Məhkəmə qərarları › İş №2-1(105)-317/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-317/2025

01.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-317/2025 01.05.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Axundov Toğrul Bəhruz oğlu (sədrlik edən və məruzəçi), Babayeva Hökümə Çingiz qızı və Hacıyev Vahid Məcid oğlundan ibarət tərkibdə, Məmmədova Jalə Həsən qızının katibliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı “ünvan 1 ünvanında yerləşən evin naturadan bölgüsünə uyğun sənədləşmənin aparılmasının, çıxarışın və plan sxemin (Daşınmaz Əmlakın Texniki Pasportunun) verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 13 dekabr 2024-cü il tarixli, 2-1(118)-3086/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq kollegiya aşağıdakı qərarı qəbul etdi. İşin halları: İş materiallarından görünür ki, Sumqayıt şəhər məhkəməsinin xx.xx.2009-cu il tarixli qətnaməsi ilə Sumqayıt şəhəri, Z.Tağıyev qəsəbəsi, Kiçik Perekeşkül küçəsi 24-də yerləşən evin 1/7 hissəsində X2, 4/7 hissəsində İddiaçı payları müəyyən edilmişdir. İş üzrə Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin verdiyi xx.xx.2012-ci il tarixli çıxarışın surətindən görünür ki, Sumqayıt şəhəri, Z.Tağıyev qəsəbəsi, Kiçik Perekeşkül küçəsi 24-də yerləşən evin 1/7 hissəsində X2, 4/7 hissəsində İddiaçı pay hüquqları müəyyən edilmişdir. İşdə olan Sumqayıt şəhər Məhkəməsinin 2(060)-5143/2014 saylı, 01 avqust 2014-cü il tarixli qətnaməsindən görünür ki, həmin qətnamə ilə iddia təmin edilmiş, cavabdeh Salahov Elçin Əlimurad oğlunun ailə üzvləri ilə birlikdə Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Kiçik Pereküşkül küçəsi, 24 saylı evdən çıxarılması qət edilmişdir. İşdə olan Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-1714/2014 saylı, 03 dekabr 2014-cü il tarixli qətnaməsindən görünür ki, həmin qətnamə ilə cavabdeh E.Ə.Salahovun apellyasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin 01 avqust 2014-cü il tarixli, 2(060)-5143/2014 saylı qətnaməsi - «cavabdehin ailə üzvləri Sumqayıt şəhəri, H.Z. Tağıyev qəsəbəsi, Kiçik Pereküşkül küçəsi, 24 saylı evdən çıxarılsın» hissəsində ləğv edilmiş və həmin hissədə təmin edilməmiş, qətnamə cavabdeh Salaşov Elçin Əlimurad oğlunun Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Kiçik Pereküşkül küçəsi, 24 saylı evdən çıxarılması hissəsində dəyişdirilmədən saxlanılmışdır. İşdə olan Sumqayıt şəhər Məhkəməsinin 2(060)-9043/2015 saylı, 10 noyabr 2015-cü il tarixli qətnaməsindən görünür ki, həmin qətnamə ilə iddia rədd edilmiş, İddiaçı cavabdeh X9 azyaşlı uşağı X11 ilə birlikdə Sumqayıt şəhəri, Z.Tağıyev qəsəbəsi, Kiçik Pereküşkül küçəsində yerləşən 24 saylı evdən çıxarılmasına dair iddia tələbi təmin edilməmişdir Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 07 sentyabr 2017-ci il tarixli 21419 saylı rəyindən görünür ki, Sumqayıt şəhəri, Z.Tağıyev qəsəbəsi, Kiçik Perekeşkül küçəsi 24-də yerləşən evin texniki pasport məlumatları nəzərə alınmaqla, evə dair DƏDRX-nin Sumqayıt şəhər Ərazi İdarəsi tərəfindən verilmiş Seriya MA ******* saylı çıxarışa əsasən İddiaçı və X2 paylarına yaxın şəkildə həmin paylara düşən hissələrin naturada ayrılmasının İnşaat Norma və Qaydaları 2.08.01.89-un 1.1, 2.1, 2.2, 2.4, 2.7, 2.9 bəndlərinin tələblərinə uyğun olaraq texniki cəhətdən mümkün olduğu müəyyən edilir. Evin tərəflər arasında paylara yaxın hissədə ayrılma variantı rəyin tədqiqat hissəsində və rəyə əlavə edilmiş planda ətraflı göstərilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 04 oktyabr 2017-ci il tarixli qətnaməsi ilə Sumqayıt şəhəri, Z.Tağıyev qəsəbəsi, Kiçik Perekeşkül küçəsi 24-də yerləşən evdən İddiaçı payı məhkəmə tikinti ekspertizasının rəyinə əlavə edilmiş planda göstərilən qaydalar nəzərə alınmaqla Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-ti tərəfindən verilmiş MA ******* saylı çıxarışa və xx.xx.2012-ci ildə tərtib edilmiş 15965 saylı “Texniki pasport”a uyğun naturada ayrılması qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 30 aprel 2019-cu il tarixli qətnaməsi ilə Sumqayıt şəhər məhkəməsinin 04 oktyabr 2017-ci il tarixli qətnaməsi ləğv edilmiş, Sumqayıt şəhəri, Z.Tağıyev qəsəbəsi, Kiçik Perekeşkül küçəsində yerləşən 24 saylı evin sahəsi 18.0 kv.m, 26.1 kv.m, 23.6 kv.m olan 4, 5 və 6 saylı tikililər 4/7 paya, sahəsi 19.2, kv.m olan 2 saylı tikili 1/7 paya verilməklə, bölgü zamanı sahəsi 19.2 kv.m olan otaqdan sahələri 26.1 kv.m və 23.6 kv.m olan 4 və 5 saylı olan otaqlara açılan qapı bağlanmalı olması, sahəsi 23.6 kv.m olan 4 saylı otaqla sahəsi 26.1 kv.m olan tikili arasında qapı boşluğu yaradılması qət edilmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli aktda qeyd edilmişdir ki, icra sənədində göstərilən tələblər tərəflərindən tam qaydada yetirildi. İcra zamanı heç bir hüquq pozuntusuna yol verilməmişdir. Sumqayıt şəhəri üzrə İcra İdarəsinin xx.xx.2020-ci il tarixli qərarına əsasən Sumqayıt Apellyasiya Məhkəməsinin 30 aprel 2019-cu il tarixli icra sənəsinə xx.xx.2020-ci il tarixli akta əsasən xitam verilmişdir. İş materiallarından görünür ki, İddiaçı cavabdeh X12 qarşı fərdi yaşayış evindən çıxarılma tələbinə dair iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, onun cavabdeh X12 qarşı cavabdeh X9 azyaşlı qızı X11 ilə birlikdə ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən çıxarılması tələbinə dair iddiasının təmin edilməsi, cavabdeh X9 azyaşlı qızı X11 ilə birlikdə ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdeh X15 övladı X11 ilə birlikdə Sumqayıt şəhəri, Hacı Zeynalabdin qəsəbəsi, Kiçik Pereküşkül küçəsi ünvanında yerləşən 24 saylı evin sahəsi 23,6 kv.metr olan 4 saylı tikilidən çıxarılması qət edilmişdir. İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə ərizə ilə müraciət edərək ünvan 1 ünvanında yerləşən evin naturadan bölgüsünə uyğun sənədləşmənin aparılmasının, çıxarışın və plan sxemin (Daşınmaz Əmlakın Texniki Pasportunun) verilməsini xahiş etmişdir. Cavabdehin xx.xx.2024-cü il tarixli məktubu ilə iddiaçının müraciətinin icrasından imtina etmişdir. İmtina onunla əsaslandırılmışdır ki, idarənin mütəxəssisi, vətəndaş, eləcədə də onun vəkilinin iştirakı ilə daşınmaz əmlaka müayinə baxışı keçirilən zaman vətəndaşa məxsus evdə başqa bir ailə yaşadığı üçün ölçü işlərinin aparılması mümkün olmamış, sözügedən evdə yaşayan vətəndaş tərəfindən baxış keçirilməsinə şərait yaradılmamışdır. Verilən imtina ilə razılaşmayan iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək ünvan 1 ünvanında yerləşən evin naturadan bölgüsünə uyğun sənədləşmənin aparılmasının, çıxarışın və plan sxemin (Daşınmaz Əmlakın Texniki Pasportunun) verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında qeydiyyatdadır. ünvan 2 tarixli qətnaməsinə əsasən Sumqayıt şəhəri, Z.Tağıyev qəsəbəsi, Kiçik Perekeşkül küçəsi, 24-də yerləşən evin 1/7 hissəsində X2, 4/7 hissəsində iddiaçının, yəni İddiaçı payları müəyyən edilmiş və bu barədə AR ƏMDK yanında DƏDRX-nin Hüquqlarının Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Seriya MA № ******* saylı çıxarış verilmiş, daşınmaz əmlakın texniki pasportu tərtib edilmişdir. İddiaçı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin 4/7 hissəsinin mülkiyyətçisi olsa da, həmin evdə qeyri-qanuni yaşayan Salahov Elçin Əlimurad oğlu mülkiyyətində olan evdən könüllü olaraq çıxmadığından, öz hərəkətləri ilə iddiaçının mülkiyyət hüquqlarını pozduğundan cavabdeh Salahov Elçin Əlimurad oğluna qarşı «evdən çıxarılma tələbinə dair» iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin iş № 2(060)-5143/2014, 01 avqust 2014-cü il tarixli qətnaməsinə əsasən iddiası təmin edilmiş, cavabdeh Salahov Elçin Əlimurad oğlu ailə üzvləri ilə birlikdə Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Kiçik Pereküşkül küçəsi, 24 saylı evdən çıxarılması qət edilmişdir. Qətnamədən narazı qalan cavabdeh Salahov Elçin Əlimurad oğlu apellyasiya şikayəti təqdim etmişdir. Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının iş № 2(105)-1714, 03 dekabr 2014-cü il tarixli qətnaməsinə əsasən cavabdeh E.Ə.Salahovun apellyasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin 01 avqust 2014 cü il tarixli, 2(060)-5143/2014 saylı qətnaməsi - «cavabdehin ailə üzvləri Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Kiçik Pereküşkül küçəsi, 24 saylı evdən çıxarılsın» hissəsində ləğv edilmiş və həmin hissədə təmin edilməmişdir. Qətnamə cavabdeh Salaşov Elçin Əlimurad oğlu Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Kiçik Pereküşkül küçəsi, 24 saylı evdən çıxa- rılsın hissəsində dəyişdirilmədən saxlanılmış, əsas olaraq iddia tələbində cavabdehin ailə üzvlərinə münasibətdə ailə üzvlərinin dairəsi, soyadı, adı, atasının adı, ünvanların göstərilməməsi, həmin şəxslərə münasibətdə mülki prosessual qanunvericiliyin tələblərinə riyayət olunmadığından həmin hissədə iddia tələbi təmin edilə bilməz və rədd edilməlidir göstərilmişdir. Ona görə də iddiaçı, ikinci dəfə Salahov Elçin Əlimurad oğlunun ailə üzvlərinin - arvadı X9, azyaşlı uşağı X11 ilə birlikdə Sumqayıt şəhəri, Z.Tağıyev qəsəbəsi, Kiçik Pereküşküi küçəsində yerləşən 24 saylı evdən çıxarılmasına dair iddia tələbi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin iş № 2(060)-9043/2015, 10 noyabr 2015-ci il tarixli qətnaməsinə əsasən iddia rədd edilmiş, İddiaçı cavabdeh X9 azyaşlı uşağı X13 ilə birlikdə Sumqayıt şəhəri, Z.Tağıyev qəsəbəsi, Kiçik Pereküşkül küçəsində yerləşən 24 saylı evdən çıxarılmasına dair iddia tələbi təmin edilməmiş, əsas olaraq iddiaçının mülkiyyətində payının 4/7 hissədə olması, qalan 1/7 hissənin bacısı X4 məxsus olması, həmçinin mübahisəli əmlak paylarının naturada müəyyən edilməməsi və hazırki şəraitdə cavabdehin mübahisəli mənzildən çıxarılmasını tələb etmək üçün müvafiq subyektiv hüquqa malik olmamağı göstərilmişdir. Ona görə də iddiaçı yaranmış mübahisəni həll etmək üçün cavabdeh X4 qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək Sumqayıt şəhəri, Z.Tağıyev qəsəbəsi, Kiçik Perekeşkui küçəsi, 24-də yerləşən evin paylarına mütənasib naturada bölgüsünə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2104/2017 saylı mülki iş üzrə, 04 oktyabr 2017-ci il tarixli qətnaməsinə əsasən İddiaçı cavabdeh X5 qarşı miras əmlakda payların naturada bölünməsi tələbinə dair iddia ərizəsi təmin edilmiş, Sumqayıt şəhəri, Z.Tağıyev qəsəbəsi, Kiçik Perekeşkul küçəsi 24-də yerləşən evdən İddiaçı oğlunun payı məhkəmə tikinti ekspertizasının rəyinə əlavə edilmiş planda göstərilən qaydalar nəzərə alınmaqla Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-ti tərəfindən verilmiş MA ******* saylı çıxarışa və xx.xx.2012-ci ildə tərtib edilmiş 15965 saylı «Texniki Pasport»a uyğun naturada ayrılması qət edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə tikinti-təxniki ekspertizasının 07 sentyabr 2017-ci il tarixli , 21419 saylı rəyinə əsasən Sumqayıt şəhəri Z.Tağıyev qəsəbəsi, Kiçik Perekeşkul küçəsi 24-də yerləşən evin texniki pasport məlumatları nəzərə alınmaqla, evə dair DƏDRX-inin Sumqayıt Şəhər Ərazi İdarəsi tərəfindən verilmiş Seriya MA ******* saylı Çıxarışa əsasən İddiaçı və X3 paylarına yaxın şəkildə həmin paylara düşən hissələrin naturadan ayrılmasının inşaat Norma və Qaydaları 2.08.01.89un 1.1, 2.1, 2.2, 2.4, 2.7, 2.9 bəndlərinin tələblərinə uyğun olaraq texniki cəhətdən mümkün olduğu müəyyən edilmişdir. 4/7 hissədə payının Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspartiza Mərkəzinin məhkəmə tikinti-texniki ekspertizasının 07 sentyabr 2017-ci il tarixli, 21419 saylı rəyində göstərilən qaydada naturada bölünməsi ilə razı olmadığından, yəni iddiaçıya zərər vurulması ilə nəticələnən ekspertiza rəyinə əsasən qətnamə çıxarıldığından qətnamədən apellyasiya şikayəti vermişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının iş № 2(105)-77/2019, 30 aprel 2019-cu il tarixli qətnaməsinə əsasən apellyasiya şikayətim təmin edilmiş, Sumqayıt şəhər məhkəməsinin 04 oktyabr 2017-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmişdir. Həmin qətnaməyə əsasən iddia tələbi təmin edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının iş № 2(105)-77/2019. 30 aprel 2019-cu il tarixli qətnaməsi qanuni qüvvəsini almış, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının iş № 2(105)-77/2019, 30 aprel 2019-cu il tarixli icra sənədi üzrə Sumqayıt şəhəri üzrə icra İdarəsində İcraata başlanılmışdır. Çoxsaylı şikayətlərdən sonra Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının İş № 2(105)-77/2019, 30 aprel 2019-cu il tarixli qətnaməsi, icra sənədi nəhayət, 07 oktyabr 2020-ci il tarixdə böyük icra məmuru X10 və icra məmuru olan X14 və X7 tərəfindən icra edilmiş, bu barədə xx.xx.2020-cİ il tarixli akt tərtib edilmiş və təsdiq edilmişdir. Sumqayıt şəhəri üzrə İcra İdarəsinin böyük icra məmuru X6 xx.xx.2020-ci il tarixli icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarına əsasən Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-77 saylı, xx.xx.2019-cu il tarixli icra sənədi üzrə icraata xitam verilmişdir. Bundan sonra iddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüauaui şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsinə müraciət edərək müvafiq sənədləşmənin aparılmasını, müvafiq çıxarışın və plan sxemin tərtib edilməsini xahiş etmişəm. İdarənin mütəcəssisi sözügedən fərdi yaşayış evinə müayinə keçirmək və olçu işlən aparmaq uçun mərım və nümayəndəmin iştirakı ilə gəlsədə, iddiaçının payına düşən hissədə başqa ailə, Salahov Elçin Əlimurad oğlu, X15 və azyaşlı övladı yaşadığından onlar tərəfindən evə daxıl olmağa şərait yaradılmamışdır. Ona görə də, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliy yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüququi şəxsi 2 saylı Sumqayıt Ərazi idarəsi ərizəmə baxaraq 04 aprel 2022-ci il tarixli, **********41 №-ii məktubu ilə imtina edilmişdir. İddiaçı xüsusi qeyd edir ki, Salahov Elçin Əlimurad oğlunun Sumqayıt şəhəri, H.Z. Tağıyev küçəsi, Kiçik Pereküşkül küçəsində yerləşən 24 sayiı evdən çıxarılması barədə məhkəmə qətnaməsi olmasına baxmayaraq Salahov Elçin Əlimurad oğlu arvadı və qızı ilə birlikdə həmin evdə yaşadığından, yəni Salahov Elçin Əlimurad oğlunun ailə üzvlərinin evdən çıxanlması barədə məhkəmə qətnaməsi olmadığından bu günədək iddiaçının evindən çıxarılmamışdır. Şəxsən özü Salahov Elçin Əlimurad oğlu və arvadı, hazırkı iddia ərizəsi üzrə cavabdeh X15 ilə yaranmış mübahisəni sülh yolu ilə sakit və məhkəmədənkənar həll etməyə çalışsa da, nəticəsi olmamış, həmin şəxslər tərəfindən hədə və təhdidlərə məruz qalmışdır. Göründüyü kimi yaranmış mübahisənin məhkəmədən kənar həll edilməsi, ünvan 1 ünvanında yerləşən evin naturadan bölgüsünə uyğun Azərbaycan Respublikasının iqtisadiyyat Nazirliy yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsində sənədləşmənin aparılmasının, çıxarışın və plan sxemin (Daşınmaz Əmlakın Texniki Pasportunun) məhkəmədənkənar verilməsi qeyrimümkündür. Ona görə də hazırki iddi tələbi ilə məhkəməyə müraciət etməyə məcbur qalmışdır. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh iddia tələbinə qarşı etirazında qeyd etmişdir ki, iddiaçı Sumqayıt şəhəri, H.Z.Tağıyev küçəsi, Kiçik Pereküşkül küçəsində yerləşən 24 saylı evin naturada bölünməsini nəzərə alaraq mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə əlaqədar 21 fevral 2022-cı il tarixli ərizə ilə “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri“ publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə müraciət etmişdir. Bununla əlaqədar olaraq, İddiaçı bildirilmişdir ki, idarənin mütəxəssisi və vətəndaş, eləcə də onun vəkilinin iştirakı ilə daşınmaz əmlaka müayinə baxışı keçirilən zaman vətəndaşa məxsus evdə başqa bir ailə yaşadığından ölçü içlərinin aparılmasını mümkün olmamış, sözügedən evdə yaşayan vətəndaş tərəfindən baxış keçirilməsinə şərait yaradılmamışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında“ Azərbaycan Respublikası Qanununun 7.1. Daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün zəruri olan mərzçəkmə və inventarlaşdırma işlərinin aparılması, habelə müvafiq texniki sənədlərin tərtibi qaydası qanunvericiliklə müəyyən edilir. 'Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 11-cı maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasın) (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Görunduyu kimi, hazırki iş üzrə İdarənin hərəkəti və ya hərəkətsizliyi nəticəsində iddiaçının hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğu əsaslandırılmamışdır. Bu səbəbdən də iddiaçının "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı iddiası mümkün sayılmamalıdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Sumqayıt İnzibati Məhkəməsinin 13 dekabr 2024-cü il tarixli, 2-1(118)-3086/2024 nömrəli qərarı ilə iddia təmin edilmiş, ünvan 1 ünvanında yerləşən evin naturadan bölgüsünə uyğun sənədləşmənin aparılmasının, çıxarışın və plan sxemin (daşınmaz əmlakın texniki pasportunun) verilməsi öhdəliyi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinin üzərinə vəzifə olaraq qoyulmuşdur (hakim Leyla Mirzəyeva). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, mübahisə predmeti olan fərdi yaşayış evinin iddiaçının payına uyğun olaraq naturada bölünməsinə dair məhkəmə qətnaməsi icra edildiyi halda cavabdeh orqan iddiaçının müraciətinin təmin edilməsindən əsassız olaraq imtina etmişdir. Cavabdeh hərəkətsizliyin müşahidə edilməsi, sonuncunun hüquqlarının pozulması kimi qiymətləndirilməlidir. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdehin apellyasiya şikayətinin dəlilləri imitna məktubu və iddia ərizəsinə etiraza uyğun eyni məzmunda əsaslandırılmış və əlavə olaraq göstərilmişdir ki, aparılmış araşdırma nəticəsində müəyyən edilmişdir ki, Sumqayıt şəhəri, Z.Tağıyev qəsəbəsi, Kiçik Perekeşkül küçəsi, 24-də yerləşən fərdi yaşayış evi 1/7 hissəsində X2, 4/7 hissəsində İddiaçı və 2/7 hissəsində açıq pay hüququ olmaqla daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat aparılmışdır. Həmçinin müəyyən edilmişdir ki, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(105)-77/2019 saylı qətnaməsi ilə Sumqayıt Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2104/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamə qəbul edilməsi, iddia tələbinin təmin edilməsi, Sumqayıt şəhəri, Z.Tağıyev qəsəbəsi, Kiçik Pereküşkül küçəsində yerləşən 24 saylı evin sahəsi 18.0 kv.m. 26.1 kv.m, 23.6 kv.m olan 4, 5 və 6 saylı tikililər 4/7 paya, sahəsi 19.2, kv.m olan 2 saylı tikili 1/7 paya verilməklə, bölgü zamanı sahəsi 19.2 kv.m olan otaqdan sahələri 26.1 kv.m və 23.6 kv.m olan 4 və 5 saylı olan otaqlara açılan qapı bağlanmalı, sahəsi 23.6 kv.m olan 4 saylı otaqla sahəsi 26.1 kv.m olan tikili arasında qapı boşluğu yaradılması qət edilmişdir. Göründüyü kimi Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(105)-77/2019 saylı qətnaməsi ilə Sumqayıt şəhəri, Z.Tağıyev qəsəbəsi, Kiçik Pereküşkül küçəsində yerləşən 24 saylı evin sahəsi 18.0 kv.m (dəhliz), 26.1 kv.m (yaşayış otağı) və 23.6 kv.m (yaşayış otağı) olan 4, 5 və 6 saylı tikililəri 4/7 paya, evin 19.2 kv.m (dəhliz) olan 2 saylı tikilisi 1/7 paya aid edilsə də, bu paya hansı yaşayış otağının aid olması müəyyən olunmamışdır. Habelə evin yerdə qalan 2/7 payının hansı hissələrdən ibarət olmasına münasibət bildirilməmişdir. Həmçinin İdarənin mütəxəssisi və vətəndaş, eləcə də onun vəkilinin iştirakı ilə daşınmaz əmlaka müayinə baxışı keçirilən zaman vətəndaşa məxsus evdə başqa bir ailə yaşadığından ölçü içlərinin aparılması mümkün olmamış, sözügedən evdə yaşayan vətəndaş tərəfindən baxış keçirilməsinə şərait yaradılmamışdır. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(118)-3086/2024 saylı qərarı ilə müvafiq fərdi evin naturadan bölgüsünə uyğun sənədləşmənin aparılması, çıxarışın və plan sxemin (daşınmaz əmlakın texniki pasportunun) verilməsi öhdəliyi İdarə üzərinə qoyulsa da, bu qərarın gələcəkdə hansı qaydada icra olunması sual doğurur. Göründüyü kimi, mülkiyyət hüquqlarının dövlət qeydiyyatı özü-özlüyündə bir hüquqi aktdır, başqa sözlə hüquqi hərəkətdir və bu hərəkətlə qeydiyyat orqanı şəxsin artıq mövcud olan əşya hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını təmin etməlidir. Yəni, qeydiyyat orqanı hüququn yaranmasını deyil, onun dövlət reyestrində qeydə alınmasını təmin edən bir orqandır. Buna baxmayaraq, hazırkı iddia ərizəsindən belə məlum olur ki, məhkəməyə müraciət edən şəxs mövcud hüquqlarının müdafiəsi üçün deyil, hüquqlarının məhkəmə tərəfindən yaradılması üçün məhkəmə orqanına müraciət etmiş və formal olaraq 2 saylı Sumqayıt Ərazi İdarəsi cavabdeh qismində işə cəlb edilmişdir. Göründüyü kimi, iddiaçı ilkin olaraq qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq fərdi yaşayış evinə və torpaq sahəsinə dair sənədlərlə birlikdə hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün 2 saylı Sumqayıt Ərazi İdarəsinə müraciət etməli, bununla əlaqədar dövlət rüsumunu ödəməli, onun ərizəsinin icrasından əsassız imtina edildiyi halda aidiyyəti üzrə Sumqayıt İnzibati Məhkəməsində iddia qaldırmalı idi. Hazırki iş üzrə müəyyən olunmuş qaydaya riayət edilməmiş, sözügedən fərdi ev və torpaq sahəsi bağlı sənədlərdə çatışmazlıqlar olmasına baxmayaraq, formal bir müraciət əsasında məhkəmədə iddia qaldırılmış, iddiaçı və işə baxmış məhkəmə tərəfimizdən verilmiş bildirişdə və etirazda göstərilənləri nəzərə almamış və iddianın təmin edilməsi haqqında anlaşılmaz bir qərar qəbul etmişdir. Bundan başqa, hazırki iş üzrə İdarənin hərəkəti və ya hərəkətsizliyi nəticəsində iddiaçının hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğu əsaslandırılmamış, bu barədə məhkəməyə hər hansı mötəbər sübut təqdim edilməmişdir. Bu səbəbdən də iddiaçının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı iddiası mümkün sayılmamalı idi. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak etmiş cavabdehin nümayəndəsi, apellyasiya şikayətini müdafiə edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsnii və iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, Sumqayıt İnzibati Məhkəməsinin qərarına əsasən ünvan 1 ünvanında yerləşən evin naturadan bölgüsü nəzərdə tutulmuşdur. Lakin bu qərarın icrası mümkünsüzdür. Sumqayıt Şəhər Məhkəməsinin qətnaməsinə əsasən qeyd olunan ünvanda yerləşən evin 1/7 hissəsində X2, 4/7 hissəsində isə iddiaçının payları müəyyən edilmişdir. Həmin ev üzrə 4 mülkiyyətçi vardır. Onlar qərarın icrası üçün yerli baxış keçirmək istəmiş, lakin həmin evdə yaşayan başqa şəxs tərəfindən yerli baxışa icazə verilməmişdir. Həmçinin onu da qeyd edir ki, evin 4/7 hissəsi iddiaçıya verilsə belə, X8 üçün nəzərdə tutulan 1/7 hissə üçün müəyyən olunan otaq yaşayış otağı deyildir, dəhlizdir. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak etmiş iddiaçı, apellyasiya şikayətinin dəlillərinə etiraz edərək şikayətin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əlavə olaraq bildirdi ki, qeyd olunan ünvanda yəni evin həmin hissəsində faktiki olaraq yaşamır, həmin hissədə başqa şəxslər yaşayır. Nəzərdə tutulan ünvanla bağlı ekspert tərəfindən verilən bölgü sxemi, həmçinin bölgünün aparılmasına dair qətnamə və onun əsasında icra vərəqi mövcud olsa da, orada yaşayan şəxs tərəfindən icazə verilmədiyindən naturada bölgü aparılmamış, qətnamə bu günədək icrasız qalmışdır. Eyni zamanda cavabdeh idarənin mütəxəssisinin də ölçü işlərinin aparılmasına mane olunmuşdur. Həmin şəxslərin evdən çıxarılması ilə bağlı qətnamə qəbul edilmiş, lakin bugünkü günədək icra edilməmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə 25. Hamı qanun və məhkəmə qarşısında bərabərdir. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İV. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 139.3 Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Maddə 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: Maddə 139-1.1.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar ...... Azərbaycan Respublikasının Torpaq Məcəlləsi: Maddə 67. Torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatının məcburiliyi 1.Torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. 2.Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 12. 1. Hamı qanun və inzibati orqan qarşısında bərabərdir. Maddə 12.2. İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. Maddə 12.3. İnzibati orqan tərəfindən fərqli mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə eyni cür qərarların qəbul edilməsi qadağandır. Maddə 64.2 İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: ...8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. Maddə 10.2 Hüquqların dövlət qeydiyyatı üçün qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın (onların tərkib hissələrinin) texniki pasportu, plan cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. Maddə 11.1 Hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılması (yüklənməsi), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Maddə 12. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Maddə 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası tərəflərin dinlənilmə hüququnu təmin edib, iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli, iddia rədd olunmalıdır. Hazırki iş üzrə iddia tələbi ünvan 1 ünvanında yerləşən evin naturadan bölgüsünə uyğun sənədləşmənin aparılmasının, çıxarışın və plan sxemin (Daşınmaz Əmlakın Texniki Pasportunun) verilməsindən ibarət olmuşdur. Birinci instansiya məhkəməsinin qərarı ilə iddia təmin edilmişdir. Məhkəmə kollegiyası hazırki iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İşin müəyyən edilmiş hallarından görünür ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 30 aprel 2019-cu il tarixli qətnaməsi ilə Sumqayıt şəhəri, Z.Tağıyev qəsəbəsi, Kiçik Perekeşkül küçəsində yerləşən 24 saylı evin sahəsi 18.0 kv.m, 26.1 kv.m, 23.6 kv.m olan 4, 5 və 6 saylı tikililər 4/7 paya, sahəsi 19.2, kv.m olan 2 saylı tikili 1/7 paya verilməklə, bölgü zamanı sahəsi 19.2 kv.m olan otaqdan sahələri 26.1 kv.m və 23.6 kv.m olan 4 və 5 saylı olan otaqlara açılan qapı bağlanmalı olması, sahəsi 23.6 kv.m olan 4 saylı otaqla sahəsi 26.1 kv.m olan tikili arasında qapı boşluğu yaradılması qət edillmiş, Sumqayıt şəhəri üzrə İcra İdarəsinin xx.xx.2020-ci il tarixli qərarına əsasən Sumqayıt Apellyasiya Məhkəməsinin 30 aprel 2019-cu il tarixli icra sənəsinə xx.xx.2020-ci il tarixli akta əsasən xitam verilmişdir. Kollegiya qeyd edir ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 30 aprel 2019-cu il tarixli qətnaməsi ilə sözügedən fərdi yaşayış evinin mülkiyyət paylarına uyğun olaraq naturada bölünməsi qərara alınsa da, (qətnamədə gösdərilmiş texniki şərtlərə uyğun bölgü aparılmaqla) həmin qətnamənin faktiki icrası bu günə qədər təmin edilməmişdir. Həmin qətnamənin icrası çərçivəsində yaşayış sahəsində yaşayan şəxslərin çıxarılması ilə bağlı ayrıca məhkəmə qətnaməsi mövcud olsa da, onların da icrası həyata keçirilməmiş, nəticədə yaşayış sahəsində bölgü üçün zəruri olan hüquqi və faktiki vəziyyət formalaşmamışdır. Belə ki, iş materialları ilə müəyyən olunur ki, cavabdeh idarənin mütəxəssisi, vətəndaş və onun vəkilinin iştirakı ilə daşınmaz əmlakın müayinəsi zamanı həmin ünvanda başqa bir ailənin yaşaması və baxışa maneə yaradılması, həmçinin ölçmə işlərinin aparılmasının mümkün olmaması, bölgü və digər müvafiq texniki işlərin həyata keçirilməsi üçün vacib olan faktiki şəraitin təmin edilməmişdir. Qanunvericiliyə əsasən, daşınmaz əmlakın başqa şəxslər tərəfindən istifadəyə maneə yaratmayan vəziyyətdə olması və müvafiq ölçmə işlərinin aparılması zəruridir. Bu şərtlər yerinə yetirilmədikdə, çıxarışın və texniki pasportun verilməsi qanunla tələb olunan düzgün sənədləşdirmə və təyinatın həyata keçirilməsi mümkün olmur. Buna görə də cavabdeh orqan həmin şəraitin mövcud olmaması (həmçinin qətnamənin icra edilməməsi) səbəbilə müraciəti təmin etməmişdir. Həmçinin kollegiya tərəfindən mübahisəli mənzil sahəsinə həyata keçirilmiş yerində baxış zamanı məlum olmuşdur ki, yaşayış sahəsində hələ də digər şəxslər yaşayır və bu fakt, Sumqayıt Apellyasiya Məhkəməsinin 30 aprel 2019-cu il tarixli qətnaməsində nəzərdə tutulmuş bölünmə şərtlərinin yerinə yetirilmədiyini bir daha təsdiq edir. Xüsusilə, sahəsi 23.6 m² olan 4 saylı otaq ilə sahəsi 26.1 m² olan 5 saylı otaq arasında keçid qapısının açılmaması, digər texniki göstərişlərin icra olunmaması və qapıların bağlanmaması bölgünün nə faktiki, nə də texniki baxımdan reallaşdırılmadığını ortaya qoyur. Bu isə öz növbəsində daşınmaz əmlaka dair hüquqların dövlət qeydiyyatına alınması üçün zəruri olan əsas şərtlərin hələ formalaşmadığını göstərir. Bu fakt Daşınmaz Əmlakın texniki vəziyyətini əsk etdirən müayinə baxış aktı ilə də öz təsdiqini tapır. (i.v 136) Əlavə olaraq qeyd edilməlidir ki, cavabdeh orqan yalnız hüquqi cəhətdən müəyyən və faktiki mövcud olan əşya hüquqlarını dövlət reyestrində qeydiyyata alan orqandır. Bu qurum hüquqi münasibətləri yaratmır, yalnız qanuni əsaslarla formalaşmış hüquqları qeydiyyata alır. Belə olan halda, müvafiq icra və texniki göstəricilər yerinə yetirilmədikcə, yəni naturada bölgü tam və texniki cəhətdən həyata keçirilmədikcə, həmin hüquqların qeydiyyata alınması hüquqi baxımdan mümkün deyildir. İş üzrə mübahisənin öhdəliyin icrası haqqında iddiaya aid olmasını nəzərə alaraq məhkəmə kollegiyası qeyd edir ki, mübahisə həll olunarkən cavabdeh inzibati orqanın imtinasının qanuni və əsaslı olub-olmadığının müəyyən edilməsi ilə yanaşı, iddiaçının mövcud hüquqi vəziyyətin dəyişdirilməsini (öhdəliyin icrasını) tələb etməkdə nə dərəcədə haqlı olduğu da iş üzrə müəyyən edilməlidir. Bu qəbildən olan işlərə baxarkən məhkəmələr cavabdehin imtina, etiraz, apellyasiya şikayətlərinin dəlillərinə münasibət bildirməli olsalar da, yalnız həmin dəlillərin araşdırılması və qiymətləndirilməsi ilə məhdudlaşmayaraq, işin mahiyyəti üzrə həll edilməsinə təsir edən hissədə, yəni iddiaçıya arzuladığı inzibati aktın qəbuluna (hərəkətin edilməsinə) imkan verən bütün zəruri faktiki halların mövcudluğunu müəyyən etməli və onlara tətbiq edilməli hüquq normaları əsasında məsələyə qiymət verməlidirlər. Qeyd olunmalıdır ki, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə iddiaçı faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Belə olan təqdirdə kollegiya hesab edir ki, cavabdehin imtinası qanuna zidd deyil və iddiaçının hüquqlarını pozmamışdır, imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“İnzibati icraat haqqında” AR Qanununun 13.2 və 17-ci maddələri). Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi isə işin sadalanan xüsusatları istiqamətində zəruri araşdırma aparmadan natamam sübutlar əsasında iddanı təmin etmişdir. Odur ki, cavabdehin apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. NƏTİCƏVİ HİSSƏ: Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 13 dekabr 2024-cü il tarixli, 2-1(118)-3086/2024 nömrəli qərarı ləğv edilsin. Yeni qərar qəbul edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı “ünvan 1 ünvanında yerləşən evin naturadan bölgüsünə uyğun sənədləşmənin aparılmasının, çıxarışın və plan sxemin (Daşınmaz Əmlakın Texniki Pasportunun) verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia təmin edilməsin. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar