Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-316/2025 13.03.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Quliyev İsmayıl Rza oğlu (sədrlik edən və məruzəçi), Əzizova Vəfa Ehtiram qızı və X1 ibarət tərkibdə, Şərifova Mahirə Vahid qızının katibliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi fililalının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi fililalına qarşı “xx.xx.1996-cı il tarixdən xx.xx.1999-cu il tarixədək X4 işlədiyi müddətin sosial sığorta stajına daxil edilərək 12 iyun 2023-cü il tarixdən iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin 13 dekabr 2024-cü il tarixli, 2-1(118)-2217/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi fililalına qarşı iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək “onun xx.xx.1973-cü il tarixdən xx.xx.1976-cı il tarixinədək təhsil aldığı, xx.xx.1976-cı il tarixdən xx.xx.1978-ci il tarixədək hərbi xidmətdə olduğu, əmək kitabçasında qeyd edilmiş 16 avqust 1976-cı il tarixdən 04 oktyabr 1999-cu il tarixədək X4 işlədiyi müddətin sosial sığorta stajına daxil edilərək 12 iyun 2023-cü il tarixdən ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşməsi barədə ərizə təqdim edərək, “xx.xx.1996-cı il tarixdən xx.xx.1999-cu il tarixədək X4 işlədiyi müddətin sosial sığorta stajına daxil edilərək 12 iyun 2023-cü il tarixdən iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması”na dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ: a) Birinci instansiya məhkəməsindəki icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx xxxx 1958-ci ildə Quba rayonu, Zizik kəndində anadan olmuşdur. 1973-cü ildə Quba 103 nömrəli orta texniki peşə məktəbinə daxil olaraq 1976-cı ildə həmin məktəbin “traktor, avtomobil və k/t maşınları üzrə təmirçi çilingər” ixtisası üzrə tam kursunu bitirmişdir. Eyni zamanda 12 noyabr 1976-cı ildən 14 dekabr 1978-ci ilə qədər hərbi xidmətdə olmuşdur. 16 avqust 1976-cı ildən X4 fəhlə kimi əmək fəaliyyətinə başlamışdır, işlədiyi müddətlər adına tərtib edilmiş əmək kitabçasında qeyd edilmişdir. İddiaçı X4 04 oktyabr 1999-cu il tarixə qədər əmək fəaliyyəti ilə məşğul olmuş və texnikumun fəaliyyətinə xitam verildiyi üçün işdən azad edilmişdir. Yaşa görə əmək pensiyası təyin edilməsi ilə bağlı tələb olunan sənədlərini də toplayaraq cavabdeh təşkilata müraciət etmişdir. Lakin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialından verilən 12 oktyabr 2023-cü il tarixli məktubuna əsasən iddiaçıya bildirilmişdir ki, guya hərbi xidmətdə olduğu və təhsil aldığı müddətlər də daxil edilməklə sosial sığorta stajı 22 il 1 ay 12 gün təşkil edir. Eyni zamanda məktubda qeyd edilmişdir ki, əmək kitabçasında göstərilmiş xx.xx.1979-cu il tarixindən 04 oktyabr 1999cu il tarıxinədək olan dövrlərin araşdırılması zərurəti yaranmış, araşdırma zamanı Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Quba-Xaçmaz regional filialının 28 iyul 2023-cü il tarixli aktına əsasən əmək kitabçasında qeyd olunmuş X4 01 01.1996-cı il tarixdən xx.xx.1999cu il tarixinədək adına əmək haqqı hesablanmadığı üçün həmin dövrün sığorta stajına daxil edilməsinin qanunvericiliklə nəzərdə tutulmadığı əsas gətirilərək iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün deyildir. İddiaçı qeyd edilən imtina cavabı ilə razılaşmır. Belə ki, cavabdeh təşkilat iddiaçının əmək fəaliyyəti ilə məşğul olduğu və əmək kitabçasında qeyd edilən dövrləri düzgün hesablasaydı, onun 25 ildən də artıq əmək stajının olduğu təsdiq olunardı. Sadəcə cavabdeh təşkilatın guya mübahisə olduğu adı ilə nəzərə almadığı müddətlərin cəmi 3 ildən çoxdur. Cavabdeh təşkilatın əmək haqqı hesablanmadığı adı ilə 1996-cı ildən 1999- cu ilə qədər X4 işlədiyi müddəti sığorta stajı kimi saymaması Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə ziddir. Göründüyü kimi onun yaşa görə əmək pensiyası təyin edilməsi üçün 25 ildən artıq stajı vardır, lakin cavabdeh təşkilat iddiaçıya yaşa görə əmək pensiyası təyin etməkdən imtina edir. Ona görə də məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh iddia tələbinə qarşı etiraz ünvanlayaraq bildirmişdir ki, İddiaçı eyni tələblə cavabdehə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün müraciət etsə də, ona ünvanlanmış xx.xx.2023-cü il tarixli 3-17-1/2-Ə-238657/2023 nömrəli imtina məktubunda qanunvericiliklə tələb olunan sığorta stajı olmadığından yaşa görə əmək pensiyasının təyin olunmasının mümkün olmadığı bildirilmişdir. Hesab edirlər ki, Mərkəzi Filialın xx.xx.2023-cü il tarixli 3-17-1/2-Ə-238657/2023 nömrəli imtina məktubu qanuni və əsaslı olmuşdur. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. xx.xx.2020-ci il tarixdən pensiya yaş həddi kişilər üçün 65 yaş müəyyən edilmişdir. Qanunun 1.0.2-ci maddəsinə uyğun olaraq, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Sözügedən Qanunun 22-1.1-ci maddəsinə uyğun olaraq 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunana yaşa görə əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2019-2025-ci illərdə həmin Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana (bu Qanunun 8-ci maddəsinin müddəaları nəzərə alınaraq həmin maddədə göstərilən şəxslər də daxil olmaqla) 2006-cı il yanvarın 1dək olan sığorta stajı 25 il, 2026-cı ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır. İddiaçı təqdim etdiyi sənədlərin surətinə əsasən sığorta stajı (xx.xx.1973-cü il tarixdən xx.xx.1976-cı il tarixədək təhsil aldığı illər, xx.xx.1976-cı il tarixdən xx.xx.1978-ci il tarixədək həqiqi hərbi xidmətdə olduğu müddət də nəzərə alınmaqla) 22 il 01 ay 12 gün mübahisələndirilməyən dövr kimi sığorta stajı müəyyən edilmişdir. Sözügedən Qanunun 1.0.2-ci maddəsinə əsasən, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 15 may 2020-ci il tarixli “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14cü maddələrinin şərh edilməsinə dair Qərarına müvafiq olaraq pensiya təminatı sisteminin məhz sosial sığorta prinsipləri və qazanılan pensiya hüquqları ilə şəxsin fərdi hesabında qeydə alınan vəsaitlər arasında tarazlaşdırma mexanizmləri əsasında qurulması baxımından “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1, 1.0.2 və 1.0.5-ci maddələrinin tələblərinə görə, sığortaolunanlara pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və (və ya) gullug keçdiyi dövrdə almadıqları və ya m hagqının, təminat xərcliyinin, dövlət məvacibinin və ya onlara edilən əlavələrin əsas götürülməsi qanunun tələblərinə uyğun deyildir. Bildirilir ki, xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək İddiaçı fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. İddiaçı əmək fəaliyyəti və hərbi xidmət dövrü üst-üstə düşür. “Əmək pensiyaları haqqında" Qanunun 22.2-ci maddəsinə əsasən sığortaolunanın ayrı-ayrı fəaliyyət dövrlərinin hər hansı biri digəri ilə üst-üstə düşdükdə, onun seçimi məcburi dövlət sosial sığortasına cəlb edilməyən əmək əsasında həmin müddətlərdən biri hesablanır. İddiaçı mübahisələndirilən sığorta stajı xx.xx.1996-cı il tarixdən xx.xx.1999-cu il tarixədək olan dövr təşkil edir. Belə ki, Fondun 1 saylı Quba-Xaçmaz regional filialının xx.xx.2023-cü il tarixli aktına əsasən X4 xx.xx.1996-cu il tarixdən xx.xx.1999-cu il tarixədək iddiaçının adına əməkhaqqı hesablanmadığı üçün sözügedən dövr sığorta stajına daxil edilməmişdir. Birinci instansiya məhkəməsinin müəyyən etdiyi hallar: İş materiallarına əlavə olunmuş iddiaçıya məxsus AZE 0******* seriya nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, iddiaçı xx.xx.1958-ci il təvəllüdlüdür. İş materiallarına əlavə olunmuş 02 sentyabr 1976-cı il tarixli əmək kitabçasının surətindən görünür ki, iddiaçı əmək fəaliyyətinə xx.xx.1976-cı ildə başlamışdır. İş materiallarına əlavə olunmuş N 827216 saylı, 11 avqust 1976-cı il tarixdə verilmiş diplomun surətindən görünür ki, 1973-cü ildə Quba 103 nömrəli orta texniki peşə məktəbinə daxil olaraq 1976-cı ildə təhsilini bitirmişdir. İş materiallarına əlavə olunmuş H3 N ******* saylı hərbi biletin surətindən görünür ki, iddiaçı 12 noyabr 1976-cı ildən 14 dekabr 1978-ci ilə qədər hərbi xidmətdə olmuşdur. Cavabdehin iddiaçıya ünvanladığı 12 oktyabr 2023-cü il tarixli imtina məktubundan görünür ki, İddiaçı təqdim etdiyi sənədlərin surətinə əsasən sığorta stajı (xx.xx.1973-cü il tarixdən xx.xx.1976-cı il tarixədək təhsil aldığı illər, xx.xx.1976-cı il tarixdən xx.xx.1978-ci il tarixədək həqiqi hərbi xidmətdə olduğu müddət də nəzərə alınmaqla) 22 il 01 ay 12 gün təşkil edir. Həmçinin bildirilir ki, xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək İddiaçı fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Fondun 1 saylı Quba-Xaçmaz regional filialının xx.xx.2023-cü il tarixli aktına əsasən X4 xx.xx.1996-cu il tarixdən xx.xx.1999-cu il tarixədək iddiaçının adına əməkhaqqı hesablanmadığı üçün sözügedən dövr sığorta stajına daxil edilməmişdir. Qeyd olunanları nəzərə alaraq, ümumi sığorta stajı qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçün iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməyib və xx.xx.2023-cü il tarixindən 220 manat məbləğində yaşa görə sosial müavinət təyin edilib. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin 13 dekabr 2024-cü il tarixli, 2-1(118)-2217/2024 nömrəli qərarı ilə iddia təmin edilmiş, xx.xx.1996-cı il tarixdən xx.xx.1999-cu il tarixədək X4 işlədiyi müddətin sosial sığorta stajına daxil edilərək 12 iyun 2023-cü il tarixdən İddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi fililalının üzərinə qoyulması qərara alınmışdır (hakim Leyla Mirzəyeva). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, məhkəmə cavabdeh orqanın imtinanın əsası olaraq qeyd etdiyi dəlilinə münasibətdə bildirir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi DSMF 1 saylı Quba-Xaçmaz Filialı tərəfindən tərtib edilmiş 28 iyul 2023-cü il tarixli aktda 1979-cu ildə işə qəbul edildiyi, işdən çıxma əmrində adının aşkar edilmədiyi qeyd edilmişdir. Vətəndaşın cavabdeh orqanın mübahisələndirdiyi (xx.xx.1996-xx.xx.1999-cu illər) dövr üzrə əmək haqqı alıb- almadığı barədə hər hansı bir məlumat qeyd edilməmişdir. Məhkəmə həmçinin qeyd edir ki, Quba sovxozu-texnikumunun direktoru tərəfindən verilən xx.xx.1999-cu il tarixli, 18 saylı əmrə əsasən bütün idarə başçıları (daim fəhlələri), müqavilə ilə işləyən icarəçilər, icarə üzvləri işdən azad edilmişdir. Hazırki inzibati işdə iddiaçının iş fəaliyyətini təsdiq edən arxiv sənədləri (əmrlər) və əmək kitabçasıda müvafiq qeydlər mövcuddur. Həmin sənədlərin həqiqətə uyğun olmadığı cavabdeh inzibati orqan tərəfindən sübuta yetirilmədiyindən mötəbər hesab olunmalıdır. Cavabdeh qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini imtina məktubu və iddia ərizəsinə etirazla eyni məzmunda əsaslandıraraq əlavə olaraq qeyd etmişdir ki, məhkəmənin mövqeyinə münasibətdə bildirilir ki, həm tərtib olunmuş aktda həm də, verilmiş sorğulara göndərilən cavab məktublarında iddiaçının 1996-1999-cu illərdə əməkhaqqı almadığı təsdiqini tapmışdır. Əmək kitabçasında müvafiq qeydin olmasına baxmayaraq 1996-cı ildən əvvəlki dövrlərdə iddiaçının əməkhaqqı alması barədə məlumatların mövcud olmasına baxmayaraq, son 3 illik dövr üzrə ona əməkhaqqı hesablanmamışdır. Azərbaycan Respublikasının Ali Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(102)-1838/2023 nömrəli qərarında oxşar iş üzrə iddiaçının əməkhaqqı aldığı dövrlər staja daxil edilmiş, əməkhaqqı cədvəlində göstərilməyən dövrlərin staja daxil edilməsinin hər hansı hüquqi əsasının olmaması səbəbiylə iddiaçının əməkhaqqı almadığı dövrlər staja daxil edilməmişdir. İnzibati orqanın da mövqeyi Ali Məhkəmənin mövqeyi ilə eynilik təşkil etmiş, A.Hüseynovun 1972-1996-cı illərdə əməkhaqqı alması arayışda göstərilmədiyindən həmin dövrlərin staja daxil edilməsindən imtina edilmişdir. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak etmiş cavabdehin nümayəndəsi apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddianın təmin edilməməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi məhkəmənin sullarına cavab olaraq bildirmişdir ki, mübahisələndirilən sığorta stajı xx.xx.1996-cı il tarixdən xx.xx.1999-cu il tarixədək olan dövrləri təşkil edir, mübahisələndirilən dövr sosial sığorta stajı kimi nəzərə alınarsa iddiaçının pensiya hüququ yaranar. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək iddia ərizəsi ilə eyni məzmunda izahat verərək şikayətin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. TƏTBİQ EDİLƏN HÜQUQ Azərbaycan Respublikasının Konstitusiyası Maddə 38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır. ... İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd: bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Maddə 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Maddə 21.2. Sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, aşağıdakı müddətlər daxil edilir: ... 21.2.3. müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) .... Maddə 32.1-1 Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanun: Maddə 67. İş stajına daxil edilən əmək fəaliyyətinin növləri Mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. İş stajına bunlardan başqa aşağıdakılar daxil edilir: v) hərbi (alternativ) xidmət… ğ) ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti; .... Azərbaycan Respublikasının Əmək Məcəlləsi: Maddə 87. 1. İşçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında — işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. Maddə 69. İş stajının təsdiq edilməsi qaydası iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. “Əmək pensiyaları haqqında” Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları” 3.2. 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası; Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 saylı qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə”
1. Əmək stajı iş, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir.
3. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır.
“İnzibati icraat haqqında” Qanun: Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 19.1 İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.
İnzibati Prosessual Məcəllə: Maddə 12. İşin hallarının araşdırılması prinsipi.
1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.
2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.
APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyərək, iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İddiaçının hüquqi marağı xx.xx.1996-cı il tarixdən xx.xx.1999-cu il tarixədək X4 işlədiyi müddətin sosial sığorta stajına daxil edilərək 12 iyun 2023-cü il tarixdən iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına nail olmaqdan ibarətdir. Birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi təmin edilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Hazırki iş üzrə iddiaçının hüquqi marağı 65 yaşının tamam olduğu vaxtdan ona yaşa görə əmək pensiyasının təyin edilməsinə nail olmaqdan ibarətdir. Cavabdeh inzibati orqan iddiaçıya münasibətdə qanunla tələb olunan 25 il sığorta stajına malik olmaması halına istinad edərək, yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina etmişdir. Əmək pensiyaları haqqında qanunvericiliyin tələbinə əsasən yaşa görə əmək pensiyasının təyin edilməsi üçün 2 şərtin olması tələb olunur: a) iddiaçının 65 yaşına çatması; b) fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olması. İddiaçı xx xxxx 1958-ci il təvəllüdlü olmaqla, onun pensiya yaşına - 65 yaş çatması işin mübahisəsiz halıdır. İşin mübahisəli halını məhz iddiaçının qanunvericiliklə tələb olunan 25 il sosial sığorta stajına malik olmaması halı təşkil edir. Fondun 1 saylı Quba-Xaçmaz regional filialının xx.xx.2023-cü il tarixli aktına əsasən X4 xx.xx.1996-cı il tarixdən xx.xx.1999-cu il tarixədək iddiaçının adına əməkhaqqı hesablanmadığı üçün sözügedən dövrləri iddiaçının sığorta stajına daxil etməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh inzibati orqan tərəfindən xx.xx.1996-cı il tarixdən xx.xx.1999-cu il tarixədək əmək haqqı qeydə alınmadığından sözügedən dövrlərin iddiaçının sığorta stajına daxil edilməməsi əsassız olmuşdur. Belə ki, həmin dövrlər üzrə cavabdeh inzibati orqan məhz iddiaçının əmək haqqı almadığı dövrləri sosial sığorta stajının hesablanması zamanı nəzərə almamışdır. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, xx.xx.2006-cı il tarixədək qüvvədə olan əmək pensiyaları haqqında qanunvericilik normalarının tələbinə əsasən pensiya təyin edilməsi zamanı iş stajı nəzərə alınırdı, iş stajını isə sübut edən əsas sənəd əmək kitabçası hesab olunurdu. Bundan əlavə qeyd edilməlidir ki, iddiaçının işlədiyi dövrlərə aid əmək haqqı cədvəllərinin tərtib edilməsi, habelə həmin sənədlərin arxivləşdirilməsi məhz işəgötürənin vəzifəsi olmaqla, onun öhdəliyi kimi ortaya çıxmışdır. Bu baxımından işəgötürənin öz səlahiyyətlərini lazimi qaydada icra etməməsi halı iddiaçının pensiya hüququnun məhdudlaşdırılmasına əsas hal kimi çıxış etməməlidir. Beləliklə də, kollegiya hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçının çalışdığı xx.xx.1996-cı il tarixdən xx.xx.1999-cu il tarixədək olan müddət sığorta stajına daxil edilməlidir. Belə olduğu təqdirdə isə iddiaçının əmək kitabçasında qeyd edilən dövrləri, təhsil aldığı dövrləri və hərbi xidmətdə olduğu dövrləri sosial sığorta stajı kimi nəzərə alanda onun malik olduğu ümumi sığorta stajı 25 ildən artıq olur və bu işin mübahisə edilməyən halıdır. Həmçinin yuxarıda qeyd olunduğu kimi iddiaçıya münasibətdə cavabdehin mübahisələndirdiyi dövrlər barədə qeydlər əmək kitabçasında öz əksini tapmışdır. Cavabdeh tərəfindən isə həmin sənədlərdə əks olunmuş məlumatların mötəbərliliyini şübhə altına alan heç bir dəlil məhkəməyə təqdim edilməmişdir. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. İddiaçının qeyd olunan dövrlərdə iş fəaliyyətini təsdiq edən əmək kitabçası mövcuddur və həmin sənədin həqiqətə uyğun olmadığı cavabdeh inzibati orqan tərəfindən sübuta yetirilmədiyindən mötəbər hesab olunmalıdır. Məhkəmə kollegiyası cavabdeh inzibati orqanın apellyasiya şikayətinin dəlilinə münasibət bildirməyi də zəruri hesab edir. Belə ki, cavabdeh inzibati orqan apellyasiya şikayətində qeyd etmişdir ki, Azərbaycan Respublikasının Ali Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(102)-1838/2023 nömrəli qərarında oxşar iş üzrə iddiaçının əməkhaqqı aldığı dövrlər staja daxil edilmiş, əməkhaqqı cədvəlində göstərilməyən dövrlərin staja daxil edilməsinin hər hansı hüquqi əsasının olmaması səbəbiylə iddiaçının əməkhaqqı almadığı dövrlər staja daxil edilməmişdir. Məhkəmə kollegiyası cavabdeh tərəfindən hazırkı işin Azərbaycan Respublikasının Ali Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(102)-1838/2023 nömrəli qərarındakı işlə oxşar iş kimi qiymətləndirməsini əsaslı hesab etmir. Kollegiya cavabdehin həmin dəlilini əsassız hesab etməklə qeyd edir ki, hazırki işin halları ilə oxşar mübahisələrlə bağlı formalaşmış vahid məhkəmə təcrübəsinə dair kassasiya instansiyası məhkəməsinin digər qərarları (Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-1(102)-742/2024 nömrəli, xx.xx.2023-cü il tarixli, 2-1(102)-162/2023 nömrəli qərarları) mövcuddur və cavabdeh inzibati orqanın həmin dəlilə istinad etməklə iddiaçının hüquqlarının pozulması ilə nəticələnən hərəkəti kassasiya instansiyasının formalaşmış vahid məhkəmə təcrübəsinə də ziddir. Kollegiya bununla bağlı olaraq həmçinin qeyd edir ki, belə məsələlərin mövcud olduğu işlər üzrə formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, əmək kitabçasında göstərilmiş iş stajının yoxlanılmasının bu və ya digər səbəblərdən mümkün olmaması iddiaçının təqsiri ilə bağlı hallarla əlaqədar olmadığından bu, onun üçün hüquqlarını məhdudlaşdırıcı nəticələr doğurmamalıdır. Belə ki, kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının “İnzibati məhkəmə icraatında kassasiya şikayətinin mümkünlüyünə dair” 2023-cü il 06 noyabr tarixli Qərardadına istinad olunmaqla qəbul etdiyi qərardad(lar)da (xx.xx.2024-cü il tarixli 2-1(102)-1734/2024 nömrəli) formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, şəxsin əmək kitabçasında onun əmək fəaliyyətini əks etdirən qeydlər, bu qeydlərə dair əsaslı şübhələr yoxdursa, mötəbər sayılır və həmin qeydlərin aid olduğu dövr şəxsin sosial sığorta stajına daxil edilir. Bu qeydlərin şübhəli olmasını sübuta yetirmək vəzifəsi cavabdehin üzərinə düşür. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, cavabdehin mübahisələndirdiyi həmin dövrlər iddiaçıya münasibətdə sosial sığorta stajına daxil edilməlidir. Bununla da, iddiaçının malik olduğu iş stajının 25 ildən artıq olması halı öz təsdiqini tapmaqla, pensiyanın təyin edilməsi üçün zəruri olan digər şərt də ödənilmiş olur. Qeyd olunan hallara əsasən məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi üçün pensiya haqqında qanunvericiliklə müəyyən edilmiş hər iki şərt ödənildiyindən (həm yaş həddi, həm də 25 ildən artıq sosial sığorta stajına malik olması halı), cavabdeh inzibati orqanın imtinası əsassız olmuş, birinci instansiya məhkəməsi tərəfindən işin hallarına düzgün hüquqi qiymət verilmiş, iş üzrə gəldiyi nəticə düzgün olmuşdur. Qeyd edilən hallara əsasən məhkəmə kollegiyası hesab edir ki, hazırki inzibati iş üzrə cavabdehin imtina, etiraz və apellyasiya şikayətinin dəlilləri əsassız olmuş, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün olmuşdur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normaları düzgün tətbiq edildiyindən, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar müəyyən olunmadığından və apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.
NƏTİCƏVİ HİSSƏ:
Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 13 dekabr 2024-cü il tarixli, 2-1(118)-2217/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.