qərarı əlavə etmişdir. Qərarda 2020-ci il hesabat dövrü üçün bəyannamə və hesabat təqdim edilməməsinə görə əlaqəli məlumata əsasən hesablanmış vergi və ya sığorta haqqının məbləği 2.649,48 manat məbləğində göstərilmişdir. Hesablama ona təqdim edilməmişdir. Qərarda gəlir vergisi bəyannaməsinini təqdim etmədiyi üçün əlaqəli məlumatlara əsasən gəlir vergisinin hesablandığı bildirilir. Bundan əvvəl qeyd olunan məsələ ilə bağlı 2 saylı Ərazi Vergilər Baş İdarəsi iiə bir neçə dəfə yazışmaları olmuşdur. O, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 218.1-ci macdəsi ilə müəyyən edilən sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququmdan istifadə etdiyini bildirsə də, vergi orqanı əməkdaşları həmin Məcəllənin 218.5-ci maddəsini göstərərək, onun bu hüququnu birtərəfli qaydada məhdudlaşdırmağa çalışımışlar. Hər dəfə onların hərəkətlərinin qanınsuz olduğunu gösərək sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququndan istifadə etməyə davam etmiş və idarə bunu qəbul etmişdir. Lakin son yazışmada istədikləri yazılı izahatı təqdim etməmiş və 2 saylı Ərazi Vergilər Baş İdarəsi vergi borcu hesablamışdır. İddiaçının illik dövriyyəsinin həcmi 200.000 manatdan az olduğu üçün Məcəllənin 218.1-ci maddəsi ona sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququ verir, 218.5-ci maddə isə bu hüququ inkar edir. Bu maddələrin heç birində digərinə istinad mövcud deyildir. Bu halda, həmin məcəllənin 3.11-ci maddəsinə uyğun olaraq, Vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları, vergi ödəyicisirin xeyrinə şərh edilməlidir.

Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri:

6. Cavabdeh iddia tələbinə dair etiraz edərək bildirmişdir ki, iddiaçının fəaliyyətinin araşdırılması zamanı 2020-ci il ərzində 57882,68 manat dəyərində elektron qaimə faktura təqdim etməsinə, 4758,00 manat dəyərində elektron qaimə faktura əldə etməsinə, 135,00 manat sosial sığorta haqqı xərcinin olmasına baxmayaraq 2020-ci il üzrə gəlir vergisi bəyannaməsinin təqdim edilmədiyi müəyyən edilmişdir.Vergi Məcəlləsinin 37.1-ci və 37.3cü maddələrinin tələblərinə uyğun olaraq vergi orqanı tərəfindən 02.08.2021-ci il tarixli **********476900 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin tələb edilməsi haqqında” məktubla iddiaçıya müraciət edilərək 5 gün müddətində yaranmış uyğunsuzluqla əlaqədar əsaslandırılmış izahat məktubunun, vergi bəyannaməsində əks etdirilən xərcləri təsdiq edən sənədlərin və dəqiqləşdirilmiş bəyannamənin təqdim edilməsi tələb edilmiş, lakin iddiaçı tərəfindən qeyd olunan müddət ərzində cavabdeh vergi orqanına hər hansı sənəd təqdim edilməmişdir. Vergi ödəyicisi tərəfindən qeyd edilən məktuba heç bir əsaslı münasibət bildirilmədiyi və cari gəlir vergisi bəyannaməsi təqdim edilmədiyi üçün mikro sahibkarlıq subyekti nəzərə alınmaqla analoji qaydada 2020-ci il üzrə 2649,48 manat gəlir vergisi hesablanılmış və vergi ödəyicisinə vergi orqanının "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" 23.09.2021-ci il tarixli **********040400 nömrəli Qərarı göndərilmişdir. İddia ərizəsində qeyd olunan pul vəsaitlərinin nağd qaydada bank hesablarından çıxarılmasına görə 1 (bir) faiz dərəcəsi ilə hesablanan sadələşdirilmiş verginin qanunsuz hesab edilməsi və 2017-ci ilin əvvəlində bu günədək bank hesablarından həmin günədək bank hesablarından həmin vergi növü üzrə tutulmuş 6147,78 manat məbləğin ona geri qaytarılması’’ tələbi ilə bağlı izah etdi ki, Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 150.1.12-ci maddəsinə əsasən hüquqi şəxslərə və fərdi sahibkarlara bank hesablarındakı pul vəsaitlərinin nağd qaydada verilməsini həyata keçirən yerli banklar, xarici bankın Azərbaycan Respublikasındakı filialı və ya poçt rabitəsinin milli operatoru (vergi agentləri) ödəmə mənbəyində vergini tutmağa borcludurlar. Bununla bağlı cavabdeh vergi orqanı tərəfindən iddiaçıya hər hansı vergi məbləği hesablanmamışdır. Bundan başqa vergi borcunun ödənilməsinə dair 24.09.2021-ci il tarixli, **********4 nömrəli bildiriş ayrıca inzibati akt hesab edilmədiyindən onun ləğvi məsələsinə inzibati məhkəmə icraatı qaydasında baxıla bilməz.

Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

7. Sumqayıt İnzibati Məhkəməsinin 21 dekabr 2021-ci il tarixli 2-1(118)-1951/2021 nömrəli qərardadı ilə iddia tələbi vergi borcunun ödənilməsinə dair 24.09.2021-ci il tarixli **********4 nömrəli bildirişin ləğv edilməsinə dair hissədə mümkün sayılmamışdır.

8. Sumqayıt İnzibati Məhkəməsinin 21 dekabr 2021-ci il tarixli 2-1(118)-1951/2021 nömrəli qərarı ilə iddianın qismən təmin edilməsi, 2 saylı Ərazi Vergilər Baş İdarəsinin 23 sentyabr 2021-ci il tarixli **********040400 saylı qərarının ləğv edilməsi və iddiaçı X4 hesablanmış 2649,48 manat məbləğində vergi borcunun silinməsi öhdəliyinin cavabdeh 2 saylı Ərazi Vergilər Baş İdarəsinin üzərinə qoyulması, iddianın qalan hissədə rədd edilməsi qərara alınmışdır.

9. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdeh tərəfindən iddiaçının əldə etdiyi gəlir müəyyən edilməmiş, cavabdehin mübahisəli qərarı ilə hesablanmış vergi borcunu təsdiq edən hər hansı sübut, habelə analoji fəaliyyətlə məşğul olan vergi ödəyicilərinin uçot və hesabat məlumatları məhkəməyə təqdim edilməmişdir.

10. Qərardan narazı qalan cavabdeh ondan apellyasiya şikayəti verərək qərarın iddianın təmin edilmiş hissəsində ləğv edilməsini və iddia tələbinin təmin olunmamasına dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinin dəlilləri:

11. Məhkəmə hesab etmişdir ki, cavabdeh tərəfindən iddiaçının əldə etdiyi gəlir müəyyən edilməmiş, cavabdehin vergi hesablanması ilə bağlı vergi borcunu təsdiq edən hər hansı sübut məhkəməyə təqdim edilməmişdir və buna görə də hesablanmış əlavə vergi məbləği ləğv edilməlidir. Bununla bağlı bildirmişdir ki, iddiaçının fəaliyyətinin araşdırılması zamanı 2020-ci il ərzində 57882,68 manat dəyərində elektron qaimə faktura təqdim etməsinə, 4758,00 manat dəyərində elektron qaimə faktura əldə etməsinə, 135,00 manat sosial sığorta haqqı xərcinin olmasına baxmayaraq 2020-ci il üzrə gəlir vergisi bəyannaməsinin təqdim edilmədiyi müəyyən edilmişdir. Hesab edirlər ki, məhkəmə sözügedən maddi hüquq normalarını işin faktiki hallarına uyğun olaraq inzibati mübahisə üzrə tətbiq etməli olduğu halda tətbiq etməmiş və nəticədə təhrif olunmuş əsaslarla yalnış qənaətə gəlmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları

12. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının iddianın təmin edilmiş hissəsində ləğv edilməsini, həmin hissədə iddianın təmin edilməməsini xahiş etdi.

13. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək şikayətin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

Tətbiq edilən hüquq

14. Azərbaycan Respublikası Vergi Məcəlləsinin: 37.1-ci maddəsinə əsasən, kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. 37.2-ci maddəsinə əsasən, kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən verginin hesablanması və ödənilməsi üçün əsas olan sənədlərin vergi orqanına təqdim edildiyi gündən 30 gün müddətində keçirilir. Bu müddət başa çatdıqdan sonra həmin bəyannamə, habelə bu Məcəllənin 37.2-1-ci maddəsində göstərilən bildiriş üzrə verilmiş dəqiqləşdirilmiş bəyannamə üzrə yenidən kameral vergi yoxlaması keçirilə bilməz. 37.2-1-ci maddəsinə əsasən, kameral vergi yoxlaması başa çatdıqdan sonra vergi orqanı verginin hesablanması üçün əlavə sənəd və ya mənbəyi məlum olan digər məlumat aşkar etdikdə, vergi ödəyicisinə 5 iş günü müddətində bu Məcəllənin 72.5-ci maddəsində nəzərdə tutulmuş dəqiqləşdirilmiş hesabatın 10 iş günü müddətində təqdim edilməsi barədə bildiriş göndərir. 37.3-cü maddəsinə əsasən, kameral yoxlama aparmaq üçün vergi ödəyicisindən təqdim olunmuş bəyannamə ilə bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisindən əlavə məlumat, sənəd və izahat tələb edə bilər. 37.4-cü maddəsinə əsasən, kameral yoxlama nəticəsində vergi bəyannaməsində vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. Bu maddənin birinci hissəsində göstərilən hallarda və (və ya) kameral yoxlama aparmaq üçün vergi bəyannaməsi, sənədlər və məlumatlar üzrlü əsas olmadan təqdim edilmədikdə, vergi orqanının bu Məcəllənin 67-ci maddəsinə müvafiq olaraq vergiləri hesablamaq hüququ vardır. 37.6-cı maddəsinə əsasən, kameral vergi yoxlaması zamanı vergi orqanı bu Məcəllənin 37.3-cü və 37.4-ci maddələrində müəyyən edilmiş qaydalara riayət etmədikdə, vergi ödəyicisinin səyyar vergi yoxlaması keçirilən zaman vergi orqanının təklifi əsasında həmin yoxlamanın keçirildiyi vaxta qədər yol verdiyi və kameral yoxlama zamanı müəyyən edilə bilən səhvləri (o cümlədən vergi məbləğlərinin düzgün hesablanmaması, vergi məbləğlərinin azaldılması və sair) 30 gün müddətində düzəltmək (aradan qaldırmaq) hüququ vardır və o, həmin müddət bitənədək, yol verdiyi vergi qanunvericiliyinin pozulmasına görə (faizlərin ödənilməsi istisna olmaqla) məsuliyyət daşımır. 67.1-ci maddəsinə görə bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini aşağıda göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır: 67.1.1. vergi ödəyicisi tərəfindən vergi orqanına əvvəlki hesabat dövrləri üçün təqdim edilmiş vergi bəyannamələri; 67.1.2. vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdankənar gəlirləri barədə rəsmi məlumatlar; 67.1.3. vergi ödəyicisinin xərcləri, o cümlədən fərdi istehlakı üçün malların (daşınar və daşınmaz əmlakın), işlərin və xidmətlərin alınmasına çəkilən xərcləri barədə rəsmi məlumatlar; 67.1.4. vergi ödəyicisinin mülkiyyətində və ya istifadəsində olan maddi və qeyrimaddi əmlak barədə rəsmi məlumatlar; 67.1.5. vergi ödəyicisi tərəfindən istehsal olunmuş və (və ya) təqdim edilmiş malların (işlərin, xidmətlərin) fiziki həcmi barədə rəsmi məlumatlar; 67.1.6. vergi ödəyicisinin idxal-ixrac əməliyyatları barədə rəsmi məlumatlar; 67.1.7. vergi ödəyicisinin bank hesablarındakı vəsaitlər, o cümlədən bank hesablarındakı vəsaitlərin hərəkəti barədə alınan rəsmi məlumatlar; 67.1.8. vergi ödəyicisində aparılmış xronometraj müşahidələrin nəticələri; 67.1.9. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar. 67.2. Vergi ödəyicisi tərəfindən ödənilməli olan verginin əlaqəli məlumatlara əsasən müəyyənləşdirilməsi üçün aşağıda göstərilən meyarlar nəzərə alınmaqla vergi ödəyicisinin fəaliyyətinə analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin vergi orqanında olan məlumatlarından istifadə edilir: 67.2.1. eyni xüsusiyyətli və ya eyni cinsli malların istehsalı; 67.2.2. eyni xüsusiyyətli və ya eyni cinsli malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi; 67.2.3. fəaliyyət göstərilən ərazi. 67.3. Vergilər əlaqəli məlumatlar və analoji vergi ödəyicisi barədə məlumatlar əsasında hesablandıqda, verginin məbləği vergi ödəyicisinin müvafiq olaraq gəlirinin, yaxud gəlirdən çıxılan xərclərinin məbləğini analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin həmin hesabat dövründə gəlirində, yaxud gəlirdən çıxılan xərclərində verginin xüsusi çəkisini göstərən əmsala vurmaqla müəyyənləşdirilir. 67.4. Vergi ödəyicisi barədə əlaqəli məlumatları əldə etmək mümkün olmadıqda, vergilər analoji fəaliyyətlə məşğul olan vergi ödəyicilərinin üçot və hesabat məlumatları əsasında hesablanır. 67.6. Verginin hesablanması üçün vergi ödəyicisi barədə vergi orqanında bir neçə əlaqəli məlumat olduqda, ən yuxarı məbləğdə verginin hesablanmasına əsas verən əlaqəli məlumata əsasən vergi hesablanır. 67.9. Əlaqəli məlumatlara əsasən hesablanmış vergilərə dair bəyannamələr vergi orqanına təqdim edildikdən sonra, hesablanmış vergilər bəyannamələr nəzərə alınmaqla yenidən hesablanır. 67.10. Əlaqəli məlumatlara əsasən hesablanmış vergilərin alınması bu Məcəllənin 65-ci maddəsinə uyğun olaraq həyata keçirilir. Vergi Məcəlləsinin 16.1.3, 16.1.6 və 16.1.7-ci maddələrinə əsasən qanunvericiliklə nəzərdə tutulmuş qaydada gəlirlərinin (xərclərinin) və vergitutma obyektlərinin uçotunu aparmaq, bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada vergi orqanlarına və onların vəzifəli şəxslərinə zəruri olan məlumatları və sənədləri, habelə mühasibat uçotu electron formatda aparıldığı halda, özünün və filiallarının electron daşıyıcılarında olan məlumatlara birbaşa və ya məsafədən çıxış imkanı yaratmaqla, həmin məlumatları vergi orqanının tələbi ilə təqdim etmək, qanunvericiliklə müəyyən edilmiş müddətdə mühasibat sənədlərini və vergilərin hesablanması və ödənilməsi üçün zəruri olan digər sənədlərin, habelə alınan gəliri (hüquqi şəxslər üçün çəkilən xərcləri də) və ödənilən (tutulan) vergiləri təsdiq edən sənədlərin saxlanılmasını təmin etmək vergi ödəyicilərinin vəzifəsi kimi müəyyən edilmişdir. Maddə 218. Sadələşdirilmiş verginin ödəyiciləri 218.1. Aşağıda göstərilən şəxslər sadələşdirilmiş verginin ödəyicisi olmaq hüququna malikdir: 218.1.1. bu Məcəllənin Xİ fəslinin müddəaları nəzərə alınmaqla, ƏDV məqsədləri üçün qeydiyyata alınmamış və ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) vergi tutulan əməliyyatların həcmi 200.000 manat və ondan az olan şəxslər; 218.1.2. vergi tutulan əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) 200.000 manatdan artıq olan ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslər. 218.5. Aşağıda göstərilən şəxslərin sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququ yoxdur: 218.5.10. vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxslərə (əhaliyə) göstərilən xidmətlərdən başqa, xidmətlərin göstərilməsini həyata keçirən şəxslər (bu Məcəllənin 218.4.1-ci və 220.10-cu maddələrində nəzərdə tutulan şəxslər tərəfindən xidmətlərin göstərilməsi istisna olmaqla); 218.6.2. bu Məcəllənin 218.5.10-cu maddəsinin müddəalarından asılı olmayaraq vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxslərə (əhaliyə) göstərilən xidmətlərdən başqa, xidmətlərin göstərilməsini həyata keçirən şəxslər tərəfindən əhaliyə xidmətlə yanaşı, hüquqi şəxslərə və vergi ödəyicisi kimi vergi orqanında uçotda olan fiziki şəxslərə xidmətlərin göstərilməsi həyata keçirilirsə, rüb ərzində elektron qaimə-faktura ilə rəsmiləşdirilməli olan əməliyyatların həcmi xidmətlərin göstərilməsi üzrə ümumi əməliyyatların (satışdankənar gəlirlər istisna olmaqla) həcminin 30 faizindən çox olmadıqda.

15. İnzibati Prosessual Məcəllə: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər.Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 69.4. Məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

16. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 02.03.2022-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır.

17. Apelyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı iddianın təmin edilən hissəsində mübahisələndirildiyindən hazırkı icraat çərçivəsində məhkəmə aktının 2 saylı Ərazi Vergilər Baş İdarəsinin 23 sentyabr 2021-ci il tarixli **********040400 saylı qərarının ləğv edilməsi və hesablanmış 2649,48 manat məbləğində vergi borcunun silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması hissəsinin qanuniliyi və əsaslılığı yoxlanılacaqdır.

Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi

18. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı qismən ləğv edilərək yeni qərar qəbul edilməlidir.

19. İşin hallarından görünür ki, cavabdeh vergi orqanı kameral vergi yoxlaması nəticəsində qəbul edilmiş “Vergilərin sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” **********040400 saylı 23.09.2021-ci il tarixli qərarla iddiaçıya 2649.48 manat əlavə vergi borcu hesablanmışdır. İddianı qismən təqdim edərək həmin qərarı ləğv etməklə hesablanmış 2649,48 manat məbləğində vergi borcunun silinməsi qənaətinə gələn birinci instansiya məhkəməsi hesab etmişdir ki, cavabdeh tərəfindən iddiaçının əldə etdiyi gəlir müəyyən edilməmiş, cavabdehin vergi hesablanması ilə bağlı vergi borcunu təsdiq edən hər hansı sübut məhkəməyə təqdim edilməmişdir.

20. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hazırki iş üzrə gəlmiş olduğu 2 saylı Ərazi Vergilər Baş İdarəsinin 23 sentyabr 2021-ci il tarixli **********040400 saylı qərarının ləğv edilməsi və iddiaçıya hesablanmış 2649,48 manat məbləğində vergi borcunun silinməsi hissəsi ilə razılaşmır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

21. Belə ki, cavabdeh tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilmiş vergi ödəyicisinə dair müvafiq sənədlərdən görünür ki, iddiaçı 2020-ci il ərzində 57882,68 manat dəyərində elektron qaimə faktura təqdim etməsinə, 4758,00 manat dəyərində elektron qaimə faktura əldə etməsinə, 135,00 manat sosial sığorta haqqı xərcinin olmasına baxmayaraq 2020-ci il üzrə gəlir vergisi bəyannaməsinin təqdim etməmişdir. İddiaçı iddia ərizəsində və apellyasiya məhkəməsi zamanı məhkəmə iclasında verdiyi izahatında bunu illik dövriyyəsinin həcmi 200.000 manatdan az olduğu üçün sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququndan istifadə etməsi ilə izah etmişdir. Bununla əlaqədar olaraq məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə razılaşaraq qeyd edir ki, iddiaçının 2020-ci il ərzində 57882,68 manat dəyərində elektron qaimə faktura təqdim etməsi və 4758,00 manat dəyərində elektron qaimə faktura əldə etməsi Vergi Məcəlləsinin yuxarıda istinad olunan 218.5, 218.5.10-cu maddələrinə əsasən onun sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququnu istisna edir. Belə ki, iddiaçı müqavilə əsasında müxtəlif müəssisələrin işçiləri, habelə müəllimlər üçün təlimlər keçdiyini və təqdim etdiyi elektron qaimə fakturaların həmin xidmətlərlə əlaqədar olduğunu, 4758,00 manat dəyərində elektron qaimə fakturanın isə təlimlərin keçirilməsi üçün otellərdən konfrans zallarının icarəyə götürülməsi ilə əlaqədar olduğunu bildirmişdir.

22. Cavabdeh vergi orqanı 02.08.2021-ci il tarixli **********476900 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin tələb edilməsi haqqında” məktubla iddiaçıya müraciət edilərək 5 gün müddətində yaranmış uyğunsuzluqla əlaqədar əsaslandırılmış izahat məktubunun, vergi bəyannaməsində əks etdirilən xərcləri təsdiq edən sənəsdlərin və dəqiqləşdirilmiş bəyannamənin təqdim edilməsi tələb edilmiş, lakin iddiaçı tərəfindən qeyd olunan müddət ərzində cavabdeh vergi orqanına hər hansı sənəd təqdim edilməmişdir.

23. Belə olan halda cavabdeh vergi orqanı Vergi Məcəlləsinin kameral vergi yoxlamasının keçirilməsi və nəticəsində asılı olaraq müvafiq qərarın qəbul edilməsi qaydalarını tənzimləyən yuxarıda istinad olunan maddələrinə əsasən iddiaçıya 2649,48 manat məbləğində vergi borcu hesablamaqda haqlı olmuşdur.

24. Kollegiya qeyd edir ki, iddiaçı vergi ödəyicisi olaraq mütəmadi olaraq öz şəxsi hesab vərəqəsinə nəzarət etmək, şəxsi hesab vərəqəsindəki məlumatlarla tanış olmaq məqsədilə cavabdeh inzibati orqana mürcaiət etmək hüququ olmuşdur.

25. Odur ki, qeyd edilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi qərar qəbul edərkən işin hallarını tam araşdırmadan iddia tələbini qismən təmin etmişdir.

26. Kollegiya vergi orqanının apellyasiya şikayətində gətirdiyi dəlilləri birinci instansiya məhkəməsinin qərarının mübahisələndirilən hissədə ləğv olunması üçün əsas hesab edir.

27. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Sumqayıt İnzibati Məhkəməsinin 21 dekabr 2021-ci il tarixli 2-1(118)-1951/2021 nömrəli qərarını 2 saylı Ərazi Vergilər Baş İdarəsinin 23 sentyabr 2021-ci il tarixli **********040400 saylı qərarının ləğv edilməsi və iddiaçıya hesablanmış 2649,48 manat məbləğində vergi borcunun silinməsi hissəsində ləğv edilməli, həmin hissədə iddia rədd edilməli, qərar şikayətə münasibətdə qalan hissələrdə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 21 dekabr 2021-ci il tarixli 2-1(118)-1951/2021 nömrəli qərarı, 2 saylı Ərazi Vergilər Baş İdarəsinin 23 sentyabr 2021-ci il tarixli **********040400 saylı qərarının ləğv edilməsi və iddiaçıya hesablanmış 2649,48 manat məbləğində vergi borcunun silinməsi hissəsində ləğv edilsin və həmin hissədə yeni qərar qəbul edilsin. İddia iddiaçının 2 saylı Ərazi Vergilər Baş İdarəsinin 23 sentyabr 2021-ci il tarixli **********040400 saylı qərarının ləğv edilməsi və hesablanmış 2649,48 manat məbləğində vergi borcunun silinməsi tələbinə dair hissədə təmin edilməsin. Qərar şikayətə münasibətdə qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar