Məhkəmə qərarları › İş №2-1(105)-316/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-316/2024

29.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-316/2024 29.04.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayeva Hökümə Çingiz qızı (sədrlik edən və məruzəçi), Rzayev Məhəmmədəli Əsəd oğlu və Quliyev İsmayıl Rza oğlundan ibarət tərkibdə, X13 qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı “torpaq sahəsi üzərində mülkiyyət hüququnun ölmüş şəxsə məxsus olması haqqında arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin 13 oktyabr 2023-cü il tarixli, 2-1(118)-190/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ: Sumqayıt şəhər ZDS-nin Nizamnaməsi əsasında fəaliyyət göstərən gələcəkdə “Bağlar təsərrüfatı idarəsi” adlandırılacaq Sumqayıt şəhər İcraiyyə Komitəsinin “Bağlar təsərrüfatı idarəsi” ilə X4 arasında bağlanmış “Bağ sahəsinin və tikintilərin uzun müddətli icarəyə verilməsi” barədə 1580 nömrəli, 28 mart 1966-cı il tarixli müqaviləyə əsasən Sumqayıt şəhəri, Corat bağlar massivi ünvanında yerləşən 2544B nömrəli 0,25 ha torpaq sahəsi sonuncunun icarəsinə verilmişdir. Sumqayıt şəhər X6 İcraiyyə Komitəsinin 20 may 1966-cı il tarixli, 13 nömrəli iclas qərarına əsasən Saray qəsəbəsi, Qurddərə ərazisində yerləşən 75,50 ha torpaq sahəsinin siyahıda adları qeyd edilmiş 230 nəfərə ayrılması qərara alınmış və siyahının 86-cı bəndində X2 adı göstərilmişdir. AZ-İ seriyalı, 170206 nömrəli “Ölüm haqqında şəhadətnamə” yə əsasən Qeybullayev Səbrulla Həbibulla oğlu 01 oktyabr 2005-ci il tarixdə ölmüşdür. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Sumqayıt şəhəri 3 saylı Notarit ofisi tərəfindən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə ünvanlanmış 13 iyun 2021-ci il tarixli, 1168 nömrəli məktubdan görünür ki, İddiaçı 01 oktyabr 2005-ci tarixdə ölmüş Qeybullayev Səbrulla Həbibulla oğluna məxsus miras əmlakın - Sumqayıt şəhəri, Corat bağlar massivi ünvanında yerləşən 2544B nömrəli torpaq sahəsinin qəbulu üçün müraciət etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 14 sentyabr 2021-ci il tarixli, 2(060)-5907/2021 nömrəli qətnaməsinə əsasən Sumqayıt şəhəri, Corat bağlar massivi ünvanında yerləşən 2544B bağ sahəsinə dair 28 mart 1966-cı il tarixli, 1580 saylı icarə müqaviləsinin 01 oktyabr 2005-ci il tarixində vəfat etmiş Qeybullayev Səbrulla Həbibulla oğluna məxsus olması faktı müəyyən edilmişdir. İddiaçı 06 dekabr 2021-ci il tarixdə ərizə ilə cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə müraciət edərək Sumqayıt şəhəri, Corat bağlar massivi ünvanında yerləşən 2544B nömrəli 0,25 ha torpaq sahəsi üzərində Qeybullayev Səbrulla Həbibulla oğlunun mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmişdir. Cavabdeh 23 fevral 2022-ci il tarixli, **********72 nömrəli məktubu ilə iddiaçının nümyaəndəsinin müraciətinin icrasından imtina etmişdir. İmtina onunla əsaslandırılmışdır ki, ərizəyə əlavə olunmuş Sumqayıt şəhər İcraiyyə Komitəsi Bağlar Təsərrüfat İdarəsinin 1580 nömrəli, xx.xx.1966-cı il tarixli icarə müqaviləsinə bir sıra düzəlişlər olunmuşdur. Belə ki, icarə müqaviləsinin nömrəsində, şəxsin adında, bağ torpaq sahəsinin nömrəsində düzəlişlər edilmişdir. Bundan əlavə, idarənin mütəxəssisləri tərəfindən daşınmaz əmlakın natura quruluşu və ölçülərinin sənədlərə uyğun olub-olmamasını müəyyənləşdirmək üçün sözügedən torpaq sahəsinə müayinə baxışı keçirilərkən əldə olunan məlumatların idarənin istifadəsində olan elektron kadastr baza məlumatlarında yoxlanılması zamanı müəyyən olunmuşdur ki, faktiki torpaq sahəsi 5 hissəyə bölünmüş və ayrı-ayrılıqda hasarlanmışdır. Hasarlanmış torpaq sahələrinin hər birində bağ evi inşa edilmişdir. Bu baxımdan, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.2ci və 15-ci maddəsinə əsasən müraciətin icrası mümkün olmamışdır. Verilən imtina cavabı ilə razılaşmayan iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək Sumqayıt şəhər İcraiyyə Komitəsinin Bağlar təsərrüfatının 1580 nömrəli, 28 mart 1966-cı il tarixli icarə müqaviləsi əsasında mərhum Qeybullayev Səbrulla Həbibulla oğluna ayrılmış 0,25 ha torpaq sahəsi üzərində mərhumun mülkiyyət hüquqlarının qeydiyyata alınmasına dair arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ: a) Birinci instansiya məhkəməsindəki icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2005-ci ildə vəfat etmiş həyat yoldaşı Qeybullayev Səbrulla Həbibulla oğluna məxsus Corat bağlar ərazisi 2544B ünvanında yerləşən torpaq sahəsi üzərində onun mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması ilə bağlı ərizə ilə cavabdehə müraciət etmiş, lakin cavabdeh ərizənin icrasından imtina etmişdir. Cavabdehin imtinasında qeyd etmişdir ki, arxiv qovluğunda və Bağlar Təsərrüfat İdarəsinin 27 fevral 1970-ci il tarixli aktında onun həyat yoldaşının soyadı, adı, ata adı Qeybullayev Səbrulla Həbibulla oğlu kimi qeyd olunmuş, 28 mart 1966-cı il tarixli 1580 nömrəli icarə müqaviləsində isə şəxsin adı X1 göstərilmişdir. Qeyd olunan uğunsuzluqların aradan qaldırılması üçün iddiaçı hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə iddia ərizə ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət etmiş və məhkəmənin qətnaməsi ilə sözügedən icarə müqaviləsinin Qeybullayev Səbrulla Həbibulla oğluna məxsus olması faktı müəyyən edilmişdir. Bundan sonra o yenidən cavabdeh orqana müraciət etsə də, cavabdeh təkrarən ərizəsinin icrasından imtina etmişdir. Hesab edir ki, cavabdehin imtinası qanusuz və əsassızdır. Belə ki, icarə müqaviləsi reyestr xidmətində saxlanılan nüsxə ilə eyniyyət təşkil edir və həmin icarə müqaviləsi cavabdeh tərəfindən təsdiq edilərək ona verilmişdir. Cavabdeh iddia ərizəsinə yazılı etiraz edərək etirazı imtina məktubu ilə eyni məzmunda əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, hazırki iş üzrə İdarənin hərəkəti və ya hərəkətsizliyi nəticəsində iddiaçının hüquqlarının və qanunla qorunar əsaslandırılmamışdır. Bu səbəbdən də iddiaçının “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi idarəsinə qarşı iddiası mümkün sayılmamalıdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin 13 oktyabr 2023-cü il tarixli, 2-1(118)-190/2023 nömrəli qərarı ilə iddia tələbi təmin edilərək Sumqayıt şəhər İcraiyyə Komitəsinin Bağlar təsərrüfatı İdarəsinin 1580 nömrəli, 28 mart 1966-cı il tarixli icarə müqaviləsi əsasında mərhum Qeybullayev Səbrulla Həbibulla oğluna ayrılmış 0,25 ha torpaq sahəsi üzərində onun mülkiyyət hüquqlarının qeydiyyata alınmasına dair arayışın verilməsi öhdəliyi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur (hakim Leyla Mirzəyeva). Məhkəmə qərarını onunla əsaslandırmışdır ki, Sumqayıt şəhəri, Corat bağlar massivi, 2544B bağ sahəsinə dair 28 mart 1966-cı il tarixli, 1580 saylı icarə müqaviləsinin mərhuma məxsus olması faktı məhkəmə qətnaməsi ilə öz təsdiqini tapmışdır. Faktiki torpaq sahəsinin 5 hissəyə bölünməsi, ayrı-ayrılıqda hasarlanması və torpaq sahələrinin hər birində bağ evi inşa edilməsinə dair cavabdehin dəlilinə münasibətdə isə məhkəmə bildirir ki, torpaq sahəsinin bölünərək hasarlanması, mərhumun hüquqlarının qeydiyyata alınmasından imtinanın əsasını təşkil edə, onun hüquqlarının məhdudlaşdırılmasına əsas ola bilməz. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın iddaçının müraciətinin təmin edilməsindən imtinası əsassız və qanunsuz olmaqla sonuncunun qanunla qorunan hüquqlarını pozmuşdur. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini iddia ərizəsinə etirazla eyni məzmunda əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, torpaq sahəsinin icarəyə verilməsi barədə 28 mart 1966-cı il tarixli, 1580 nömrəli icarə müqaviləsinə edilmiş düzəlişlər müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunmamış və birinci instansiya məhkəməsi tərəfindən də bu məsələyə hüquqi qiymət verilməmişdir. Həmçinin, digər məsələ olan faktiki torpaq sahəsinin beş hissəyə bölünərək, ayrı-ayrılıqda hasarlanaraq torpaq sahələrinin hər birində bağ evi inşa edilməsinə münasibətdə bildirir ki, mərzçəkmə qaydalarına uyğun olaraq vətəndaş tərəfindən sənəd üzrə qeydiyyata alınacaq torpaq sahəsinin sərhədləri müəyyən olunduqdan sonra həmin sahənin sənədləşdirilməsi üçün müraciət olunmalıdır. Hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuş və düzgün tətbiq edilməmiş, həmçinin, iş üzrə mühüm əhəmiyyəti olan bütün faktiki hallar araşdırılmamışdır. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək izahatında əlavə olaraq bildirmişdir ki, mübahisəli 0,25 ha torpaq sahəsinin başqa şəxslərə məxsus torpaq sahələri ilə üst-üstə düşmə halı müəyyən edilməmişdir, bölünmüş torpaq sahələrinin sahibləri arasında da sahələrlə bağlı mübahisə yoxdur. Cavabdehin nümayəndəsi şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək iddia ərizəsi ilə eyni məzmunda izahat verərək izahatında əlavə olaraq bildirmişdir ki, sözügedən torpaq sahəsi ailə üzvləri arasında faktiki bölünmüş, bununla bağlı aralarında hər hansı mübahisə yoxdur. İddiaçı şikayətin təmin edilməməsini xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: (-) 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; (-) "Yerli icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 22 may tarixli, 2186 nömrəli Sərəncamı: 1996-cı ildə qəbul edilmiş "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununun bağların əvəzsiz olaraq vətəndaşların mülkiyyətinə verilməsini nəzərdə tutan 9-cu maddəsinin tələblərinin icrasında ləngimələrə yol verildiyini nəzərə alaraq, bağ sahələri ilə bağlı münasibətlərin müasir dövrün tələblərinə uyğunlaşdırılmasının təmin edilməsi məqsədilə qərara alıram: Bənd 1. Yerli icra hakimiyyəti orqanlarının, o cümlədən Bakı Şəhər İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilsin. Bənd 2. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki: 2.1. Ləğv olunan bağ təsərrüfatı idarələrinin arxivlərinin Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə verilməsini təmin etsin və ləğvetmə ilə bağlı digər məsələləri qanunvericiliyə uyğun olaraq həll etsin; 2.2. bu Sərəncamın qüvvəyə mindiyi tarixədək vətəndaşların qanuni mülkiyyətində olan bağ sahələrinin "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununun 9cu maddəsinə müvafiq olaraq əvəzsiz qaydada onların mülkiyyətinə verilməsinin aidiyyəti dövlət orqanları tərəfindən rəsmiləşdirilməsini təmin edən tədbirlər görsün; (-) “İnzibati icraat haqqında” Qanun: Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 19.1 İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 19.1 İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 58. Sübutların araşdırılması qaydası Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68. Məhkəmə qərarının əsası Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Maddə 90. Kassasiya şikayəti vermək hüququ 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər. APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ: Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ: Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yaranmış mübahisə ilə bağlı kollegiya aşağıdakıları qeyd edir: Cavabdeh imtina məktubu, iddia ərizəsinə etiraz və apelyasiya şikayətinin dəlilləri iki hissədən ibarətdir: 1) Bağ torpaq sahəsinə dair icarə müqaviləsinin nömrəsində, şəxsin adında, torpaq sahəsinin nömrəsində düzəlişlər edilməsi; 2) Torpaq sahəsinin faktiki olaraq 5 hissəyə bölünüb, ayrı-ayrılıqda hasarlanaraq torpaq sahələrinin hər birində bağ evlərinin inşa edilməsi. İcarə müqaviləsində düzəlişlərin edilməsi ilə bağlı cavabdehin birinci dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda qeyd edildiyi kimi, Sumqayıt Şəhər Məhkəməsinin 14 sentyabr 2021-ci il tarixli, 2(060)-5907/2021 nömrəli qətnaməsi ilə qeyd edilən uyğunsuzluq aradan qaldırılmış, Sumqayıt şəhəri, Corat bağlar massivi ünvanında yerləşən 2544B bağ sahəsinə dair 28 mart 1966-cı il tarixli, 1580 saylı icarə müqaviləsinin mərhum Qeybullayev Səbrulla Həbibulla oğluna məxsus olması faktı müəyyən edilmişdir. “İnzibati icraat haqqında” Qanunun 15.3-cü maddəsinə əsasən, inzibati orqanlar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunmuş sənədlərdə yazı və hesab zamanı yol verilmiş aşkar və düzəldilməsi mümkün olan səhvlərə görə həmin sənədləri qəbul etməkdən imtina edə bilməz. Bu baxımdan, kollegiya cavabdehin həmin dəlilini əsassız hesab edir. Cavabdehin ikinci dəlili ilə bağlı birinci instansiya məhkəməsində icraat zamanı cavabdeh inzibati orqan tərəfindən verilmiş mütəxəssis rəyindən və rəyə əlavə edilən ortofoto xəritədən çıxarışdan görünür ki, mübahisəli torpaq sahəsi faktiki olaraq 5 hissəyə bölünmüş, ölçmə işləri aparılan zaman hər hansı mübahisəli hal baş verməmiş və torpaq sahəsi üzərində 5 ədəd fərdi yaşayış evinin olduğu müəyyən edilmişdir. İddiaçı bununla bağlı izahatında bildirmişdir ki, sözügedən torpaq sahəsi ailə üzvləri arasında faktiki bölünmüş, bununla bağlı aralarında hər hansı mübahisə yoxdur. Belə ki, işdə olan notarial qaydada təsdiq edilmiş 09 fevral 2022-ci il tarixli ərizələrdən də görünür ki, faktiki olaraq torpaq sahəsindən istifadə edən şəxslər-X5, X9, X10 və Qeybullayev Fərid Səbrulla oğlu Sumqayıt şəhəri, Corat bağları, 9/2544B ünvanında yerləşən 0,25 ha torpaq sahəsinin Qeybullayev Səbrulla Həbibulla oğlunun adına özəlləşdirilməsinə etiraz etmədiklərini bildirmişlər. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, torpaq sahəsinin faktiki olaraq bir neçə hissəyə bölünməsi və istifadədə olması daşınmaz əmlak üzərində hüquqların qeydə alınmasından imtinaya əsas ola bilməz. Ona görə də, cavabdehin ikinci dəlili də əsassızdır. Nəzərə almaq lazımdır ki, Qeybullayev Səbrulla Həbibulla oğlunun sözügedən torpaq sahəsi üzərində mülkiyyət hüququ “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.7-ci maddəsində təsbit olunmuş hüquqmüəyyənedici sənədə – Sumqayıt şəhər İcraiyyə Komitəsinin “Bağlar təsərrüfatı idarəsi” ilə onun arasında bağlanmış “Bağ sahəsinin və tikintilərin uzun müddətli icarəyə verilməsi barədə” 28 mart 1966-cı il tarixli, 1580 nömrəli müqaviləyə əsaslanır. İstinad olunan həmin normada 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Analoji qayda Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-1.1.7-ci maddəsində də nəzərdə tutulmuşdur. Məhkəmə kollegiyası qeyd olunanları, o cümlədən, hazırkı mübahisə üzrə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsi ilə müəyyən edilmiş daşınmaz əmlaka dair hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsaslarının mövcud olmamasını nəzərə alaraq, hesab edir ki, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassızdır, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməklə düzgün nəticəyə gəlmişdir, məhkəmə qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilmir. Eyni zamanda, kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 22.2-ci maddəsinə istinadla daşınmaz əmlak üzərində mülkiyyət hüququnun ölmüş şəxsə məxsus olması arayışın verilməsi deyil, hüququn ölmüş şəxsin adına qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması nəticəsinə gəlmiş, bununla da aşkar yanlışlığa yol vermişdir. Lakin, kollegiya hesab edir ki, həmin yanlışlıq birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticənin düzgünlüyünə təsir etmir. Belə olan halda yanlışlıq İPM-in 76.1-ci maddəsinə əsasən aradan qaldırılmalı, qərarın mətnində “mərhum Qeybullayev Səbrulla Həbibulla oğluna ayrılmış 0,25 ha torpaq sahəsi üzərində mərhumun mülkiyyət hüquqlarının qeydiyyata alınmasına dair arayışın verilməsi” sözləri “0,25 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun mərhum Qeybullayev Səbrulla Həbibulla oğluna məxsus olması haqqında arayışın verilməsi” sözləri ilə əvəz edilməlidir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 13 oktyabr 2023-cü il tarixli, 2-1(118)-190/2023 nömrəli qərarı – qərarın nəticə hissəsində “mərhum Qeybullayev Səbrulla Həbibulla oğluna ayrılmış 0,25 ha torpaq sahəsi üzərində mərhumun mülkiyyət hüquqlarının qeydiyyata alınmasına dair arayışın verilməsi” sözləri “0,25 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun mərhum Qeybullayev Səbrulla Həbibulla oğluna məxsus olması haqqında arayışın verilməsi” sözləri ilə əvəz edilməklə dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apelyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar